LAÇIN: Vətənpərvərlik
tərbiyəsi sahəsində qazanılmış müsbət
təcrübə yeni dərs ilində də uğurla
davam etdiriləcək
Söhbət
“Hər ailədən orduya bir zabit” təşəbbüsünün
konkret nəticələrindən gedir|
Əvvəlcə kiçik bir statistikaya nəzər salaq: 2014-cü ildə orta məktəbləri bitirən laçınlı məzunların 469 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş və onlardan 54 faizi tələbə adı qazanmışdır. Qeyd edək ki, bu, son 22 il ərzində ən yüksək göstəricidir. Məzunların 21 nəfəri 500-dən, 8 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.
Bütün bunlar, əlbəttə,
sevindiricidir və rayonda
təhsilə dövlət qayğısının bəhrəsini,
sahənin müasir metodlarla
idarə olunmasını, yeni, qabaqcıl
təcrübənin bacarıqla tətbiq edilməsini göstərir.
Ancaq biz burada məsələnin başqa
tərəfinə də toxunmaq istəyirik.
Bu il 10 abituriyent Heydər Əliyev adına Ali Hərbi Məktəbə, 3 məzun isə
C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olunmuşdur. Başqa güc strukturlarının ali
məktəblərinə qəbul olunanlar
da var.
Əldə
edilən nəticələr, rəqəmlərin artan dinamikası yadımıza, istər-istəməz,
neçə ay əvvəl Laçın
Rayon İcra Hakimiyyətinin
irəli sürdüyü və
bütövlükdə respublikada,
xüsusilə qaçqın və məcburi köçkün
rayonlarında geniş maraq
doğuran “Hər ailədən orduya bir zabit”
təşəbbüsünü saldı. Bu
nəcib vətənpərvərlik təşəbbüsü,
əlbəttə, heç də
öz-özünə yaranmamışdı. O zaman
aparılan təhlil və araşdırmalar nəticəsində
məlum olmuşdu ki,
məcburi köçkün rayonların
şagirdləri arasında hərbi ixtisaslara
yiyələnməyə və xüsusi təyinatlı
təhsil müəssisələrində oxumağa
maraq respublikanın digər şəhər
və rayonlarına nisbətən aşağıdır.
Bu isə, sözsüz
ki, ciddi narahatlıq doğurur və bir
sıra əsaslı tədbirlər işlənib həyata
keçirilməsini tələb edirdi. Geniş və hərtərəfli təşkilati
tədbirlərlə, izahat- maarifləndirmə
işləri ilə yanaşı, rayonda maddi həvəsləndirmə vasitələrindən
də istifadə edildi. Məsələn,
Laçın Rayon İcra
Hakimiyyəti qərara aldı ki, Hərbi
Akademiyaya qəbul olunan
hər bir laçınlı gəncin ailəsinə hər ay 200 manat, hərbi liseyə
daxil olanların ailəsinə isə 100 manat verilsin.
Əlbəttə, təşəbbüs irəli sürmək, məsələnin necə deyərlər, birinci tərəfidir. Əsas cəhət bu istiqamətdə əsaslı və ardıcıl iş aparmaq, pedaqoji kollektivlər, xüsusilə, yuxarı sinif şagirdləri arasında vətənpərvərlik hisslərini daha da gücləndirmək tələb olunurdu. Laçın Rayon Təhsil Şöbəsinin müdiri Malik Vəliyev bu yöndə görülmüş və görüləcək işlər barədə danışarkən dedi:
–
Əvvəlcədən onu bildirmək istəyirəm
ki, son aylar
cəbhə bölgəsində baş
verən hadisələr Laçın Rayon
İcra Hakimiyyətinin “Hər ailədən
orduya bir zabit” təşəbbüsünün nə qədər
zəruri bir tələblə
bağlı irəli sürüldüyünü, torpaqlarımızın işğaldan
azad olunması üçün
gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsinin çox
mühüm vəzifə olduğunu
bir daha hamıya
göstərdi. Onu da əlavə
edim ki, bu təşəbbüs mövsümü
xarakter daşımır, bir,
yaxud bir neçə
tədris ilini əhatə etmir.
“Hər ailədən orduya bir zabit” təşəbbüsü
müqəddəs ata-baba
torpaqlarımızın düşmən caynağından azad olunacağı günə qədər, hətta
ondan sonra da davam etməlidir.
İndi isə artıq ilkin
nəticələr məlumdur və bu barədə
ürəklə danışmaq olar. Belə
ki, yuxarıda da qeyd edildiyi kimi,
bu il 10 nəfər
laçınlı gənc Heydər Əliyev adına Ali Hərbi Məktəbə, 3 nəfər isə
C.Naxçıvanski adına hərbi liseyə qəbul olunmuşdur. Onu da əlavə edim ki, bu göstəricilər
əvvəlki illərdən 2-3 dəfə çoxdur.
Bununla belə, biz heç də həmin rəqəmləri son hədd hesab etmirik. Aparılan müşahidələr onu deməyə əsas verir
ki, gələcək illərdə ali hərbi təhsil almaq
istəyən laçinlı gənclərin sayı qat-qat çox
olacaqdır.
