“Əsrin müqaviləsi”
bu günümüzün
və
sabahımızın təminatına çevrilmişdir
Əvvəlki nəsillərin görkəmli nailiyyətlərini inkişaf etdirərək müstəqil Azərbaycanın bu günü və sabahı üçün böyük tarixi əhəmiyyət kəsb edən neft strategiyasının hazırlanması və həyata keçirilməsi gələcək nəsillər üçün xoş güzəranın təməlini qoydu.
Heydər ƏLİYEV
Ümummilli lider
Özünün 150 ildən artıq tarixi ərzində böyük inkişaf yolu keçmiş Azərbaycan neft sənayesi həmişə şanlı uğurları ilə dünya mütəxəssislərinin diqqət mərkəzində olmuşdur.
Ancaq etiraf etməliyik ki, xalqımız bu sərvətdən yalnız XX əsrin sonralarında —
müstəqillik qazandıqdan sonra tam bəhrələnmək
imkanı qazanmışdır. Bu
imkanı reallığa çevirən isə Heydər
Əliyev dühasının məhsulu olan
yeni neft
strategiyamız və həmin strategiyanın
reallaşdırılması üçün
hazırlanmış neft
diplomatiyasıdır. Adı çəkilən
strategiya Azərbaycanın təbii sərvətlərindən
xalqımızın bəhrələnməsinə xidmət
etdisə, neft
diplomatiyamız Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının birgə işlənilməsi
üçün dünyanın Qafqazda marağı olan bütün mərkəzlərinin maraqlarının ödənilməsinə
şərait yaratdı. Bu isə Azərbaycanın
dostlarının daha da
çoxalması demək idi.
Ulu öndər çox qısa
müddətdə elə bir strategiya və diplomatiya ərsəyə
gətirdi ki, hətta, Azərbaycanın bədxahları
da gördüklərinə, eşitdiklərinə
mat qaldılar. Çünki
həmin strategiya ölkəmizin
uzunmüddətli inkişafını təmin etməklə
yanaşı, dövlət
müstəqilliyimizin
əbədiləşdirilməsinin də qarantına çevrildi. Sonralar “Əsrin müqaviləsi” adlandırılan Xəzərin
Azərbaycan sektorundakı karbohidrogen
ehtiyatlarının birgə işlənməsi məqsədiylə
imzalanmış “Hasilatın Pay Bölgüsü Sazişi”
adlı sənəddə, demək olar ki, dünyanın bütün
qütbləri iştirak edirdilər.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə adı çəkilən
sazişi imzalamış beynəlxalq
konsorsiumdakı şirkətlər elə ölkələri təmsil
edirlər ki, həmin ölkələr Qafqazda sülh və sabitliyin növbəti dəfə
pozulmasına qətiyyən imkan verməzlər. Halbuki, müqavilənin imzalanmasından cəmi bir il əvvəl Azərbaycanın
qalan ərazilərinin də işğal və ya ilhaq ediləcəyi barədə təhdidlər
eşidir, dövlət müstəqilliyimizin
növbəti dəfə itiriləcəyi təhlükəsinin
həyəcanını yaşayırdıq. Böyük
dövlət xadimi Nikolay
Baybakovun dediyi kimi Heydər Əliyev dünya
şirkətləri ilə möhtəşəm neft sazişini inzalamaqla həm Azərbaycanın ərazi bütövlüyünün bərpasına zəmin
yaratdı, həm dövlət müstəqilliyinin əbədiləşdirilməsinə
nail oldu, həm
də öz xalqına uzunmüddətli sosial rifah bəxş etdi.
Dövlət
müstəqilliyimizi bərpa etdiyimiz ilk illərdə
hamı ölkənin qarşısındakı iqtisadi və sosial çətinliklərin
aradan qaldırılmasının əsas yolu kimi neft
və qaz hasilatının
artırılmasını görürdü.
Ancaq hasilatı necə artırmaq
olardı? Bir tərəfdən, bu məqsədi reallaşdırmaq üçün maliyyə imkanları yox idi, bir
tərəfdən Ermənistanın
Azərbaycana qarşı hərbi, siyasi, iqtisadi təcavüzü günün
reallığı idi, digər tərəfdən
isə ölkəni bürümüş
daxili ziddiyətlər, səbatsızlıq,
özbaşınalıq Qərbin neft
şirkətlərini Azərbaycandan çəkindirirdi. Bundan başqa, xarici neft şirkətləri
ilə danışıq aparan mütəxəssislər
Azərbaycanın maraqlarının təmin edilməsinə nail ola bilmirdilər. Azərbaycan
neftinə maraq göstərən xarici neft şirkətləri
ilə hələ 80-ci illərin axırlarından aparılan
danışıqlar artıq 1993-cü ilin
yazında başa çatmaq
üzrə idi. Həmin
dövrdə Azərbaycan elə bir
müqavilənin imzalanmasına yaxınlaşmışdı
ki, o nəinki
xalqın mənafelərini nəzərə almırdı, hətta,
həmin sənəd imzalansaydı,
ölkənin qiymətli təbii sərvəti talan ediləcək,
iqtisadiyyatımıza böyük ziyan vurulacaqdı.
