Yataqların
tammiqyaslı işlənməsi Azərbaycanda
neft hasilatını rekord səviyyəyə
çatdırdı
“Əsrin müqaviləsi” – 20
Xalqımızın ümummilli lidei Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının əsasını qoymuş “Əsrin müqaviləsi” ötən 20 ildə Azərbaycanı Avropanın enerji xəritəsini dəyişdirə bilən mühüm qlobal enerji təchizatçısına çevirmişdir. Bu nəhəng neft sazişinin həyata keçirildiyi ötən illər ərzində Azərbaycanda və xaricdə dünya səviyyəli tikinti-quraşdırma layihələri reallaşdırılmış, ölkəmizin neft sənayesinin infrastruktur imkanları xeyli genişləndirilmişdir.
“Əsrin müqaviləsi”
Xəzər dənizinin Azərbaycan sektorunda geniş sahəni
əhatə etdiyindən bu nəhəng neft sazişinin bir
neçə mərhələdə
reallaşdırılması nəzərdə tutulurdu. Məlum olduğu kimi, ilkin neft layihəsi çərçivəsində
görülmüş işlər nəticəsində
müstəqilliyini yenicə əldə etmiş Azərbaycan
Respublikası dünyanın neft ixrac edən ölkələrinin
sırasına qoşulsa da, perspektivdə daha böyük
işlər, daha iri neft hasilatı və ixracı layihələrinin icrası dayanırdı. Bu da
qlobal enerji layihələrinin əsas təşəbbüskarına
və icraçısına çevrilmiş Azərbaycanda nəhəng
tikinti-quraşdırma işlərinə yol
açırdı. Bütün bu işlər isə
müqavilə sahəsinin tammiqyaslı işlənmə layihəsi
çərçivəsində bir neçə mərhələdə
həyata keçirilməli idi. Nəhayət,
2001-ci il avqust ayının 30-da Azərbaycan Beynəlxalq
Əməliyyat Şirkəti ilə Azərbaycan Dövlət
Neft Şirkəti arasında “Azəri”, “Çıraq”
yataqlarının və Günəşli yatağının
dərinlikdə yerləşən hissəsinin tammiqyaslı
işlənməsinin birinci mərhələsinə (Faza-1) başlamağa
dair qərar qəbul olundu. Bununla da, “Əsrin müqaviləsi”
həlledici mərhələyə qədəm qoydu.
Yataqların tammiqyaslı işlənilməsinin birinci mərhələsinin
qətnaməsinin imzalanması mərasimində
çıxış edən ümummilli lider Heydər
Əliyev demişdir: “Bu gün birinci fazanın
başlanması haqqında saziş imzalandı...Mən
cəsarətlə deyə bilərəm ki, bu gün imzalanan
saziş “Əsrin müqaviləsi”nin yerinə yetirilməsində
həlledici xarakter daşıyır... “Əsrin müqaviləsi”nin
imzalanması, onun həyata keçirilməsi və ondan sonra
həm Azərbaycanın Xəzər dənizindəki
sektorunda, həm də quru hissəsində bir çox
şirkətlərlə əməkdaşlığa
başlamağımız-onların hamısı Azərbaycanın
dövlət neft strategiyasının tərkib hissəsidir”.
“Faza-1”
layihəsi “Azəri” yatağının mərkəzi hissəsinin
işlənməyə cəlb edilməsi məqsədi
daşıyırdı. Xatırladaq ki, bu mərhələ
çərçivəsində müqavilə sahəsində
48 quyu ağzına malik hasilat, qazma və yaşayış
platformasının, eyni zamanda, ona körpü vasitəsilə birləşdiriləcək
qaz-kompressor və suvurma platformasının tikintisi və dənizdə
quraşdırılması nəzərdə tutulurdu. Bundan əlavə, Səngəçal sahil
terminalının genişləndirilməsi və “Mərkəzi
Azəri” platformasından buraya 30 düyməlik sualtı neft
və 28 düyməlik qaz boru kəmərlərinin çəkilişi
də bu mərhələ üçün nəzərdə
tutulmuş əsas tikinti-quraşdırma işlərindən
idi. Bütün bu işləri həyata
keçirmək üçün bir sıra xarici və yerli
şirkətlərlə podrat və subpodrat müqavilələri
imzalandı, Bakı Dərin Özüllər Zavodunun və
Bibiheybət sahəsinin tikinti meydançaları dünya səviyyəsində
yenidən quruldu. Nəhayət, 2005-ci ilin fevral ayında
“Mərkəzi Azəri” platformasından neft hasilatına
başlanıldı. Bununla da, Azərbaycanda böyük neft
hasilatının əsası qoyuldu. Təkcə
onu qeyd etmək kifayətdir ki, “Azəri” yatağının mərkəzi
hissəsinin istismara daxil edilməsi il ərzində əlavə
18-19 milyon ton neft hasilatına imkan yaratdı və bununla da,
“Əsrin müqaviləsi” çərçivəsində
illik neft hasilatının səviyyəsi 24-25 milyon tona
çatdırıldı.
