Bakı-Tbilisi-Ceyhan kəməri
Azərbaycanın iqtisadi
müstəqilliyinin
möhkəmlənməsinə xidmət edir
“Əsrin müqaviləsi-20”
Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişin imzalanmasının 20-ci ildönümü tamam olur. Xatırladaq ki, 1994-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə dünyanın 7 ölkəsini təmsil edən 11 transmilli neft şirkəti arasında imzalanmış bu nəhəng neft sazişi gənc Azərbaycan dövlətinin tarixində yeni bir səhifə açdı. Sonradan beynəlxalq aləmdə haqlı olaraq “Əsrin müqaviləsi” adı ilə tanınan bu saziş, həm də ölkəmizin iqtisadi müstəqilliyinin əsasını qoydu.
Ümummilli lider Heydər
Əliyevin rəhbərliyi ilə işlənib
hazırlanmış yeni neft
strategiyasının təməl daşını təşkil
edən “Əsrin müqaviləsi” Azərbaycanın
qapılarını xarici sərmayədarların
üzünə açmaqla yanaşı,
uzun illər sovet
imperiyasının hərbi gücünün artırılmasına xidmət
edən əvəzsiz təbii sərvətimiz olan
nefti xalqımıza qaytardı. Məhz bu tarixi addımla müstəqilliyini
bir daha sübut edən Azərbaycan öz
sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyil ki, “Əsrin müqaviləsi”nin imzalanmasına
həsr olunmuş təntənəli mərasimdə
çıxış edən ulu öndər
Heydər Əliyev demişdir: “Biz belə bir addım atmaqla Azərbaycanın
dünya üçün,
dünya iqtisadiyyatı üçün
açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla
Azərbaycan Respublikasının suveren
hüquqlarının bərqərar olduğunu,
Azərbaycanın tam müstəqil olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş
etdiririk. Biz bu müqaviləni imzalamaqla
Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri,
onların ən böyük şirkətləri
arasında əlaqələr yaradırıq... Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən
Azərbaycana investisiya qoyulması üçün böyük
yol açırıq”.
Beləliklə, “Əsrin müqaviləsi”nin
imzalanması ilə müstəqil Azərbaycan dövlətinin
tarixində milli neft
strategiyası həyata keçirilməyə başlandı.
Məhz bu müqavilədən sonra dünya dövlətlərinin
Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin
beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan
verildi.
“Əsrin müqaviləsi”nin mühüm tərkib
hissələrindən birini də xarici şirkətlərlə birlikdə hasil olunan neftin nəqlini və xarici
bazarlara ixracını təmin edəcək
çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edir. Məlum olduğu kimi, müqavilə imzalanarkən bu məsələ ətrafında gedən
müzakirələr zamanı xam neftin ixracı üçün
ilkin olaraq
Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri
marşrutları seçildi. Buna baxmayaraq, gələcəkdə neft hasilatının artması ilə əlaqədar
əsas ixrac boru kəmərinə
ehtiyac duyulurdu. Ümummilli liderimiz Heydər
Əliyev bu məsələdə qətiyyət
nümayiş etdirərək Azərbaycan
neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxaracaq
Bakı-Tbilisi-Ceyhan boru kəməri
ideyasını irəli sürdü.
Bu ideyanı qəbul etmək istəməyən
bəzi qüvvələrin cəhdlərinə baxmayaraq, Heydər Əliyevin səyi və gərgin
keçən danışıqlar prosesinin
məntiqi nəticəsi olaraq bu layihə həyata vəsiqə aldı. Belə
ki, ATƏT-in 1999-cu ilin
noyabr ayının 18-də
İstanbul şəhərində
keçirilən sammiti zamanı
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi ilə
bağlı bəyannamə imzalandı. Beləliklə də,
“Üç dənizin əfsanəsi”
adlandırılan və minilliyin ən böyük neft ixracı
marşrutlarından sayılan Bakı-Tbilisi-Ceyhan layihəsinin
reallığa çevrilməsi üçün
hüquqi baza yaradıldı. Daha sonra isə layihənin bəzi
detallarının dəqiqləşdirilməsi, lazımi
maliyyə mənbələrinin müəyyənləşdirilməsi
ilə bağlı danışıqlar aparıldı.
bp şirkəti layihənin operatoru seçildi.
