15 Sentyabr
- Türkiyə və Azərbaycan
qardaşlığının
zəfər günü
Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlətik” kəlamı tarixin bütün dövrlərində öz təsdiqini tapmışdır. Əsrlər boyu iki qardaş xalq arasındakı sevgi hissləri tükənməmiş, əksinə gün keçdikcə artmış, güclənmişdir. 1918-ci il sentyabrın 15-də Bakının düşməndən azad olunması da dediklərimizi təsdiq edən əsaslı faktlardan biridir.
XX əsrin
əvvəllərində Türkiyə və Azərbaycana
düşmən kəsilən qüvvələr hər iki xalqı minbir bəlalara
düçar etmək üçün
bu dəfə ermənilərdən “dəyənək”
kimi istifadə etməyə qərar verdilər. Onları hər cür
silah-sursatla təmin edərək, Anadoluda qətliamlar törətməyə “həvəsləndirdilər”.
Nəticədə minlərlə türk-müsəlman vəhşicəsinə
qətlə yetirildi, yandırıldı,
işgəncələrə məruz qaldı. Oxşar
hadisələr 1918-ci ildə qardaş Azərbaycanda
cərəyan etdi. Ermənilər Azərbaycanın
müxtəlif bölgələrində, o
cümlədən Bakıda kütləvi qətliamlar törətdilər.
Görünən o idi ki,
1918-ci ildə yenicə öz müstəqilliyini
qazanan Azərbaycanı yenidən əsarətə
salmaq istəyən qüvvələr yenə
də ermənilərdən istifadə edirdilər. Lakin həmin qüvvələr Azərbaycan-Türkiyə
birliyini, həmrəyliyini nəzərə
almamışdılar. Bəlkə də bunu nəzərə almamaqda
və ya əhəmiyyətsiz hesab etməkdə haqlı idilər. Çünki I Dünya
savaşında eyni vaxtda
dörd cəbhədə müharibə aparan, daxilində ciddi
problemlərlə qarşılaşan Türkiyənin hərbi-siyasi
və maliyyə vəziyyəti olduqca
ağır idi. Ölkənin Antanta dövlətləri tərəfindən
işğala məruz qalması təhlükəsi
isə hər gün bir
az daha artırdı. Amma bir məsələ
diqqətdən kənar qalmışdı: Türkiyə və
Azərbaycanın qardaşlıq hissləri bütün
maneələri dəf etməyə qadir idi.
1918-ci il
iyunun 4-də Cənubi Qafqazda
yaranmış müstəqil demokratik respublikalar Osmanlı imperiyası ilə “Sülh və dostluq”
haqqında müqavilə imzalayıblar. On
bir bənddən ibarət olan
müqavilə beynəlxalq diplomatiyanın prinsiplərinə
və təcrübəsinə əsaslanmaqla gənc Azərbaycan
Xalq Cümhuriyyəti dövlətçiliyinin
qorunması baxımından çox dəyərli
idi. Onun dördüncü maddəsi Azərbaycanda
dövlətin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin
toxunulmazlığını və daxildə siyasi
sabitliyi, əmin-amanlığı
etibarlı şəkildə qorumaq
baxımından xüsusilə əhəmiyyətli idi. Müqavilənin 4-cü bəndinə əsasən,
Osmanlı hökuməti “qayda-qanunu və
ölkənin təhlükəsizliyini təmin etmək” məqsədilə
Azərbaycana hərbi yardım edəcəyini öhdəsinə
götürürdü.
Müstəqillik yolunda ilk
addımlarını atmaqda olan AXC-nin beynəlxalq vəziyyəti
gərgin idi. Dünya
müharibəsi ərəfəsində və onun
gedişində Azərbaycan imperialist
dövlətlərin işğalçılıq
planlarında mühüm yer
tuturdu. Neft
Bakısına şəriksiz sahib olmaq uğrunda RSFSR, Almaniya və Böyük
Britaniyanın maraqları kəskin toqquşurdu.
