Ölkənin informasiya təhlükəsizliyi
və azad
sözün məsuliyyəti
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev ictimaiyyətin, dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və KİV rəhbərləri ilə avqustun 29-da keçirdiyi müşavirədə onların, bütövlükdə ictimaiyyətin diqqətini informasiya təhlükəsizliyi məsələlərinə cəlb etdi. Etiraf etməliyik ki, qloballaşma şəraitində bu problem çox böyük dövləti, ictimai, hüquqi və elmi əhəmiyyət kəsb edir. İlk növbədə, hörmətli akademikin qeyd etdiyi kimi, Azərbaycanın iqtisadi inkişaf, demokratik islahatlar, insan hüquq və azadlıqlarının genişləndirilməsi və digər sahələrdə tərəqqisi dünyada hamı tərəfindən tanınmışdır və dövlətimizin, ölkə Prezidenti cənab İlham Əliyevin siyasətinin beynəlxalq arenada nüfuzu getdikcə artır.
Lakin beynəlxalq münasibətlərdə dövlətimizin
nüfuz və təsiri nə qədər
qüvvətlənirsə, ona hər bir vasitə ilə mane olmağa çalışan rəqiblərimizdə
bir o qədər də
narahatlıq doğurur. Əslində, bəzi
beynəlxalq ictimai təşkilatlar tərəfindən
dövlətimizə
qarşı informasiya təxribatı
aparılır. Və ictimai-siyasi sahədə
informasiya mübarizəsinin getdiyini demək olar. Onu da nəzərə almaq lazımdır ki,
ölkəmizin informasiya təhlükəsizliyində
hər hansı bir boşluqdan istifadə etməyə
çalışan, güclü
havadarları olan Ermənistanla
münaqişə davam edir.
Akademik Ramiz Mehdiyev düzgün qeyd edir ki yeni
informasiya-kommunikasiya mühiti
ölkənin təhlükəsizliyi məsələlərinə
ciddi təsir
göstərir. Eyni zamanda,
söhbət yalnız bilavasitə təhlükəsizliklə
bağlı olan “dövlət sirri” məsələlərindən deyil, həm də ictimai
sahə ilə bağlı problemlərdən gedir.
Bəzən qloballaşma dövrünə xas
olan genişlənən informasiya
mübadiləsinə istinadən müəyyən beynəlxalq
ictimai, qeyri-hökumət təşkilatları
belə bir fikir irəli
sürürlər ki, guya,
internet sahəsinə qoyulan
hər hansı bir məhdudiyyət söz azadlığının məhdudlaşdırılmasının
eynidir. Guya, müasir dövrdə vətənpərvərlik
lazımsız, zərərli bir şeydir, şəxsi həyat
azadlığı milli dəyərlərdən
daha önəmlidir, informasiya
əldə etmək sahəsində insan
hüquqları dövlət maraqlarından üstün
olmalıdır və sair və ilaxır.
Əslində, indiki şərait hər
bir dövlətdən informasiya təhlükəsizliyi
məsələlərinə ciddi diqqət
tələb edir. Və yalnız dövlətdən
deyil, həm də dövlət və
qeyri-dövlət kütləvi informasiya
vasitələrindən, alimlərdən, müəllim və
tərbiyəçilərdən və s. Hər kəsin fəaliyyət və
biliklərini təcrübədə tətbiqetmə aspekti vardır.
İnformasiya texnologiyalarının inkişafı həqiqətən hər hansı bir ölkə, hətta ABŞ kimi
güclü dövlət üçün
də informasiya təhlükəsizliyi sisteminin yaradılmasını çətinləşdirir. Elə
“E.Snouden əhvalatı”nı xatırlamaq
kifayətdir. Lakin məsələ
yalnız informasiya mühafizəsi
üzrə yeni yüksək
texnologiyalı vasitələrin
hazırlanmasının zəruri olduğunda
deyil, həm
də ondadır ki, insanlar
şəxsi həyatlarına hər
hansı bir müdaxilənin əleyhinədir,
amma hər bir informasiyanı öz
şəxsi mənafeyi üçün
istifadə etməyə
razıdır. İctimai
görüş dairəsi olmayan
və öz şəxsi mənafeyi ilə
yaşayan insanların şüurunun
bu cür ambivalentliyi bir çox inkişaf etmiş ölkələrdə kollektiv təhlükəsizlik və şəxsi həyata həddindən
artıq müdaxilə problemləri arasında
qarşılıqlı münasibət üzrə diskussiyalara gətirib çıxardı.
Əslində, hörmətli akademik öz məruzəsində dolayısı ilə
cəmiyyəti bu problemi
görməyə, onun nə qədər təhlükəli olduğunu hiss etməyə çağırır.
Hər bir dövlət yayılmasının ona zərər vura biləcəyi
hər hansı informasiyadan qorunur və həmişə qorunacaqdır. Bu, onun hüququdur.
