Tanınmış
dövlət xadimi, bacarıqlı
mütəxəssis, vətənpərvər
insan
Uzun illər dövlət idarəçiliyi sahəsində müxtəlif məsul vəzifələrdə çalışmış, Azərbaycan hökumətinə rəhbərlik etdiyi dövr ərzində respublikanın ictimai-siyasi həyatına, sosial-iqtisadi inkişafına mühüm töhfələr vermiş Sadıq Rəhimovun anadan olmasının 100 illiyi tamam olur. Görkəmli dövlət xadimi Sadıq Rəhimovun səmərəli fəaliyyəti, iqtisadiyyatın, xüsusilə sənayenin inkişafındakı böyük xidmətləri daim hörmətlə xatırlanır.
Bu gün ölkəmizdə
sənayenin inkişafı Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin rəhbərliyi ilə uğurla
həyata keçirilən sosial-iqtisadi
siyasətin prioritet istiqamətlərindəndir.
Dövlət başçısının məqsədyönlü
və uzaqgörən siyasətinin nəticəsidir ki, iqtisadiyyatın digər sahələri kimi, yeni mərhələyə
qədəm qoymuş Azərbaycan sənayesi
də uğurla inkişaf
edir. Son 10 il ərzində sənayeləşmə
templəri daha da
yüksəlmiş, sənayenin infrastruktur
təminatı əhəmiyyətli dərəcədə
yaxşılaşmış, müasir texnologiyalara əsaslanan, rəqabətqabilliyətli
məhsullar istehsal edən onlarla
yeni sənaye müəssisəsi fəaliyyətə
başlamışdır. Təkcə
2013-cü ildə Bakının Qaradağ
rayonunda Gəmiqayırma, Qazaxda
sement, Sumqayıtda polad
boru, Daşkəsəndə qızıl,
Qəbələdə şərab zavodları, Sumqayıtda tekstil parkı, Hacıqabulda seramik
plitələr, Abşeronda karton qablar istehsalı
müəssisələri, Cənub Elektrik
Stansiyası da daxil olmaqla 30-dan çox müasir sənaye müəssisəsi istifadəyə verilmişdir. Ümumilikdə, son
10 ildə Bakıda və ölkə regionlarında energetika, maşınqayırma, metallurgiya, məişət cihazları, tikinti materialları, qida məhsulları
istehsalı və digər sahələrdə istifadəyə
verilmiş sənaye müəssisələri
müasir çağırışlar və
yeni təşəbbüslər nəzərə
alınmaqla sənayenin modernləşdirilməsi, rəqabətqabiliyyətli
sənayenin formalaşdırılması istiqamətində həyata
keçirilən tədbirlərin real nəticələridir.
Hazırda bu müəssisələrin bir çoxunun məhsulları
xarici bazarlara
çıxarılır, analoji məhsullarla
rəqabət aparır.
Prezident İlham Əliyevin sənayeləşmə
siyasətinə uyğun olaraq,
görülmüş genişmiqyaslı
işlərin nəticəsidir ki, son 10 ildə sənaye istehsalı 2,7 dəfə,
o cümlədən tikinti
məmulatlarının istehsalı 2,5 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,1
dəfə, metallurgiya sənayesi 2,2 dəfə, geyim
istehsalı 2,5 dəfə artmış, təkcə
2013-cü ildə sənayedə 33,7 milyard
manatlıq məhsul və xidmətlər istehsal
olunmuş, ölkə sənayesinə
47,6 milyard manat investisiya yatırılmışdır. Bu dövrdə əlavə dəyər qeyri-neft sənayesində 1,9 dəfə, o cümlədən qeyri-neft
emalı sənayesində 2,1 dəfə artmışdır. Bütün bunlar isə heç şübhəsiz ki,
ölkəmizin ixrac imkanlarını daha da artırmış, qeyri-neft məhsulları ixracının 5 dəfəyədək yüksəlməsinə nail olunmuşdur. Həyata
keçirilən diversifikasiya tədbirlərinin
nəticəsi kimi, son
illərdə qeyri-neft sənayesinin
artım tempi sənayenin neft
sektorunun artım tempini
üstələmişdir.
