Müstəqil Azərbaycan
əsas
sərvəti neftin əsl sahibidir
“Əsrin
müqaviləsi” – 20
Bu il sentyabr ayının 20-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü, təşkilatçılığı və iradəsi ilə bağlanmış və “Əsrin neft müqaviləsi” adlandırılmış “Hasilatın pay bölgüsü sazişi”nin 20 illiyi tamam oldu. Bu sazişin Azərbaycanın həyatının bütün sahələrinin inkişafında, dünyaya inteqrasiyasında müstəsna əhəmiyyəti oldu və şübhə yoxdur ki, gələcək inkişafında da mühüm rol oynayacaqdır.
Neft Azərbaycanın
zəngin təbii sərvətləri içərisində
müstəsna yer tutur. O, respublikanın bütün təbii
sərvətlərinin tacı, xalqın tarixi taleyinə təsir
göstərə bilən qüdrətli vasitədir. Ulu
öndər Heydər Əliyev bu gerçəyi nəzərdə
tutaraq demişdir: “Azərbaycan xalqının
böyük neft-qaz ehtiyatlarına malik olması bizim
xalqımızın xoşbəxtliyidir və təkcə bu
gün deyil, həm də gələcək üçün,
xalqımızın yaxşı yaşaması
üçün, ölkəmizin inkişaf etməsi
üçün əsas amildir”. Lakin təəssüflə
qeyd etmək lazımdır ki, bu sərvətin ölkəmizdə
sənaye üsulu ilə 160 ildən çox hasilatı
dövründə zəngin neft-qaz ehtiyatları heç də
həmişə Azərbaycan xalqının xoşbəxtlik rəmzinə
çevrilməmiş, onun milli mənafeyinə kifayət qədər
xidmət etməmişdir.
Neft sənayesinin
ölkənin ümumi inkişafı və xalqın rifahı
ilə əlaqələndirilməsi baxımından Azərbaycanda
neft strategiyası, ən azı, 3 dəfə əsaslı dəyişiklikliyə
uğramışdır: 1847-1920-ci illər; 1920-1991-ci illər;
1991-ci ildən sonrakı dövr və ya müstəqillik illəri.
Birinci mərhələdə
Azərbaycanda neft hasilatı və emalı öz
dövrünə görə sürətlə inkişaf
etmişdir. 1901-ci ildə dünyada hasil olunmuş 22,5
milyon ton neftin 10980 min tonu və ya 48,57%-i Azərbaycanın
payına düşürdü. Bu dövrdə əsas strateji
xətt Abşeronun zəngin neft-qaz ehtiyatlarını
intensiv istismar etmək hesabına neft hasilatını
artırmaq, xarici bazarlarda satmaqla yüksək mənfəət
götürməkdən ibarət olmuş, Azərbaycan
iqtisadiyyatının digər sahələrinin inkişafı
və əhalinin rifahının
yaxşılaşdırılması ilə əlaqələndirilməmişdi.
Neft Azərbaycanın digər
regionlarının həyatından və iqtisadiyyatından
ayrı düşmüşdü.
Doğrudur, milli sahibkarlar neft və emal
edilmiş neft məhsullarının satışından əldə
etdikləri gəlir hesabına Bakı şəhərində
mədəniyyətin, təhsilin, səhiyyənin, tikintinin
inkişafı, kadr hazırlığı ilə bağlı
təşəbbüslər göstərmiş və əhəmiyyətli
dərəcədə buna nail olmuşdular. Lakin görülmüş işlərin əhəmiyyətini
azaltmadan, qeyd etmək lazımdır ki, görülmüş
işlər mümkün və vacib olan işlərin
yalnız bir hissəsini təşkil edirdi. Neft sənayesilə ölkənin ümumi
sosial-iqtisadi inkişafını əlaqələndirmək
işi dövlət siyasəti səviyyəsinə
qaldırılmamışdı, yalnız sahibkarların
öz təşəbbüsü və vəsaitilə
aparılırdı və Abşerondan kənara
çıxmırdı.