Rusiya ilə Almaniya
arasında gizli sövdələşmələr
gedirdi. Belə bir vəziyyətdə
Bakıda, Şamaxıda, Qubada, Kürdəmirdə,
Salyanda rus-erməni hərbi birləşmələri
tərəfindən türklərə qarşı kütləvi
soyqırımı həyata keçirildi.
Gəncə isə növbəti hədəf seçilmişdi.
Gəncənin tutulması Azərbaycan istiqlaliyyətinin sonu demək idi. Ona görə də AXC Milli
Şurasının sədri M.Ə. Rəsulzadə və xarici işlər naziri
M.H.Hacınski Azərbaycana yardım göstərilməsi
haqqında Batumda Türkiyə nümayəndə
heyəti ilə danışıqlar apardılar. M. Ə. Rəsulzadə
İstanbulda Osmanlı imperiyasının
hərbiyyə naziri Ənvər paşa ilə görüşərək ondan hərbi kömək istədi. Lakin AXC-yə hərbi yardımın göstərilməsi
o qədər də asan
məsələ deyildi. Hər şeydən
öncə, Azərbaycana göndəriləcək Türk Ordusunun maddi-texniki təminatı çox
baha başa gələcəkdi.
Azərbaycan isə maliyyə böhranı keçirirdi.
Qeyd etdiyimiz kimi, Türkiyə də bu
cəhətdən çətin vəziyyətdə idi.
Ciddi maneələrə baxmayaraq,
Ənvər paşa
başçılıq etdiyi Müdafiə
Nazirliyinin hesabından Azərbaycana 2 milyon türk lirəsi məbləğində
maliyyə yardımı göstərdi. Həmçinin ögey qardaşı general-mayor
Ferik Nuru paşanı
düşmənə qarşı döyüşəcək Qafqaz İslam Ordusunu təşkil etmək məqsədilə
Gəncəyə göndərdi. Qafqazda türk
qoşunlarının komandanı öz qərargahı
və 300 nəfər əsgər və zabitin
müşayiəti ilə Təbrizdən çıxıb Qarabağdan keçərək Gəncəyə
gəldi. Əhali türk ordusunu
duz-çörəklə qarşıladı. Onun
ardınca mayın sonları və iyunun əvvəllərində
xilaskar Türk Ordusunun yeni hissələri
Gəncəyə gəldi.
Qafqaz İslam Ordusunun baş komandanı
Nuru paşa 1918-ci il iyunun 19-da hərbi əməliyyata
başçılıq etmək üçün
xüsusi qatarla cəbhəyə
gəldi. Hələ bundan əvvəl Gəncəni
tutmağa tələsən daşnak qoşunları həmin il iyunun 10-da dəmir yolu xətti boyunca Gəncə
istiqamətində hücuma keçdi. Onların məqsədi Qafqaz İslam Ordusunu qabaqlamaq və mümkün qədər şəhəri tez ələ keçirmək idi.
Daşnak ordusu iyunun
12-də Kürdəmiri ələ keçirdikdən sonra irəliləyərək, ayın 16-18-də
Müsüslü stansiyası
yaxınlığında Türk Ordusu ilə şiddətli döyüşlər
apardı. Göyçaydan 20 verst şərqdə yerləşən Qaraməryəm
kəndi yaxınlığında baş
verən döyüş
xüsusilə şiddətli idi. Döyüşlər, əsasən, Qaraməryəm-Ağsu
şosesi və Müsüslü-Kürdəmir
dəmir yolu ətrafında gedirdi. İyunun 27-dən iyulun 1-dək 4 gün ərzində
Göyçay yaxınlığında
gedən qanlı döyüşlərdə Türk
Ordusu düşmənə ağır zərbələr
endirməklə strateji və hərbi
üstünlüyü tamamilə ələ
aldı. Düşmən qoşunlarının hücumu dayandırıldı. Türk Ordusu müdafiə
döyüşlərindən əks-hücuma keçdi.
