20 sentyabr ölkə
neftçilərinin peşə bayramı günüdür
Dəniz neftçilərinin bayram sovqatı
Azərbaycanın
neft və qaz sənayesinin inkişafında Azərbaycan
xalqının dəyərli insanları – böyük alimləri,
mühəndisləri, geoloqları, neftçiləri və
başqa mütəxəssisləri zəngin neft və qaz sərvətlərinin
Vətən, xalq naminə istifadə edilməsi
üçün böyük işlər görmüş, fədakarcasına
çalışmış və xalqımızın tarixinə
şanlı səhifələr yazmışlar.
Heydər ƏLİYEV
Ümummilli lider
Azərbaycanın yeni neft strategiyasının müəllifi, xalqımızın ümummilli lideri Heydər Əliyevin “Neftçilər Günü” peşə bayramının təsis edilməsi haqqında 2001-ci il avqust ayının 16-da imzaladığı tarixi fərman, ötən illər ərzində neft sənayesindəki fədakar əməklərinə görə fərqlənənlərin orden, medal və fəxri adlarla təltif olunması bu şərəfli peşə sahiblərinə göstərilən dövlət qayğısının parlaq təzahürüdür.
Artıq ölkə
neftçiləri peşə bayramlarını on
dördüncü dəfədir ki, qeyd edirlər. Hazırda əsl ümumxalq bayramına
çevrilmiş “Neftçilər Günü” ölkəmizdə neftçi
peşəsinə hörmət və ehtiramı bir qədər
də artırmışdır. Əslində isə gecəni
gündüzə qatıb yorulmaq bilmədən
çalışan bu qəhrəman insanlar hər cür
ehtirama layiqdirlər. Elə yüksək dövlət
qayğısına əməli işlə cavab verən şərəfli
peşə sahibləri də, əvvəlki illərdə olduğu
kimi, builki bayramı da uğurlu nəticələrlə,
yüksək iqtisadi göstəricilərlə
qarşılayırlar.
“Azneft” İstehsalat
Birliyinin qabaqcıl neftçıxarma müəssisələrindən
sayılan “Neft Daşları” Neft və Qazçıxarma
İdarəsində bayram əhval-ruhiyyəsi olduqca yüksəkdir.
Elə idarənin 2014-ci ilin yanvar-avqust aylarındakı fəaliyyəti də bu qənaətə gəlməyə
əsas verir. Hesabat dövründə 625 min 880 ton “qara
qızıl” hasil edən neftçilər proqnoz
tapşırığını 100 faiz yerinə yetirmişlər.
Xatırladaq ki, bu göstərici əvvəlki ilin müvafiq
dövrü ilə müqayisədə 13 min 583 ton
artıqdır. Bundan əlavə, “möcüzələr
adası”nın sakinləri neftin təhvili planına da
artıqlaması ilə əməl etməyə müvəffəq
olmuşlar. Belə ki, cari ilin səkkiz ayında idarə
üzrə 620 min 125 tondan
artıq “qara qızıl” təhvil verilmişdir ki, bu da
ötən ilin müvafiq dövrü ilə müqayisədə
13 min 524 min ton çoxdur.
“Neft Daşları”
NQÇİ-nin kollektivi qaz hasilatı üzrə də qənaətbəxş
nəticəyə imza atmışdır. Belə ki,
neftçilər yanvar-avqust aylarında 44 milyon 280 min kubmetr
qaz hasil edərək tapşırığa 100 faiz əməl
etmişlər. Bununla yanaşı, hesabat dövründə
idarə üzrə 475 milyon kubmetrdən artıq əmtəəlik qaz istehsal
olunmuşdur. Bu isə nəzərdə tutulduğundan təqribən
10 milyon kubmetr, əvvəlki ilin eyni dövründəkindən
isə 120 milyon kubmetr çoxdur.
