Azərbaycan xarici siyasətində bütün
ölkələrlə dostluğa
və beynəlxalq təşkilatlarla əməkdaşlığa
böyük önəm verir
Azərbaycan regional təhlükəsizlik və sabitlikdə mühüm rol oynayır. Bununla belə, bu gün regionumuzdakı təhlükəsizliyə ən böyük hədə Azərbaycanın ərazisinin iyirmi faizini təşkil edən Dağlıq Qarabağ və yeddi ətraf rayonu işğal altında saxlayan Ermənistanın işğalçılıq siyasətidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
NATO-nun Uelsdə keçirilmiş sammitindəki çıxışından
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Uelsin Nyuport şəhərində keçirilən NATO sammitində iştirakı dövlət başçımızın alyansa üzv dövlətlərin və tərəfdaş ölkələrin rəhbərləri, eləcə də, BMT və digər beynəlxalq təşkilatları təmsil edən nümayəndələrlə növbəti görüşlərinə zəmin yaratdı. Tədbirdə BMT-nin və Avropa İttifaqının ali nümayəndələrinin də iştirakı sammitin beynəlxalq əhəmiyyətini daha da artırırdı. Dövlət başçımızın NATO-nun baş katibi Anders Foq Rasmussen və Böyük Britaniyanın Baş naziri Devid Kemeron, eləcə də Fransa Prezidenti Fransua Ollandla görüşləri Azərbaycan həqiqətlərinin Qərbdə növbəti dəfə səsləndirilməsinə verdi. Tədbir iştirakçıları Ukrayna hadisələri, Əfqanıstanın gələcəyi, yeni təhdidlərə qarşı mübarizə, təhlükəsizliyi təmin edən silahlı qüvvələrə dəstəyin artırılması, əməkdaşlığın möhkəmləndirilməsi, İraq və Suriya böhranı ilə bağlı məsələləri müzakirəyə çıxardılar. Bizim üçün maraqlı olan məqam isə ondan ibarətdir ki, bir zamanlar heç kəsin tanımadığı və ya tanımaq istəmədiyi Azərbaycan dövləti bu gün dünya və Avropa miqyaslı bütün tədbirlərə dəvət alır və fəal iştirak edir. Prezident İlham Əliyevin NATO samitindəki növbəti çıxışı isə dostlarımızı sevindirdi, bədxahlarımızın yuxusuna haram qatdı.
Bu məqamda bir
faktı xüsusilə yada salmaq zərurəti var.
Belə ki, NATO sammitinin
keçirildiyi günlərdə
Serbiyanın RTS telekanalının saytında Serbiya-Azərbaycan
Ticarət Palatasının sədr müavini
Draqan Vuyoviçin
ölkələrimiz arasında əlaqələrə dair müsahibəsi yerləşdirilib.
Müsahibədə vurğulanır ki,
“Azərbaycan geosiyasi baxımdan önəmli,
lakin həssas bir
bölgədə yerləşir. Bu
ölkə hər hansı hərbi blokların bir parçası olmağı deyil, Qoşulmama Hərəkatının
üzvü seçilməyi üstün tutub. Azərbaycan
da Serbiya kimi müharibə ilə üzləşib, torpaqlarının
20 faizini itirib. Azərbaycan
uzun illərdir Ermənistan ilə
müharibə şəraitində yaşayır. Bununla belə, Cənubi Qafqaz
iqtisadiyyatının 80 faizi sürətli
iqtisadi inkişafın müşahidə olunduğu Azərbaycanın payına düşür. Dünya
ölkələri maliyyə böhranından əziyyət
çəkdiyi vaxtlarda belə Azərbaycanda
tərəqqi müşahidə olunub. Son on ildə bu ölkədə bir milyondan artıq yeni iş yerləri açılıb, işsizliyin səviyyəsi xeyli
aşağı düşüb. Bu göstəricilərə görə Azərbaycan
hətta bəzi inkişaf etmiş
ölkələri də üstələməkdədir. Təbii
ki, bu inkişafda
enerji sektorunun rolu böyükdür. Lakin Azərbaycan hökuməti üçün qeyri-neft sektorunun inkişaf etdirilməsi
də prioritetdir” .
