Qloballaşma şəraitində
media və
milli təhlükəsizlik
məsələləri
KİV-lər ölkədə görülən işləri, Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu siyasəti daha geniş və obyektiv şəkildə işıqlandırmalı, cəmiyyətdə, xüsusilə gənc nəsil arasında Vətənə sevgi hissləri, insanlara mənəvi saflıq aşılamalı, onlarda əsl vətəndaşlıq mövqeyinin formalaşmasına dəyərli töhfəsini verməlidir.
Ramiz MEHDİYEV,
akademik
Məlum olduğu kimi, avqust ayının 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsi keçirilib. Akademik Ramiz Mehdiyevin geniş məruzə ilə çıxış etdiyi müşavirədə kütləvi informasiya vasitələrinin rəhbərləri və dövlət orqanlarının rəsmi şəxslərinin iştirakı ilə Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi ilə bağlı aktual məsələlər müzakirə edilib, ənənəvi və sosial mediada məsuliyyətliliyin artırılmasının əhəmiyyəti vurğulanıb.
Bu müşavirə
Azərbaycan mətbuatının inkişaf tarixində keyfiyyətcə
yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə
bilər. Çünki müasir dövrdə media funksional
vahid olaraq həm də idarəetmə vasitəsi kimi
çıxış edir. Xüsusən də, ekstremal vəziyyətdə
medianın funksionallığı daha da artaraq ictimai-siyasi,
sosial-iqtisadi həyatın bütün sferalarını əhatə
etməklə onların istiqamətlərinin
formalaşmasına ciddi təsir göstərir. Akademik Ramiz Mehdiyev müşavirədə, məhz
bu məsələlərə toxunaraq qeyd edib ki, Azərbaycanda
1998-ci ilin avqust ayında ulu öndər Heydər Əliyev tərəfindən
senzura ləğv edilib, son illərdə isə Prezident
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda
demokratik islahatların, vətəndaş cəmiyyəti
quruculuğunun daha da dərinləşdirilməsi sahəsində
mühüm nailiyyətlər əldə olunub, söz və
məlumat azadlığının, kütləvi informasiya
vasitələrinin inkişafı istiqamətində uğurlu
siyasət həyata keçirilib.
Ancaq bəzi hallarda
media nümayəndələrində bu azadlıqlardan
sui-istifadə hallarına rast gəlinməkdədir ki, bu da
milli maraqlarımızla uzlaşmır. Müasir dövrdə
medianın ən mühüm funksiyalarından biri də milli
maraqları hər şeydən üstün tutmaq, vətəndaşları,
cəmiyyəti vahid məqsəd uğrunda səfərbər
etməkdir: “Vətənpərvərlik, milli dövlətçiliyə
sədaqət, milli maraqlar uğrunda prinsipiallıq KİV-lərin
fəaliyyətinin başlıca prinsiplərini təşkil
etməlidir. KİV-lər cəmiyyətdə, xüsusilə
gənc nəsil arasında Vətənə sevgi hissləri,
insanlara mənəvi saflıq aşılamalı, onlarda əsl
vətəndaşlıq mövqeyinin formalaşmasına dəyərli
töhfəsini verməlidir”.
Lakin bir sıra
kütləvi informasiya vasitələrinin, xüsusən də
sosial medianın fəaliyyətinin funksionallığı bəzi
hallarda bilərəkdən, yaxud bilməyərəkdən
milli maraqlara qarşı yönəldilən bir vasitə kimi
çıxış edir. Ona görə də xüsusən
hərbi-ekstremal vəziyyətdə medianın fəaliyyətinin
nizamlanması günün ən aktual məsələlərindən
biridir.
Müasir informasiya cəmiyyətində
medianın yeri və rolu olduqca böyükdür.