Məlumat
üçün bildiririk ki, bu il “Neft Daşları”
yatağının istismara daxil edilməsinin 65-ci
ildönümüdür. Azərbaycanın dəniz
yataqları sırasında öz zənginliyi ilə
seçilən bu yataqda çıxarılması
mümkün olan ehtiyatlar hələ çoxdur. Məhz buna
görədir ki, ölkə Prezidenti İlham Əliyev “Neft
Daşları” yatağında illik hasilatın bir milyon tona
çatdırılmasını neftçilərin
qarşısında mühüm vəzifə kimi qoymuşdur.
Elə ada sakinləri olan qəhrəman neftçilər də
çətin dəniz şəraitinə baxmayaraq, dövlət
başçısının qarşıya qoyduğu vəzifənin
öhdəsindən layiqincə gəlməyə
çalışırlar. Hazırda idarənin istismar fondunda 448 quyu vardır. Həmin
quyulardan 449-u işlək quyulardır. Son illər fəaliyyətsiz
quyuların yenidən işlək fonda qaytarılması sahəsində
məqsədyönlü tədbirlər həyata
keçirilir. Təkcə onu qeyd etmək kifayətdir ki, cari
ilin yanvar-avqust aylarında fəaliyyətsiz fonddan 9 quyu yenidən
istismara daxil edilmişdir ki, bu da nəzərdə
tutulduğundan bir quyu çoxdur. Bu, həm də yüksək
iqtisadi səmərə ilə müşayiət
olunmuşdur. Belə ki, fəaliyyətsiz fonddan istismara
qaytarılan həmin quyulardan əvvəlcədən
proqnozlaşdırılmış 4162 ton əvəzinə
6429 ton əlavə neft alınmışdır. Hazırda isə
daha bir quyu mənimsəmədədir. Bundan əlavə, “Neft
Daşları” NQÇİ üzrə hasilatın
artırılması üçün qazma işlərinə
də xüsusi diqqət yetirilir. Təkcə onu qeyd etmək
kifayətdir ki, ötən ilin səkkiz ayında qazmadan 7 quyu
alınmışdırsa, cari ilin müvafiq dövründə
onların sayı iki dəfə artmışdır. Qazmadan
alınmış yeni quyulardan 27 min 667 ton neft hasil olunması
isə “Neft Daşları” yatağının ehtiyatlarla zənginliyini
bir daha təsdiqləyir.
Quyularda hasilatın
sabit saxlanması məqsədilə geoloji və texniki tədbirlərə
diqqət getdikcə artırılır. Cari ilin səkkiz
ayında idarə üzrə nəzərdə tutulmuş 80 əvəzinə
93 geoloji tədbir həyata keçirilmişdir. Nəticədə
əvvəlcədən proqnozlaşdırılmış 39
min 626 ton əvəzinə 40 min 900 ton əlavə neft
çıxarılmışdır. Bu da həyata
keçirilmiş geoloji tədbirlərin yüksək iqtisadi
səmərə ilə müşayiət olunmasını
sübut edir. Ötən səkkiz ayda quyularda 216 əvəzinə
272 texniki tədbir həyata keçirilmişdir ki, bu da 8973
ton əlavə neft hasilatına imkan yaratmışdır.
İdarənin istismar etdiyi yataqlarda
quyuların sabit rejimdə işləməsini təmin etmək
məqsədilə əsaslı və yeraltı təmirlərə
də xüsusi diqqət yetirilir. 2014-cü ilin yanvar-avqust
aylarında 160 quyuda əsaslı təmir işləri
aparılmış və bunun da hesabına yüksək səmərə
əldə olunmuş, 64 min 933 ton əlavə neft hasil olunmuşdur.
Bununla yanaşı, ötən səkkiz ayda quyularda 421
yeraltı təmir işi həyata keçirilmişdir.
