Qərbin ikili
standartları və Ermənistanın
qeyri-konstruktiv mövqeyi Qarabağ
münaqişəsinin həllini yubadan əsas əngəldir
Ən
ağrılı problemlərimizdən biri – Dağlıq
Qarabağ münaqişəsinin həllinin 20 ildən
çoxdur ki, düşmən dövlətin
yürütdüyü işğalçılıq və
separatizm siyasəti və bu
işlə məşğul olan beynəlxalq qurumların
yararsız fəaliyyəti ucbatından yubanır. Hər
il müəyyən vaxtlarda müşahidə olunan canlanmalar
da Ermənistanın işğalçı rejiminin beynəlxalq
hüquqa göstərdiyi etimadsızlıq baxımından nəticə
vermir. Prezident İlham
Əliyevin qeyd etdiyi kimi, Ermənistanda
realist yanaşmaların üstünlük təşkil edəcəyi
təqdirdə qısa müddət ərzində
münaqişə ilə bağlı irəliləyiş ola
bilər. Lakin, təəssüf ki, S. Sarkisyan iqtidarı öz xalqını
acından öldürmək üçün hələ də
Qarabağ kartından uğurla istifadə edir.
Bu gün Azərbaycanın
hərtərəfli inkişafı danılmazdır. Ermənistan ilə Azərbaycan
arasında müqayisə apardıqda bizim
üstünlüyümüz
açıq-aydın özünü büruzə verir.
Bizim dövlət büdcəmiz Ermənistanın dövlət
büdcəsindən 10 dəfə böyükdür.
Ümumi daxili məhsul 8 dəfə, əhali 6 dəfə
çoxdur. Bizim bütün potensialımız güclənir,
böyüyür, artır, Ermənistanda isə həm
çox ağır iqtisadi, həm də demoqrafik vəziyyət
yaşanır. Demək olar ki, Ermənistanda demoqrafik fəlakət
yaşanır və bunu İrəvanın rəsmi
orqanları da təsdiqləyirlər.
Hər bir ölkə
hər halda çalışmalıdır ki, öz müstəqilliyini
qorusun, öz seçimini müdafiə etsin, öz dövlətinin
gələcəyi haqqında düşünsün. Hər
halda, ötən bu bir neçə ildə güclər nisbəti
çox ciddi şəkildə Azərbaycanın xeyrinə dəyişildi.
Bu müqayisəni 15-20 il bundan əvvəllə aparsaq, fərqin
böyüklüyü heyrətamizdir.
Dövlət
başçımız hər zaman
danışıqlar prosesində müsbət dəyişikliklərin
olacağına ümid etmiş və beynəlxalq təşkilatları
öz vəzifə məsuliyyətini dərk etməyə
çağırmışdır.
Prezident dünya birliyinin nəticəsiz
fəaliyyətindən danışarkən demişdir: “Mən
bunu qeyd etməliyəm, onların fəaliyyətinin hələ
ki, heç bir nəticəsi olmayıb. Bu da reallıqdır.
Biz vasitəçilər tərəfindən, onların
dövlət başçıları tərəfindən
müsbət bəyanatları eşidirik. Onların içində
xüsusilə qeyd etməliyəm ki, Minsk qrupuna həmsədrlik
edən ölkələrin dövlət başçılarının
birgə bəyanatlarında status-kvonun qəbuledilməzliyi
haqqında sözlər deyilib. Bu, çox müsbət
haldır. Eyni zamanda, onlar daim təkrarlayırlar ki,
danışıqlara alternativ yoxdur. Bilirsiniz, müasir
dünyada hər bir sahədə kifayət qədər
alternativ var. Sadəcə olaraq, biz istəyirik ki, bu məsələ
sülh yolu ilə həll edilsin. Azərbaycan öz konstruktiv
mövqeyini ortaya qoyur və ümid edirəm ki,
danışıqlarla bağlı prosesdə vasitəçilər
daha da fəal rol oynayacaqlar. Sadəcə olaraq Ermənistan BMT
Təhlükəsizlik Şurasının 4 qətnaməsini
icra etməlidir, işğal edilmiş torpaqlardan
çıxmalıdır və Azərbaycanın ərazi
bütövlüyü bərpa edilməlidir.
Razılaşmanın prinsipləri bundan ibarətdir”.
Prezident İlham
Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan
heç vaxt öz tarixi torpağında ikinci erməni
dövlətinin yaradılmasına imkan verməyəcəkdir.
