İnformasiya təhlükəsizliyi
dövlətçiliyin
mühüm şərtidir
Bu gün Azərbaycan çox mürəkkəb,
siyasi proseslərə həssas bir regionda yerləşməklə
bərabər, həm də bu proseslərin içində
birbaşa və ya
dolayısı yolla iştirak edir. Ölkəmizi
özü istəmədən belə, bir sıra siyasi
qarşıdurmalarda yaranan qruplaşmalara cəlb etmək
üçün cəhdlər edilir. Şübhəsiz ki,
müstəqilliyimiz bərpa edildikdən sonra Azərbaycan
dövləti maksimum dərəcədə beynəlxalq
intriqalardan uzaq durmağa çalışmış və
özünəməxsus siyasət yürütməklə vəziyyətdən
sabit çıxmışdır. Onsuz da Ermənistanın Azərbaycana
qarşı təcavüzü bizim üçün əlavə
problemə ehtiyac olmadığını aydın izah edir.
Lakin Yaxın Şərqdə cərəyan edən son hadisələr,
Rusiya-Ukrayna münaqişəsi göstərdi ki, qütblərarası
mübarizədə bütün tərəflər Azərbaycanı
yanında görmək istəyir. Bu isə bizim
üçün həm siyasi dividenddir, həm də əlavə
problem. Ölkə rəhbərliyi bu məsuliyyəti dərk
edərək, qonşularla münasibətləri pozmamağa
üstünlük verir və Qərbə inteqrasiyanı hədəf
götürsək də, Azərbaycan bütün dövlətlərlə
bərabərhüquqlu münasibətlər qurmağa önəm
verir.
Son 10 ildə Prezident
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
Respublikası sürətlə inkişaf edib, ölkəmizin
güclü iqtisadi və hərbi potensialı
formalaşıb, cəmiyyət həyatının
bütün sahələri müasirləşib. Dövlətimiz
ümumdünya səciyyəli proseslərin fəal
iştirakçısına çevrilib, mühüm siyasi,
iqtisadi və humanitar təşəbbüslərin müəllifi
və təkanverici qüvvəsi kimi beynəlxalq arenada
böyük nüfuz qazanıb. Qarşıda duran
bütün əsas vəzifələr
düşünülmüş və məqsədyönlü,
elmi əsaslara malik dövlət proqramlarının həyata
keçirilməsi nəticəsində uğurla icra olunub,
respublikamız “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasında nəzərdə
tutulan strateji hədəflərə doğru inamla irəliləməkdə
davam edib.
Azərbaycanda qısa
dövr ərzində dünyanın aparıcı maliyyə və
iqtisadi qurumlarının, beyin mərkəzlərinin diqqətini
cəlb edən yüksək nəticələr əldə
olunub. Təsadüfi deyil ki, 2013-cü ilin aprelində Davos
Dünya İqtisadi Forumu məhz Bakıda keçirilib.
Sosial-iqtisadi sahədə əldə olunmuş nailiyyətlər
isə həqiqətən də heyrətamizdir. 2004-cü ildən
sonra ötən dövr ərzində ölkə
iqtisadiyyatı 3,4 dəfə artıb, yoxsulluğun səviyyəsi
5,5 faizə, işsizlik isə 4,8 faizə enib. Azərbaycanda
müasir sosial-iqtisadi infrastruktur yaradılıb,
respublikanın enerji təhlükəsizliyi tam, ərzaq təhlükəsizliyi
isə əsasən təmin olunub. Minlərlə istehsal
obyekti yaradılıb, müasir texnologiyalara əsaslanan zavod və
fabriklər, texnoparklar fəaliyyətə başlayıb. Nəhəng
infrastruktur layihələrinin reallaşdırılması nəticəsində
Azərbaycan Cənubi Qafqazın və Xəzər dənizi
hövzəsinin nəqliyyat-logistika mərkəzinə
çevrilib. Regional inkişaf proqramlarının davamlı
olaraq həyata keçirilməsi bölgələrin
simasını əsaslı şəkildə dəyişdirib
və müasirləşdirib.
Prezident İlham
Əliyevin qeyd etdiyi kimi, bu daxili amillər, iqtisadi
gücümüz, dünyada artan nüfuzumuz bizə imkan verir
ki, bundan sonra da prinsipial xarici siyasətimizi aparaq. Bu siyasət beynəlxalq birlik tərəfindən
də təqdirlə qarşılanır. Azərbaycanın
beynəlxalq nüfuzu, bizimlə əməkdaşlıq etmək
istəyən ölkələrin sayı getdikcə artır.