Hazırda Dövlət
Neft Şirkəti üzrə yeni texnika və
texnologiyaların istehsalata tətbiqinə xüsusi diqqət
yetirilir. Bu da neft və qaz hasilatında yüksək iqtisadi səmərənin
əldə olunmasına səbəb olur. Bu baxımdan
dünya üzrə ilk dəfə olaraq açıq dənizdə
neftçıxarmaya başlanılmış “Neft
Daşları” NQÇİ-də də mühüm tədbirlər
həyata keçirilir. Bundan əlavə,
çətin dəniz şəraitində yüksək fədakarlıq
nümunəsi göstərərək gecə-gündüz
yorulmadan çalışan neftçilərin fərdi
mühafizə vasitələri ilə təminatına
xüsusi diqqət göstərilir, işçilərin əmək
və yaşayış şəraitinin yaxşılaşdırılması
istiqamətində lazımi tədbirlər görülür.
İdarənin rəisi Qoçalı Mahmudov dedi:
- Ümummilli liderimiz Heydər
Əliyevin rəhbərliyi ilə işlənib
hazırlanmış yeni neft strategiyası uzun illərdir ki,
ölkəmizin iqtisadi qüdrətinin artırılmasına,
xalqımızın rifah halının getdikcə
yaxşılaşdırılmasına xidmət edir. Hazırda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə uğurla reallaşdırılan neft strategiyası biz
neftçilərin üzərinə mühüm vəzifələr
qoyur. Ölkəmizdə neft sənayesinə, neftçilərə
göstərilən dövlət qayğısının ilbəil
gücləndirilməsi neft və qaz hasilatının
artırılması kimi çətin və şərəfli
vəzifənin öhdəsindən gəlməyə imkan
yaradır. Yeri gəlmişkən, Dövlət
Neft Şirkəti, eləcə də “Azneft” İstehsalat
Birliyi rəhbərliklərinin neftçilərin sosial
qayğıları ilə maraqlanmaları, onların əmək
şəraitlərinin daha da
yaxşılaşdırılması üçün həyata
keçirdikləri tədbirlər kollektivimizi yeni-yeni nailiyyətlərə
ruhlandırır. 20 Sentyabr-“Neftçilər
Günü”nü və “Əsrin müqaviləsi”nin
imzalanmasının 20-ci ildönümünü yüksək
nailiyyətlərlə qeyd edən
neftçilərimiz 2014-cü ili də uğurlu göstəricilərlə
başa vurmaq əzmindədirlər...
Dövlət qayğısı yeni nailiyyətlərə ruhlandırır
“Azneft” İstehsalat Birliyinin qabaqcıl neft-qazçıxarma müəssisələrindən olan Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin kollektivi də “Əsrin müqaviləsi”nin 20 illiyini və “Neftçilər Günü”nü yüksək iqtisadi göstəricilərlə, əsl bayram əhval-ruhiyyəsi ilə qeyd edir.
Azərbaycan neft sənayesinin qocaman
neftçıxarma müəssisələrindən olan və
ötən illər ərzində ölkəmizin neft sənayesinə
mühüm töhfələr vermiş bu idarənin
adı həmişə
qabaqcıllar sırasında çəkilib. Artıq idarənin
istismar etdiyi yataqlar neftçıxarmanın son mərhələsini
yaşamasına baxmayaraq, kollektiv
bu gün də neft və qaz hasilatına dair proqnoz
tapşırıqlarını vaxtından əvvəl və
artıqlaması ilə yerinə yetirir. Bu baxımdan ötən
ili uğurla yola salan neftçilər həmin nailiyyətləri
cari ildə də təkrarlamaq niyyətindədirlər. Elə
müəssisənin bu ilin ötən dövründə əldə
etdiyi yüksək iqtisadi göstəricilər də bunu deməyə
əsas verir.
Son illər neft və
qaz hasilatına dair proqnoz tapşırıqlarına
artıqlaması ilə əməl
edən bu şərəfli peşə sahibləri ənənəyə
sadiq qalaraq cari ilin ötən dövründə də
yüksək nailiyyətlər qazanmışlar. Belə ki,
idarənin “qara qızıl” ustaları yanvar-avqust aylarında
53 min 477 ton neft hasil etməyə müvəffəq
olmuşlar ki, bu da nəzərdə tutulduğundan 2207 ton,
keçən ilin eyni dövründəkindən isə 4976
ton çoxdur. Cari ilin ötən dövründə hasil
olunmuş ümumi neftin 52 min 677 tonu keçici, 445 tonu isə
fəaliyyətsiz fondun payına düşmüşdür.
