On bir il əvvəl
Prezident İlham Əliyevin
verdiyi vədlərin uğurla yerinə yetirilməsi
bu gün
həyatımızın bütün sahələrində
özünü göstərir
Oktyabrın 15-də Azərbaycan xalqı seçki məntəqələrinə gələrək Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azərbaycanda alternativ yoxdur. Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanır. Beynəlxalq aləmdə Azərbaycan yüksəlir, uğurlar qazanır. Azərbaycan beynəlxalq aləmdə özünəlayiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır. İndi Azərbaycanla hesablaşırlar, Azərbaycana hörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
Prezident İlham
Əliyevin 31 oktyabr 2003-cü ildə
keçirilən andiçmə mərasimindəki çıxışından
2003-cü ilin oktyabrında keçirilən prezident seçkilərindən 11 il ötür. Bu müddət ərzində ölkəmizin iqtisadi, siyasi və mədəni həyatında baş vermiş sürətli inkişaf, dünya birliyinə inteqrasiya Azərbaycanın müstəqillik tarixinə yeni mərhələnin başlanğıcı kimi həkk olunub. Xatırladaq ki, 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevin Azərbaycan prezidentliyinə namizədliyi müstəqil seçici qrupu tərəfindən irəli sürülmüşdü. Hələ seçkilərə iki həftə qalmış – oktyabrın 1-də Azərbaycan Prezidenti Heydər Əliyev öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürdüyünü bəyan etmişdir. Oktyabrın 15-də 2003-cü ildə keçirilən seçkilərdə İlham Əliyev seçicilərin 76 faizindən çoxunun səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdi.
Bir anlığa 11 il əvvəl
baş vermiş hadisələrə qayıdaraq prezident
seçkiləri ərəfəsində ulu öndər Heydər Əliyevin
son qərarını xatırlatmaq istərdik. Bu qərar, əslində,
ümummilli liderin Azərbaycana
son borcu, son xidməti idi. Dahilərin, tarixi
şəxsiyyətlərin böyüklüyü ondadır
ki, onlar hər şeyin əvvəlini bildikləri kimi, sonunu
da görür və dərk edirlər. Heydər
Əliyev də məhz belə siyasi xadimlərdən, qüdrətli
şəxsiyyətlərdən idi.
Azərbaycan dövlətinin taleyi məhz ulu öndərin
son qərarından
asılı idi. Heydər Əliyev
xalqı, Vətəni və müstəqilliyini əbədiləşdirdiyi
Azərbaycan qarşısında son borcunu da şərəflə
yerinə yetirdi. Onun doğma xalqına
ünvanladığı son müraciət Vətənə ləyaqətlə
xidmətin son nümunəsi idi. Heydər Əliyevin
xalqa 2003-cü il 1 oktyabr tarixli müraciətində Azərbaycan
xalqının dünyanın ən qabaqcıl xalqları
sırasında layiqli yer tutduğu, millətimizin zəngin mənəvi
aləminin, dünya mədəniyyəti xəzinəsinə
bəxş etdiyi özünəməxsus töhfələrin,
sivil dünya dəyərlərinə yiyələnmək
qabiliyyətinin hamıya məlum olduğu, azərbaycanlıların
öz əməyi, istedadı ilə bütün sahələrdə
dünya xalqları ailəsinə getdikcə daha sürətlə
inteqrasiya etməsi reallığı məmnunluqla bildirilirdi. Ulu öndər müraciətində
vurğulayırdı ki, müstəqil dövlətimiz bu
gün dünya ölkələrinin ən qabaqcıl təcrübə
və dəyərlərindən bəhrələnərək
inkişaf edir. Demokratik cəmiyyət,
hüquqi dövlət, insan və vətəndaş
haqlarının aliliyi, siyasi plüralizm prinsiplərini rəhbər
tutaraq, Azərbaycan Avropanın və dünyanın ən
qabaqcıl, qüdrətli dövlətləri ilə
çiyin-çiyinə fəaliyyət göstərir.
Heydər Əliyev tarixi müraciətinin sonunda onun müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək
dəqiq ünvanı da göstərirdi: “Üzümü sizə
– həmvətənlərimə tutaraq qarşıdan gələn
prezident seçkilərində prezidentliyə namizəd, mənim
siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I
müavini İlham Əliyevi dəstəkləməyə
çağırıram. O, yüksək intellektli, praqmatik
düşüncəli, müasir dünya siyasətini və
iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm
İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası
bundan sonra da xalqımızın ən layiqli
övladlarını öz ətrafında sıx birləşdirərək
Azərbaycan dövlətinin inkişafı və
xalqımızın firavanlığı yolunda çox
işlər görəcəklər. İnanıram
ki, mənim axıra çatdıra bilmədiyim
taleyüklü məsələləri, planları, işləri
sizin köməyiniz və dəstəyinizlə İlham
Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm”.
