Naxçıvan-Acarıstan: tarixin və taleyin
qardaşlığı
İki
muxtar respublikanın dostluq əlaqələri Azərbaycan-Gürcüstan
münasibətlərinin dərinləşməsinə
sanballı töhfədir
Naxçıvana 2012-ci ilin dekabrında olmuş səfərimiz
zamanı muxtar respublika ilə o vaxt yenicə
qardaşlaşmış Acarıstana münasib bir vaxtda
ezamiyyətə getmək arzumuz, nəhayət, bu ilin avqustunda
gerçəkləşdi. Ötən müddətdə
qəzetimiz iki qonşu ölkənin oxşar taleli muxtariyyəti
arasında yeniləşmiş və möhkəmlənmiş
əlaqələrin xronikasını ardıcıl olaraq
oxuculara təqdim etmişdir. Bu yaxınlarda Naxxıvan
Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərlik
etdiyi heyətin Acarıstana növbəti səfəri,
yüksək səviyyəli görüslərdə
faydalı dostluq əlaqələrinin genişləndirilməsi
ilə bağlı bir sıra razılaşmaların əldə
olunması bu qardaşlığın sorağı ilə
Bakı- Batumi marşrutunda yola
çıxmağımıza səbəb oldu.
Qorabişirən yay günlərində
500 kilometrlik yolu arxada qoyub Qazaxdakı “Sınıq
körpü” sərhəd-gömrük məntəqəsini
keçməklə Batumiyə olan yolumuzu yarıbayarı
azaltdıq. Tbilisidə xalqımız üçün
doğma və unudulmaz olan ünvanlara baş çəkib,
gecələyəndən sonra Boryomi dərəsi ilə
uzanan, Xaşuri aşırımı ilə davam edən, Potiyə
doğru uzanan, çəkilişində Azərbaycan
inşaatçılarının da fəal iştirak etdiyi
İpək yolu ilə axşamtərəfi Qara dəniz sahillərinə
yetişdik. Yol boyu tez- tez rastlaşdığımız
ARDNŞ (SOCAR) yanacaq doldurma məntəqələrinə
qürurla baxdıqdan, yol üstündə yerləşən
Xobi rayonunun Çaladidi kəndində 28 il əvvəl 150-dək
kənd sakinini daşqından xilas edərək qəhrəmanlıqla
həlak olmuş həmyerlimiz, əsgər Rahib Məmmmədovun
xatirə abidəsini kövrək bir düyğu ilə ziyarət
etdikdən sonra dəniz kənarı ilə uzanan yolla Batumiyə
səmt aldıq...
Vaxtilə keçmiş SSRİ-nin
böyük istirahət zonalarından sayılan, indi də yay
aylarında aşıb- daşan turistləri ilə diqqəti
cəlb edən Kobaletiyə çatar-çatmaz heyrət dolu
baxışlarımızı gah sağa, gah da sola yönəltməli
oluruq. Bir tərəfdə adamların sahillərini
hasarlaya bilmədiyi gömgöy Qara dənizin
çırpıntısı adama gəl- gəl deyir, əks
tərəfdə isə yol boyu ənginliklərə uzanan
yamyaşıl, min illər əvvəl olduğu kimi “vəhşi”
görkəmini qoruyub saxlayan qamışlıq və meşələrin
əl- ələ verdiyi mənzərələrin gözəlliyindən
adam qəribə bir ehtizaza gəlir. “Haradan, nədən
başlayasan?” sualı da içimizdəki heyrətin
hüdudsuzluğu önündə adi və yersiz
görünür. Bu yerdə ulu tarixin yaxın və
uzaq, soyuq və hərarətli, ən əsası, silinməz-pozulmaz
səhifələri köməyimizə gəlir...
