Mətbu söz cəbhədəki
əsgər qədər fədakar
və məsuliyyətli olmalıdır
İyirmi
il əvvəl atəşkəs elan olunsa da, yağı
düşmən - erməni silahlı birləşmələri
tərəfindən sərhəd kəndləri,
oradakı dinc əhali, qoca və
uşaqlar daim atəş altında olan Azərbaycanda
medianın ordumuzun dislokasiyası və başqa mühüm
sirləri barədə qarşı tərəfi sadəlövhlükdənmi,
yaxud qəsdənmi hərbi məlumatlarla təmin etməsi
düşmən dəyirmanına su tökmək deməkdir. Mən
bilərəkdən “xəyanət” sözünü işlətmədim,
inanmaq istəyirəm ki, belə bir hal daha çox bir sıra
media əməkdaşlarının yalançı reytinq və
ucuz şöhrət ardınca qaçmasından irəli gəlib.
Medianın silahı və predmeti
sözdür. Söz böyük silahdır və
bütün səmavi dinlər, eləcə də bəşəriyyətin
nəhəng söz və fikir dühaları daim ondan səmərəli
faydalanmağı məsləhət biliblər. Söz barədə onların bir-birindən ibrətamiz
və düşündürücü fikirlərini burada səsləndirməyə
lüzum görmürəm. Çünki
bu dəfə mətbu sözlə bəzi həmkarlarımız
səngərlərdə ayıq-sayıq duran əsgər və
zabitlərimizin fədakar və qəhrəman əməyini
heçə endirməyə çalışıblar. Mən avqustun əvvəllərində cəbhədə
baş verənlər və jurnalistlərin həmin hadisələrə
qeyri-adekvat, daha dəqiq desək, hətta ədalətsiz
reaksiyasiyasını nəzərdə tuturam.
Cəmiyyətə ötürülən informasiyalardan
belə çıxır ki, guya düşmən bizdən
güclüdür, ordumuzda xaos yaşanır, böyük
itkilər var. Azərbaycanın bəzi media orqanlarının
ölkə ictimaiyyətini çaşdırması, ən
azı, milli təəssübkeşlik hissindən uzaq
olmasına dəlalət edir. Bu, ürəkağrıdıcı
faktdır. Lakin Azərbaycan iqtidarı həmişə
olduğu kimi, bu dəfə də məqamında prinsipial
mövqe sərgiləmişdir.
Belə ki, avqust ayının 29-da Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyev dövlət orqanlarının
informasiyanın verilməsinə məsul struktur bölmələrinin
və kütləvi infomasiya vasitələri rəhbərləri
ilə müşavirə keçirmiş
və geniş məruzə ilə çıxış
etmişdir. Akademik Ramiz Mehdiyev təəssüf hissi ilə
demişdir ki, bir sıra informasiya resursları bir tərəfdən
Ermənistan kəşfiyyatı üçün məlumat
ötürücüsünə çevrilir, digər tərəfdən
də düşmənin Azərbaycan əleyhinə
apardığı mənəvi-psixoloji müharibəyə
“töhfə” verərək həm əsgərlər, həm
də əhali arasında çaşqınlıq, ruh
düşkünlüyü yaranmasına səbəb olurlar.
Düşünürəm ki, Prezident
Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev
böyük dövlətçilik təcrübəsinə
malik bir siyasətçi olaraq, bu problemin
aktuallağını bir daha KİV nümayəndələrinin
və geniş ictimaiyyətin nəzərinə
çatdırmaqla, Azərbaycanın təkcə
çağdaş deyil, həm də gələcək siyasi,
hərbi və media tarixi üçün, bütövlükdə
milli dövlətçiliyimiz üçün böyük vətəndaşlıq
yanaşması ortaya qoydu. Hörmətli
akademikin çox dəyərli mülahizə və tövsiyələri
mütləq dərindən təhlil edilməli, hərtərəfli
öyrənilməli və təbii ki, müvafiq nəticələr
çıxarılmalıdır.
Nə yaxşı ki, cəbhədə
real vəziyyət tam əksinədir. Bunu
hamı bilir və ən başlıcası, erməni ordusu da
yaxşı bilir. Erməni əsgəri və zabiti bu
gün Azərbaycan Ordusunun doğma torpaqlarımızı
işğaldan azad etmək naminə hər an
gözlənilən hücumu qarşısında həyəcan
və təşviş içərisində yaşayır. Belə bir vaxtda bəzi qəzet və saytların
erməni diasporunun yerli və bir sıra qonşu ölkələrin
media orqanlarında və internet saytlarında yaydıqları
dezinformasiyaya uyması korafəhmlikdir, eləcə də nə
gizlədək, qeyri-peşəkarlıqdır. Axı, 139 illik zəngin bir təcrübəsi olan
Azərbaycan mediasına belə kobud səhvlər buraxmaq qətiyyən
yaraşmaz.
