Heydər Əliyev milli neft
strategiyasının banisidir
Müsahibimiz
Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin
birinci vitse-prezidenti Xoşbəxt Yusifzadədir
(əvvəli
qəzetimizin 19 sentyabr 2014-cü il tarixli sayında)
Təkcə
doğulduğu Pirşağıda və neft Bakısında
deyil, bu gün bütün Azərbaycanda
az qala uşaqdan-böyüyə kimi hər kəsin
yaxşı tanıdığı bu insanla
görüşüm məni xeyli uzaqlara apardı. Hələ
1994-cü ildə Nazirlər Kabinetinin keçmiş
şöbə müdiri Rasim Dadaşovun 4-cü mərtəbədə
yerləşən otağında onu görmüşdüm. Hər
dəfə də qədim neft diyarından, Bakı
neftçilərinin fədakar əməyindən
vurğunluqla danışan Rasim müəllimin söhbətlərindən
neft korifeylərimiz Azad Mirzəcanzadəni, Firudin Əliyevi,
Sabit Orucovu, Bəhmən Hacıyevi, Səyyad İbrahimovu,
Akif Əlizadəni tanımışdım. Bu söhbətlərdə
onun da adı həmişə çəkilib və Rasim
müəllim deyərdi ki, Xoşbəxt Bakı neftinin
canlı tarixi və Azərbaycanı dünya neft sənayesinin
beşiyi kimi tanıdanlardandır. Bakı neftinin taleyini
özünün həyat amalı seçən Xoşbəxt
müəllimin-bu sadə və böyük insanın söylədikləri
isə həm də Azərbaycanın tale yoludur. O,
danışır: həyat tərzinə, yaşına
uyğun bir vüqar və təmkinlə, dövlətinə,
millətinə vurğunluqla...
Azərbaycan
həm də böyük qaz ölkəsidir
-
Sizin məşhur bir fikriniz var: “Əsrin müqaviləsi” Azərbaycanı
dünyaya yenidən neft ölkəsi kimi tanıtdısa,
“Şahdəniz” ölkəmizi xaricdə qaz ölkəsi kimi
tanıtdı”. Demək olarmı ki, 21-ci əsr qaz layihələri
əsri oldu?
- Bu, həqiqətən də belədir.
2013-cü ildə Azərbaycanda 29,4 milyard kubmetr qaz hasil edilib
ki, bu da 2004-cü ildə çıxarılmış 5
milyard kubmetr qazla müqayisədə 5,9 dəfə
çoxdur. Qaz hasilatındakı bu artım, ilk növbədə,
“Şahdəniz” yatağı ilə bağlıdır. Ötən il
yataqda istismarda olan 6 quyudan 9,8 milyard kubmetr
qaz və 2,45 milyon ton kondensat hasil edilib. Orta
hesabla gündə 27 milyon kubmetr qaz və 7 min kubmetr kondensat
çıxarılıb.
Ümumiyyətlə, deyim ki, 1999-cu ilin iyulunda Xəzərin
Azərbaycan sektorunda nəhəng “Şahdəniz”
yatağının kəşf edilməsi və eyniadlı qaz
layihəsinin müvəffəqiyyətlə həyata
keçirilməsi təkcə Azərbaycanın deyil,
bütün regionun və Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsi işinə böyük töhfə oldu.
“Şahdəniz” yatağının bu günə təsdiq
edilmiş karbohidrogen ehtiyatları 1,2
trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarətdir. İşlənmənin əvvəlindən “Şahdəniz”
yatağından 14 milyon ton kondensat və 54 milyard kubmetr qaz
hasil edilib. 2014-cü il sentyabrın 1-dək “Şahdəniz-1”
layihəsi üzrə Cənubi-Qafqaz Boru Kəməri ilə
Gürcüstana 4 milyard kubmetr və Türkiyəyə 29
milyard kubmetr qaz verilib.