Aldıqları zərbədən özünə gələ
bilməyən düşmən ordusu Qaraməryəm
kəndinə doğru geri
çəkilməyə məcbur oldu.
Müdaxiləçilərin məğlubiyyəti ciddi nəticələrə səbəb oldu. Qafqaz İslam
Ordusunun bu tarixi qələbəsi müharibənin
sonrakı gedişinə güclü təsir
göstərdi. Bundan sonra
düşmən bir daha
özünə gələ bilmədi. Bu arada Azərbaycan hökumətinin qərarı
ilə 1918-ci il iyunun
26-da Azərbaycan korpusu yaradıldı.
Müxtəlif
bölgələrdə uğurlu hərbi
əməliyyatlar aparıldı. Artıq Qafqaz
İslam Ordusu
Bakıya yaxınlaşmışdı. S.Şaumyanın rəhbərlik
etdiyi Bakı komissarları istefa verdikdən sonra avqustun 1-də hakimiyyəti ələ
keçirən Sentrokaspi diktaturası
Bakını əldə saxlamağa
çalışırdı. Bunun üçün İrandakı ingilis
qoşunları komandanlığı ilə görüşərək
onlardan hərbi kömək almağa nail olmuşdular. Avqustun 4-də
ingilis qoşunlarının bir hissəsi Bakıya gəlməyə başladı.
Mövcud hərbi-siyasi vəziyyət
Bakının tez bir zamanda işğaldan
qurtarılmasını tələb edirdi.
Vaxt itirmək olmazdı. Buna
görə də Nuru paşanın
komandanlığı altında Qafqaz İslam Ordusu şiddətli
top atəşinin köməyi ilə
1918-ci il avqustun 5-də
Bakıya hücuma keçdi.
Erməni, rus və ingilislərdən ibarət
hərbi birləşmələr Bakını əldə saxlamaq üçün bütün hazırlıqlarını
görmüşdülər. Ona görə
də Qafqaz İslam Ordusu güclü
müqavimətlə qarşılaşdı. Ancaq
türk qoşunlarının getdikcə
şiddətlənən hücumu bu müqaviməti qırdı. Strateji mövqeyə malik
bəzi yüksəklikləri ələ keçirdilər. Düşmən Sallaqxana və
qəbiristanlığa doğru
dağınıq şəkildə geri
çəkilməyə başladı. Birinci
müdafiə xəttinin dağıdılması
Bakının azad olunmasını xeyli asanlaşdırmışdı. Lakin hücum üçün kifayət qədər top mərmisi yox idi. Hücuma
keçən piyadalara artilleriyanın dəstək
atəşləri getdikcə azalmış və günortadan sonra tamamilə
kəsilmişdi. Bundan istifadə edən
düşmən artilleriyası və pulemyotçuları
öndəki dəstələri şiddətli atəşə
tutdular. Türk
qoşunları geri çəkilməyə
məcbur oldular. Ordunun
yenidən hücuma keçməsi üçün həm əlavə köməyə,
həm də cəbbəxana təminatına ehtiyac
var idi.
Azərbaycana köməyə
gələn qoşunların geri çəkilməsindən
narahat olan əhali əsgərlərin
ruh yüksəkliyini artırmaq və
onları daha da cəsarətləndirmək
üçün avqustun
10-da Qafqaz İslam Ordusuna müraciətnamə göndərmişdi.
Həmin müraciətdə deyilir:
“Bakı deyilən milyon və milyardlar şəhərinin qapıları
önündə günlərdən bəri zəfər quşunun qanadını yaxalamaq
istəyən Türk Ordusuna!
Bu
gözəl könül qapısı
şəhərini əgər zəbt etməsəniz, türkün və ordusunun
şərəfini indi içində bulunduğunuz xəndəklərə göməcəksiniz.