Həmişə ermənilərə
gözdağı olan, alınmaz qala hesab olunan
Laçın dağları, çox təəssüf
ki, 21 ildən çoxdur
ki, yağı düşmən əlindədir.
Bu, əlbəttə, hər bir laçınlı, hər bir
azərbaycanlı üçün olduqca ağır və dözülməzdir. Bununla belə, dağlar
diyarının övladları, bir gün də olsun, özlərini
laçınsız təsəvvür etməyiblər.
Laçın onların yurd sevgisində, həsrətində və
mübarizəsində yaşayır. Coğrafi mövqeyinə
görə Dağlıq Qarabağla Ermənistan
arasında yerləşən Laçın rayonunun
mərd və igid övladları bu ərazini tarix boyu göz bəbəyi kimi qorumuş, Azərbaycan
torpaqlarına göz tikən, türk və müsəlman qanına susayan ermənilərə həmişə
tutarlı cavab vermiş,
dəfələrlə onları məğlub edərək geri otuzdurmuşlar.
1905, 1918, 1920-ci illərdə
Xosrov bəy və Sultan
bəy qardaşlarının rəhbərliyi altında yurdumuzun qəhrəman övladları Qarabağda erməni təcavüzkarlarına
ağır zərbələr edirmişlər. Onlar uzun müddət ermənilərin
çirkin niyyətlərinin həyata
keçməsinin qarşısını almış, misilsiz qəhrəmanlıq nümunələri
göstərmişlər. Bu gün laçınlılar, haqlı olaraq, böyük qürur hissilə ata-babaların qəhrəmanlığı
qarşısında baş əyir,
onların keçdiyi şərəfli döyüş yolunu
özlərinə örnək bilirlər.
1988-ci
ildən ermənilərin ölkəmizə təcavüzünün
növbəti mərhələsi başlandı. Müharibənin
ilk günlərdən
laçınlılar eyni vaxtda
iki cəbhədə – həm Ermənistanın
sisremli hücumlarına qarşı, həm
də Dağlıq Qarabağdakı separatçı ermənilərlə mübarizə aparmalı oldular. Rayonun minlərlə
mərd və qorxmaz övladı silaha sarılaraq, düz dörd il düşmənin
bu müqəddəs torpaqlara
ayaq basmasına imkan
vermədi.
Tarix boyu ermənilər
Laçını “Qarabağın qara
qapısı” adlandırıblar. Laçın həmişə
ermənilərin gözündə qorxulu
və sehrli bir yer idi. Onlar
heç xəyallarına da
gətirə bilməzdilər ki, nə vaxtsa bu yerlərin əhalisini
dədə-baba torpaqlarından didərgin sala
biləcəklər. Təəssüf ki,
bu, 1992-ci ildə hakimiyyətdə
olanların səriştəsizliyi və xəyanətkarlığı
üzündən baş verdi.
Laçın Azərbaycanda siyasi
böhranın, hakimiyyətsizliyin, AXC-Müsavat
cütlüyünün vəzifə hərisliyinin
qurbanı oldu.
Rayonun işğalı nəticəsində 1 şəhər,
1 qəsəbə, 125 kənd, 13745 fərdi yaşayış
evi, 48 sənaye, 63 kənd təsərrüfatı
obyekti, 109 təhsil, 142 səhiyyə, 217
mədəni maarif müəssisəsi,
460 ticarət obyekti, 30 rabitə
qovşağı, erməni vandalları tərəfindən dağıdılaraq
yandırıldı. Bütövlükdə, rayonun
işğalı ilə əlaqədar əhaliyə dəyən
ziyan 7,1 milyard ABŞ
dolları təşkil edir.
Çox təəssüf ki,
bu itkilər içərisində ən
ağırı və əvəzolunmazı rayonun
müdafiəsi uğrunda ayağa
qalxan igid oğul və qızlarımızdan 267 nəfərinin
şəhid olması, 65 nəfərinin isə itkin düşməsi oldu.
Doğma
Azərbaycanımızın ərazi bütövlüyü
uğrunda döyüşlərdə xüsusi qəhrəmanlıq göstərmiş
Laçın oğullarından 5 nəfəri Azərbaycan
Respublikasının Milli Qəhrəmanı
adına layiq görüldü.
Göründüyü kimi, “Hər ailədən
orduya bir zabit” təşəbbüsünün məhz
Laçın rayonundan irəli
sürülməsinin böyük rəmzi
mənası var. Qartallar
oylağı, igidlər məskəni bu
torpağın hamıya nümunə olan
biləcək qəhrəmanlıq ənənələrini
layiqincə yaşatmaq bu
gün xüsusilə vacibdir.
Heç də təsadüfü deyildir ki, həmin təşəbbüs
hər yerdə olduğu kimi,
laçınlılar arasında da dərhal
böyük əks-səda doğurdu. Rayonda bu istiqmatədə
ardıcıl və sistemli iş quruldu.