Qloballaşma hər bir milli dövlətə yeni cəmiyyət
modeli təqdim edir və milli cəmiyyətlərin təqdim
edilən bu modeli dəyişmək və yaxud bəzən
ondan imtina etmək kimi bir seçimləri olmur. Ona görə də qəbul olunan yeni sosium
növü informasiya cəmiyyəti kimi səciyyələndirdiyimiz
sosial stratifikasiya formalaşdırır. İnformasiya cəmiyyətinin
ənənəvi milli-mədəni və ya dini-mədəni
cəmiyyətlərdən fərqi ondadır ki, informasiya cəmiyyəti
milli-mənəvi dəyərlərə, adət-ənənələrə,
milli mentalitetə deyil, məhz cəmiyyətin istehlak etdiyi
informasiyaya əsaslanır. Cəmiyyətin informasiya məkanında
mövcud olan informasiya mübadiləsi, informasiya istehsalı və
istehlakı, əslində, yeni sosiumun fərdləri olan
insanların düşüncəsini, həyat tərzini, hadisələrə
baxışını, onların davranışlarını
müəyyənləşdirir. Bu davranışın
hansı formada olması isə məhz informasiya məkanında
dövriyyədə olan informasiyanın keyfiyyətindən
çox asılıdır. Ona görə də
hər bir milli dövlətin informasiya məkanı milli
maraqlar baxımından proqnozlaşdırılmalı və məqsədyönlü
şəkildə formalaşdırılmalıdır ki, ona nəzarət
etmək və yönləndirmək mümkün olsun.
Çox hallarda
medianın funksiyasından danışarkən, biz onun birinci
funksiyasını göz önünə gətiririk - bu,
medianın cəmiyyəti informasiya ilə təmin etmək
funksiyasıdır. Ancaq hazırkı vəziyyətdə
modern informasiya cəmiyyətlərində nə medianın
funksiyası, nə də cəmiyyətin mediaya münasibəti
bununla məhdudlaşmır. Çünki müasir mərhələdə
media, cəmiyyət, dövlət münasibətləri elə
bir səviyyəyə gəlib çatıb ki, bu münasibətlər
millətin və xalqın, eyni zamanda, milli dövlətin
taleyi baxımından olduqca əhəmiyyətli bir vasitəyə
çevrilib. Ona görə də bu münasibətlər
sistemində informasiya, sadəcə, informasiya kimi deyil, həm
də idarəetməni həyata keçirən funksional vahid
kimi çıxış edir.
Belə olduqda, biz
artıq informasiyanı xüsusi təyinatlı institusional
vasitə kimi nəzərdən keçirə bilərik. Ona
görə də informasiyanın keyfiyyəti, onun necəliyi
və təsir dairəsində törədə biləcəyi
fəsadlar, yaxud milli maraqlar baxımından gətirə biləcəyi
dividendlər həddindən artıq çoxdur.
Ekstremal vəziyyətdə
isə informasiyanın əlahiddə statusu bir qədər də
artır. Bu mənada, müharibə şəraitində
yaşayan Azərbaycan üçün informasiya məkanının
qorunması, informasiya təhlükəsizliyinin və milli və
dövlət maraqlarının təmin olunması
üçün istifadə edilməsi son dərəcə
vacibdir. Bu gün Azərbaycanın informasiya məkanına
təkcə çap mediası və klassik medianın deyil,
eyni zamanda, internet və sosial medianın da daxil olduğunu nəzərə
alsaq, o zaman informasiyanın əhəmiyyətinin nə qədər
artdığının bir daha şahidi olarıq. Nəzərə alaq ki, bu gün informasiyanı idarə
edənlər, onu istehsal edənlər, ötürənlər,
informasiya daşıyıcısı olanlar, yaxud informasiya mənbəyi
qismində çıxış edənlər həddindən
artıq çoxdur, o zaman kiber məkanın, yaxud informasiya məkanının
idarə olunması və yönləndirilməsi daha böyük
aktuallıq kəsb edir.
Bu gün klassik
demokratik cəmiyyətlərdən fərqli olaraq, informasiya cəmiyyətlərində
sosial medianın funksiyası çoxşaxəlidir. Sosial media, internet jurnalistikası,
“Facebook”, “Twitter” və s. kimi vətəndaş
jurnalistikası mürəkkəb daxili struktura malik virtual məkan
kimi olduqca təsirli bir vasitədir.
Sosial mediadan fərqli
olaraq, çap mediası və tele-radio məkanı nisbətən
daha asan idarə və nəzarət olunandır.
