Heydər Əliyev milli neft
strategiyasının banisidir
Müsahibimiz
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
birinci vitse-prezidenti Xoşbəxt Yusifzadədir
Təkcə
doğulduğu Pirşağıda və neft Bakısında
deyil, bu gün
bütün Azərbaycanda az qala
uşaqdan-böyüyə kimi hər kəsin yaxşı
tanıdığı bu insanla görüşüm məni
xeyli uzaqlara apardı. Hələ 1994-cü ildə
Nazirlər Kabinetinin keçmiş şöbə müdiri
Rasim Dadaşovun 4-cü mərtəbədə yerləşən
otağında onu görmüşdüm. Hər dəfə
də qədim neft diyarından, Bakı neftçilərinin fədakar
əməyindən vurğunluqla danışan Rasim müəllimin
söhbətlərindən neft korifeylərimiz Azad Mirzəcanzadəni,
Firudin Əliyevi, Sabit Orucovu, Bəhmən Hacıyevi, Səyyad
İbrahimovu, Akif Əlizadəni tanımışdım. Bu söhbətlərdə onun da adı həmişə
çəkilib və Rasim müəllim deyərdi ki, Xoşbəxt
Bakı neftinin canlı tarixi və Azərbaycanı dünya
neft sənayesinin beşiyi kimi tanıdanlardandır. Bakı neftinin taleyini özünün həyat
amalı seçən Xoşbəxt müəllimin-bu sadə
və böyük insanın söylədikləri isə həm
də Azərbaycanın tale yoludur. O, danışır:
həyat tərzinə, yaşına uyğun bir vüqar və
təmkinlə, dövlətinə, millətinə
vurğunluqla...
“1968-ci
il: Heydər Əliyevlə də,
Süleyman
Dəmirəllə də onda tanış oldum...”
– Neftçilər Günü və “Əsrin müqaviləsi“”nin
20 illik yubileyi münasibətilə sizi və bütün Azərbaycan
neftçilərini redaksiyamızın əməkdaşları
adından təbrik edirik.
– Çox sağ olun. Mən də sizi təbrik edirəm.
Neftçilər Günü hamımızın bayramı,
“Əsrin müqaviləsi”nin 20 illiyi isə
Azərbaycanın iqtisadi müstəqilliyi üçün əlahiddə
əhəmiyyəti olan bir layihənin yubileyidir.
– Məlumdur
ki, Azərbaycanın milli neft strategiyasının banisi ulu öndərimiz Heydər Əliyevdir. Söhbətimizə
bu barədə deyəcəklərinizlə körpü salaq.
– Azərbaycanın bugünkü beynəlxalq
nüfuzunu, onun iqtisadi qüdrətini, şəhər və
kəndlərimizin müasir mənzərələrini,
xalqın rifahının
yaxşılaşdırılması, sosial problemlərin həlli
üçün görülən işləri gözlərimiz
önünə gətirsək, deyə bilərik ki, son 20 ildə
ölkəmiz əsrə bərabər bir yol keçib. Bu, ictimai-siyasi və sosial-iqtisadi həyatın
bütün sahələrində böyük oyanış,
sürətli inkişaf və misilsiz nailiyyətlər yoludur.
Ulu öndərimizin böyük məharətlə
və uzaqgörənliklə işləyib
hazırladığı, möhtərəm Prezidentimiz
İlham Əliyevin uğurla həyata keçirdiyi yeni neft
strategiyası bütün bu illər ərzində bizi daim irəliyə
aparan lokomotiv rolunu oynayıb.
Yeni neft strategiyasının həyata
keçirilməsinə “Azəri”, “Çıraq”, “Günəşli”
yataqları üzrə məşhur sazişlə - “Əsrin
müqaviləsi” ilə başlanıb. Bu saziş müstəqil Azərbaycanın memarı
Heydər Əliyevin şah əsərlərindən biri,
respublikamızın şanlı neft salnaməsinin möhtəşəm
bir fəslidir.
– “Əsrin müqaviləsi” barəsində sizə ətraflı
suallarımız olacaq. Amma ilkin olaraq Azərbaycanı bu müqaviləyə gətirən
yola qayıtmağınızı, bəzi hadisələri
yada salmağınızı istəyirik. O cümlədən,
Heydər Əliyevlə ilk
tanışlığınızı necə
xatırlayırsınız?
– Mən ümummilli liderimiz Heydər Əliyevin
respublikada neft hasilatının artırılması,
neftçilərin sosial problemlərinin həll olunması
üçün gördüyü böyük işləri
xatırlayanda ürəyim iftixar hissi ilə
döyünür. Çünki ömrümün təxminən
yarısı, həyatımın bir çox maraqlı və
mənalı çağları bu böyük insanın, ulu
şəxsiyyətin, qüdrətli siyasət və dövlət
xadiminin xalqımıza rəhbərlik etdiyi dövrlərlə
bağlı olmuş, həyatımda heç vaxt silinməyən izlər
qoymuşdur.