Milli mətbuatımızın tarixi
yüksək vətənpərvərlik nümunələri
ilə daim zəngin olub. 1905-1907-ci illərdə Azərbaycan
demokratik mətbuatının görkəmli nümayəndələri
Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə,
Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə,
Nəriman Nərimanov və başqaları o dövrün qəzet
və jurnallarında millətin mənafelərini
ağılla, qətiyyət və müdrikcəsinə
müdafiə etməyin gözəl nümunələrini
veriblər. Şərqdə ilk demokratik cümhuriyyətin
qurulduğu və mövcud olduğu 1918-1920-ci illərdə təkcə
Azərbaycan və rus dillərində çıxan “Azərbaycan”
qəzetinin redaktorları Üzeyir və Ceyhun Hacıbəylilərin
erməni hiylə və məkrinə qarşı yüksək
vətəndaş
mövqelərini əks etdirən publisistik
yazılarını oxumaq oxuculara bu gün də mənəvi
qida verir. Böyük Vətən müharibəsi
illərində də bəşəriyyətin faşizmə
qarşı qanlı mübarizəsində “müsəlləh
əsgərə” çevrilən Azərbaycanın
döyüşkən jurnalistikası Böyük Qələbəyə
öz sanballı töhfəsini verib. Bunu
danmaq və inkar etmək mümkün deyil.
Dünya jurnalistikası tarixindən də
milli təəssübkeşlik ənənələrinə
sadiqlik nümayiş etdirən yüzlərlə fakt və
misal çəkmək olar. 1776-1783-cü
illərdə Amerika Birləşmiş Ştatlarının
istiqlal mücadiləsinin önündə jurnalistlər gediblər.
Amerika dövlətçiliyinin “bani ata”larından
olan Tomas Ceferson, Benyamin Franklin və başqa alovlu publisistlər
Amerikada ingilis işğalına qarşı mübarizədə
qəzetlərin səfərbəredici rolunu gözəl dərk
edir, bundan maksimum bəhrələnirdilər. T.Ceferson
deyirdi ki, mən
siyasətçi olmazdan əvvəl qəzetçiyəm,
çünki qəzetçilik mənim milli istiqlalıma
aparan yolu xalqa göstərir.
Bilirsinizmi, rəqib ordularına qan udduran dahi sərkərdə
Napoleon Bonapart ən çox nədən qorxurdu: onun siyasətini
başa düşməyən, rəqibə işləyən
qəzetlərdən! Napoleon deyirdi: “Düşmən
mövqeyində duran dörd qəzet düşmənin 100
minlik ordusundan daha təhlükəlidir”. Napoleon bir dəfə
qəzet redaktorlarını çağırıb demişdi
ki, siz cəbhədəki vəziyyət barədə
qeyri-düzgün informasiya yaymaqla mənim ordumun əsgərləri
arasında çaşqınlıq yaradırsınız! O
zaman Fransa imperatoru qəzetlər üzərində nəzarəti
gücləndirməyə məcbur olmuşdu. İndiki
dövr olsaydı, bir sıra qərəzli beynəlxalq jurnalist təşkilatları,
çox güman ki, Napoleonu azad medianı boğmaqda günahlandırardılar. Amma Napoleon Fransanın mənafelərinə sədaqətlə
xidmət edirdi. O bilirdi ki, nə edir. Mətbuat
müharibə dövründə millətin tərəfini
saxlamalıdır! Bunun alternativi yoxdur.
Varsa, adı xəyanətdir!
Yeri gəlmişkən, I Napoleonun sələfi
III Napoleon 1870-ci ildə Almaniya-Fransa müharibəsi zamanı
Prussiya ordusuna biabırcasına əsir düşəndə
bütün Avropa mətbuatı bu eqoist, dayaz
düşüncəli siyasətçini lağa qoymuşdu. Lakin burada məqsədim III Napoleonu xatırlatmaq
deyil. Fransa ordusunun məğlub edilməsində
xüsusi rolu olan, Almaniya tarixinin “əbədi qüruru” kansler
Otto fon Bismark həmin illərdə ölkəsində
güclü, vətənpərvər ruhlu bir mətbuatın
yaradılmasına nail olmuşdu.
Əlamətdar haldır ki, “dəmir
kansler” qonşu dövlətlərdə də ölkəsinin
yüksək imicinin qazanılmasına
çalışırdı. Bu zaman yerli və
əcnəbi mətbuatın təbliğat gücündən
məharətlə istifadə edirdi.