Çünki bu informasiya məkanının özünəməxsus
öhdəliyi var və hüquqi məsuliyyət
daşıyır. Sosial medianın, vətəndaş
jurnalistikasının isə xəbər əldə etmək
və xəbər ötürmək kimi peşəkar öhdəliyi
olmadığından burada bir hüquqsuzluq və informasiya
xaosu mövcuddur. Belə vəziyyətdə hər bir cəmiyyətdə
informasiyanın idarə olunmasının aktuallığı
bir daha ortaya çıxır. Doğrudan da, biz
atəşkəsin pozulduğu qısa müddət ərzində
onun şahidi olduq ki, Azərbaycanda informasiyanın idarə
olunmasında müəyyən problemlər var və
informasiyanın xaotik hərəkəti bəzi hallarda hərbi
sirlərin yayılmasına gətirib çıxarır,
yaxud xarici ölkələrin əks-kəşfiyyat
orqanları üçün informasiyaları mənbə
qismində çıxış edir.
Bütün
bunlar azmış kimi, demokratik cəmiyyətdə, o cümlədən
Azərbaycanda dediyimiz vasitələrdən başqa bir
sıra mənbələr də vardır ki, onlar bir çox
hallarda çoxşaxəli funksional vahid kimi, həm də informasiya
ötürücüsü, yaxud informasiya
istehsalçısı qismində çıxış edə bilirlər. Bunlar
qeyri-hökumət təşkilatları, bir sıra hüquq
müdafiə təşkilatları və transmilli media
qurumlarının ölkəmizdə olan xidmətləridir.
Əgər biz informasiya cəmiyyətinin tərkib hissəsi
kimi, bu qurumları kompleks nəzərdən keçirsək,
o zaman informasiyanın yeni keyfiyyətdə insan
formalaşdırdığının şahidi ola bilərik.
Şərti olaraq,
informasiya cəmiyyətində yetişən yeni insanı “homo
informatikus” adlandırırlar. Homo informatikus
idraki-əqli keyfiyyətləri ilə deyil, aldığı
informasiya əsasında öz hərəkətlərini,
baş verən hadisələrə münasibətini, dövlətə
və vətəndaşa qarşı öz mövqeyini müəyyənləşdirən
fərd kimi çıxış edir. İnformasiya cəmiyyətinə
qədər formalaşan insan — homo sapiens isə cəmiyyətdəki
münasibətlərdə məhz əqli və idraki keyfiyyətlərinə
söykənərək, hərəkət edir və
davranışlarını müəyyənləşdirir.
Əgər biz homo
informatikus və homo sapiens şəhadətlərini
müqayisə etsək, görərik ki, milli və dövləti
maraqlar baxımından homo sapiens daha idarə olunan, daha
dürüst, daha keyfiyyətli və milli maraqları qoruyan
daha etibarlı komponentdir. Homo informatikus isə
sürüşkəndir, loyaldır, laqeyddir, bəzi hallarda dərk
edilən deyil.
Məhz yeni informasiya
cəmiyyətinin formalaşdırdığı homo
informatikuslar əksər hallarda informasiya cəmiyyətində
kütləvi qeyri-şüuri davranışın əsasını
yaradan vasitə kimi çıxış edirlər. Beləliklə,
kütləvi qeyri-şüuri davranış milli və
dövlət maraqlarını nəzərə almadan, görmədən
hərəkətə keçir. Bu zaman isə ciddi mənada
istər informasiya məkanında, istərsə də real
sosiumda xaos və qarşıdurma baş verir.
Bütün
bunları nəzərə alsaq, iştirakçısı
olduğumuz müşavirənin nə qədər aktual və
vacib bir mövzuya həsr edildiyini bir daha anlayarıq. Buna
görə də konfransı təşkil edənlərə
dərin minnətdarlığımızı bildirərək
qeyd etmək istərdik ki, biz manipulyativ informasiya vasitəsilə
törədilən xaotik hadisələrin baş verdiyi
çoxlu məkanlar bilirik. Amma Azərbaycanda bu hadisələr
baş vermir. Ona görə ki, Azərbaycanın informasiya məkanı
əksər hallarda idarə olunan milli və dövlət
maraqlarının qorunmasına istiqamətləndirilən,
daim maarifləndirilən bir məkandır. Bu isə ölkəmizdə
informasiya siyasətinin olduqca düzgün müəyyənləşdirildiyinin
göstəricisidir. Məhz bu informasiya siyasəti sayəsində
Azərbaycanda homo sapienslərin sayı homo informatikusların
sayından çoxdur. Nəzərə alsaq ki,
homo informatikuslar əksər hallarda internet məkanında ucuz
və manipulyativ yüklə, neqativ enerji ilə yüklənmiş
informasiya mənbələri ilə qidalanır, o zaman homo
informatikusların nə qədər təhlükəli
olduğunu görə bilərik.