Adı dünyanın müasir tarixinə müstəqil
Azərbaycan dövlətinin qurucusu kimi yazılmış Heydər Əliyev təmsil etdiyim
yaşlı nəslin gördüyü və yaxşı
tanıdığı ən parlaq, ən zəkalı və ən
müdrik insan, mürəkkəb dünya siyasətində ən
görkəmli simalardan biri idi. Dövlət və siyasət adamına, müdrik bir
xalqın liderinə lazım olan bütün keyfiyyətləri
özündə birləşdirmiş ulu öndərin həyatı
və mübarizəsi bütünlüklə doğma xalqa həsr
olunmuş parlaq ömür epopeyasıdır.
Mənim onunla ilk
tanışlığım 1968-ci ildə başlandı. Ulu öndərimiz
o vaxt Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinin sədri
idi. Türkiyənin o zamankı Baş naziri Süleyman Dəmirəl Moskvada
keçirdiyi rəsmi
görüş və danışıqlardan sonra Azərbaycana
gəlmişdi. Burada o, dəniz neftçilərinin işi ilə
tanış olmaq istəmişdi. O vaxt hörmətli
qonağı Qum adasına müşayiət edən rəsmi şəxslərdən
biri də Heydər Əliyev idi. Tale mənim üzümə
gülmüşdü, çünki Türk
dünyasının iki böyük oğlu ilə bir gündə tanış
olmuşdum. Süleyman Dəmirələ dəniz
yataqları barəsində məlumat verdim. Bu hadisə və
ulu öndərimizlə ilk tanışlığım yaddaşıma həmişəlik
həkk olundu. Sonralar bizim çox
görüşlərimiz oldu. Tale mənə
bütün həyatını Azərbaycan xalqının tərəqqisinə
həsr etmiş bu unudulmaz insanın
tapşırıqlarına əməl etmək, onun
qayğısına layiq olmaq xoşbəxtliyini nəsib etdi və
qəlbimdə silinməz izlər buraxdı.
– 1969-cu
ildə Azərbaycan KP MK-nın birinci katibi seçilmiş
Heydər Əliyevin rəhbərliyi ilə neftimizin
itirilmiş şöhrətini bərpa etmək
üçün mühüm işlər görüldü. Ötən əsrin 70-80-ci illəri Azərbaycanın
neft sənayesində hansı uğurları ilə yadda
qalır?
– Ötən əsrin altmışıncı illərində
Azərbaycana gələn xarici qonaqların əksəriyyəti
dənizdəki neft mədənlərini görmək,
neftçilərimizlə görüşüb söhbət
etmək istəyirdilər. Bu, təbii bir istək
idi, çünki Azərbaycan dənizdə
neftçıxarmanın pioneri kimi böyük şöhrət
qazanmışdı. Amma bununla belə, həmin
illərdə respublikamızın neft sənayesində vəziyyət
ürəkaçan deyildi. Respublika
iqtisadiyyatının digər sahələri kimi neft və qaz
sənayesi də tənəzzülə
uğramışdı. Ötən əsrin
60-cı illərinin sonlarını xatırlayanlar yaxşı
bilirlər ki, Heydər Əliyev Azərbaycana rəhbərlik
etməyə başlayanda respublika iqtisadiyyatının
bütün sahələrində, o cümlədən neft və
qaz sənayesində böyük tənəzzül hökm
sürürdü. Respublikanın
ağır iqtisadi vəziyyəti, ölkənin döyünən
ürəyi olan neft və qaz sənayesindəki gerilik Azərbaycanı
keçmiş ittifaq miqyasında nüfuzdan salır, sosial həyata
da mənfi təsir göstərirdi. Belə
təsəvvür yaranırdı ki, Azərbaycan nefti daha
heç kəsi maraqlandırmır və Moskva respublikada neft
sənayesinin inkişafına vəsait ayırmaq istəmir.
Belə bir vaxtda - 1969-cu ildə Azərbaycan
KP MK-nın birinci katibi seçilmiş Heydər Əliyevin
geriliyə dözməyəcəyi elə ilk günlərdən
məlum oldu. Bu, bizi çox sevindirdi,
çünki qədim “Odlar diyarı” kimi tanınmış
respublikamızın bu sahədə geriləməsi
neftçilərə, həqiqətən də ağır gəlirdi.