1993-cü
ildə Heydər Əliyevin hakimiyyətə
qayıdışı Azərbaycanın siyasi
və iqtisadi həyatında taleyüklü dəyişikliklərin
başlanğıcını qoymaqla
yanaşı, neft müqaviləsi üzrə
müzakirələrə, danışıqlara faktiki olaraq yenidən
başlanmasını reallaşdırdı və nəhayət,
çətin danışıqlar prosesindən sonra Azərbaycanın
maraqlarına tamamilə cavab verən
müqavilə şərtləri əldə edildi.
Xüsusilə qeyd edilməli
məqam ondan ibarət idi
ki, ulu öndər
Heydər Əliyevin işləyib hazırladığı yeni neft
strategiyasının reallaşdırılmasında onun ən böyük
siahdaşı məhz Dövlət Neft
Şirkətinin vitse-prezidenti İlham Əliyev idi.
Əsas şirkətlərlə danışıqları da elə cənab İlham Əliyev aparırdı. Sonralar ulu öndər
xatırladırdı ki, 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında Qərbin neft şirkətləri ilə
bağlanmış neft sazişi
müstəqil Azərbaycan Respublikasının yeni tarixinin başlanğıcı olmuşdu: “1994-cü ildən Azərbaycan
dövləti özünün yeni neft
strategiyasını həyata keçirir və
bu strategiyanın da əsas
mənası, əsas prinsipləri Azərbaycanın zəngin
təbii sərvətlərindən, o
cümlədən neft və qaz sərvətlərindən Azərbaycan
xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən
ibarətdir”.
Xatırladaq ki, “Əsrin müqaviləsi”ndən sonra xarici ölkələrin neft
şirkətləri ilə ARDNŞ arasında ölkəmizə
60 milyard ABŞ dolları həcmində sərmayə gətirilməsini nəzərdə
tutan 21 neft sazişi imzalanmışdır. Bu gün həmin
sazişlərin həyata keçirilməsində
dünyanın 14 ölkəsinin 30 neft
şirkəti iştirak edir.
Təbii ki, istehsal olunan
neft-qaz o zaman xalqa və dövlətə
səmərə verər ki, bu sərvət dünya
bazarına çıxarılsın. Ona
görə də Heydər Əliyevin neft
strategiyasının əsas istiqamətlərindən biri də Azərbaycan neftinin
dünya bazarına nəqli
yollarının dəqiq müəyyənləşdirilməsi
idi. Xalqımızın və
dövlətimizin mənafelərinin
uzunmüddətli şəkildə qorunması,
genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın
inkişafı, regionda neft
hasilatının artması ilə əlaqədar neftin dünya
bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə
strateji əhəmiyyətli
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi əsas götürüldü və geridə qalan illər sübut etdi ki, bu
variant həqiqətən Azərbaycanın
maraqlarını tam təmin edir.
Müqavilənin
imzalanmasından sonrakı illərdə həyata keçirilmiş tədbir və layihələrin
nəticələrinə diqqət yetirərkən görürük
ki, respublikamızın neft-qaz sənayesinə qoyulan
sərmayə, yaradılmış
investisiya mühiti,
xarici investorların sərmayələrinin
qorunması, güclü siyasi
iradə və qurulan beynəlxalq
əməkdaşlıq bugünkü Azərbaycan
reallıqlarını mümkün etmişdir. Bu müqavilənin
nəticələri Azərbaycanı Avropa
ölkələrinin enerji təhlükəsizliyinin
təminatında xüsusi rol oynayan bir ölkəyə
çevirmişdir. Dövlətimizin neft siyasətinin
əsasını istehsalçıların, tranzit
ölkələrin və istehlakçıların maraqlarına
hörmətlə yanaşılması məsələləri təşkil
edir.