Sənayeləşmə
böyük həcmdə sərmayə
yatırılmasını tələb edir
və bu məqsədlə dövlət xarici kapitalı cəlb etməklə
yanaşı, həm də ölkənin sənayeləşməsi
prosesində əsas investor rolunu oynayır, bu sahənin
inkişafı üçün yeni mexanizmlər tətbiq edilir. Hazırda yaradılmaqda olan sənaye parklarının dövlət tərəfindən
müvafiq infrastrukturla
təmin olunması, vergi güzəştlərinin
tətbiqi, müasir sənaye müəssisələrinin
yaradılması üçün güzəştli
kreditlərin verilməsi və s. belə
dəstək mexanizmlərindəndir. Bu
baxımdan, Sumqayıt Texnologiyalar
Parkı Azərbaycan sənayesində bir çox yeniliklərə imza
atmışdır. Hazırda Sumqayıt Kimya
Sənaye, Balaxanı Sənaye və Yüksək Texnologiyalar parklarının təşkili
istiqamətində tədbirlər davam etdirilir. Paytaxt Bakı ilə
yanaşı, ölkə regionlarında da
sənaye potensialının gücləndirilməsi tədbirləri
diqqət mərkəzində saxlanılır. Belə ki, Gəncə və Mingəçevir şəhərlərində,
Bakının Qaradağ rayonunda
da müasir sənaye
parklarının, eləcə də ölkənin digər
şəhər və rayonlarında sənaye məhəllələrinin
yaradılması nəzərdə tutulur.
Həyata keçirilən
düşünülmüş siyasət,
məqsədyönlü tədbirlər rəqabətədavamlı,
müasir texnologiyalara
əsaslanan müəssisələrin yaradılmasına,
ixracın genişlənməsinə yeni imkanlar yaradır.
Qeyd etmək lazımdır ki,
Azərbaycan sənayesinin gələcək illərdə də
sürətli inkişafı üçün
möhkəm təməl yaradılmışdır. Belə ki, ölkəmizdəki makroiqtisadi sabitlik, güclü sənaye potensialı, zəngin təbii
ehtiyatlar, nəqliyyat infrastrukturu,
əlverişli biznes və investisiya mühiti, valyuta ehtiyatları, yüksək ixtisaslı kadrlar sənayenin, eləcə də
bütünlükdə iqtisadiyyatın inkişafını
stimullaşdıran başlıca amillərdir. Bundan başqa,
dünyanın ən iri enerji
layihələrindən olan “Şahdəniz-2",
TANAP və TAP layihələrinin reallaşdırılması
hələ uzun illər Azərbaycanda
iqtisadiyyatın, xüsusilə də sənayenin
inkişafına öz töhfəsini verəcəkdir.
Bu
günlərdə Bakıda təməlqoyma mərasimi keçirilmiş “Cənub” Qaz
Dəhlizi iştirakçı dövlət və şirkətlərin
geniş əməkdaşlığını
təmin edəcək, iqtisadiyyatın, eləcə də sənayenin
inkişafına təkan verəcəkdir. Möhtərəm Prezidentimiz
cənab İlham Əliyevin qeyd etdiyi kimi,
“Bu layihə Azərbaycana əlavə
dividendlər gətirəcək. Ölkə iqtisadiyyatı daha da sürətlə inkişaf edəcək... Bu
layihə, eyni zamanda,
tərəfdaş ölkələrimiz üçün
də çox faydalıdır”.
Heç şübhəsiz ki,
2014-cü ilin Azərbaycanda “Sənaye ili” elan edilməsi, bu sahənin inkişafı ilə bağlı
həyata keçirilən davamlı tədbirlər Azərbaycanı
regionun güclü sənaye
mərkəzinə çevirəcəkdir.