Kəmərin tikintisi və istismarı
üçün isə BTC Ko. şirkəti
yaradıldı. Onun səhmdarları
bp (30,1 faiz), ARDNŞ (25 faiz), Şevron (8,9 faiz), Statoyl
(8,71 faiz), TPAO (6,53 faiz), ENİ (5 faiz), Total (5 faiz),
İtoçu (3,4 faiz), İNPEX (2,5 faiz), KonokoFillips (2,5 faiz) və
Amerada Hess (2,36 faiz) şirkətləri oldu. Azərbaycan
Respublikasının Dövlət Neft Şirkəti
Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsində iştirak etmək məqsədilə
AzBTC Co. törəmə şirkətini təsis etdi və bu
qurum layihənin iştirakçıları olan neft şirkətlərinin
konsorsiumu tərəfindən yaradılmış BTC Company
şirkətində 25 faizlik iştirak payı əldə
etdi. AzBTC Co. şirkəti daxil olmaqla bütün digər
iştirakçılar layihənin dəyərinin 30 faizlik
hissəsini öz vəsaitləri hesabına, qalan 70 faizlik
hissəsini isə beynəlxalq maliyyə institutlarından,
ixrac kredit agentliklərindən və kommersiya banklarından cəlb
edilmiş kredit vəsaitləri hesabına maliyyələşdirilməsi
ilə bağlı qərar qəbul etdilər. Azərbaycan dövləti
adından Azərbaycan BTC Co. şirkətindəki payının
maliyyələşdirilməsi isə Dövlət Neft Fondu tərəfindən
həyata keçirildi. Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyev 2002-ci il iyulun
30-da “Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsində
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
iştirak payının maliyyələşdirilməsi
haqqında” fərman imzaladı. Həmin fərmanda
BTC layihəsində Azərbaycan Respublikasının
iştirakının təmin edilməsi ilə bağlı
öhdəliklərin yerinə yetirilməsi, o cümlədən
ölkənin iştirak payının maliyyələşdirilməsi
ilə bağlı məsələlər öz əksini
tapdı.
Nəhayət, 2002-ci il sentyabr ayının 18-də
Bakıda-Səngəçal terminalının ərazisində
Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət
başçıları Heydər Əliyev, Eduard
Şevardnadze və Əhməd Necdət Sezərin
iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin
təməli qoyuldu. Bununla da, ümummilli lider
Heydər Əliyevin müəllifi olduğu yeni neft
strategiyasının mühüm tərkib hissələrindən
olan Bakı-Tbilisi-Ceyhan layihəsinin reallığa
çevrilməsinə başlanıldı. Kəmərin inşası üçün
podratçı şirkətin müəyyən edilməsi məqsədilə
beynəlxalq səviyyəli tender elan olundu. Tender prosesinin nəticəsi olaraq Yunanıstanın
Konsolideytd Kontraktors Kompani (CCIC) şirkəti qalib elan edildi.
2003-cü ilin fevral ayında Bakı
yaxınlığındakı Səngəçal
terminalından başlayaraq kəmərin tikintisinə start
verildi. 2004-cü ilin oktyabrında BTC-nin Azərbaycan
hissəsi Gürcüstan ərazisindən keçən hissəsi
ilə birləşdirildi.
Yeri gəlmişkən, ulu öndər Heydər
Əliyevin qalibiyyətli neft strategiyasının
ardıcıl şəkildə həyata keçirilməsi
sahəsində misilsiz xidmətlər göstərən Azərbaycan
Prezidenti İlham Əliyev dövlət başısı kimi fəaliyyətə
başladığı ilk günlərdən etibarən layihənin
gedişi ilə bağlı şəxsən maraqlanır,
vaxtaşırı olaraq tikinti işləri ilə
tanış olurdu. Nəhayət, 2005-ci ilin aprel
ayında tikinti işləri yekunlaşdırıldı.
Həmin il may ayının 25-də Səngəçal
terminalında xam neftin BTC-yə vurulması ilə
bağlı rəsmi tədbir keçirildi. Azərbaycan,
Gürcüstan və Türkiyənin dövlət
başçıları İlham Əliyev, Mixeil Saakaşvili
və Əhməd Necdət Sezər terminalda
quraşdırılmış xüsusi qurğudakı
sürgünü açdıqdan sonra kəmərlə ilkin
neft axmağa başladı.
2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan
limanına çatdı. İyulun 4-də isə
neftlə yüklənmiş ilk tanker buradan yola salındı.
2006-cı il iyulun 13-də Türkiyənin
Ceyhan şəhərində XXI əsrin ən böyük
enerji layihəsi olan Heydər Əliyev adına
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli
açılış mərasimi keçirildi.
Xəzər
dənizi ilə Aralıq dənizini birləşdirən bu yeni enerji dəhlizinin
fəaliyyəti sayəsində
Azərbaycan neftinin beynəlxalq bazarlara genişmiqyaslı nəqli
və ölkədə
çoxvariantlı ixrac
strategiyasının həyata
keçirilməsi üçün
əlverişli imkan yarandı, eyni zamanda ölkənin tranzit potensialı bir neçə dəfə artdı. Xalqımızın ümummilli
lideri Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri
“Əsrin müqaviləsi”
çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda hasil olunan xam
neftin dünya bazarına çıxışını
təmin etmək üçün inşa edilmiş boru nəqliyyat vasitəsidir. Kəmərin uzunluğu 1767 kilometrdir.
