Bakı metropoliteni
özünün
yüksəliş
dövrünə qədəm qoyub
Müstəqilliyinin 23 ilini geridə qoyan Azərbaycan bu müddət ərzində sadəcə regionun deyil, dünyanın iqtisadi cəhətdən uğurla inkişaf edən ölkəsi kimi qəbul edilir. Hələ də dünyada səngiməyən iqtisadi böhran dövründə Azərbaycanın ən nüfuzlu beynəlxalq reytinqlərdə dayanıqlıq mövqelərini artırması ötən illərin inkişafının əyani göstəricisidir. Dünya İqtisadi Forumunun qlobal rəqabətlik indeksində Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyəti bir pillə də artaraq, qiymətləndirmə ilə əhatə olunan 144 ölkə arasında 38-ci yerə yüksəlib.
Təbii ki,
bütün bunlar düşünülmüş və
davamlı iqtisadi siyasətin nəticəsidir.
İqtisadi cəhətdən
rentabelli olmasa da, şəhər ictimai nəqliyyatının
aparıcı sahəsi kimi, Bakı metropoliteninin inkişaf
etdirilməsinə xüsusi diqqət yetirilməsi dövlətin
sosial məqsədli layihələrinə ən bariz nümunələrdən
biridir.
Yarandığı
gündən paytaxtın rəmzinə çevrilmiş
Bakı metrosuna ayrılan bu diqqət təməli ümummilli
lider Heydər Əliyev tərəfindən qoyulmuş ənənələrin
davamıdır. Bütün sahələrdə bugünkü
iqtisadi və siyasi uğurlarımızın memarı olan ulu
öndərin metropolitenin inkişafında misilsiz xidmətləri
olub. Təsadüfi deyil ki, Bakıda metro tikintisi ideyası
ötən əsrin 40-cı illərində ortaya
çıxsa da, bu iş yalnız 60-cı illərdə
reallaşıb, amma bununla belə yeraltı ictimai nəqliyyatın
əsas inkişaf mərhələsi 70-80-ci illərdə - Azərbaycana
Heydər Əliyev kimi uzaqgörən liderin rəhbərlik
etdiyi dövrdə baş verib. Təkcə bir faktı
xatırlatmaq yetər: bu gün Bakı metropoliteninin fəaliyyətdə
olan 23 stansiyasından 14-ü, ümumi uzunluğu 35,6 kilometr
olan metro xətlərinin 22,3
kilometri məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi illərdə istifadəyə verilib.
2002-ci ildə Bakı
metropoliteninin 35 illik yubileyində ümummilli lider perspektivlərdən
söz açarkən, gələcək nəsillərə
müdrik nəsihətini vermişdi: “Biz metro
inşaatını davam etdirməliyik....Məndə hələ
o illərdən metronun tikintisinin birinci, ikinci,
üçünçü növbələrinin cədvəli
var. Onu o vaxtdan saxlamışam. İndi onları təzələyəcəyik.
İnşaallah, qarşıdan gələn 3-4 ildə Azərbaycanın
gəlirləri xeyli artacaqdır. Mən sizə bildirmək
istəyirəm ki, bu gəlirlərdən Bakı metrosunun
inşasının davam etdirilməsi üçün mütləq
istifadə etmək lazımdır. Mən bunu edəcəyəm
və güman edirəm ki, məndən sonra gələn
insanlar da bunu mütləq etməlidirlər”.
Heydər Əliyevin
bu sözləri söylədiyi vaxtdan 12 il keçir. Həqiqətən
də, cəmi 4 il sonra Azərbaycanın gəlirləri də
artdı, metro tikintisinin vüsəti də. 2006-2009-cu illərdə
dövlət büdcəsindən ayrılmış 600 milyon
manata yaxın vəsait hesabına böyük tikinti erası
və metropoliten xətlərinin inkişaf etdirilməsi
başlandı və bir-birinin ardınca “Nəsimi”,
“Azadlıq prospekti”, “Dərnəgül” stansiyaları, “28 May”
stansiyasının ikinci çıxışı sərnişinlərin
istifadəsinə verildi.