Bu fikirləri bugünkü hərbi potensialımız da təsdiqləyir.
Hazırki hərbi potensialımız, orduda aparılan
islahatlar, yeni prinsiplər, döyüş taktikası ilə
bağlı yeni yanaşmalar tamamilə yeni bir situasiyanın
yaranmasına gətirib çıxarır. Nəzərə
alsaq ki, son illərdə Azərbaycan böyük həcmdə
silah-sursat, texnika almışdır, – ən müasir
texnikadır, – bizim döyüş qabiliyyətimiz
böyük dərəcədə artacaq, yəni biz
müharibədən çəkinmirik, əksinə öz
haqqımızı güc yolu ilə tələb etməyə
hər zaman hazırıq. Lakin biz sülh prinsiplərini də
qiymətləndiririk və bundan qarşı tərəf
sui-istifadə etməkdədir.
Ermənistandan fərqli
olaraq, bu gün beynəlxalq ictimaiyyət bizi güclü
şəkildə dəstəkləyir. Biz beynəlxalq ictimaiyyətin
tam əksəriyyəti ilə çox konstruktiv münasibətlər
qurmuşuq. Avropa ölkələri ilə ikitərəfli əlaqələrimiz
çox uğurla inkişaf edir. Avropa əsas ticari tərəfdaşımızdır.
Azərbaycan ilə Avropa arasında tarixi əlaqələr
müstəqillik illərində daha da möhkəmlənib.
Eyni zamanda, Azərbaycan müsəlman ölkəsi kimi
İslam Əməkdaşlıq Təşkilatının fəal
üzvüdür. Fikrimcə, nəinki coğrafi baxımdan,
o cümlədən mədəni və siyasi baxımdan
regionumuzda mühüm körpü rolunu oynayırıq. Lakin
hər şeyin yaxşı olduğu vəziyyətdə
üzləşdiyimiz problemlərdən biri Azərbaycanın
beynəlxalq səviyyədə tanınmış ərazi
bütövlüyünün pozulmasıdır. Ermənistan-Azərbaycan
münaqişəsi bütün regionu təhlükə
altına salır. Dağlıq Qarabağ Azərbaycanın
tarixi hissəsidir. Azərbaycanlılar Dağlıq
Qarabağda əsrlər boyu yaşayıblar. Tarixdən də
bəllidir ki, ermənilər bu torpaqlara vaxtilə çar
Rusiyasının İrandakı səfiri Qriboyedovun
köç planına əsasən yerləşdirilmişdir.
Prezident İlham
Əliyevin qeyd etdiyi kimi,
Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir.
Qarabağ sözünün özü Azərbaycan mənşəli
addır. Bu sahədə bütün coğrafi toponimlər
xalqımıza məxsusdur. Eyni zamanda, beynəlxalq hüquq
normaları baxımından Dağlıq Qarabağ Azərbaycanın
tərkib hissəsidir. Bütün dünya Dağlıq
Qarabağı Azərbaycanın hissəsi kimi tanıyır.
Heç bir ölkə, o cümlədən Ermənistan
qeyri-qanuni Dağlıq Qarabağ rejimini müstəqil qurum
kimi tanımayıb. Dünyanın ən ali beynəlxalq
orqanı - BMT-nin Təhlükəsizlik Şurası erməni
işğalçı qüvvələrinin işğal
olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz
çıxarılmasını tələb edən dörd qətnamə
qəbul edib. Təəssüf ki, qətnamələrin
icrasına gəldikdə, bir irəliləyiş yoxdur. Bu isə
bir daha ikili standart siyasətinin aparıldığını
göstərir. Çünki bəzən görürük
ki, BMT-nin qətnamələri bir neçə saat ərzində
icra edilir. Bizə gəldikdə isə bu, iyirmi ildən
çoxdur ki, mexanizm yoxdur. Ermənistan ərazilərimizi tərk
etmək istəmir. Onlar işğal etdiyi ərazilərdən
çıxmaq istəmir. Onlar hər bir şeyi olduğu kimi,
saxlamaq istəyirlər. Onlar status-kvonu dəyişməz
olaraq saxlamaq istəyirlər. Bu, beynəlxalq vasitəçilərin
göstərdiyi səylərə tam ziddir. ATƏT-in Minsk
qrupu və həmsədrləri, BMT-nin Təhlükəsizlik
Şurasının daimi üzvləri - Birləşmiş
Ştatlar, Rusiya və Fransa - onların prezidentləri dəfələrlə
aydın bəyan ediblər ki, status-kvo qəbuledilməzdir.