2007-ci ilin iyul ayında istifadəyə verilmiş Cənubi-Qafqaz
(Bakı-Tbilisi-Ərzurum) Boru Kəməri Bakı
yaxınlığındakı Səngəçal
terminalından başlanır, Azərbaycan və Gürcüstan
ərazilərindən keçib, Türkiyənin Ərzurum
şəhərinə çatır və burada Türkiyənin
BOTAŞ şirkətinin kəmərlər sisteminə
qovuşur. Kəmərin ümumi uzunluğu 971 kilometrdir ki,
bunun da 443 kilometri Azərbaycan, 248 kilometri Gürcüstan və
280 kilometri Türkiyə ərazisindən keçir. Qaz kəmərinin
diametri 1066 mm və yaxud 42 düymə, keçiricilik qabiliyyəti
ildə 20 milyard kubmetrə qədərdir.
“Şahdəniz” strukturu birinci dəfə
1954-cü ildə Azərbaycan geofizikləri tərəfindən
aşkar edilmiş və 1983-cü ildə dərin
axtarış qazmasına hazırlanmışdı. Lakin həmin sahədə dənizin dərinliyinin
çox olması və iqtisadi çətinliklərlə əlaqədar
burada aparılan işlər nəticə verməmişdi.
“Şahdəniz” strukturunun yenidən dərin kəşfiyyat
qazmasına daxil edilməsi 1996-cı il iyunun 4-də xarici
şirkətlərlə “Xəzər dənizinin Azərbaycan
sektorundakı “Şahdəniz” perspektivli sahəsinin kəşfiyyatı,
işlənilməsi və hasilatın pay bölgüsü
haqqında” sazişin imzalanması hesabına mümkün
oldu. Saziş üzrə aparılan
axtarış-kəşfiyyat işləri nəticəsində
“Şahdəniz” yatağı 1999-cu ilin iyul ayında aşkar
edildi.
Həmin il iyulun 12-də yataqda əldə
edilmiş nəticələrin təqdimat mərasimində
çıxış etmək üçün ulu öndərimiz
mənə də söz verdi. Mən Xəzərdə zəngin
neft və qaz yataqlarının kəşf edilməsində və
işlədilməsində ümummilli liderimiz Heydər
Əliyevin misilsiz xidmətlərindən danışdım və
“Şahdəniz” yatağı barədə məlumat verərkən
bildirdim ki, bu yatağın da taleyi Heydər Əliyevlə
bağlıdır. Qeyd etdim ki, “Azərbaycan geoloqları,
geofizikləri iyirmi ildir bu yatağın perspektivinə
inanırdılar, orada iş görürdülər, amma
ortada bir şey yox idi.
Yadımdadır, 1996-cı ilin may ayı idi. Hörmətli Prezidentimiz hamımızı
yığdı, bizi dinlədi. Sonra da öz qətiyyəti
ilə belə bir qərar verdi ki, biz Azərbaycanı
təbii qazla mütləq təmin etməliyik və bunun
üçün “Şahdəniz” yatağında xaricilərlə
birlikdə işləməliyik”. Daha sonra “Şahdəniz”
yatağının ehtiyatları məsələsinə
toxunaraq dedim ki, biz inanırıq, yataqda
ikinci-üçüncü quyular qazılandan sonra onun
ehtiyatı gözləniləndən də artıq olacaqdır və buna
heç bir şübhəmiz yoxdur. Bu vaxt Heydər Əliyev
çxışımı kəsərək mənə sual verdi: “Demək,
indi ehtiyat 700 milyard kubmetrdir. Bunu deyirsiniz?!”
Cavab verdim ki, bəli, amma mənə qalsa, deyə bilərəm
ki, orada ehtiyat bir trilyon kubmetrdən az olmaz.
Bəlkə, artıq olacaq, amma əskik olmaz.
Zaman və görülən işlər
fikirlərimizin doğruluğunu təsdiq etdi. Artıq məlumdur ki, “Şahdəniz”
yatağının karbohidrogen ehtiyatları bir trilyon 200 milyard
kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarətdir. Bu sahə dünya dənizlərində indiyədək
kəşf olunmuş nəhəng qaz-kondensat yataqlarından
biridir.