Azərbaycan dünyada, beynəlxalq arenada özünü
etibarlı tərəfdaş və etibarlı dost kimi təsdiq
edə bilmişdir. Təsadüfi deyildir ki, beynəlxalq təşkilatlarda
Azərbaycana olan rəğbət göz
qabağındadır. Bunun əyani sübutu BMT Təhlükəsizlik
Şurasına seçilməyimiz idi. Bu, tarixi bir hadisə
idi. Dünyanın birinci aparıcı qurumu olan BMT Təhlükəsizlik
Şurasına seçilməyimiz gənc müstəqil
dövlət üçün böyük diplomatik və
siyasi uğurdur. Əslində, bu, ölkəmizin imicini,
qısa müddət ərzində nə qədər
böyük yol keçdiyini göstərir. BMT-nin üzvü
olan 155 ölkə bizim namizədliyimizi dəstəkləmişdir.
Azərbaycanın bu
gün dünyada diqqət mərkəzində olma səbəblərindən
biri də Bakıda keçirilən beynəlxalq forumlardır.
Bu gün Bakı humanitar mərkəz, mədəniyyətlərarası
və sivilizasiyalararası dialoq məkanı kimi
tanınır, Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumuna, Beynəlxalq Humanitar forumlara, Davos İqtisadi
Forumuna, İnternet Forumuna və digər mötəbər tədbirlərə
ev sahibliyi etməyimiz bunu bir daha təsdiqləyir. Hesab edirik
ki, 2015-ci ildə birinci Avropa Oyunlarını yüksək səviyyədə
keçirməklə, Azərbaycan öz inkişaf səviyyəsini,
yüksək potensialını bütün dünyaya bir daha təqdim
edəcək.
Məlum olduğu
kimi, bu günlərdə Prezident Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə dövlət
orqanlarının informasiyanın verilməsinə məsul
struktur bölmələrinin və kütləvi informasiya
vasitələri rəhbərlərinin müşavirəsi
keçirilib. Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi
ilə bağlı bir sıra aktual məsələlərin
müzakirəsinə həsr olunmuş müşavirədə
akademik Ramiz Mehdiyev bu məsələlər barədə ətraflı
danışmış və bir sıra məqamlara
aydınlıq gətirmişdir.
Qeyd olunmuşdur ki,
son illər Azərbaycanda demokratik islahatların, vətəndaş
cəmiyyəti quruculuğu prosesində dövlət
orqanlarının fəaliyyətinin şəffaflaşdırılması,
korrupsiya və digər mənfi hallara qarşı mübarizənin
gücləndirilməsi sahəsində də mühüm
nailiyyətlər əldə edilmişdir. Söz və məlumat
azadlığının tam təmin edilməsi sahəsində
ciddi addımlar atılıb, bir sıra qanunvericilik
islahatları həyata keçirilib. Senzuranın ləğvindən
və kütləvi informasiya vasitələrinin fəaliyyətinə
nəzarət funksiyasını yerinə yetirən dövlət
orqanının fəaliyyətinə xitam verildikdən sonra
KİV-lərin inkişafında yeni mərhələ
başlanıbdır. Azərbaycan Respublikasının
Konstitusiyası, “Kütləvi informasiya vasitələri
haqqında”, “İnformasiya əldə etmək haqqında” və
digər qanunlar KİV-lərin maneəsiz informasiya əldə
etmək və yaymaq hüququna tam təminat verir. Qanuna görə,
KİV-in və jurnalistlərin qanuni fəaliyyətinə hər
hansı müdaxilə inzibati və cinayət məsuliyyəti
doğuran hal hesab edilir. Akademik R. Mehdiyev demişdir:
- Bu gün kütləvi
informasiya vasitələrinin əməkdaşları
yaxşı bilirlər ki, Azərbaycan dövləti milli
informasiya resurslarının inkişafına hərtərəfli
dəstək göstərir. Bu məqsədlə 2008-ci ildə
“Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi” Konsepsiyası təsdiq
olunub, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu təsis
edilib. Bu günədək media layihələrinin maliyyələşdirilməsi
üçün fonda dövlət büdcəsindən 17
milyon manatdan artıq vəsait ayrılıb. Azərbaycanda
milli mətbuatın, milli televiziya və radionun yubileyləri
dövlət səviyyəsində qeyd olunur, KİV əməkdaşlarına
fəxri adlar və mükafatlar verilir, redaksiyalara birdəfəlik
maddi yardımlar göstərilir. Azərbaycan dünyada yeganə
ölkədir ki, jurnalistlərin mənzil-məişət
problemləri dövlət vəsaiti hesabına həll edilir.
Məlum olduğu kimi, 2013-cü ildə 156 KİV əməkdaşı
yeni mənzillə təmin edilib, həmçinin 250 mənzilli
daha bir binanın təməli qoyulub və inşası davam
etdirilir.