Bundan əlavə, qazmadan alınmış bir quyudan nəzərdə
tutulmuş 765 ton əvəzinə 3557 ton neft
çıxarılmışdır. Bütövlükdə
isə idarənin kollektivi neft hasilatına dair səkkiz
aylıq proqnoz tapşırığına 104,3 faiz əməl
etmişlər. Bu, həm də “Əsrin müqaviləsi”nin
20-ci ildönümünə və “Neftçilər
Günü”nə əsl bayram töhfəsi sayıla bilər. Hesabat dövründə idarə
üzrə neft hasilatı ilə yanaşı, neftin təhvili
sahəsində də uğurlu nəticəyə nail
olunmuş, 53 min 267 ton “qara
qızıl” təhvil verilmişdir. Bu isə nəzərdə
tutulduğundan 2265 ton artıqdır.
İdarənin qaz
hasilatı və təhvili üzrə əldə etdiyi
göstəricilər isə daha uğurludur. Belə ki,
2014-cü ilin səkkiz
ayında mədənlərdən 25 milyon 825 min kubmetr qaz hasil
edilərək proqnoz tapşırığına 104,4 faiz əməl
olunmuşdur. Bu da nəzərdə tutulduğundan 1 milyon 85
min kubmetr, əvvəlki ilin eyni dövründəkindən isə
808 min kubmetr çoxdur. Bundan əlavə, hesabat
dövründə idarə üzrə 21 milyon kubmetr əvəzinə
23 milyon 21 min kubmetr “mavi yanacaq” təhvil verilmişdir.
Hazırda Ə.
Əmirov adına Neft və Qazçıxarma İdarəsi
“Lökbatan-Puta-Quşxana”, “Şabandağ-Şubanı-Yasamal
dərəsi-Atəşgah”, “Korgöz-Qızıltəpə-Şonqar”,
“Qalmaz”, “Qaradağ” və “Bəndovan” yataqlarının
istismarını həyata keçirir.
“Lökbatan-Puta-Quşxana” yatağı isə məhsuldarlığı
ilə seçilir. Təsadüfi deyil ki, idarə üzrə hasil edilən
ümumi neftin 75 faizini məhz bu yataq verir. Bütövlükdə
isə idarənin istismar etdiyi yataqlardan uzun illər neft və
qaz çıxarılmasına baxmayaraq, ehtiyatlar hələ
tükənməyib. Mütəxəssislərin rəyinə
görə, bu yataqlarda 13 milyon 261 ton qalıq ehtiyatları
mövcuddur. Məhz buna görədir ki, işlənmənin son mərhələsində
olan yataqlarda hasilatın sabit saxlanması üçün məqsədyönlü
tədbirlər həyata keçirilir.
