Dünən
respublikamızın bütün
məktəblərində yeni dərs ili
başlandı
Nəsimi
Bilik Günündə Nəsimi rayonundakı
əsaslı təmirdən sonra istifadəyə
verilmiş 54 və 46 saylı tam orta məktəblərdə
təntənəli mərasimlər keçirilib.
Tədbirlərdə hökm
sürən böyük ruh
yüksəkliyinə önəm verən əsas amil isə yeni tədris ili ərəfəsində həmin təhsil
ocaqlarındakı əsaslı təmir və yenidənqurma
işlərindən sonrakı vəziyyətlə möhtərəm
Prezidentimiz İlham
Əliyevin tanış olması idi.
Nəsimi Rayon İcra Hakimiyyətinin
başçısı Nəsib Məhəməliyev tədbirlərdə
çıxış edərək məktəblərin
kollektivlərini və şagirdləri Bilik
Günü münasibətilə təbrik
etmiş və onlara uğurlar arzulamışdır. O bildirmişdir ki, ölkəmizdə
bütün sahələrdə olduğu kimi, təhsildə
də böyük nailiyyətlər əldə
olunur. Təhsilin dövlət siyasətinin
prioritet istiqamətlərindən biri olduğunu vurğulayan natiq bu sahədə irimiqyaslı proqram
və layihələrin həyata keçirildiyini
dedi. Müasir
avadanlıqlarla təchiz edilmiş, yeni inşa olunan və əsaslı təmir işləri
görülən yüzlərlə təhsil müəssisəsi
bu sahəyə dövlət
qayğısının bariz nümunəsidir.
Hazırda Azərbaycanda fiziki və mənəvi
cəhətdən sağlam, biliklərə
mükəmməl yiyələnmiş gəncliyin təşəkkül
tapması naminə bütün lazımi
tədbirlər həyata keçirilir. Cənab Prezident İlham
Əliyevin sərəncamı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası”nın və dövlət
proqramlarının uğurla həyata
keçirilməsi ölkəmizin bütün
regionlarında ümumi təhsilin
inkişafına öz bəhrəsini verməkdədir.
Son illər Nəsimi rayonunda
da təhsil sahəsində uğurlar əldə edildiyini
qeyd edən Nəsib Məhəməliyev yeni tədris ilinin
başlanması ilə əlaqədar müəllim və
şagirdləri bir daha
təbrik edərək onlara xoş arzularını bildirdi.
Səbail
Bilik Günü ənənəvi olaraq Səbail rayonunun bütün orta təhsil müəssisələrində təntənəli şəkildə qeyd olundu. Yeni dərs ili ərəfəsində məktəblərdə böyük hazırlıq işləri aparılıb, sentyabrın 15-də 18 orta məktəbdə dərslərə təntənələrlə başlandı.
Bayıl
yaşayış sahəsindəki
49 saylı “İntellekt” Məktəb-Liseydə
keçirilən mərasimdə direktor Təhminə
Əsədova bildirdi
ki, məktəbin binası 1929-cu ildə tikilmiş və Böyük
Vətən müharibəsi illərində burada
təxliyə hospitalı fəaliyyət göstərmişdir. Dövlət proqramına uyğun olaraq, 2012-ci ildə
bina əsaslı təmir olunmuş,
müasir təhsil üçün
hər cür şərait
yaradılmışdır. Ərazidə yaşayan
əhalinin sayının artması ilə əlaqədar 36 əlavə
sinif otağı olan
660 şagird yerlik, üçmərtəbəli yeni tədris korpusu da tikilmişdir. Həmin
il sentyabr
ayının 5-də Prezident İlham Əliyev açılış mərasimində
iştirak etmişdir.
Bu hadisə, məktəbə olan diqqət və
qayğı pedaqoji kollektivi
daha yaxşı nəticələr əldə
etməyə həvəsləndirmişdir.
Hazırda məktəb-liseydə
1459 şagird təhsil alır, onlara 129 müəllim dərs deyir.
Bu il 209 uşaq birinci sinfə qəbul
olunub. Məktəbin 73 məzunundan 44 nəfəri
tələbə adını qazanıb, 2 nəfər qəbul
imtahanlarında 600-dən, 1 nəfər isə 650-dən çox bal toplayıb. 4 məzun
xaricdə təhsil alacaqdır.
91 saylı orta məktəbdə təşkil olunan şənliyə toplaşan şagirdləri, valideynləri və
qonaqları salamlayan direktor
Svetlana Zülfuqarova qeyd etdi ki,
hazırda bu təhsil ocağında
1200 şagird
oxuyur, onlara 100 müəllim
dərs deyir. Bu il birinci sinfə 123 nəfər
uşaq qəbul edilib.