Yeni əsrin ilk
onilliyində metropolitenin vaqon parkının genişləndirilməsi
daha da gücləndi. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin
tapşırığı ilə daha 116 yeni vaqon
alındı. Bu da öz növbəsində, metropolitendə
qatarların hərəkət intervalını azaltmağa, sərnişinlərə
xidmət səviyyəsini yüksəltməyə imkan verdi.
Son illərdə isə vaqonların əsaslı təmir edilərək,
tamamilə yeniləşmiş görkəmlə xəttə
buraxılmasına başlanılıb.
İntervalın bu
gün üçün mümkün ən optimal həddə
çatdırılmasında hələ sovet dövründə
alınmış qatarlarda tam fərqli şəkildə olan və
əsasən, praktik əhəmiyyəti olmayan sürətin
avtomatik tənzimlənməsinin müasirliklə səsləşən
modelinin tətbiqi xüsusi rol oynadı. Nəticədə
interval 120 saniyəyə qədər azaldıldı.
Hərəkətin təşkilində
cədvəl sisteminin tətbiqi xüsusi əhəmiyyət kəsb
edir və bu, metrpolitendə bütün fəaliyyəti tənzimləyən
əsas işçi sənədidir. Uzun və ağır zəhmətin
bəhrəsi olan bu cədvəl 2011-ci ildən
avtomatlaşdırılmış qaydada hazırlanır və
maşinist kabinəsində quraşdırılmış
xüsusi planşetlərdə əks olunur.
Əlbəttə,
metrpolitendə tətbiq edilən yeniliklərə nəzər
salanda əminliklə söyləmək olar ki, ulu öndərin
uzaqgörənliklə vəd etdiyi gələcək, onun
tapşırıqları artıq reallığa çevrilir.
Azərbaycanda
sosial-iqtisadi inkişafın bariz nümunələrindən
biri kimi Bakı metropoliteni indi vüsətlə genişlənmə
dövrünə qədəm qoyub. Əlbəttə, metronun
inkişafı, ilk növbədə, onun böyüyüb
genişlənməsindən asılıdır. 2008-ci il
noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin
imzaladığı sərəncamla bu istiqamətdə
planlaşdırma işlərinə başlanıldı,
tender keçirildi və metro tikintisi sahəsində
böyük təcrübəyə malik Fransanın “SYSTRA”,
İngiltərənin “Mott McDonald” və Koreya
Respublikasının “Saman” şirkətlərinin iştirakı
ilə beynəlxalq konsorsium yaradıldı. Qurum yeni sxemin
hazırlanması məqsədilə müfəssəl
sosial-iqtisadi təhlillər apardı, ictimai nəqliyyat
üzrə sərnişinlər arasında sorğu
keçirdi və ictimai nəqliyyata tələbatı, eləcə
də gediş-gəlişin orta məsafəsi, sərnişin
axınının istiqamətləri, səbəbləri,
sıxlığı və tezliyi müəyyən edildi.
Metropolitenin perspektiv
inkişaf planı 2010-cu il noyabrın 4-də Azərbaycan
Prezidenti yanında keçirilən müşavirədə
müzakirə edildi. 20 illik inkişaf planına əsasən,
yeraltı dəmiryol şəbəkəsi ümumi
uzunluğu 119 kilometrə çatan 2 mövcud və 3 əlavə
yeni xətdən ibarət olmaqla, stansiyaların sayı 76-ya
çatdırılmalıdır. Deməli, 53 yeni
stansiyanın və 84,3 kilometr uzunluğunda metro xətlərinin
inşası nəzərdə tutulur.
2011-ci il martın 18-də
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə
metropoliten xətlərinin konseptual inkişaf sxemi təsdiq
olunmaqla, perspektiv planın “2011-2015-ci illər
üçün Dövlət Proqramı” təsdiq edildi və
müvafiq işlərə başlanıldı.