Ölkəmizin xarici siyasəti barədə yazı
hazırlayarkən həmin müsahibəni yada
salmağımız təsadüfi deyil. Çünki serbiyalı siyasətçinin bu fikirləri NATO rəsmilərinə Azərbaycan
barədə qənaətləri ilə tamamilə
üst-üstə düşür. Ancaq təkcə
bu iki siyasətçi
deyil, bütövlükdə Avropa və Qərb siyasətçiləri də
Azərbaycanın xarici siyasətindən
kifayət qədər məmnun olur və
bunu etiraf edirlər. Çünki məlum 11 Sentyabr
hadisəsindən sonra yaradılan Beynəlxalq
Antiterror Koalisiya başda olmaqla, bu xarakterli bütün tədbirlərdə
Avropa və Qərb Azərbaycanı öz yanında görüb.
İstənilən ədalətsizliyə qarşı öz haqq səsini
qaldıran Azərbaycan Əfqanıstanda, İraqda,
Kosovoda sülh yaratmaq istəyən beynəlxalq qüvvələrin
bütün əməliyyatlarında əsl
tərəfdaş kimi iştirak edib. Beynəlxalq
aləmdən öz problemimizə
münasibətdə ədalət və obyektivlik
tələb edərkən göstərdiyimiz qətiyyət də
məhz özümüzün ortaya qoyduğumuz ədalətli
mövqedən qaynaqlanır.
Ulu öndər Heydər Əliyevin işləyib
hazırladığı xarici siyasət kursunda beynəlxalq təşkilatlarla
münasibətlərin qurulması və inkişaf
etdirilməsi prioritet istiqamətlərdən
biridir. Bu siyasətin nəticəsi olaraq
Azərbaycan dünyanın ən nüfuzlu
beynəlxalq təşkilatlarının – BMT, ATƏT, Avropa Şurası, İslam
Konfransı Təşkilatı, Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatı
və digər mötəbər qurumların üzvü
kimi onların işində yaxından iştirak edir. Bundan başqa, ölkəmiz Avropa
İttifaqı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və
İnkişaf Bankı kimi
təşkilatlarla da fəal əməkdaşlıq
edir. İndiyədək bu
təşkilatlar tərəfindən ölkəmizdə onlarca iqtisadi və sosialyönümlü proqram
və layihə həyata keçirilib.
Ötən illərdə Azərbaycanın
üzv olduğu və
əməkdaşlıq etdiyi bütün beynəlxalq təşkilatlarla əlaqələri
daha da genişlənmiş
və möhkəmlənmişdir. 2012-2013-cü illərdə
Azərbaycanın BMT Təhlükəsizlik
Şurasının üzvü kimi fəaliyyəti ölkəmizin beynəlxalq
təşkilatlarla uğurlu əməkdaşlığının
bariz nümunəsidir.
Ekspertlərin fikrincə,
ölkəmizin xarici siyasətində beynəlxalq
təhlükəsizlik strukturları ilə əməkdaşlıq
da aparıcı istiqamətlərdəndir.
Bu baxımdan NATO ilə əlaqələr
xüsusilə qeyd olunmalıdır. Azərbaycan-NATO
əlaqələri ölkəmizin Avratlantik
strukturlara inteqrasiyasının tərkib
hissələrindən biridir. Bu əməkdaşlıq
Azərbaycanın 1994-cü ildə “Sülh
naminə tərəfdaşlıq” Proqramına
qoşulması ilə başladı. Bununla
Azərbaycan NATO hərbi strukturları ilə əməkdaşlıq
etmək, birgə təlimlər keçirmək, hərbi kadrlar hazırlanmasında alyansın təcrübəsindən
bəhrələnmək imkanları qazandı.
Respublikamız
2003-cü ilin payızından etibarən
digər beynəlxalq qurumlarla olduğu kimi, NATO ilə də
ortaq maraq kəsb edən
geniş spektrli məsələlər
üzrə siyasi dialoq
aparır. Müxtəlif formatlarda
və səviyyələrdə aparılan dialoq
çərçivəsində tərəfdaşlıq, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi,
əməliyyatlarda iştirak,
Əfqanıstana töhfə, meydana gələn
təhlükəsizlik təhdidləri və s.
aktual məsələlər
müzakirə olunur, eləcə də praktiki əməkdaşlığın vəziyyətinə
qiymət verilir. Prezident
İlham Əliyevin NATO missiyası
altında keçirilən istənilən tədbirdə,
xüsusən, qurumun sammitlərində
iştirakı Azərbaycana bu təşkilat
daxilində xüsusi nüfuz
və etimad qazandırır. Məhz həmin
etimad nəticəsində NATO rəsmiləri
dönə-dönə qeyd ediblər ki, Azərbaycan NATO üçün
vacib və əhəmiyyətli tərəfdaşdır.
