Naxçıvan – Acarıstan: tarixin və taleyin
qardaşlığı
İki
muxtar respublikanın dostluq əlaqələri Azərbaycan –
Gürcüstan
münasibətlərinin dərinləşməsinə
samballı töhfədir
(əvvəli qəzetimizi 7 sentyabr 2014-cü il
sayında)
Ölkələrimiz,
eləcə də hər iki muxtar respublika arasındakı əlaqələrin
inkişafının
əhəmiyyəti ilbəil artmaqdadır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
Vasif Talıbovun və Acarıstan Muxtar Respublikası rəhbərlərinin
başçılığı ilə nümayəndə heyətlərinin
dəfələrlə Naxçıvana və Batumiyə
qarşılıqlı səfərləri, keçirilən
görüşlər və gerçəkləşdirilən
tədbirlər son 2 ildə əlaqələrin daha da
genişlənməsində mühüm rol
oynamışdır. Hazırda Naxçıvan və Acarıstan muxtar
respublikaları arasında əlaqələr bir sıra
yönlərdə uğurla inkişaf edir. Təhsil, səhiyyə,
nəqliyyat-ticarət və digər sahələrdəki səmərəli
əməkdaşlığın mühüm əhəmiyyəti
var. Bu baxımdan Naxçıvan rəhbərliyinin
Acarıstana növbəti səfəri hər iki tərəf
üçün faydalı əməkdaşlığın potensialını tam hərəkətə
gətirmək baxımından dəyərlidir.
“Əlaqələrimizin
böyük potensialı var”
Acarıstana bu ilin iyulunda olmuş son səfərində
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov
muxtar respublika rəhbərliyi adından Acarıstan əhalisinə,
bütün gürcü xalqına ən xoş
arzularını çatdıraraq demişdir: “Əsası
2012-ci ildə qoyulmuş əlaqələrimizin hazırkı
səviyyəsi bizdə məmnunluq doğurur. 2012-ci
ilin yanvar və iyun aylarında hər iki tərəfdən rəsmi
nümayəndə heyətlərinin qarşılıqlı
səfərləri olmuş, “Azərbaycan Respublikasının
Naxçıvan və Gürcüstanın Batumi şəhərləri
arasında Qardaşlıq və Əməkdaşlığa
dair Memorandum” imzalanmışdır. Naxçıvan
Muxtar Respublikası ilə Acarıstan Muxtar Respublikası
arasında əlaqələr hər iki tərəfin səyləri
ilə ilbəil genişlənir. Hazırda
ticarət-iqtisadi, səhiyyə və təhsil sahəsində
əlaqələrimiz əməkdaşlığımızın
böyük potensiala malik olduğunu göstərir.
İnkişaf edən əlaqələrin
nəticəsi olaraq, muxtar respublikanın sahibkarlıq subyektləri
Acarıstan Muxtar Respublikasının iqtisadiyyatına
birbaşa investisiya qoyuluşunda iştirak edirlər. Elm və təhsil müəssisələrimiz
arasındakı əlaqələr də böyük potensiala
malikdir. Batumi Dövlət Universiteti ilə
Naxçıvan Dövlət Universiteti arasında
imzalanmış memoranduma əsasən,
qarşılıqlı tələbə və elmi informasiya
mübadiləsi həyata keçirilir. Bizim
əlaqələrimiz qardaşlıq əlaqəsidir. Bizim əlaqələrimiz hər iki tərəfin
insanlarını daha da yaxınlaşdırmaq və onlara xidmət
əlaqəsidir".
Bir sıra iri transmilli layihələrin və
Avropa – Asiya nəqliyyat dəhlizinin əsas
qovşaqlarından olan Acarıstan Muxtar Respublikası 6
bölgəyə ayrılır. Burada, əsasən,
yüngül və
yerli sənaye, neftayırma, ağır sənaye
obyektləri, sitrus meyvələr kombinatı və digər
istehsal müəssisələri fəaliyyət göstərir.