1970-ci ildə Azərbaycan KP MK-nın
plenumunda Heydər Əliyevin məruzəsi də göstərdi
ki, respublikanın rəhbərliyi neftimizin itirilmiş
şöhrətini bərpa etmək, iqtisadiyyatı sürətlə
inkişaf etdirmək xəttini götürmüşdür. Həmin
plenumu mən yaxşı xatırlayıram və
yadımdadır ki, plenumdakı məruzəsində Heydər
Əliyev neft sənayesinin işini ətraflı təhlil
etdi, uzunmüddətli geriliyin səbəblərini göstərdi,
görüləcək işlərin proqramını verdi. Beləliklə də hərtərəfli
düşünülmüş, qlobal tədbirlərin həyata
keçirilməsinə start verildi. Ötən
əsrin 70-80-ci illərində neft sənayesi
üçün müxtəlif təyinatlı 400-dən
çox gəmi alındı. Bunların arasında kran
gəmiləri, o cümlədən 2500 ton gücündə
“Azərbaycan” kran gəmisi, borudüzən və seysmik gəmilər,
sərnişin gəmiləri və s. var idi. O vaxt dünyada
analoqu olmayan dərin dəniz özülləri zavodu inşa
edildi. Geoloji-kəşfiyyat işləri üçün
neftçilərin sərəncamına əvvəlcə “Xəzər”
tipli özüqalxan qazma qurğuları, sonra isə “Şelf”
tipli yarımdalma üzən qazma qurğusu verildi...
Bütün bunlar 1970-ci ildən bilavasitə
dənizin içərilərinə doğru istiqamətləndirilmiş
mühüm təşkilati tədbirlərin məntiqi
davamı idi. Həmin il Azərbaycanın
Neft Sənayesi Nazirliyi ləğv olundu və əvəzində
“Xəzərdənizneft” İstehsalat Birliyi yaradıldı.
SSRİ Neft Sənayesi Nazirliyi Azərbaycan neftçilərinin
dəniz şəraitindəki iş təcrübəsini nəzərə
alaraq, Xəzərin bütün sektorlarında - İranla sərhəddən
Şimali Xəzərədək uzanan çox geniş bir ərazidə
geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar
işlərini və s. bizə həvalə etdi. Beləliklə
də Xəzərin daha böyük dərinliklərində
neft və qazla zəngin yataqların kəşf
edilməsinə imkan yarandı. İndi adları dünyada məşhur
olan “Günəşli”, “Azəri”, “Çıraq”, “Şahdəniz”,
“Kəpəz” yataqları kəşf olundu.
Heydər Əliyevin rəhbərliyi
dövründə respublikanın neft ehtiyatları iki, qaz
ehtiyatları isə üç dəfə
artırıldı. 1975-ci ildə ümumi neft və qaz
hasilatı şərti yanacaqla 27,1 milyon
tona çatdırıldı. Sovet
İttifaqı dağılanadək dənizin Türkmənistan,
Qazaxıstan və Rusiya sektorlarında da səmərəli kəşfiyyat
işləri aparan Azərbaycan neftçiləri dənizdə
350-dən çox struktur aşkar etdilər. Onlar Xəzərin
Azərbaycan sektorunda yeni yataqlarla yanaşı, dənizin
Türkmənistan sektorunda Şərqi Livanov, İ.M.Qubkin
adına, Barinov adına, LAM və Çələkənyanı
günbəz, Rusiya sektorunda İnçixe-dəniz 1 və
İnçixe-dəniz 2 neft yataqlarını və
Qazaxıstan sektorunda bir neft yatağını kəşf
etdilər.
Ötən əsrin 70-80-ci illəri neft sənayemizin
tarixində, əsasən, bu faktlar və hadisələrlə
yadda qalır. Həmin illərdə
görülmüş işlərin, yaradılmış
infrastrukturun müstəqillik dövründə
respublikamız üçün çox böyük
faydası oldu.
– Heydər
Əliyevin respublikamıza rəhbərliyinin sovet dövrü
təkcə istehsalat nailiyyətləri ilə deyil, həm də
ümummilli liderimizin neftçilərə böyük
qayğısı ilə xarakterizə edilir.
–
Neftçilərin
rifahının
yaxşılaşdırılması, onların sosial məsələlərinin həlli ulu öndərimizin daim
diqqət mərkəzində idi. Onun respublikaya
rəhbərlik etdiyi illərdə neftçilər
üçün tikilən mənzillərin sayı rekord həddə
çatmışdı. 70-ci illərin sonlarında mənzilə
ehtıyacı olan neftçilərin 95 faizindən
çoxunun mənzil problemi həll edilmişdi. Mən hələ ailəli və subay neftçilər
üçün çoxsaylı yataqxanaları demirəm.
