Şərəfli ömür yolu
GÜLLÜ ƏBİLOVA – 90
Onu tanıyanların yaddaşında və xatirələrdə Güllü Əbilova daha çox bacarıqlı və istedadlı ictimai-siyasi və mədəniyyət xadimi kimi qalmışdır. Azərbaycan SSR Ali Sovetinin deputatı və Rəyasət Heyətinin katibi, mədəniyyət nazirinin müavini, Respublika Mədəniyyət Fondu İdarə Heyətinin sədr müavini, Siyasi Maarif evinin müdiri və onlarca digər məsul vəzifələr bu il 90 yaşı tamam olan görkəmli dövlət xadimi və alim Güllü Əbil qızı Əbilovanın şərəfli ömür salnaməsinin yalnız bir hissəsidir.
Əslində, bu salnamənin daha parlaq səhifələri Güllü
xanımın hələ gənc ikən qəlbinin səsi ilə
seçdiyi çətin, lakin
şərəfli elmi sahə – arxeologiya ilə bağlı olmuşdur.
Qüdrətli sələfləri – Mirzə Cəfər
Topçubaşov, Mirzə Kazımbəy,
Abbasqulu ağa
Bakıxanov, Ələsgər Ələkbərov və Davud bəy Şərifovun Azərbaycan
arxeologiyası sahəsindəki nurlu, eyni zamanda çox
əziyyətli yaradıcılıq yolunu
davam etdirməyi qarşısına məqsəd
qoyan Güllü
Əbilova minbir çətinliyə sinə
gərərək az vaxt
içərisində o zamankı sovetlər
məkanında geniş və dərin
biliyə, yüksək analitik təhlil
bacarığına malik gözəl arxeoloq alim kimi
tanına bilmişdi.
Qürur hissi ilə qeyd etməliyik ki, Güllü Əbilova Azərbaycanda arxeologiya ixtisası üzrə elmi dərəcə alan ilk azərbaycanlı qadın alim
olmuşdur. O, Azərbaycan
arxeologiyasına və tarixşünaslığına 100-ə
yaxın dəyərli elmi əsər bəxş
etmişdir. Dəfələrlə çöl tədqiqatlarında olmuş, Azərbaycanı başdan-başa
gəzmiş, elmə məlum olmayan onlarca arxeoloji abidə aşkar etmişdir.
Güllü xanım 1924-cü il
sentyabr ayının 16-da Bakının “Qara şəhər” adlandırılan bir guşəsində, adlı-sanlı neftçi ailəsində dünyaya
göz açmışdır. Atası
Əbil Abdulla Əli oğlu
yarım əsrdən artıq bir müddətdə
neft mədənlərində işləmiş,
əməksevərliyinə, işinə olan
ciddi məsuliyyətinə görə böyük şan-şöhrət
qazanmışdır. Anası Kübra
xanım İkinci dünya
müharibəsinin ağır illərində əmək fəaliyyətinə
başlamış, Bakı Şəhər Sovetinə deputat seçilmişdi. Alın təri ilə qazanılan çörəyin
nə qədər dadlı və bərəkətli, halal zəhmətin nə qədər dəyərli
və düşərli, paklığın, ismət və
qeyrətin nə qədər qiymətli olmasını Güllü xanım valideynlərindən
öyrənmişdi.
Müharibənin
ağır illərində orta təhsilini
uğurla başa
çatdıran Güllü xanım
1943-cü ildə Azərbaycan Dövlət Universitetinin
tarix fakültəsinə daxil
olur, qədim və zəngin tariximizi öyrənməyi
qarşısına məqsəd qoyur.
Minillikləri əhatə edən təkrarolunmaz maddi mədəniyyət tariximiz,
Azərbaycan arxeologiyası Güllü
Əbilovanın əsas maraq dairəsini, elmi araşdırmalarının başlıca
istiqamətini təşkil edir. Tələbə
ikən çöl
axtarışlarında fəal iştirak edir, ulularımızın keçdiyi
uzun və çətin yolların yolçusu olur. Onun dövrümüzün
ən geniş miqyaslı
qazıntıları sayılan Mingəçevir tədqiqatlarında
iştirakı daha səmərəli
işlərindəndir. Mingəçevir qazıntıları
Azərbaycan arxeoloqları, o cümlədən
Güllü Əbilova üçün
əsl təcrübə məktəbi olmuşdur.
Mingəçevirdə - Kürün
hər iki sahilində mədəni irsimizin bütün tarixi mərhələlərinə aid 20 mindən artıq nadir
maddi mədəniyyət nümunələri
üzə çıxarılmışdı. Onların sistemləşdirilməsi
və qeydiyyata alınmasında Güllü xanımın əməyi böyükdür.