Onun 443 kilometri Azərbaycanın,
248 kilometri Gürcüstanın,
1076 kilometri isə Türkiyənin ərazisindən
keçir. Boru kəmərinin
Azərbaycan və Gürcüstanda yerləşən
hissələrinin operatoru
BTC Ko-nun səhmdarları
adından bp, Türkiyədə yerləşən
hissəsinin operatoru isə BOTAŞ Interneşnl
Limited şirkətləridir. Kəmərin diametri Azərbaycanda
və Türkiyədə,
əsasən 42 düyməlikdir.
Gürcüstan ərazisində kəmər
46 düyməlik borularla
çəkilib. Türkiyədə Ceyhan dəniz terminalına enən axırıncı eniş
boyu hissədə isə 34 düyməyədək
azalır. Boru kəməri
1500-dən artıq çayla
və 13 seysmik qırılma xətti ilə kəsişir.
Kəmərin ən yüksək nöqtəsi
2800 metr olan dağlardan keçdiyi yerdir ki, bundan
sonra o, Ceyhanda yenidən dəniz səviyyəsinə enir.Kəmərin
istismar müddəti
40 il, orta ötürücülük qabiliyyəti
isə sutkada 1,2 milyon barrel nəzərdə
tutulmuşdur. Səngəçal
terminalından Türkiyənin
Aralıq dənizi sahilindəki Ceyhan terminalınadək uzanan kəmərin çəkilməsinə
təxminən 4,5 milyard dollar vəsait xərclənmişdir. Hazırda kəmər
vasitəsilə ildə
60 milyon ton neft nəql etmək mümkündür. Bakı-Tbilisi-Ceyhan boru kəməri
Azərbaycan, Gürcüstan,
Türkiyə və bütövlükdə bölgə,
Avropa və ümumən dünya üçün iqtisadi və siyasi baxımdan, eləcə də enerji təhlükəsizliyi cəhətdən
çox böyük əhəmiyyətə malik
olmaqla yanaşı, Türkiyənin Qara dəniz boğazlarının
həddən artıq
yüklənməsinin də
qarşısını almışdır.
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri
hazırda əsasən
“Azəri-Çıraq Günəşli”
yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından
çıxarılan kondensatı
Azərbaycandan nəql
edir. Bundan əlavə, hazırda
Türkmənistan nefti
də bu boru kəməri vasitəsilə nəql olunur. 2013-cü ilin oktyabr ayından
etibarən isə BTC boru kəməri ilə yenidən müəyyən həcmlərdə
Qazaxıstanın “Tengiz”
yatağından çıxarılan
xam neftinin nəqlinə başlanılıb.
BTC-nin gündəlik
ötürmə gücü
hazırda 1,2 milyon barreldir. 2014-cü ilin birinci yarısı
ərzində BTC vasitəsilə
təqribən 17,8 milyon ton xam neft ixrac olunub
və bu neft Ceyhanda 185 tankerə yüklənib. İstismara verildiyi 2006-cı ildən
etibarən isə BTC vasitəsilə nəql edilmiş təxminən
263 milyon ton xam neft Ceyhanda 2580 tankerə yüklənilərək
dünya bazarlarına
göndərilib.
Azərbaycan
Respublikasının iqtisadi
siyasətinin ən böyük uğurlarından
sayılan BTC ölkəmizin
Avrasiya regionunda mövqeyini xeyli gücləndirmiş, dövlətimizi
Cənubi Qafqazın liderinə çevirmişdir. Bu gün ulu
öndər Heydər
Əliyevin adını
daşıyan BTC təkcə
Azərbaycan üçün
deyil, ümumilikdə
beynəlxalq aləmdə
enerji təhlükəsizliyi
sistemi və neft ixracı sahəsində ölkəmizlə
uğurlu tərəfdaşlıq
edən dövlətlər
üçün də
müstəsna əhəmiyyət
kəsb edən bir layihədir. BTC mühüm texniki-iqtisadi əhəmiyyətə malik
olmaqla yanaşı, həm də böyük siyasi məzmun
kəsb edir. Belə ki, bu kəmər dünya dövlətləri ilə
Azərbaycanın yeni
münasibətlərinin qurulmasına
təkan vermiş, ölkəmizin xarici siyasətinin güclənməsinə
və inkişaf etməsinə zəmin yaratmışdır.