Sözsüz ki, bütün
ölkə vətəndaşları kimi,
laçınlılar da Prezident,
Ali Baş Komandan İlham Əliyevin
Qarabağ müharibəsinin sülh danışıqları, diplomatik səylərlə həll olunması yolunda qətiyyətli və uzaqgörən
siyasətini ürəkdən bəyənir və müdafiə
edirlər. Qan tökülməsini, fəlakət və
faciələrin baş verməsini, kəndlərin,
şəhərlərin dağıdılmasını heç kim istəmir. Ancaq bununla yanaşı,
atəşkəs rejimi də əbədi
ola bilməz.
Erməni
təcavüzü qurbanlarından olan
Laçın rayonunun əhalisi
aparılan danışıqlar səmərə vermədiyi təqdirdə,
Ali Baş
Komandanın əmri ilə uşaqdan-böyüyə kimi işğal altında
olan torpaqları azad
etmək,necə deyərlər, qisası qiyamətə qoymamaq əzmindədir. Onlar Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı aparılan sülh
danışıqlarında Prezidentin uğurla apardığı siyasəti birmənalı
şəkildə bəyənir, eyni zamanda, müharibə şəraitində
döyüşə hazırlığın başlıca
şərt olduğunu da
unutmurlar.
Buna görə də rayonun təhsil
müəssisələrində bir qayda olaraq vətənpərvərlik
mövzusunda söhbətlər
aparılır, Qarabağ savaşında igidlik göstərmiş laçınlı
döyüşçülərlə gənclərin müntəzəm
görüşləri təşkil olunur. Eləcə də yuxarı sinif şagirdlərinin hərbi hissələrdə
əsgər və zabitlərlə görüşləri təşkil
edilir, hərbi həyatla
tanışlıq istiqamətində müxtəlif
formatlı tədbirlər keçirilir. Hərbi
dərslərin tədrisi zamanı şagirdlərin
bacarıqları, sağlamlığı, psixoloji
durumu, fənnə maraqları ilə
yanaşı, onlarda vətənpərvərlik
hisslərinin aşılanması da diqqətdə
saxlanılır.
Rayonun orta məktəblərində
hərbi biliklərə yiyələnmək istiqamətində
təhsil proqramının imkanlarından bacarıqla istifadə
olunur. Azərbaycan tarixinin
məktəblərdə daha dərindən
öyrənilməsinə böyük əhəmiyyət
verilir. Mükəmməl elmi
biliyə malik zabit
kadrların hazırlanması istiqamətində məqsədyönlü
işlər aparılır. Gənclərdə hərbiyə maraq və həvəsi daha
da artırmaq üçün
məktəblərdə tədrisin səmərəliyinə ciddi fikir verilir.
Vətənpərvərlik
təbliğatının təsirli olmasının bir yolu da
keçmiş döyüşçülərə
diqqət və qayğının artırılmasıdır.
Rayonda bu məsələyə
də önəm verilir – keçmiş
döyüşçülərlə görüşlər keçirilir, onların problemlərinin həlli,
xüsusən, işlə təmin olunmaları üçün hər vasitədən istifadə
olunur. Qarabağ
müharibəsi veteranlarına lazımi maddi
və mənəvi dəstək verilir,
onların mənzil problemlərinin
yaxşılaşdırılması üçün
daxili imkanlardan istifadə
edilir.
Rayon 21 ildən artıq işğal
altında olduğundan, şagirdlərin
Laçınla bağlı təsəvvürlərinin zənginləşdirilməsi
məqsədilə bütün tədris
ocaqlarında təbliğat-təşviqat işləri
gücləndirilmişdir. Belə formalardan
biri də məktəblərdə ata-baba yurdlarına aid mənzərələri
əks etdirən stendlər hazırlanmasıdır. Həmin
stedlərin qarşısında müxtəlif tədbirlərin
keçirilməsi artıq ənənəyə çevrilib. Rayon icra hakimiyyətinin təşəbbüsü
ilə hazırda hər bir məktəb üçün Laçın rayonunun
işğaldan əvvəlki kəndlərinin
adları yazılan və haqqında qısa məlumat verilən
xəritənin əks olunduğu stendlər
də hazırlanır.
Bütün bunlar ötən dərs
ilində Laçın rayonunda gənclərin
vətənpərvərlik tərbiyəsi sahəsində əldə
edilmiş uğurları əks etdirir. İşin gedişi ilə yaxından tanışlıq,
müsahiblərimizin dedikləri göstərir ki, cari dərs ilində rayonda bu istiqamətdə daha geniş tədbirlər nəzərdə
tutulmuş, konkret hədəflər
müəyyən edilmişdir. Əsas cəhət
odur ki,
laçınlıların hərbi ixtisaslara
yiyələnmək barədə nəcib vətənpərvərlik
təşəbbüsü hər bir gəncin
qəlbində Vətən, torpaq və
millət sevgisini daha
da artırmış, ata-baba
yurd yerlərimizin düşməndən azad olunmasına, yağıya layiqli
cavab veriləcəyinə olan
inam və ümidi daha da
artırmışdır.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2014.- 10 sentyabr.- S.5.