Yeni neft erasının
başlanğıcı
“Əsrin müqaviləsi” - 20
“Əsrin müqaviləsi”ndə qarşıya qoyulmuş vəzifələrə layiqincə əməl edilməsi, yeni neft strategiyamızın uğurla həyata keçirilməsi Azərbaycanın dövlət müstəqilliyinin əsas qarantlarından biridir...
Heydər ƏLİYEV
Ümummilli lider
XX əsrin sonlarında yaranmış tarixi fürsətdən layiqincə yararlanan Azərbaycan yenidən müstəqilliyini elan etdi. Lakin keçmiş sovet dövlətinin süqutu ilə əlaqədar olaraq müttəfiq respublikalar arasında mövcud iqtisadi əlaqələrin qırılması müstəqilliyini yenicə qazanmış bir dövlət üçün ciddi çətinliklər yaradırdı. Digər tərəfdən, həmin dövrdə ölkə rəhbərliyinə gəlmiş naşı adamların yarıtmaz idarəçiliyi nəticəsində Azərbaycanda xaos və anarxiya hökm sürür, iqtisadi tənəzzül gündən-günə dərinləşirdi. Belə bir çətin, ağır tarixi sınaq anında xalqımız müdrik qərar qəbul edərək tanınmış siyasətçi, bacarıqlı rəhbər Heydər Əliyevə üz tutdu.
1993-cü
ilin təlatümlü iyun
günlərində – Azərbaycanın dövlət müstəqilliyi
üçün ciddi
təhlükə yarandığı bir
dövrdə xalqının çağırışına
səs verərək xilaskarlıq missiyasını üzərinə
götürən ulu öndər Heydər
Əliyev ölkə rəhbərliyinə qayıtdı. Heydər
Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın
siyasi və iqtisadi həyatında
taleyüklü dəyişikliklərin
başlanğıcını qoydu. Azərbaycanı labüd fəlakətdən
xilas edən dahi rəhbər
Heydər Əliyev ölkənin iqtisadi
yüksəlişi üçün də
tədbirlər görməyə başladı. Ölkənin
iqtisadi dirçəlişinə nail olmaq məqsədilə
ulu öndər xalqımızın əvəzsiz
sərvəti olan neft
amilindən məharətlə istifadə etdi.
Azərbaycanın o
zamankı məhdud maliyyə imkanları ilə neft-qaz yataqlarının mənimsənilməsinin,
bu əvəzsiz təbii sərvətin dünya bazarlarına
çıxarılmasının çətinliyini nəzərə
alan Heydər Əliyev məsələnin
həll yolunu Qərb şirkətləri
ilə milli maraqlara
söykənən əməkdaşlığın
qurulmasında gördü və bütün geostrateji
çətinliklərə baxmayaraq,
qısa bir müddətdə bu möhtəşəm konsepsiyanı
gerçəkləşdirməyə nail
oldu.
Xatırladaq ki, müstəqilliyin ilk
dövrlərində buna cəhd olunsa da, Azərbaycanın
o zamankı rəhbərliyinin
reallıqdan uzaq şərtləri,
üstəlik də, ölkədə siyasi
sabitliyin olmaması xarici
şirkətləri bu addımdan çəkindirirdi.
Lakin ümummilli liderimizin Azərbaycana
rəhbərliyə başlaması ilə ölkədə siyasi sabitliyin əldə
olunması istiqamətində ciddi işlər
görüldü. Bu da Azərbaycanın zəngin neft
ehtiyatlarına maraq göstərən xarici şirkətlərlə
danışıqların yenidən bərpasına imkan yaratdı. Həmin vaxt
danışıqlar prosesinə cəlb edilmiş ARDNŞ-in birinci vitse-prezidenti İlham Əliyev yeni neft strategiyasının
hazırlanmasının və uğurla həyata
keçirilməsinin ən fəal
iştirakçılarından oldu.
