Milli taleyə
qarışan ömür
Bakı meydanlarında şair
heykəllərin boynu bükülü,
Üzlərinə tariximin
rəngi çəkilib...
Çoxdan
yazdığım “Şair heykəlləri” adlı şeirin
bu misraları məni sarsıdan bir müşahidədən
doğulmuşdu. Gerçəkdən də, Bakıdakı şair
heykəlləri — Nizamidən, Nəsimidən üzü bəri
hamısı böyük kədər, dərd abidəsi kimi
yaradılıb. Heykəltəraşlar şairlərimizin
obrazlarını doğru olaraq belə görüblər,
başqa cür onlar özlərinə bənzəməzdilər....
Hansının
kitabını açırsan misralardan qəm süzülür.
Dünyanın nizamsızlığının,
öz xalqlarının acı taleyinin, müharibələrin,
ədalətsizliyin, cəhalətin, ümidsizliyin,
itirilmiş dəyərlərin, sərvətə qurban gedən
sevgilərin, ayrılıqların bitib-tükənməz
acısı, qəmi... Çarə sözə qalıb.
Bütün dərdlərini sözə yükləyiblər.
Onlar üçün - “öləni, itəni, Vətən əldən
çıxanda Vətəni” əvəz edən şeir olub.
Azərbaycanın
görkəmli qələm ustalarından biri, görkəmli
şair, dramaturq, nasir, publisist, ictimai-siyasi xadim kimi
yaxşı tanınan və sevilən gənclik dostum Hidayət
yetmişi haqlayıb, həyatın çox
sınaqlarından keçib, sevinc də görüb, dərd
də; ancaq ilk
tanışlığımızda gözlərinin dərinliyində
və sözündə gördüyüm kədər
heç vaxt silinib getməyib. Mənə elə gəlir ki,
bizi bağlayan da taleyin və kəndlərimizin
üzümüzə həkk elədiyi o silinməz
ağrı-acı idi. Zəngəzurdan və
Yardımlıdan Bakıya gətirdiyimiz ən “etibarlı”, ən
“vəfalı” yoldaş da elə qəm yükü idi və
bu günə qədər bizi tərk etməyib.
Zəngəzur,
Mığrı — tarixin xatırlamadığı
çağlardan bəri tərtəmiz türk yurdu, boyda-buxunda Hidayətə bənzəyən kişilərin
Vətəni, ötən əsrin 20-ci illərində hətta
xəyanətkar bolşevk siyasətçi və tarixçilərin
də “qeyd-şərtsiz Azərbaycan torpağı”
olduğunu etiraf etdikləri bu ulu bölgəmiz əlimizdən
alınandan, yüzlərlə kəndi yandırılandan, on minlərlə türk əhalisi qətlə
yetiriləndən sonra orada möcüzəylə
köçdən qopub qalanların taleyi, aqibəti, ovqatı
başqa necə ola bilərdi? Ötən əsrin 30-cu,
40-cı illərində Zəngəzurun türk-azəri əhalisi
Səməndər quşu kimi öz külündən
yenidən doğulurdu. Erməni vəhşiliklərinin
şahidi olmamış yeni nəsil yetişirdi. Yetişirdi
ki, yeni faciələr yaşayıb, yeni vəhşiliklər
görüb, Zəngəzuru yenidən tərk etsinlər və
bu dəfə izləri-tozları da silinsin oradan, külləri
göyə sovrulsun.
Hidayət
bütöv Vətənin nəğməkarıdır, lakin
Zəngəzur öz acı taleyi ilə həmişə onun
oxuduğu nəğmələrin şah bəndidir:
Burda min
illərdir
yaşayır
ellər,
Tarixin
alınmaz
şöhrət
yoludur.
Ən zərif
nəğmələr,
ən
şirin dillər.
Ən təmiz
məhəbbət
zəngəzurludur.