İkinci mərhələ Azərbaycanda
Sovet hakimiyyəti illərini əhatə edir. Bu mərhələni 1920-1942, 1942-1969 və
1970-1991-ci illərdən ibarət olmaqla 3 yarımmərhələyə
ayırmaq olar. 1970-ci ilə qədər
olan dövrün (iki yarım mərhələnin) əsas
xüsusiyyəti ondan ibarətdir ki, neft sənayesi müəssisələri
ittifaq tabeliyində idi. Digər tərəfdən,
ittifaqın başqa regionlarda kifayət qədər neft-qaz
ehtiyatı aşkara çıxarılıb istifadə olunmaq
üçün hazırlanmamışdı. Azərbaycanda isə neft hasilatı və emalı
sahəsində böyük təcrübə toplanmış,
ixtisaslı kadr yetişmişdi. İttifaqın
neftə və neft məhsullarına olan tələbatını
ödəmək üçün Abşeron rayonu əlverişli
idi. Belə ki, bu rayonun nefti keyfiyyətli
idi, hasilatı və emalı daha ucuz başa gəlirdi. Odur ki, Abşeronun neft ehtiyatlarını maksimum
istismar etmək və bu hesaba ittifaqın tələbatını
ödəmək neft sənayesinin inkişafının əsas
strateji xətti idi.
Neftdən əldə olunan gəlirin əsas
hissəsi isə mənfəət vergisi formasında ittifaq
büdcəsinə daxil olurdu, müəssisələrin sərəncamında
yalnız öz daxili tələbatını ödəyə
biləcək səviyyədə qalırdı. Eyni zamanda, Azərbaycan sənayesinə ümumi
kapital qoyuluşunun yarıdan çoxu neft sənayesinə
yönəldilirdi. Belə şəraitdə neft sənayesi
nəinki qeyri-neft sektorunun inkişafına şərait
yaradırdı, əksinə, bir sıra hallarda
iqtisadiyyatın digər sahələrində maliyyə
çatışmazlıqları yaradır, qeyri-neft sektorunun,
o cümlədən kənd təsərrüfatı və
onun xammalını emal edən sahələrin, yüngül və
yeyinti sənayesinin, xidmət sahələrinin
inkişafını ləngidirdi.
Diqqəti cəlb edən başqa bir mənfi meyl ondan
ibarət idi ki, ittifaqın başqa rayonlarında neft
ehtiyatları istismara verildikdən və bu səbəbdən
Azərbaycan neftinə tələbatı nisbətən
azalandan sonra respublikanın təkcə neft sənayesinə
deyil, həm də iqtisadiyyatın digər sahələrinin
inkişafına diqqət, qayğı və tələbkarlıq
aşağı düşdü. Bu sahələr
də neft sənayesi kimi iqtisadi və texniki baxımdan
müxtəlif çətinliklərlə üzləşdi və
tədricən inkişaf sürəti aşağı
düşdü. Azərbaycan
iqtisadiyyatın inkişaf səviyyəsi, sürəti və
səmərəliliyi göstəriciləri üzrə
müttəfiq respublikalar arasında sonuncu yerlərdən
birini tuturdu.
1969-cu ildə
Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi
seçildikdən sonra respublika iqtisadiyyatının vəziyyəti
ətraflı təhlil edildi, geriliyin səbəbləri
aşkara çıxarıldı və onları aradan
qaldırmaq yolları müəyyənləşdirildi. Neft strategiyası da o zaman mövcud olan müstəqilliyin
imkan verdiyi dərəcədə dəyişdirildi, təkmilləşdirildi,
respublika iqtisadiyyatının səmərəli
inkişafı və əhalinin rifahının yüksəldilməsi
mənafeyinə tabe edildi.
Bu cəhətləri
əldə rəhbər tutaraq Azərbaycan
iqtisadiyyatının ayrı-ayrı sahələrinin
inkişaf proqramları hazırlandı. Bu
proqramlarda respublikamızda mövcud olan istehsal
potensialını tamamilə hərəkətə gətirmək
və ondan səmərəli istifadə etməklə
iqtisadiyyatın inkişafında uzun müddət davam
etmiş geriliyə son qoymaq, onun bütün sahələrini
kompleks inkişaf etdirmək və mövcud emal güclərindən
daha dolğun istifadə etmək vəzifəsi qarşıya
qoyulmuşdur. Azərbaycan hökuməti
Heydər Əliyevin rəhbərliyi altında bu
proqramların yerinə yetirilməsi üçün misilsiz təşəbbüskarlıq
və yorulmadan fəaliyyət göstərirdi.