Xalq ulu öndərin bu müraciətinə cavab olaraq
seçki məntəqələrinə gedərək Heydər
Əliyev siyasi xəttinə inam və etimadını
nümayiş etdirdi və İlham Əliyevə səs verdi. Bu, xalqın ulu öndər
Heydər Əliyev siyasi xəttinə olan inamının bariz
nümunəsi idi. Prezident İlham Əliyevin ötən
11 illik prezidentlik fəaliyyəti – ölkə həyatı
üçün strateji əhəmiyyət kəsb edən
inkişaf proqramlarının hazırlanması və işlək
mexanizmlər əsasında həyata keçirilməsi, ən
müxtəlif sahələrdə intibah və tərəqqi
prosesinin geniş vüsət alması, Azərbaycanın
dünyanın inkişaf etmiş dövlətləri
sırasına qoşulması, dünya birliyinə sürətli
inteqrasiyası, ən yüksək tribunalarda söz sahibinə
çevrilməsi və digər amillər də bir daha təsdiqləyir
ki, xalq öz seçimndə yanılmayıb. “Mən hər
bir azərbaycanlının Prezidenti olacağam” – deyən
dövlət başçısı 11 illik fəaliyyətində verdiyi vədləri
layiqincə yerinə yetirmişdir.
31 oktyabr 2003-cü ildə keçirilən andiçmə
mərasimindəki çıxışında Azərbaycan
Prezidenti İlham Əliyev ona
göstərilmiş
etimada görə Azərbaycan seçicilərinə, Azərbaycan
vətəndaşlarına, bütün Azərbaycan
xalqına öz dərin təşəkkürünü
bildirmiş və Heydər
Əliyev siyasətini davam etdirəcəyini bəyan
etmişdir. Dövlətimizin başçısı bir daha
vurğulamışdır ki, Azərbaycanda Heydər Əliyev siyasətinin
alternativi yoxdur. Oktyabrın 15-də Azərbaycan xalqı
seçki məntəqələrinə gələrək,
Heydər Əliyev siyasətinə səs verməklə sülhə, əmin-amanlığa,
tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs
veribdir.
Prezident İlham Əliyev andiçmə mərasimindəki
çıxışında deyib: “Heydər Əliyevin siyasəti
Azərbaycana böyük uğurlar gətiribdir. Bütün
sahələrdə Azərbaycan inkişaf edir, uğurlar
qazanır... Beynəlxalq təşkilatlarda Azərbaycan
çox uğurlu fəaliyyət göstərir, onun nüfuzu
artır. Avropa Şurası kimi mötəbər
beynəlxalq təşkilat Azərbaycanın təkidi ilə
Ermənistanı işğalçı dövlət kimi
tanıyıbdır. Bu proses davam edəcəkdir. Azərbaycan beynəlxalq aləmdə, dünya
miqyasında daha da möhkəm mövqelərə sahib
olacaqdır”.
Qonşu dövlətlərlə münasibətlərimizə
diqqət çəkən respublikamızın rəhbəri
bu sahədə uğurlu
inkişafın olduğunu bildirmişdir. Dövlətimizin
başçısı demişdir ki, həm ikitərəfli
münasibətlərimiz güclənir, həm də regional əməkdaşlıq
inkişaf edir. Həmin vaxt andiçmə mərasimində
iştirak etmək üçün Azərbaycana, Bakıya gəlmiş
qonşu dövlətlərin görkəmli dövlət
xadimlərinin iştirakı
da ikitərəfli
münasibətlərin yüksələn xətt üzrə
inkişafından xəbər verirdi.