Hidayət uşaqlığından bu
acı həqiqətləri bilən, ata-babalarının itən
dünyasının ağrıları içində
böyümüş və bütün ömrü boyu bu
ağrını ürəyində yaşatmış bir
adamdır. Bakıya gələndə Zəngəzuru gətirirdi
və yaşadırdı ürəyində, Ermənistan deyilən
qədim yurdlarımıza qayıdanda Azərbaycanı... Belə ağır yüklərə, sonralar
yaşadığı dözülməz oğul itkisinə
baxmayaraq, belə sağlam, güclü, ruhu qanadlı, əli
işdən soyumamış gəlib 70-ə çatıbsa, qəhrəmandır
və deməli, yüzü də haqlaya bilər. Ona əsas arzularımdan biri də budur.
Hər ömrün sonu var, amma söz də,
sözün müəllifi də ölümsüzdür. O, şeirlərinin
birində özünü “çiçəkli, meşəli,
qayalı Zəngəzur torpağı” sayır. Bu torpaq əbədi olduğu kimi, ona həsr edilən
şeirləri də əbədidir. Hidayət başqa
bir dövlətə bağlanmış doğma
torpaqlarımızı həmişəlik itirməyin əlamətlərini
gəncliyindən hiss edir və Zəngəzuru bütün
gözəllikləriylə, adət-ənənələri,
unudulmaz insanları, acılı-şirinli xatirələri,
ona yaşatdığı ehtiyacları, Bakı-Təbriz
sevgisi ilə, yaralarını sağaldaraq əvvəlki
şöhrəti və gücünə qovuşmaq arzusu ilə
şeirə köçürməyə
çalışırdı.
Azərbaycan Dövlət Universitetinin
birinci kursunda oxuduğumuz, yataqxanada bir yerdə
qaldığımız günləri, uşaqlıq xatirələrinə
və Azərbaycanın gələcəyinə köklənmiş
söhbətlərimizi xatırlayıram. Yeni yazdığımız şeirləri isti-isti
bir-birimizə oxuyardıq. Hidayət yeni
yazılarını indiyə qədər dəyişilməmiş
son dərəcə səliqəli xətlə iri bir dəftərə
yazardı. O, dəftərdə Arazı,
Mığrısı, Aldərəsi, Maralzəmisi, Xəllərgə
yaylağı, Ələngəz dağı, “başqa cür çıxan”
Günəşi, saya gəlməyən gözəllikləri
ilə sirli bir Zəngəzur dünyası vardı. Sonra Hidayət qiyabi fakültəyə keçib Ermənistana
qayıtdı. Qayıtdı ki, kənd daxması sahibsiz
qalmasın, Ermənistanın Azərbaycan-türk mühitini
öz uca boyuyla bir az da ucaltsın, məktəb direktoru olsun,
azərbaycanca çıxan respublika qəzetinə yeni bir ruh
qatsın, Cəfər Cabbarlı adına Yerevan Dövlət
Dram Teatrının direktoru kimi o sənət
ocağını yaşatsın, bağlanmağa qoymasın,
Bakıdan oralara yolu düşən ziyalıların üz
tutduğu ünvan olsun, Ermənistanın əməkdar mədəniyyət
xadimi rütbəsinə yüksəlməklə İrəvanın
qədim türk mədəniyyəti havasını
canlandırsın, erməni ziyalılarını haqqında
hörmətlə danışmağa vadar eləsin, Ermənistan
Yazıçılar İttifaqında Azərbaycan bölməsinə
başçılıq etsin, orada Azərbaycan türkcəsində
kitablar buraxsın, İrəvan Pedaqoji İnstitutunda Azərbaycan
fakültəsində dərs desin və s.
Həmin illərin bütün mürəkkəb,
acılı-şirinli yaşantıları Hidayətin
şeirində, nəsr və publisistikasında, bədii məktublarında
əksini tapmışdır. Bu əsərlərin
hər biri ayrıca araşdırma mövzusudur.
Hidayət əyani təhsildən
ayrıldı, ancaq bizdən ayrılmadı. Dostluğumuz və yaradıcılıq əlaqələrimiz
davam etdi. İrəvanda yaşaya-yaşaya Azərbaycanda
tanındı, nəşr edildi və sevildi...
Onun evi İrəvanda bir Azərbaycan Mədəniyyət
Mərkəziydi, Azərbaycan ocağıydı. O, qədim
türk-oğuz torpaqlarının keçmişi ilə
bugünü arasında canlı bir körpüydü.
