Heydər Əliyev Fondunun bəşəri ideallara xidməti

beynəlxalq aləmdə yüksək dəyərləndirilir

 

Ümummilli liderin zəngin irsinin qorunub saxlanması, gələcək nəsillərə çatdırılması kimi müqəddəs bir vəzifəni mühüm istiqamət kimi götürən Heydər Əliyev Fondu ölkəmizin ictimai həyatının, demək olar ki, bütün sahələrində fəal iştirak edir. Müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adını daşıyan fond fəaliyyətə başladığı 10 il ərzində böyük uğurlara imza atır. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın özü isə bu uğuru belə xarakterizə edir: “Bizim ən böyük nailiyyətimiz və uğurumuz Azərbaycan xalqının inamını və etimadını qazanmağımızdır. Bu, əvəzsiz bir mükafatdır”.

 

Valideyn himayəsindən məhrum olmuş uşaqların taleyinin dövlət orqanlarının fəaliyyəti ilə yanaşı, beynəlxalq qurumların, qeyri-hökumət, vətəndaş cəmiyyəti təşkilatlarının, bizim hər birimizin fəallığından asılı olmasını önə çəkən Heydər Əliyev Fondu bu problemə biganə qalmamağı ciddi məsələ kimi ortaya qoyur. Elə bu səbəbdəndir ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi fond yarandığı ilk gündən dövlət müəssisələrində tərbiyə olunan, valideyn himayəsindən məhrum olmuş uşaqların taleyini daim diqqətdə saxlayır. Əsas fəaliyyətini əhalinin ən həssas təbəqəsinin, əsasən qaçqın və məcburi köçkünlərin, aztəminatlı ailələrin balalarının, eləcə də uşaqinternat evlərində tərbiyə olunan uşaqların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldən fond ağır xəstəliklərdən əziyyət çəkən balacalara da qayğını əsirgəmir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilərək Bakıda 2009-cu ildə istifadəyə verilmiş Talassemiya Mərkəzi bu xəstəliyə düçar olan uşaqların və onların valideynlərinin ümid yerinə çevrilmişdir. Ötən il Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın iştirakı ilə fiziki qüsurlu uşaqlar üçün “Qayğı” Reabilitasiya Mərkəzinin açılışı Azərbaycanın birinci xanımının bu sahəyə diqqət və qayğısının daha bir bariz nümunəsidir.

Heydər Əliyev Fondununfondun prezidenti, Azərbaycanın birinci xanımının səyləri nəticəsində bu gün Avropanın müxtəlif ölkələrinin mədəniyyət mərkəzlərində, ən böyük teatr, konsert salonlarında incəsənət ustalarımızın ifaları səslənir, rəssamlarımızın əsərləri sərgilənir, mədəni irsimizin qədim və müasir nümunələri nümayiş etdirilir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun xidmətləri xüsusi qeyd edilməlidir.

Heydər Əliyev Fondunun müxtəlif sahələrdə həyata keçirdiyi layihələr beynəlxalq nüfuz qazanıb. Azərbaycanın dünya birliyində zəngin mədəniyyətə, qədim tarixə, tolerantlıq ənənələrinə malik bir dövlət kimi özünəməxsus yer tutması baxımından bu nüfuz böyük rol oynayır.

Ölkə və dünya əhəmiyyətli tarixi abidələrin bərpası, yeni mədəniyyət ocaqlarının yaradılması Heydər Əliyev Fondunun fəaliyyətində mühüm yer tutur. 2000-2014-cü illər ərzində fond Azərbaycanda və xarici ölkələrdə bu istiqamətdə mühüm layihələr reallaşdırmışdır. Fondun xarici ölkələrdə tarixi mədəniyyət abidələrinin bərpası və yeni mədəniyət obyektlərinin inşası sahəsində fəaliyyətini sadalamaqla qurtaran deyil. Bir sıra faktları diqqətə çatdırmaq istərdim. 2006-cı ildə Gürcüstanın Tbilisi şəhərində Azərbaycanın  görkəmli tarixi  şəxsiyyətlərinin – Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Həsən bəy Ağayev və Fətəli xan Xoyskinin qəbirüstü abidələrinin yenidən qurulması və xiyabanın yaradılması, 2007-ci ildə Versal Sarayının parkındakı ümumbəşəri abidələrin bərpası, 2008-ci ildə Luvr Muzeyinin bərpası, 2011-ci ildə ikinci Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin bərpası, 2012-ci ildə Romanın  Villa Borgeze parkında Nizami Gəncəvinin abidəsinin ucaldılması, Vatikanda Roma katakombalarının bərpası, Moskvada M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycanın görkəmli yazıçısı, filosofuhumanisti Mirzə Fətəli Axundovun abidəsinin ucaldılması, Parisdə Azərbaycan Mədəniyyəti Mərkəzinin yaradılması, 2013-cü ildə Romada Kapitolini MuzeyininFiliosoflar zalı”nın təmiri  və digərlərini göstərmək olar. Azərbaycanda isə  bərpa olunmuş və yenidən qurulmuş belə  tarixi abidələrin sayı yüzlərlədir.