Və hörmətli akademik çox düzgün olaraq ictimaiyyətin, KİV mənsublarının
və mütəxəssislərin diqqətini bu
məsələlərə cəlb edir. Burada problem ondan ibarətdir ki, indiki şəraitdə
bu məsələlərdə aşkar surətdə ifadə olunmuş
əxlaqi-sosioloji, kulturoloji və hətta
şəxsi-psixoloji kontekstlər özünü
göstərir. İnternet buna
gətirib çıxarıb ki, adi bir insan xüsusi əhəmiyyətə
malik məlumat əldə edə və bununla özünə, ailəsinə, digər
insanlara və ölkəsinə zərər
vurduğunu
düşünməyərək onu
başqalarına ötürə bilər. Müasir informasiya təcrübəsində həmin
kontekstlər xüsusi əhəmiyyət
kəsb edir. İndi təhlükəsizliklə
əlaqədar qərarların qəbul edilməsində çox şey zahirən
siyasətdən uzaq
olan həyat fəaliyyəti sahələrini
tənzimləyən əxlaqi səmtləşmə,
prioritetlər və adət-ənənələrdən asılıdır.
Mənəvi
səmtləşmələrin vacibliyini
aydın nümayiş etdirən yalnız
bir misal göstərək:
hər hansı bir “təşkilat”ın əməkdaşı
evə gələrkən noutbukun
qarşısında oturub internet
vasitəsilə dostu ilə əlaqə
yaradır və onunla
öz işində əldə etdiyi məlumatları bölüşür. Bundan sonrakı
hadisələri hər kəs öz təxəyyülündə
canlandıra bilər. Bizim üçün isə, hətta
bu “əməkdaş”ın harada işlədiyini konkretləşdirməyərək,
başlıcası odur ki,
o, özəl həyatında işi ilə bağlı informasiyanı başqa şəxsə ötürür,
həmin məlumatlar isə başqası tərəfindən
həmin təşkilatın, hətta dövlətin
maraqlarına qarşı istifadə edilə bilər. Bu, dövlət, xüsusi
xidmət orqanları əməkdaşı, jurnalist və ya həkim ola bilər.
Peşə etikasının
pozulması kimi başlanan
hal sonradan vətəndaş
deqradasiyasına, tənəzzülünə və xəyanətə
gətirib çıxarır. Fikrimizcə, Ramiz
Mehdiyev çox haqlı
olaraq ictimaiyyətin diqqətini jurnalistlər
və KİV-in davranışına cəlb
edir. Müasir cəmiyyətdə
informasiya sahəsində bir
sıra məsələlər jurnalistlərin
davranışından, onların vətənpərvərliyindən
asılıdır. Vətənpərvərlik onların siyasi
yönümündən və partiya
mənsubiyyətlərindən asılı olmayaraq,
hər şeydən üstün
tutulmalıdır.
Bu baxımdan dərc olunan
materialların təhlili
göstərir ki, şəxsin həmin məsələlərə
fərdi münasibəti ilə bağlı olan bütün
detalları biz kifayət qədər düzgün, lazımınca qiymətləndirmirik.
Fikrimizcə, bu məsələlərə
münasibətinə görə vətəndaşların əksəriyyətini
iki qeyri-bərabər qrupa
bölmək olar: bəziləri kollektiv təhlükəsizliyin şəxsi həyat
üzərində üstünlük təşkil
etməli olduğunu, azlıq təşkil
edən digərləri isə orta bir mövqe – həm şəxsi həyatı,
həm də təhlükəsizliyi
nəzərə almaqla –
tapılmasını vacib hesab
edir. Bundan başqa, özəl həyatın daha vacib olduğunu
düşünənlər də var, lakin onlar müharibə
şəraitində, mürəkkəb geosiyasi
vəziyyətdə Azərbaycanın
təhlükəsizliyini şəxsi maraqlardan
üstün tutanlar
arasında azlıq təşkil edir.
Əlbəttə ki, dövlət və cəmiyyətin
təhlükəsizliyi daha vacib və önəmlidir, çünki
insanlar həm də terrorçuların, kibercinayətkarların
və müxtəlif növ casusların
hücumuna məruz qala
bilərlər.Buna görə də nəyin bahasına olursa - olsun, onların kollektiv təhlükəsizliyini
təmin etmək lazımdır.
Respublikamızda demokratik islahatların aparılması davam edir, ölkənin
modernləşdirilməsi hüquqi
dövlət prinsiplərinin, informasiya almaq hüququ da daxil olmaqla,
insan hüquqlarının müdafiəsinin
inkişaf etdirilməsini nəzərdə tutur. Bu proseslər artıq çoxdan
gedir. Amma hüquq və vəzifələr, intizam və azadlıq, kollektivin hüququ və fərdin azadlığı
arasında tarazlığı pozmaq olmaz. Azərbaycan modernləşdirilməsinin
gücü də məhz
yenilik və sabitlik, özəl, dövləti və ictimai olanlar arasındakı tarazlığın
saxlanılmasına əməl olunmasındadır.
