Ağsaqqal sözünün siqləti
Azərbaycanın dəyərli ziyalılarından olan Hacı Cabir Xəlifəzadənin növbəti kitabı - “Sözün qüdrətilə şeirin sehri” bu yaxınlarda “Zərdabi LTD MMC” nəşriyyatında nəfis şəkildə işıq üzü görmüşdür. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Cabir Xəlifəzadə 20-dək bədii, elmi-kütləvi, eləcə də kulinariya, sağlamlıq haqqında kitabların, yüzlərlə məqalənin müəllifidir.
Ömrünün 80-ci zirvəsini fəth etməkdə olan Cabir müəllim fəaliyyətinin
təqribən 60 ilini xalqımızın
qədim və zəngin mədəniyyətinin çox mühüm tərkib
hissəsi olan milli mətbəximizin
tarixini elmi şəkildə
araşdırıb öyrənilməsinə, unudulmuş
təamlarımızın
üzə çıxarılmasına, onların gələcək
nəsillər üçün qorunub saxlanılmasına, inkişaf
etdirilməsinə, bütün dünyada təbliğinə, kulinariya
maarifinin genişləndirilməsinə,
habelə insanlara sağlam
həyat tərzi, səmərəli qidalanmaq,
süfrə mədəniyyəti və etiketi
vərdişlərinin aşılanmasına həsr etmişdir. Bu mənada onu Azərbaycan kulinariya tarixinin ilk
araşdırıcısı, dünya səviyyəsində
ilk təbliğatçısı,
cığıraçanı hesab etmək
olar. Onun qələminin
məhsulu olan 10-dək fundamental
kitab məhz həmin məqsədlərə
xidmət edir. Cabir
müəllim bu əsərlərin bir çoxunu ingilis və rus dillərinə
tərcümə etdirib, onların təmənnasız
olaraq dünyanın müxtəlif ölkələrində
yayılmasına nail olub.
Cabir Xəlifəzadənin bu
əsərləri dünyanın bir
sıra məşhurlarının şəxsi kitabxanasında
saxlanılır. Azərbaycan Respublikası xarici
işlər nazirinin müavini,
“ADA” Universitetinin rektoru
Hafiz Paşayev ölkəmizin
ABŞ-da səfiri olarkən Cabir Xəlifəzadənin “Azərbaycan mətbəxinin
sirləri” kitabını bəzi görkəmli insanlara hədiyyə göndərir.
Onların səfir H.Paşayevə ünvanladığı
minnətdarlıq məktublarından ikisini
təqdim edirik. Məşhur siyasi xadim Henri
Kissincer 24 iyul
2004-cü il tarixli məktubunda
yazır: “Hörmətli cənab səfir! Mənə “Azərbaycan
mətbəxinin sirləri” (“The secrets of the
Azerbaijan Cuisine”)
kitabının göndərilməsi Sizin
tərəfinizdən çox böyük lütfkarlıqdır.
Xanımım Nensi və mən müxtəlif
ölkələrin ənənəvi kulinariyalarına böyük maraq göstəririk.
Bu kitab dünyanın
müxtəlif regionlarının kulinariyalarına həsr etdiyimiz kolleksiyamız üçün
qiymətli hədiyyədir. Mən bu xoş hədiyyə üçün
Sizə təşəkkür edirəm. Ümid
edirəm ki, Siz mənim
təşəkkürümü və yüksək qiymətimi
kitabın müəllifi Hacı Cabir Xəlifəzadəyə
yetirəcəksiniz”.
“Hörmətli Hafiz! Kulinariyaya aid bu cür
gözəl kitaba görə çox sağ olun. Bundan sonra
mənim evimdə yalnız nəfis, orijinal
Azərbaycan mətbəxi olacaq. Hörmətlə,
Zbiqnev Bzejinski”.
Cabir müəllim ali təhsilli
peşəkar kulinardır,
öz sahəsinin bilicisidir. Lakin
onun fəaliyyətini kulinariya
ilə məhdudlaşdırmaq da olmaz. O, geniş
dünyagörüşünə, zəngin həyat təcrübəsinə,
ensiklopedik biliyə sahib
olan müdrik
ağsaqqaldır. Azərbaycan Yazıçılar Birliyinin “Natavan” klubunda onun 75 illik yubileyi ilə əlaqədar
keçirilən tədbirdə xalq şairi Fikrət Qoca dedi ki, Azərbaycan
xalqı heç vaxt
şair-yazıçı sarıdan korluq
çəkməyib, amma müdrik
ağsaqqala, yolgöstərənə həmişə
ehtiyac duyub. Hacı Cabir belə müdrik
kişilərdəndir.
Cabir Xəlifəzadə yeni
kitabı ilə oxucuların görüşünə özünün poeziyası ilə gəlmişdir.
Kitaba xalq şairi Fikrət Qoca rəy
vermişdir. Redaktor şair-publisist Nazim
Tapdıqoğlu “Son söz
əvəzi”ndə yazır: “Həmişə duyğulu
görünən sakit təbiətli, ucaboylu, dağ
vüqarlı Cabir müəllimin
özünəməxsus ağır tərpənişi, şirin danışığı var. Bu şirinlik
onun poeziyasına da hopub. Onun “Sözün
qüdrətilə şeirin sehri” kitabında toplanan
şeirlərində Tanrıya, Haqqa, mənəviyyata,
kamilliyə, vətənpərvərliyə və s. aid olan
düşüncələri öz əksini
tapmışdır. Hər bir şeiri gördüyü,
şahidi olduğu, eşitdiyi real hadisələrlə
bağlı yaranmışdır. O, öz
dərdlərini dünyanın dərdlərinə
qarışdırıb yazır”.
Sevimli anası Əzizə xanım Cəfər
qızının 110 illik yubileyinə həsr
etdiyi kitabda müəllifin
Vətən, ana, həyat, təbiət,
milli-mənəvi dəyərlər, sevgi,
gözəllik, inam, inanc,
sözün siqləti... barədə poetik düşüncələri yer alıb. Şair qəlbindəki bütöv
Azərbaycan sevgisini sanki
Vətənin ayrı-ayrı bölgələrinə, şəhərlərinə
– Bakıya, Şəkiyə, Şuşaya,
Şamaxıya, Gəncəyə, Naxçıvana, Göyçaya, Sumqayıta... həsr etdiyi şeirləri ilə paylamağa
çalışır.
Kitabın “Xeyir-dualar” və “Azərbaycan xalqına məxsus
öyüd-nəsihətlər”lə tamamlanmasının da bir rəmzi mənası
vardır.
Yaşlı
yazarların sərvəti ilk növbədə
onların həyatda qazandıqları zəngin təcrübədir.
Əgər bu zəngin təcrübəyə
müdriklik və poetik
istedad da əlavə olunarsa, deməli, həmin müəllifin oxuculara ünvanladığı poetik nümunələri oxumağa
və onlardan bəhrələnməyə dəyər.
Qüdrət PİRİYEV
Xalq qəzeti.- 2014.- 14 sentyabr.- S.7.