“Əsrin müqaviləsi” ilə bağlı
danışıqların 1994-cü ilin
yazında və yayındakı İstanbul
və Hyustondakı son mərhələləri
xüsusilə ağır keçdi. Həmin
dövrü xatırladan Azərbaycanın
indiki dövlət başçısı
İlham Əliyev demişdir:
“Biz xarici şirkətlərə
deyirdik: siz
ayrı-ayrı şirkətlərin maraqlarını
müdafiə edirsiniz. Biz isə ölkənin və
Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə
yol versəniz, bu, sizin şirkətin yalnız bir
layihəsində öz əksini tapacaq, əgər biz səhv
etsək, bu səhv bütün
Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir.
Başqa sözlə, biz
heç cür heç bir səhvə yol verə bilmərik”. Bütün
çətinliklərə baxmayaraq,
müqavilə Azərbaycanın milli mənafeyinə
uyğun hazırlandı.
Nəhayət,
1994-cü il sentyabr
ayının 20-də Bakıda AMOKO, bp, Statoyl, İNPEX,
YUNOKAL, TPAO, EksonMobil, Devon
Enerji, Delta Hessv və İtoçi kimi iri neft
şirkətləri ilə Xəzər dənizinin Azərbaycan
sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və
“Günəşli” yatağının dərinlikdə yerləşən
hissəsinin kəşfiyyatı,
işlənməsi və hasilatın pay
bölgüsünə dair saziş imzalandı. Dünyanın 7 ölkəsini
təmsil edən 11 neft şirkəti ilə
imzalanmış və sonradan “Əsrin
müqaviləsi” adını almış bu
nəhəng neft sazişi
Azərbaycan Respublikasının Milli Məclisi
tərəfindən təsdiq edilərək 1994-cü il dekabr ayının 12-də
qüvvəyə mindi.
“Əsrin müqaviləsi”nin
imzalanması ilə Xəzər dənizi hövzəsində
və bütün postsovet
məkanında beynəlxalq əməkdaşlığın
bünövrəsi qoyuldu. Bu saziş
regionda digər qlobal
layihələrin gerçəkləşdirilməsi üçün də imkan
yaratdı, Xəzərdə maraqları təmin olunmuş bir çox aparıcı Qərb dövlətlərinin
Azərbaycanla bütün sahələrdə
genişmiqyaslı əməkdaşlığa
marağını artırdı, beynəlxalq maliyyə
qurumları ilə münasibətlərdə keyfiyyətcə
tamamilə yeni bir mərhələnin
əsasını qoydu. “Əsrin
müqaviləsi”nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan
iqtisadiyyatında dönüş
yarandı və böyük işlərə
başlandı.
Bu
nəhəng tarixi sazişin ilkin neft layihəsi çərçivəsində
“Çıraq-1” özülü dünya standartlarına uyğun
olaraq yenidən quruldu,
böyük maillikli
quyuların qazılması məqsədilə özülün
üst modulu modernləşdirilərək
yeni qazma
avadanlıqları ilə təchiz olundu. Yeni qazma
qurğusu laylara horizontal quyuların qazılmasına imkan verdi. Maksimal
mailliklə qazılmış ilk istismar
quyuları böyük neft
hasilatı ilə istismara verildi.
1997-ci il noyabr ayının 7-də
“Çıraq” yatağından neft
hasilatına başlandı. Bu hadisə Azərbaycanın
neft sənayesinin tarixinə möcüzənin
reallığa çevrildiyi gün kimi düşdü.
Noyabr ayının 12-də bu münasibətlə “Çıraq-1” platformasında
təntənəli mərasim keçirildi. Azərbaycanın yeni neft
strategiyasının banisi,
xalqımızın ümummilli lideri Heydər Əliyev platformaya
gələrək neftlə doldurulmuş
qurğudakı rəmzi sürgünü
açdı. Həmin təntənəli mərasimdə Heydər
Əliyev demişdir: “Çıraq” neft yatağında üç
il müddətində
yaradılmış platforma, həqiqətən,
möcüzədir. İnsanı həqiqətən təəccübləndirir.
Çünki o, Xəzər
dənizində olan başqa
platformalardan, estakadalardan
öz müasir
texnikası, texnologiyası, müasir
imkanları ilə fərqlənir. O platformanı görən
adam heyran olur. Çünki bu, böyük bir kombinatdır, zavoddur,
demək olar ki, böyük bir şəhərdir.