Bu
proqramların yerinə yetirilməsinə etibarlı təşkilati
və maliyyə təminatı yaratmaq üçün Azərbaycan
hökuməti SSRİ hökuməti qarşısında dəfələrlə
təşəbbüs və təkliflərlə
çıxış etmişdi. Azərbaycanın yeni rəhbərinin
təkidi və təşəbbüsü ilə respublika
iqtisadiyyatının bütövlükdə və onun
ayrı-ayrı sahələrinin inkişafını nəzərdə
tutan beş xüsusi qərar qəbul
edilmişdi (sənaye, kənd təsərrüfatı,
tikinti, xidmət sahələri). Bunların
içərisində neft sənayesi xüsusi yer tuturdu.
Materialların təhlili və ümumiləşdirilməsi
həmin dövrdə neft sənayesinin vəziyyətinin ətraflı
təhlil edildiyini və onun inkişafı
qarşısında aşağıdakı strateji vəzifələrin
qoyulduğunu aşkarlamağa əsas verir:
1. Neft hasilatının texniki bazasını təkmilləşdirmək,
hasilatın azalmasının qarşısını almaq və
sabitləşdirmək xətti irəli sürüldü.
2. 70-ci illərin başlanğıcında neft
emalının texniki bazası 30-40-cı illərdən
qalmışdı, Azərbaycanın keyfiyyətli nefti kifayət
qədər dərin emal olunmurdu, alınan məhsulların
sayı nisbətən az, keyfiyyəti
aşağı idi. Ona görə də 70-80-ci
illərdə neft emalının texniki bazasını tamamilə
yenidən qurmaq və yeni texniki baza üzərinə
keçirmək, texnologiyasını müasirləşdirmək,
yeni neft məhsulları almaq və neft məhsullarının
keyfiyyətini və istehsalın səmərəliliyini, əmək
məhsuldarlığını yüksəltmək
strategiyası müəyyənləşdirildi. Bu tələbi nəzərə alaraq neft
maşınqayırmasını yenidən qurmaq, məhsulun
çeşidini artırmaq və keyfiyyətini yüksəltmək
də qarşıya ciddi vəzifə kimi qoyuldu.
Sənayedə struktur dəyişiklikləri
etmək, neft sənayesində geniş miqyaslı yenidənqurma
işləri aparmaq böyük kapital qoyuluşu tələb
edirdi. Odur ki, neft sənayesinə
kapital qoyuluşunu azaltmadan ümumi kapital qoyuluşunun
artmasına nail olmaq, bu yolla qeyri-neft sektoruna kapital
qoyuluşunu artırmaq və onun sürətli inkişafı
və strukturunun mütərəqqi istiqamətdə təkmilləşməsi
üçün maliyyə təminatı yaratmaq mühüm
vəzifə kimi müəyyənləşdirildi. Bu məqsəd üçün Heydər Əliyevin
təşəbbüsü və böyük məqsədyönlü
fəaliyyəti nəticəsində Sov. İKP
MK-ya təkliflər verilmişdi. Sov.
İKP MK verilmiş təklifləri nəzərdən
keçirmiş və “1976-1980-cı illərdə və
sonrakı dövrdə respublikada sənayenin ayrı-ayrı
sahələrinin inkişaf etdirilməsinə dair Azərbaycan
KP MK-nın təkliflərinin nəzərdən keçirilməsi
nəticəsi barəsində” qərar qəbul etmişdi.
Qərara əsasən,
Azərbaycan sənayesinin inkişafı üçün
ayrılan əsaslı vəsait qoyuluşu və maddi-texniki təchizatın
miqdarı onuncu beşillikdə planda nəzərdə
tutulduğuna nisbətən böyük məbləğdə
artırılmışdı. Həm də
ilk dəfə olaraq neftlə əlaqədar sahələrə
qoyulması nəzərdə tutulan vəsait qərarda
ayrıca göstərilmişdi. Məsələn,
neft avadanlıqları istehsalına əsaslı vəsait
qoyuluşu əlavə olaraq 83 milyon rubl artırıldı.
