Azərbaycanda dağ turizmi:
imkanlar, perspektivlər...
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev 2010-cu il aprelin 6-da imzaladığı sərəncamla
təsdiq olunmuş “Azərbaycan Respublikasında
2010-2014-cü illərdə turizmin inkişafına dair
Dövlət Proqramının preombulasında göstərilir
ki, turizm öz perspektivliyinə görə qeyri-neft sahələri
arasında aparıcı yerlərdən birini tutur. Hazırda turizm planetar sahədə sürətlə
inkişaf edən sahələrdən biridir. Proqramın
fəaliyyət istiqamətləri adlı bölməsində
isə xüsusi vurğulanır ki, mövcud turizm obyektlərinin
inkişaf etdirilməsi ilə yanaşı, yeni turizm növlərinin
yaradılması barədə də ciddi
düşünülməlidir. Son 2-3 ildə
ölkəmizdə formalaşran dağ turzmi də məhz həmin
yeni turzm növlərindən biridir.
Məlum olduğu kimi, Bakıda
“Dünyanın dağlıq regionlarında turizmin davamlı
inkişafı üçün dağ idman növlərinin
Qafqaz nümunəsində mühüm rolu” mövzusunda beynəlxalq
konfrans keçirildi. Tədbirdə mütəxəssislər
Azərbaycanda dağ turizmi növlərinin inkişaf
perspektivləri haqqında da müəyyən fikirlər səsləndiriblər.
Bildiyimiz kimi, XX əsrin sonlarından
etibarən inkişaf etmiş ölkələrin turizm
bazarında struktur dəyişiklikləri baş verib. Zaman keçdikcə insanlar aktiv istirahətə
üstünlük verirlər ki, nəticədə də
turizm idmanın ayrı-ayrı növlərini özündə
birləşdirir. Ekstremal turizmin
inkişafı da bu idman növlərinin tarixi ilə sıx
bağlıdır. Ekstremal turizmdə müəyyən
risk və təhlükələr olsa da, bu, nəticə
etibarilə əsrarəngiz bir istirahət deməkdir. Turizm üzrə mütəxəssis,
Azərbaycan Turizm İnstitutunun kafedra müdiri Bahadur Bilalovun
fikrincə, bu gün dünya turizm bazarının 10 faizi ekstremal
turizmin payına düşür. O deyir: “Ekstremal turizmin
dağ növlərinə alpinizm, speleoturizm, buzadırmanma və
qayayadırmanma, dağ velosipedində hərəkət,
dağ xizəkçiliyi və snoubordinq aiddir. Dağ
xizəkçiliyi daha çox təbii şəraitdən
asılıdır. Bu turizm istiqamətinin
inkişafı üçün ilin 4-5 ayında qalın qar
örtüyünün olması vacib şərtdir. Ərazinin hündürlüyü və relyef
xüsusiyyətləri, dağ xizəkçilik
dövrünün hava şəraiti, landşaftın müxtəlifliyi,
uçqun və sel təhlükəsinin olmaması və s.
dağ-xizəkçilik istirahətinə cazibədarlıq
verən amillərdir”.
Dağ xizəkçilik kurortlarının üzləşdiyi
əsas problemlərdən biri onların mövsümi fəaliyyət
göstərməsidir: “Mövsümilik problemini aradan
qaldırmaq üçün bu istirahət mərkəzləri
müxtəlif metodlardan istifadə edirlər. Bu
sıraya qar örtüyünün bərkidilməsi, müxtəlif
kimyəvi qarışıqlardan istifadə, süni qar
yağdırma sisteminin yaradılması daxildir. Süni qar yağdırma maşınlarından indi
bütün qış turizm mərkəzlərində istifadə
olunur.
İsveçrə kurortlarının təxminən
10 faizi süni qar örtüyünə keçib. Avstriya və İtaliyada kurortların təxminən
40 faizi süni qardan istifadə edir. Süni
qar örtüyü ilə yanaşı, digər bir metod
qarın başqa yerlərdən gətirilməsidir. Məsələn, Danimarkanın kurortları
üçün qar Norveçin dağlıq rayonlarından bərə
vasitəsilə gətirilir”.
