Astara: bura məskənidir gözəlliklərin

 

Subtropik zonanın incisi sayılan Astara cənnətməkan guşələrdən biri olması ilə öyünə bilər. Əsrimizin əvvəllərindən sürətlənən quruculuq işləri sayəsində bu diyar daha da gözəlləşib.   Müasir şəhər, abad kəndlər, zəruri təminatlar Astarada həyatın qaynarlığını təmin edib.

 

...Tarixi mənbələrə görə, Astara adının yaranması və bu şəhərin salınması qədim kadusi tayfalarının uca dağlar qoynundan Xəzər sahillərinə yol tapması və yürüşlər etməsi ilə bağlıdır. Strabon qeyd edib ki, Xəzərə doğru yol alan kadusilər dəniz suyunun səviyyəsi çəkildikcə sahildə məskən salıb və cənublu-şimallı Azərbaycanın əyalətləri ilə düzən yolla asan əlaqə saxlayıblar. Astara adının mənası da talışcadan çevirmədə “asan yol” deməkdir.

İndi Astaranın yolları daha asan və rahatdır. Başqa bir ehtimala görə isə bu söz Astra bitkisinin adı ilə əlaqələndirilir. Dəniz sahilindəki ovalıqda bitən bu füsunkar bitki gecələr yönünü göydəki ulduzlara tərəf çevirir. Ulduzların ecazkar işığı ilə çiçəkləyir və  ətrafına xüsusi yaraşıq verir. Elə bu gün də Astara öz parlaq gözəlliyi ilə möhtəşəm gülüstana bənzəyir.

Sakinlər doğma yurdun inkişafından fərəh duyurlar.

Günel Lətifzadə, BDU-nun 2-ci kurs tələbəsi:

-Hər dəfə doğma şəhərə gələndə könül açan yeniliklərin şahidi olur və qürur duyuram. Rayonumuzun rəhbərliyi abadlıq işlərinə xüsusi önəm verir. Görülən işlər yüksək zövqlə yerinə yetirilir. Bax, bu yeni hasarlar, bulvar, asfalt yollar, Gənclər Mərkəzi və sair Astaranın gözəlliyini daha da artırır. Gəzdikcə gəzmək, baxdıqca baxmaq istəyirsən! Sağ olsun bu gözəllikləri yaradıb artıranlar!

Elza Kazımova, şəhər sakini:

-Doğrudan da, fəxr etməyə dəyər. Gözəllik gül-çiçək kimi aşıb-daşır. Səliqə-sahman sərhəd bölgəsində yerləşən şəhərimiz üçün xarakterik amilə çevrilib. Qəzənfər müəllimin və komandasının səyləri sayəsində bu işlərin vacibliyi hər kəsin şüuruna sirayət edib. Küçə və meydanların, səkilərin  ideal səviyyədə təmiz olduğunu görən uşaqlar belə adi kağız parçasını da küçəyə atmağa qıymırlar. Bəli, səliqə-sahman həm də insanların davranışını formalaşdırır.

Uşaqlıq illəri Astarada keçmiş Rusiya və Ukrayna vətəndaşları Raisa Medvedyeva ilə Nataliya Pavlenko da təəssüratlarını bölüşərək bildirdilər ki, buraya valideynlərinin məzarlarını ziyarət etməyə və dincəlməyə gəliblər. Bakıdan Astaraya qədər hər yerdə misilsiz dəyişikliklər görüblər. Astara şəhərini isə əvvəlcə az qala  tanımayıblar. Başdan-başa dəyişmiş müasir əyalət şəhəri onları heyran edib. Qonaqlar bu nailiyyətləri Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi kimi dəyərləndirdilər. Onlar həmçinin dedilər ki, əzizlərinin məzarlarının ətrafının abadlaşdırılması xahişi ilə rayon rəhbərliyinə müraciətlərinə dərhal reaksiya verilib və problem həllini tapıb. Bundan hədsiz dərəcədə məmnun qalan qonaqlar icra başçısı Qəzənfər Ağayevin qəbuluna gələrək minnətdarlıqlarını çatdırıblar.