Hazırda idarənin
istismar fondunda 432 quyu var ki, onların da 417-si fəaliyyətdə olan
quyulardır. Həmin quyulardan 356-sı ştanqlı dərinlik
nasosu, 32-si elektrik dalma nasosu, 13-ü isə fontan üsulu ilə
istismar olunur. Son illər fəaliyyətsiz fond quyularının yenidən istismara
qaytarılması istiqamətində mühüm tədbirlər
həyata keçirilir. Hazırda həmin quyulardan ikisi
istismara hazırlanır, daha 9 quyunun isə əsaslı təmiri
nəzərdə tutulur. Mədənlərdə neft
hasilatının səviyyəsini sabit saxlamaq məqsədilə
geoloji və texniki tədbirlərin həyata keçirilməsinə
də xüsusi diqqət yetirilir. Belə ki, cari ilin səkkiz ayında idarə
üzrə 151 texniki tədbir həyata keçirilmiş,
bunun da nəticəsində əvvəlcədən
proqnozlaşdırılmış 1224 ton əvəzinə
1658 ton neft hasil olunmuşdur. Bundan əlavə, hesabat
dövründə mədənlərdə aparılmış
85 geoloji tədbir hesabına 5650 ton əvəzinə 6322 ton əlavə
neft çıxarılmışdır. Bu isə həyata
keçirilmiş texniki və geoloji tədbirlərin yüksək
səmərə verdiyini sübut edir. Hasilatın səviyyəsini
sabit saxlamağın əsas şərtlərindən biri də
quyuların ahəngdar rejimdə işləməsini təmin
edən yeraltı və əsaslı təmirlərin
vaxtlı-vaxtında aparılması ilə
bağlıdır. Neft təsərrüfatı
üçün son dərəcə vacib olan bu sahədə
çalışan təmir briqadaları tapşırılan işin öhdəsindən
layiqincə gəlirlər. Təkcə onu qeyd etmək kifayətdir
ki, idarənin təmir briqadaları bu ilin səkkiz
ayında quyularda 111 əsaslı
təmir işi həyata keçirmiş, bu da 6885 ton əlavə neft hasilatına imkan
yaratmışdır. Bununla yanaşı, hesabat dövründə
idarə üzrə 2841 yeraltı
təmir işi aparılmışdır. Cari
ilin əvvəlindən üç quyuda ikinci lülə
üsulu ilə aparılmış qazma işləri 325 ton əlavə
neft hasilatına imkan yaratmışdır. Ə. Əmirov
adına NQÇİ-nin ümumi istismar fonduna daxil olan
quyuların əksəriyyəti köhnə quyular olduğu
üçün burada lay təzyiqinin sabit saxlanılması
xüsusi diqqət tələb edir.
İlin əvvəlindən başlayaraq idarə üzrə
bu istiqamətdə zəruri tədbirlər həyata keçirilmiş,
bir sıra quyularda 3-cü təsir üsulları tətbiq
olunmuş, bu da həmin quyuların ahəngdar rejimdə
işləməsini təmin etmişdir.
Ekoloji
tarazlığın təmin edilməsi və itkilərin
qarşısının alınması sahəsində
görülmüş işlər də qənaətbəxşdir.
Belə ki, ölkə Prezidenti İlham Əliyevin Bakı ətrafındakı
süni göllərin qurudulması və
abadlaşdırılması ilə bağlı müvafiq
tapşırığından sonra Lökbatan ərazisindəki
çirkab su sahələrinin qurudulması istiqamətində
işlər xeyli intensivləşdirilib. Artıq 8 hektar ərazi
qurudularaq abadlaşdırılıb. Bu istiqamətdə
işlər hazırda da davam etdirilir. Bundan əlavə, idarənin
yığım-nəql sisteminin təkmilləşdirilməsi
sahəsində xeyli iş görülüb, 8 kilometr neft
kollektoru və 12 kilometr kiçik diametrli neft xətləri dəyişdirilib.
Bununla yanaşı, atmosferə atılan qazların
yığılaraq emal prosesinə yönəldilməsi, eləcə
də lay sularının təkrar laylara vurulmasını təmin
etmək məqsədilə yeni xətlər çəkilib,
mədəndaxili yollar təmir olunub.
İdarə üzrə
sağlamlıq və əməyin təhlükəsizliyinin
qorunması, həmçinin işçilərin əmək
şəraitinin yaxşılaşdırılması
üçün mühüm tədbirlər həyata
keçirilir. Bu ilin ötən dövründə
idarənin 1,2,3 və 4 saylı neft qazçıxarma sexlərinin
mərkəzi neftyığma məntəqələri əsaslı
şəkildə yenidən qurularaq istifadəyə verilib.