Əgər siz bu sərvət
və altun şəhərini zəbt etməsəniz,
sevgili böyük Vətənimizə
ən qiymətli bir hədiyyə etmək
fürsətini qaçırmış olacaqsınız...” Nuru paşa Osmanlı qoşunlarının
qüvvətləndirilməsi və yeni
yaranmış Azərbaycan Milli Ordusunun formalaşdırılması məqsədi
ilə 1918-ci il avqustun
13-də əmr verdi. Bu
əmrə əsasən ordu quruculuğu işlərinin tənzim və
idarə olunması Qafqaz İslam
Ordusuna həvalə olundu.
Bakı ətrafındakı kəndlərin əhalisi səfərbər
edildi. İkinci
Bakı hücumunda şəhəri
tamamilə xilas etməyi
planlaşdıran Nuru paşa
Şərq orduları qrupundan da yardım istədi. Sentyabrın 9-da Süleyman İzzət bəyin
komandanlığı ilə göndərilən kömək
dəstələri Qafqaz İslam
Ordusu ilə birləşdi.
Düşmən də
müdafiəni gücləndirmək məqsədi ilə
lazımi hazırlıq görürdü.
General Denstervilin komandanlığındakı 3 piyada taburundan ibarət
39-cu briqada 1918-ci il avqustun 7-də gəmi ilə Bakıya gətirildi.
Hələ də Bakını əlində saxlayan
düşmənlər əli silah tutan hər kəsi zorla
müdafiə dəstələrinə aparırdılar. Beləliklə,
Bakının xilasına gələn Qafqaz
İslam Ordusuna
qarşı 10 min əsgər səfərbər
olunmuşdu. Bütün bunları nəzərə alan Nuru paşa şəhərə
müxtəlif yerlərdən hücum edilməsini
qərarlaşdırdı. Hücumda 5-ci Qafqaz diviziyasına Mürsəl paşa, 15-ci piyada
diviziyasına polkovnik-leytenant İzzət
bəy, Cənub qrupu dəstələrinə
polkovnik Cəmil Cahid
bəy, Cənub qrupunun tərkibindəki
azərbaycanlılardan ibarət 4-cü alaya
isə polkovnik-leytenant Halim
Pertev bəy komandanlıq edirdi.
Bakı cəbhəsində 8 min
Osmanlı və 6 min Azərbaycan əsgəri
düşmənə sarsıdıcı zərbə vurmağa hazır idi.
Sentyabrın 10-da Qafqaz İslam Ordusu komandanı Nuru paşa və Şərq orduları qrupu komandanı Xəlil paşa
cəbhə xəttini nəzərdən keçirdilər.
1918-ci il sentyabrın 14-də gecə hücum əmri verildi.
Bakının müdafiə xəttini yarmaq
üçün 5-ci Qafqaz
diviziyası qərbdən hücuma keçdi. Qısa müddət ərzində
düşmənin birinci və ikinci müdafiə xətləri
yarıldı. Sallaqxana və “Salyanski kazarma”dan hücuma keçməyə
hazırlaşan düşmən artilleriya
zərbələri ilə darmadağın edildi.
Hücumun əsas qəhrəmanı olan
56-cı alay Bakının strateji
yüksəkliklərini ələ keçirərək,
dağınıq halda qaçan
erməni, rus və ingilis
əsgərlərini şəhərə doğru
sıxışdırdı. Onlar
Qırmızı düşərgədə müqavimət
göstərməyə çalışsalar da burada da
davam gətirə bilmədilər.
13-cü alayın qəbiristanlıq mövqeyini
ələ keçirməsindən sonra
sahildəki gəmilərə tərəf qaçan
işğalçı hərbi dəstələr top atəşi ilə darmadağın edildilər.