Sonra ildən-ilə artan erməni
şovinizminə, erməni mətbuatında və ictimai həyatında
baş alıb gedən antitürk təbliğatı və düşmənçiliyinə
dözmədi, Bakıya köçdü. Burada da həmkar olduq. Kitab mədəniyyətimizi
inkişaf etdirmək qayğılarımızı
bölüşə-bölüşə o, “Gənclik”, mən
“Yazıçı” nəşriyyatında baş redaktor
işlədik. Azərbaycan müstəqillik
qazanandan sonra o, Prezident Aparatında dövlət
müşaviri oldu, mən mətbuat və informasiya naziri.
Ancaq universitet yataqxanasında bir otaqda
qaldığımız günlərin səmimiyyəti
heç azalmadı.
Hidayətin ədəbiyyatımız
qarşısında xidmətləri çoxdur. Ancaq bir xidməti də var ki, xüsusi qiymətləndirilməlidir.
Bu da şair ilhamı, istedadı ilə,
ictimai-siyasi xadim, dövlət məmuru obrazının mükəmməl
şəkildə bir-birini tamamlamasıdır. Belələri o qədər də çox deyil.
Bu məsələdə taleyimizin
oxşarlığından bunun nə demək olduğunu
yaxşı bilirəm. Şair hiss adamı olmaqla
yanaşı, yüksək intellekt və mükəmməl
bilik sahibi, yaxşı təşkilatçı, dövlət
xadimi, bacarıqlı diplomat, ən mürəkkəb şəraitlərdə,
ən yüksək uluslararası toplantılarda öz
xalqının təmsilçisi olmağı, ən yüksək
kürsülərdən millətinin sözünü deməyi
bacarmasıdır. Tarixdə buna aid misallar
çoxdur. Bizdə isə belə bir yanlış təsəvvür
var ki, ədəbiyyat adamı ciddi siyasətlə məşğul
ola bilməz, yaxud peşəkar siyasətçi
ədəbiyyatdan tam uzaqdır.
Çətin uşaqlıq illəri,
atasızlıq, hər gün üzləşdiyi yad, soyuq
mühit onu erkən böyütmüşdü, elə gənc
vaxtı da ciddiydi. Öz işinə
münasibətdə də, dostluqda da.
Təsadüfi deyil ki, o, milli məsələlər
üzrə dövlət müşaviri və ya Dini Qurumlarla
iş üzrə Dövlət Komitəsinin sədri olanda da
bu məsul vəzifələrin öhdəsindən
bacarıqla gəldi; ucaldıqca xalqa daha da
yaxınlaşdı, müstəqil dövlətin əsl
vicdanlı məmurluğunun, milli ziyalılığın
nümunəsini göstərdi.
Buna görə də indi
Qırğızıstan Respublikasında Azərbaycanın
böyük elçisidir və ölkəmizi ləyaqətlə
təmsil edir.
Bu yazını yazarkən Hidayətin mənə
bağışladığı orijinal əsərləri və
tərcümələrdən ibarət 10 cildliyini bir də
gözdən keçirdim. Bu cildləri diqqətlə
oxumaq bir yana, sadəcə vərəqləmək
bəs edir ki, qələm qardaşımın necə
çoxcəhətli, məhsuldar və şərəfli bir
yaradıclıq yolu keçdiyini görəsən. Bu baxımdan onun həyat və fəaliyyətinə
işıq salan, zəngin yaradıcılığının
salnaməsi olan və “Azərbaycanın görkəmli şəxsiyyətləri”
silsiləsindən buraxılmış “Biblioqrafiyası” da
diqqəti cəlb edir. Çünki burada
Azərbaycanın və qonşu ölkələrin Hidayəti
tanıyan bir sıra görkəmli ədəbiyyat, elm, sənət
adamlarının, dövlət xadimlərinin onun haqqında
böyük sevgi və ehtiramla yazılmış fikirlərindən
nümunələr də yer alıb. Cildlər
də, biblioqrafiya da şair, sənətkar taleyi ilə vətəndaş
və dövlət xadimi obrazının bir-birini necə
tamamladığını göstərir.
Şübhəsiz, Hidayət ilk növbədə
şairdir. Haqqında yazanların da
çoxu etiraf edir ki, ona olan sayqıları şeirlərindən
başlanıb.