Təqdimat mərasimindəki yekun nitqində Heydər
Əliyev əldə edilən nailiyyətlərə görə
ARDNŞ-i, “Şahdəniz” konsorsiumunu və bu konsorsiuma daxil
olan şirkətləri təbrik edərək dedi: “Bu gün
şəxsən mənim üçün böyük bir
bayramdır. Çünki hörmətli
Xoşbəxt Yusifzadə burada xatırlatdı, 1969-cu ildə
mən Azərbaycana başçılıq etdiyim zamandan-
70-80-ci illərdə Azərbaycanın neft sənayesinin
inkişaf etdirilməsi üçün çox böyük
işlər görmüş və böyük xidmətlər
göstərmişdim. Xoşbəxt
Yusifzadə düz deyir, əgər o illərdə biz Xəzərin
dərinliklərində olan neft və qaz yataqlarından istifadə
edilməsi üçün lazımi maddi-texniki baza
yaratmasaydıq və bu işləri aparmasaydıq,
şübhəsiz ki, indiki nailiyyətləri əldə edə
bilməzdik. ...Bu gün “Şahdəniz” konsorsiumunun
prezidenti bəyan etdi ki, 400 milyard kubmetr qaz var, ancaq 700 milyard
kubmetrə qədər çata bilər. Bizim çox
hörmətli geoloqumuz isə, demək olar, Azərbaycanda Xəzər
dənizini Yusifzadə kimi bilən ikinci adam
yoxdur, deyir ki, orada bir trilyon kubmetrə qədər qaz
olacaqdır”.
Ertəsi gün- iyulun 13-də Bakının İdman-Sərgi
Kompleksində Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyində
olmasının 30 illiyinə həsr edilmiş möhtəşəm
“Quruculuq salnaməsi” sərgisinin açılış mərasiminə
böyük öndərin özü də gəlmişdi. Sərgi Heydər Əliyevin rəhbərliyi
dövründə Azərbaycanın qazandığı
misilsiz nailiyyətlərdən faktların, sənədlərin
və fotoşəkillərin dili ilə bəhs edirdi. Burada ARDNŞ-in də ekspozisiyası nümayiş
etdirilirdi. Bu, maraqlı bir ekspozisiya idi.
Onun eksponatları belə bir həqiqəti bir daha
açıb göstərir və təsdiq edirdi ki, neft sənayemizin
inkişafı üçün möhkəm bünövrəni
ümummilli liderimiz hələ Azərbaycan keçmiş
Sovet İttifaqının tərkibində olarkən qoymuş,
dənizdə neft hasilatı sürətli inkişaf yoluna məhz
onun rəhbərliyi illərində
çıxmışdır.
Sərgidə mən Heydər Əliyevin
rəhbərliyi altında görülən işlərin nəticələrindən
ətraflı danışaraq, yenidən “Şahdəniz”
yatağında bir trilyon kubmetrdən çox qaz ehtiyatı
olduğunu bildirdim. Heydər Əliyev dedi: “Sənin dediklərinin
hamısı düzdür. Şirkətdə
çalışanların əksəriyyəti bir-iki ildir ki,
burada işləyir. Sən isə bu
işdə canını qoymusan, həyatının əlli
ilini dənizdə neft çıxarılmasına həsr
etmisən. Bu stendi də çox
yaxşı düzəltmisiniz. Mən bunu
dünənki müzakirələrin yekunu hesab edirəm”.
2002-ci ilin may ayında ulu öndərlə İrana səfərimiz
də yadımdadır. Orada Heydər Əliyev məni İran
Prezidenti cənab Məhəmməd Xatəmiyə təqdim edəndə
də dedi ki, “Xəzər dənizini Xoşbəxt qədər
bilən ikinci adam yoxdur. Biz
onu əlimizin üstündə saxlayırıq. İranda da onu yaxşı tanıyırlar. Sizə də məsləhət görürəm
ki, nə qədər o, hələ işdədir, ondan istifadə
edin”.