Sevindirici haldır ki, bütün bu işlər
fakültə professor - müəllim heyətinin
və rektorluğun nəzər diqqətindən
yayınmamışdı. 1948-ci ildə Güllü
Əbilova ali təhsilini müvəffəqiyyətlə
başa vurarkən ona
universitetdə qalmaq, elmlə məşğul
olmaq, arxeologiya
ixtisası üzrə mühazirələr oxumaq təklif
olunmuşdu. Gənc mütəxəssis bundan sonra universitetdə təzə
yaradılan arxeologiya kafedrasında fəaliyyətə
başlayır. Tezliklə Güllü
xanım tərəfindən ilk dəfə
olaraq Azərbaycan dilində arxeologiya fənninə aid
dərs proqramı hazırlanır və çapa
verilir. Eyni vaxtda, onun təşəbbüsü
ilə universitetdə zəngin arxeoloji fond yaradılır. Beləliklə, müxtəlif
illərdə Azərbaycanın ayrı-ayrı bölgələrindən,
o cümlədən Mingəçevirdən
tapılmış nadir maddi
mədəniyyət nümunələri fondun
əsasını təşkil edir. Arxeologiya
ixtisası üzrə elmi
araşdırmalarını genişləndirmək və dərinləşdirmək
məqsədilə Güllü Əbilova
1950-ci ildə universitetin aspiranturasına daxil olur. İşgüzar
və istedadlı gənc həmkarından öz
qayğısını heç vaxt əsirgəməyən
dünyaşöhrətli Azərbaycan alimi
Yevgeni Alekseyeviç Paxomov ona elmi rəhbər təyin edilmişdi.
Güllü Əbilovaya “Cənubi
Qafqazın meqalit abidələri” mövzusunu işləmək
tapşırılmışdı. Mövzu
çətin olsa da
aktuallığı ilə seçilirdi. Uzaq tunc dövründə Azərbaycanın
dağlıq bölgələrində - əlçatmaz
yüksəkliklərdə ucaldılmış möhtəşəm
qalalar - meqalit tikililər
mövcud qədim cəmiyyətlərin iqtisadi-ictimai və ideoloji
sistemləri haqqında dəyərli məlumatları qoruyub saxlamışdı. Bu,
Güllü Əbilovanı ciddi və məsuliyyətli
axtarışlara sövq edirdi.
Cənubi Qafqazın, o cümlədən
Azərbaycanın meqalit abidələri hələ
30-cu illərdə rus sovet
alimi İ.Meşşaninov
və azərbaycanlı alim İ.Cəfərzadənin
tədqiqatlarında mühüm yer tutmuşdu. Lakin belə
vəziyyət gənc tədqiqatçı Güllü
Əbilovanı qorxutmamışdı. Topladığı zəngin
bilik, əldə etdiyi
dərin təcrübə, özünə inam
böyük iradə sahibi
Güllü xanımı öhdəsinə
düşən vəzifəni ləyaqətlə başa çatdırmağa səfərbər
etmişdi. O, Azərbaycanın
ayrı-ayrı dağlıq bölgələrinə arxeoloji səfərlər etmişdi.
Onun Gədəbəy bölgəsinə olan səfəri xüsusilə uğurlu olmuşdu. Təkcə
bu bölgədə o,
onlarca yeni abidənin yerini müəyyənləşdirmişdi.
Daim axtarış və yazıb yaratmaq əzmində olan Güllü xanım 1953-cü ildə dissertasiya işini uğurla başa
çatdıraraq müdafiəyə təqdim edir.
Dissertasiya işi fundamental tədqiqat
kimi öz müəllifinin yetkin bir alim olduğunu
nümayiş etdirir. İlk dəfə olaraq meqalit abidələrin dəqiq təsnifatı verilir, Avrasiya məkanının oxşar
abidələri ilə
müqayisə aparılır.
1954-cü il yanvar ayının 14-də
Azərbaycan Dövlət
Universitetinin Elmi Şurasında dissertasiyanın
rəsmi müdafiəsi
keçirilir. Şura üzvləri
və rəsmi opponentlər - respublikanın
adlı-sanlı alimləri
Saleh Qazıyev və İshaq Cəfərzadə dissertasiya
işini yüksək
qiymətləndirirlər. Maraqlıdır ki, iddiaçının
dissertasiyasında tənqid
olunan İshaq Cəfərzadənin özü
belə işin Azərbaycan tarixşünaslığı
üçün böyük
əhəmiyyət kəsb
etdiyini öz rəyində təsdiqləyir.
Alimlik dərəcəsi aldıqdan
sonra Güllü xanım Azərbaycan Dövlət Universitetində
arxeologiyanın əsasları
və Azərbaycan arxeologiyası ixtisasları
üzrə mühazirələrini
davam etdirməklə yanaşı, çox sevdiyi Tarix Muzeyində
də elmi və təşkilati fəaliyyətlə məşğul
olur. Muzeydə arxeologiya şöbəsinə
rəhbərlik Güllü
xanıma tapşırılmışdı.