Prezident
Administrasiyasının rəhbəri bildirmişdir ki, Azərbaycan Cənubi Qafqazda və
MDB məkanında KİV-in kəmiyyəti və keyfiyyəti
baxımından öncül yerlərdən birini tutur. Bu
gün Azərbaycanda 5000-dən artıq KİV uçota
götürülüb və ya müvafiq dövlət
orqanında qeydiyyatdan keçib. Ölkədə 40-a yaxın
gündəlik, 200-dən artıq həftəlik və
aylıq qəzet, 100-ə yaxın jurnal, 52 televiziya və
radio kanalı, 30-a yaxın informasiya agentliyi, 300-dən
artıq aktiv internet informasiya resursu, onlarca jurnalist təşkilatı
fəaliyyət göstərir.
Lakin bütün
bunlara baxmayaraq, bu gün uğurları təbii
qarşılayan, sevinən və yaxud alqışlayan tərəflər
olduğu kimi, bunu hansısa yolla qaralamağa
çalışan, ona kölgə salan təbliğata
qoşulan və ya bu təbliğatı təşkil edən
qüvvələr də mövcuddur.
Hörmətli akademik bildirmişdir ki, Azərbaycanın
sürətli inkişafı, güclü, yüksək beynəlxalq
nüfuza malik dövlətə çevrilməsi, ölkəmizin
regionda aparıcı rolu, qlobal siyasətdə, beynəlxalq təşkilatlar
çərçivəsində fəallığı müəyyən
xarici qüvvələri, xüsusilə də Ermənistanı,
erməni lobbisini və onun maraqlarını təmin edən
ayrı-ayrı dairələri ciddi narahat edir. Son bir neçə
ildə ölkəmizə qarşı aparılan davamlı
kampaniyanın əsasında da məhz bu amil durur. Etiraf etməliyik
ki, Azərbaycanda mövcud olan tolerant mühitdən, demokratik
ab-havadan, hakimiyyətin humanist siyasətindən sui-istifadə
edən bu dairələr ayırdıqları maliyyə
hesabına ölkəmizin daxilində müxtəlif
qeyri-hökumət təşkilatlarından və KİV-dən
ibarət öz dayaq nöqtələrini, “5-ci kolon”unu
formalaşdırmağa nail olublar. Onlar müvafiq
tapşırıq əsasında Azərbaycanın daxili və
xarici siyasətini ləkələmək məqsədi güdən,
əsassız, subyektiv mülahizələrdən ibarət,
bir çox hallarda isə iftira xarakterli donoslar
hazırlayır və ölkəmizə qarşı qərəzli
münasibəti ilə seçilən xarici təşkilatlara
göndərir, onların əsasında da həmin
qurumların bəyanatları hazırlanır və
yayılır. Son illər Azərbaycanın səyləri nəticəsində
ABŞ-ın bir çox ştatı, dünyanın 10 ölkəsi
Xocalı soyqırımını tanıyıb. Lakin Ermənistanın
Azərbaycana qarşı bütün resurslarının
tükəndiyi, heç bir mübarizə potensialının,
arqumentinin qalmadığı bir vaxtda isə daxili antimilli
ünsürlər, Vətəni satanlar, müxalifətə
yaxın QHT və media öz xalqına, dövlətinə
qarşı xəyanət yolu tutaraq düşmənlə
işbirliyinə gedir və onun mövqeyini gücləndirməyə
çalışırlar. Bəzi QHT və media mənsubları
böyük qrantlar müqabilində ölkəni daxildən
parçalamağa hesablanmış xarici kəşfiyyat
orqanlarının dəyirmanına su tökən fəaliyyətləri
ilə gündəmdən düşmürlər.
Bu gün cəmiyyətimiz
qarşısında duran ən ağrılı problem - Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli,
beynəlxalq hüquq normalarına uyğun həllidir. Beynəlxalq
birliyin susqunluğu, ikili standartları, ATƏT-in Minsk qrupunun
səmərəsiz fəaliyyəti nəticəsində Ermənistan
20 ildən artıqdır ki, Azərbaycan ərazilərini
işğal altında saxlayır, BMT-nin müvafiq qətnamələrini,
digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədləri
icra etməkdən boyun qaçırır. Məhz cəzasızlıq
mühiti, beynəlxalq birliyin oxşar işğal
faktlarına ayrı-seçkiliklə yanaşması Ermənistanı
qoşunların təmas xəttində atəşkəsi
pozmağa, çoxsaylı insan ölümünə səbəb
olan diversiya cəhdlərinə sövq edir. Müşavirədə
PA rəhbəri konkret olaraq bəzi
kütləvi informasiya vasitələrinin, xüsusilə,
elektron informasiya resurslarının Azərbaycan
qanunlarının tələblərinə məhəl
qoymadan, qeyri-peşəkar, bəzi hallarda isə ermənilərin
maraqlarına uyğun fəaliyyətindən, habelə aidiyyəti
dövlət orqanlarının informasiyanın verilməsinə
məsul olan struktur bölmələrinin yaranmış
situasiyada milli maraqlara zidd, qeyri-adekvat davranışından
söhbət açmış və onları bu yoldan çəkinməyə
çağırmışdır. Akademik ayrı-ayrı “ekspertlər” tərəfindən
Azərbaycan Silahlı Qüvvələrinin hərbi
arsenalının say və texniki göstəricilərinin
mediada fəal müzakirə olunduğunu qeyd etmiş, bəzi
KİV-in ordunun ali komanda heyəti barədə şayiələr
yaymasından danışmış və dövlətin hərbi
sahədə siyasəti haqqında həqiqətə uyğun
olmayan, qərəzli məlumatların dərc edilməsini bildirmişdir.