Ulu öndərimizin mənim barəmdə
söylədiyi bütün bu xoş sözləri xatırlayanda,
həqiqətən də özümü dünyanın ən
bəxtəvər adamı sayıram. Bəli,
mən çox xoşbəxtəm ki, ömrümün ən
dəyərli anları, əmək fəaliyyətimin və
elmi yaradıcılığımın inkişaf səhifələri
Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərlə
sıx bağlıdır. O, mənim xətrimi həddən
artıq çox istəyirdi. Respublikanın neft
və qaz sənayesinin inkişafında xidmətlərimə
görə 2000-ci ilin yanvarında məni “İstiqlal”ordeni ilə
təltif etməsi və anadan olmağımın 70 illiyi
münasibətilə mənə səmimi təbriki də bu
hörmətin parlaq təzahürlərindən biri idi.
Ümummilli liderimizin Azərbaycan xalqı
və dövləti üçün, eləcə də
respublikamızın neft sənayesi üçün
gördüyü işləri danışmaqla, yazmaqla
qurtarmaz. Müstəqil Azərbaycanın
yaradıcısı və böyük qurucusu olan Heydər
Əliyevin Vətənimiz qarşısında xidmətləri
ölçüyəgəlməzdir. O, böyük
şəxsiyyət və böyük vətəndaş idi.
Ölkəmizin və xalqımızın xoşbəxtliyi
ondadır ki, bu gün ümummilli liderimizin işinin cənab
İlham Əliyev kimi ləyaqətli davamçısı var.
Ölkəmizin yeni neft strategiyasının son on bir ildəki
nailiyyətləri, müstəqil Azərbaycanın quruculuq
yollarındakı uğurları və respublikanın
dünyanı heyran edən inkişaf modeli bilavasitə
möhtərəm Prezidentimiz İlham Əliyevin adı ilə
bağlıdır.
- İranı xatırladınız. Son vaxtlar bu
ölkə ilə əlaqələrin genişlənməsi
barədə nə deyə bilərsiniz?
- Neft-qaz sahəsində İranla əməkdaşlığımızın,
təqribən, qırx beş illik tarixi var. 1970-ci ildə “Xəzərdənizneft”
İstehsalat Birliyi yaradılanda SSRİ Neft Sənayesi Nazirliyi
dəniz şəraitində iş təcrübəmizi nəzərə
alaraq, həmin ildən sektorlara bölünmüş Xəzərin
bütün sektorlarında - İranla sərhəddən
Şimali Xəzərə kimi geniş bir sahədə
geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və
digər işlərin aparılmasını Azərbaycan
neftçilərinə həvalə etdi. O illərdə Xəzərin
cənubunda – dənizin İran sektorunda 45 struktur aşkar
olundu. İki dərin axtarış quyusu
qazıldı.
İki ölkə arasında neft-qaz sahəsində
əməkdaşlıq Azərbaycanın müstəqilliyi
illərində davam etdirilib. Bu əməkdaşlıq
özünü böyük neft-qaz sazişlərində də
göstərib. Məsələn, “Şahdəniz”
yatağının kəşfiyyatı, işlənməsi və
hasilatın pay bölgüsü sazişində İran
İslam Respublikasının NİKO şirkəti 10 faizlik
paya malikdir. Şahdəniz qazının
dünya bazarına nəql edilməsi üçün çəkilmiş
Cənubi Qafqaz İxrac Boru Kəməri layihəsində də
(Bakı-Tbilisi-Ərzurum) NİKO-nun 10 faizlik payı
vardır.
Lakin həm Azərbaycan, həm də
İran neftçilərinin fikrincə, bu əməkdaşlığın
genişləndirilməsi üçün yaxşı imkanlar
mövcuddur və onlardan istifadə edilməsi ölkələrimiz
üçün qarşılıqlı şəkildə
faydalı olardı.