Dünəndən qaynaqlanan
doğmalıq
Tarixən, coğrafi baxımdan Qafqaz,
Rusiya və Anadolu üçbucağında strateji əhəmiyyəti
ilə seçilən Acarıstan əsrlər boyu iki
böyük imperiyanın – Osmanlı dövlətinin və
çar Rusiyasının hərbi-siyasi mübarizə
meydanı olub. Acarıstanın muxtar respublika
kimi XX əsrin əvvəllərində sovet
Gürcüstanının tərkibində yaradılması isə
bu mübarizənin yekununda mühüm tarixi-siyasi hadisədir.
Acarıstan Muxtar Respublikası 1921-ci ildə
Moskvada əldə edilmiş Türkiyə-Rusiya
razılaşmasından sonra iyulun 16-da elan olunmuşdur.
Həmin il oktyabrın 13-də Türkiyənin üç Cənubi Qafqaz sovet
respublikası – Azərbaycan, Gürcüstan və Ermənistan
ilə imzaladığı Qars müqaviləsinin maddəsinə
əsasən, bu ölkənin Batumi şəhərini və
limanını müəyyən şərtlərlə Çürcüstana güzəştə
getməsi, 7-9-cu maddələrdə
çar Rusiyanın mürəkkəbləşdirdiyi
quru və su sərhədlərində razılığa gəlinməsi
isə Acarıstanın muxtariyyətinə
Türkiyə dövlətinin mötəbər tarixi zəmanəti
olmuşdur.Yeri gəlmişkən bildirək ki,
Naxçıvanın Azərbaycanın tərkibində ərazi
muxtariyyətini də həmin konfransda 4 qonşu dövlət
tanımış və beləliklə, Naxçıvan və
Acarıstan regiondakı ərazi mübahisələrinin
yekununda tale qardaşları kimi doğulmuşlar.
1991-ci ildə SSRİ-nin dağılmasından sonra
Gürcüstanın müstəqillik əldə
etməsi ilə Acarıstanın da muxtar respublika kimi statusunu möhkəmləndirmişdir.
Muxtar respublikaya sonrakı 23 il müddətində
də başçılığı sovet dövrünün
sonuncu rəhbəri Aslan Abaşidze həyata
keçirmişdir. “Acarıstan aslanı” kimi ad
çıxaran Abaşidzenin belə mürəkkəb etnik
strukturu olan bölgəyə rəhbərliyi 2004-cü ilədək
davam etmişdir. 1991- 1992-ci illərdən
Gürcüstanda başlanan müharibə və
münaqişələr Acarıstandan yan keçmişdir. Lakin Acarıstandakı həddindən artıq mərkəzdənqaçma
meyilləri Tbilisidə narazılıqla
qarşılanmışdır. 2004-cü ildə
Gürcüstan dövləti Batumiyə qoşun göndərməklə
orta əsrlərdən Acarıstanın idarə olunmasında
mühüm rol oynamış Abaşidzelər nəslinin
sonuncu nümayəndəsini hakimiyyətdən kənarlaşdırmışdır.
2,9 min
kvadratkilometr ərazisi, 400 min əhalisi olan bu kiçik diyarda
80-ə yaxın millətin nümayəndələri
yaşayır. Əhalinin 60 faizi müsəlmanlar,
qalanı xristianlar və başqa dinlərdən olanlardır.
Bölgədə acarlardan əlavə, ruslar,
ermənilər, belaruslar, ukraynalılar, yunanlar, hətta XIX əsrdə
bura köçmüş zəncilər də məskunlaşıblar.
Acarıstanda 5 minədək azərbaycanlı,
11 minə yaxın türk yaşayır.