Artıq, axşama doğru şəhərin qərbindəki məhəllələr
düşməndən azad edilmişdi. 5-ci Qafqaz
diviziyasının hücumuna paralel olaraq, şəhərin
şimal tərəfindən 15-ci piyada diviziyasının hücumu
Biləcəri təpələrinin alınması ilə nəticələndi.
Azərbaycanlılardan ibarət dəstələr Sabunçu mövqeyini ələ
keçirdilər. Düşmən çarəsizlikdən
şəhərə sığınmışdı.
Küçə döyüşlərində çox
itki verməmək məqsədi ilə
sentyabrın 14-də axşam hücum dayandırıldı. Artilleriya
isə gecə boyunca şəhərdəki
hərbi mövqeləri atəşə tutdu.
Sentyabrın 14-də axşam Bakını müdafiə edən qoşun komandirlərinin çoxu
gəmilərdə qaçıb gizlənmişdi. Sentrokaspi diktaturasının böyük
ümid bəslədiyi 39-cu ingilis briqadası da həmin
axşam gəmilərlə Ənzəliyə
yollanmışdı. Məqsədinə nail olmayan general Denstervil vəzifəsindən azad edilmiş, yerinə general
Tomson təyin olunmuşdu. Bu əsnada
S.Şaumyan və onun adamlarının olduğu “Türkmən” gəmisi də Bakıdan ayrılaraq Krasnovodskiyə yön almışdı.
Sentyabrın
15-i səhərə yaxın
hücuma keçən
13-cü və 56-cı alaylar
şəhərə daxil
olmağa başladılar. Şimal cəbhəsində 38-ci və 107-ci
alayların hücumları nəticəsində düşmənin
müdafiə xətti dağıdılmışdı.
Molokankənd və Qaraşəhər
ələ keçirilmiş, küçə
döyüşləri başlamışdı. Azərbaycanlılardan
ibarət dəstələr Keşlə stansiyasını və
Zığ dağını azad etdilər.
Sentyabrın 15-i günortaya
qədər davam edən əməliyyat nəticəsində
erməni və rusların müqaviməti tamamilə
qırıldı və təslim olmaqdan başqa çarələri qalmadı.
Sentyabrın 15-də Bakıdan 5-ci Qafqaz
diviziyasının qərargahına gələn iki nəfərlik heyət şəhərin
təslim olunduğunu bildirdi.
Sentyabrın 16-da səhər Qırmızı Qışla adlanan yerdə (indiki Mətbuat
prospektindən keçən ərazi) Qafqaz
İslam Ordusunun rəsmi
keçidi oldu. Rəsmi
keçiddə Nuru paşa,
Xəlil paşa, Əliağa
Şıxlinski, Həbib bəy Səlimov, Azərbaycan parlamentinin və hökumətinin bir sıra üzvləri iştirak
edirdilər. Bundan sonra
adları çəkilən şəxslər, qonaqlar və qoşun hissələri
şəhərə daxil oldular.
Bütün xalq küçələrə
çıxaraq Qafqaz İslam
Ordusunun qalib
qoşunlarını salamlayırdı. Nuru
paşa Hürriyyət meydanına (indiki Sahil bağı)
toplaşmış xalq
qarşısında geniş nitq söyləyərək, Bakıda nəzarətin
Azərbaycan Xalq Cümhuriyyətinə verildiyini bildirdi.
Beləliklə, Türkiyə və Azərbaycan hərbi əməkdaşlığı bolşevik-daşnak ittifaqının törətdiyi dəhşətli cinayətlərin qarşısını aldı. Bakını həqiqi sahiblərinə qaytardı. Azərbaycan dövlətçiliyi xilas edildi. Tarix sübut etdi ki, Türkiyə və Azərbaycan hərbi əməkdaşlığı bölgədə əmin-amanlığın təminatı üçün vacib amildir.
İbrahim KƏNGƏRLİ
Xalq qəzeti.- 2014.- 14 sentyabr.- S.4.