Orada insanlar
yaşayır da, işləyir də. Orada insanlar neft istehsal etməyə, neft çıxarmağa başlayıblar”.
Xatırladaq ki, suyun 120 metr
dərinliyində quraşdırılmış
“Çıraq-1" platforması Azərbaycan neftçilərinin
gücü ilə ötən əsrin
80-ci illərinin sonlarında inşa olunmuşdur. Lakin SSRİ-nin dağılması ilə əlaqədar
olaraq burada işlər
yarımçıq saxlanılmış, hasilata
başlamaq mümkün
olmamışdır. Yalnız “Əsrin müqaviləsi”nin ilkin neft layihəsi çərçivəsində
platforma dünya
standartlarına uyğun şəkildə
modernləşdirildikdən sonra burada neftin və səmt
qazının hasilatına başlanılmışdır. Platformadan qazılmış üç
min metr dərinliyində
ilk quyu istismara daxil edildikdən sonra burada daha
24 quyu qazılaraq istifadəyə verilmiş və bununla da illik neft
hasilatı 6 milyon tona
çatdırılmışdır. Bu isə
Azərbaycanda illik neft
istehsalını 15 milyon tona
çatdırmağa imkan
yaratmışdır.
Yeri gəlmişkən, “Əsrin müqaviləsi”nin
ilkin neft layihəsi
çərçivəsində Azərbaycanın yeni neft sənayesi infrastrukturunun yaradılması istiqamətində
digər mühüm işlər də həyata
keçirilmişdir. Belə ki, “Çıraq” yatağından
çıxarılan nefti sahilə nəql
etmək məqsədilə 176 kilometrlik
sualtı boru kəməri çəkilib istismara
verilmişdir. Bundan əlavə,
neftlə bərabər çıxarılan səmt
qazının nəqli məqsədilə Neft
Daşlarınadək 48 kilometr uzunluğunda sualtı boru
kəməri çəkilmişdir.
Xam nefti qəbul edib
onu texnoloji prosesdən
keçirərək ixraca yönəltmək
məqsədilə dünyanın ən nəhəng
terminallarından sayılan Səngəçal terminalı da ilkin neft
layihəsi çərçivəsində inşa
olunmuş ən mühüm
infrastruktur obyektidir. Azərbaycanın neft və qaz sənayesində
həyati əhəmiyyətə malik
obyektlərdən biri olan
bu terminal Xəzər hövzəsində bp tərəfindən işlədilən bütün mövcud dəniz
yataqlarından hasil edilən xam nefti və qazı qəbul
etmək, onu texnoloji emaldan keçirərək
ixraca yönəltmək üçün
nəzərdə tutulmuşdur.Xatırladaq ki,
Bakıdan 55 kilometr cənubda yerləşən
Səngəçal terminalı təxminən 550 hektar ərazini əhatə edir.Terminalın ilkin neft layihəsinə aid hissəsi Xəzər dənizinin
“Çıraq” yatağından hasil edilən
nefti texnoloji emaldan keçirmək, anbarlarda
toplamaq və ixrac etmək
üçün inşa
edilmişdir. Terminalın bu
hissəsində hər birinin tutumu 25 min 500 barrel olan 4 ədəd xam neft saxlama çəni mövcuddur. Bu isə ildə
6 milyon tondan artıq xam nefti texnoloji
emaldan keçirməyə, anbarlarda saxlamağa və
ixrac etməyə imkan
verir.
Səngəçal
terminalı sonradan “Azəri”, “Çıraq”
yataqlarının və “Günəşli”
yatağının dərinlikdə yerləşən hissəsinin
tammiqyaslı işlənməsi layihəsi çərçivəsində
bir qədər də genişləndirilmişdir.