Məsələ
ondadır ki, homo informatikus etdiyi hərəkəti və
davranışlarını qiymətləndirməyi də
bacarmır, ona tənqidi yanaşa bilmir. Çünki onun
etdiyi hərəkətlərdə və davranışlarda əql,
idrak iştirak etmir. Bu cür kütlə ilə işləmək,
əlbəttə ki, çox çətindir. Ancaq nəzərə
almalıyıq ki, Azərbaycanda son 20 ildə intellektual əsaslarda
yeni cəmiyyət formalaşıb və bu imperialist mərkəzlərin
informasiya silahının Azərbaycanda effektiv olmasının
qarşısını alıb. Ancaq bununla belə, bəzi
çevrələr müəyyən situasiyalardan Azərbaycanın
informasiya təhlükəsizliyinə zərbə vurmaq
üçün yararlanmağa çalışırlar. Xatırladaq ki, sözügedən müşavirədə
Prezident Administrasiyanın rəhbəri Ramiz Mehdiyev bildirib ki,
avqustun əvvəlində Ermənistan-Azərbaycan dövlət
sərhədində və qoşunların təmas xəttində
müşahidə olunan gərginlik bəzi kütləvi
informasiya vasitələrinin, xüsusilə internet
resurslarının qanunvericiliyin tələblərinə
zidd və qeyri-peşəkar fəaliyyətini, habelə aidiyyəti
dövlət orqanlarının informasiyanın verilməsinə
məsul olan struktur bölmələrinin öz
funksiyalarını lazımi qaydada yerinə yetirə bilməməsini
açıq nümayiş etdirib, cəbhə xəttində
vəziyyət barədə yanlış məlumatlar, hərbi hissələrimizin dislokasiyası və
hərəkəti, həlak olmuş hərbçilərin
sayının süni şəkildə şişirdilməsi
və bu mövzuda müxtəlif spekulyativ informasiyaların
yayılması, cəbhə bölgəsində yaşayan əhali
və ölkə ictimaiyyəti arasında çaşqınlıq
yaratmaq cəhdləri, düşmənin maraqlarına
xidmət edən məlumatların sızdırılması və
s. barədə konkret faktlar göstərib.
Doğrudan da,
şahidi olduğumuz kimi, iyul ayının 28-29-dan
başlayaraq avqust ayının 8-9-na qədər ön cəbhədə
atəşkəs pozuldu. Bu hadisə paralel olaraq ölkə
daxilində bir növ lokal informasiya müharibəsinə
çevrildi. Ən müxtəlif media vasitələri, sonsuz
sayda əsassız informasiya ötürməyə
başladılar. Amma bu informasiyaların böyük əksəriyyəti
Azərbaycandakı hərbi-psixoloji əhval-ruhiyyəyə bəzi
hallarda mənfi təsir edəcək gücdə idi. Bu hadisələri
siyasi mətbəxə gətirməkdən tutmuş, dini
sektaların təbliğinə qədər geniş
sosial-siyasi sferaya transfer etmək cəhdləri oldu. Ancaq dövlətimizin düzgün informasiya siyasəti
sayəsində bunun qarşısı alınsa da, bu sahədə
bəzi boşluqların olduğu da ortaya çıxdı.
Əminliklə deyə bilərik ki,
iştirakçısı olduğumuz müşavirədə
qoyulan məsələlər akademik Ramiz Mehdiyevin səsləndirdiyi
tövsiyə və fikirlər gələcəkdə
ölkəmizin informasiya məkanının təhlükəsizliyini
təmin edən paradiqmalar kimi çıxış edəcəkdir.
Məsələn,
atəşkəsin pozulmasından bir gün sonra Azərbaycan
informasiya məkanında belə bir informasiya dolaşmağa
başladı ki, əsgərlərimiz səngərdə
yatıblar və düşmən tərəfi, onları elə
səngərdəcə məhv edib. Bu, düşünülmüş
manipulyativ informasiya idi, Azərbaycanın informasiya məkanına
sosial mediadan daxil oldu. Oradan daxil olmasının
səbəbi həmin məkanda olan hüquqsuzluğun, məsuliyyətsizliyin
nəticəsidir. İnformasiyanın ilkin mənbəyini isə
heç kim dəqiq bilmir. Çünki həmin xaos məkanında
informasiyanın mənbəyini müəyyənləşdirmək
olduqca çətindir.