Zəngin ənənələrə
malik Azərbaycan sənayesi hazırkı
səviyyəyə çatmaq üçün böyük
inkişaf yolu keçmişdir. Bu gün
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin rəhbərliyi
ilə uğurla davam
etdirilən sənayeləşmə siyasətinin əsası
hələ ötən əsrin 70-80-ci illərində ümummilli liderimiz tərəfindən
qoyulmuş, məhz Heydər Əliyevin
müstəsna xidmətləri sayəsində ölkəmizdə
güclü sənaye
potensialı formalaşmışdır. Ulu öndərin məqsədyönlü
fəaliyyəti nəticəsində o
dövrdə iri sənaye müəssisələri
qurulmuş, ölkə üçün
ənənəvi olmayan yeni
sənaye sahələri yaradılmış, sənayenin
inkişafına irihəcmli vəsaitlər yönəldilmiş,
istehsalata mütərəqqi texnologiyalar cəlb edilmişdir. Heydər Əliyev yaxşı bilirdi ki, respublikanın iqtisadi cəhətdən möhkəmlənməsi
üçün SSRİ-nin
strateji əhəmiyyət kəsb edən
bir sıra sənaye müəssisələri
məhz Azərbaycanda inşa
olunmalıdır. Ona görə də Heydər Əliyevin təkidi və
qətiyyəti nəticəsində keçmiş
ittifaq rəhbərliyi respublikamızda iri maşınqayırma, kimya,
neft kimyası, elektron
sənayesi, əlvan və qara metallurgiya, tekstil, yeyinti, emal müəssisələrinin
tikintisinə razılıq vermişdi.
Həmin illərdə istifadəyə verilmiş neft
maşınqayırması kompleksi, Dərin
Özüllər, məişət kondisionerləri,
radio-quraşdırma, elektron-hesablama
maşınları zavodları və digər iri
müəssisələr nəinki respublikanın, hətta keçmiş SSRİ-nin bu sənaye məhsullarına olan
tələbatının böyük hissəsini ödəyir, bir çox xarici ölkələrə ixrac
olunurdu.
Heç şübhəsiz ki,
ölkədə güclü sənaye
potensialının yaradılmasında iqtisadiyyatın bu mühüm sahəsinin
bacarıqla idarə olunması xüsusi əhəmiyyət
kəsb edir. Heydər
Əliyev dühasının uzaqgörənliyinin vacib məqamlarından biri
də savadlı gənclərin, bacarıqlı insanların
potensialından səmərəli istifadə edilməsi,
onların kamil mütəxəssis kimi yetişdirilməsi, eləcə də
yaşından asılı olmayaraq rəhbər
vəzifələrə çəkilməklə
yüksək etimadın göstərilməsi idi.
Belə şəxslərdən
biri də bu günlər
100 illiyini qeyd etdiyimiz, ölkə sənayesinin
inkişafında xüsusi xidmətləri
olmuş görkəmli dövlət xadimi Sadıq Rəhimovdur.
Böyük-kiçikliyindən
asılı olmayaraq tutduğu
vəzifələrə daim məsuliyyətlə
yanaşan Sadıq Rəhimovun
işgüzarlığı və təşəbbüskarlığı
onu tutduğu vəzifələrdə
pillə-pillə yüksəltmişdir. Təsadüfi
deyildir ki, 18
yaşından başlayaraq Azərbaycan Yüngül Sənaye
Komissarlığının 2 saylı Bakı ayaqqabı
fabrikində müxtəlif vəzifələrdə
çalışmış Sadıq Rəhimov bu
müəssisədə direktor vəzifəsinə
qədər yüksəlmişdir. 1939-cu ildə Sadıq Rəhimov
respublika hökuməti tərəfindən
Moskvaya Ali Partiya Məktəbinə oxumağa
göndərilir. Lakin Böyük Vətən
müharibəsinin başlanması ilə Sadıq Rəhimov təhsilini
yarımçıq qoyaraq cəbhəyə
gedir. 1941-1942-ci illərdə o, sovet ordusunun
Qərb cəbhəsində vuruşan
160-cı atıcı diviziyasında siyasi
şöbənin rəisi olmuş, Moskva və Smolenski ətrafında
gedən döyüşlərdə fəal iştirak etmişdir. Vyazma şəhəri
yaxınlığındakı döyüşlərdə yaralanan Sadıq Rəhimov arxa
cəbhəyə göndərilir.