Naxçıvan
– Acarıstan dostluq əlaqələri
dövlətlərarası münasibətlər fonunda
Gürcüstanla Azərbaycan arasında tarixən
formalaşmış və 70 il vahid İttifaq dövləti tərkibində
möhkəmlənmiş qonşuluq- qardaşlıq əlaqələri
müstəqillik dövründə birbaşa və ikitərəfli
diplomatik əlaqələrin
qurulması ilə 18 noyabr 1992-ci ildən suveren dövlətlərin
dostluğu və qardaşlığı məcrasına daxil
olmuşdur. Dünyada ikiqütblü sistemin
çökməsindən sonra formalaşmış siyasi vəziyyət
iki qonşu ölkənin xarici siyasətdə milli
maraqlarını uzlaşdırması, ortaq mövqelər sərgiləməsi
ilə əlamətdar olmuş, Qafqaz bölgəsinin həlledici
həmrəylik amilini gücləndirmişdir. Dövlət
müstəqilliyinin başlanğıcından Azərbaycanın
və Gürcüstanın ərazi bütövlüyünə
və suverenliyinə yönəlmiş aqressiv separatizmlə
üz-üzə qalma, etnik münaqişə və müharibəyə
sürüklənmə iki ölkəni daha da
yaxınlaşdırmışdır.
Azərbaycan üçün bu arzuolunmaz tarixçə
Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqşəsinin
maraqlı dairələrin köməyi ilə mürəkkəbləşdirilməsində
və 20 faiz ərazimizin
işğal olunmasında, 1 milyon
soydaşımızın qaçqın-köçkünə
çevrilməsində, Gürcüstan üçün isə
Abxaziya və Cənubi Osetiya üzərində nəzarətin
itirilməsində və sonradan bu qondarma respublikaları
Rusiyanın tanınmasında əksini
tapmışdır. Bütün bunlar ona gətirib
çıxartmışdır ki, hər iki ölkə bir
çox hallarda beynəlxalq arenada bir-biri ilə
razılaşdırılmış xarici siyasət
yürütməli olur. Bunlardan başqa,
regionda formalaşmış geosiyasi vəziyyət və
qüvvələr balansının bölünməsi də
Azərbaycan və Gürcüstanın ortaq maraqlarını
müəyyən edən amillərdir. Türkiyə və
Avropa ölkələri ilə yaxından əməkdaşlıq,
NATO və Avropa İttifaqına inteqrasiya, enerji təhlükəsizliyi
məsələlərində mövqelərin üst-üstə
düşməsi isə hər iki dövlətin siyasətində
ortaq məqamları gücləndirir.
Tarixi köklər, oxşar problemlər və
ortaq maraqlarla bərabər, regionda geosiyasi vəziyyət də
ölkələrimiz arasında geniş əməkdaşlığa
zəmin yaratmışdır. Müstəqil və
Qərbyönümlü Gürcüstanın mövcudluğu
Azərbaycanın Qərblə enerji layihələrində
strateji alternativi formalaşdırır. Məhz
suveren Gürcüstanın vasitəsilə Azərbaycan Şərq-
Qərb dəhlizinə qoşula bilmiş və onun
imkanlarından fəal istifadə edir. Digər
tərəfdən, Azərbaycan Gürcüstanın
özünün də enerji təhlükəsizliyini təmin
edir. Hətta 2008-ci ilin avqust böhranından sonra təzyiqlərə
baxmayaraq, Azərbaycan Gürcüstana nəql olunan qazı
dayandırmamışdır. Müstəqil və
Avropanın enerji təhlükəsizliyinə töhfələr
verən Azərbaycanın olması isə
Gürcüstanın Avroatlantik strukturlara inteqrasiyaya əlavə
təminat yaradır. Göründüyü kimi, iki qonşu
ölkənin milli maraqları bir-biri ilə o qədər
sıx çulğaşmışdır ki, birinin
uğursuzluğu digərinin də maraqlarına mənfi təsir
edəcək qədər güclüdür.