Əlbəttə,
biz bilirik ki, informasiya müharibəsi anlayışı
mövcuddur və bunu təmassız müharibə kimi səciyyələndirirlər.
Ön cəbhədə atəşkəsin pozulması ilə,
yəni şərti olaraq müharibənin başlaması ilə
dərhal informasiya cəbhəsində də müharibə
başladı. Bu zaman bəzi dini sektalar informasiya yaydılar ki, onların üzvləri
ön cəbhəyə getmək üçün müvafiq
qurumlara müraciət ediblər. Əslində isə, belə
bir şey yox idi. Sekta özünü təbliğ edirdi.
Başqa
bir tərəfdən, bəzi transmilli medianın Azərbaycandakı
xidmətləri Dağlıq Qarabağdakı qondarma rejimi
respublika kimi təqdim etdilər və qondarma Dağlıq
Qarabağ rejiminin “müdafiə nazirliyinə” istinadla xəbərlər
yaymağa başladılar (BBC). Halbuki, bu transmilli media Azərbaycanda
çalışır və onun jurnalistləri də azərbaycanlılardır.
Məsələ ondadır ki, dediyimiz homo informatikuslar olan həmin
jurnalistlər, məhz bu transmilli medianın davamı kimi
çıxış etdilər. Burada onların idraki, əqli,
milli və vətənpərvərlik keyfiyyətləri
özünü göstərmədi. Çox təəssüf
ki, həmin informasiya mənbələri bu gün də Azərbaycanda
fəaliyyət göstərir. Bunlar olduqca təhlükəli
tendensiyalardır. Yaxud, məşhur bir
fransız media qurumu (Frans-PRESS) eyni şəkildə
Dağlıq Qarabağ “Respublikasına” istinad edərək məlumat
yayırdı. Balanslaşdırma üçünsə Azərbaycan
Müdafiə Nazirliyinin məlumatlarını yayırdı.
Halbuki, bu agentlik dünyada informasiya brendlərindən biri
hesab edilir.
Belə olan halda, bir
daha media və informasiya məkanında milli dövlətçilik
maraqlarının qorunması məsələsi
aktuallaşır. Ona görə də
informasiyaya olduqca həssas yanaşılmalıdır və
ilk növbədə, informasiyanın mənbəyi dəqiqləşdirilməlidir,
onun etibarlılığı yoxlanılmalıdır və Azərbaycan
informasiya məkanı üçün məqbul, yoxsa qeyri-məqbul
informasiya olması məsələsi müəyyənləşdirilməlidir.
Əlbəttə ki,
hər bir demokratik cəmiyyətdə, o cümlədən Azərbaycanda
informasiya, söz və mətbuat azadlığı var. Amma eyni zamanda, bütün ölkələrdə
olduğu kimi, Azərbaycanda da yerli informasiya məkanının
və Azərbaycan xalqının təhlükəli
informasiyalardan qorunmaq hüququ var. Çox təəssüf
ki, bəzi media orqanları, xüsusən də, sosial
medianı təmsil edən jurnalistika bu barədə düşünmür.
Əldə etdikləri, yaxud onlara ötürülən
informasiyanı filterizə etmədən, mexaniki olaraq Azərbaycan
cəmiyyətinə ötürürlər. Bu isə,
dediyimiz kimi, müxtəlif fəsadlara gətirib
çıxarır.
Başqa
bir məsələ ondan ibarətdir ki, 7-8 gün davam edən
hadisələr dövründə sosial mediada görünməyən,
əvvəllər olmayan, yaxud olduqca passiv olan xeyli sayda
informasiya saytlarının aktiv fəaliyyətə keçməsinin
şahidi olduq. Bunlar, əslində,
dezinformasiya yayırdılar. Həm də bu informasiyalar Azərbaycanda
hərbi özünəinamı azaldan, təslimçi əhval-ruhiyyə
yaradan, Azərbaycanın milli təhlükəsizliyini təhdid
edən informasiyalar olurdu. Məsələn, həmin saytlar
yayırdılar ki, Ermənistan ordusu sürətlə irəliləyir,
şiddətli hücuma keçib, hakimiyyət itkilərin
sayını gizlədir və s. Belə informasiyalar
düşünülmüş manipulyasiya idi.