Səngəçal terminalının genişləndirilməsi
proqramı çərçivəsində yaradılmış
infrastruktur isə “Azəri-Çıraq-Günəşli”
layihəsinin “Azəri” yatağından və “Günəşli”
yatağının dərinlikdə yerləşən hissəsindən
hasil olunan nefti və “Şahdəniz” yatağından
çıxarılan qazı qəbul etmək, anbarlarda
saxlamaq və texnoloji
emaldan keçirmək üçün
nəzərdə tutulmuşdur. Terminalda hər birinin tutumu 880 min barrel olan üç
ədəd xam neft
çəni də daxil olmaqla
bir sıra qurğular
vardır. Səngəçal terminalında, həmçinin
Bakı-Tbilisi-Ceyhan boru kəməri üçün çox mühüm iki qurğu – əsas nasos
stansiyası və dipetçer
otağı fəaliyyət göstərir. Dispetçer
otağı bütün
boru kəmərinə nəzarət edir, problemləri aşkara
çıxara bilir və hər üç ölkədə boru
kəmərinin lazımi hissələrini təcrid edə bilir və ya fövqəladə halda
qurğunun işini
dayandırır. Dənizdəki qurğulardan
terminala səkkiz müxtəlif boru kəməri daxil olur və buradan da eyni sayda
kəmər çıxır. Onlar
müxtəlif marşrutlara istiqamətlənməklə
yüksək keyfiyyətli Azərbaycan neftini
və qazını dünya bazarlarına
nəql edir. Bundan əlavə,
terminal Qazaxıstan və Türkmənistandan
daxil olan üçüncü tərəfə aid nefti də qəbul edir.
bp şirkətinin operatoru
olduğu Səngəçal
terminalının texniki emal
sistemlərinin gündəlik gücü
hazırda 1,2 milyon barrel
neft və “Şahdəniz” qazı üçün təqribən 27,4 milyon kubmetrdir.
Terminalın ümumi qaz
emalı və ixracı gücü isə
(“Azəri-Çıraq-Günəşli” yataqlarından
çıxarılan səmt qazı da daxil olmaqla) gündəlik
təqribən 41,5 milyon kubmetr
təşkil edir.
Hazırda Azərbaycan
neftini dünya
bazarlarına daşıyan şaxələndirilmiş ixrac marşrutları sisteminin
də yaradıcısı ulu öndər
Heydər Əliyev olmuşdur. Belə ki, ilkin
neft layihəsi çərçivəsində
hasil edilən xam neftin ixracı üçün
öncə Şimal marşrutu
məqbul hesab olundu və
bu məqsədlə Bakı-Novorossiysk boru kəməri seçildi.
1996-cı il
yanvarın 18-də Azərbaycan Prezidenti
Heydər Əliyev və Rusiya
Federasiyasının Baş naziri Viktor
Çernomırdin Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri”,
“Çıraq” və “Günəşli” yataqlarından
çıxarılacaq ilkin neftin Rusiya ərazisi vasitəsilə nəql edilməsi
haqqında hökumətlərarası sazişə imza atdılar. Bunun da nəticəsində
Bakı-Novorossiysk ixrac boru
kəməri qısa müddətdə bərpa edilərək
istifadəyə verildi. İlk
dəfə 1997-ci il oktyabr
ayının 25-də də Azərbaycan neftinin
Novorossiysk limanına nəqlinə başlanıldı.
1998-ci il
yanvarın 12-də ilkin ABƏŞ nefti Şimal marşrutu boru kəməri
sisteminə vuruldu. Həmin il martın 24-də isə səhmdarlar Azərbaycan
nefti yüklənmiş ilk
tankeri Rusiyanın Novorossiysk
limanından yola saldılar. Xatırladaq ki, Azərbaycan ərazisində
231 kilometr uzunluğunda
720 millimetrlik boru kəmərindən,
eləcə də nasos, neftvurma
və nəzarət-ölçü stansiyalarından ibarət
olan Şimal ixrac marşrutu uzun illər xam neftin Rusiyanın Novorossiysk
limanından dünya bazarına
çıxarılmasında mühüm rol oynamışdır.
