Azərbaycanın maliyyə
resursları artır
Ölkəmizin maliyyə vəziyyəti çox sabitdir. Mən dəfələrlə demişəm, bizim iqtisadi və maliyyə vəziyyətimiz müstəqilliyimizi şərtləndirən əsas amillərdən biridir. Azərbaycanın böyük maliyyə resursları xalqımızın istedadı və düşünülmüş siyasət nəticəsində əldə edilmişdir. Bu gün dünya miqyasında adambaşına düşən valyuta ehtiyatlarına görə, hesab edirəm ki, Azərbaycan aparıcı, yəni, ən qabaqcıl yerlərdədir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Yüksək inkişaf sürəti götürmüş Azərbaycan iqtisadiyyatı bu gün yeni strateji vəzifələri uğurla həyata keçirir. Ölkə makroiqtisadi dayanıqlıq göstəricilərinə görə dünyada ilk onluqda qərarlaşıb. Milli iqtisadiyyat yüksək məşğulluq həddində fəaliyyət göstərir. Azərbaycanda yeni iş yerləri açılır, regionların sosial-iqtisadi inkişafı getdikcə sürətlənir. Ölkədə dinamik artan valyuta gəlirlərinin bir hissəsinin sosial-iqtisadi inkişaf məqsədləri üçün istifadə olunması şəraitində manatın daha yüksək templə bahalaşmasına yol verilmir. Məzənnənin sabitliyi makroiqtisadi və maliyyə sabitliyinə, habelə iqtisadiyyatın rəqabət qabiliyyətinə təsir edən mühüm amillərdən biri kimi diqqət mərkəzində saxlanılır. Öz sabitliyini qoruyan Azərbaycan manatı hazırda regionun ən etibarlı valyutasıdır və sərhədyanı ticarətdə fəal istifadə edilir.
Proqnozlara görə,
Azərbaycanda bu il iqtisadi artım tempi dünya və MDB
üzrə orta artım tempini 2-2,5 faiz üstələyəcək.
Daxili investisiya fəallığının formalaşmasında
dövlət investisiyaları mühüm rol oynayacaq. Məşğulluğun
yüksəlməsi, əhalinin real gəlirlərinin
artması və istehlak kreditləri ölkədə istehlak tələbatının
müsbət dinamikasına dəstək olacaq.
Nazirlər Kabinetinin
2014-cü ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham
Əliyev demişdir: “Ölkəmizin maliyyə vəziyyəti
çox sabitdir. Mən dəfələrlə demişəm,
bizim iqtisadi və maliyyə vəziyyətimiz müstəqilliyimizi
şərtləndirən əsas amillərdən biridir. Azərbaycanın
böyük maliyyə resursları xalqımızın
istedadı və düşünülmüş siyasət nəticəsində
əldə edilmişdir. Bu gün dünya miqyasında
adambaşına düşən valyuta ehtiyatlarına görə,
hesab edirəm ki, Azərbaycan aparıcı, yəni, ən qabaqcıl
yerlərdədir. Bizim 54 milyarddan çox valyuta
ehtiyatlarımız vardır. Bu da bizə inam, əminlik verir,
imkan verir ki, bundan sonra da böyük infrastruktur və sosial
layihələrimizi icra edək”.
Azərbaycanın
maliyyə imkanlarının artması təbii ki, sosial məsələlərin
həllinə də öz müsbət təsirini göstərmişdir.
Ölkə başçısı bununla bağlı
sözügedən iclasda bir sıra rəqəmləri diqqətə
çatdırmışdır. Dövlətimizin
başçısı orta əməkhaqqının
hazırda 440 manat və ya 560
dollar təşkil etməsini, hesabat dövründə sosial
infrastruktur layihələrinin uğurla
reallaşdırılmasını, 80-dən çox təhsil
müəssisəsinin, 40-dan çox səhiyyə
ocağının təmir olunduğunu
vurğulamışdır.
Qeyri-neft sektorunun
prioritet sahələrinə maliyyə dəstəyinin daha da
gücləndirilməsi məqsədilə Sahibkarlığa
Kömək Milli Fondunun xətti ilə 2600-dən çox
sahibkara 129 milyon manat güzəştli kredit verilmişdir və
bu kreditlər hesabına 6 minədək yeni iş yerinin
yaradılması nəzərdə tutulur. Ötən ilin
müvafiq dövrü ilə müqayisədə maliyyələşdirilmiş
layihələrin sayı 27,4 faiz artmışdır ki,
onların da 98 faizi kiçik kreditlərin payına
düşür.
