Azərbaycanın
dünyaya mədəni
inteqrasiyası
uğurla davam edir
Mədəniyyət siyasəti dövlətin daxili və xarici siyasətinin qurulması və həyata keçirilməsi işində mühüm rol oynayan əsas vasitələrdən biridir. Müstəqil Azərbaycan dövləti də yarandığı ilk vaxtlardan mədəniyyətə xüsusi diqqət yetirmiş, milli-mənəvi dəyərlərimizin qorunması, inkişaf etdirilməsi, təbliği və gələcək nəsillərə çatdırılması məqsədilə əhəmiyyətli tədbirlər həyata keçirmişdir. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda mədəniyyət siyasəti yeni dövrə qədəm qoydu. Heydər Əliyev deyirdi: “Milli- mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz”.
Doğrudur, 90-cı illərin əvvəllərindən
Azərbaycanda başlayan siyası böhran mədəniyyət
sahəsində islahatların keçirilməsini ləngitsə
də, bu istiqamətdə müəyyən işlər
görülürdü. Mədəniyyət
Nazirliyi bu sahənin dirçəldilməsi üçün
yeni layihələr, proqramlar işləyib həyata
keçirməyə
başladı. 2000-ci ilin avqust ayında Mədəniyyət Nazirliyi nəzdində mədəniyyət
siyasəti şöbəsi yaradıldı. Əsas məqsəd
milli mədəniyyətin nəzəri əsaslarının
işlənib hazırlanması, beynəlxalq təşkilatlarla
fəal əməkdaşlığın qurulması, xarici
ölkələrin mədəni quruculuq sahəsində təcrübələrinin öyrənilməsi
və s. idi.
Bir müddət sonra
ölkədə mədəniyyət siyasəti
elmi əsaslara söykənərək uğurla
aparıldı. 2001-ci ilin sonlarında Mədəniyyət Nazirliyi
yaxın beş il üçün
“Azərbaycan mədəniyyətinin dövlət
İnkişaf Proqramı”nı işləyib hazırladı.
2002-ci il oktyabrın 10-da Avropa Şurasında Azərbaycan
Respublikasının mədəniyyət siyasəti üzrə
hazırladığı məruzə böyük maraqla dinlənildi.
Burada milli-mənəvi dəyərlərimiz haqqında ilk dəfə beynəlxalq təşkilatın
tribunasından ətraflı məlumat verilirdi. Bu, Azərbaycan
mədəniyyətinin dünyaya
inteqrasiyası yolunda ilk uğurlu addım idi.
Mədəniyyət
siyasəti tədricən dövlətin prioritetlərindən
birinə çevrilməyə
başladı. Avropa Şurasında edilən məruzədən
sonra Azərbaycan mədəniyyətinin digər beynəlxalq
təşkilatlarda da təmsil
olunması vacib məsələ idi. UNESCO və İSESCO ilə əlaqələrin qurulması, sonralar bu əlaqələrin
genişlənməsi milli mədəniyyətimizin dünyaya
açılan pəncərəsi rolunu oynadı.
2003-cü ildən
sonra yeni mədəniyyət siyasətinə uyğun olaraq
dövlət tərəfindən çoxsaylı və
mühüm əhəmiyyətli işlər
görülmüşdür. Azərbaycan Prezidenti İlham
Əliyev ulu öndərin mədəniyyət sahəsində başladığı
islahatları uğurla davam etdirərək milli mədəniyyətimizin
qorunması, təbliği istiqamətində daha
böyük nailiyyətlərə
imza atdı. İlk növbədə, mədəniyyət
siyasətinin həyata keçirilməsinin ən əsas vasitələrindən
biri olan hüquqi cəhətdən mükəmməl,
dünya standartlarını və milli özəllikləri nəzərə
alan qanunların hazırlanmasına ciddi diqqət
yetirilmişdir. Bir sıra qanunlar, o cümlədən “Mədəniyyət
haqqında”, “Tarix və mədəniyyət abidələrinin
qorunması haqqında”, “Turizm haqqında”, “Nəşriyyat
işi haqqında”, “Muzeylər haqqında”, “Arxiv fondu
haqqında”, “Memarlıq fəaliyyəti haqqında” qanunlar,
bir sözlə, 2003-cü il də daxil olmaqla, 21 qanun Milli Məclisdə
qəbul edilmiş və ölkə Prezidenti tərəfindən
təsdiqlənmişdir.
Azərbaycan dövləti
mədəniyyət sahəsi ilə bağlı bir sıra
beynəlxalq konvensiyalara, o cümlədən, “Silahlı
münaqişələr zamanı mədəni dəyərlərin
qorunması haqqında”, “Ümumdünya mədəni və təbii
irsinin qorunması haqqında”, “Arxeoloji irsin qorunması
haqqında” konvensiyalara qoşulmuşdur.