Ümumiyyətlə, 1976-1980-ci illərdə 36 milyon rubl,
sonrakı beşillikdə 121 milyon rubl dəyərində olan
qurğuların işə salınması nəzərdə
tutulurdu. Neftayırma sənayesinin inkişafı
üçün əvvəl nəzərdə tutulmuş
162,3 milyon rubla əlavə olaraq 85 milyon rubl vəsait
ayrılmışdı və i.a. Ümumiyyətlə, neft sənayesinə
ayrılan əsaslı vəsait 2,0 milyard rubla
çatdırılmışdı.
Azərbaycan iqtisadiyyatının
inkişafı tarixində ilk dəfə olaraq neft sənayesinin
qeyri-neft sektorunun inikşafı ilə
qarşılıqlı əlaqəsinin genişlənməsi,
neft emalı və neft maşınqayırma sənayesinin
qeyri-neft sektorunun tələbatının ödənməsinə
daha çox xidmət göstərməsi, qeyri-neft sektorunun tələbatını
ödəyən məhsullar istehsal etməsi xətti həyata
keçirilirdi.
Göründüyü kimi, Heydər
Əliyevin 70-80-ci illərdəki neft strategiyası əvvəlki
illərdəki neft strategiyasından əsaslı surətdə
fərqlənirdi və bütövlükdə respublika
iqtisadiyyatının səmərəli inkişafını təmin
etməyə yönəlmişdi. Bununla
belə həmin dövrdə Azərbaycanın müstəqil
dövlət olmaması bu siyasətin bütün istiqamətlərdə
və tamamilə Azərbaycan xalqının mənafeyinə
xidmət etməsi imkanını məhdudlaşdırırdı.
Məlumdur ki, 80-ci illərin ikinci
yarısında və 90-cı illərin əvvəllərində
Azərbaycan iqtisadiyyatı dərin böhrana
düşdü. Azərbaycanın istehsal
etdiyi məhsulun 87-90%-i SSRİ bazarlarında istehlak olunurdu.
SSRİ dağılan kimi respublikamızın
müttəfiq respublikalarla, xarici ölkələrlə əlaqələri
tamamilə məhdudlaşdırıldı. İqtisadiyyat dərin böhrana
düşdüyündən onun investisiya imkanları tamamilə
tükəndi. Belə şəraitdə
iqtisadiyyatda qabaqcıl həlqəni tapmaq və ondan istifadə
edərək onun bütün sahələrini bərpa və
inkişaf etdirmək, investisiya
çatışmazlığını aradan qaldırmaq
ümdə vəzifə kimi qarşıya
çıxırdı. Azərbaycanda belə bir sahə
ancaq neft sənayesi ola bilərdi. Bu təsadüfi
olmayıb, aşağıdakılarla əlaqədardır:
1. Neft sənayesi iqtisadiyyatın başqa sahələrinə
nisbətən az dağıntıya məruz
qalmışdı. Doğrudur, neft hasilatı 1990-cı ildəki
12,5 milyon tondan 1992-ci ildə 9,3 milyon tona
düşmüşdü. Beləliklə, bu
iqtisadiyyatın başqa sahələrilə müqayisədə
o qədər də yüksək deyildi. Deməli, onun bərpası
da verə biləcəyi fayda ilə müqayisədə nisbətən
az vəsait və vaxt tələb edə
bilərdi.
2. Azərbaycanda neft hasilatı və emalı sahəsində,
habelə dənizdən neft çıxarmaq sahəsində zəngin
təcrübə toplanmışdır. Təsadüfi
deyil ki, Azərbaycan Sovet İttifaqı kimi nəhəng bir
dövlətin Neft Akademiyası hesab olunurdu. Bu böyük təcrübəni, kadrları qoruyub
saxlamaq və istifadə etmək lazım idi.
3. Azərbaycan nefti və mövcud kadrlar hələ
Sovetlər İttifaqı dövründə dünya miqyasında
kifayət qədər, başqa sahələrə nisbətən
çox tanınmışdı və bu sahəyə
investisiya cəlb olunması o biri sahələr qədər
çətinlik törətmirdi. Belə ki, hələ
1958-1964-cü illərdə Günəşli yatağı kəşf
olunmuş, 1980-ci ilin aprel ayında ilk quyu
qazılmışdı. 80-ci illərin
ikinci yarısında isə “Çıraq”, “Azəri” neft
yataqları kəşf olunmuş, ehtiyat istifadə
üçün müəyyən dərəcədə əsaslandırılmışdı.