Cənubi Qafqazda son zamanlar diqqətçəkən
məsələlərdən biri Türkiyənin regionda gedən
proseslərdə fəal iştirakıdır. Azərbaycan,
Gürcüstan və Türkiyənin regional əməkdaşlığı
istər iqtisadi, istərsə də siyasi baxımdan önəmini
artırmaqdadır. 3 ölkə arasında son 10 ildə
əməkdaşlığın sürətli inkişafı
qarşılıqlı faydalanmanın miqyasını da
genişləndirməkdədir. Qardaş və
strateji tərəfdaş olan Azərbaycan və Türkiyə
son illərdə Gürcüstanın simasında özlərinə
etibarlı tərəfdaş tapıblar. Qərb-Şərq
nəqliyyat-kommunikasiya xətlərinin üzərində yerləşən
Gürcüstan Azərbaycanın enerji resurlarının
Türkiyəyə və Avropa ölkələrinə
daşınmasında başlıca tranzit ölkədir.
Bakı- Tbilisi- Qars dəmir yolu xətti, Bakı- Tbilisi- Ceyhan
neft, Bakı-Tbilisi-Ərzrum qaz kəmərləri iki ölkənin
xarici aləmə inteqrasiyasını genişləndirməklə
yanaşı, həm də onların iqtisadi potensialını
hərəkətə gətirməkdə əhəmiyyətlidir.
Gürcüstan Bakı- Tbilisi- Ceyhan neft kəmərinin
ərazisindən keçməsinə görə ildə 50
milyon dollar tranzit haqqı alır. Bundan başqa, Azərbaycanın
Türkiyəyə ixrac etdiyi qazın bir hissəsini
Gücrüstan güzəştli qiymətlərlə ( hər min kubmetrinə görə 135 dollar
ödəməklə) əldə edir. 2008-ci ilin yanvarında
Gürcüstan ərazisinin bir çox hissəsini
işıqsız və qazsız qoyan texniki qəza baş verəndə
sərt iqlim şəraiti ilə seçilən qonşu
dövlət yalnız Azərbaycanın təmənnasız
yardımı ilə
enerji ilə təmin olunmuşdu. Sabiq
Prezident Mixail Saakaşvili bu hadisəni sonralar xatırlayaraq
gürcü xalqının bu qardaşlıq
yardımını heç zaman unutmayacağını
söyləmişdi.
Bu strateji və davamlı regional əməkdaşlığın
davamı olaraq Azərbaycan- Türkiyə- Gürcüstan
münasibətlərinə daha bir regional layihə- Azərbaycanın
“Şahdəniz- 2” yatağındakı qazının
Avropa ölkələrinə daşınmasını nəzərə
tutan TANAP mühüm töhfə
olacaqdır. 2017- 2018-ci illərdə gerçəkləşdiriləcək
bu mühüm layihə Avropa bazarında Azərbaycanı böyük enerji
ixracatçısına çevirməklə yanaşı, həm
də çox nəhəng energetika və nəqliyyat layihələrinin
yaradılmasında Azərbaycan, Türkiyə və
Gürcüstan ittifaqının önəmli rolunun qəti və
birmənalı təsdiqi olacaqdır.
İqtisadi sahədə belə regional əmkdaşlıq
Azərbaycan və Türkiyə şirkətlərinin
Gürcüstanda genişmiqyaslı təmsil olunması ilə də
seçilir. Azərbaycan Dövlət Neft
Şirkətinin qonşu Qafqaz ölkəsində 100-dən
artıq yanacaqdoldurma məntəqəsi fəaliyyətdədir.
Daha bir neçəsinin tikintisi isə davam edir. Azərbaycanın
biznes adamları Gürcüstanda turizm sahəsinə
böyük investisiyalar yatırmaqdadırlar. Təkcə 2013-cü ildə Gürcüstanda 1
milyondan artıq Azərbaycan vətəndaşı səfərdə
olub. Türkiyə şirkətləri,
xüsusən, Acarıstan Muxtar Respublikasında müxtəlif
yönlərdə yüz milyonlarla dollarlıq investisiya layihələri
həyata keçirirlər.