Rəhbərlik etdiyim ARDNŞ nümayəndə heyəti
İranın Xəzər Kəşfiyyat və Hasilat Şirkəti
(KEPKO) rəhbərliyinin dəvəti ilə bu il avqustun 18-dən
20-dək İran İslam Respublikasının Neft Nazirliyində,
bu ölkənin milli neft və qaz şirkətlərində,
Tehrandakı Elmi-Tədqiqat Neft Sənayesi İnstitutunda olarkən
İranın neft nazirinin birinci müavini, İran Milli Neft
Şirkətinin baş direktoru Rüknəddin Cavadi,
İranın neft nazirinin beynəlxalq məsələlər və
ticarət üzrə müavini Əli Məcidi, İran Milli
Qaz Şirkəti baş direktorunun beynəlxalq məsələlər
üzrə müavini, şirkətin qaz ixracı üzrə
idarə heyətinin sədri Əzizulla Ramazani, KEPKO şirkətinin
baş direktoru Əli Osuli ilə söhbətlərimizdə
bu barədə ətraflı danışdıq. İranlı həmkarlarımızla
işgüzarlıq şəraitində keçən
görüş və danışıqların sonunda
“Anlaşma haqqında memorandum” da imzalandı.
ARDNŞ
Azərbaycanı etibarlı tərəfdaş kimi
tanıdır
- ARDNŞ ölkəmizin ən
böyük investor şirkətidir. Onun bu
günü və gələcəkdə görmək istədiyi
işlər barədə danışmağınızı
xahiş edirəm.
- Bəli, ARDNŞ artıq 1994-cü ildəki
şirkət deyil. Aparıcı reytinq agentliklərinin
məlumatına görə, 2009-cu ildən o, dünyanın ən
iri 50 şirkəti sırasındadır. Hazırda
ARDNŞ-in təsisçiliyi ilə yaradılmış 36
birgə müəssisənin, 6 alyansın, xarici ölkələrdəki
çoxsaylı törəmə şirkətlərin və
13 nümayəndəliyin fəaliyyəti neft və qaz sənayesinin,
demək olar ki, bütün sahələrini əhatə edir.
ARDNŞ 15 ölkənin 25 şirkəti ilə
imzalanmış 17 hasilatın pay bölgüsü sazişində
(HPBS) Azərbaycan dövlətini uğurla təmsil edir. HPBS-lər
çərçivəsində 1995-2013-cü illərdə
Azərbaycan Respublikasının neft-qaz sektoruna təqribən
51,6 milyard ABŞ dolları məbləğində
sərmayə qoyulmuşdur. ARDNŞ dünya
standartlarına cavab verən, lazımi iqtisadi və texniki
imkanları olan, Azərbaycandan kənarda da böyük layihələr
həyata keçirən müasir bir şirkətdir. “Azərbaycandan kənarda” deyəndə mən, ilk
növbədə, Türkiyəni, Gürcüstanı və
bir sıra digər ölkələri nəzərdə
tuturam. ARDNŞ bu ölkələrin
iqtisadiyyatına milyonlarla dollar sərmayə qoymuşdur.
Türkiyədə “Petkim” kimi nəhəng
neft-kimya kompleksinin payçısı olan ARDNŞ-in sərmayəsi
hesabına bu ölkədə yeni dəniz limanı tikilir,
“Star” adlı böyük neft emalı zavodu inşa edilir.
Şirkətimiz Gürcüstanda da
çox işlər görüb. Orada
Kulevi terminalını istifadəyə verib, geniş
yanacaqdoldurma məntəqələri şəbəkəsi və
qazpaylaşdırıcı şəbəkə yaradıb.
TANAP və TAP layihələrində ARDNŞ-in
başlıca tərəf kimi iştirakı da şirkətimizin
beynəlxalq nüfuz və imkanlarının yüksək
göstəricisidir.
