Universal dahi – Leonardo da Vinçi
Tarixdə iz qoyanlar
Böyük
italyan rəssamı Leonardo da Vinçi özünü
universal dahi, qeyri-adi yaradıcı kimi təsdiq edib. O, dahi rəssam,
heykəltəraş, memar, ixtiraçı olub. İtalyanlar
onu sağlığında hətta sehirbaz, cadugər
adlandırıblar. Müasirləri hesab edirdilər ki, bu insan
hər şey etməyə qadirdir. Sonsuz dərəcədə
istedadlı olan Leonardo da Vinçi müxtəlif mexanizmlər
yaradır, müasir vertolyotlara oxşayan bənzərsiz ucan
aparatların layihələrini çəkir, hətta
müasir tankın icad edilməsinə görkəmli
töhfələr verib.
Leonardo da Vinçinin florensiyalı qız Monna
Lizanın, yaxud varlı florentiyalı tacir Delle Cokondanın
arvadı ehtimal olunan qadının adı ilə tarixə
düşən məşhur “Cokonda” tablosu hazırda Parisin məşhur
Luvr muzeyində nümayiş etdirilir
və birmənalı olaraq dünya rəngkarlığının
incisi, şah əsəri hesab edilir. Dahi rəssam bu əsəri
özünün yaradıcısı olduğu sfumato
üslubunda çəkib. Məhz bu üslubun sayəsində
“Mona Liza”nın təbəssümü valehedici təsir
bağışlayır. Belə ki, rəsmə baxanda “Cokonda”
bəzən nəvazişlə, bəzən də qəzəblə
baxır. Əsərin əsas möcüzəsi isə odur
ki, əsrlər keçdikcə “Mono Liza”nın təbəssümü
dəyişir, dodaqlarının kənarı yuxarıya
doğru qalxır. Araşdırmaçıların rəyinə
görə, bu, adi deyil. böyük sirləri bilən
gülüşdür. Təkcə “Cokonda”nın bu sirli təbəssümünə
cildlərlə kitab həsr olunub.
Leonardo Florensiya yaxınlığındakı
Vinçi adlanan kiçik bir şəhərdə notarius vəzifəsində
çalışan Pyeronun sadə kəndli qızı Katerina
ilə qeyri-qanuni nikah əlaqələrindən doğulub.
Atası onu öz sənətinin davamçısı görmək
arzusunda idi. Lakin gənc Leonardonun ictimai qanunlara marağı
yox idi, sənədlərin üzünü köçürməyə
isə zəhlətökən bir iş kimi baxırdı.
Oğlunun rəsm çəkməyə meyilli olduğunu hiss
edən ata onu florensiyalı rəssam və memar Verokkionun
yanına gətirir. Leonardo burada altı il qalaraq rəngkarlıq
və heykəltəraşlıq sənətlərinin sirlərinə
dərindən yiyələnir. Ustadı şagirdinin qeyri-adi
istedada sahib olduğunu tez anlayır və Leonardonun
böyük gələcəyi olacağını söyləyir.
İyirmi yaşlarında Leonardo artıq müstəqil
çalışırdı. O, təkcə sənəti ilə
heyran etmirdi. Belə ki, at nalını əli ilə əyən,
qılıncoynatma idmanında rəqib tanımayan, qeyri-adi
fiziki gücə, cəlbedici bədən quruluşuna sahib
olan bu gəncə qızlar elə ilk baxışdan valeh
olurdular. Lakin bu qədər şəxsi müsbət keyfiyyətlərinə
baxmayaraq, Leanordo Florensiyada sənətkarları himayə edən
şəhər rəhbəri Lorenso Mediçinin sevimlisi ola
bilmir. Mediçi o dövrün başqa bir görkəmli rəssamı
Bottiçelinin əl işlərinə daha çox rəğbət
bəsləyirdi. İkinci rolda qalmaq istəməyən
Leanardo Florensiyanı tərk etməyi qərara alır.
Leonardo Milana gəlir və burada 17 il
yaşayıb-yaradır. Məhz Milanda onun istedadı tam
parlaqlığı ilə üzə çıxır. Şəhərin
valisi hersoq Lüdoviko Moro əvvəlcə Leonardoya şəhərin
su və kanalizasiya xətlərinin yenidən qurulması
işini həvalə edir. Bu sahədəki problemlərin
öhdəsindən Leonardo asanlıqla gələ bilir. Sonra
o, anatomiya ilə ciddi maraqlanmağa başlayır və insan
anatomiyası atlası üçün bir neçə rəsm
çəkir. Həmin dövrdə
Leonardo Santa Mariya delle Qrassiye monastrında İsa peyğəmbərin
şagirdlərinə kədərli şəkildə “Sizlərdən
biriniz məni satacaq” məşhur fikrinin söylədiyi
dönəmi təsvir edən “Sonuncu şam” freskasını
yaradıb. Müasirləri qeyd edirdilər ki, bu əsərdə rəssam olduqca
incə psixoloji məqamları tuta bilmiş, İsa peyğəmbərin
həmin sakramental sözlərindən sonra vəziyyətin gərginliyini,
peyğəmbərin həvarilərini bürüyən
müxtəlif hiss və duyğuları böyük məharətlə
təsvir edə bilib.