“Mərkəzi Azəri”
platforması Bakıdan 100 kilometr şərqdə, Xəzər
dənizinin təxminən 128 metr dərinliyində yerləşir.
Hazırda konsorsium
iştirakçıları tərəfindən bu platformadan
25 quyu istismar olunur ki, bunlardan da
18-i hasilat, 6-sı qaz injektor, 1-i isə suvurma quyusudur. “Mərkəzi Azəri”
latformasından orta gündəlik neft hasilatı 167 min 600
barrel təşkil edir.
“Azəri” yatağının şərq və qərb
hissələrinin işlənməyə cəlb edilməsi isə
“Əsrin müqaviləsi”nin tammiqyaslı
işlənmə layihəsinin ikinci mərhələsi
(“Faza-2”) çərçivəsində həyata
keçirilmişdir. Bu məqsədlə 2002-ci il sentyabrın 18-də “Faza-2” layihəsi
çərçivəsində tikinti-quraşdırma işlərinə
başlamağa dair qərar qəbul olunmuşdur. Xatırladaq ki, bu mərhələ üçün
nəzərdə tutulmuş əsas tikinti-quraşdırma
işlərinə dəniz obyektlərinin inşası,
istismar quyularının qazılması, sualtı boru kəmərlərinin
çəkilməsi və Səngəçal
terminalındakı mövcud neft qəbuletmə obyektlərinin
genişləndirilməsi daxil idi. Bundan əlavə,
“Azəri” yatağının şərq və qərb hissələrinin
istismara daxil edilməsi üçün nəzərdə
tutulmuş tikinti-quraşdırma işləri ilə paralel
olaraq burada əvvəlcədən
planlaşdırılmış öncəqazma proqramı da
uğurla həyata keçirilmişdir.
Həyata keçirilmiş uğurlu
tikinti-quraşdırma işlərindən sonra, nəhayət,
2005-ci ilin dekabr ayında “Azəri” yatağının qərb
hissəsi istismara daxil edildi. Məlumat
üçün bildirirk ki, “Qərbi Azəri” platforması
Bakıdan 100 kilometr aralı, Xəzər dənizinin 120 metr dərinliyində
yerləşir. Bu hasilat, qazma və
yaşayış platforması “Azəri” yatağının qərb
hissəsindən neft istehsal etmək üçün layihələndirilmişdir.
48 quyu ağzına malik platformadan Səngəçal
terminalınadək 30 düyməlik neft boru kəməri
çəkilmişdir. Ötən müddətdə
burada 24 quyu qazılaraq istismara daxil edilmişdir.
Hazırda həmin quyuların 18-dən neft
çıxarılır, 6 quyudan isə laylara su vurmaq məqsədilə
istifadə olunur.
“Şərqi Azəri” platforması isə
2006-cı ilin noyabr ayında istismara daxil edilmişdir. Xatırladaq
ki, Bakıdan 100 kilometr
aralı, Xəzər dənizinin təxminən 152 metr dərinliyində
yerləşən bu hasilat, qazma və yaşayış
platforması 48 quyunun qazılması üçün layihələndirilmişdir.
Eyni zamanda, buradan Səngəçal terminalınadək 30
düyməlik neft və “Mərkəzi Azəri”
platformasınadək 22 düyməlik qaz boru kəmərləri
çəkilmişdir. Ötən müddətdə “Şərqi Azəri”
platforması vasitəsilə 17
quyu istismara daxil edilmişdir ki, bunların da 13-ü
hasilat, 4-ü isə suvurma
quyularıdır. Hazırda platformada gün ərzində
orta hesabla 83 min 200 barrel neft hasilat olunur.