“Cənub qapısı” Astarada tikinti-abadlıq və quruculuq sahəsində bu il də xeyli iş görülüb. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 12 sentyabr 2013-cü il tarixli sərəncamı ilə 12 min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Deqədi-Pəlikeş avtomobil yolunun tikintisinə mart ayında başlanıb. 21 kilometr məsafədə torpaq işləri yekunlaşıb,  yarıdan çox hissə asfaltlaşdırılıb və hazırda işlər davam etdirilir. Tikintiyə cəlb olunmuş texnikadan ərazidəki digər dağ yollarının bərpasında da istifadə edilib.

Ağkörpü kənd sakini Dünyamalı Zülfüqarov dedi ki, 70 illik sovet hakimiyyəti dövründə görmədiyimiz qayğı ilə əhatə olunmağımızdan hədsiz xoşbəxtik. Prezident sərəncamı ilə çəkilən bu yeni yol bizi zirvələrə ucaldacaq.

Kakalos-Kolatan, Suparibağ-Seləkəran yollarına da asfalt çəkilib. Bundan əlavə, Pensər-Şahağacı, Astara-Qamışovka və Astara-Alaşa avtomobil yolunda asfalt-beton qarışığı ilə təmir işləri yerinə yetirilib, ayrı-ayrı kəndlərarası yollar avtoqreyderlə hamarlanıb. Siyaku-Marzəsə və Siyaku-Şəmətük avtomobil yollarında 4 körpü tikilib.

Astara şəhərində ictimai yaşayış binalarının fəsadları əsaslı təmir edilib, bir sıra küçədə abadlıq işləri görülüb, yeni işıqlandırma sistemi quraşdırılıb, kuveytlər təmizlənərək, betonlanıb. Gənclər küçəsi 1,3 kilometr asfaltlaşdırılıb və yan daşlar  düzülüb. 

Əlamətdar işlərdən biri də rayon rəhbərliyinin təşəbbüsü ilə Xəzərsahili ərazidə  8 hektar  sahədə park-bulvarın tikintisinə başlanmasıdır. Burada bulvarın salınması üçün 200 min kubmetr torpaq daşınmış, gəzinti yeri, istirahət meydanı dəmir beton konstruksiyası ilə betonlanmışdır. Hazırda bulvar  ərazisində 1400 kvadratmetrlik əyləncə mərkəzinin, çay evi və kafelərin, şəlalə, fəvvarə, karusel, mini-futbol, voleybol meydançalarının tikinti-quraşdırma işləri görülür. Həmin ərazidə 12 istirahət evinin, üçmərtəbəli mehmanxananın da  inşası davam etdirilir.

 Layihə üzrə görülən işlər indidən burada möhtəşəm bir istirahət zonasının araya-ərsəyə gələcəyindən soraq verir. Havanın isti keçməsinə baxmayaraq, inşaatçılar böyük həvəslə çalışır, əllərindən gələni edirdilər ki, tezliklə daha bir cilalı gözəllik ünvanı Astaranın şöhrət tacına çevrilsin.

Bulvarda iş getməsinə baxmayaraq, şəhər sakinləri dənizdə çimmək və sərinləmək imkanından gen-bol bəhrələnirlər. Xüsusilə axşamlar çimərlik dənizsevərlərlə dolu olur. Söhbət etdiyimiz hər kəs yaxın zamanlarda yeni Astara bulvarının xoş sorağının dünyaya yayılacağına əminliyini ifadə elədi.

Firudin Ağayev, şəhər sakini, təqaüdçü həkim:

-Buraların harası Qara dəniz, Aralıq dənizi sahillərindən əskikdir? Sadəcə olaraq, indiyədək qədri bilinməyib, çimərlik zonası abadlaşdırılmayıb. Sağ olsun rəhbərliyi, hazırda məhz bu çatışmazlığı aradan qaldırır. Dəniz, sahil, meşə... bunlar heç də bütün yerlərə qismət olmayan ilahi töhfələrdir. Nabrandan tutmuş Astaraya qədər bizim bəxtimizə belə bir xoşbəxtlik düşüb. Gərək qədrini bilək. Mən inanıram ki, Astaranın bulvarı da hamımızın sevimli istirahət məkanına dönəcək və buraya çoxlu xarici turistləri cəlb edəcək.