“Bu gün yeni texnologiyalar tətbiq olunur. Biz Azərbaycanda,
Bakıda bu texnologiyalardan istifadə etməliyik. Əvvəlki
təcrübə çox qiymətlidir. Ancaq bugünkü təcrübə, əlbəttə ki, həm işlərin
daha da böyük səmərə ilə görülməsinə
xidmət göstərəcək, həm də maksimum keyfiyyət
təmin olunacaqdır” deyən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin qarşıya
qoyduğu əsas vəzifələrdən biri metro tikintisində
həm də istismar zamanı ən müasir və qabaqcıl
texnologiyaların tətbiqidir.
İlk proqramın icra dövründə yeni bənövşəyi
xəttin ilk 5 stansiyası təhvil verilməlidir. Əvvəlcə,
yeni - bənövşəyi xəttin ilk iki stansiyası -
“Avtovağzal” və şərti adı “Memar Əcəmi-2”
olan stansiyaları, sonrakı dövrdə isə digər 3
stansiyası istismara veriləcək. Xəttin inşası
zamanı metropolitendə ilk dəfə müasir tunelqazma
qurğuları tətbiq edildi və hərəsi bir tunel
üçün nəzərdə tutulmaqla, iki müasir qazma
maşını “Avtovağzal” stansiyasından işə
başladı. Bu avadanlıqlar əvvəlki mexaniki üsuldan
ən azı 8-10 dəfə məhsuldar olmaqla qarşıya
qoyulan vəzifənin sürətlə yerinə yetirilməsinə
xüsusi təkan verdi. Tunellərin uzunmüddətli
istismarını təmin etmək məqsədilə
onların xarici diametri 6 metr müəyyən olunub.
Stansiya tikintisində də yeni metod və üsullar tətbiq
edilir. Şərti adı “Memar Əcəmi-2” olan stansiyadan
başlayaraq tətbiq edilən “Qruntda divar” üsulu iqtisadi səmərəsi
ilə seçilir, ən əsası, şəhərin
sıx məskunlaşmış hissələrində məhdud
çərçivədə iş görməyə imkan
verir və ətraf mühitin mühafizəsi tələblərini
nəzərə alır.
Dövlət Proqramına uyğun olaraq mövcud xətlərin
inkişafı da unudulmayıb. Proqramın icra olunacağı
müddətdə yaşıl xəttin daha 3
stansiyasının inşası da planlaşdırılıb.
Sərnişin üçün metro stansiyadan
başlayırsa, yeraltı polad magistralın fəaliyyətinin
təminatı depolardan asılıdır. Buna görə də
metropolitenin fəaliyyətində elektrik depolarının
danılmaz rolu var. Hazırda metropolitenin cəmi bir deposu var.
Lakin dövlət proqramında daha dörd elektrik deposunun
inşası nəzərdə tutulub. Onlardan ikisinin - “Dərnəgül”
və “Xocasən” elektrik deposunun inşasına artıq
başlanılıb.
Perspektiv plan metropolitenin mövcud problemlərinin aradan
qaldırılması istiqamətində əsaslı layihələrin
həyata keçirilməsini də nəzərdə tutur. Bu
mənada dərin özüllü stansiyaların ikinci
giriş-çıxışlarının istifadəyə
verilməsi xüsusi əhəmiyyətə malikdir. 2009-cu il
dekabrın 30-da ölkə başçısının
iştirakı ilə “28 May” stansiyasının ikinci
giriş-çıxışı istifadəyə verildi.
Dövlət Proqramında tikinti ilə yanaşı,
istismarda olan metro şəbəkəsinin maddi-texniki
bazasının gücləndirilməsi, yenidənqurma və bərpa
işlərinin aparılması, təhlükəsizliyin
artırılması istiqamətində tədbirlər də
xüsusi yer alır. 2008-ci ildə “İçərişəhər”
stansiyasının tam yenidən qurulması ilə metropolitendə
daha bir istiqamətdə yeniləşmə dövrü
başlandı. Bunun ardınca, 2011-ci ildə “Məşədi
Əzizbəyov” stansiyası yenidən qurularaq, “Koroğlu”
adı ilə yenidən sərnişinlərin istifadəsinə
verildi. Bu stansiyalarda, eləcə də yeni inşa olunmuş
“Azadlıq prospekti” və “Dərnəgül”
stansiyalarında Almaniya
istehsalı olan müasir, daha təhlükəsiz və
asanlıqla xidmət göstərilən eskalatorlar
quraşdırılıb. Bütün işarəvermə
vasitələri müasir mikroprosessor sistemləri ilə əvəzlənib,
rabitə və elektrik təchizatında müasir
texnologiyalardan istifadə olunub.