Həqiqətən,
bu yaxınlarda təmas xəttində ermənilərin kəskin
fəallaşması və ordumuz tərəfindən dəf
edilməsi zamanı bəzən həqiqətə heç
bir halda uyğun olmayan şayiələr yaymaqla və şəhid
olan əsgərlərimiz barədə insafsızcasına
yalan yayan bəzi media qurumları açıq-aşkar
xalqın daxili birliyini, ordusuna olan inamını pozmaqla məşğul
idi. Bəzi saytların
açıq-aşkar cəmiyyətin bütövlüyünə
xələl gətirməsi əhali arasında
narahatçılıq yaratmağa cəhd etməsi cəmiyyətimizin
özü tərəfindən şiddətlə
qınanıldı.
Qeyd etdiyimiz faktlar barədə
müşavirədə kəskin danışan akademik bir sıra informasiya
resurslarının, bir tərəfdən Ermənistan kəşfiyyatı
üçün məlumat ötürücüsünə
çevrilməsindən, digər tərəfdən də
düşmənin Azərbaycan əleyhinə
apardığı mənəvi-psixoloji müharibəyə
“töhfə” verərək həm əsgərlər, həm
də əhali arasında çaşqınlıq, ruh
düşkünlüyü yaranmasına səbəb
olmasını vurğuladı. Ramiz Mehdiyev bu yolu tutanların
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
müvafiq maddələrinə əsasən məsuliyyətə
cəlb olunacağını bir daha xatırlatdı. O, 2007-ci
ildə təsdiq olunmuş Azərbaycan Respublikasının
Milli Təhlükəsizlik Konsepsiyasında öz təsdiqini
tapan məqamları xatırladaraq bildirmişdir ki, Azərbaycan
Respublikasının ərazisi vahiddir, toxunulmazdır və
bölünməzdir. Beynəlxalq hüquqda təsbit
olunmuş bütün vasitələrdən istifadə etməklə
öz ərazi bütövlüyünü bərpa etmək
Azərbaycan Respublikasının milli təhlükəsizlik
siyasətinin ən ümdə vəzifəsidir. Buna görə
də, formasından və məzmunundan asılı olmayaraq Azərbaycanın
müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və
konstitusiya quruluşu əleyhinə istənilən qəsdə
və ya qəsd cəhdlərinə, o cümlədən cəmiyyətin
informasiya təhlükəsizliyini təhdid edən hallara
qarşı hüquqi çərçivədə zəruri
addımlar atılmalıdır və xəbərdarlıq
edirəm ki, atılacaqdır.
Bu gün vahid
informasiya məkanının mövcud olduğu şəraitdə
medianın ən mühüm funksiyalarından biri də milli
maraqları hər şeydən üstün tutmaq, cəmiyyətimizi,
vətəndaşları, cəmiyyəti vahid məqsəd
uğrunda səfərbər etməkdir. Akademik müşavirədə
haqlı olaraq bildirmişdir ki, KİV Azərbaycanın
konstitusiya quruluşu, ərazi bütövlüyü, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi, milli təhlükəsizlik
və digər bu kimi məsələlərdə kifayət qədər
həssas davranmalı, cəmiyyətə milli təəssübkeşliyin
nümunəsini təqdim etməli, onun obyektiv və operativ
informasiya ehtiyacını ödəmək missiyasını
milli maraqlarla uzlaşdırmalıdırlar. Vətənpərvərlik,
milli dövlətçiliyə sədaqət, milli maraqlar
uğrunda prinsipiallıq KİV fəaliyyətinin
başlıca elementlərini təşkil etməlidir.
Heç bir halda maddi
maraqlar və ədalətli informasiya təminatını həyata
keçirməyə mane olmamalı və milli maraqlar arxa plana
keçməməlidir. Çünki Azərbaycanın parlaq
gələcəyini təmin etməyin yollarından biri də
məhz budur: İnformasiya təhlükəsizliyini
dövlətçiliyimizin, müstəqilliyimizin qarantı
hesab etmək.
Anar TURAN
Xalq qəzeti.- 2014.- 5 sentyabr.- S.4.