ARDNŞ neft və qaz hasilatı üzrə
layihələri müvəffəqiyyətlə həyata
keçirir, “karbohidrogenlərin hasilatı-nəqli-emalı-satışı”
beynəlxaq sisteminə inteqrasiya edən sistem yaradır, Xəzər-Qaradəniz-Avropa
regionunda energetika sahəsində aparıcı rollardan birini
oynayır. Hazırda Azərbaycandan neft və neft məhsulları
dünyanın 30 ölkəsinə, o cümlədən
ABŞ, Çin, Tailand, Braziliya və s. kimi ölkələrə,
qaz isə Gürcüstana, Türkiyəyə, Rusiyaya,
İrana və Yunanıstana nəql edilir.
ARDNŞ axtarış-kəşfiyyat və
qazma işləri sahəsində də müasir metod və
texnologiyalara yiyələnmiş şirkətdir. Düzdür, hələlik biz xarici
sifarişçilər üçün servis müqavilələri
üzrə müəyyən işlər görürük.
Lakin məqsədimiz gələcəkdə bu
işləri genişləndirməkdir. Biz Xəzərin
Azərbaycana aid olmayan sektorlarında və dünyanın digər
regionlarında neft və qaz
yataqlarının kəşfiyyatı ilə məşğul
olacağımızı da istisna etmirik, çünki bunun
üçün müvafiq imkanlar var.
- Azərbaycan neftçiləri
ölkənin şanlı neft salnaməsinə yeni-yeni səhifələr
yazır, ulu öndərimizin arzularının həqiqətə
çevrilməsi üçün inamla
çalışır, axtarış-kəşfiyyat işlərini
davam etdirirlər. Qısaca da olsa, bu barədə məlumat
verin.
- Əvvəlcə
son illərin daha iki böyük hadisəsi haqqında. Birincisi odur ki, 2010-cu ildə Azərbaycan
Respublikasının Dövlət Neft Şirkəti Xəzərdə
yeni bir yataq - “Ümid” qaz-kondensat yatağını kəşf
etdi. Yatağın karbohidrogen ehtiyatları
200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmindədir.
İkincisi isə 2011-ci il sentyabr
ayının 9-da baş vermiş hadisədir. Həmin gün
Fransanın “Total” və “Gas de France” şirkətləri ilə
ARDNŞ məlumat verdilər ki, onların əməkdaşlığı
nəticəsində Xəzərin Azərbaycan sektorunda yeni
bir iri qaz-kondensat yatağı - “Abşeron” kəşf edilib.
Bu yatağın
karbohidrogen ehtiyatları 350 milyard kubmetr qazdan və
45 milyon ton kondensatdan ibarətdir.
“Abşeron” və “Ümid”
yataqlarının kəşfi Xəzərin Azərbaycan
sektorunda yeni neft-qaz yataqlarının açılması
ehtimalını yüksəltdi. Əldə edilmiş
yeni məlumatlar “Babək”, “Naxçıvan”, “Zəfər”,
“Məşəl”, “Asiman”, “Şəfəq”
strukturlarının perspektivliyinə
inamı artırır. Şirkətimizin ilkin
hesablamalarına görə, bu strukturlar üzrə
karbohidrogen ehtiyatları 1,5 trilyon kubmetr qaz
və 225 milyon ton kondensat həcmindədir. Bundan
əlavə, “Azəri-Çıraq-Günəşli”
saziş sahəsində məhsuldar qatın alt
çöküntülərinin qaz ehtiyatı 200-250 milyard
kubmetr həcmində qiymətləndirilir.
Beləliklə də deyə bilərik
ki, Azərbaycanda bu günə dəqiqləşdirilib təsdiq
olunmuş çıxarıla bilən neft ehtiyatı 2 milyard
ton, qaz ehtiyatı isə 2 trilyon 550 milyard kubmetr həcmindədir. Proqnozlaşdırılan neft ehtiyatı 2 milyard ton,
qaz ehtiyatı isə 3 trilyon 450 milyard kubmetrdir. Başqa
sözlə, Azərbaycanda bu günə dəqiqləşdirilmiş
çıxarıla bilən karbohidrogen ehtiyatı neft
ekvivalentində 4 milyard 550 milyon ton, proqnoz karbohidrogen
ehtiyatı isə neft ekvivalentində 5 milyard 450 milyon tondur ki,
bunlar da üst-üstə neft ekvivalentində 10 milyard ton
karbohidrogen ehtiyatı deməkdir.