O illərdə neftçilərin və onların ailələrinin
istirahəti, müalicəsi məsələlərinə də
ciddi fikir verilirdi. Hər il minlərlə
neftçi sağlamlığını Azərbaycanda,
SSRİ-nin digər regionlarında və xaricdə fəaliyyət
göstərən sanatoriya-kurort müəssisələrində
bərpa edir, çoxsaylı istirahət düşərgələrinin
xidmətindən bəhrələnirdi. Respublikamızda
neftçilərə xidmət göstərən müalicə-sağlamlıq
ocaqlarının geniş şəbəkəsi
yaradılmış, neftçi ailələrinin uşaq
bağçalarına ehtiyacı xeyli azalmışdı.
70-ci illərdə Azərbaycanın yüzlərlə
neftçisi SSRİ-nin orden və medallarına, fəxri adlara
layiq
görülmüşdü. Beş nəfərə
Sosialist Əməyi Qəhrəmanı adı verilmiş, bir
nəfər isə “Əmək şöhrəti” ordeninin hər
üç dərəcəsi ilə təltif olunmuşdu.
O illərdə mən də ulu öndərin diqqətindən
kənarda qalmadım. Neft sənayesinin
inkişafında xidmətlərim iki Qırmızı Əmək
Bayrağı və bir “Şərəf nişanı” ordeni ilə
qeyd edildi. Ulu öndərimiz insanları,
onların zəkasını və əməyini belə qiymətləndirirdi.
– Məlumdur
ki, neft sənayesi qarşısında xidmətləriniz
yüksək qiymətləndirilib. Ümummilli liderimiz sizə
həmişə böyük etimad göstərib, sizi
mühüm vəzifələrə təyin edib və uzun illər
onun rəhbərliyi altında işləmisiniz. Xahiş
edirik, onunla görüşlərinizi də
xatırlayasınız.
– Heydər Əliyevin diqqət və
qayğısını mən həmişə hiss etmişəm.
1970-ci ildə Azərbaycanda neft sənayesi
nazirliyi ləğv olunanda və “Xəzərdənizneft”
İstehsalat Birliyi yaradılanda o, məni bu yeni qurumun baş
direktorunun müavini - baş geoloq vəzifəsinə təyin
etdi.
İllər keçdi. Sovet İttifaqı dağıldı və müstəqilliyini
elan etmiş Azərbaycanda Dövlət Neft Konserni - “Azerineft”
təsis olundu. Bu qurumda mənə birinci
vitse-prezident vəzifəsi təklif edildi və mən də
təklifi qəbul etdim.
Yadımdadır, 1992-ci ildə Azərbaycan
Dövlət Neft Konserninin əməkdaşlarından ibarət
mütəxəssislər qrupu “Azəri” neft-qaz
yatağının xarici şirkətlərlə birgə
işlədilməsinə dair danışıqları davam
etdirmək üçün ABŞ-ın Hyuston şəhərinə
getmişdi. Orada eşitdik ki, Azərbaycanda
hakimiyyət “cəbhəçi”lərin əlinə
keçib və onlar neft sənayesində də bəzi dəyişikliklər
ediblər. Konsern ləğv olunub, Azərbaycan
Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ)
təsis olunub və bununla əlaqədar olaraq, Sənan
Əlizadə Konsernin prezidenti, mən isə birinci
vitse-prezidenti vəzifəsindən azad edilmişik.
Hyustondan qayıdandan sonra mənə
bildirildi ki, “Azərbaycan Respublikasının yeni rəhbərliyi
sizin və Qurban Abbasovun ARDNŞ prezidentinin müşavirləri
kimi qalıb işləməyinizi məsləhət
görüb. Otağınız,
maşınınız və maaşınız olduğu kimi
qalacaq”. Cavab verdim ki, sabaha qədər
fikirləşmək istəyirəm. Özüm
isə düşündüm ki, bəlkə akademik Midhət
Abasovun rəhbərlik etdiyi instituta gedim. Telefonun
dəstəyini qaldırıb, ona zəng etdim və məsələnin
nə yerdə olduğunu danışdım. Cavab verdi ki, “Bu institutun qapısı sənin
üzünə həmişə açıqdır. Hansı işi istəyirsənsə, de, əmrini elə
bu gündən verim”.
Amma xeyli götür-qoydan sonra ARDNŞ-də
qalıb, müşavir kimi işləməyə
başladım. Əlbəttə, operativliyə
alışmış və daim hərəkətdə olan bir
adam üçün “heç vaxt heç
yerə tələsmədən işləmək” elə də
asan deyildi. Mən şirkət prezidentinin ayrı-ayrı
tapşırıqlarını yerinə yetirir, hərdənbir
də xarici şirkətlərlə danışıqlarda
iştirak edirdim...
1993-cü il iyunun 15-də Azərbaycanın
ictimai-siyasi həyatında yenidən dəyişiklik baş
verdi. Elçibəy hakimiyyəti süqut etdi.