Bizim Hidayətlə dostluğumuzun təməlində
də onun çətin uşaqlıq həyatı,
Mığrı, ana, ilk sevgi, doğulduğu yerlərin
gözəllikləri haqqında yazdığı və tələbə
yataqxanasının balaca otağında dinlədiyim gənclik
şeirlərindəki dərin səmimiyyət və gələcəyə
ümid olmuşdu.
Bu şeirlərdə bizim nəsildən olan kənd
uşaqlarının ümumi taleyi vardı: yoxsulluq dərdi.
Soyuqda,
şaxtada,
boranda,
qarda
Bu
köynək qış kürküm,
pencəyim
oldu.
Əlimdə,
qan sızan
o
cadarlar da
Mahudlu,
meşinli
əlcəyim
oldu.
(1962)
Zəngəzurda dağıdılmış,
Yardımlıda müharibədən sonra qəsdən
köçürülmüş kəndlərin faciəsi:
Küləkli
çöllərdə, qarlı havada
Kəsə cığırları gəzən
tapılmaz.
Göz
yaşları qalan isti yuvada
Təndirlər
üşüyər,
Çörək yapılmaz.
Yurdun xoşbəxtliyi yolunda çalışmaq arzusu:
Təbrizimin
harayına
çatmasam,
Öz dərdimi
el dərdinə
qatmasam,
Beş
zalımın biləyindən
tutmasam,
Görən
kim deyər ki,
Hidayətəm
mən?
(1962)
Doğma Mığrının bu gün artıq xəritədən
silinmiş adlarının gözəl guşələri:
Tağəmir
- yaylağım,
Xəllərdə -
dağın,
Aldərə
zirvəsi, Kazım
bulağın...
(1962)
Tanışlığımızın ilk
günlərində yazdığı və şeir məclislərində
oxuduğu “Qara pencək” şeirinin sadə və səmimi
misraları uzun illər keçsə də
yaddaşımdadır. Şeir anasının “o pencəkdə nə
var ki, onun üçün əsirsən?” sualına cavab
olaraq yazılmışdı:
Axı mən
necə deyim,
Quşbaşı
qar yağanda
Bu qara
pencəyi mən
Onun
çiyninə salıb
Sağ-solunu kəsmişəm.
Üşüyərsən
deyərək,
Bu pencəkdə
mən onu
Guya, əzizləmişəm.
Bəlli olur ki, o sevgidən yadigar qalan
yalnız bu pencəkdir.
İllər keçdi, səsi də,
sözü də, şeiri də, özü də möhkəmləndi. Akademik Yaşar Qarayevin müşahidə etdiyi kimi,
“sadə, aydın, xəlqi dillə-üslubla, əsl səmimi,
isti nəfəslə” yazdığı əsərləri ona
böyük oxucu sevgisi qazandırdı. “Arabası
sınıq-salxaq yolçulara tay olmaram” misralarında
işarə etdiyi kimi, “yerə-göyə sığmayan həyat
eşqinin” ardınca yüksəldi. Akademik Tofiq
Hacıyev demiş: “Şairlikdən ictimai, milli fəaliyyətə
başlayan şair siyasi kürsülərə, dövlətçilik
xidmətlərinə qədər yol gedir.” Bu,
Hidayətin ömür yolunun əsas cəhətidir. Hidayətin şeirləri də, nəsr və
publisistikası da onun öz taleyindən yaranmışdır,
bu taleyi əks etdirir. Müəllif
bütün əsərlərinin baş qəhrəmanıdır.
Lakin bu baş qəhrəman millətinin bir
parçası, böyük vətəndaş olduğuna
görədir ki, əsərləri, həm də
bütövlükdə azərbaycanlıların, xüsusən
Qərbi Azərbaycan türklərinin tale nəğməsi
kimi səslənir.
Bu baxımdan onun “Burdan bir atlı keçdi” və “Orda
- Zəngəzurda mənim ürəyimin məzarı
qalıb” əsərləri gözəl bir xatirə, milli
yaddaş kitabı olmaqla yanaşı, yurdumuzun itirilmiş bir
parçasının tarixini, coğrafiyasını,
etnoqrafiyasını, insanlarının xarakterini, üzləşdikləri
çətinlikləri ensiklopedik qapsamıyla seçilən
son dərəcə dəyərli bir əsərdir; bədii
publisistikamızın ən uğurlu nümunələrindən
biridir.