Bununla yanaşı, Azərbaycanın dəniz
və quru sahələrində daha dərində yatan və
mürəkkəb geoloji quruluşa malik olan Mezozoy
çöküntülərində neft-qaz yataqlarının
axtarışı və kəşfiyyatı mühüm əhəmiyyət
kəsb edir ki, bu da fəaliyyətimizin mühüm sahələrindən
biridir. Görüləsi işlərimiz
çoxdur və neftçilərimiz bu gün xüsusi bir ruh
yüksəkliyi ilə çalışırlar. Çünki haralara baxırlarsa, öz əməklərinin
bəhrəsini görürlər.
Ölkəmizin və xalqımızın bir xoşbəxtliyi
də ondadır ki, bu gün ümummilli liderimizin işinin
dövlət başçısı İlham Əliyev kimi ləyaqətli
davamçısı var. Ölkəmizin yeni neft
strategiyasının son on bir ildəki nailiyyətləri,
müstəqil Azərbaycanın quruculuq yollarındakı
uğurları və respublikanın dünyanı heyran edən
inkişaf modeli bilavasitə möhtərəm Prezidentimiz
İlham Əliyevin adı ilə bağlıdır. Bizim neft və qaz kimi zəngin təbii sərvətlərimiz,
Azərbaycan neftçilərinin böyük təcrübə
və fədakarlığı respublikamız
üçün həmişə böyük dayaq olub. Bu zəmin getdikcə möhkəmlənəcək
və Azərbaycan iqtisadiyyatını hələ uzun müddət
öz güclü qolları üstündə irəliyə
aparacaq.
Yeri gəlmişkən:
Aparıcı reytinq agentliklərinin
fikrincə, 2009-cu ildən başlayaraq, ARDNŞ
dünyanın ən iri 50 şirkətinin
sırasındadır və bu gün ölkəmizin ən
böyük investor şirkətidir.
Türkiyədəki “Petkim” layihəsinə
2018-ci ilə qədər 17 milyard dollar investisiya qoyulacaq.
ARDNŞ-in “Petkim”ə qoyduğu sərmayələr
və onun perspektivləri Egey bölgəsinə yeni bir həyat
gətirməkdədir. Son illərdə həyata
keçirilən layihələr göz
qarşısındadır: ARDNŞ Türkiyədə də
neft emalı və neft-kimya sahəsində inkişafı
baxımından mühüm layihələr həyata
keçirir.
Türkiyədə səhmlərinin 61,32
faizi şirkətimizə məxsus olan “Petkim”i xammalla təchiz
etmək məqsədilə yeni neft emalı zavodunun tikintisinə
başlanılmışdır. Oradakı liman
da genişləndirilir və tezliklə Türkiyənin ən
böyük limanı olacaqdır. “Petkim”in
enerji təminatını yaxşılaşdırmaq məqsədi
ilə yeni elektrik stansiyasının tikintisinə
hazırlıq gedir. “STAR Rafinerisi”nin
tikintisi, görkəminə görə ən məşhur
universitetlərə bənzəyən Heydər Əliyev Sənaye
Peşə Liseyinin həyata vəsiqə alması bu
günün gerçəkləridir.
Son
söz
“Əsrin müqaviləsi” Azərbaycanın
həyatına çox böyük uğurlar gətirdi— bu barədə
uzun illər danışılmış və
danışılacaqdır. Əvvəla,
saziş dünyanın aparıcı ölkələri və
şirkətlərini bir daha əmin etdi ki, Azərbaycan
müstəqil dövlət və etibarlı tərəfdaşdır,
burada işləmək və bu ölkəyə sərmayə
qoymaq olar. Heç təsadüfi deyil ki,
bu saziş imzalandıqdan sonra xarici şirkətlərlə
daha 33 müqavilə bağlandı. Bu, əslində, sazişin necə
bir böyük siyasi əhəmiyyət
daşıdığını ortaya qoydu.