Keçən tədris ilində 68 məzunun 46-sı ali məktəblərə, onlardan
7-si isə xarici universitetlərə daxil olub. Məzunların
4-ü 500-dən çox, 2-si 600-dən,
2-si isə 650-dən çox bal toplayıb. 680 balla
“ADA” Universitetinə daxil olmuş
Mikayıl Mikayıllı Prezident təqaüdünə
layiq görülüb. Bilik
Gününə həsr olunan tədbirlərdə
iştirak edən Səbail Rayon İcra Hakimiyyətinin
başçısı Asif Əsgərov yeni dərs ilinin
başlanması münasibəti ilə məktəb kollektivlərini təbrik
etdi, onlara təhsildə
uğurlar arzuladı.
Qeyd olundu ki, son 3 il ərzində Prezident İlham
Əliyevin imzaladığı sərəncam və dövlət
proqramlarına əsasən, rayondakı orta
və məktəbəqədər təhsil müəssisələrinin
böyük əksəriyyəti əsaslı
təmr olunmuş, 1 yeni
orta məktəb və 1 yeni
uşaq bağçası tikilmiş, 2 orta məktəb, 1 uşaq musiqi məktəbi
sökülərək yenidən tikilmişdir.
2 məktəb üçün yeni əlavə korpus tikilmiş, 1 peşə, 11 orta,
2 uşaq musiqi məktəbləri,
2 uşaq texniki
yaradıcılıq mərkəzi, 8 uşaq
bağçası əsaslı təmir olunmuşdur.
2014-2016-cı illərdə rayon üzrə
3 orta və 1 musiqi məktəbinin
və 3 uşaq bağçasının əsaslı
təmiri nəzərdə tutulmuşdur.
Bu il rayonun
orta məktəblərini 1355 nəfər
bitirib, onlardan 901 nəfəri tələbə
adını qazanıb. 124 nəfər
500-dən, 37 nəfər 600-dən, 9 nəfər isə 650-dən
çox bal
toplayıb. Məzunlarından 124 nəfər xarici
ölkələrin müxtəlif ali məktəblərinə
daxil olub. Ali məktəblərə qəbul olunan 3 nəfər məzun Prezident
təqaüdü alacaq. 7 məzun
qızıl və 2 məzun gümüş
medala layiq görülüb. Son 4 ildə
isə rayonun məzunları 43
qızıl və 3 gümüş medala layiq görülüblər.
Asif Əsgərov Heydər Əliyev Fondunun
prezidenti Mehriban
xanım Əliyevanın ölkəmizdə təhsilin
inkişafındakı əvəzsiz xidmətlərindən söz açaraq bildirdi ki, keçən il bu qurumun
təşəbbüsü ilə Badamdar
qəsəbəsindəki 136 saylı, bu il isə “Könül”
körpələr evi-uşaq bağçalarında əsaslı təmir
aparılıb, 90 yerlik yeni
korpus tikilib.
Bilik Günü rayonun digər məktəblərində də
əsl ümumxalq bayramı kimi keçdi, şənliklərdə
rayonun məsul nümayəndələri,
ağsaqqallar, veteranlar
və ictimaiyyət nümayəndələri iştirak
edirdilər.
Suraxanı
Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 84
nömrəli tam orta
məktəbdə Bilik Günü
münasibəti ilə mərasim keçirilmişdir.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov demişdir ki, Bakı
şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə
tutulan bütün
layihələr uğurla icra
olunur. Həmin proqrama əsasən, hər il olduğu kimi, bu il
də məktəblərin təmiri və yenidən
qurulması da davam etdirilmiş, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilmişdir.
İ. Abbasov dövlət
başçısının Azərbaycan təhsilinə diqqət
və qayğısını xüsusi vurğulayaraq müxtəlif dövlət proqramlarının
icrası nəticəsində rayonda son illər yeni məktəb
binalarının tikilməsini, mövcud məktəblərin
demək olar ki, böyük
əksəriyyətinin əsaslı təmir edilməsini, şagird sıxlığının aradan qaldırılmasını tədbir
iştirakçılarının diqqətinə
çatdırmışdır.
Prezident İlham Əliyevin
sentyabrın 13-də 84 nömrəli tam orta məktəbin yeni inşa edilmiş
binasının açılış mərasimində iştirak etməsini, burada yaradılmış şəraitlə
tanış olmasını İ. Abbasov qürurverici hal kimi dəyərləndirmişdir.