Milanda Leonardo özünün çox maraqlı heykəltəraşlıq
əsəri olan hersoq Françeskonun atası Lüdovik Moronun
at üzərində portret-heykəlini də yaradıb. Təəssüf
ki, bu böyük sənət əsəri bizim
dövrümüzə qədər gəlib
çıxmayıb, fransızlar Milana hücum edərək
şəhəri zəbt edərkən bu əsəri də
dağıtmışdılar. Lakin rəssamın öz əli
ilə çəkdiyi, heykəlin miqyas və əzəmətin
göstərən rəsmləri qalıb.
1513-cü ildə Roma papasının dəvəti ilə
Leonardo Romaya gələrək Belveder sarayının divar
naxışları ilə bəzədilməsində
iştirak edir. İş başa çatan kimi Vətəni Florensiyaya
qayıdır və buradakı Bekkio palassiosunun böyük
zalında “Anqeere yaxınlığındakı
döyüş” freskasını yaradır.
1516-cı ildə Leonardo da Vinçi Fransa kralı I
Fransiskonun dəvətini qəbul edib onun Ambuaz şəhərindəki
Klu-Lyusedəki sarayına köçür və ömrünün
sonuna kimi burada yaşayır. Həyatının bu dönəmində
böyük sənətkar “Xaçlı İohann” əsərini,
“İncil” mövzusunda bir neçə silsilə rəsmlər
çəkir. Ambuazda Leonardo həmçinin küləyin
gücünü və gəmilərin sürətini təyin
edən cihaz da ixtira edir. Sonradan onun burada torpaqqazan
maşın, sualtı qayıqların eskiz və layihələrini
hazırladığı məlum olur. Bu dahi
ixtiraçının ölümündən sonra müxtəlif
maşınların eskiz və layihələrini təsvir edən
bir neçə cild əlyazmaları qalıb ki, onların bir
çoxunun təyinatını hələ də alimlər
tapa bilməyiblər.
Həyatı qəribəliklərlə zəngin olan bu
sirli şəxsiyyətin geniş əks-səda doğuran digər
fəaliyyəti “Sion Prioratı”nın 1510-1519-cu illərdə
başçılarından biri olmasıdır. Bu barədə
müasir dedektiv yazarlarından olan Den Braunun “Da Vinçi
şifrəsi” romanında söhbət açılır.
Əsərdə Prioratın üzvlərinin
xristianlığın və Bibliyanın I Konstantin tərəfindən
dəyişdirildiyinə və bütpərəstliyin
simvolları ilə birləşdirildiyinə inandıqları
əks olunub. Priorata görə, İsa Peyğəmbər
Mariya Maqdalina adlı qadınla evlənmiş və ondan Sara
adlı qızı olmuşdur. Təşkilatın vəzifəsi
isə İsa Peyğəmbərdən qalan bu nəslin kilsədən
qorunması idi. Da Vinçinin əsərlərində onun bu
təşkilatla əlaqəsi olduğunu təsdiq edən bir
sıra elementlər var. Belə ki, dahi rəssamın hazırda
Milan şəhərində saxlanılan “Sonuncu şam” rəsmində
İsa Peyğəmbərlə bir masa ətrafında əyləşən
12 həvaridən biri onun xanımı Mariyadır.
İsanı müqəddəsləşdirmək
üçün uzun illər kilsə tərəfindən sirr
saxlanılan bu faktları Leonardo da Vinçi gizli yollarla
öz əsərlərində təsvir etmişdir.
Bütün bunlardan əlavə, bir insan kimi də
Leonardo da Vinçi başqalarından fərqlənərdi. O,
yaşadığı şəhərlərdə boş vaxt
tapan kimi şəhər bazarına gələr, quş
satılan yerlərə mütləq baş çəkər,
quşları qəfəsdən çıxarıb havaya buraxar
və pullarını ödəyərdi. Onun iş rejimi də
qeyri-adi idi. Leonardo da Vinçi, bir qayda olaraq, hər saatda 15 dəqiqə
yatmağı özünə vərdiş etmişdi.
Əksər dahilər kimi Leonardo da Vinçi solaxay idi,
sol əllə çox vaxt sağdan sola yazardı və
yazıları yalnız güzgü vasitəsi ilə oxumaq
mümkün olurdu. Deyilənlərə görə,
böyük alim bunu o dövrdəki plagiatla məşgul olan
yalançı alimlərdən ixtiralarının sirlərini
gizlətmək üçün edərmiş.
Leonardo da Vinçinin şəxsi həyatı
alınmayıb, o, heç vaxt evlənməyib, onun şəxsi
həyatı barəsində sağlığında da, indinin
özündə də çox ziddiyyətli fikirlər səsləndirilir.
Bunların həqiqət olub-olmadığını söyləmək
çətindir. Bir şey bəllidir ki, bəşər
tarixində Leonardo da Vinçi səviyyəsində universal zəkalar
çox azdır.
Dahi rəssam Leonardo da Vinçi 2 may 1519-cu ildə
Klo-Lyusedə sevimli şagirdlərinin və
yaratdığı şedevrlərin əhatəsində vəfat
edib. O, Ambuaz qəsrində dəfn
olunub və məzar daşının üzərində bu
sözlər yazılıb: “Bu monastrın divarları
arasında dahi rəssam, mühəndis və memar Leonardo da
Vinçinin nəşi əbədi uyuyur.”
Məsaim HACIXANLI
“Xalq qəzeti”
Nigar SƏMƏDLİ
Xalq qəzeti.- 2014.- 7 sentyabr.- S.7.