Bütövlükdə isə “Azəri” yatağının qərb
və şərq hissələrinin istismara daxil edilməsi “Əsrin müqaviləsi” çərçivəsində
illik neft hasilatının səviyyəsini 40 milyon tonadək
artırmağa imkan yaratmışdır.
2004-cü ilin sentyabr ayında, “Əsrin müqaviləsi”nin 10-cu ildönümünün qeyd olunduğu
vaxtda “Faza-3” layihəsinə başlamağa dair qərar qəbul
olundu. Xatırladaq ki, bu layihə “Günəşli”
yatağının dərinlikdə yerləşən hissəsinin
istismara daxil edilməsinə yönəldilmişdir.
“Faza-3” layihəsi çərçivəsində
körpü vasitəsilə birləşdirilmiş 48 quyu
gövdəsinə malik qazma, texniki təchizat və
yaşayış, eləcə də texnoloji emal, qaz
kompresssor, suvurma və texnoloji təchizat platformaları
inşa olunmuşdur. “Dərinsulu Günəşli”
platforması “Günəşli” yatağının şərqində,
dənizin 175 metr dərinliyində yerləşir. Platforma 2008-ci ilin aprel ayından istismardadır.
Burada hasil edilən xam neft və
səmt qazı yataqdaxili kəmərlər vasitəsilə
“Azəri” yatağında əvvəlcədən
quraşdırılmış sualtı boru kəmərləri
şəbəkəsinə birləşdirilərək 30
düyməlik iki neft və 28 düyməlik bir qaz kəməri
ilə qurudakı Səngəçal terminalına nəql
edilir. Bundan əlavə, “Azəri-Çıraq-Günəşli”
layihəsinin qalan hissəsindən fərqli olaraq,
üçüncü işlənmə mərhələsində
üç sualtı suvurma quyusu quraşdırılaraq
istismara verilmişdir. Hazırda “Dərinsulu Günəşli”
platformasında istismarda olan 29 quyunun 15-dən neft
çıxarılır, 14 quyudan isə laylara su vurmaq
üçün istifadə olunur. Platformadan gün ərzində
orta hesabla 148 min 500 barrel neft hasil edilir. Yeri gəlmişkən,
“Günəşli” yatağının dərinlikdə yerləşən
hissəsinin istismara daxil edilməsi ilə ölkəmizdə
neft hasilatı rekord kəskin şəkildə artdı.
Təkcə onu qeyd etmək kifayətdir ki, 2010-cu ildə Azərbaycanda
50,7 milyon ton neft çıxarılmışdır ki, bu da
ölkəmizin neft sənayesi üçün rekord göstərici
hesab olunur.
“Azəri”, “Çıraq”
yataqlarının və “Günəşli”
yatağının dərinlikdə yerləşən hissəsinin
tammiqyaslı işlənməyə cəlb edilməsi “Qərbi
Çıraq” layihəsi ilə yekunlaşır. Xatırladaq
ki, yeni “Çıraq” neft layihəsinə sərmayə
qoyulmasına dair qərar 2010-cu il martın 9-da “Əsrin
müqaviləsi” üzrə Rəhbər
Komitə ilə ARDNŞ arasında imzalanmış müqavilə
əsasında qəbul olunmuşdur. Dəyəri 6 milyard
dollar olan bu layihənin məqsədi mövcud “Dərinsulu
Günəşli” və “Çıraq” platformaları
arasında yataq infrastrukturunda ciddi şəkildə hiss olunan
boşluğu doldurmaq üçün layihələndirilmiş
yeni bir dəniz qurğusu vasitəsilə nail olunmaqdan ibarət
idi. Yeri gəlmişkən, yeni “Çıraq” neft layihəsi
bp və onun səhmdarları ilə Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti arasında uzun
illər ərzində davam edən uğurlu əməkdaşlığa
və qazanılmış zəngin təcrübəyə əsaslanırdı.
