Azərbaycan - Türkiyə
əlaqələri ən yüksək zirvədədir
Bu əlaqələr dostluq, qardaşlıq təməli
üzərində qurulub
Bu gün bizim birliyimiz artıq dünya çapında bir amildir və Türkiyə nə qədər güclü olsa, biz də o qədər özümüzü güclü hiss edəcəyik. Türkiyənin uğurları bizi çox sevindirir. Mən əminəm ki, bizim qardaşlıq əlaqələrimiz bundan sonra da yüksələn xətlə inkişaf edəcəkdir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycanın xüsusilə son illərdəki dinamik inkişafı, Azərbaycandakı infrastrukturun inkişafı, həqiqətən, dünyanın da heyranlıqla izlədiyi bir prosesdir. Burada hörmətli qardaşımın və komandasının iradəsinin, həqiqətən, çox böyük rolu var. Mən də istər on bir illik baş nazirliyim müddətində, istərsə də bundan sonra, həmin gündən bu günə Azərbaycanın haradan haraya gəldiyini görməkdən məmnunam. Çünki qardaş Azərbaycandakı bu inkişaf bizi də xüsusilə məmnun edir.
Rəcəb Tayyib ƏRDOĞAN
Türkiyə Cümhuriyyətinin Prezidenti
Müstəqil Azərbaycan dövlətini
zamanın ağır sınaqlarından uğurla
çıxartmış Heydər Əliyev siyasi kursu öz
müsbət nəticələri ilə Qafqazda marağı
olan bütün qüvvələri heyrətləndirməkdədir.
Bu siyasi kursun gündən-günə daha böyük miqyasda
özünü təsdiq etməsi və müasir siyasət düzənində gedən
proseslərə yeni töhfələr verməsi artıq
dünyanın hər yerində yüksək səviyyədə
etiraf edilir və qəbul olunur. Heydər Əliyev siyasi
kursunun ən mühüm tərkib hissələrindən olan
yaxın qonşularımızla, əməkdaşlığa
böyük önəm verilməsi isə daha böyük
uğurlar qazanmağımıza stimul olur. Bu sırada
qardaş Türkiyə Cümhuriyyəti ilə hərtərəfli
əməkdaşlığın gündən-günə
genişləndirilməsini məxsusi
olaraq qeyd etməliyik.
Prezident İlham Əliyevin və qardaş
ölkənin dövlət və hökumət rəsmilərinin
gündəlik fəaliyyətində özünəməxsus
yer tutan bu əməkdaşlıq artıq bir çox ölkələr
üçün nümunə səviyyəsinə gəlmişdir.
Həm Azərbaycanda, həm də
Türkiyədə dövlət başçısı
seçilmiş şəxslərin
yaşatdığı “birinci səfər” ənənəsinin
təməlini də məhz bizim ulu öndərimiz Heydər
Əliyev qoymuşdur. Qardaş ölkədə Mustafa Kamal
Atatürk dövründən sonra ilk dəfə olaraq
ümumxalq səsverməsi yolu ilə prezident seçilmiş
Rəcəb Tayyib Ərdoğan da həmin ənənəyə
öz töhfəsini verdi. Qardaş ölkənin Prezidenti bir
qədər də irəli gedərək Bakı səfəri
çərçivəsində Heydər Əliyevi “ata” və
“ulu öndər” adlandırdı. İndiyədək türk
siyasətçilərinin hamısı Heydər Əliyevi bütün azərbaycanlıların
ümummilli lideri deyə yada salırdılar. Cənab
Ərdoğan isə Bakıda olarkən “Heydər ata” ifadəsini
bir neçə dəfə işlətdi. Türkiyə
Prezidentinin Azərbaycanın ən ali dövlət
mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif
olunması və onun
ümummilli liderimizin abidəsini ziyarət etməsi də
bu qarşılıqlı məhəbbətin,
qardaşlıq münasibətlərinin təzahürü
idi.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Rəcəb
Tayyib Ərdoğanla təkbətək
və geniş tərkibdə keçirdiyi görüşdən
sonra mətbuata verdiyi bəyanatda dost ölkə Prezidentinin
Bakı səfərini yüksək qiymətləndirdi.
Dövlət başçımız aparılan
danışıqların böyük səmərə verəcəyinə
əmin olduğunu ifadə edərək bildirdi ki, bu gün
biz ikitərəfli görüşümüzdə, eyni
zamanda, heyətlərlə birgə
görüşümüzdə ikitərəfli əlaqələrimizin
bütün istiqamətlərini müzakirə etdik və bir
daha əmin olduq ki, Türkiyə-Azərbaycan əlaqələri
ən yüksək səviyyədədir, ən yüksək
zirvədədir. Bizim əlaqələrimiz dostluq,
qardaşlıq üzərində qurulubdur. Bu gün biz
dostluğumuzun, qardaşlığımızın gözəl
binasını bu möhkəm təməl üzərində
inşa edirik.