Mixail Saakaşvili dönəmindən başlayaraq
Gürcüstanın yeni seçilmiş prezidentləri xarici
siyasətin prioritetinə uyğun ilk olaraq Azərbaycana və
Türkiyəyə səfər edirlər. Bu ənənəni
hazırkı Prezident Georgi Marqelaşvili də pozmadı. 2012-ci il iyunun 8-də Türkiyənin
xarici işlər naziri Əhməd Davudoğlunun (indiki
baş nazir), Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun
və Gürcüstan xarici işlər naziri Qriqol
Vaşadzenin imzaladıqları “Trabzon bəyannaməsi”
diplomatik məkanda da tərəflərin vahid xətt üzrə
hərəkətini təsdiq etdi.
Bu ilin martında Azərbaycanın Gəncə
şəhərində baş tutmuş görüşü
siyasi üçlüyün birliyinin növbəti ifadəsi
idi. Azərbaycan,
Türkiyə və Gürcüstan beynəlxalq təşkilatlarda
– ATƏT, Avropa Şurası Parlament Assambleyası və BMT
Baş Assambleyasında vahid mövqedən
çıxış edirlər. Xüsusən,
dövlətlərin ərazi bütövlüyü prinsipləri
ilə bağlı səsvermələrdə 3 dövlət
eyni iradə nümayiş etdirməkdədir. Təsadüfi
deyil ki, Azərbaycan və Türkiyə ilə sıx əlaqələrin
həyati önəm daşıdığı
Gürcüstanda 2011-ci ildə qəbul olunmuş Milli Təhlükəsizlik
Konsepsiyasında ölkəmizlə münasibətlər “strateji
tərəfdaşlıq” kimi qiymətləndirilmiş,
Türkiyə isə əsas tərəfdaş
və regionun lideri kimi qəbul olunmuşdur. Bu ilin avqustunda – bizim
Acarıstanda olduğumuz günlərdə Naxçıvanda
üç ölkənin müdafiə nazirlərinin
görüşü isə dostluqdan hərbi müttəfiqliyə
doğru atılan mühüm addım sayıla bilər.
Bu gün Azərbaycan və
Gürcüstan müstəqil dövlətlərdir. Şübhəsiz ki, hər bir müstəqil
dövlətin milli maraqları vardır. Hər bir
dövlət daxili və xarici siyasətini, ilk növbədə, bu prinsiplərə
əsaslanaraq qurur. Xalqlarımızın milli
maraqları isə tarix boyu üst-üstə
düşmüşdür. Bütün bunları nəzərə
alan Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyev 1996-cı ildə Gürcüstana ilk
rəsmi səfəri zamanı
qardaşlığımızın daha da dərinləşməsi
istiqamətində tarixi addımlar atmış, Azərbaycan-Gürcüstan
birliyinin yeni əsasını qoymuşdur. Müasir
şəraitdə Azərbaycan Prezidenti İlham Əliyevin və
Gürcüstan rəhbərlərinin səyləri nəticəsində
əlaqələrimiz daha da dərinləşmiş, strateci
xarakter almışdır. Bu gün Gürcüstan və
Azərbaycanı
qlobal enerji, nəqliyyat və kommunikasiya layihələri
birləşdirir. Xalqlarımız və dövlətlərimiz
arasında əlaqələr təkcə iqtisadi münasibətlərlə
məhdudlaşmır, regional və beynəlxalq münasibətlərdə
də Azərbaycan və Gürcüstan bir-birinin yanındadır.
Gürcüstan
ilə Azərbaycanı, hər şeydən əvvəl,
tarixi əlaqələr birləşdirir. Ulu babalarımız
yaxın qonşuluq və möhkəm dostluq şəraitində
yaşamışlar. Xalqlarımızın
tarixin müxtəlif dövrlərində eyni dövlətlərin
tərkibində olması, oxşar talelər yaşaması mədəni
dəyərlərdə də ortaqlıq
yaratmışdır. Tiflis Şərq mədəniyyətinin
təsiri altında həm də azərbaycanlıların
şəhəri kimi dövrümüzə qovuşmuşdur.