Ötən illər ərzində yeni
“Çıraq” neft layihəsi çərçivəsində
ölkəmizdə genişmiqyaslı tikinti-quraşdırma
işləri həyata keçirilmiş, minlərlə yerli vətəndaş
işlə təmin edilmişdir. Nəhayət, 2014-cü il yanvar
ayının 28-də “Qərbi Çıraq”
platformasındakı J05 quyusundan hasilata başlanıldı. Bununla da “Azəri-Çıraq-Günəşli”
yataqlar blokunun tammiqyaslı işlənməyə daxil edilməsi
başa çatdırıldı. Bu, həm də
“Əsrin müqaviləsi”nin 20-ci
ildönümü, yubiley ili üçün mühüm
töhfə sayıla bilər. Hazırda
platformadan istismar olunan dörd quyudan gündəlik orta hesabla
25 min 900 barrel neft çıxarılır. Xatırladaq ki, neft əvvəlcə platformada
quraşdırılmış texnoloji qurğulardan keçərək
yeni yataqdaxili boru kəməri vasitəsilə mövcud 30
düyməlik sualtı ixrac boru kəməri vasitəsilə
Səngəçal terminalına nəql olunur. Burada hasilat digər öncəqazma quyuları işə
düşdükcə artacaq. Yeri gəlmişkən, Xəzər
dənizində indiyədək quraşdırılmış ən
böyük və unikallığı ilə seçilən
“Qərbi Çıraq” platforması dənizin 170 metr
dərinliyində yerləşir. Yeni
platformanın layihə gücü gündəlik 183 min barrel
neft təşkil edir. Platforma, həmçinin
gündəlik 285 milyon standart kub fut qaz ixrac etmək
gücündədir.
Göründüyü kimi, “Əsrin müqaviləsi”
çərçivəsində 1997-ci ildə “Çıraq”
yatağından ilk neftin hasil olması ilə başlayan Azərbaycanın
yeni neft erası sonralar “Azəri” yatağının mərkəzi,
qərb və şərq hissələrinin, eləcə də
“Günəşli” yatağının dərinsulu sahəsinin
istismara daxil edilməsi ilə sürətli inkişaf
dövrü keçmişdir. Bu dövr, həm
də Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin
inşa edilib istismara verilməsi ilə əlamətdar
olmuşdur. Hazırda Azərbaycan neftinin
dünya bazarlarına çıxarılmasında xüsusi əhəmiyyət
daşıyan bu kəmərin də ideya müəllifi
xalqımızın ümummilli lideri Heydər Əliyev
olmuşdur. Təsadüfi deyil ki, Azərbaycanın
neft nəqli sisteminin başlıca arteriyası sayılan
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqlı
olaraq Heydər Əliyevin qalibiyyətli neft
strategiyasının şah əsəri sayılır. Bu misilsiz layihə məhz ulu öndərin gərgin
səyləri nəticəsində həyata vəsiqə
qazanmış və Prezident İlham Əliyevin yeni neft
strategiyasının həyata keçirilməsi istiqamətində
göstərdiyi səylər nəticəsində 2006-cı
ildə gerçəkliyə çevrilmişdir. Məlumat üçün bildiririk ki,
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri Avrasiya
regionunda ən iri və unikal mühəndis
qurğularından olub, dünyada enerji təhlükəsizliyinin
əsas elementlərindən biridir. Hazırda
ulu öndər Heydər Əliyevin adını daşıyan
bu nəhəng ixrac kəməri Azərbaycan neftinin təhlükəsiz
və fasiləsiz şəkildə dünya bazarına
çıxarılmasında əvəzsiz rol oynayır.
Bu gün Bakı-Tbilisi-Ceyhan kəməri ümumilikdə beynəlxalq enerji
təhlükəsizliyi sistemi baxımından, eləcə də
neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq
edən dövlətlər, xüsusilə Mərkəzi Asiya
dövlətləri üçün də müstəsna əhəmiyyət
kəsb edir. Belə ki, bu kəmərlə
Qazaxıstan və Türkmənistan nefti də Azərbaycan ərazisindən
tranzitlə Avropa bazarlarına ötürülür. Artıq kəmərin illik
ötürücülük qabiliyyəti 60 milyon tona
çatdırılmışdır. Bu həcmin
artırılması istiqamətində mütəmadi iş
aparılır. Hazırda kəmər sutkada 1,2
milyon barrel neftin Səngəçal terminalından Aralıq dənizi
sahillərinə ixrac edilməsinə imkan yaradır. Ötən müddət ərzində
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə 263
milyon tondan artıq Azərbaycan nefti nəql olunmuşdur.