Ölkəmiz
“Əsrin müqaviləsi”nin 20 illiyini təntənəli
şəkildə qeyd edir. Artıq 15-ci ildir ki, Azəri-Çıraq-Günəşli
yatağı layihəsinin iştirakçıları, o
cümlədən Azərbaycan “mənfəət nefti”ndən gəlir əldə
edir. 1999-cu ilədək neftin satışından əldə
edilən gəlir sərmayə qoyuluşunun ödənilməsinə
sərf olunurdusa, həmin ilin
dekabrından Azərbaycanın “mənfəət nefti” ilə
dolu tankerlər xarici bazarlara çıxarılır.
2014-cü il mayın 1-dək dünya bazarlarında Azərbaycanın
payına düşən 177,2 milyon tona qədər
mənfəət nefti satılmışdır. Bu həcm ilbəil artır. “Mənfəət
nefti”nin
satışından əldə edilmiş gəlir
ulu öndərimiz tərəfindən yaradılmış
“Neft Fondu”nda toplanır, Azərbaycan
Respublikasının qeyri-neft sektorunun inkişaf etdirilməsinə
və xalqın rifahının
yaxşılaşdırılmasına sərf edilməkdədir.
Bütün bunlar - böyük Azərbaycan nefti
uğrunda gərgin mübarizənin gedişində əldə
edilmiş nailiyyətlər, həyata keçirilmiş beynəlxalq
və regional layihələr və onların nəticələri
ümummilli liderimiz Heydər Əliyevin müdrikliklə
müəyyən etdiyi, onun layiqli davamçısı olan cənab
İlham Əliyev tərəfindən müvəffəqiyyətlə
həyata keçirilən yeni neft strategiyasının həyatiliyini,
xalqımız və dövlətimiz üçün misilsiz əhəmiyyətini
parlaq şəkildə nümayiş etdirir.
Xoşbəxt müəllim qeyd edir ki, son 20 ildə Azərbaycanın
neft-qaz sənayesinin keçdiyi yola nəzər salarkən belə
fikri xüsusi vurğulamaq istəyirəm ki, “Əsrin
müqaviləsi” ilə başlanmış yeni neft
strategiyası Azərbaycan iqtisadiyyatının, xüsusən
sənayenin və neft sektorunun müasirləşməsi
üçün təməl olmuşdur. Keçən
müddət ərzində qazanılmış nailiyyətlər
ümummilli liderimiz Heydər Əliyevin əvəzolunmaz xidmətləridir.
Neftçilərə xüsusi münasibətini və qayğısını
heç vaxt unutmadığımız bu parlaq
şəxsiyyəti xalqın tarixi yaddaşında
yaşatmaq, onun yaratdığı və həyata vəsiqə
verdiyi neft strategiyasının hərəkətverici qüvvəsi
olan “Əsrin müqaviləsi”nin nəinki Azərbaycanın,
eləcə də Avropa və dünya dövlətlərinin
iqtisadiyyatındakı rolunu dəyərləndirmək
ücün hələ uzun illər lazım olacaqdır.
Onun qürur hissi ilə vurğuladığı bir
söz də yadımdadır: ölkəmizin taleyi Azərbaycanda
dövlətçiliyin qarantı olan, Heydər Əliyev
siyasi xəttini və diplomatiyasını beynəlxalq aləmdə
uğurla təmsil edən, yüksək intellektual səviyyəsi,
biliyi, bacarığı ilə seçilən yeni tipli
dövlət xadimi Prezident İlham Əliyevə
bağlıdır və məhz onun
başçılığı ilə müstəqil Azərbaycan
ulu öndərin arzuladığı çiçəklənən
diyara çevrilməkdədir.
Namiq
ƏHMƏDOV
Xalq qəzeti.-
2014.- 20 sentyabr.- S.6.