Biz Əfqanıstanda aparılan əməliyyatlara
verdiyi qətiyyətli dəstəyə
görə Azərbaycana minnətdarıq. Biz
həmçinin NATO-nun əməliyyatlarına
hava məkanından istifadə və tranzit marşrutları formasında verilən siyasi dəstəyə görə təşəkkür
edirik.
Beynəlxalq aləmdə
kifayət qədər nüfuz və etimad qazanmağımızın əsas səbəblərindən
biri də son illər
ölkəmizdə həm siyasi, həm də
iqtisadi islahatların aparılması olub. Prezident İlham Əliyevin dediyi kimi, bu gün
Azərbaycan nadir ölkələrdəndir
ki, gələcəyini özü
müəyyən edir, tam
şəkildə müstəqil siyasət aparır. Azərbaycanda
iqtisadi müstəqillik tam
təmin edilibdir. Azərbaycan özünü təmin edən ölkədir.
Beynəlxalq təşkilatlarda Azərbaycana olan
rəğbət göz
qabağındadır. Bunun əyani sübutu BMT Təhlükəsizlik
Şurasına seçilməyimiz idi. Bu, tarixi bir
hadisə idi. Dünyanın
birinci aparıcı qurumu
olan BMT Təhlükəsizlik
Şurasına seçilməyimiz gənc müstəqil
dövlət üçün böyük diplomatik və
siyasi uğurumuzdur.
Əslində, bu, ölkəmizin imicini, qısa müddət ərzində nə
qədər böyük yol
keçdiyini göstərir. Beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti
– 155 ölkə bizim namizədliyimizi dəstəkləmişdir,
bizə inanmışdır və bilirəm ki,
bu inama görə peşman olmamışdır. Çünki
biz bəyan etdiyimiz kimi, iki il
ərzində BMT Təhlükəsizlik Şurasında beynəlxalq
hüququ və ədaləti
müdafiə etmişik. Bu
gün də müdafiə edirik və hər zaman
müdafiə edəcəyik.
Təbii ki, xarici siyasətlə
bağlı əsas məsələmiz Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
həll olunmasıdır. Təəssüf ki,
beynəlxalq ictimaiyyət və bu məsələ
ilə birbaşa məşğul olan vasitəçilər tərəfindən
indiyədək Ermənistana heç bir ciddi irad
tutulmamışdır. Ancaq buna baxmayaraq artıq dünya ictimaiyyətində belə bir qənaət yarada bilmişik ki,
Dağlıq Qarabağ əzəli Azərbaycan
torpağıdır. Tarixi və hüquqi nöqteyi-nəzərdən Qarabağ həmişə Azərbaycan
torpağı olmuşdur. Azərbaycan
xalqı Dağlıq Qarabağda və işğal edilmiş digər
torpaqlarda əsrlər boyu
yaşamış, yaratmışdır. Bütün
tarixi abidələrimiz, toponimlərimiz, kəndlərin,
şəhərlərin adları Azərbaycan mənşəlidir.
Biz öz yeganə problemimizin həlli məqsədiylə
dünyanın bütün qüvvələri
ilə əməkdaşlıq edirik. O
cümlədən, İslam ölkələri
ilə. Müsəlman ölkələri ilə əlaqələrimiz
çox möhkəmdir. Azərbaycan İslam aləminin bir
parçasıdır. Dövlət başçımız etiraf edir ki,
İslam Əməkdaşlıq Təşkilatı
çərçivəsində çox
fəal iş aparırıq. Bu təşkilatın xətti ilə Azərbaycanda
çoxsaylı tədbirlər keçirilmişdir.
Biz İslam həmrəyliyinin
gücləndirilməsi istiqamətində öz
töhfəmizi veririk. Əlbəttə ki, beynəlxalq arenada,
xüsusilə BMT-də müsəlman ölkələrinin dəstəyi
çox əhəmiyyətlidir. Bu qarşılıqlı dəstək
artıq bir reallığa çevrilibdir.
Əlbəttə ki, bu,
bizi daha da gücləndirir. Bizim
müsəlman ölkələri ilə tarixi
əlaqələrimiz vardır. Həmin əlaqələr bu gün yeni
müstəviyə qalxıbdır.
Xarici siyasətimizin başqa
bir istiqamətinə diqqət yönəldək.
Prezident İlham
Əliyevin diplomatik missiya
rəhbərlərinin beşinci
müşavirəsində dediyi kimi, Avropa ölkələri
bizim ənənəvi tərəfdaşlarımızdır.
Avropanın əksər ölkələri ilə bizim çox işgüzar və səmimi münasibətlərimiz
vardır. Avropa bizim əsas
ticarət tərəfdaşımızdır. Bizim
ixrac məhsullarımız daha çox Avropa məkanına göndərilir.