4. Dünya ölkələrinin neftə və neft məhsullarına
olan tələbatı getdikcə artırdı. Bu mənada Azərbaycan neftinə də böyük
maraq olacağı şübhəsiz idi.
5. Neft iqtisadiyyatın qeyri- neft sektorunun dirçəlməsi
və inkişafına şərait yaratmaqla sonrakı illərdə
bu sahələrin xarici sərmayədarları özünə
cəlb etməsinə kömək edə bilərdi.
Bütün bunları nəzərə alaraq müstəqil
Azərbaycan dövlətinin memarı Heydər Əliyev
özünün neft strategiyasını hazırladı,
respublikanın zəngin neft- qaz ehtiyatlarından xalqın mənafeyi
naminə düzgün və səmərəli istifadəni
iqtisadiyyatın bütün sahələrini böhrandan
çıxarıb gələcək inkişafına şərait
yarada bilən başlıca qarant kimi müəyyənləşdirdi.
Lakin Azərbaycan öz imkanları hesabına bu
ehtiyatları hasil etməyə qadir deyildi.
Neft hasilatı çoxlu investisiya tələb edirdi, bu
investisiya imkanı Azərbaycanda yox idi; Azərbaycan dənizin
dərinliyi 40 metrdən artıq olan sahələrdə
uğurla qazma işlərini aparmaq üçün
lazımı hidrotexniki qurğulara, müasir texnika və
texnologiyaya malik deyildi.
İqtisadiyyatın qeyri-neft sektoru daha
çox dağıntıya məruz qalmışdı,
onların bərpası əlavə vəsait tələb
edirdi. Eyni zamanda, qeyri-neft sektoruna aid
olan sahələr əsasən Abşerondan kənar rayonlarda
yerləşmişdi. Bu rayonlara xarici
investorlar vəsait qoymaq istəmirdilər. Beləliklə, iqtisadiyyatın başqa sahələrinə,
Abşerondan kənar rayonlara vəsait cəlb etmək ya
çətin idi, ya da heç mümkün deyildi. Bunlarla yanaşı, neft sənayesində əməkdaşlıq
Azərbaycana həm də siyasi baxımdan vacib idi. Neft həm miqdarına, həm də əhəmiyyətinə
görə Azərbaycanın dünya bazarına
çıxara biləcəyi başlıca resurs idi.
Neft dünyanın qabaqcıl dövlətlərinin
Azərbaycanda maraqlarını təmin etmək
üçün, ölkənin müstəqilliyini təmin
etməyin qarantı, Dağlıq Qarabağ probleminin həllində
Azərbaycanın dəstəklənməsi üçün
yardımçı vasitə kimi də çıxış
edə bilərdi. Bütün bu səbəblərdən
Azərbaycan düşdüyü ağır vəziyyətdən
çıxmaq üçün əsas diqqəti ölkəyə
xarici sərmayələrin cəlb edilməsinə, dünya
iqtisadi sisteminə inteqrasiyaya yönəltdi. 1994-cü ildə ölkənin müstəqil
inkişafının başlıca vasitəsi kimi ümummilli
lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi
altında Azərbaycan özünün yeni neft
strategiyasını işləyib hazırladı.
Bu strategiyanın əsas müddəaları bundan ibarət
idi ki, Azərbaycanın zəngin neft-qaz ehtiyatlarının
qabaqcıl texnikanın və texnologiyanın köməyilə
hasilatı, xarici bazarlara ixrac olunması və
satışı və bu sahədən əldə olunan gəlirlər
onun demək olar ki, bütün problemlərini həll etməsi
üçün əsas ola bilər. Lakin Azərbaycan öz məhdud maliyyə və
texniki imkanları ilə Xəzər dənizinin zəngin
karbohidrogen yataqlarını işlətməyə, kifayət
qədər neft və qaz hasil etməyə qadir deyildi. Demək, burada dünya təcrübəsinə
müraciət etmək, dünyanın böyük imkanlara –
maliyyə vəsaitinə, müasir texnikaya, texnologiyaya malik
olan ölkələrlə, şirkətlərlə əlaqə
qurmaq, onların bu sahəyə sərmayə
yatırmasına şərait yaratmaq lazım idi.