Tarazlığın pozulması, ən azı, insan
hüquqları məsələlərinə laqeydlik
qədər təhlükəli, dağıdıcı ola bilər.
Ölkədəki
islahatlarda hər şeyin
şəffaf olmasına nə qədər səy göstərilsə və haqq qazandırılsa da, informasiya
axınları üzərində
nəzarətin olması vacibdir.
Əlbəttə ki, bu
işdə çətinliklərin
də, problemlərin də olduğunu görmək lazımdır. Bundan başqa, təbii ki, ümumi məqamların olduğuna
rəğmən, müxtəlif cəmiyyətlər üçün onlar fərqlidir. Hər bir
cəmiyyət özünə görə unikaldır, şəxsi
həyata müdaxilə həddinin dərkində də fərqlidir.
Lakin bu hüdudlar hər bir cəmiyyətdə vardır, eləcə
də hər bir cəmiyyətdə
dövlətin təhlükəsizlik, sərhədlərin
mühafizəsi, güc işlətmə
üzərində nəzarət etmək kimi
hüquqları qorunur. Hər kəsin ayrılıqda özəl həyata
müdaxilə həddi barəsində suala
cavab verməsini nəzərdə tutan sosioloji rəy sorğuları fərdi cavablarda peşə
və ya dini qrup, ailə və
fərd çərçivəsində disbalansın
xüsusiyyətlərini üzə çıxarmır.
Burada qeyd etmək istərdik
ki, təhlükəsizlik,
hər halda, insanın xoş
əhvalı, onun rifahı və ona psixoloji və mənəvi
zərərin vurulmaması ilə bağlıdır. Söhbət ondan
gedir ki, subyektin davranışı, dəyərləri,
bəzi məsələlərə aid ümumi və subyektiv tələblər
arasındakı ziddiyyətlər, heç
olmasa, gələcəkdə izah və həll edilməlidir. Bu işlə peşəkar ekspertlər məşğul olmalıdır və
ilk növbədə, çox
şey jurnalistlərdən, qəzet
redaktorlarından və digər
KİV əməkdaşlarından asılıdır. Dövlətimizin,
Prezident Administrasiyası rəhbərinin bu məsələyə ciddi
diqqət yetirməsi hər birimizin və
bütövlükdə, ölkəmizin xeyrinədir.
Burada bütün mədəniyyətlər üçün ümumi olan məqamlar vardır. Məsələn, çox vaxt biz informasiyada
açıqlıq və şəffaflığı
müdafiə edirik. Məlumatları təhrif
etdiklərinə görə başqa
dövlətlərin informasiya siyasətini
tənqid edirik. Amma bilirik ki, bu
cür sirləri olmayan
dövlət və korporasiya siyasəti yoxdur.
Əxlaqda, məsələn,
çox vaxt həddindən
artıq açıq – saçıqlıq ona
gətirib çıxarır ki, insanlar ədəb qaydalarını pozmağa başlayırlar. Özəl həyatda
müəyyən sirlərin mövcudluğu
isə onları qoruyur. Burada
ən vacibi odur ki, sirlərin bəzilərinə bəlli
olması onların şüurlu və dərkolunmaz
motivlərin təsiri altında adi insanlara qarşı istifadə edilməsinə
səbəb ola bilər. Nəzərə
almaq lazımdır ki
başqalarının sirlərinə yiyələnmiş insanlar onlardan yenə də şəxsi məqsədləri
üçün sui-istifadə edə bilər.
Bir çox başqa şeylərə toxunmayaraq
vurğulayaq ki, biz (insanlar) ümumiyyətlə, tələm-tələsik
ümumi nəticə
çıxarmağa, onun təsiri
altında hərəkət etməyə meyilliyik.
Bəzən öz fəaliyyət
imkanlarımızı və hüquqlarımızı və s. bir-biri ilə
qarışıq salırıq.
Nəticədə,
əksəriyyət əmindir ki, dövlət
öz xalqını qorumalıdır, amma bu işdə bizim - münaqişədə bulunan, həm də təsir, nüfuz,
ərazi, tərəfdaş –
istehlakçı və əlbəttə, informasiya uğrunda daimi mübarizənin
getdiyi sahələrdə maraqları olan ölkə vətəndaşlarının -nə
dərəcədə məsuliyyət
daşıdığımız barədə də
düşünmək böyük əhəmiyyət
kəsb edir. Bu məsələlər
dövlət və onun vətəndaşları
olaraq, bizim üçün çox vacibdir.
İlham MƏMMƏDZADƏ,
AMEA Fəlsəfə və Hüquq
İnstitutunun direktoru,
fəlsəfə elmləri doktoru, professor
Xalq qəzeti.- 2014.- 9 sentyabr.- S.3.