İdarənin 3 və 4 saylı neft-qazçıxarma sexləri
üçün yeni inzibati binalar tikilib, quyuların əsaslı
və yeraltı təmiri, istehsal proseslərinin
avtomatlaşdırılması və neftölçmə
cihazları, istismar avadanlıqlarının təmiri və
qaz-kompressor, eləcə də elmi-tədqiqat və istehsalat
işləri sexlərinin inzibati binaları isə yenidən
qurularaq neftçilərin istifadəsinə verilib. Həmin
binalar hər cür məişət cihazları və mebellə
təchiz olunub. Bundan əlavə, işçilər normativə
uyğun olaraq fərdi mühafizə vasitələri ilə
tam təmin olunublar.
İdarənin rəisi
Ramin Quliyev kollektivin əldə etdiyi uğurların
başlıca səbəbini neft sənayesinə, bu şərəfli
peşə sahiblərinə göstərilən dövlət
qayğısı ilə əlaqələndirdi. Bildirdi ki, son illər ölkə
Prezidenti İlham Əliyev Dövlət Neft Şirkətinin
qarşısında neft və qaz hasilatının
artırılması kimi mühüm vəzifə
qoymuşdur. Bu vəzifənin yerinə yetirilməsi
neftçilərin məsuliyyətini birə-beş
artırır. Məhz bunun nəticəsində də idarə
üzrə neft və qaz hasilatına dair
tapşırıqları vaxtında və artıqlaması ilə
yerinə yetirmək üçün bütün imkanlar səfərbər
olunub. Bundan əlavə, Dövlət Neft Şirkəti və
“Azneft” İstehsalat Birliyi rəhbərliklərinin yaxından
köməyi də qarşıya qoyulmuş vəzifələrin
öhdəsindən gəlməyə imkan verir...
Neft sənayesi inşaatçılarının uğurları
Azərbaycanın
neft sənayesinin, ölkənin qaz təsərrüfatının
bugünkü uğurlu inkişafında
inşaatçılar da böyük pay sahibidirlər. Son illər
ölkədə neft və qaz hasilatının
artırılması üçün yaradılan və hər
cür imkanlara cavab verən ən müasir infrastruktur obyektləri
məhz bu fədakar insanların gərgin əməyinin nəticəsidir.
Dövlət Neft
Şirkəti “Neftqaztikinti” Trestinin ayrı-ayrı əmək
kollektivləri kimi 2 saylı tikinti quraşdırma idarəsinin
inşaatçıları da
ölkənin neft-qaz sənayesinin inkişafına
mühüm töhfələr verirlər. Təsadüfi
deyil ki, son illər uğurlu fəaliyyəti, dövlət sifarişlərinin
vaxtında və keyfiyyətlə yerinə yetirilməsi sahəsindəki
misilsiz nailiyyətləri ilə seçilən kollektivə həmişə
yüksək etimad göstərilir, dənizdə və quruda
bir sıra vacib tikinti-quraşdırma işlərinin,
neft-qaz sənayesi üçün son dərəcə
mühüm əhəmiyyət kəsb edən layihələrin icrası məhz
bu idarəyə həvalə olunur. Bu etimadı
layiqincə doğruldan, adı həmişə qabaqcıllar
sırasında çəkilən 2 saylı
tikinti-quraşdırma idarəsinin kollektivi “Əsrin müqaviləsi”nin
imzalanmasının 20-ci ildönümünü və
“Neftçilər Günü”nü də yüksək nailiyyətlərlə,
əsl bayram ovqatı ilə qeyd edirlər.