Verilmiş kreditlərin
79 faizi regionların, 21 faizi Bakı qəsəbələrinin
payına düşməklə, 84 faizi aqrar sahənin, 16 faizi
isə sənaye və digər sahələrin
inkişafına yönəldilmişdir. Maliyyələşdirilmiş
20 istehsal, emal və infrastruktur müəssisələri
artıq istifadəyə verilmişdir və ilin sonunadək 60
belə müəssisənin işə salınması
planlaşdırılır. İl ərzində sahibkarlara
ümumilikdə 280 milyon manat güzəştli kreditlərin
verilməsi nəzərdə tutulmuşdur.
Son illərdə
müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli
məhsul istehsal edən yüzlərlə müəssisənin
fəaliyyətə başlaması da məhz Azərbaycanın
maliyyə qüdrətinin güclənməsinin nəticəsidir.
Bu isə ölkəmizin xarici ticarətinin coğrafiyasının
genişlənməsinə, onun əmtəə strukturunun təkmilləşməsinə
öz müsbət təsirini göstərmişdir.
Xatırladaq ki, son 10 ildə ölkəmizin xarici ticarət
dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə, o cümlədən
qeyri-neft məhsulları ixracı 4,7 dəfə, idxal isə
4,1 dəfə artmışdır.
Azərbaycanın
maliyyə imkanları genişləndikcə xarici
investisiyaların, qabaqcıl texnologiyaların, idarəetmə
təcrübəsinin cəlb olunması da geniş vüsət
alır. Ölkədə bərqərar olmuş siyasi və
makroiqtisadi sabitlik, investorların hüquqlarının
etibarlı qorunması, əlverişli coğrafi mövqe, zəngin
təbii ehtiyatlar, yüksək ixtisaslı işçi
qüvvəsi Azərbaycanı xarici investisiyalar
üçün cəlbedici ölkələrdən birinə
çevirmişdir. Bu günədək Azərbaycan
Respublikası hökuməti ilə xarici dövlətlər
arasında investisiyaların təşviqi və
qarşılıqlı qorunması haqqında 46 saziş
imzalanmışdır. Məhz bunun nəticəsidir ki, təkcə
ötən il ölkə iqtisadiyyatına 10,5 milyard dollar məbləğində
xarici investisiya qoyulmuşdur. Bu investisiyaların yarıdan
çoxu qeyri-neft sektoruna yönəldilmişdir.
Yeri gəlmişkən,
1995-ci ildən bu ilin əvvəlinədək Azərbaycan
iqtisadiyyatına 83,8 milyard dollar xarici investisiya qoyulmuş və
bu vəsaitin 35 milyard dolları qeyri-neft sektorunun
inkişafına yönəldilmişdir. Qeyri-neft sektoruna
yatırılan investisiyanın
26 faizi Türkiyənin, 16 faizi Böyük
Britaniyanın, 12 faizi isə ABŞ-ın payına
düşür. Ümumilikdə isə Azərbaycanda əsas
kapitala Böyük Britaniya 18 milyard, ABŞ 7 milyard, Yaponiya 4
milyard dollar vəsait yatırmışdır.
Hazırda ölkədə
6857 xarici investisiyalı müəssisə fəaliyyət
göstərir. Bu müəssisələrin 36 faizi (2464)
Türkiyənin, 8,3 faizi (570) Rusiyanın, 7,8 faizi (541)
Böyük Britaniyanın yatırdığı investisiyalar
hesabına yaradılmışdır. Həmin şirkət və
müəssisələr Azərbaycanda dövlət əsaslı
vəsait qoyuluşu hesabına həyata keçirilən
infrastruktur və digər layihələrdə
podratçı və subpodratçı qismində fəal
iştirak edirlər. Məsələn, Türkiyə şirkətləri
müqavilə dəyəri 10,4 milyard ABŞ dolları təşkil
edən 153 layihəyə, Çexiya şirkətləri
müqavilə dəyəri 2 milyard dollar olan 6 layihəyə,
Fransa şirkətləri müqavilə dəyəri 1,8
milyard dollar olan 22 layihəyə cəlb olunmuşlar.
Əldə edilən
bu uğurlarla kifayətlənməyən Azərbaycan
hökuməti ölkə iqtisadiyyatına xarici investisiya axınını
artırmaq məqsədilə
bir sıra tədbirləri reallaşdırmağa
çalışır. Belə ki, hökumət ölkənin
qeyri-neft sektoruna xarici investisiya qoyuluşlarını
artırmaq məqsədilə xarici investorlar üçün
stimullaşdırıcı mexanizmlər üzrə təkliflər
hazırlayır. Bu, Nazirlər Kabineti, Həmkarlar
İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər)
Təşkilatlarının Milli Konfederasiyası arasında
2014-2015-ci illər üçün imzalanan Baş Kollektiv
Sazişdə də öz ifadəsini tapmışdır. Sənəddə
həmçinin xarici bazarlarda ölkənin yerli
istehsalçılarının mənafelərini müdafiə
edən, istehsal olunmuş hazır məhsulun dünya
bazarlarına ixracını stimullaşdıran tədbirlər
sisteminin gücləndirilməsi də nəzərdə
tutulmuşdur.