Son zamanlar ölkəmizin
neft siyasətinin daha böyük uğurları sıralanır. Xəzərin
Azərbaycan sektorundakı “Şahdəniz” qaz
yatağı dünyanın ən böyük
yataqlarından biridir və ölkəmizin
qaz ehtiyatlarının təxminən 50 faizini təşkil
edir. Ancaq son illərdə uğurlu
kəşfiyyat işləri nəticəsində “Ümid” və “Abşeron”
qaz yataqları da
aşkarlanıb. 2,5 trilyon kubmetr
həcmində qiymətləndirilən bu
ehtiyatlar həm
Azərbaycanın, həm də Avropanın uzun müddət enerji təhlükəsizliyinin
təmin edilməsi üçün öz rolunu oynayacaq. Bu ehtiyatların dünya
bazarına çıxarılması məqsədilə
düşünülən “Cənub”
qaz dəhlizinin təşəbbüskarı
da məhz Azərbaycandır. Bu layihənin icrası nəticəsində həm
Azərbaycan, həm də onun
qonşuları və Avropa ölkələri
böyük fayda
götürəcəklər.
“Əsrin müqaviləsi”nin müəllifi
olmuş respublikamızın liderlik keyfiyyətlərinin
göstəricisi olan üç
layihə - “Şahdəniz-2”, TANAP və TAP Avropanın enerji xəritəsini dəyişdirəcək,
Azərbaycanı çox önəmli iqtisadi və enerji tərəfdaşına
çevirəcək və ən vacibi, Azərbaycan
xalqının bundan sonra
da iqtisadi və maliyyə
məsələlərinin həlli sahəsində
rifahını təmin edəcəkdir. Dövlət
başçımızın qeyd etdiyi kimi, biz
bu layihələrin icrası nəticəsində
bundan sonra ən
azı yüz il ərzində
qaz ixracatından böyük
fayda götürəcəyik və Azərbaycanın
dünyadakı rolu daha
da artacaqdır.
Xatırladaq ki, dövlətimiz öz neft siyasətini yaxın tərəfdaşları
və dostları ilə əməkdaşlıq çərçivəsində
daha da inkişaf
etdirir. Məsələn, Azərbaycanla
Türkiyənin birgə təşəbbüsünün bəhrəsi
olan TANAP, Trans- Anadolu layihəsi “Cənub” qaz
dəhlizinin reallaşmasına həlledici təsirini göstərəcəkdir.
Bu məqsədlə Trans-Adriatik qaz kəmərinin reallaşması üçün bütün
məsələlər öz həllini
tapmışdır. Bakıdan Avropaya, İtaliyaya qədər uzanacaq
TAP layihəsi əməkdaşlığın
yeni formatı kimi
ölkələr arasındakı birgə fəaliyyəti daha da genişləndirəcək. İlkin hesablamalara görə,
45 milyard dollar vəsaitin
sərfini nəzərdə tutan kəmərlərin
çəkilişi üçün Azərbaycan
da öz maliyyə
imkanlarını ortaya qoyur.
Bəs “Əsrin
müqaviləsi” bizə – dövlətimizə və
xalqımıza hansı səmərələri verib? Bu sualın
cavabını möhtərəm dövlət
başçımızın müxtəlif nitq
və çıxışlarında dəfələrlə eşitmişik. Azərbaycan BMT Təhlükəsizlik
Şurasına, Avropa Şurasının Nazirlər
Komitəsinə və bir sıra mötəbər
beynəlxalq təşkilatlara sədrlik edib.
Dövlətimiz “Böyük iyirmilər”in
sammitlərinə dəvət alır. Biz
kosmosa öz rabitə
peykimizi çıxartmışıq. Azərbaycan
kosmik ölkələr ailəsinin üzvüdür. Bakı dünyanın bütün mütərəqqi təşkilatlarının
tədbirlərinə ev sahibliyi
edir. Ölkəmizin həm siyasi, həm də
iqtisadi reytinqi
gündən-günə artır. Respublikamızın
paytaxtı ilə paralel olaraq bütün
regionları bərabər şəkildə inkişaf
edir. Ölkədə yoxsulluq
və işsizlik səviyyəsi minimuma endirilib, milyondan artıq yeni iş yerləri yaradılıb. Prezident İlham Əliyevin dediyi kimi, bütün
bunların hamısı ölkədə aparılan hərtərəfli
islahatların, ən başlıcası isə ulu öndər Heydər Əliyevin neft strategiyasının bizə verdiyi səmərələrdir. Deməli, həmin
uğurlar həm də bu
günlər 20 yaşını qeyd etməyə
hazırlaşdığımız
“Əsrin müqaviləsi”nin nəticələridir. Daha böyük nəticələr
isə hələ öndədir.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
Məqalə Azərbaycan Mətbuat Şurası və “SOCAR-AQŞ” MMC-nin kütləvi informasiya vasitələri təmsilçiləri üçün birlikdə elan etdiyi “Əsrin Müqaviləsi – Ölkəmizin Davamlı Sənaye İnkişafının Təməli” mövzusunda yazı müsabiqəsinə təqdim edilir.
Xalq qəzeti.- 2014.- 7 sentyabr.- S.3.