Bu, o deməkdir ki, Ermənistan işğal edilmiş ərazilərdən
öz işğalçı qüvvələrini
çıxarmağa başlamalıdır. Lakin onlar beynəlxalq
hüquqa sadəcə məhəl qoymurlar. Onlar
dünyanın aparıcı dövlətlərinin bəyanatına
məhəl qoymurlar. Onlar Avropa Şurası Parlament
Assambleyasının 2005-ci ildə qəbul etdiyi qətnaməsinə
məhəl qoymurlar. Müvafiq qətnamələr Avropa
Parlamenti tərəfindən də qəbul edilib. ATƏT-in qərarları
vardır. Bütün bu qərarlarda işğala son
qoyulması, erməni işğalçı qüvvələrin
zəbt edilmiş ərazilərdən çıxması tələb
olunur. Əfsuslar olsun, münaqişə həll olunmayıb.
Azərbaycan çox konstruktiv şəkildə
çıxış edir. İyirmi ildən artıqdır ki,
biz danışıqlar prosesinə sadiq qalmışıq.
Lakin hər kəs, o cümlədən ermənilər
anlamalıdır ki, bu proses daim davam edə bilməz. Gec ya tez
nə isə baş verə bilər. Buna görə, Ermənistan
rəhbərliyi digər ölkənin ərazisinin XXI əsrdə
zəbt edilməsinin qəbuledilməz olduğunu nə qədər
tez anlasa, bir o qədər onlar üçün yaxşı
olar. Əfsuslar olsun ki, Ermənistan rəhbərliyindən
adekvat yanaşmanı görmürük. Adekvat yanaşmayan
dövlətlərə qarşı dərhal sanksiyalar tətbiq
edilir. Serbiya dövlətinə, Liviyaya, İraqa,
Əfqanıstana, İrana, hətta son Ukrayna olaylarında nəhəng
Rusiyaya belə sanksiyalar tətbiq edildiyi halda Ermənistanın
işğalçı mövqeyi öz layiqli cəzasını
almır.
ATƏT iki dəfə
faktaraşdırıcı və vəziyyəti qiymətləndirən
missiyasını işğal edilmiş ərazilərə
göndərib. Onların hesabatında aydın şəkildə
göstərilir ki, hər şey dağıdılıb. Bu,
işğal edilmiş ərazilərdə erməni vandallığının
nəticəsidir. Ərazi bütövlüyü beynəlxalq
hüququn əsas prinsipidir. Erməni tərəfinin daim
istinad etdiyi öz müqəddəratını təyinetmə
prinsipi ölkələrin ərazi
bütövlüyünü pozmamalıdır. Bundan başqa,
ermənilər artıq öz müqəddəratını təyin
ediblər. Onlar, əslində, Azərbaycanın tarixi
torpaqları hesabına yaradılmış Ermənistan
dövlətinə malikdirlər. Bunu dünyada təbliğ
etmək lazımdır. Ölkə rəhbəri bütün
beynəlxalq təşkilatlar qarşısında
çıxış edərkən bu məsələyə
haqlı olaraq toxunur. Bu gün həmin bu fikir bütün
Avropada, Amerikada təbliğ olunmalıdır. Çünki
bu həqiqətdir. Dünyaya erməni lobbisi tərəfindən
yalan informasiyalar yayılır. Lakin biz öz təbliğat
yollarımızı elə qurmalıyıq ki, asan şəkildə
Qərb insanı Azərbaycan həqiqətini öyrənə
bilsin.
Rusiya imperiyasının
dağılması nəticəsində — 1918-ci ildə
yaradılmış Azərbaycan Demokratik Respublikasının
ilk fərmanlarından biri İrəvanın paytaxt kimi Ermənistan
dövlətinə verilməsi idi. Bir sözlə, onların
artıq öz dövləti vardır. Onlar bununla artıq
ikinci erməni dövlətinə sahib olmaq istəyirlər.
Ermənilər dərk etməlidirlər ki, bu münaqişə Ermənistanın
tam məhvinə və fəlakətinə aparır.