İqtisadiyyatın
maliyyə dayanıqlığı və xarici sərmayənin
ölkəyə cəlb edilməsi baxımından dövlətin
valyuta ehtiyatlarının həcmi ciddi əhəmiyyətə
malikdir. Məhz bu səbəbdəndir ki, Azərbaycan
hökuməti valyuta ehtiyatlarının artırılması
siyasətinin davamlılığını təmin
etmişdir. Hazırda ölkənin strateji valyuta ehtiyatları
ÜDM-in 70 faizinə bərabərdir. Halbuki 2003-cü ildə
bu göstərici cəmi 22 faiz idi. Həmçinin qeyd etmək
lazımdır ki, ölkəmizin valyuta ehtiyatları onun xarici
borcundan 8 dəfə çoxdur. Azərbaycan Prezidenti cənab
İlham Əliyev xüsusi vurğulamışdır ki, biz
öz vəsaitimizdən qənaətlə istifadə etməliyik.
Büdcəmizi elə tutmalıyıq ki, Azərbaycanda valyuta
ehtiyatları daim artsın.
Azərbaycan dövləti
artıq iqtisadiyyatına investisiya qoyuluşu üçün
əlverişli şərait yaratmış, ölkəmizi
investorlar üçün daha cəlbedici etmişdir.
Sevindirici haldır ki, Azərbaycan həm də dünya biznes
dairələrində sərmayədar ölkə kimi
tanınmağa başlamışdır. Davamlı iqtisadi
inkişaf və maliyyə imkanlarının artması nəticəsində
Azərbaycan investisiya ixracatçısına
çevrilmiş, Türkiyə, Gürcüstan, Rusiya,
Monteneqro, Serbiya, İsveçrə və digər ölkələrə
əhəmiyyətli həcmlərdə investisiya
yatırmışdır. Azərbaycan şirkətlərinin
potensialı və peşəkarlığı xeyli
artmış, bir sıra ölkələrdə, o cümlədən
Avropada mühüm infrastruktur layihələrinin icrasında
özəl şirkətlərimizin fəaliyyəti genişlənmişdir.
Hazırda Azərbaycanın dövlət və özəl
şirkətləri xarici ölkələrdə neft-kimya, qaz,
yol və digər layihələrin
reallaşdırılmasında də fəal iştirak
edir. Türkiyənin Bodrum şəhərində
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının (TDƏŞ) IV Zirvə
toplantısında
çıxış edən ölkə Prezidenti cənab
İlham Əliyev demişdir:
“Azərbaycan iqtisadiyyatı son illərdə uğurlu
inkişaf dövrünü yaşayır. Hesab edirəm ki,
biz Şura çərçivəsində iqtisadi əməkdaşlığı
daha da dərinləşdirməliyik. Bu sahədə investisiya
layihələrinin icrası xüsusi önəm
daşıyır. Deyə bilərəm ki, Azərbaycan
hazırda Türkiyəyə böyük həcmdə
investisiya qoymağa başlamışdır. Növbəti 5-6
il ərzində bu investisiyaların həcmi ən azı 20
milyard dollar olacaqdır. Hesab edirəm ki,
qarşılıqlı investisiyaların qoyuluşu həm
bizim maraqlarımızı təmin edəcək, eyni zamanda,
birliyimizi daha da möhkəmləndirəcəkdir”.
Hazırda Azərbaycan
Türkiyə iqtisadiyyatına ən
çox sərmayə yatıran ölkədir. Bu, müstəqil
Azərbaycan dövlətinin qardaş Türkiyənin inkişafına
verdiyi dəstəyin ən yaxşı göstəricisidir.