Acarıstan Muxtar Respublikasının paytaxtı
Batumi Cənubi Qafqaz dəmir yolunun və Bakı – Batumi neft
boru xəttinin qurtardığı əhəmiyyətli liman
şəhəri və ticarət mərkəzidir. Batumi limanı Qara dənizdə neft məhsulları
daşıyan 80 min tonluq tankerləri qəbul etmək
gücündədir. Bölgənin əlverişli
coğrafi mövqeyi və dənizlərə
çıxışının olması burada istehsal və
xidmət sektorunun, turizmin, yüngül sənayenin
inkişafını şərtləndirir.
Naxçıvanlıları hərarətlə
salamlayan və “Naxçıvanla Batumi, Naxçıvan Muxtar
Respublikası ilə Acarıstan Muxtar Respublikası
arasında əlaqələrin bütün sahələr
üzrə genişləndirilməsi üçün
yaxşı əsaslar vardır. Bütün bunlar əlaqələrimizin
daha da dərinləşməsinə imkan verəcəkdir”,- deyən Acarıstan Muxtar
Respublikasının hökumət başçısı Levan
Varşalomidze Azərbaycan—
Gürcüstan əlaqələrinin tərkib hissəsi kimi
qardaşlıq və qarşılıqlı tərəfdaşlıq
əlaqələrinin davam və inkişaf etdirilməsində
səylərin daha da artırılacağını önəmli
məsələ hesab etmişdir.
Bu görüşlərdə mövcud əlaqələrin
daha da inkişaf etdirilməsinin vacibliyi və məqsədəuyğunluğu
diqqət mərkəzində olmaqla, həm də əməkdaşlığı
dərinləşdirməyin günümüzün tələb
və reallıqlarından doğduğu
vurğulanmışdır. Mədəniyyət,
turizm, kütləvi informasiya orqanları, təhsil sahəsində
əlaqələrin inkişafı üçün geniş
perspektivlərin olması gələcəkdə
Naxçıvan – Batumi avtobus və təyyarə reyslərinin
açılması təlabatını yaradır, iş
adamları arasında əlaqələrin genişləndirilməsinə
meydan açır.
Acarıstan Muxtar
Respublikası nümayəndə heyətinin Naxçıvan
Muxtar Respublikasına son səfəri zamanı burada fəaliyyət
göstərən
“Gəmiqaya” mebel fabriki
ilə tanışlığından sonra müəssisənin Tbilisi və
Batumi şəhərlərində
satış mərkəzlərini yaratmaq qərara
alındı. Xatırladaq ki, müasir modeldə
bütün növ mebel avadanlığının istehsalı
üzrə ixtisaslaşmış həmin fabrikin
Naxçıvan şəhərində satış
mağazası, Bakı, Ordubad şəhərlərində və
Goranboy rayonunda da satış üzrə filialları
mövcuddur. Naxçıvanın mebel məhsulları “Bellissa” əmtəə
nişanı ilə satışa çıxarılır.
Batumidə açılan və ən önəmlisi də
inşası Azərbaycan sərmayəsi ilə həyata
keçirilən “Divan suites Batumi” bu gün şəhərin ən
qonaq- qaralı otellərindən hesab edilir. Bir
neçə aydır ki, Köhnə Batumi ərazisində fəaliyyətə
başlayan bu otel hava limanından 10 dəqiqəlik, şəhər
mərkəzindən 5 dəqiqəlik məsafədə yerləşir.
Oteldən alış-veriş mərkəzlərinə
və tarixi yerlərə də getmək çox rahatdır.
Batumi Bulvarı, Batumi Botanıka Bağı, Acarıstan
Dövlət Muzeyi, “Nobel qardaşları” muzeyi və s. kimi məşhür
ünvanlar bu sıradadır.