Heydər Əliyev Azərbaycan Respublikası Ali
Sovetinin Sədri seçildi. Bu dövrdə
ARDNŞ rəhbərliyində də dəyişiklik oldu.
Natiq Əliyev şirkətin prezidenti təyin
edildi.
Ötən əsrin 60-cı illərinin sonlarından
üzü bəri diqqət və qayğısını daim
hiss etdiyim ulu öndərimiz Heydər Əliyev o vaxt mənə
də böyük etimad göstərdi. Məni
yenidən ARDNŞ-nin geologiya, geofizika və yataqların
işlənməsi üzrə vitse-prezidenti təyin etdi.
Bizim o qədər görüşlərimiz olub ki! Həmişə məni gülə-gülə
qarşılayıb, gülə-gülə salamlayır,
işimi, təcrübəmi yüksək qiymətləndirirdi.
Yeni neft
strategiyasına
aparan
yol Bakıdan başlandı
– Ötən
əsrin 90-cı illərində - o böhranlı illərdə
yeni milli neft strategiyası ideyasının ortaya
çıxması hansı reallıqlardan doğurdu?
– 1991-ci ilin sonunda dünyanın siyasi xəritəsində
böyük dəyişiklik baş verdi. Sovet İttifaqı dağıldı. Keçmiş müttəfiq respublikalar müstəqillik
əldə etdilər. Azərbaycan da
öz milli müstəqilliyini elan etdi. Lakin
bu vaxt respublikada acınacaqlı bir vəziyyət
yaranmışdı. Keçmiş
ittifaqın respublikaları ilə əlaqələr
qırılmış, maliyyə və texniki təchizat məsələləri
son dərəcə kəskinləşmiş, iqtisadiyyat iflic
olmuşdu. Siyasi həyat qeyri-sabit idi,
işsizliyin və yoxsulluğun səviyyəsi təşviş
doğururdu. Belə bir mürəkkəb
şəraitdə respublika iqtisadiyyatını neft-qaz sənayesi
xilas edə bilərdi. Amma o dövrdə
neft və qaz sənayesinin özü də ağır
böhran içində idi.
Azərbaycanda müstəqilliyi, suverenliyi, dövlətçiliyi
qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir,-söyləyən
rəhbər yaxşı bilirdi ki, ağır vəziyyətdən
çıxmaq üçün dünyanın nəhəng,
qüdrətli şirkətlərini, onların maddi və
texniki potensialını Azərbaycana cəlb etmək lazım idi.
Hələ 1979-cu ildə kəşf
edilmiş “Günəşli” yatağının dərinsulu
hissəsində, 1985-ci ildə kəşf olunmuş
“Çıraq” və 1987-ci ildə kəşf olunmuş “Azəri”
yataqlarında işləmək mümkün deyildi. Gücümüz, imkanımız yalnız “Günəşli”
yatağının suyun dərinliyi 200 metrə qədər
olan hissəsində işləməyə çatırdı.
Buna son qoymaq və iqtisadi dirçəlişə nail olmaq
üçün “Günəşli” yatağının dərinsulu
hissəsinin, “Çıraq” və “Azəri”
yataqlarının işlənilməsini təmin etmək
lazım idi. Lakin zəruri maliyyə vəsaiti və
müvafiq texniki vasitələri olmayan Azərbaycan bu işi təkbaşına,
yalnız öz qüvvəsi ilə görmək
iqtidarında deyildi.
Reallıq
belə idi və o vaxt Azərbaycanda ikinci dəfə
siyasi rəhbərliyə gələn Heydər Əliyev vəziyyətin
mürəkkəbliyini hamıdan yaxşı
görürdü. Azərbaycanı böhrandan
çıxartmaq və onu dirçəltmək
üçün təcili tədbirlər görülməliydi.
Bax, ulu öndərimizin yeni neft strategiyası o
vaxt onun gərgin düşüncələrinin məhsulu kimi
meydana gəldi. Bu strategiyanın təməli
isə “Azəri”, “Çıraq”, “Günəşli” (dərinsulu
hissə) yataqları ehtiyatlarının mənimsənilməsinə
başlamaqla qoyuldu.
– Neft-qaz
hasil etmək üçün xarici şirkətlərlə
işbirliyinin qurulması dünya təcrübəsində
geniş yayılmış bir üsul olsa da, Azərbaycanda
buna münasibət birmənalı deyildi. Xarici
şirkətlərlə birgə işləmək ideyası
özünə necə yol açdı?
– “Azəri”, “Çıraq” yataqlarının və
“Günəşli” yatağının dərinsulu hissəsinin
karbohidrogen ehtiyatlarının mənimsənilməsi məsələsi
iki variantdan birini seçməyi tələb edirdi: ya gərək
ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin düzəlməsi
üçün 30-40 il gözləyəydik,
ya da xarici neft şirkətlərini respublikaya dəvət etməliydik.