Füzuli Mirzəyev, şəhər sakini, ağsaqqal:

-Bizim rayon rəhbərliyinin üstün cəhəti daim əhali arasında olması, camaatın arzu və istəklərini öyrənməsi və problemləri yubatmadan həll etməyə çalışmasıdır. Məncə, uğurların təməlində də bu amil dayanır. Elə həftə olmur ki, Qəzənfər Ağayev  azı iki kənd yaşayış məntəqəsinə sakinlərlə görüşə getməsin, adamları səbr və təmkinlə dinləyib məsələlərinə həssaslıq göstərməsin. Söz verilən konkret əməli işlər də ki, vaxtında yerinə yetirilir deyə, rəhbərlik o kəndlərə 2-ci, 3-cü dəfə açıq alınla, gülər üzlə, necə deyərlər, ürəklə gedə bilir. Əhali ilə rəhbərlik arasında möhkəm qarşılıqlı inam körpüsü yaranıb. Görülən abadlıq işlərinə gəlincə, təkcə onu deyim ki, bu işlər Astaranı mənzərələr qalereyasına çevirib. Fəxr edirik!

Astara şəhərində Maliyyə İdarəsi üçün ikimərtəbəli müasir tipli inzibati bina tikilib,  Züngüləş kəndi ərazisindəki “Astara-1" kiçik su elektrik stansiyasında tikinti işləri davam etdirilir.

Suparibağ kəndində tikilən 220 şagird yerlik tam orta məktəbi üçün yeni binada   tamamlama işləri aparılır. Asxanakəran ərazi nümayəndəliyinin Anboba və Əzərud kəndlərində 80 şagird yerlik ibtidai məktəblər üçün də yeni binalar tikilir.

Rayonda inşaat işlərinin aparılması üçün 2014-cü ilin əvvəlindən bütün maliyyə mənbələrindən əsas kapitala 7 milyon manat məbləğində vəsait  yönəldilib. İnvestisiyanın 3,3  milyon manatı istehsal təyinatlı obyektlərin, 3,7 milyon manatı isə xidmət sahələrinə aid obyektlərin inşasında istifadə edilib.              Bildiyimiz kimi, ölkəmizdə cari il “Sənaye ili” elan olunub. Qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlər iqtisadiyyatın şaxələndirilməsi, yeni iqtisadi sahələrin meydana gəlməsi və inkişafına geniş imkanlar açıb. Əsas hədəf 8-10 ildə Azərbaycanda bu bölmənin inkişafı hesabına ümumi daxili məhsulun 2 dəfə artırılmasıdır.

Bu baxımdan “AzTea” MMC-nin son 4-5 ildə  Lənkəran-Astara bölgəsində həyata keçirdiyi tədbirlər  diqqətəlayiqdir. Qurum bu iqtisadi rayonda çayçılığın və uyğun emal sənayesinin inkişafına nail olmaq istəyir.  Bir zamanlar Astara çayının şöhrəti dünyaya yayılmışdı. Burada istehsal olunan yüksək keyfiyyətli quru çay məhsulu Madrid və Moskvada keçirilən beynəlxalq festivallarda dəfələrlə qızıl medala layiq görülüb.