Rayon rəhbəri tədbir
iştirakçılarının diqqətinə
çatdırmışdır ki, təhsil
müəssisələrində çalışan
işçilərin əmək haqlarının və tələbələrin
təqaüdlərinin artırılması haqqında Azərbaycan
Prezidentinin sərəncamları, Bakıətrafı
qəsəbələrin sosial-iqtisadi
inkişafı ilə bağlı dövlət proqramları və
Heydər Əliyev Fondunun prezidenti,
UNESCO və İSESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi
ilə Heydər Əliyev Fondunun
reallaşdırdığı “Yeniləşən Azərbaycana
yeni məktəb Proqram”ı və digər
irimiqyaslı layihələr qarşıya qoyulan vəzifələrin icrasına, tədris
müəssisələrinin maddi-texniki
bazasının möhkəmlənməsinə yönəldilmişdir.
Natiq çıxışında rayon təhsil işçilərinin ötən
tədris ilində bir sıra uğurlar əldə etdiklərini də diqqətə
çatdırmışdır. Bildirmişdir
ki, 2013-2014-cü tədris ilində rayonun 34 orta ümumtəhsil
məktəbini və Xarici Dillər Təmayüllü
gimnaziyanı 1847 şagird bitirmiş,
onlardan 983 nəfəri tələbə
adını qazanmışdır. Bu isə
sənəd verən məzunların 63 faizini
təşkil edir. Abituriyentlərdən 49
nəfəri 600-dən yuxarı bal
toplamışdır. Bundan başqa, ötən tədris ilində 5 nəfər
məktəbi qızıl medalla bitirmişdir. Onlardan biri- Ləman Talıbova 84 nömrəli məktəbin
məzunudur.
Başçı
çıxışının sonunda əldə
olunan uğurlara
görə rayonun bütün
təhsil işçilərini təbrik etmiş
və qarşıdakı tədris ilində uğurlar
arzulamışdır.
Tədbirdə məktəbin
direktoru Ağaxan Balayev və digər çıxış edənlər
təhsilin inkişafına göstərilən diqqət və
qayğıya görə dövlətimizin
başçısına minnətdarlıqlarını
bildirmişlər.
Nərimanov
Dünən respublikamızın bütün
məktəblərində yeni dərs ili
başlandı. Həmin gün 139 mindən çox şagird birinci sinfə qədəm basdı. Bütün
orta ümumtəhsil məktəblərində
ilk zəng
çalındı və bu münasibətlə tədbirlər keçirildi. Bakının Nərimanov rayonunda yerləşən 177 nömrəli orta
məktəbdə də həmin günə xüsusi
hazırlıq görülmüşdü.
Səhər tezdən məktəbin qarşısına toplaşan şagirdlər arasında birinciləri aydın seçmək
olurdu.
Valideynlərinə sığınaraq ilk dəfə
məktəbə gələn bu fidanlar bir azdan ilk zəngin sədaları
altında sinif
otaqlarına qədəm
basıb müəllim qarşısında əyləşəcəklər.
Budur, məktəbin direktoru Həqiqət Qaçayeva tribunada görünür.
Yeni dərs ili
münasibətilə
uşaqları və valideynləri təbrik edən direktor son vaxtlar təhsil
sistemində baş verən yeniliklərdən
danışır. Bildirir ki, ölkə Prezidenti cənab
İlham Əliyev hakimiyyətə gəldiyi vaxtdan
ulu öndər Heydər Əliyevin müəllifi
olduğu təhsil islahatlarını uğurla davam etdirmişdir. Təhsillə
bağlı 20-dən artıq
Dövlət
Proqramı qəbul edilmiş, onların icrası davamlı olaraq
həyata keçirilmişdir. Bu gün məktəblərimizdə informasiya
texnologiyaları müvəffəqiyyətlə
tətbiq olunur, elektron
dərsliklər yaradılır, yeni məktəblər
inşa edilir, köhnələr əsaslı şəkildə təmir olunub
istifadəyə verilir. Bizim
məktəbdə də cari təmir işləri başa
çatdırılmış, uşaqların təhsil
almaları üçün gözəl şərait
yaradılmışdır.
Məktəbimizdə yeni dərs
ilində 105 sagird
birinci sinfə qəbul olunub.
Onların keyfiyyətli təhsil
almaları üçün hər cür imkan yaradılıb. Təhsil naziri
Mikayıl Cabbarov
məktəblərdə təhsilin
yüksək səviyyədə
təşkili üçün ciddi tapşırıqlar verib. Biz də çalışacağıq
ki, bu
tapşırıqları uğurla icra edək.
Sonra
çıxış edən valideynlər təhsildə
baş verən
yeniliklərin bu il daha keyfiyyətlə
davam etməsini
arzuladıqlarını bildirdilər.
Sonra ilk zəngin sədası altında şagirdlər siniflərə dəvət
olundular.
A.HƏMİDOĞLU,
R.
TAHİR,
V.
BAYRAMOV,
M.
MÜKƏRRƏMOĞLU,
Xalq qəzeti.- 2014.- 16 sentyabr.- S.6.