Metropolitenin şəhər üçün əhəmiyyətini
nəzərə alaraq onun qayğılarına diqqətlə
yanaşan Azərbaycan Prezidenti
İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi
dövrdə metropolitenin mövcud maddi-texniki bazasında əhəmiyyətli
yeniliklər edilib.
Təhlükəsizlik metropoliten üçün bir
nömrəli məsələdir. Bu işlər
sırasında Bakı metropoliteni obyektlərində
videomüşahidə şəbəkəsinin
yaradılması xüsusi qeyd olunmalıdır. Bu işlər
hələ 90-cı illərin sonunda ümummilli lider Heydər
Əliyevin təşəbbüsü ilə
başlanmış və 2000-ci ildə həyata
keçirilmişdir. Metropolitenin ən çox ictimai nəqliyyat
vasitəsi olduğunu, Azərbaycan Prezidenti İlham
Əliyevin irəli sürdüyü təşəbbüsü
nəzərə alaraq, videomüşahidə sisteminin
müasir texnologiyalar əsasında yenidən qurulması, eləcə
də mərkəzləşdirilmiş videomüşahidə
şəbəkəsinin qurulması 2011-ci ildə uğurla
başa çatdırıldı. Artıq təkcə
stansiyalarda deyil, hər vaqonda 4 kamera olmaqla, qatarlarda da onun tətbiqinə
başlanıldı. Hazırda metropolitendə 4 minə
yaxın kamera fəaliyyət göstərir və onlar əvvəlki
illərdən fərqli olaraq təsvirin
daha səlisliyi ilə yanaşı, girişdən
çıxışa qədər izləməni təmin
edir. Ona unikal yenilik edilərək, sərnişinsayma və
üzdəntanıma kimi sistemlər də əlavə olunub.
Bununla da metropolitendə sərnişin axınının təhlili
ilə yanaşı, təhlükəsizliyin təminatında
təkcə metropolitenin deyil, həm də şəhər
hüquq-mühafizə orqanlarına kömək göstərilməsi
də nəzərə alınıb.
Təhlükəsizlik tədbirləri sırasında
SOS qurğularının özünəməxsus yeri var. Hər
bir stansiyada quraşdırılan bu avadanlıqlar xüsusi
hallarda sərnişinlə dispetçer arasında birbaşa
ünsiyyət, əlaqə imkanı yaratmaqla bir çox
funksional üstünlükləri ilə seçilir.
Mədəni xidmətin təşkili baxımından sərnişin
informasiya sorğu köşkləri də qeyd oluna bilər.
Metropolitendən istifadə edənlər, xüsusən şəhərə
nabələd olanlardan ötrü üç dildə fəaliyyət
göstərən bu sistemlərin köməyi ilə
stansiyaların yerləşdiyi ərazilər, mənzil
başına çatacaqları müddət barədə məlumat
verilir.
2006-cı il martın 1-dən
sonra yeganə ödəmə
vasitəsi olan RFİD (plastik) kartların tətbiqi sərnişinlərin
metrodan istifadəsini xeyli asanlaşdırmaqla yanaşı,
xidmət səviyyəsinin keyfiyyətcə yeni mərhələsi
oldu. 2010-cu ildə quraşdırılmış iki yeni server
sayəsində funksionallığı, operativ
yaddaşının həcmi və tezliyi ilə seçilən
sistemin işi təmin edilib və bu da kartlarla bağlı
problemləri əsaslı şəkildə həll edib.
Artıq ANM məntəqəsindəki turniketlərin sayı,
kartı verən şəxs, yükləmə vaxtı və
s. kimi yeniliklər səlis şəkildə aparılır.
Bu, həmçinin ölkə daxilində fəaliyyət
göstərən mobil rabitə operatorlarının da
gediş haqqının ödənilməsi sisteminə
qoşulması üçün ən münbit şəraiti
yaradıb. 2010-cu ildən ilk belə pilot layihənin həyata
keçirilməsinə başlanılıb.