Azərbaycanın ərazi bütövlüyünün  beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində təmin olunması, Ermənistanın işğalçılıq siyasətinin ifşası, azərbaycanlılara qarşı törədilən terror aktları və ermənilərin qanlı etnik təmizləmə siyasəti barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq Heydər Əliyev Fondunun qarşıya qoyduğu prioritet vəzifələrdəndir.   Mehriban xanım  Əliyeva bütün xarici səfərlərində, keçirdiyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsini, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərində maddi-mədəniyyət abidələrini vəhşicəsinə dağıtmasını diqqət mərkəzində saxlayır, xoşməramlı səfir kimi bəşəriyyəti dialoqa və qarşılıqlı anlaşmaya çağırır. Dinlərarası və sivilizasiyalararası dialoqa töhfələri, milli-mənəvi dəyərlərə ehtiramı ilə Azərbaycanın birinci xanımı həm də yeni minillikdə qədim dəyərlərin hamisidir. Sivilizasiyalararası dialoqda gənclərin, elm və mədəniyyət xadimlərinin roluna hər zaman önəm verən Heydər Əliyev Fondunun prezidenti Azərbaycanda bu mövzularda beynəlxalq konfranslar, forumlar, sammitlər, simpoziumfestivallar təşkil edir. Xüsusilə belə dialoqda qadınların rolunun artırılmasına dair Bakıda keçirilmiş konfrans dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

Heydər Əliyev Fondunun dəstəyi  ilə Rumıniyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən  tədbir də xüsusi qeyd olunmalıdır.  Fondun  dəstəyi və  “Hamının Evi” Assosiasiyasının təşkilatçılığı ilə Buxarestin mərkəzində yerləşən “Sehrli Teatrda” 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirdə Buxarest Meriyasının, Rumıniyada fəaliyyət göstərən QHT-lərin, Əmək, Sosial və Ailə Müdafiəsi Nazirliyinin,  Buxarestdəki uşaq evlərinin, uşaq bağçalarının, fiziki və əqli qüsurlu uşaqların saxlanması üçün nəzərdə tutulmuş xüsusi rejimdə fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdləri və müəllimləri, uşaqların valideynləri iştirak ediblər. Mərasimə əlil və fiziki qüsurlu uşaqlar da daxil olmaqla, 500-ə yaxın uşaq qatılıb. Bildirilib ki, Heydər Əliyev Fondu  artıq 7 ildir ki, Rumıniyada, ölkənin əksər bölgələrini əhatə edən humanitar və xeyriyyəçilik fəaliyyəti göstərir.

Strasburqun mərkəzində yerləşən Notr-Dam kilsəsinin təmiri ilə əlaqədar Heydər Əliyev Fondunun təşəbbüsü ilə göstərilən maliyyə yardımını da qeyd etməmək olmaz. Təqdimat mərasimində şəhərin rəsmiləri və qonaqlarStrasburqun meri senator Rolan Ris, şəhərin baş yepiskopudini qurumlarının nümayəndələrinin, Alzas regionunun prefektinin, yerli özünüidarə orqanlarının məsul şəxslərinin, Fransa Mədəniyyət Nazirliyinin Alzas bölgəsi üzrə Baş İdarəsinin rəhbəri və əməkdaşlarının, Azərbaycan Milli Məclisinin deputatlarının, Türkiyənin Avropa Şurası yanındakı nümayəndəliyinin rəhbəri və Strasburqdakı baş konsulunun, Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin əməkdaşlarının, universitet ziyalılarının, diasporumuzun təmsilçilərinin iştirak etdikləri mərasimi açan Notr-Dam Kilsəsi Fondunun rəsmi nümayəndəsi Remi Bodrü xeyriyyəçilik işinin müxtəlif xalqların və ölkələrin yaxınlaşmasında mühüm rolunu qeyd etmiş, 1500 kvadratmetrlik sahəni əhatə edən və Xl əsrə aid qədim tarixi abidənin təmiri məqsədilə Heydər Əliyev Fondunun göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirmişdir.

Avropanın rəmzi paytaxtı sayılan Strasburqda belə bir tədbirin çox böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb, bu mərasim Fransa ilə Azərbaycan arasında bütün sahələrdə uğurla davam edən ikitərəfli münasibətlərin daha da dərinləşməsi istiqamətində atılan növbəti addım kimi dəyərləndirilib.

Heydər Əliyev Fondunun ölkəmizdə dini abidələrin qorunması və bərpasına yardım etməsi də diqqətçəkən məqamlardandır. Fondun dəstəyi ilə Bakıdakı pravoslav və Müqəddəs Məryəm kilsələrində də təmir-bərpa işləri aparılmış, yəhudi uşaqları üçün təhsil və mədəniyyət mərkəzinin tikintisinə hər zaman dəstək verilmişdir.

Humanizm, insanpərvərlik və mərhəmət nümunəsi həmişə Heydər Əliyev Fondunun fəaliyətində ana xətt olub. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Novruz bayramında və digər əlamətdar günlərdə amnistiya elan edilməsi təklifi ilə parlamentə müraciəti məhz belə dəyərləndirilir. Mehriban xanımın təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi amnistiya aktı 9 min nəfərə şamil edildi. Bütün bunlar bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin məntiqli siyasi strategiyası, uğurlu xarici siyasəti, humanizm prinsipləri bütün sahələrdə özünü göstərir. Heydər Əliyev Fondunun bütün fəaliyyəti də məhz ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş, bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən strategiyanın məntiqi nəticəsidir.

Heydər Əliyef Fondunun təşəbbüsü ilə reallaşdırılan layihələrdən məmnunluq ifadə edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva deyib: “İstər UNESCO-nun xoşməramlı səfiri kimi, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm... Mən konkret görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir”.

 

Mirkazım KAZIMOV,

Milli Məclisin deputatı,

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü

 

Xalq qəzeti.- 2014.- 14 sentyabr.- S.3.