Mütəxəssislər deyirlər ki,
Azərbaycan ərazisində dağ turizminin müxtəlif
növlərinin inkişafı üçün geniş
imkanlar var. Bu sahədə Azərbaycan Hava və Ekstremal
İdman Növləri və Azərbaycan Alpinizm
federasiyalarının fəaliyyətini xüsusi qeyd etmək
lazımdır. Quba rayonunun Qalayxudat kəndi
yaxınlığındakı Kam dağlıq massivinin tədqiqi
nəticəsində şimal yamacda boulderinq (qayayadırmanma)
üçün perspektivi olan qaya divarları (200 metr)
aşkar olunub. Qrız və Qalayxudat kəndlərini
birləşdirən yolun kənarında geniş, enli qaya
divarı da böyük əhəmiyyət daşıyır.
Qayaların hündürlüyü 15-20 metrə
yaxındır, ətəklərdə çadır
düşərgələri salmaq üçün yerlər
var. Müxtəlif çətinlik dərəcəsinə
malik marşrutlar tapmaq olar. Bu yerlər nəinki
məşqlər üçün, həmçinin beynəlxalq
yarışlar da daxil olmaqla, boulderinq yarışları
üçün çox əlverişli məkandır.
Ümumilikdə Böyük Qafqaz
dağlarının alpinizm, Qobustan qayalarının isə
qayayadırmanma idman növünün inkişafı
üçün geniş imkanları var.
Bundan əlavə, qışda Qusar rayonunda yerləşən
dağ şəlalələri böyük buz
sırsıralarına çevrilir ki, bu da buzadırmanma ilə
məşğul olmaq üçün imkan deməkdir. Bu turizm-idman növü üçün ən əlverişli
şəlalələr Qusar rayonunun Ləzə kəndi
yaxınlığında yüksək dağlıq (1700 metr) ərazilərdə
yerləşir. Şahdağ massivinin ətəyində
yerləşən və 3000 metr hündürlükdə olan
şəlalələr də maraqlıdır. Buzadırmananlar üçün məşğələlər
və yarışlar əsasən həmin yerlərdə
keçirilir.
Mədəniyyət və Turizm Nazirliyin
turizm şöbəsi daxili turizmin inkişafı sektorunun
müdiri Mahir Qəhrəmanov dövlət tərəfindən
Şahdağda inşa edilən Qış-Yay Turizm Kompleksinin
bu sahənin inkişafı üçün mühüm
imkanlar yaradacağını deyir. Bu, 10 min nəfəri
qəbul edə biləcək bir kompleks olacaq: “Bölgəyə
daha çox turistin cəlb edilməsi üçün
mühüm amillərdən biri dağ turizmindən istifadə
imkanlarının yaradılmasıdır. Bu
gün kompleksdə bəzi xidmətlər göstərilir.
Amma bu xidmətlər hələ yetərli
deyil. Çünki ekstremal turizmdə təhlükəsizlik
üçün bütün tədbirlərin görülməsi
çox vacibdir. Bundan başqa, bildiyiniz
kimi, Qəbələdə də belə bir xizək kompleksi
yaradılır. Həm Qəbələ, həm də
Qusarda olan infrastruktur bizə imkan verəcək ki, Azərbaycanda
ekstremal dağ turizmini yüksək səviyyədə,
müasir standartlara cavab verəcək formada inkişaf etdirək.
Bu işdə həm dövlətin, həm də
özəl sektorun iştirakı çox vacibdir.
Turistlərin təhlükəsizliyini təmin
etmək üçün xüsusi təlimatçılar
yetişdirilməli, onların peşə
hazırlığı səviyyəsi
artırılmalıdır. Bununla bağlı
müəyyən texniki vasitələrin alınması,
onların düzgün istifadəsi və s. həlli vacib məsələlərdir.
Bütün bunlar öz yerini tapdıqdan sonra
biz deyə bilərik ki, Azərbaycanda ekstremal turizm lazımi səviyyədədir".
Nazirlik təmsilçisi ölkənin digər
bölgələrində, o cümlədən Gədəbəydə,
Qazaxda, Şəmkirdə, Göygöl ətrafında,
Naxçıvanda dağ turizminin inkişafı
üçün lazimi şərait olduğunu söyləyib. Onun fikrincə, bu təbii imkanlardan istifadə etmək
üçün həmin ərazilərdə müvafiq
infrastruktur yaradılması əsas şərtdir.