Təhlükəsizliyin və sərnişinə mədəni
xidmətin səviyyəsindən söz düşəndə,
yol təsərrüfatı da diqqəti çəkir.
2006-cı ildə metropolitendə relslərin qaynaq edilməsi
sayəsində uzun ölçülü relslərin tətbiqinə
nail olunub və bununla da rels qovşaqlarının,
calaqların, birləşdirici vasitələrin sayı, həmçinin
qatarların yaratdığı səs-küy xeyli azalıb, ən
əsası, yolların təhlükəsizliyi, yol
avadanlıqlarına qulluq, işçi əməyinin
mühafizəsi və yaxşılaşdırılması
istiqamətində əhəmiyyətli tədbirə
çevrilib.
Ən əhəmiyyətli yeniliklər sırasında
Bakı metropolitenində ilk dəfə qatarların təkər
cütlərinin tərtib olunması sexinin
formalaşdırılmasına başlanılması xüsusi
yer tutur. Alınan xammal əsasında metropolitenin kadr
potensialının bilik və təcrübəsi əsasında
tərtib olunan yeni təkərlər metropolitenə iqtisadi səmərə
verməklə yanaşı, həm də kadr
potensialının elmi marağının, bilik səviyyəsinin
artmasına kömək göstərəcək.
Əlbəttə, tək sərnişindaşıma
deyil, eyni zaimanda, elektrik təchizatı, elektromexanika sistemləri,
xüsusən də ventilyasiya və sanitar xidmətin təşkili
baxımından tətbiq edilən bir çox yeniliklər,
tunel qurğularının mühafizəsi ilə bağlı
istər səmərələşdirici, istərsə də
texnoloji qərarlar bu gün həm sərnişinə xidmət
səviyyəsinin yaxşılaşdırılması, həm
də metropoliten obyektlərinin təhlükəsizliyinin və
mühafizəsinin təmin edilməsi baxımından əhəmiyyətli
rol oynayır.
Metropoliten həm də ənənələri ilə
seçilən müəssisədir. Kadrların
hazırlanması, işçilərin peşəkarlığının artırılması
baxımından müasir texnologiyalardan istifadə olunması
da uğurla həyata keçirilir. 2010-cu ildə kompüter
texnologiyaları ilə real məkan anlayışı əsasında
quraşdırılmış qatar maşinisti trenajorunun tətbiqi
metropolitendə ən əhəmiyyətli peşələrdən
biri üzrə əməyin, o cümlədən onun psixoloji
aspektdən qiymətdəndiriliməsi, tədris-hazırlıq
prosesinin təşkilinin əhəmiyyətli vasitəsidir.
Dövlət proqramına uyğun surətdə, bu
istiqamətdə ötən il daha bir əhəmiyyətli
addım atılaraq, yolun vəziyyətinə nəzarət və
defektoskopiyasında xüsusi trenajor tətbiq edilir. Nəticədə
sahə üzrə mütəxəssislərin təcrübə
toplaması və təhsil alması üçün Rusiyaya
göndərilməsinə ehtiyac qalmayaraq, bütün texniki
şərait, laboratoriya imkanları, tədris
avadanlıqları və sistemlərinin tətbiqi sayəsində
kadrların Bakı Metropolitenində daha geniş şəkildə
hazırlığına, əməyin və biliklərin qiymətləndirilməsinə
başlanılıb.
Müasir Azərbaycan iqtisadiyyatının sürətli
yüksəlişi onun sosial mahiyyətini əməli şəkildə
qabardır. Azərbaycan Prezidentinin bu istiqamətdə
tapşırıq və tövsiyələrinə uyğun
olaraq Bakı metropolitenində də işçilərin
rifahının, sosial-mədəni həyatının təmin
edilməsi istiqamətində əhəmiyyətli addımlar
atılır. Metropolitençilərin Bilgəh qəsəbəsində
yerləşən sanatroiya-profilaktoriya və istirahət
zonası ildən-ilə simasını dəyişir,
müalicəvi və tibbi avadanlıqlar yenilənir, müxtəlif
tibbi metodların tətbiqi üçün şərait yaradılır.