Artıq ARDNŞ Türkiyə iqtisadiyyatında ən
böyük və birbaşa sərmayəçidir. Bu sərmayə
çərçivəsində “PETKİM”in satın
alınması, liman tikintiləri, TANAP layihəsi və “Star” neftayırma
zavodunun inşasına indiyədək 5,7 milyard dollar vəsait sərf
olunub. Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı
ilə 2011-ci il oktyabrın 25-də təməli qoyulmuş
“Star” neft emalı zavodunun illik istehsal gücü 10 milyon
ton olacaq. Ümumilikdə 23 bank
və kredit qurumu tərəfindən
“Star” Rafineri layihəsinə ayrılan 3 milyard 290 milyon dollar
kredit beynəlxalq maliyyə bazarlarında Azərbaycana və
Türkiyəyə, o cümlədən ARDNŞ-ə göstərilən böyük
etimaddır. “Star” Rafinerin tikintisinin maliyyələşdirilməsi
kreditin miqdarına və qaytarılma müddətinə
görə Türkiyənin bu vaxtadək aldığı ən
böyük və ən uzunmüddətli kredit paketidir.
Göründüyü
kimi, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi
inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi Azərbaycan ilə Türkiyə
arasında iqtisadi əlaqələri daha da genişləndirmiş, ulu öndərin
dəqiq hədəflərə hesablanmış siyasəti
bütün parametrləri ilə özünü
doğrultmuşdur. Heydər Əliyev böyük uzaqgörənliklə
etibarlı tərəfdaş olaraq Türkiyəni
seçmiş, ölkələrimiz arasında ortaq
işbirliyi strategiyasının müəyyən edilməsinə
qəti qərar vermişdir. Neft sahəsindən əldə
olunan gəlirlərdən səmərəli istifadə edilməsi
hər iki ölkədə iqtisadiyyatın hərtərəfli
inkişafı üçün geniş imkanlar
açmışdır. Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP və TAP layihələri
təkcə Azərbaycan xalqının yox, bu layihələrdən
bəhrələnən və gələcəkdə
onların faydasını görəcək yüz milyonlarla
insanın firavan həyatının qurulmasını təmin
edəcəkdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin işləyib
hazırladığı inkişaf strategiyası nəticəsində
son 10 ildə Azərbaycan dayanıqlı və davamlı
iqtisadi inkişafını daha da sürətləndirmiş, regionun siyasi, iqtisadi və mədəni
mərkəzinə çevrilmişdir. Azərbaycan
iqtisadiyyatının bir çox sahələrində,
xüsusilə də qeyri-neft sektorunda nəzərə çarpan
yüksəlişi bir tərəfdən ölkəmizin
geniş inkişaf potensialını əks etdirir, digər tərəfdən
isə bu potensialdan tam istifadə olunması məqsədilə
əlavə tədbirlərin həyata keçirilməsi zərurətini
ortaya qoyur. Yaxın illərdə qarşıda duran əsas məsələlərdən
biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarından
asılılığı aradan qaldırmaq və iqtisadi
artımı qeyri-neft sektorunun, o cümlədən onun
aparıcı tərkib hissəsi olan sənaye sektorunun
hesabına təmin etməkdir.
Digər mühüm
bir məsələ isə əldə olunan maliyyə resurslarının
bir hissəsini insan kapitalının inkişafına yönəltməkdir.
Dünya İqtisadi Forumunun
hesabatında Azərbaycanın informasiya-kommunikasiya
texnologiyaları sektorunda əldə etdiyi uğurların
öz əksini tapması ölkəmizdə sözügedən
sahədə həyata keçirilən tədbirlərin məntiqi
nəticəsidir. Belə ki, son illərdə respublikamızda neft kapitalının insan
kapitalına çevrilməsi
istiqamətində böyük
layihələrin uğurla reallaşdırılması
informasiya-kommunikasiya
texnologiyalarının
inkişafına da müsbət təsir göstərmişdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev demişdir:
“Bizim düşünülmüş siyasətimiz, eyni zamanda,
planlı addımlarımız məhz ona hesablanıb ki,
bütün infrastruktur layihələri uğurla başa
çatsın. Bu layihələrin icra edilməsi nəticəsində
biz bütün infrastrukturumuzu yeniləşdirəcəyik.
Çünki bizim infrastruktur layihələrimizin
yaradılması sovet dövründən
başlamışdır. Onların bir hissəsi köhnəlmiş,
bir hissəsi sıradan çıxmışdır. Həyat
yerində durmur, indi yeni texnologiyalar vardır, yeni ixtiralar
üzə çıxıbdır. Biz elə etməliyik ki,
bizim infrastruktur sahəsində heç bir
çatışmazlıq olmasın...”.
Heç şübhəsiz,
belə layihələrin reallaşdırılması həm
ölkəmizin sosial-iqtisadi vəziyyətini
yaxşılaşdırır, onun maliyyə imkanlarını
artırır, həm insanların daha rahat infrastrukturla təmin
olunmasına səbəb olur, həm də Azərbaycanı
regionda əsl güc mərkəzinə çevirir.
Əlipənah
BAYRAMOV
Xalq qəzeti.- 2014.- 7 sentyabr.- S.3.