Dövlət
başçımız ölkələrimiz arasındakı
siyasi əlaqələrin
gündən-günə genişləndiyini yada salaraq
söylədi ki, biz beynəlxalq təşkilatlarda bir-birimizə
daim dəstək veririk, xarici siyasətlə bağlı məsləhətləşmələr
aparılır: “ Fürsətdən istifadə edərək,
Türkiyə dövlətinə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli
işində göstərdiyi səylərə görə və
Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyi
üçün minnətdarlığımı bildirmək
istəyirəm. Bu, bizim üçün çox önəmlidir.
Türkiyə bütün dövrlərdə bu məsələ
ilə bağlı öz siyasətini açıq şəkildə
aparmışdır, daim Azərbaycanın yanında,
haqqın, ədalətin, beynəlxalq hüququn yanında
olmuşdur. Bu məsələ bu gün də müzakirə
edildi.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi bölgə
üçün ən böyük təhdiddir. Azərbaycanın
beynəlxalq birlik tərəfindən tanınmış əraziləri
uzun illərdir ki, işğal altındadır, 20 faiz torpaqlarımız
işğal altındadır, 1 milyondan çox qaçqın
və məcburi köçkün var. Bizə qarşı
etnik təmizləmə siyasəti aparılmışdır,
BMT Təhlükəsizlik Şurası — dünyanın ən
ali qurumu bu münaqişə ilə bağlı 4 qətnamə
qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin
torpaqlarımızdan qeyd-şərtsiz
çıxarılması tələb edilir. Əfsuslar olsun
ki, Ermənistan bu qətnamələrə məhəl qoymur və
münaqişə hələ ki, öz həllini tapmayıb.
Ermənistan-Azərbaycan münaqişəsi yalnız beynəlxalq
hüquq əsasında, ölkələrin ərazi
bütövlüyü çərçivəsində öz
həllini tapmalıdır. Əminəm ki, belə də
olacaq".
Dünya ictimaiyyəti,
xüsusən, türk
xalqları yaxşı bilirlər ki, son illər Azərbaycanın
iştirak etmədiyi beynəlxalq tədbirlərdə
Türkiyə rəsmi Bakının mövqelərini
müdafiə edir, Türkiyənin iştirak etmədiyi beynəlxalq
tədbirlərdə isə Azərbaycan Ankaranın mənafelərini
qoruyur. Prezident İlham Əliyevin Praqada keçirilən beynəlxalq
tədbirlərin birində Türkiyənin əleyhinə cəfəngiyyat
söyləyən Serj Sarkisyana dediyi : “Türkiyə burada
iştirak etmir, ancaq mən buradayam” - ifadəsini türk mətbuatı
“Əliyevdən Sarkisyana sərt sillə” kimi manşetə
çıxartmışdı. Həmin əməkdaşlıq
nümunələrini yüksək qiymətləndirən
dövlət başçımız birgə bəyanatda daha
incə məqamlara toxundu: “Eyni zamanda, Azərbaycan da
bütün beynəlxalq qurumlarda daim Türkiyənin
yanındadır. Bu gün, eyni zamanda, biz gələn il Ermənistanda
qeyd ediləcək qondarma, sözdə
”soyqırımı" ilə bağlı fikirlərimizi
bölüşmüşük. Türkiyə ilə Azərbaycan
həm xarici işlər nazirləri, həm səfirliklər
səviyyəsində birgə fəaliyyət göstərir və
göstərəcəklər. Diaspor təşkilatlarımız
da, ictimai təşkilatlar da bu işlərdə birgə fəaliyyət
göstərir və göstərəcəklər ki, biz
dünyada qondarma “erməni soyqırımı”nın
ifşası ilə bağlı öz işlərimizi əlaqələndirilmiş
şəkildə aparaq. Ermənistan və dünya erməniliyi
beynəlxalq ictimai rəyi çaşdırmaq, yalan üzərində
tarix qurmaq istəyir, Türkiyəyə qarşı əsassız
ittihamlar irəli sürür. Bunların heç bir tarixi əsası
yoxdur. Bu, yalandır, böhtandır, iftiradır. Biz birgə
səylərlə və bizə yaxın olan ölkələrlə
birlikdə erməni yalanını bundan sonra da birgə
ifşa edəcəyik".
