Uzunömürlülərin
yaradıcılıq festivalı
Ölkəmizdə ilk dəfə olaraq Lerikdə Mədəniyyət və Turizm Nazirliyinin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə uzunömürlülərin yaradıcılıq festivalı keçirilib. Festivalda Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar, Salyan, Balakən və İsmayıllı rayonlarının folklor kollektivləri, xalq tətbiqi sənəti ustaları, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
“Relax” Turizm və
İstirahət Mərkəzində keçirilən festivaldan öncə mədəniyyət və
turizm naziri
Əbülfəs Qarayev, Milli
Məclisin deputatları və digər rəsmilər
iştirakçı rayonların tədbirə qatılan 150-yə
yaxın uzunömürlü sakini ilə görüşərək
söhbət etdilər. Qonaqlar uzunömürlü
soydaşlarımıza həsr olunmuş foto, rəsm və kitab sərgiləri,
həmçinin xalq tətbiqi sənəti
nümunələri ilə tanış oldular.
Uzunömürlülərin
yaradıcılıq festivalı çərçivəsində
Azərbaycan Milli Kulinariya
Assosiasiyasının və Milli Kulinariya Mərkəzinin birgə təşkil
etdikləri plov müsabiqəsi keçirildi. Müsabiqədə
iştirakçı rayonların hər biri
üç növ plov nümayiş etdirdi. Münsiflər heyətinin qərarı
ilə Salyan, Lənkəran və Astara rayonları müvafiq
olaraq mükafatalayiq
yerləri tutdular. Fərdi
yarışlarda isə Məhəmmədsadıq Ləkipur (Lerik), Lətifə Hüseynova
(Masallı) və Minaxanım Yusifova (Cəlilabad)
fərqləndilər. Qaliblərə diplomlar,
medallar və hədiyyələr təqdim
edildi.
Mərasimdə həmçinin
Lerik Rayon İcra Hakimiyyətinin başçısı
Rövşən Bağırova, festivalın sponsorları - “Relax” Turizm və
İstirahət Mərkəzinin, “Azərsun Holdinq
” şirkətlər qrupunun, “Millenium” turizm və “Sektor” şirkətlərinin nümayəndələrinə
diplomlar verildi.
Açıq
konsert zalında davam
etdirilən tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin
başçısı Rövşən Bağırov dağlar diyarının uzunömürlü
insanların yaşadığı bölgə kimi məşhur olmasını, burada respublikada yeganə olan “Uzunömürlülər” muzeyinin fəaliyyət göstərdiyini
söylədi və regionun turizm
potensialının gücləndirilməsində bu festivalın böyük
önəm daşıdığını bildirdi.
Festivalda Azərbaycan Prezidenti
cənab İlham Əliyevin Lerik rayonuna səfəri
ilə bağlı videoçarx,
uzunömürlülər barədə lentə
alınmış “Nəvəmin nəvəsinin nəvəsi”
bədii filmi, “Salnamə” studiyasında
ekranlaşdırılmış “Əsrə sığmayan həyat”
sənədli filmi nümayiş
etdirildi.
Sonra respublikanın mədəniyyət və
incəsənət ustaları, festival
iştirakçıları olan
rayonların folklor kollektivləri rəngarəng
konsert proqramı ilə
çıxış etdilər. Mahnı və muğamlar, aşıq musiqisi,
rəqslər təqdim olundu. Xalq artistləri
Canəli Əkbərovun, Teymur Mustafayevin, Natəvan Şeyxovanın, Valeh Kərimovun, əməkdar artistlər Zakir Əliyevin, Səbuhi İbayevin,
eləcə də yaşı 70-dən yuxarı olan yaradıcı insanların, o cümlədən Lerik rayonunun “Rəfti”, Astaranın “Əvəsor”,
Lənkəranın “Nənələr”, Masallının
“Halay” folklor kollektivlərinin
çıxışları hərarətlə
qarşılandı.
Mədəniyyət və
turizm naziri
Əbülfəs Qarayev media
təmsilçilərinə müsahibəsində bildirdi ki, Azərbaycanda
uzunömürlülərin yaradıcılıq
festivalının təşkili gözəl təşəbbüsdür.
Tədbirə ucqar rayonların da yaşlı nümayəndələri həvəslə
gəliblər. Festival qocaman
iştirakçıların öz istedad və bacarıqlarını nümayiş etdirmələri üçün
çox gözəl fürsətdir. Gələcəkdə
belə festivalların keçirilməsi ənənə
şəklini alacaq.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2014.- 12 sentyabr.- S.8.