Ümummilli liderimiz Heydər
Əliyevin yaradıcısı olduğu yeni neft
strategiyasının inkişafında və “Şərq-Qərb”
enerji dəhlizinin gerçəkləşməsində
Bakı-Supsa neft kəmərinin müstəsna
rolu olmuşdur. Qərb
istiqamətində çəkilən 837 kilometr
uzunluğunda olan 537 millimetrlik
Bakı-Supsa boru kəmərinin
inşasına 1998-ci ildə start verilmişdir. 1999-cu ilin
yazında Qərb ixrac marşrutunun
işə salınması ilə Azərbaycanın ixrac potensialı xeyli
artmışdır. Xatırladaq ki, həmin
il aprelin 8-də səhmdarlar
Azərbaycan nefti yüklənmiş ilk tankeri Gürcüstanın
Supsa limanından yola
saldılar. Aprel ayının 17-də isə
Azərbaycan, Gürcüstan və Ukrayna prezidentlərinin iştirakı ilə Qərb
ixrac boru kəməri
marşrutunun və Qara
dənizin Gürcüstan sahilindəki Supsa terminalının təntənəli
açılış mərasimi keçirildi.
Bütün bunlarla
yanaşı, ilkin neft
layihəsinin reallaşdırıldığı illərdə
Azərbaycan neftinin dünya
bazarına çıxarılmasını nəzərdə tutan əsas ixrac boru kəməri marşrutunun
seçilməsi istiqamətində də gərgin işlər
aparılmış və ulu öndər
Heydər Əliyevi ideyası ilə Bakı-Tbilisi-Ceyhan layihəsi
həyata vəsiqə qazanmışdır. 1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilmiş ATƏT-in sammitində
ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan,
Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin çəkilişi
haqqında dövlətlərarası müqavilə
imzalanmışdır.
Qeyd etdiyimiz kimi, ilkin neft
layihəsi çərçivəsində Azərbaycanın neft sənayesi üçün
son dərəcə mühüm
əhəmiyyət kəsb edən bir
sıra qurğular modernləşdirilmiş
və ya yeniləri tikilmişdir.
Bu baxımdan “Dədə Qorqud”
yarımdalma üzən qazma qurğusunda bərpa işlərinin uğurla başa
çatdırılmasını xüsusi
qeyd etmək olar. Yeri gəlmişkən,
yeni neft
strategiyasının həyata keçirilməsinin mühüm bir hissəsi
də Xəzər dənizinin Azərbaycan sektorunun
dərinliklərində yerləşən zəngin neft və qaz
yataqlarının kəşfiyyatının və qazma işlərinin sürətləndirilməsi
idi. Məhz buna görə də “Dədə Qorqud” qazma qurğusunun
bərpasından sonra 1998-ci ildə tam modernləşdirilmiş “İstiqlal”,
iki il sonra
isə “Qurtuluş” qazma
qurğuları istismara verildi.
2002-ci ildə Xəzərin istənilən dərinliyini fəth
etməyə qadir olan
Heydər Əliyev qazma qurğusunun
istifadəyə verilməsi Azərbaycanın neft sənayesinin ən böyük
uğurlarından hesab etmək olar. Modernləşdirilmiş qazma qurğularının köməyilə
“Azəri-Çıraq-Günəşli” yataqlarında birgə
aparılan işlər nəticəsində 6 kəşfiyyat quyusu qazılmış və bunun
da nəticəsində sonradan
neft ehtiyatlarının əvvəlcədən
proqnozlaşdırıldığından 30 faizdən çox olması tam sübuta yetirilmişdir.
“Əsrin
müqaviləsi”nin ilkin neft
layihəsinin uğurla həyata
keçirilməsi sahəsində əldə olunmuş
zəngin təcrübə sonralar Azərbaycanda
daha iri neft layihələrinin icrası üçün geniş yol açdı. Həmin layihələr
çərçivəsində reallaşdırılan nəhəng
tikinti-quraşdırma işləri nəticəsində Azərbaycanın neft sənayesinin infrastruktur
imkanları bir qədər də
genişləndi, ölkəmizin iqtisadi
qüdrəti və beynəlxalq nüfuzu
xeyli artdı...
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2014.- 10 sentyabr.- S.4.