Yeni mədəniyyət
siyasətinə müvafiq olaraq yaradıcı xadimlərə
dövlət köməyi də nəzərdə
tutulmuşdur, o cümlədən, respublika Prezidentinin sərəncamına
əsasən onlara fərdi pensiyaların, dövlət
mükafatlarının, fəxri adların, gənc yazarlara isə
təqaüdlərin verilməsinə
başlanmışdır. Azərbaycan mədəniyyətinin
görkəmli şəxsiyyətlərinin yubileyləri və
əlamətdar hadisələrin təntənəli şəkildə qeyd edilməsi,
beynəlxalq səviyyəli festival, müsabiqə, konqres və
konfransların keçirilməsi də təqdirəlayiqdir.
Azərbaycan UNESCO-nun
nəzdindəki Ümumdünya İrs Mərkəzi ilə də
uğurlu əməkdaşlıq etməyə
başlamışdır. Bunun nəticəsi olaraq 2000-ci ildə
Bakı şəhərinin tarixi mərkəzi İçərişəhər,
Şirvanşahlar sarayı və Qız qalası ilə
birlikdə həmin mərkəzin siyahısına daxil
edilmişdir. Sonralar bu siyahı genişlənmiş,
muğam, xalça, tar ifaçılığı, saz sənətləri,
Çövkən oyunu, Novruz bayramı, Qobustan Qoruq-Muzey
Kompleksi də UNESCO-nun Maddi və Qeyri- Maddi İrs Siyahısına
salınmışdır.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
bu sahəyə böyük diqqət və qayğı
göstərilmiş, mədəniyyət və turizm
işçilərinin əmək haqları
artırılmış, mədəni-sosial, maddi-texniki
bazanın tamamilə yenidən qurulması prosesinə start
verilmiş, teatr, kino, kitabxana işi, abidələrin
qorunması sahələrində dövlət
başçısının fərmanları, sərəncamları
verilmiş, dövlət proqramları həyata keçirilməyə
başlamışdır.
2006-cı ildə
struktur dəyişikliyi edildikdən sonra Mədəniyyət
və Turizm Nazirliyi adlandırılan nazirlik dövlətlərarası
müqavilələrə uyğun olaraq, Avropa, Asiya və
İslam ölkələri, ABŞ və Latın Amerikası
ilə beynəlxalq mədəniyyət proqramlarını həyata
keçirir. Son vaxtlar nazirlik
çoxtərəfli əməkdaşlıq çərçivəsində
BMT, MDB, GUAM, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı,
Avropa İttifaqı, İslam Konfransı Təşkilatı,
UNESCO, Dünya Turizm Təşkilatı, TÜRKSOY, İSESCO və
digər beynəlxalq qurumlar vasitəsilə Azərbaycan mədəniyyətini
dünyada təbliğ edir, eyni zamanda, dünya mədəni sərvətlərinin
ölkəmizdə tanıdılması sahəsində əhəmiyyətli
proqramlar həyata keçirir. Bu sahədə Heydər
Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban
xanım Əliyevanın xüsusilə böyük xidmətləri
vardır.
Bu gün mədəniyyət
siyasətinin ən mühüm istiqamətlərindən biri
millətlərarası və dinlərarası münasibətlərin
düzgün qurulması məsələsidir. Azərbaycan
Respublikası çoxmillətli və çoxdinli bir ölkədir.
Bu ölkənin milli siyasəti müxtəlif millət, etnik
qrup və dini azlıqların birgə yanaşı
yaşaması və dözümlülük prinsipləri əsasında
müəyyənləşdirilib. Cənab Prezidentin təşəbbüsü
ilə Bakıda keçirilən
mədəniyyətlərarası dialoq və humanitar forumlar
milli mədəniyyətimizi
dünyaya sürətli inteqrasiya yoluna
çıxardı. Artıq Azərbaycan multikulturalizm mərkəzinə çevrilmışdir. Bu günlər
Bakıda keçirilən “Mədəniyyətlərarası
dialoq: mədəniyyət və din arasında
qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası
dialoqun dini ölçüsü üzrə Avropa
Şurasının mübadilə
görüşü beynəlxalq
mədəni əlaqələrimizin genişləndiyini bir
daha təsdiq edir.
Azərbaycan tarixən
unikal çoxmillətli cəmiyyət olduğu
üçün bu multimədəniyyətli, multietnik irsin bu
gün də ölkədə qorunub saxlanması mədəniyyət
siyasətinin prioritet istiqamətlərindəndir.
Tarixi inkişafın
müasir mərhələsində mənşəcə Şərq
mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan,
inamlı addımlarla Qərbə doğru irəliləyən
müstəqil Azərbaycan dünya birliyinin bərabərhüquqlu
üzvü olduğundan, onun mədəniyyət siyasəti də
bəşər mədəni sivilizasiya prosesinin tərkib hissəsidir.
Azərbaycan dünya
mədəniyyətinə nadir incilər bəxş etmiş ölkələrdəndir. Bu gün həyata keçirilən
məqsədyönlü, davamlı mədəniyyət siyasətimiz
də Azərbaycanı dünya arenasına
çıxarır və
ölkəmizin dünyaya mədəni inteqrasiya prosesi
uğurla davam edir.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2014.- 5 sentyabr.- S.5.