Müasir Tbilisi Borçalı Gürcüstana
qatılandan sonra bu ölkənin vətəndaşı
olmuş yarım milyondan artıq soydaşımızın da
paytaxt şəhəri sayılır.
Bu münasibətlər zaman- zaman bədii
ədəbiyyatda da salnamələşmişdir. Azərbaycan
xalqının “Koroğlu” qəhrəmanlıq
dastanındakı Gürcüoğlu obrazı sadiq
dostluğumuzun, mübarizə meydanında daim bir yerdə olmağımızın
təcəssümüdür. Hər
şeydən uca məhəbbəti yüksək bədii həqiqət
kimi əks etdirən dünyaca məşhur “Əli və
Nino” romanı azərbaycanlı oğlanla gürcü
qızın timsalında hər iki xalqa bəşəri sevgi
qazandırır. Hələ VII əsrdə
isə gürcü şairi Sabanidze milli qəhrəmanımız
Babəkin azadlıq uğrunda mübarizəsini rəğbətlə
tərənnüm etmişdir. Nizami Gəncəvi
Gürcüstanın barlı-bərəkətli
torpağını, cəsur oğullarını dostlq
duyğuları ilə vəsf etmişdir. Şota
Rustaveli “Pələng dərisi geymiş pəhləvan” əsərində
mədəniyyət və ticarət mərkəzi kimi
Naxçıvandakı Gilan şəhərindən bəhs
etmişdir.
Ötən əsrin əvvəllərində
maarifçi-publisist Məhəmməd ağa Şahtaxtlı
Tbilisidə “Şərqi-Rus” qəzetini, böyük ədib Cəlil
Məmmədquluzadə isə məşhur “Molla Nəsrəddin”
jurnalını nəşr etdirməkdə gürcü
xalqının xeyirxah münasibətindən
faydalanmışlar. Azərbaycan realist rəssamlığının
banisi Bəhruz Kəngərli Tbilisi rəssamlıq məktəbindən
pərvazlanmışdır. İstiqlal
şairi Əhməd Cavad Batumidə qəzetçilik fəaliyyəti
göstərmiş, taleyini acar qızı Şükriyyə
xanımla ortaqlaşdırmışdır. Müsəlman acarlar Bakıya və azərbaycanlılara
həmişə xüsusi bir doğmalıq göstərmiş,
mədəni- dini ortaqlıqdan faydalanmışlar.
Qafqazın ən qədim və aborigen
xalqları olan azərbaycanlılar və gürcülər
bütün tarix boyu həmişə bir yerdə olmuş,
öz etnik xüsusiyyətlərini və milli ənənələrini
qoruyub saxlamışlar. Bu tarixi missiya müstəqillik
uğrunda mübarizə tariximizə də öz təsirini
göstərmiş, hər iki xalq oxşar siyasi taleləri
yaşamışdır. 1918-ci ildə
Gürcüstanın paytaxtı Tbilisidə həm
Gürcüstan, həm də Azərbaycan xalqları ilk
demokratik respublikalarını elan etmişlər. Bundan az
sonra, 1921-ci ildə imzalanmış tarixi Moskva və Qars
müqavilələrinə əsasən, Gürcüstanın
muxtar qurumu olan Acarıstan Muxtar Respublikası və Azərbaycanın
muxtar qurumu olan Naxçıvan Muxtar Respublikası
yaradılmışdır. Heç şübhəsiz ki, bu
fonda Naxçıvan-Acarıstan münasibətlərinin
ortaya çıxması da təkcə taleyin yox, həm də tarixin
hökmüdür.
Namiq
QƏDİMOĞLU,
Tahir
AYDINOĞLU,
“Xalq qəzeti”
Bakı-Tbilisi-Batumi
Xalq qəzeti.- 2014.- 7 sentyabr.- S.6.