Tarixdən belə bir fakt məlumdur: Fransa-Almaniya
müharibəsi ölkəsinin qələbəsi ilə
başa çatandan dərhal sonra kansler Bismark “Müharibəni
ədalətli işıqlandırdığına görə”
o dövrdə Türkiyədə çıxan populyar “Bəsirət”
qəzetinin redaktoru Əli bəyi Berlinə dəvət edərək
ona şəxsən minnətdarlıq etmiş, qəzetə
çap maşını hədiyyə etmiş, 10 min frank
maddi yardım göstərmişdi.
Lap yaxın illərin təcrübəsindən
nümunə gətirə bilərəm. 11 sentyabr 2001-ci
il Nyu Yorkdakı dəhşətli terror
hadisələrindən sonra Birləşmiş Ştatlarda
informasiya üzərində nəzarəti gücləndirən
qanun qəbul edildi. Amerika mətbuatının
üç əsrlik tarixi boyu mətbuatdan milli mənafeləri
qorumaq tələb olunub. Hətta İkinci Dünya müharibəsi illərində
Amerikda yalnız bir qəzetə - hərbi nəşr olan
“Stars and Stripes” qəzetinə məlumat yaymaq səlahiyyəti
verilmişdi. Bizdə cəbhədəki vəziyyət barədə
kim ağlına nə gəlir
danışır, yazır, fərziyyələr irəli
sürür. Belə olmaz!
1970-ci illərin ikinci yarısında mən
Moskva Dövlət Universitetinin tələbəsi idim. Bu nüfuzlu təhsil ocağının əsas
korpusunun 14-cü mərtəbəsində qalırdım.
Yadımdadır, universitetin yataqxanasına o vaxt
keçmiş SSRİ-də çox məşhur olan qəzet
və televiziya jurnalistləri, siyasi icmalçılar tez-tez gəlir,
tələbə və aspirantlar qarşısında
mühazirələr oxuyurdular. “Soyuq müharibə”nin ağır dönəmi idi. Siyasi
icmalçılar gənc jurnalistlərə açıq
şəkildə deyirdilər ki, “soyuq müharibə”də,
lap elə canlı müharibədə də qələbə
ideoloji savaşdan, onun əsasını təşkil edən
KİV-in gücündən çox asılıdır. Zaman keçdi, SSRİ çökdü. Ona görə çökdü ki, həm də
söz savaşında uduzmuşdu.
Hazırda da qlobal miqyasda super güclər
arasında informasiya müharibəsi gedir. Beynəlxalq informasiya kanalları Qərbin əlində
olduğu üçün onlar ictimai fikrə daha güclü
təsir göstərə bilirlər. İstədiklərini
haqlı çıxarırlar, istəmədiklərini 17-ci əsrdə
İngiltərədə olduğu kimi, “Rusvayçılıq
dirəyi”nə bağlayırlar. Dünya
da buna inanır, ona görə ki, alternativ informasiya kanalları
zəifdir. Sirr deyil ki, indi Ukraynada, Yaxın Şərqdə
baş verən hadisələr barədə informasiyalar bir mərkəzdən
idarə olunur.
İndi Azərbayacan
güclü dövlətdir. Hakimiyyətin mənbəyi olan
xalqımız dövlətin azad, demokratik seçkilər
yolu ilə legitimliyini təmin edib. Azərbaycan
iqtidarının müasir cəmiyyətin mühüm
dayaqlarından biri olan mediadan taleyüklü məsələlərdə
milli maraqlara söykənən ədalətli mövqedən
çıxış etməsini tələb etməyə tam
hüquqi və mənəvi haqqı var. Bu mənada
media öz vəzifələrinə diqqətlə
yanaşmalıdır. Qələm əhli bu xalqın
övladlarıdır, millətin şərəfi hər zaman
əziz və müqəddəs hesab edilməlidir.
Müstəqil Azərbaycan
bu gün dünyanın ən demokratik mediyaya malik olan, azad
sözün və düşüncənin tam bərqərar
olduğu bir ölkədir. Azərbaycan Prezidenti cənab
İlham Əliyev dəfələrlə vurğulayıb ki,
ölkəmizdə bütün informasiya resursları, o
cümlədən internet tam sərbəstdir. Lakin media
azadlığı jurnalistikanı peşə və mənəvi
məsuliyyətlərdən azad etmir. Mətbuatın oxucunun, bütövlükdə
xalqın qarşısında obyektiv, ədalətli olmaq
öhdəliyi var.
Bir daha
xatırladıram: söz böyük silahdır. O, soyuq silah
sayılan bıçaq kimidir. Cərrahın əlində
olanda insanlara şəfa gətirir, nadürüstün əlinə
keçəndə cinayətə səbəb olur.
Söz, ilk növbədə, milli maraqlara xidmət etməlidir!
Akademik Ramiz Mehdiyevin dərin məzmunlu, proqram
xarakterli nitqindən çıxan qənaət budur.
Məsaim ABDULLAYEV
Xalq qəzeti.- 2014.- 6 sentyabr.- S.4.