Yaxşı təşkilatçılıq
bacarığına malik
olan Güllü xanım qısa müddətdə muzeydə
bir sıra dəyərli işlər
görmüşdü. Onun təşəbbüsü ilə
muzeydə yeni arxeoloji materiallar əsasında Azərbaycanın
yazıyaqədərki qədim
tarixinin bütün mərhələlərini əyani
şəkildə əks
etdirən geniş ekspozisiya yaradılmışdı.
Muzey fondlarında illərdən
bəri toplanılan çoxsaylı zəngin maddi mədəniyyət nümunələri sistemləşdirilmişdi.
Muzeydə elmi yaradıcılıq
işlərinə və
çap məsələsinə
də xüsusi diqqət yetirilmişdi.
Diqqətəlayiq haldır ki,
Güllü xanım muzeyşünaslığı müstəqil
elm səviyyəsinə qaldıra
bilmişdi.
Azərbaycanın
qədim və zəngin tarixini geniş xalq kütləsinə çatdırmaq
məqsədilə Güllü
xanım ayrı-ayrı
bölgələrdə diyarşünaslıq
muzeylərinin yaradılmasının
təşəbbüskarı olmuşdu. Mədəniyyət Nazirliyində işləyərkən
bu sahəyə bilavasitə özü rəhbərlik etmişdi.
Az vaxt
içərisində bir
sıra bölgələrdə
Azərbaycanın tarixi-mədəni
irsini öyrənən
və onun qiymətli yadigarlarını
qoruyub saxlayan və təbliğ edən muzeylər açılmışdı.
Ötən
əsrin 60-cı illəri
Güllü xanım Əbilovanın həyatında
xüsusi mərhələ
olmuşdu. Həmin illərdən
başlayaraq Güllü
xanım ömrünün
son günlərinədək respublikamızda bir sıra məsul vəzifələrdə çalışmış
və onların hamısında yüksək
təşkilatçılıq bacarığı nümayiş
etdirmişdi.
Bununla
belə, ilk baxışda
romantik görünən,
lakin çox çətin olan arxeologiya Güllü xanımın həyatında
yenə də əsas yer tutur. O, Azərbaycanda gedən arxeoloji tədqiqatları diqqətlə izləyir, onların nəticələri
ilə yaxından maraqlanırdı.
İstedadlı
alim və görkəmli ictimai xadim Güllü xanım Əbilovadan danışarkən onun yüksək insani keyfiyyətlərini xatırlamamaq
qeyri mümkündür. Tanrı ona ən yüksək
əxlaqi-mənəvi dəyərlər
bəxş etmişdi.
Güllü xanım ismət
və qeyrət rəmzi olan ömrünü ləyaqətlə
başa vurmuşdur.
İnsanlara yaxşılıq etmək, sevinc gətirmək onun həyatının əsas
qayəsini təşkil
edirdi. Güllü xanım qayğıkeş
və mətin ana, sədaqətli həyat yoldaşı olmuşdu. Gənc ikən ömür
yoldaşını itirən
Güllü xanım ləyaqətli övladlar
böyüdərək onları
doğru yola yönəltmişdi.
Bu gün Azərbaycan arxeologiyası
yüksəliş dövrünü
yaşayır. Dövlət
qayğısı ilə
əhatə olunmuş
onlarca arxeoloji ekspedisiya hər il respublikanın
bölgələrində ulu
keçmişimizin izlərini
axtarır, yeni abidələr üzə çıxarır və öyrənir. Abidələrimiz isə zəngin
keçmişimizə müvafiq
saysız-hesabsız və
misilsizdir. Fərəhləndirici haldır ki, silsilə abidələrimiz
indi ümumbəşər
mədəni irsinin siyahısına salınmışdır.
Həyat
davam edir. Aylar illərə dönür,
nəsillər bir-birini
əvəz edir.
Arzeoloji axtarışlar
və elmi araşdırmalar indi arxeoloqların yeni nəsli tərəfindən
davam etdirilir. Bilik və təcrübələrini,
tarixi-mədəni irsə
olan sonsuz sevgisini yeni nəslə ərmağan
edən şanlı sələflərimizin sayı
da ildən-ilə artır. İndi sönməz sələflər
kəhkəşanında Azərbaycan
arxeologiyasının dan
ulduzu Güllü xanımın işığı
daha parlaq görünür.
Qüdrət İSMAYILZADƏ,
Bakı
Dövlət Universitetinin
professoru,
Beynəlxalq Arxeoloqlar Assosiasiyasının
üzvü
Xalq qəzeti.- 2014.- 18 sentyabr.- S.6.