Ölkəmizin
iqtisadi qüdrətinin getdikcə
artdığını, özəl sektorun inkişaf etdiyini, Azərbaycana yüksək səviyyədə
xarici sərmayələrin
qoyulduğunu, uğurlu islahatların
aparıldığını diqqətə çatdıran
Prezident İlham Əliyev demişdir: “Azərbaycan hərtərəfli
inkişaf edir, iqtisadiyyatı güclənir. Azərbaycanda
iqtisadi islahatlar aparılır. Bu
islahatların nəticəsində ölkəmiz qısa
müddət ərzində öz iqtisadiyyatının yüksəlişini
təmin etmişdir. İqtisadiyyatın ən
mühüm göstəricisi - ümumi daxili məhsul son beş il ərzində hər il 10 faiz
artır, inflyasiyanın səviyyəsi 2 faiz təşkil
edir. Halbuki, on il bundan əvvəl
inflyasiyanın səviyyəsi 1600 faiz idi. Azərbaycanda
özəl sektor uğurla inkişaf edir. Çox
sevindirici haldır ki, ümumi daxili məhsulun
formalaşmasında özəl sektorun payı 70 faiz təşkil
edir. Sahibkarlar sinfi yaranır. Genişmiqyaslı özəlləşdirmə
proqramı həyata keçirilir. Torpaq
islahatı aparılıbdır və torpaq artıq kəndlilərin
özəl mülkiyyətinə verilibdir. Bunun nəticəsində kənd təsərrüfatı
istehsalı artır. Bütün bunlar onu
göstərir ki, Azərbaycanda Heydər Əliyevin rəhbərliyi
altında aparılan iqtisadi islahatlar öz gözəl nəticələrini
verməkdədir. Azərbaycana xarici sərmayə
qoyuluşu çox yüksək səviyyədədir və
bu proses davam edir. Sizə deyə bilərəm
ki, bütün mənbələrdən qoyulan sərmayələrin
həcmi 15 milyard dollar təşkil edir. Adambaşına
xarici sərmayənin həcminə görə Azərbaycan
keçmiş sovet respublikaları arasında qabaqcıl yerdədir,
bəzi Şərqi Avropa dövlətlərini də
qabaqlayır”.
Andiçmə mərasimində qeyd
edilmişdir ki, sərmayələr, xüsusilə, xarici sərmayələr
əsasən davamlı sabitlik olan ölkələrə
qoyulur. Çünki hər sərmayədar o qədər
də risk etmək istəmir. Bu baxımdan da Azərbaycan
sərmayə qoyuluşu üçün çox münasib
ölkədir. Azərbaycanda son illər ərzində
hökm sürən sabitlik, ictimai-siyasi asayiş sərmayələrin
cəlb olunması istiqamətində böyük addımlar
atmağa imkan veribdir. Dövlətimizin
başçısı qeyd etmişdir ki, Azərbaycanda
yaranmış bu sabitliyi qorumaq, saxlamaq və möhkəmləndirmək bizim hamımızın borcudur.
Prezident bildirmişdir ki, bu sabitlik bundan sonra da qorunub
saxlanılacaq: “Əgər Azərbaycanda sabitliyin
pozulmasına kim can atırsa, biz buna imkan
verməyəcəyik, Azərbaycan xalqının rahat, təhlükəsiz,
sabitlik şəraitində yaşamasını təmin edəcəyik.
Bu sabitlik bizə imkan verəcək ki, gələcəkdə
Azərbaycanı daha da sürətlə, hərtərəfli
inkişaf etdirək. Bu barədə bizim
çoxlu planlarımız vardır. Azərbaycanın
hər bir sahəsi inkişaf etməlidir”.
Azərbaycan Prezidenti ölkə iqtisadiyyatının əsasını
təşkil eən neft strategiyasının uğurla həyata
keçirilməsi, əsas ixrac
neft və qaz kəmərlərinin inşasının başa
çatdırılması, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüququn norma və prinsipləri çərçivəsində
nizamlanması istiqamətində bütün qüvvəsindən
istifadə edəcəyini bildirmişdir. Ölkə
başçısı verilən vədlərin yerinə
yetirilməsinin bir yolu olduğunu demişmişdir: “Ancaq
bütün bunları həyata keçirmək və Azərbaycanı
qüdrətli dövlətə çevirmək
üçün ən başlıcası, ölkədə
Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən
çıxış edərkən mən Azərbaycan
xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam,
heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər
Əliyevin siyasətini davam etdirəcəyəm. Mən
bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz
cənab Heydər Əliyevə müraciət edərək
deyirəm: əziz Prezident, əsərin olan müasir Azərbaycanı
gücləndirəcəyik, zənginləşdirəcəyik,
hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə
doğru gedəcəyik”.
Son on bir ildə Azərbaycanın iqtisadi qüdrətinin
sürətlə artması, Milli Ordunun maddi-texniki
bazasının gücləndirilməsi, xarici siyasətdə
qazanılan uğurlar, ölkəmizin dünya birliyində
reytinqinin yüksəlməsi və əhalinin həyat səviyyəsinin
daha da yaxşılaşdırılması verilən vədlərin
layiqincə yerinə yetirilməsinin bariz nümunəsidir.
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti.- 2014.- 31 oktyabr.- S.3.