“Millennium Tourism” şirkətinin direktoru Ruslan Quliyevin
sözlərinə görə, sektor təmsilçilərinin
bugünkü hədəflərindən biri ölkəmizdə
turizm günlərinin sayını artırmaq, turizmi
mövsümilikdən çıxarmaqdır: “Həm
qış, həm yay və həm də alternativ turizm
növlərinin inkişaf etdirilməsi prioritet istiqamətdir.
Azərbaycanda bəzən hər hansı turizm növləri
üzrə başqa ölkələrlə müqayisəyə
girməkdənsə, inkişaf imkanları böyük olan
dağçılıq, macəra, alpinizm, trepinq piyada
marşrutlarını, horsinq at marşrutlarını və
s. daha mütəşəkkil şəkildə, elmi
yanaşmalarla təqdim edə bilərik. Azərbaycana
turist cəlb edən zaman biz müəyyən etməliyik ki,
onlara məhz hansı ölkələrə uyğun
marşrutlar təklif edilməlidir. Bu gün
artıq ehtiyac yaranıb ki, ölkəmizdə turizm xidmətləri
bazarında bir markalaşdırma siyasəti həyata
keçirək”.
Şirkət rəhbərinin bildirdiyinə
görə, ölkəmizdə dağ-xizək kurortlarına
maraq böyükdür. Ötən il
Şahdağ kompleksinin ilk mərhələsinin
açılışından sonra turizm şirkətləri
bu məkana turlar təşkil etmişlər: “Çox
böyük bir axın oldu. Nəzərə alsaq ki, bu kompleks
eyni zamanda xarici bazar üçün turizm məhsuludur, onda bu
istiqamətdə çeşidli proqramların işlənib
hazırlanmasına ehtiyac var. Şahdağ kompleksi postsovet məkanında
və Şərqi Avropada bənzəri olmayan bir layihədir və
ona çox böyük maraq var. Burada mərhələli
şəkildə yataq yerlərinin sayı 10 minə
çatdırıldıqdan sonra təsəvvür edin ki,
müxtəlif ölkələrdən nə qədər
turist cəlb etmək mümkün olacaq”.
Məsələyə münasibət bildirən Azərbaycan
Hava və Ekstremal İdman Növləri Federasiyasının
vitse-prezidenti Sarvan Rəsulovun sözlərinə görə,
dağ turizmi ölkəmizdə bütün beynəlxalq
standartlara uyğun olaraq təzə formalaşmağa
başlayıb. Vaxtilə dağlıq ərazilər
turizm nöqteyi-nəzərindən diqqətdən kənarda
qalıb. Amma indi milli parklar
formalaşıb, dağlara səfərlər, turist gəzintiləri
təşkil etmək olar. Lakin burada müxtəlif amillər,
ilk növbədə də yürüş edən
insanların təhlükəsizliyi təmin edilməlidir: “Biz
mövsümə uyğun olaraq marşrutlar işləyib
hazırlayırıq. Dağçılıq
idmanı bütün dünyada, o cümlədən də Azərbaycanda
populyarlıq qazanır. Artıq ölkəmizin
müxtəlif bölgələrində bu idman növü
üzrə 50-dən yuxarı klub fəaliyyət göstərir.
İdmançılarımızın sayı isə
təxminən 5 minə yaxındır. Beynəlxalq
təcrübəyə əsaslanaraq dağ turizmi üzrə
öz qaydalarımızı hazırlamışıq. Dağ idmanı üzrə təcrübəli bələdçilərimiz
yetişib. Deməli, dağ turizmi ilə məşğul
olmaq üçün baza yaranır. Turizm
şirkətləri tərəfindən dağ turizm
marşrutlarından istifadə üçün müraciətlər
çox edilir. Bu istiqamətdə yeni
qaydalar işlənir, hazır olandan sonra belə müraciətləri
lazımi səviyyədə dəyərləndirəcəyik”.
Federasiya rəsmisi deyib ki, Böyük Qafqazda, əsasən
də Şahdağ silsiləsində dağ turizmi üzrə
yay və qış marşrutları hazırlanıb. Bu marşrutların üzərində daldalanacaq yerləri,
düşərgələr salınması üçün
yerlər müəyyənləşdirilib, eyni zamanda, təhlükəsizliklə
bağlı müxtəlif işlər görülür.
Təqdim
etdi:
İsaq
ƏMƏNULLAYEV
Xalq qəzeti.- 2014.- 7 sentyabr.- S.5.