Oteldə 65 qonaq otağı var, burada iş və səyahət
məqsədilə gələn hər bir qonağın
rahatlığı təmin edlir. Konfransların
keçirilməsi də mümkündür. Bunun
üçün iki konfrans zalı və lazım olan
müasir texniki avadanlıq var. Həftənin yeddi günü
fəaliyyətdə olan “Divan rub” restoranı isə, qonaqlara
azərbaycan, gürcü, türk və dünya mətbəxinin
çeşidli yeməklərini təqdim edir. Bundan
başqa, oteldə “Divan suites Batumi spa” mərkəzində
müştərilərə kosmetika seçimlərindən
tutmuş masaj otaqları, buxar hamamı, sauna və türk
hamamınadək geniş xidmətlər göstərilir.
Biz Batumi şəhərində olarkən
– avqustun 23-də Gürcüstanın Naxçıvan Muxtar
Respublikasında müalicə olunacaq astma xəstəliyindən
əziyyət çəkən aztəminatlı ailələrdən
olan uşaqlar qardaş diyara təntənə ilə yola
salınırdı. Mərasimdə Azərbaycanın Batumidəki
baş konsulu Hüseyn Nəcəfov
çıxış edərək bildirdi ki, Azərbaycan və Gürcüstan,
eyni zamanda, Naxçıvan və Acarıstan arasında əlaqələrin
inkişafı cəmiyyətə
faydalarını verməkdədir. Bu ilin
iyul ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri Vasif Talıbovun Acarıstan Muxtar Respublikasına səfəri
çərçivəsində digər məsələlərlə
yanaşı, astma xəstəliyindən əziyyət çəkən
acar uşaqların Naxçıvanda müalicə almaları
razılaşdırılmışdı. Azərbaycan
diplomatı bu müalicənin artıq üçüncü
dəfə təşkil olunduğunu da qeyd etdi. Səhiyyə
Nazirliyinin məlumatına istinad edən baş konsul
vurğuladı ki, müalicə alan uşaqların səhhətində
ciddi irəliləyiş var. Baş konsul onu da dedi ki,
Naxçıvandan isə sağlamlıq imkanları məhdud
olan uşaqlar Batumidə yeni açılmış
reabilitasiya mərkəzində müalicə olunmaq və
istirahət etmək üçün Qara dəniz sahillərinə
gəlmişlər.
Tədbirdə Acarıstan Muxtar
Respublikasının səhiyyə və sosial müdafiə
naziri Nuqzar Surmanidze astma xəstəliyindən əziyyət
çəkən uşaqların Naxçıvanda müalicə
aldıqdan sonra dərman preparatlarından istifadə etmədiklərini
söylədi. O, Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə,
bu işdə əməyi olan insanlara və “Gəmiqaya
Holding”ə təşəkkürünü bildirdi. Nazir Naxçıvandan gəlmiş sağlamlıq
imkanları məhdud olan uşaqların Batumi şəhərində
müalicəsindən danışdı, onlara yüksək səviyyədə
qayğı göstərildiyini qeyd etdi.
Türkiyə ilə Gürcüstan
arasında yeganə sərhəd-gömrük məntəqəsi
“Sarp” ilə tanışlığımız da xoş təəsürat
yaratdı. Məntəqə 1988-ci ildən
fəaliyyət göstərir. Qara dəniz
sahilində yerləşən bu keçid mühüm əhəmiyyətə
malik olmaqla bərabər, həm də iqtisadi-mədəni əlaqələrin
inkişafında özünəməxsus rol oynayır. Burada keçidləri göstərən nişanlar
avtomatik sistemlə işləyir. Bu da hərəkətin
daha rahat tənzimlənməsinə şərait yaradır.
Batumi İnvestisiya Agentliyindən, Biznes Mərkəzindən
və Kobuleti Azad Turizm Zonasından aldığımız məlumatlar
da bizdə maraq doğurdu.
Xarici sərmayələr
üçün geniş imkanlar açan və onların
reklamını həyata keçirən Batumi İnvestisiya
Agentliyi xarici sərmayədarların fəaliyyətini əlaqələndirir. Agentlik 2011-ci ildə yaradılmışdır.