Lakin bununla bərabər,
sosial mediada başqa bir istiqamətdə də informasiyalar
yayılırdı ki, bu da ilk baxışdan zərərli
görünməsə belə, ən az dediyimiz dezinformasiyalar
qədər təhlükəli idi. Məsələn, sosial
mediada tez-tez xəbərlər yayılırdı ki,
Ağdamın iki kəndi işğaldan azad edilib, ordumuz
Ağdam və Füzuli istiqamətlərində sürətlə
irəliləyir. Hətta, bir qədər sonra Ağdam və
Füzulinin erməni işğalından azad olunması
haqqında məlumat yayılmağa başlandı. Bunu sosial
media etdi.
Bunların hər
ikisi təhlükəlidir. Birincisinin təhlükəsi
aydındır. İkincisi isə xalqın ictimai ovqatı ilə
oynayırdı və ona çox pis təsir göstərirdi.
Düşünün ki, doğrudan da,
torpaqlarımızın işğaldan azad olunmasını
arzu edən Azərbaycan xalqı, nəhayət, öz arzusuna
çatdığını hesab edir. Ancaq həqiqətdə
isə bu medianın yaratdığı illüziyadır. Deməli,
ictimai əhval ruhiyyə ilə manipulyasiya edilərək
eyforiya həddinə qaldırılır və bunlar yalan
olduqda isə ictimai depressiya baş verir. Təəssüf ki,
sosial media bu barədə heç düşünmədi.
Biz bu iki nümunədə
onun şahidi olduq ki, birincisi, Azərbaycan informasiya məkanına
bilərəkdən, ikincisi, bilməyərəkdən
romantikcəsinə manipulyativ informasiyalar
ötürüldü və hər iki halda ictimai əhval-ruhiyyə
ilə manipulyasiya edildi. Bax, bu iki əhval-ruhiyyənin
arasında 7-8 gün ərzində
Azərbaycanın ictimai əhval-ruhiyyəsi ciddi
çalxalanmalara məruz qaldı. Əlbəttə ki, bunlar
yolverilməzdir.
Bütövlükdə
isə, ədalət naminə qeyd etmək lazımdır ki,
Azərbaycanın çap mediası və radio-televiziya məkanı
agentliklərin və Müdafiə Nazirliyinin rəsmi xəbərlərinə
istinad etməklə bu bir neçə günlük imtahandan
üzüağ çıxdılar. Baxmayaraq ki, bəzi
hallarda Azərbaycanın rəsmi çap mediası və
teleradio məkanını operativ informasiya ötürməməkdə
ittiham etdilər. Əslində isə, bu mövqe doğru idi.
Belə vəziyyətdə artıq operativlik yox,
etibarlılıq lazım idi və Azərbaycanın klassik
mediası bu etibarlılıq testlərindən uğurla
keçdi.
Qeyd etmək
lazımdır ki, vətəndaş jurnalistikasının,
yaxud sosial medianın hansısa formada hüquqi tənzimlənməsinə
böyük ehtiyac var. Beynəlxalq təcrübədən
bilirik ki, artıq dünyanın aparıcı ölkələrində
kibercinayətkarlığın qarşısını almaq
üçün kiberpolis mövcuddur. Kiberməkan var,
kibercinayətkarlıq var, informasiya ilə manipulyasiya var və
bu da bir növ qanun pozuntusudur. Kiberməkanda münasibətləri
formalaşdıran hüquq da olmalıdır. Hazırda belə
bir hüququn yaranmasına ehtiyac var. Belə olarsa, Azərbaycanda
sosial media və vətəndaş jurnalistikası da məsuliyyət
hiss edərək davranışlarını tənzimləyə
bilər. Bu, Azərbaycanda dövlət mənafeyinin və
milli maraqların təmin olunması baxımından olduqca əhəmiyyətlidir.