İstirahət mərkəzinin kottecləri ardıcıl
qaydada, əsaslı təmir olunaraq yenidən qurulur və
bütün şəraiti ilə işçilərin
ixtiyarına verilir. Çirkab sularının təkrar
emalı üçün sanatoriya ərazisində
quraşdırlmış qurğu
sayəsində ilkin məqsədyönlü tədbir həyata
keçirildi, içməli su
mənbəyindən çəkilən xətt sayəsində
sanatoriyanın su problemi tam həllini tapdı, elektrik təchizatında
əsaslı dəyişikliklərə başlanıldı.
Ölkə başçısının əhali
arasında sağlam həyat tərzinin təbliği ilə
bağlı tapşırıqlarına uyğun olaraq, fəal
müəssisələr sırasında metropolitenin də
öz yeri var. İşçilərin mədəni istirahətinin
təşkili forması kimi, bu istiqamətdə atılan
addımlardan biri 2008-ci ildə “Nərimanov” elektrik deposu ərazisində
idman-sağlamlıq kompleksinin istifadəyə verilməsi
oldu. Burada işçilər müxtəlif idman
qurğularından, trenajorlardan istifadə edə, fin və rus
hamamlarında su hovuzundan faydalanaraq həm iş vaxtından
sonra fiziki bərpa keçirlər, həm də
sağlamlıqlarını qorumaq imkanı əldə edirlər.
2010-cu il depo ərazisində müasir standartlara cavab verən
süni örtüklü mini-futbol və tennis-voleybol
meydançalarının istifadəyə verilməsi ilə əlamətdar
olub. İdmanın metropolitençilər arasında geniş
yayılması, il ərzində iki dəfə keçirilən
spartakiadalara maraq və həvəsdə də əyani
müşahidə olunur. Qeyd etmək yerinə düşər
ki, yerli yarışlar əsasında formalaşmış
komandalar paytaxt, respublika xaraketrli müxtəlif
yarışlarda və MDB metropolitenlərinin
spartakiadalarında iştirak edir və komandaların
uğurları da az deyil. Hətta bir neçə gün bundan
əvvəl Bakı metropolitençiləri XVII respublika
spartakiadasında mini futbol üzrə qalib oldular.
Bu illər ərzində metropolitençilərin sosial
rifahının yaxşılaşdırılması Azərbaycan
Respublikası Prezidentinin imzaladığı fərman və sərəncamlarda
da əksini tapıb. 10 il əvvəl Bakı metropoliteni
işçisinin əmək haqqı 108 manat təşkil
edirdisə, 2013-cü ilin yekunlarına görə, bu rəqəm
519 manata bərabər olub. Metropolitençilərin əməyi,
xidmətləri və səmərəli fəaliyyətləri
də dövlət tərəfindən xüsusi qiymətləndirilir.
Metropolitençilərin əməyini yüksək qiymətləndirən
Heydər Əliyevin qoyduğu ənənəyə sadiqliyini
nümayiş etdirən onun layiqli davamçısı İlham Əliyev metropolitençilərin
əməyini “Şöhrət” ordeninə, “Tərəqqi”
medalına, Prezidentin xüsusi diplomlarına və digər
mükafatlara layiq görüb.
Xidmət sektorunda ənənələri ilə
seçilən metropolitençilər üçün
ölkə başçısının: “Bu, ən kütləvi
nəqliyyat vasitəsidir. Növbəti illərdə yeni
stansiyaların tikintisi hesabına biz bütün şəhərimizin
infrastrukturunu müasirləşdirəcəyik və
insanların rahatlığı üçün çox
böyük işlər görüləcəkdir” –
çağırışı hər zaman əsas qanun kimi səslənir
və onun qarşıya qoyduğu vəzifələr
metropolitençilər üçün hər zaman yüksək
ruh və etibarın rəmzidir.
“Bakı
Metropoliteni” QSC-nin “Metro” qəzeti redaksiyası
Xalq qəzeti.-
2014.- 31 dekabr.- S.7.