O vaxt Azərbaycanın özündə və onun sərhədlərindən
kənarda elə qüvvələr var idi ki, onlar xarici neft şirkətlərinin
ölkəmizə sərmayə qoymasını istəmirdilər.
Bu yolun əleyhdarları da var idi və onlar
müxtəlif amilləri ortaya qoymaqla əsaslandırmaq istəyirdilər
ki, bu işlər Azərbaycanın daxili imkanları sayəsində
həyata keçirilə bilər. Bu şəxslər
məsələni belə qoyurdular ki, yataqların sərvətini
biz təkbaşına - öz gücümüzlə
çıxarmalıyıq. Belə deyəndə onlar bəzi
problemləri qəsdən unudurdular: maliyyə vəsaiti,
müasir texnika və texnologiyalar yox, respublika iqtisadiyyatı
da böhran içində.
Əslində, müharibə və daxili çəkişmələrin,
eləcə də hakimiyyətsizliyin yoxsullaşdırdığı
respublika bu işlərin öhdəsindən gəlmək
gücündə deyildi. Digər tərəfdən,
məlumdur ki, dənizin dərinsulu sahələrində
neft-qaz yataqlarının işlənilməsi çox mürəkkəb
məsələdir və belə yataqlardan neft-qaz hasil etmək
üçün xarici şirkətlərlə işbirliyinin
qurulması dünya təcrübəsində geniş
yayılmış bir üsuldur. Eyni
zamanda, dünyanın ABŞ, Böyük Britaniya, Fransa kimi
qüdrətli dövlətləri və iri neft şirkətləri
riskləri azaltmaq üçün dərinsulu akvatoriyalarda səylərini,
imkanlarını birləşdirməyə daha çox meyl
edirlər.
Buna görə də Azərbaycan
Prezidenti bizi - neftçi mütəxəssisləri ətrafına
toplayıb, məsələnin
aydınlaşdırılmasının zəruriliyini qeyd etdi,
məsləhətləşdi və nəticədə fikir
belə oldu ki, xarici neft şirkətlərini ölkəmizə
dəvət etmək lazımdır.
Qeyd etməliyəm ki, xarici şirkətlərlə
işbirliyinin qurulmasında təəccüblü heç nə
yoxdur. Dünyanın demək olar ki,
bütün neft ölkələri - ABŞ, Böyük
Britaniya, Norveç və başqaları bu metoddan geniş
istifadə edirlər. Bunun səbəbi məlumdur: neft sənayesi
böyük sərmayə qoyuluşu tələb edir və
heç bir ölkə, xüsusilə də dənizdə bu
riskli işə təklikdə getmək istəmir.
Xatırladıram ki, Xəzər dənizində xarici
şirkətlərlə birlikdə iş görmək
ideyası bizdə hələ keçmiş ittifaq
dövründə - ötən əsrin 80-ci illərinin
sonlarında meydana gəlmişdı. Lakin bu sahədə
danışıqlar qurtarmamışdı. Ulu öndərimiz Heydər Əliyev 1993-cü ildə
yenidən respublikanın sükanı arxasında
dayandıqdan sonra bu işi sürətləndirdi. Danışıqların reallaşması Heydər
Əliyevin respublika rəhbərliyinə ikinci
qayıdışından sonra mümkün oldu. Bütün mürəkkəb məsələlər
barəsində dünyanın 7 ölkəsinin 11 məşhur
neft şirkəti ilə razılıq əldə edildi.
1994-cü il sentyabrın 20-də Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin rəhbərliyi və
respublika Prezidenti cənab İlham Əliyevin bilavasitə iştirakilə
işlənib hazırlanmış və tarixə “Əsrin
müqaviləsi” kimi düşmüş məşhur
saziş imzalandı. Bununla da Azərbaycanın
yeni neft strategiyası həyata vəsiqə aldı. Yeri gəlmişkən deyim ki,
Prezident Heydər Əliyevin fərmanı ilə sentyabrın
20-si 2001-ci
ildən ölkəmizdə Neftçilər Günü kimi
qeyd olunur.
Bizi “Əsrin müqaviləsi”nə
aparıb çıxaran yol Bakıdan başlandı. Yəni, danışıqlara Azərbaycan
paytaxtında start verildi. Sonra İstanbulda,
ABŞ-ın Hyuston şəhərində davam etdirildi. Tərkibi ümummilli liderimiz tərəfindən
müəyyən olunmuş nümayəndə heyəti - onun
üzvlərindən biri də mən idim - 1994-cü ilin iyul
ayında Birləşmiş Ştatlara getdi. Orada danışıqlar 45 gün çəkdi.