Bunun nəticəsində Azərbaycan neft
sənayesinə çox böyük məbləğdə
xarici sərmayə cəlb edər, neft və qaz
hasilatını dəfələrlə artıra bilərdi. 2020-ci ilə
qədər bunların mənfəəti hesabına Azərbaycan
Respublikası Neft Fonduna 100 milyard dollardan çox vəsait toplamaqla,
ölkədə, xüsusilə, Abşerondan kənar iqtisadi
rayonlarda sosial sferanın – təhsilin, səhiyyənin, elmin
inkişafına, əmək haqqının, pensiya və sosial
ayırmaların artmasına, real sektorun inkişafı
üçün büdcədən ayrılan vəsaitin
artırılmasına nail ola bilərdi.
Gənc Azərbaycan dövlətinin
başçısı Heydər Əliyevin qətiyyəti,
inandırıcı addımları sayəsində 1994-cü il sentyabr ayının 20-də Azərbaycan
Dövlət Neft Şirkəti (ARDNŞ) ilə xarici dövlətlərin
neft şirkətlər qrupu (cəmi 8 dövlətin 12
şirkəti) (Azərbaycan Beynəlxalq Əməliyyat
Şirkəti— ABƏŞ) arasında “Əsrin müqaviləsi”
adını almış Hasilatın Pay Bölgüsü
Sazişi imzalandı. Bununla da Azərbaycan
dövlətinin yeni neft strategiyası rəsmiləşdirilirdi.
Əsrin müqaviləsi sazişi Milli Məclisdə
ratifikasiya olunduqdan sonra 12 dekabr 1994-cü ildə qüvvəyə
mindi. 1995-ci ilin oktyabr ayında ilkin neft layihəsinə
sanksiya verildi. Sonrakı illərdə Heydər
Əliyevin yeni neft strategiyasına qoşulan dövlətlərin
və neft şirkətlərinin sayı xeyli artdı. Artıq 2004-cü ildə 15 ölkədən olan 33
neft şirkətilə 22 müqavilə
imzalanmışdı. İndi əsas məsələ
neft hasilatını müqavilədə nəzərdə
tutulan miqdarda artırmaq, neftin satışını təşkil
etmək və satışdan ölkəyə daxil olan gəlirləri
xüsusi fondda cəmləşdirmək və ondan səmərəli
istifadə etmək idi.
Hasilatın pay bölgüsü sazişinin yerinə
yetirilməsindən gələn gəlirləri xarici ölkələrdə
bu sahədə toplanmış təcrübəni nəzərə
almaqla xüsusi fondda cəmləşdirmək və ondan gələcək
nəsillərin mənafeyini də nəzərə almaqla səmərəli
istifadə etmək məsələsi ümummilli liderimiz Heydər
Əliyevin 29 dekabr 1999-cu ildə 240 ¹-li fərmanı ilə
Neft Fondunun təsis edilməsində öz ifadəsini
tapdı. Fondun fəaliyyət xüsusiyyətləri,
məqsəd və vəzifələri Heydər Əliyevin 29
dekabr 2000-ci ildə 434¹-li fərmanı ilə təsdiq
edilmişdir.
Heydər Əliyev demişdir ki, neft Azərbaycanın
ən böyük sərvəti olub, xalqa, özü də təkcə
indiki nəsilə deyil, həm də gələcək nəsillərə
mənsubdur. Məhz Neft Fondunun onun tərəfindən
müəyyən edilmiş əsas fəlsəfəsini də
neft sərvətinin nəsillər arasında ədalətlə
bölüşdürülməsinin təmin edilməsi təşkil
edir.