Məqsəd xarici sərmayədarlara Batuminin
potensial imkanlarını tanıtmaq, onların dövlət rəsmiləri
və istehsalçılarla görüşlərini təşkil
etmək, məlumat və informasiya dəstəyi göstərmək,
mövcud qanunlar, vergi və tariflərlə bağlı sərmayədarları
vaxtlı-vaxtında məlumatlandırmaqdır.
Kobuleti Azad Turizm Zonası isə
Gürcüstanın önəmli turizm mərkəzlərindən
biridir. Acarıstan Muxtar
Respublikasının eyniadlı rayonunun mərkəzi olan
Kobuleti şəhəri Qara dənizin sahilində yerləşir.
Regionun iqtisadiyyatında turizm mühüm yer
tutur. İllik temperatur göstəricisi
müsbət 14, yanvar ayında ən aşağı temperatur
göstəricisi isə müsbət 6 dərəcədir.
Mülayim iqlimə malik olan bölgədə
sahil və çimərlik turizmi, ekoturizm geniş
yayılmışdır. Azad turizm
zonası statusuna malik olması isə buraya dünyanın
böyük turizm şirkətləri tərəfindən sərmayə
qoyuluşunu artırmış, yeni otel və istirahət
zonalarının yaradılmasına əlverişli şərait
yaratmışdır.
Azərbaycan – Gürcüstan iqtisadi əlaqələrinin
böyük tarixi var. Göründüyü kimi, onun kökləri
bu gün daha da dərinləşmiş, dostluğumuz və
qardaşlığımız strateji xarakter
almışdır. Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyev vahid coğrafi məkanda
xalqlarımızın sıx birliyinin hava və su qədər
vacib olduğunu nəzərə çatdıraraq demişdir:
“Kür çayı həmişə Gürcüstandan
axıbdır. Bundan sonra da axaraq gəlib Xəzər
dənizinə töküləcəkdir. Azərbaycan
nefti də neft kəməri ilə Gürcüstana,
Gürcüstan ərazisindən isə Qara dənizə
axacaqdır”.
Universitetlər
körpüsü
Batumi Dövlət Universiteti ilə Naxçıvan
Dövlət Universiteti arasında qurulan səmərəli
elmi əməkdaşlıq Naxçıvan – Acarıstan
dostluq münasibətlərinin öyünclü nümunəsidir.
Aparılan qarşılıqlı tələbə və elmi
informasiya mübadiləsinin ilkin uğurlu nəticələri
ali təhsil ocaqları arasındakı əlaqələrin
bundan sonra da davam etdirilməsinin vacibliyini bir daha təsdiqləyir.
Şota Rustaveli adına Batumi Dövlət
Universiteti Gürcüstanın nüfuzlu ali təhsil
ocaqlarındandır. Şəhərin yaraşıqlı
tarixi ünvanlarından olan bu binada əvvəllər kişi gimnaziyası olub. Deyilənə
görə, ötən əsrin əvvəllərində
Batumidə həbs olunan İosif Cuqaşvili (Stalin) burada
saxlanırmış. 1935-ci ildə burada
yaradılan pedaqoji institut müstəqillik illərində
universitetə çevrilib.
Universitetdə indi Gürcüstanın hər
yerindən və xaricdən 6 minə yaxın tələbə
təhsil alır, 250-yə yaxın müəllim
çalışır. Ali məktəbdə səkkiz fakültə
var: riyaziyyat və kompüter elmləri, sosial elmlər, biznes
və hüquq, humanitar elmlər, təbiət elmləri, tibb,
mühəndis texnologiyaları, pedaqoji, kənd təsərrüfatı.
Hələ iki il əvvəl
Naxçıvan Dövlət Universiteti və Şota Rustaveli
adına Batumi Dövlət Universiteti arasında əməkdaşlıq
və əlaqələrin inkişaf etdirilməsinə dair
müqavilə imzalanıb.