Danışıqlar asan getmirdi. Tərəflərin hər biri öz mövqeyini,
öz mənafeyini qoruyurdu. Bəzən iş o yerə
çatırdı ki, ya qarşı tərəf, ya da biz
danışıqları tamamilə dayandırmaq istəyirdik.
Bir dəfə qarşı tərəf şərt qoydu: Azərbaycan
Rusiya ilə danışıb, Xəzər dənizinin
hüquqi statusunu həll etməsə, danışıqlar
davam etdirilməyəcəkdir. Təsəvvür
edirsinizmi, bu nə demək idi? Məlum
olduğu kimi, Rusiya ilə bu məsələ Prezident Heydər
Əliyevin səyi nəticəsində yalnız 2002-ci ildə
həll edildi. Deməli, 1994-cü ildə Hyustonda
danışıqlar dayandırılsaydı, biz yeddi-səkkiz
il gözləməli olacaqdıq. Nümayəndə
heyətimizin üzvü, o vaxt ARDNŞ-nin xarici əlaqələr
üzrə vitse-prezidenti vəzifəsində
çalışan cənab İlham Əliyev
qarşımıza qoyulmuş şərt barədə ulu
öndərimizə məlumat verdi, onun
göstərişi ilə Vaşinqtona uçdu. Nümayəndə heyətimizin digər üzvlərinə
isə danışıqlarda iştirak edən şirkətlərə
getmək, məsələni ətraflı izah etmək
tapşırıldı. Yadımdadır
ki, o vaxt mən “Yunokal” şirkətində oldum.
Nəzərə almaq lazımdır ki, o
zaman müstəqillik yoluna təzəcə qədəm
qoymuş Azərbaycanda neftçi mütəxəssislərin
xarici şirkətlərlə danışıqlarda kifayət
qədər təcrübəsi yox idi. Lakin Moskvada
Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, alimlik
elmi dərəcəsi almış və sonra da həmin
institutda dərs demiş cənab İlham Əliyevin ingilis
dilini və beynəlxalq hüquq məsələlərini
gözəl bilməsi, tərəfdaşlarımızla
birbaşa ünsiyyət qurub, mürəkkəb vəziyyətlərdən
çıxış yollarını tapması və gərginliyi
aradan qaldırmaq məharəti Vaşinqtonda səlahiyyətli
şəxslərlə görüşlərdə də
özünü göstərdi.
Nəhayət, bütün bu gərgin işin nəticəsində
1994-cü il sentyabrın 20-də ulu öndərimiz Heydər
Əliyevin titanik əməyi sayəsində tarixə
“Əsrin müqaviləsi” kimi düşmüş
“Hasilatın pay bölgüsü” sazişi imzalandı. Bu tarixdən başlayaraq, müstəqil Azərbaycanın
neft siyasəti dövlətin həm daxili, həm də xarici
siyasətinin əsas tərkib hissəsinə çevrildi.
Azərbaycanda yeni neft strategiyasının həyata
keçirilməsi illəri - misilsiz inkişaf dövrü
başlandı. Ötən əsrin
90-cı illərində dərin böhran içində
boğulan respublika XXI əsrin ilk illərindən sürətlə
inkişaf edib çiçəklənən bir diyar,
dünyanın nüfuzlu dövlətlərindən biri kimi
şöhrətləndi.
Ölkəmizin müstəqillik illərindəki
misilsiz inkişafında Azərbaycan neftinin həlledici rolu
bilavasitə Heydər Əliyevin adı ilə
bağlıdır. Respublikamıza rəhbərlik
etdiyi illərdə o, neft sənayesinə ölkə
iqtisadiyyatının hərəkətverici qüvvəsi kimi
baxmış, ona böyük önəm vermiş və
neftçilərdən qayğısını heç vaxt əsirgəməmişdir.
Bunu mən böyük Azərbaycan nefti
uğrunda ümummilli liderimizin çoxillik gərgin
mübarizəsinin şahidlərindən və
iştirakçılarından biri kimi deyirəm.
“Əsrin
müqaviləsi” dünyanın
ən
iri layihələri sırasında yer alır
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri 2005-ci il may ayının 28-də istismara verildi. Kəmərin
təntənəli açılışı isə
2006-cı il iyul ayının 13-də oldu.
Açılış mərasiminin
iştirakçısı kimi deməliyəm ki, bu əsas
ixrac neft kəməri bütün dünyaya səs saldı.
Azərbaycan Prezidenti İlham Əliyev təntənəli
mərasimdəki nitqində əmin olduğunu bildirdi ki, neft kəməri
Avropa və dünya dövlətləri arasında iqtisadi əlaqələrin
və dostluq münasibətlərinin möhkəmlənməsində
mühüm rol oynayacaqdır.