2014-cü ilin avqust ayının 20-dək Ceyhan
terminalından Azərbaycan nefti yüklənmiş 2624 tanker
yola salınmışdır.
Ötən 20 il ərzində “Əsrin müqaviləsi”
çərçivəsində Xəzər dənizinin Azərbaycan
sektorunda 6 hasilat və ən müasir texnologiyalarla təchiz
edilmiş 2 texnoloji emal, kompressiya, suvurma və texnoloji təchizat platforması inşa olunmuşdur.
1997-ci il noyabr ayında “Çıraq” platformasından hasilata
başlanıldığı vaxtdan bu ilin birinci yarısının
sonunadək “Azəri-Çıraq-Günəşli” yataqlar
blokundakı hasilat platformalarından 338 milyon tondan artıq
neft çıxarılmışdır.
Bundan əlavə, dənizdəki qurğulardan
dünyanın ən böyük terminallarından biri olan və
gündə 1,2 milyon barrelədək nefti
qəbul və emal etmək iqtidarında olan Səngəçal
terminalına Xəzər dənizinin dibi ilə mürəkkəb
sualtı boru kəmərləri şəbəkəsi çəkilmişdir.
Bütövlükdə
isə 2014-cü ilin birinci yarısının sonunadək
“Əsrin müqaviləsi” üzrə həyata
keçirilmiş tikinti-quraşdırma işlərinə 29
milyard dollar vəsait xərclənmişdir. Ümummilli lider
Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası
çərçivəsində reallaşdırılan nəhəng layihələr ölkəmizdə
on minlərlə yeni iş yerinin açılmasına,
yüzlərlə yerli mütəxəssis və istedadlı
kadrların yetişməsinə, regiondakı iqtisadiyyata on
milyardlarla dollar həcmində investisiyaların qoyulmasına,
eləcə də hazırda neft-qaz sektorunda yüksək
keyfiyyətli xidmətlər göstərmək iqtidarında
olan yüzlərlə yerli müəssisənin
inkişafına gətirib çıxarmışdır.
... Ümummilli lider
Heydər Əliyevin düzgün neft strategiyası uzun illərdir
ki, Azərbaycanın iqtisadi qüdrətinin və beynəlxalq
nüfuzunun artmasına, xalqımızın həyat səviyyəsinin
yaxşılaşmasına xidmət edir. Azərbaycanın
yeni neft strategiyası həm də məhz ona görə qiymətlidir
ki, burada ümummilli maraqlara daha çox önəm verilib.Təsadüfi
deyil ki, ulu öndər Heydər Əliyev bu barədə
demişdir: “1994-cü ildən Azərbaycan dövləti
özünün yeni neft strategiyasını həyata
keçirir və bu strategiyanın da əsas
mənası, əsas prinsipləri Azərbaycanın zəngin
təbii sərvətlərindən, o cümlədən, neft
və qaz sərvətlərindən Azərbaycan xalqının
rifahı naminə daha da səmərəli istifadə etməkdən
ibarətdir”.
Heydər
Əliyev Azərbaycanın yeni neft strategiyasını işləyib
hazırlamaqla, “Əsrin müqaviləsi”nin imzalanmasına nail
olmuş, uzun illər istismar edilən neftimizi
xalqımızın milli sərvətinə, onu ölkəmizin
iqtisadi qüdrətinin artmasının, əhalinin həyat səviyyəsinin
yüksəldilməsinin təminatçısına
çevirə bilmişdir. Ulu öndərin
müəllifi olduğu bitkin neft strategiyası müstəqilliyini yenicə əldə
etmiş Azərbaycanın güclü və qüdrətli
bir dövlətə çevrilməsinə yönəlmiş
müdrik siyasi-iqtisadi konsepsiya, böyük uzaqgörənliklə
hazırlanmış dəqiq fəaliyyət planıdır.
Elə ölkəmizin müasir yüksəlişi də məhz yeni neft strategiyasının
uğurları ilə başlanmışdır.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2014.- 14 sentyabr.- S.5.