 Hazırda MMC-nin öhdəsində 600 hektara yaxın əkin sahəsi var. Bunun 380 hektarını çay plantasiyaları, qalanını feyxoa, taxıl və sitrus sahələri təşkil edir.  Artıq müəssisə çay məhsulu üçün beynəlxalq sertifikat alıb. Bakıda və digər şəhərlərdə firmanın mağazaları açılıb. Şirkət beynəlxalq əlaqələrini genişləndirir,  yeni texnologiyaları tətbiq etməyə çalışır. Ötən il Yaponiyanın “Matimuko” firmasının aparıcı mütəxəssisləri buraya qonaq gəlib və çay plantasiyalarında sivil aqrotexniki xidmət üsulları ilə bağlı təkliflərini veriblər. Almaniya və Cənubi Koreya mütəxəssislərinin tövsiyələri ilə fabrik üçün avadanlıq alınıb. Artıq fabrikin əsas binası, yardımçı tikililəri inşa olunur. Bu ilin sonunda  müasir, modern müəssisənin   istifadəyə verilməsi nəzərdə tutulub. Burada rayonda ilk dəfə olaraq çay çəkici-bükücü sexi fəaliyyət göstərəcək. Rayonda kənd təsərrüfatı məhsullarının, xüsusən sitrus və subtropik meyvələrin saxlanması üçün 2 min tonluq soyuducu anbarın da tikilməsi nəzərdə tutulur. Həmin ərazidə müasir tələblərə uyğun üçmərtəbəli inzibati idarə binası, çay muzeyi və digər xidmət obyektləri də olacaq.

 Çay sahələrində həyata keçirilən aqrotexniki tədbirlər Almaniya mütəxəssislərinin bilavasitə nəzarəti və tövsiyələri əsasında icra edilib. Əsas məqsəd ekoloji cəhətdən təmiz bioüzvi məhsul əldə etmək, zərərli kimyəvi maddələrsiz, insan sağlamlığı üçün vacib çay yarpağı yetişdirməkdir.

Çayçılıqla bağlı ideyanın tezliklə gerçəkləşməsi üçün bir neçə aqrotexniki xidməti özündə birləşdirən universal kultivatorlar alınaraq təsərrüfata gətirilib. Yapon mütəxəssislər mexanizatorlara bu texnikanın iş prinsipini öyrədiblər. Yeni çay sahələrinin salınması məqsədilə şitillik təsərrüfatında Gürcüstandan gətirilmiş “Kolxida” sortlu toxumlardan iki milyondan çox şitil yetişdirilib. Deməli, daha 100 hektar  plantasiya salınacaq.   

Astara-Lənkəran iqtisadi rayonunda çəltikçiliyin qədim tarixi var. Astara düyüsü  hər zaman ətri və keyfiyyəti ilə tanınıb. Son dövrlər bu qiymətli bitkinin əkininə diqqət azalsa da, məhsuluna tələbat artıb. “AzTea” MMC bu istiqamətdə də konkret tədbirlər görür.

Baş aqronom İsrafil İsrafilov bu barədə məlumat verdi:

 - Biz bu il ilk dəfə olaraq ən müasir texnologiyalar əsasında əl əməyindən istifadə etmədən əkinin səpin üsulu ilə aparılmasına nail olduq. Bu işdə bizə Türkiyənin Trakiya Tarımal Araşdırmalar İnstitutunun nümayəndələri yaxından köməklik göstərdilər. Müasir türk çəltik əkinçiliyi mədəniyyəti Şərqi Avropa və Rusiyada geniş yayılıb. Biz də ağır əl əməyini aradan qaldıran bu təcrübədən faydalandıq. Əkin qısa müddətdə və yüksək keyfiyyətlə aparıldı. 20 hektar sahədə səpin cəmi 2-3 saata başa çatdırıldı. Ərazidə su ehtiyatı yaradıldı. Əkindən keçən 1 ay ərzində 20 hektarın hamısında tam şəkildə yüksək keyfiyyətli çıxış alındı. Artıq indidən Astara düyüsünün ətrini duymaq olur. Səpin zamanı daha çox tələbat olan məşhur “Haşımi” və Türkiyədən gətirilmiş düyü sortlarından istifadə etmişik. Yaxın vaxtlarda daha 100 hektarda səpin üsulu ilə çəltik əkini keçirməyə nail olacağıq. 

Bəli, sosial-iqtisadi inkişafı sürətlənən, günbəgün böyüyüb gözəlləşən Astarada “Sənaye ili” ilə əlaqədar həyata keçirilən tədbirlər də fərəh doğurur.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2014.- 6 sentyabr.- S.6.