Ona
görə də, akademik Ramiz Mehdiyev haqlı olaraq bildirdi ki,
dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat
və əməliyyat-axtarış fəaliyyəti ilə
bağlı, dövlət tərəfindən mühafizə
edilən və yayılması Azərbaycan
Respublikasının təhlükəsizliyinə ziyan vura bilən
məlumatlar dövlət
sirri kateqoriyasına şamil edilir və onların ictimailəşdirilməsi
qanuna müvafiq məsuliyyət yaradır. Beynəlxalq
praktikada belə hallarda qanunvericiliyin tələblərinə
uyğun sanksiyaların tətbiq olunduğunu diqqətə
çatdıran akademik Ramiz Mehdiyev qeyd etdi ki, “formasından və
məzmunundan asılı olmayaraq, Azərbaycanın müstəqilliyi,
suverenliyi, ərazi bütövlüyü və konstitusiya
quruluşu əleyhinə istənilən qəsdə və ya
qəsd cəhdlərinə, o cümlədən
cəmiyyətin informasiya təhlükəsizliyini və milli
maraqlarını təhdid edən hallara qarşı hüquqi
çərçivədə zəruri addımlar
atılmalıdır və xəbərdarlıq edirəm ki,
bundan sonra da atılacaqdır.” Tamamilə yerində səsləndirilən
bu fikirlər hər bir media nümayəndəsinə vətəndaşlıq
məsuliyyətini və vətəndaşlıq vəzifələrini
xatırladan önəmli xəbərdarlıq idi.
Bütövlükdə,
müşavirə bir daha Azərbaycan mediasının üzərinə
böyük bir tarixi məsuliyyətin
düşdüyünü diqqətə çatdırmaqla
söz və mətbuat azadlığından Azərbaycanın
milli maraqlarının təmin olunması üçün
istifadə olunma zərurətini ortaya çıxardı. Eyni
zamanda, akademik Ramiz
Mehdiyevin çıxışından sonra bəlli oldu ki,
doğrudan da, mediada, xüsusən də sosial mediada bir
sıra münasibətlərə yenidən baxılmasına
və hüquqi tənzimlənməsinə ehtiyac vardır.
Hesab edirik ki, bu, Azərbaycan internet mediasının
inkişafına xüsusi istiqamət verməklə bərabər,
burada bir məsuliyyət mühitinin yaranmasına səbəb
olacaqdır.
Beləliklə,
görünən odur ki, akademik Ramiz Mehdiyevin söylədiyi
kimi, Azərbaycanın müasir inkişafı, güclü və
yüksək beynəlxalq nüfuza malik dövlətə
çevrilməsi, regionda aparıcı rolu, qlobal siyasətdə,
beynəlxalq təşkilatlar çərçivəsində
nümayiş etdirdiyi fəallıq müəyyən xarici qüvvələri, antiazərbaycançı
mərkəzləri, xüsusilə də Ermənistanı,
erməni lobbisini və onun maraqlarını təmsil edən
ayrı-ayrı dairələri ciddi narahat edir. Azərbaycanın
mövcud tolerant mühitindən, ölkədəki demokratik
ab-havadan, hakimiyyətin humanist siyasətindən sui-istifadə
edən bu dairələr və bəzi daxili qruplar cəmiyyəti
milli maraqlardan sapdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, ölkəmizin
əldə etdiyi mühüm uğurları ləkələmək
üçün ciddi səy göstərirlər. Lakin müxtəlif xarici bədxahlarımızın
və onların nəzarətində olan daxili qrupların təxribatçı
fəaliyyəti heç zaman Azərbaycanda
hakimiyyəti öz iradəsindən, müstəqil siyasətindən
çəkindirməyəcək, cəmiyyəti müəyyən
olunmuş inkişaf yolundan, strateji seçimindən geri
döndərməyə nail olmayacaqdır. Bundan sonra da Azərbaycanın
milli maraqlarına və qanunvericiliyinə zidd fəaliyyətə
görə müvafiq ölçü götürüləcəkdir.
Əminliklə
deyə bilərik ki, iştirakçısı olduğumuz həmin
müşavirədə qoyulan məsələlər akademik
Ramiz Mehdiyevin səsləndirdiyi tövsiyə və fikirlər
gələcəkdə ölkəmizin informasiya məkanının
təhlükəsizliyinin təminatçısı olan
paradiqmalar kimi çıxış edəcəkdir.
Hikmət BABAOĞLU,
siyasi elmlər doktoru
Xalq qəzeti.- 2014.- 4 sentyabr.- S.5.