Dünyanı dolaşan “Arşın mal alan”
Dahi
Üzeyir bəy Hacıbəylinin xatirəsinə həsr
olunan ənənəvi Milli Musiqi Gününü xalqımız böyük təntənə ilə qeyd edir. Bu
bayram ərəfəsində ilk növbədə bəstəkarın xatirəsi yad edilir, əsərləri
əsasında çəkilmiş,
həyat və yaradıcılığına həsr
olunmuş filmlər
nümayiş etdirilir, milli musiqimizə həsr olunmuş maraqlı tədbirlər
təşkil olunur. Bir sözlə, Milli Musiqi Günü Üzeyir bəy sənətinin əsl
təntənəsinə çevrilir. Biz burada dahi bəstəkarın sənətinin qiymətli nümunəsi olan “Arşın mal alan” musiqili komediyasının ekran
taleyindən söhbət açacağıq.
“Arşın mal alan” musiqili komediyasını Üzeyir bəy 1913-cü
ildə yazmışdı. Onun səhnə uğurları yaranmaqda olan kinematoqrafın
da diqqətindən kənarda
qalmadı. Bunun əsas səbəbi bu idi ki, o vaxt kinossenarilər
yaranmırdı, əsasən hazır teatr əsərləri ekranlaşdırılırdı.
Digər tərəfdən, “Arşın mal alan” əsəri kinematoqrafiyanın tələblərinə cavab
verirdi. Ona görə də əsərin
yarandığı vaxtdan cəmi üç il sonra –
1916-cı ildə “Arşın
mal alan”ın ilk ekran variantı yaradıldı.
Qeyd edək ki, bu musiqili komediya dünyada beş dəfə
ekranlaşdırılan nadir əsərlərdəndir. Doğrudur, əsərin ilkin ekran variantları
kinonun səssiz dövrünə təsadüf edir. Onlar
kinematoqrafik cəhətdən də zəif filmlərdir. Bu da təbiidir, çünki kino
yeni yaranırdı, milli kadrlar, demək olar ki, yox idi. Kənardan filmə
müəlliflik edənlər də
əsərin ümumi ahəngini tuta bilmirdilər. Rus kinorejissoru Boris Svetlov bu əsəri
ilk dəfə ekranlaşdıranda da
film uğurlu alınmadı. Kino əsəri 1917-ci il yanvarın 3-də Bakıdakı
“Form” kinoteatrında göstərilmişdir. Rollarda Azərbaycanın məşhur
aktyorlarından H.
Sarabski, Ə.Ağdamski, M.A.Əliyev, Y.Nərimanov və
başqaları çəkilmişdilər. Film
sonradan bütün Qafqazda
nümayiş etdirilmişdi. Hətta, filmin
Aşqabadda, Orta
Asiyanın digər şəhərlərində göstərilməsi ilə
bağlı da mətbuatda
yazılar verilmişdi.
“Arşın mal alan” ikinci
dəfə 1917-ci ildə
Sankt-Peterburqdan olan rejissor
Q. Belyakov tərəfindən lentə
alındı. Ancaq bu dəfə film müəllifin
razılığı olmadan çəkilmışdi. Bu variant da uğurlu
alınmamışdı, ona görə də tezliklə
ekranlardan çıxarıldı.
1939-cu ildə Amerikada Ruben Mamulyan əsəri “erməni
folklorundan gələn mövzu kimi” ekranlaşdırır,
filmi müxtəlif ölkələrə satmaqla çoxlu pul
qazanır. Filmdə ümumiyyətlə,
Azərbaycanın və Üzeyir bəyin adı çəkilmir. Azərbaycanda bu məsələdən
xəbər tutulur.
Rza Təhmasib və Leşşenko müharibə getməsinə
baxmayaraq, təcili “Arşın mal alan”ın çəkilişlərinə
başlayırlar. 1945-ci ildə tamamlanan bu ekran əsəri SSRİ
Dövlət mükafatına layiq görüldü. Yuxarıda bəhs edildiyi kimi, film çox
böyük uğur qazanıb. Bununla da məşhur
əsərin Azərbaycana məxsusluğu hər mənada bir
daha sübut olundu.
Əsər
dünyanın 3 qitəsini
dolaşıb. “Arşın
mal alan”ın Azərbaycan teatrının səhnəsində
tamaşa, həmçinin kinofilm kimi televiziya ekranlarında
neçə dəfə nümayiş etdirildiyini demək
çox çətindir.Onun yaradıcı heyəti də Azərbaycanın məşhur sənətkarları
idi. Rəşid Behbudov, Leyla Bədirbəyli, İsmayıl Əfəndiyev,
Lütfəli Abdullayev, Münəvvər
Kələntərli və başqa
aktyorlarımız filmdə müxtəlif obrazlara ekran həyatı
vermişlər.
Mədəniyyət və Turizm Nazirliyi “Arşın mal alan”
filminin Moskva Film Fondundakı nüsxəsinin ölkəmizə
gətirilərək, Azərbaycan dilində yenidən bərpa
olunmasını təşkil edib. Bərpa edilmiş film
2006-cı il mayın 16-da filmin 60 illik yubileyində ilk dəfə
nümayiş olunub.
Ekrana çıxarıldıqdan
sonra, təkcə
1945-ci ildə, filmə
16,27 milyon tamaşaçı baxmış,
SSRİ-də
prokat lideri olmuşdur. Film, nəinki,
Azərbaycan, həm də sovet kinosuna
dünya şöhrəti
qazandırmışdır.
Rusiya kinosunun
100 illiyi münasibətilə
aparılan sosioloji tədqiqatlar nəticəsində
sovet kinosunun inkişafına əhəmiyyətli
təsir göstərmiş
sovet filmlərinin və Sovetlər Birliyi ekranında nümayiş etdirilmiş xarici ölkə filmlərinin arasından “100 sevimli film”
seçilmişdir. Həmin filmlər üç
hissəyə - qızıl, gümüş
və bürünc siyahılara
ayrılmışdır. 1945-ci ildə istehsal
olunmuş “Arşın mal
alan” kinokomediyası məşhur kino mütəxəssislərinin yekdil rəyi ilə “Qızıl siyahı”ya daxil edilmişdir. Film 136 ölkədə nümayiş
etdirilmiş, 86 dilə dublyaj
olunmuşdur.
Nəhayət, 1965-ci
ildə bu komediya beşinci dəfə
ekranlaşdırıldı. Bu dəfə
kinorejissor Tofiq
Tağızadə əsərin genişformatlı, rəngli variantını təqdim etdi. Baş rollara H.Məmmədov, M.Yegizarov,
L.Şıxlinskaya və başqaları çəkilmişlər.
“Arşın mal alan”a kinematoqrafın bu qədər maraq göstərməsi, söz
yox ki, Üzeyir bəy dühasının təzahürü idi.
Güman etmək olar ki, “Arşın mal alan”a
kinematoqrafçılarımız gələcəkdə də
təkrar müraciət edəcəklər.
Mehdi
MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2014.- 19 sentyabr.- S.11.