Qaz təsərrüfatının
infrastruktur imkanlarının genişləndirilməsi məqsədilə
nəzərdə tutulmuş tədbirlərin
reallaşdırılmasında mühüm rol oynayan 2
saylı tikinti-quraşdırma idarəsinin kollektivi magistral qaz kəmərlərinin,
qaz anbarlarının, kompressor stansiyalarının və digər obyektlərin tikintisi ilə bağlı
dövlət sifarişlərini vaxtında və keyfiyyətlə
yerinə yetirmək üçün bütün imkanları
səfərbər etmişlər. Bu baxımdan 2014-cü ilin
ötən dövrünü də
kollektiv üçün uğurlu hesab etmək olar. Belə ki, cari ilin səkkiz ayında ölkənin
neft-qaz sənayesində, sözün əsl mənasında,
xariqələr yaradan inşaatçılar bir sıra
dövlət əhəmiyyətli obyektlərin tikintisini
müvəffəqiyyətlə davam etdirərək
tapşırılan işləri vaxtında və yüksək
keyfiyyətlə yerinə yetirməyə
müvəffəq olmuşlar. Əvvəlki dövrlərdə
olduğu kimi, cari ilin səkkiz ayında da ölkənin qaz təsərrüfatının
infrastruktur imkanlarının genişləndirilməsi istiqamətində
mühüm işlər görən
inşaatçılar əhalinin
və iqtisadiyyatın “mavi yanacağa” olan tələbatının
ödənilməsini təmin etmək məqsədilə qəbul
olunmuş xüsusi proqramın icrasına mühüm töhfələr
vermişlər. Məhz bunun nəticəsidir
ki, ölkənin qaz təsərrüfatının yaxın
illər üçün əsas prioritetlərini müəyyənləşdirən
həmin proqram çərçivəsində nəzərdə
tutulmuş mühüm tədbirlərin xeyli hissəsi
artıq reallığa çevrilmişdir.
Hazırda Dövlət
Neft Şirkəti tərəfindən ölkə
regionlarının qazlaşdırılmasını nəzərdə
tutan tədbirlərin reallaşdırılması sahəsində
işlər sürətlə davam etdirilir. Bu baxımdan
“Qazıməmməd-Qazax magistral qaz kəmərinin yenidən
qurulması” layihəsini xüsusi qeyd etmək olar.
Xatırladaq ki, sözügedən kəmərin 210 kilometrlik
hissəsinin 1020 millimetrlik borularla dəyişdirilib yenidən
qurulması işləri “Neftqaztikinti” Tresti tərəfindən
məhz 2 saylı tikinti-quraşdırma idarəsinə həvalə
olunmuşdur. Onu da qeyd edək ki, bu, adıçəkilən
idarənin hazırda quruda həyata keçirdiyi ən iri
layihədir. Layihənin məqsədi isə
magistral qaz kəməri vasitəsilə Şirvan
düzünün yamaclarından başlayaraq Böyük
Qafqaz sıra dağlarının cənub yamaclarına qədər
yerləşən ərazilərdə qazın itkisiz və
fasiləsiz ötürülməsini təmin etməkdən
ibarətdir. Layihənin icrasına 2013-cü ilin noyabr
ayında başlanmışdır. Boruların qaynaq
olunmasında “Neftqaztikinti” Tresti tərəfindən
alınmış müasir avtomat və yarımavtomat qaynaq
aparatlarından istifadə olunur. Bu da iş vaxtına qənaət
olunmasına, layihənin icrasının sürətləndirilməsinə
və qaynaq işlərinin keyfiyyətlə aparılmasına
imkan yaradır.
Ötən müddətdə
bu sahədə xeyli iş görən
inşaatçılar kəmərin
Göyçay rayonunun ərazisindən keçən 24
kilometrlik hissəsinin yenidən qurulmasını uğurla
tamamlamışlar. Tikintinin birinci mərhələsinə
daxil olan 114-138 kilometrlik yenidən qurulmuş hissə layihənin
parametrlərinə uyğun olaraq
möhkəmliyə və kipliyə görə
sınaqdan keçirilmişdir.
Son illər
istehlakçıların payız-qış
mövsümündə “mavi yanacaq”la fasiləsiz təminatına
nail olunması ölkənin qaz təsərrüfatının
qarşısında duran mühüm vəzifələrdəndir.
Bu məqsədlə yeraltı qaz anbarları genişləndirilir,
infrastruktur əsaslı şəkildə yeniləşdirilir.