Neft Fondunun əsasnaməsində göstərilir: Neft
Fondu neft-qaz ehtiyatları və hasilatına dair sazişlərin
həyata keçirilməsi nəticəsində Azərbaycan
Respublikasında əldə edilmiş gəlirlərin toplanması,
səmərəli istifadə edilməsi və gələcək
nəsillər üçün saxlanmasını təmin edən
sənəddir. Neft Fondunun büdcəsi Dövlətin
icmal büdcəsinin bir hissəsidir. Neft Fondunun vəsaitlərinin
əsasını Hasilatın pay bölgüsü sazişinə
uyğun olaraq respublikanın payına düşən neftin və
qazın satışından əldə edilmiş gəlirlər
təşkil edir. Bu vəsait ölkənin tərəqqisi
naminə ən mühüm milli problemlərin həllinə
yönəldilir. Bununla yanaşı,
dövlət büdcəsinə transferlər edir.
İndiyə qədər Neft Fondunun vəsaiti
Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin çəkilməsinə,
qaçqın və məcburi köçkünlərin mənzil-məişət
məsələlərinin həllinə, Qəbələ-Bakı
su kəmərinin çəkilməsinə, Samur-Abşeron su
kəmərinin yenidən qurulmasına, Bakı-Tbilisi-Qars dəmir
yolunun çəkilməsinə və s. xərclənir. Neft Fondunun bu növ sahələrə yönələn
vəsaiti sürətlə artır.
Prezident İlham Əliyevin rəhbərliyi altında
Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac-boru kəmərinin
2006-cı ilin may ayında istifadəyə verilməsi neftin
xarici bazarlara ixrac edilməsi və satışı problemi,
daha sonra Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilməsilə
qazın ixracı problemi də həll edildi. Beləliklə,
Heydər Əliyevin yeni neft strategiyası nəzərdə
tutulan bütün istiqamətlərdə həyata
keçirilərək özünün bəhrələrini
verməyə, bu strategiyanın doğruluğu sübut
olunmağa başladı.
Müstəqillik illərində, xüsusilə, son 10
ildə Azərbaycanın sürətli sosial-iqtisadi
inkişaf, dünya iqtisadiyyatına hərtərəfli
inteqrasiya, ərzaq təhlükəsi, işsizlik, yoxsulluq və
digər problemlərin həlli sahəsində böyük
uğurlar qazandığı yaxşı məlumdur. Son 10 ildə həmçinin Azərbaycan sürətlə
inkişaf edən ölkə kimi beynəlxalq miqyasda daha
çox tanınır və nüfuzu artmışdır.
Heç də təsadüfi deyil ki, Azərbaycan
iqtisadiyyatın rəqabət qabiliyyəti səviyyəsinə
görə dünyada 39-cu, MDB-də birinci yeri tutur, Qafqaz
ölkələri arasında investisiya reytinqinə malik yeganə
ölkə kimi qəbul edilir.
Ölkəmiz ilk dəfə
dünyanın “yuxarı-orta gəlirli” və “yüksək
insan inkişaflı” ölkələr qrupuna daxil olmuşdur.
Bütün bunların əsasında ulu öndər Heydər
Əliyevin uzaqgörən neft strategiyası, son 10 ildən
artıq müddətdə isə Prezident İlham Əliyev tərəfindən
bu strateji xəttin yaradıcılıqla davam və inkişaf
etdirilməsi durur. Son illərdə Azərbaycanda yeni zəngin
təbii qaz və kondensat yataqları (Şahdəniz, Ümid,
Babək, Abşeron) aşkara
çıxarılmışdır. Respublikada qaz hasilatı və
satışı da sürətlə artmaqdadır. Azərbaycan
qazının Avropaya bir neçə istiqamət üzrə nəqlini
nəzərdə tutan Trans Anadolu Qaz-Boru kəməri (TANAP)
layihəsinin reallaşması haqqında Azərbaycan ilə
Türkiyə arasında saziş imzalanmışdır.
Bütün
bunlar və həyata keçirilən digər tədbirlər
Azərbaycanın təməlində ümummilli lider Heydər
Əliyevin neft strategiyası duran yanacaq-enerji siyasətinin yeni
inkişaf mərhələsinə daxil olduğunu göstərir
və onun yaxın gələcəkdə daha böyük
uğurlar qazanacağına
inam yaradır.
Əli NURİYEV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
Regional
İqtisadi və Sosial Araşdırmalar İnstitutunun
direktoru,
AMEA-nın
müxbir üzvü
Xalq qəzeti.- 2014.- 21 sentyabr.- S.8.