–
“Əsrin müqaviləsi”nin siyasi və
iqtisadi əhəmiyyətini necə qiymətləndirirsiniz?
– Karbohidrogen ehtiyatlarının və qoyulan sərmayələrin
həcminə görə dünyanın ən iri müqavilələri
sırasına aid edilən bu Müqavilənin iki əsas
müsbət cəhətini qeyd etmək istəyirəm.
Siyasi cəhətdən müqavilənin əhəmiyyəti
ondadır ki, o, Azərbaycanın müstəqil dövlət
və etibarlı tərəfdaş olduğunu göstərdi,
dünyanın aparıcı dövlət və şirkətlərini
əmin etdi ki, burada işləmək və bu ölkəyə
sərmayə qoymaq olar. Bu tendensiya artıq 20 ildir
ki, davam edir.Təsadüfi deyil ki, bu saziş imzalandıqdan
sonra xarici şirkətlərlə daha 32 müqavilə
bağlandı.
“Əsrin müqaviləsi”nin iqtisadi əhəmiyyətinə
gəldikdə isə deməliyik ki, neft hasilatı bizim
neftçıxarma tariximizdə ən aşağı səviyyədən
- 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona
çatdı. Başqa sözlə, neft hasilatı 5,6 dəfə artdı.
Respublikada karbohidrogen hasilatı
artımının əsas hissəsi “Azəri-Çıraq-Günəşli”
və “Şahdəniz” yataqları hesabına əldə
edilir. Hazırda “Çıraq”, “Azəri” və
“Günəşli” yatağının dərinsulu hissəsində
79 hasilat quyusundan gündə orta hesabla 90 min tona qədər
neft və 35 milyon kubmetr qaz hasil olunur. İşlənmənin
əvvəlindən bu il sentyabrın 1-dək “Azəri-Çıraq-Gunəşli”
yatağından 345 milyon ton neft və 100 milyard kubmetr qaz hasil
edilib.
Artıq 15-ci ildir ki, “Azəri-Çıraq-Günəşli”
yatağı layihəsinin iştirakçıları, o
cümlədən Azərbaycan “mənfəət nefti”ndən
gəlir əldə edir. 1999-cu ilədək neftin
satışından əldə edilən gəlir sərmayə
qoyuluşunun ödənilməsinə sərf edilirdisə, həmin
ilin dekabrından Azərbaycanın “mənfəət nefti” ilə
dolu tankerlər xarici bazarlara çıxarılır.
2014-cü il sentyabrın 1-dək dünya
bazarlarında Azərbaycanın payına düşən 185
milyon ton “mənfəət nefti” satılmışdır. Mənfəət neftinin həcmi ilbəil artır.
Təkcə 2014-cü ilin 8 ayı ərzində Azəri-Çıraq-Günəşli
yatağından hasil edilmiş 22 milyon ton neftin 15 milyon tonu, yəni
68 faizi Azərbaycanın payına düşən mənfəət
nefti olmuşdur. “Mənfəət nefti”nin
satışından əldə edilən gəlir ümummilli
lider Heydər Əliyev tərəfindən
yaradılmış Neft Fondunda toplanır, Azərbaycan
Respublikasının qeyri-neft sektorunun inkişaf etdirilməsinə,
xalqın rifahının
yaxşılaşdırılmasına sərf edilir.
Azərbaycan nefti Avropaya və dünya
bazarlarına 1997-ci ildən “Şimal istiqaməti”
(Bakı-Novorossiyski) və 1999-cu ildən “Qərb marşrutu”
(Bakı-Supsa) ilə çıxarılırdısa,
2006-cı ilin mayında bunlara Bakı-Tbilisi-Ceyhan əsas ixrac
neft kəməri də əlavə olundu.
Azərbaycan, Gürcüstan və
Türkiyə respublikalarının ərazilərindən
keçib, birbaşa Aralıq dənizinə çıxan
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri unikal bir kəmərdir. Onun ümumi
uzunluğu 1769 kilometr, keçiricilik qabiliyyəti ildə 50
milyon tondur ki, bunu da gələcəkdə 60 milyon tona
çatdırmaq olar.
2014-cü il sentyabrın 1-dək dünya bazarlarına
357 milyon ton neft, o cümlədən Bakı-Tbilisi-Ceyhan kəməri
ilə 255 milyon ton, Bakı-Supsa kəməri ilə 69 milyon
ton, Bakı-Novorossiysk kəməri ilə 11,3
milyon ton və dəmir yolu ilə 20,4 milyon ton neft ixrac edilib.
(ardı var)
Namiq
ƏHMƏDOV
Xalq qəzeti.- 2014.- 19 sentyabr.- S.5.