Şair dostumun bir çox məktub
çıxışları da var ki, siyasi publisistikanın
öz vətəndaşlıq borcunu necə yerinə yetirməli
olduğuna örnək sayıla bilər. Bu əsərlər dövlət müstəqilliyinin
qorunub möhkəmləndirilməsində yazıçı
sözünün necə mühüm rol
oynadığını göstərir. Bu
baxımdan onun oncildliyindən çoxlu misal çəkmək
olar. Onun gürcüstanlı qələm
dostu Cansuğ Çarkvianiyə məktubundan bir parçaya nəzər
salmaq kifayətdir. Hidayət yazır: “Cansuğ, əziz
dostum!
... Sözümün bu yerində Quramla 1994-cü il noyabr ayının sonlarında Tiflisdə,
Yazıçılar Birliyində, onun soyuq otağında
neçə saat çəkən isti söhbətimizi
xatırlayıram. Qurama gileyləndim ki, bəzi
gürcü müəllifləri mətbuatda, kitabda
xalqlarımızı üz-üzə qoymağa cəhd edir,
tarixi faktları saxtalaşdıraraq soydaşlarımızın,
guya, gəlmə olduqlarını yazırlar. Quram çılğın halda “onlar gürcü
deyillər, gürcü xalqının düşmənləridirlər!”
– dedi. Həmişə təmkinli olan Quramın
həyəcanı da təbii idi. Gürcülər
içində gürcü soyadı daşıyan və
gürcü adı altında gizlənən, lakin öz xislətini
dəyişməyən xəyanətkar məlum qüvvələr
var. Belələri ilk növbədə gürcülərin
düşməni, təbii ki, Gürcüstan-Azərbaycan
dostluğunun da qənimidirlər. Belə
düşmənlər, təəssüf ki, Azərbaycanda da
yox deyildir, ölkənin, millətin halal çörəyini
yeyə-yeyə, saf suyunu içə-içə dövlətinə,
onun maraqlarına dönüklük eləyənlərə
göz yummaq olmaz. Onları gərək
Allah da bağışlamaya”.
O, yaradıcılığında olduğu kimi,
tutduğu vəzifələrlə bağlı
apardığı bütün işlərdə, siyasi
kitablarında, müsahibə və
çıxışlarında da böyük vətəndaşdır.
Bir vaxt Zəngəzur üçün söylədiyi
nəğmələri o, sonra bütöv Azərbaycan
üçün oxumuşdur.
Dövlət müstəqilliyini əldə
etmək, müharibə şəraitində və belə
mürəkkəb coğrafi-siyasi mövqedə, bu qədər
çox düşmən arasında gənc dövləti
qorumaq çətin işdir. İyirmi beş ildir qolunu çırmayıb bu işi
görənlər, öz gücünü milli gücə
qoşanlarla yanaşı, kənarda dayanıb dodaq büzməkdən,
qüsur axtarmaqdan başqa peşəsi olmayanları da
görürük. Hidayət isə ilk gündən tərəddüd
etmədən, əsl şair ilhamıyla çiynini bu
ağır yükün altına verən və öz səngərini
əzmlə qoruyan, milli dövlətinə xidmət göstərməkdən
zövq alan şəxslərdən biri
olub. “Bu gün vəzifə kürsüləri
rahatlıq üçün deyil” – söyləyərək gecə-gündüz
çalışıb. Buna görə də
xalqının və dövlətinin yanında
üzüağ və başıucadır. Keçdiyi
yaradıcılq yolu, ictimai mübarizə yolu həmişə
adına yaraşan bir səviyyədə
olmuşdur. Həmişə düz yolda olub.
Bu yol Azərbaycanın böyük gələcəyinə və
bütövlüyünə gedən yoldur... 70 yaşın
mübarək, əziz dost!
Sabir
RÜSTƏMXANLI,
xalq
şairi,
Milli Məclisin
deputatı
Xalq qəzeti.- 2014.- 9 sentyabr.- S.5.