Amma, söhbət ixrac məhsullarının
göndərilməsi ilə bitmir. Eyni zamanda, bizə Avropa texnologiyaları da
lazımdır. Respublikamız bu gün sürətlə inkişaf
etdir. Müasirləşmə, sənayeləşmə
prosesləri gedir. Ona
görə, yeni texnologiyalar
olmadan bu inkişafa nail olmaq mümkün deyildir. Odur ki, Avropa ilə əlaqələr
daim genişləndirilir.
Xarici siyasətimizdə daha
bir prioritet istiqamət
olan Asiya ölkələri
ilə əməkdaşlığımız da
çox sürətlə inkişaf
edir. Prezident İlham Əliyevin Asiya ölkələrinə səfərləri
, Asiya dövlətlərinin rəhbərlərinin
Azərbaycana səfərləri, qarşılıqlı maraqlar və qarşılıqlı hörmət
onlarla siyasi və iqtisadi əməkdaşlıq aparmaq
üçün çox
böyük potensial
yaradıb. Müstəqil siyasətimiz və beynəlxalq
məsələlərlə bağlı göstərdiyimiz
prinsipiallıq Asiya ölkələrinin
bizə olan rəğbətini
artırır.
Prezident İlham Əliyev xarici siyasətimizi daha geniş məkanda reallaşdırmaq və daha səmərəli nəticələrə
nail olmaq üçün dünyanın ən mühüm beynəlxalq təşkilatlarının
tədbirlərinin Azərbaycanda keçirilməsinə nail olur. Son
dövrlərdə elə bir il olmur ki,
ölkəmizdə siyasi, iqtisadi,
elmi, texniki, mədəni
və idman sahələrinə aid olan bir
neçə forum, simpozium,
konfrans, spartakiada və
ya başqa beynəlxalq
tədbir keçirilməsin. Bu ilin aprelində Bakıda ATƏT Parlament Assambleyasının toplantısı keçirilmişdir. Dövlət
başçımız həmin kürsüdən də sözümüzü çox
kəsərli şəkildə dedi və
region mətbuatı təxminən iki həftə həmin toplantı və Prezident İlham
Əliyevin çıxışı barədə dönə-dönə
yazdı.
Azərbaycan indi Avropa Şurası Nazirlər
Komitəsinə sədrlik edir. Bizim Avropa Şurasında uğurlu
fəaliyyətimiz orada Azərbaycana olan münasibəti tamamilə dəyişdirmişdir.
Çünki keçən ilin yanvar ayında Azərbaycana
qarşı hazırlanan qərəzli məruzə iflasa uğradı. O məruzəni təqdim
edən deputat, demək olar
ki, tamamilə biabır olmuşdur.
Avropa Şurası Parlament
Assambleyası o əsassız, qərəzli,
yalan üzərində yazılmış
məruzəni rədd etdi. Bu, Azərbaycanın qələbəsi idi.
Azərbaycanın
xarici siyasətinin mühüm
istiqamətlərindən biri də enerji diplomatiyasıdır ki,
bu da çox
önəmli məsələdir. Çünki
bu gün enerji təhlükəsizliyini ölkələrin
milli təhlükəsizliyindən
ayırmaq mümkün deyildir. Azərbaycan enerji təhlükəsizliyini
tam şəkildə təmin edib və başqa ölkələrin
enerji təhlükəsizliyinin təmin
olunmasında da fəal iştirak
edir. Son vaxtlar imzalanan sazişlər
bizim imkanlarımızı xeyli artıracaq və Azərbaycanı dünya üçün,
Avropa üçün
daha da önəmli
ölkəyə çevirəcəkdir. “Şahdəniz-2",
TANAP, TAP layihələri Avropanın ən böyük
infrastruktur layihələridir. Azərbaycan
liderliyi öz üzərinə
götürüb. Bu
layihələrin icrası nəticəsində biz böyük bazara çıxış əldə edəcəyik.
Avropa məkanı da yeni qaz mənbəyinə
çıxış əldə edəcəkdir. Yeni qaz mənbəyi – ən
önəmlisi budur, yeni
marşrut yox, yeni qaz mənbəyi. Avropa üçün bu gün yeni
qaz mənbəyi, sadəcə olaraq, Azərbaycandır. Avropa
da bunu yaxşı bilir və ona görə
də Azərbaycanla əməkdaşlığa böyük önəm verirlər.
İ. QAÇAYEV
Xalq qəzeti.- 2014.- 7 sentyabr.- S.1.