Bakıya
qayıdan, bacarığı, təşkilatçılığı
ilə daim seçilən Sadıq Rəhimov
hələ gənc yaşlarından bir çox məsul vəzifələrdə - Gəncə
Vilayət İcraiyyə Komitəsinin sədri, kommunal təsərrüfatı və mülki tikinti naziri, çox işlənən
sənaye malları naziri, Nazirlər Sovetinin
Sənayedə Təhlükəsiz İş
Aparılması üzərində Nəzarət və
Dağ-Mədən Nəzarəti Dövlət Komitəsinin sədri,
Bakı Baş Tikinti
İdarəsinin rəisi və s. işləmişdir.
Yüksək
idarəçilik qabiliyyətinə malik olan, bacarıqlı mütəxəssis kimi tanınan Sadıq Rəhimov 1954-cü ildə
Azərbaycan SSR Nazirlər Sovetinin sədri
vəzifəsinə təyin olunmuş və
1958-ci ilədək Nazirlər Sovetinə rəhbərlik etmişdir.
Bu dövrdə o, Azərbaycanda
sənayenin, kənd təsərrüfatı, tikinti,
nəqliyyat, mədəniyyət və s.
sahələrin hərtərəfli inkişafı üçün ciddi səylər
göstərmiş, bir çox
tədbirlər həyata keçirmişdir.
Ümumiyyətlə,
Sadıq Rəhimov hansı vəzifədə olmasından
asılı olmayaraq, verilən
tapşırıqları layiqincə yerinə yetirmiş,
göstərilən etimadı doğrultmağa
çalışmışdır. Sadıq Rəhimovun məhz
60-cı illərin əvvəllərində inşaat
sahəsinin, xüsusilə də mənzil tikintisinin
acınacaqlı vəziyyətdə olduğu
bir vaxtda Bakı Baş Tikinti İdarəsinin
rəisi vəzifəsinə təyin olunması bunun əyani göstəricisidir. Həmin
dövrdə məşhur inşaatçı Əliş Ləmbəranski
Bakı şəhər XDS İcraiyyə Komitəsinin sədri
idi. Məhz onların birgə fəaliyyəti
nəticəsində 60-cı illərdə paytaxtda
yeni mikrorayonlar,
yaşayış sahələri salınmış, əhalinin
mənzillə təminat səviyyəsi yüksəlmişdi.
Sadıq Rəhimovun səyləri nəticəsində
hər il Bakıda 420-475 min
kvadratmetr mənzil sahəsi istismara verilirdi. 70-ci illərdə
Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev MK plenumlarından
birində paytaxtda mənzil tikintisinin vəziyyətini təhlil edərkən,
Sadıq Rəhimovun işgüzarlığını, təşkilatçılıq
bacarığını və prinsipiallığını
yüksək qiymətləndirmiş, mənzil tikintisinin sürətləndirilməsində
Sadıq Rəhimovun əməyini xüsusi
olaraq qeyd etmişdi.
1964-cü ildə 500 min kvadratmetrə yaxın mənzil sahəsinin
istismara verilməsi, paytaxt
Bakıya gözəllik verən kinoteatr,
məktəblər, uşaq
bağçaları və s. obyektlər
Sadıq Rəhimovun yorulmaz fəaliyyətinin
nəticəsi idi. Elmlər
Akademiyasının əsas binası, onun fizika və kimya
institutları, Politexnik İnstitutunun
yeni korpusları, sirk
və kinostudiya binaları, Yaşıl Teatr, Respublika Xəstəxanasının
iki korpusu,
Mirqasımov adına mərkəzi uşaq
xəstəxanası, Onkologiya İnstitutu və s. binalar məhz Sadıq Rəhimovun
Bakının Baş Tikinti
İdarəsinin rəisi olduğu
dövrdə istifadəyə verilmişdir.
Bakı Baş Tikinti İdarəsinin əldə etdiyi nailiyyətlərə görə,
Sadıq Rəhimov və bir qrup inşaatçı Ali
Sovetin Rəyasət Heyətinin Fəxri Fərmanına,
“Əməkdar inşaatçı” və “Əməkdar
mühəndis” fəxri adlarına layiq görülmüşdür.
Görkəmli
dövlət xadimi Sadıq Rəhimovun fəaliyyətinin
böyük bir dövrü isə ölkəmizdə sənayenin
inkişafı ilə bağlı olmuşdur.