İndi artıq
heç kəsə sirr deyil ki, bu gün bütün
dünyanı narahat edən birinci problem ölkələrin
enerji təhlükəsizliyinin təmin olunması məsələsidir.
Bir sıra ölkələr bu sarıdan ciddi çətinliklərlə
üz-üzə qalıblar. Azərbaycan isə nəinki
özünün, həm də, dostlarının və
müttəfiqlərinin enerji təhlükəsizliyinin
qorunmasında mühüm rol oynayır. Rəcəb Tayyib
Ərdoğanla danışıqların nəticəsi barədə
məlumat verən Prezident İlham Əliyev bu barədə daha
böyük əminliklə danışırdı: “Hər
zaman olduğu kimi, bizi birləşdirən enerji layihələri
də müzakirə mövzusu oldu. İki il bundan əvvəl
TANAP layihəsinə əziz qardaşımla imza atanda biz təxminən
görürdük ki, bu, nəyə gətirib
çıxaracaq. Bizim əsərimiz olan TANAP layihəsi bu
gün dünyanın diqqətini cəlb edir. Artıq bizim
qruplarımız, komandalarımız işə
başlamışlar. Əminəm ki, bu tarixi layihə
vaxtında icra ediləcəkdir”.
Rəcəb Tayyib
Ərdoğanın Bakıda verdiyi bəyanatın
bütün cümlələri Azərbaycan - Türkiyə
münasibətləri mövzusunda yazan qələm sahibi
üçün ayrıca bir mövzu kimi qəbul edilə bilərdi.
Ancaq biz bu qısa yazıda həmin bəyanatdakı iki məqamın
üzərində dayanmaq istərdik. Birinci məqam son illər
Azərbaycanda həyata keçirilən hərtərəfli
islahatların nəticəsinə verilən qardaş qiyməti
idi: “Qardaş Azərbaycandakı
bu inkişaf bizi də xüsusilə məmnun edir. Əminəm
ki, qardaşların güc qazanması gələcəyə
nikbin baxmağımıza da inamı artırır. Ticarət
sahəsində atacağımız addımlarda da müəyyən
etdiyimiz hədəflərimiz var. İnşallah, bu hədəflərə
də çatacağıq. 15 milyard dollarlıq bir hədəfimiz
var və inşallah, bu hədəfə də
çatacağıq. Hər iki tərəfdə bu iradənin
olduğunu görürük, bilirik. Bu məsələdə
heç bir tərəddüdümüz yoxdur”.
Cənab
Ərdoğanın bəyanatından seçdiyimiz ikinci məqam
isə sırf siyasi məzmunlu idi. Türkiyə Prezidenti
Bakıda Azərbaycan ictimaiyyətinə söz verdi ki, biz
sabah Böyük Britaniyada, NATO-nun sammitində Azərbaycanın
haqqını tələb edəcəyik: “ İndi buradan NATO
zirvəsinə gedəcəyik. NATO zirvəsində də,
xüsusilə bu zirvə ilə bağlı keçmişdən
bu günədək keçirilən bütün tədbirlərdə
Azərbaycana verilmiş sözlər vardır. Bu sözləri,
təbii ki, orada da diqqətə çatdıracağıq.
Bir qədər əvvəl digər ölkələrə
verilən sözlər necə yerinə yetirilirsə, Azərbaycana
verilən sözlərin də yerinə yetirilməsini orada da
əlaqədar ölkələrdən istəyəcəyik.
Bu, artıq bir ianə və bir lütf deyil, bir haqdır.
Bunların yerinə yetirilməsi lazımdır. Bu məsələdə
də qətiyyətimizi xüsusilə ifadə edəcəyik”.
Dost ölkə
başçısının Bakı səfəri barədə
qələmə aldığımız sətirləri
bilavasitə cənab Rəcəb Tayyib Ərdoğanın öz sözləri ilə başa
çatdırmaq istəyirik. Ali qonağın şərəfinə
verilən ziyafətdə azərbaycanlı həmkarından
sonra çıxış edən Türkiyə Prezidenti dedi:
“Bu gün adambaşına milli gəlirin səkkiz minə
çatdığı Azərbaycan var. Haralarda idi, indi haraya gəldi.Türkiyədə
isə bu göstərici 11 min dollara çatmaqdadır. Belə
bir Türkiyə var. Təbii ki, biz bu uğurlarla fəxr
edirik. Amma bunlar bizim üçün kifayət deyil. Bunu,
inşallah, daha da irəli aparacağıq”. Biz də
inşallah!-deyirik.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2014.- 5 sentyabr.- S.3.