Bakı-Tbilisi-Ceyhan
neft kəmərinin çəkilməsi ilə
reallaşan və ulu öndərin bir neçə onilliklər üçün
hesablanan neft strategiyasının həlli
və uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan
dünya birliyində siyasi, iqtisadi inkişafı, qlobal hadisələrə təsir
imkanları artan qüdrətli dövlət
kimi tanınır, qəbul olunur. Təsadüfi deyil ki, Azərbaycan neftinin Ceyhan terminalına
çatması münasibətilə xalqımıza müraciət
edən Prezident İlham
Əliyev sülh, xalqlararası birlik və dövlətlərarası əməkdaşlığa
əsaslanan bu kəməri ölkəmizin
uzunmüddətli inkişafını təmin edən və iqtisadi potensialımızı artıran layihə kimi dəyərləndirmişdir.
Ötən müddətdə
Bakı-Tbilisi-Ceyhan haqqında deyilən və geniş
məkan mənasında işlədilən qlobal
layihə sözü öz
təsdiqini tapmışdır. Beynəlxalq əhəmiyyətli
layihə kimi dünya
birliyi dövlətlərinin
marağına səbəb olan BTC-nin uğurlu fəaliyyəti
sayəsində Azərbaycanın
büdcəsi xeyli möhkəmlənmiş,
ölkəmiz Hasilat Sənayesi üzrə
Şəffaflıq Təşəbbüsünə qoşulan ilk dövlət
kimi tanınmışdır. Neftdən əldə olunan gəlirin
indiki və gələcək nəsillər
arasında ədalətli bölünməsi və əhalinin
sosial müdafiəsinin təminatı, qeyri- neft sektorunun
inkişafı naminə sərf olunması üçün
yaradılan Dövlət Neft Fondunun aktivlərinin ilbəil artması neft
strategiyasının layiqincə davam
etdirilməsinin nəticəsidir.
Hazırda
bu kəmərin coğrafi-siyasi
əhəmiyyəti bütün dünya dövlətləri tərəfindən
etiraf olunur,
bütövlükdə Azərbaycanın
neft-qaz ehtiyatlarının dünya
bazarlarına ixrac edilməsi üçün şaxələndirilmiş boru kəmərləri sisteminin
yaradılması dəstəklənir. Bu gün
Azərbaycan nefti, təbii qazı bir neçə marşrut
üzrə dünya bazarına ixrac olunur. Bu
sistemdə ulu öndər Heydər
Əliyevin şah əsərlərindən
hesab olunan, sutkada bir milyon
barreldən artıq Azərbaycan neftini tam təhlükəsiz şəkildə
Aralıq dənizi sahillərinə ixrac
imkanına malik olan BTC-nin xüsusi yeri var. Qeyd
etdiyimiz kimi, BTC
artıq Azərbaycan neftinin deyil, Mərkəzi Asiya
ölkələrinin enerji
resurslarının da dünya
bazarlarına nəqlinə imkan yaradan infrastruktur kimi böyük əhəmiyyət
daşıyır. Prezident İlham Əliyevin bu barədə fikirləri xüsusi
maraq doğurur: “Əsrin
müqaviləsi” imzalanmasaydı, təbii ki,
Bakı -Tbilisi-Ceyhan neft
kəməri inşa olunmazdı,
Bakı-Tbilisi- Ərzurum qaz kəməri
çəkilməzdi və bu gün biz “Şahdəniz”
yatağından qaz hasilatına nail ola bilməzdik. Böyük maraq doğuran TANAP, TAP, “Cənub”
qaz dəhlizi ilə bağlı
müzakirələr aparılmazdı. İndi
Azərbaycanın enerji inkişafına
istənilən nöqteyi-nəzərdən yanaşsaq
görərik ki, neft
və qaz ölkə əhalisinin
rifahına xidmət edir. Bu təbii sərvətlərdən əldə
olunan gəlir ədalətlə bölünür ki, bu da əhalinin sosial müdafiəsinin etibarlı təminatı
üçün başlıca amildir...Azərbaycan nefti,
Azərbaycanın təbii sərvətləri Azərbaycan
xalqının xidmətindədir və bu
əsas məqsəddir".
Göründüyü kimi, ulu
öndər Heydər Əliyev tərəfindən işlənib
hazırlanmış milli neft
strategiyası Azərbaycanı regionun lider dövləti, eləcə də regional və qlobal iqtisadi layihələrin aparıcı
iştirakçılarından birinə çevirmişdir.
Ölkəmizdə əldə edilən uğurların ilk şanlı səhifələri isə Heydər Əliyevin müəllifi
olduğu “Əsrin müqaviləsi” nin reallaşması ilə
yazılmışdır.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2014.- 18 sentyabr.- S.1.