Sadıq Rəhimov 1942-1946-cı illərdə
Azərbaycan SSR toxuculuq sənayesi nazirinin müavini,
1946-1949-cu illərdə toxuculuq sənayesi
naziri, 1949-1952-ci illərdə isə Azərbaycanın
yüngül sənaye naziri
kimi rəhbər vəzifələrdə
işləmiş, sənayenin inkişafına mühüm
töhfələr vermişdir.
Sonrakı illərdə
bir çox məsul vəzifələrdə
çalışmış Sadıq Rəhimov 1965-ci ildə
yenidən Azərbaycan SSR yüngül sənaye
naziri təyin olunmuşdur.
Bu gün tərəddüdsüz demək olar ki, 1965-1975-ci illərdə
Azərbaycan SSR Yüngül Sənaye
Nazirliyinə başçılıq etmiş
Sadıq Rəhimovun Azərbaycanda yüngül
sənayenin sürətli inkişafında, bu
sahədə çoxsaylı müəssisələrinin
yaradılmasında xüsusi xidmətləri
olmuşdur.
Yüngül sənaye sahəsində fəaliyyət
göstərdiyi uzun illər ərzində
Sadıq Rəhimov bu sahədə bir sıra struktur dəyişikliklərin
həyata keçirilməsinə, zavod və
fabriklərdə texnoloji proseslərin
yaxşılaşdırılmasına və modernləşdirilməsinə,
müəssisələrin müasir avadanlıqlarla təmin olunmasına, əməyin
düzgün təşkilinə və
ixtisaslı kadrların hazırlanmasına nail
olmuşdur. Onun səmərəli
fəaliyyətinin nəticəsində yüngül
sənaye sahəsində məhsul istehsalının həcmi və
çeşidi artmış, təcrübəli
mütəxəssislər yetişmişdir.
Sadıq Rəhimov
özünə və başqalarına yüksək tələbkarlığı,
insanlara həssas, qayğıkeş
münasibəti ilə seçilən kadrlardan
idi. O, yüksək intellektual
keyfiyyəti, təşkilatçılıq qabiliyyəti,
işgüzarlığı, təşəbbüskarlığı
ilə hamının hörmətini qazanmışdı.
Sadıq Rəhimov həm də əsl vətənpərvər
idi. Uzun müddət
yüksək vəzifələrdə
çalışmış Sadıq Rəhimov Azərbaycan dilinin geniş tətbiq
edilməsinə, dövlət müəssisələrində
kargüzarlığın ana dilində
aparılmasına xüsusi önəm verirdi.
O, dəfələrlə
Azərbaycan KP MK və onun bürosunun, Azərbaycan SSR Ali
Soveti və onun rəyasət
heyətinin üzvü olmuş,
Azərbaycan və SSRİ Ali sovetlərinin
deputatı seçilmiş, plenum, konfrans, qurultay və sessiyalarda
nümayəndə kimi iştirak
etmişdir.
Sadıq Rəhimovun əmək
fəaliyyəti yüksək qiymətləndirilmiş, o, “Lenin”,
“Qırmızı Bayraq”,
“Qırmızı Əmək Bayrağı”, “Şərəf
nişanı” kimi orden
və medallarla təltif edilmişdir.
Sadıq Rəhimov
1975-ci il iyunun 11-də
Bakı şəhərində vəfat etmiş
və Fəxri Xiyabanda dəfn olunmuşdur.
Tanınmış
dövlət xadimi, vətənpərvər
insan, Azərbaycanın sosial-iqtisadi
inkişafında xidmətləri olmuş
Sadıq Rəhimovun səmərəli fəaliyyəti, sənayenin
inkişafındakı xidmətləri bu gün də ehtiramla
xatırlanır. Təsadüfi deyildir
ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev Sadıq Rəhimovun uzun illər
müxtəlif vəzifələrdə səmərəli xidmətlərini,
Azərbaycan hökumətinin rəhbəri kimi
təqdirəlayiq fəaliyyətini nəzərə alaraq 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam
imzalamışdır. Bu, görkəmli
dövlət xadiminin xatirəsinə
göstərilən ehtiram, onun əməyinə verilən yüksək
qiymətdir.
Sevinc HƏSƏNOVA,
iqtisadiyyat və sənaye nazirinin müavini
Xalq qəzeti.- 2014.- 23 sentyabr.- S.7.