Batumi Dövlət Universitetinin rektoru Alyoşa Bakuridze
bizi öz kabinetində səmimi salamlayandan sonra bildirdi ki, həmin
sənəd imzalanandan dərhal sonra – 2012-2013-cü tədris
ilinin birinci semestrində Naxçıvan Dövlət
Universitetinin 4 tələbəsi Batumi Dövlət
Universitetində təhsil almışdır. Bu il
isə Batumi Dövlət Universitetinin 4 tələbəsi bir
semestr təhsillərini Naxçıvan Dövlət
Universitetində davam etdirmişdir. Azərbaycanda,
o cümlədən Naxçıvanda səfərdə olan
keçmiş prezident Mixeil Saakaşvili universitetin yerli və
xarici tələbələri ilə, o cümlədən
Gürcüstandan olan tələbələrlə söhbət
etmiş, onlara uğurlar arzulamışdır.
Müsahibimiz
sözünə davam edərək qeyd edir ki, Naxçıvan
və Batumi universitetləri arasında əməkdaşlıq
barədə müqavilə bizim gələcək əməkdaşlığımızın
uğurlu başlanğıcı oldu. Buydan sonra
Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Levan
Varşalomidzenin başçılıq etdiyi nümayəndə
heyəti Naxçıvan Dövlət Universitetinin fəaliyyəti
ilə tanış oldu. O zaman biz NDU tələbələrinin
rəsmlərindən ibarət sərgiyə və hazırladıqları konsert
proqramına tamaşa etdik. Bu əyani tanışlıq zamanı yaxından
başa düşdük ki, əlaqələrimizin
inkişafı xalqlarımız arasındakı dostluğa əvəzsiz
töhfə olacaq.
Rektor xeyli vaxtdır dostluq etdiyi Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti,
Naxçıvan Dövlət Universitetinin keçmiş
rektoru İsa Həbibbəylinin adını böyük məhəbbət
hissləri ilə çəkdi və onun bugünkü
uğurlarına sevindiyini bildirdi.
Naxçıvan MR barədə zəngin
təəssüratını bizimlə həvəslə
bölüşən cənab Bakuridze dedi:
– Düzünü desəm, mən
Naxçıvanın uğurlarına mat qaldım. Blokadada yaşayasan və sürətlə
inkişaf edəsən – Naxçıvan əhalisi bunu bacarıb.
Naxçıvan haqqında əvvəllər də
çox eşitmişdim. Lakin, öz
gözlərimlə gördüm və çox şadam ki,
bütün bunlar, həqiqətən, baş verir. Çoxillik blokada şəraitində yaşayan bir
məmləkətdə bu uğurları qazanmaq əsl
möcüzədir. Bizim Naxçıvan
görüşümüzdə iki muxtar respublikanın
paytaxtları arasında hava nəqliyyatının
açılması planlaşdırıldı. Ümid edirik ki, tezliklə Batumi və
Naxçıvan arasında uçuşlar başlanacaq və
bu bizim xalqlarımız arasında münasibət
yaranmasına geniş imkanlar verəcək.
Acarıstanın nümayəndə heyəti ilə
etdiyim o səfərdə Naxçıvanın görməli
yerləri ilə də tanış olduq. Naxçıvan Dövlət Xalça Muzeyi və Rəsm
Qalereyasını gəzdik, Xan sarayında və bir sıra
tarixi yerlərdə olduq. Bu gün
Naxçıvan avropasayağı yenidən tikilir, bənzərsiz
bir şəhərə çevrilir. Ən
ucqar kənddə də şəhər rahatlıqları
yaradılır. Muxtar respublikada müasir
iqtisadiyyat qurulur. Bizə dedilər ki,
Naxçıvan neçə ildir ki, əksər mallara təlabatını
yerli istehsalla ödəyir. Bu, əsl
hünərdir.
(ardı var)
Namiq
QƏDİMOĞLU,
Tahir
AYDINOĞLU,
“Xalq qəzeti”
Bakı–Tbilisi–Batumi
Xalq qəzeti.- 2014.- 10 sentyabr.- S.6.