Məsələ
burasındadır ki, son illər ərzində ABŞ ilə
Şimali Atlantika blokunun Avropadan olan bəzi üzvləri
arasında da beynəlxalq təhlükəsizliklə
bağlı ciddi fikir ayrılıqları müşahidə
olunmaqdadır. Rəsmi Vaşinqton NATO-dan bütün
dünyada öz istəyinə uyğun və ona lazım olan
məqamda hansısa ölkəni cəzalandırmaq, yaxud
planetin hansısa bölgəsinə qoşun
çıxararaq, öz iradəsini reallaşdırmaq məqsədilə
istifadə etməyə çalışmışdır. Qərb
ölkələrinin yeni şəraitdə Cənubi
Qafqazın təhlükəsizliyi ilə bağlı
yürütdüyü fərqli siyasət və Rusiya ilə
yaratdığı tərəfdaşlıq münasibətləri
əksər region ölkələrinin, o cümlədən Azərbaycanın bu sahədəki
mövqelərinə və fəaliyyətinə adekvat təsir
göstərmişdir. Məsələn, yeni şəraitə
uyğun olaraq 18 noyabr 2010-cu ildə
Rusiyanın təşəbbüsü ilə Xəzər
hövzəsi ölkələrinin 3-cü Bakı sammiti
keçirildi və Azərbaycan da Rusiya, Qazaxıstan, İran
və Türkmənistan prezidentlərinin “Xəzərdə təhlükəsizlik
sahəsində birgə əməkdaşlıq” haqqında
sazişinə imza atdı. Bəhs olunan saziş Xəzər hövzəsində
birgə təhlükəsizliyin təmin edilməsi prinsipləri
ilə yanaşı, həm də transsərhəd bölgələrdə
terrorizmə, cinayətkarlığa,
qaçaqmalçılığa və narkotik dövriyyələrə
qarşı ümumi mübarizənin mexanizmlərini özündə əks
etdirmişdir ki, onu mütəxəssislər
bütövlükdə
“bölgədəki yeni geosiyasi və hərbi-geostrateji
şəraitin əyani nəticəsi kimi” dəyərləndirmişlər.
Bəziləri sazişin əsas xüsusiyyətlərindən
biri kimi “Xəzər bölgəsinin
təhlükəsizlik məsələlərinə hər
hansı kənar qüvvələri buraxmadan, bilavasitə
sahilyanı ölkələrin daxili potensialı hesabına
regional sülhün və
sabitliyin təmin edilməsi prinsipini” qeyd etmiş, digərləri
Xəzəryanı dövlətlərin “regionun təhlükəsizliyi
məsələsində yerli və beynəlxalq amillərin
tarazlığının yaradılmasını” və s.
ön plana çəkmişlər. Lakin, necə deyərlər:
“görünən dağa bələdçi lazım deyil”.
Fakt faktlığında qalır ki, bu gün Qərb Azərbaycanın
ərazi bütövlüyünü sözdə dəstəkləsə
də, Cənubi Qafqazda mövcud olan problemlərin həllində
hələ ki, qətiyyət nümayiş etdirmir. Bir sıra
ekspertlər, Qərbin Rusiya ilə onsuz da soyuq olan münasibətlərinin
daha da pisləşə biləcəyindən ehtiyat etdiyini
bildirirlər. Hər halda, hər iki qütb müharibəni dəstəkləmədiklərini
bəyan etsə də, konkret işə gəldikdə Ermənistana
qarşı loyallıq sərgiləyir, sülhün bərqərar
olması üçün əməli iş görməkdən
çəkinirlər.
Sual olunur: Nə
üçün qondarma “Dağlıq Qarabağ
Respublikası”nın rəhbərlərinə qarşı sanksiyalar
tətbiq olunmur? Bu gün xalqımıza qarşı
terrorçuluqda adları hallanan
“Dağlıq Qarabağ” liderləri Avropada telemarafonlar
keçirirlər, pullar yığırlar. Sonra o pulları
bizim əleyhimizə istifadə edirlər. Onların “rəhbərləri”ni
Qərbin aparıcı ölkələrində qəbul edirlər.
Vizalar verilir, onlar orada “nümayəndəliklər”
açırlar.
Prezident İlham
Əliyevin bu barədə konkret fikri belə oldu ki, Azərbaycana
qarşı riyakar siyasət, ikili standart siyasəti davam edir.
Biz bununla heç vaxt barışmayacağıq. Bu məsələyə
münasibətdə xalqımızın fikri çox qətidir.
Anar TURAN
Xalq qəzeti.- 2014.- 5 sentyabr.- S.5.