2 saylı tikinti-quraşdırma idarəsinin kollektivi bu sahədə
də yaxından iştirak edir. Hazırda
inşaatçılar “Qaradağ yeraltı qaz anbarında
qazpaylama məntəqəsinin genişləndirilməsi” layihəsinin
icrasını həyata keçirirlər. Xatırladaq ki, bu
obyekt Bakı-Ələt magistral avtomobil yolundan 250 metr cənubda,
dənizin 400-500 metr yaxınlığında yerləşir.
Genişləndirilməsi nəzərdə tutulan sahədə
qazsaxlama anbarları, müxtəlif diametrli borular və s.
mövcuddur. Layihənin texnoloji hissəsinə əsasən,
layihə tapşırığı ilə nəzərdə
tutulan texnoloji kompleksə daxil olan obyektlər, onların təyinatı
və qarşılıqlı yerləşmə mövqeyi
müəyyənləşdirilmişdir. Artıq layihə
çərçivəsində nəzərdə tutulmuş
işlərin əksəriyyəti uğurla yerinə
yetirilmişdir. Obyektin ilin sonunadək təhvil verilməsi nəzərdə
tutulur.
Azərbaycanda
qaz tədarükünün artırılmasına
mühüm töhfələr verəcək “Ümid”
yatağının neft və qaz hasilatının nəqli
sisteminin layihələndirilməsi obyekti də 2 saylı
tikinti-quraşdırma idarəsinə həvalə olunub. Xatırladaq ki, bu, adıçəkilən
idarənin son illərdə dəniz akvatoriyasında həyata
keçirdiyi ən iri layihədir. Bu layihə “Ümid”
yatağından hasil olunan qazın və mayenin Nəriman Nərimanov
adına NQÇİ-nin istismar etdiyi 82 saylı stasionar dəniz
özülünə fasiləsiz nəql olunmasını təmin
etmək məqsədi daşıyır. Layihəyə
əsasən, “Ümid-1” platformasından 82 saylı
özülədək 16 düyməlik qaz və 12 düyməlik
maye kəmərlərinin çəkilməsi nəzərdə
tutulur. Ümumi dəyəri 45 milyon manat təşkil edən
layihə çərçivəsində nəzərdə
tutulmuş boru kəmərlərinin çəkilişi
artıq yekunlaşmaq üzrədir. Obyektin bu ayın
sonlarında təhvil verilməsi planlaşdırılır.
2 saylı
tikinti-quraşdırma idarəsinin kollektivi ilin ötən
dövründə iri layihələrin icrası ilə
yanaşı, bir sıra obyektlərin təmiri ilə
bağlı sifarişləri də vaxtında və keyfiyyətlə
yerinə yetirməyə müvəffəq olmuşdur.
Bütövlükdə isə cari ilin yanvar-avqust aylarında
kollektivin gücü ilə 41,5 milyon manatlıq
tikinti-quraşdırma və təmir işləri həyata
keçirilmişdir. İdarənin rəisi Elxan Salmanov dedi:—
Son illər Dövlət Neft Şirkətinin, eləcə də
“Neftqaztikinti”Trestinin rəhbərlikləri tərəfindən
kollektivimizə yüksək etimad göstərilir, bir sıra
iri layihələrin icrası bizə həvalə olunur. Bu
etimadı doğrultmaq isə
idarəmizin bütün işçilərindən
xüsusi məsuliyyət tələb edir. Bundan əlavə, həyata keçirdiyimiz
tikinti-quraşdırma işlərinə rəhbərlik tərəfindən
göstərilən diqqət, eləcə də dövlət
qayğısı kollektivin məsuliyyətini birə- beş
artırır. Yeri gəlmişkən, onu da
deyim ki, ulu öndər Heydər Əliyevin müəllifi
olduğu neft strategiyasının uğurları və Prezident
İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə
davam edən sürətli inkişaf və tərəqqi bizi
yeni-yeni nailiyyətlərə ruhlandırır...
Səhifəni hazırladı:
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2014.- 19 sentyabr.- S.8.