Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi və informasiya təhlükəsizliyi problemi
Avqust ayının əvvəlində Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində müşahidə olunan gərginlik cəlb olunduğumuz münaqişənin real vəziyyəti və həlli perspektivləri ilə bağlı dərin elmi-analitik təhlillərin aparılmasını, bu prosesdə geopolitik vəziyyətin, beynəlxalq konyukturanın və dünyada güc balansının köklü olaraq nəzərə alınmasını, atılması mümkün olan diplomatik və hərbi-siyasi addımların risk və faydalılıq əmsalının dəqiq hesablanmasını, xüsusilə, informasiya təhlükəsizliyi sahəsində mövcud durumun əlahiddə olaraq qiymətləndirilməsini zərurətə çevirmişdir. “İnformasiya əsri” kimi qəyərləndirilən XXI yüzillikdə sonuncu amilin xüsusi çəkiyə malik olduğu danılmaz həqiqətdir.
Digər
həqiqət isə ondan ibarətdir ki, müasir münaqişə
və müharibələrdə ilkin zəfər
meydanı kimi “hərbi cəbhə” deyil, “informasiya cəbhəsi”
çıxış edir. İkincidə qalib gələn, elə birincidə də “zəfər çələngi”nı
boynuna taxır. Bu, artıq müasir dünyamızın təkzibedilməz
aksiomuna çevrilmişdir.
Bu baxımdan Almaniya politoloji fikrinin
daşıyıcılarının aşağıdakı
mühakiməsi kifayət qədər məntiqli və ibrətamizdir:
“Vacib informasiyaya malik olmaq hakimiyyətə
malik olmaq deməkdir. Vacib informasiyanı qeyri-vacib
informasiyadan ayırmağı bacarmaq ikiqat hakimiyyətə
malik olmaq deməkdir. Vacib informasiyanı yaymaq və
ya yaymamaq qabiliyyəti
isə üçqat hakimiyyətə malik olmaq deməkdir.” Deməli,
istənilən situasiyanın, xüsusilə də hərbi
münaqişə vəziyyətinin qalibi
statusuna yüksəlmək üçün informasiya
məkanında son dərəcə tədbirli,
çevik, ağıllı məsuliyyətli və peşəkar
olmaq lazımdır. Bu
reallığa məhəl qoymayan tərəfin
üzləşdiyi situasiyanın məğlubu statusuna enişi
qaçılmaz olur.
Elə bu məntiqə söykənərək qeyd edək ki, Ermənistanın
Azərbaycanla dövlət sərhəddində və
qoşunların təmas xəttində törətdiyi
növbəti hərbi insident, bir tərəfdən Azərbaycan Ordusunun qüdrətini və sarsılmaz döyüş
ruhunu, erməni ordusunun isə acizliyini və zəifliyini
nümayiş etdirsə də, digər tərəfdən həmin
hadisələr fonunda ölkəmizin informasiya təhlükəsizliyinin təminatı
sahəsində bir sıra qüsur
və nöqsanların olduğu
reallığını da üzə
çıxardı. Hakimiyyətin operativ
reaksiyası özünü çox gözlətmədi. Avqustun 29-da
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri, akademik
Ramiz Mehdiyevin yanında
dövlət orqanlarının informasiyanın verilməsinə
məsul struktur bölmələrinin və
kütləvi informasiya vasitələri rəhbərlərinin
müşavirəsi keçirildi. Müşavirədə geniş
məruzə ilə çıxış edən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev
vurğuladı ki, kütləvi informasiya vasitələrinin rəhbərləri
və dövlət orqanlarının rəsmi şəxslərinin
iştirakı ilə keçirilən toplantının əsas
məqsədi Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi ilə
bağlı bir sıra aktual
məsələləri müzakirə etmək və mövzu ətrafında fikir
mübadiləsi aparmaqdır.
Akademik Ramiz Mehdiyevin dərin
məzmunlu nitqi bir
sıra mühüm dövlət əhəmiyyətli
tezis və istiqamətverici mühakimələrin
irəli sürülməsi ilə yadda
qaldı. Daha dəqiq desək, Ramiz müəllim əvvəla, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli tərəqqi
dövrünü
yaşadığını, beynəlxalq nüfuzunun
gündən-günə yüksəldiyini qeyd
etmiş, ölkədə demokratik
islahatların, vətəndaş cəmiyyəti quruculuğunun daha da dərinləşdirilməsi sahəsində
mühüm nailiyyətlər əldə
olunduğunu vurğulamış, həmçinin
söz və məlumat
azadlığının, kütləvi informasiya
vasitələrinin inkişafı istiqamətində həyata
keçirilən dövlət siyasətinin uğurlarından
danışmışdır.
İkincisi, R.Mehdiyev
vurğulamışdır ki, Azərbaycanın
müasir inkişafı, güclü
və yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilməsi, regionda aparıcı rolu, qlobal siyasətdə, beynəlxalq təşkilatlar
çərçivəsində nümayiş
etdirdiyi fəallıq müəyyən xarici qüvvələrin, xüsusilə də
Ermənistanın, erməni lobbisinin və
onun maraqlarını təmsil edən
ayrı-ayrı dairələrin ciddi
narahatlığına səbəb olmuşdur.
Azərbaycanın mövcud tolerant mühitindən, ölkədəki demokratik ab-havadan, hakimiyyətin
humanist siyasətindən sui-istifadə edən
bu dairələr və bəzi daxili qruplar cəmiyyəti
çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, ölkəmizin
əldə etdiyi mühüm
uğurları ləkələmək üçün
ciddi səy göstərirlər. Müxtəlif xarici anti-Azərbaycan
dairələrin və onların nəzarətində olan daxili qrupların təxribatçı
fəaliyyəti heç zaman
hakimiyyəti öz iradəsindən,
müstəqil siyasətindən çəkindirməyəcək,
cəmiyyəti müəyyən olunmuş
inkişaf yolundan, strateji seçimindən geri
döndərməyə nail
olmayacaqdır. Bundan sonra
da Azərbaycanın milli
maraqlarına və qanunvericiliyinə zidd
fəaliyyətə görə müvafiq
ölçü götürüləcəkdir.
Üçüncüsü, Prezident
Administrasiyasının rəhbəri kifayət qədər sərt
və qətiyyətli şəkildə bildirmişdir
ki, avqustun əvvəlində
Ermənistan-Azərbaycan dövlət sərhədində və
qoşunların təmas xəttində müşahidə olunan gərginlik bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə internet resurslarının qanunvericiliyin
tələblərinə zidd və
qeyri-peşəkar fəaliyyətini, habelə aidiyyəti
dövlət orqanlarının informasiyanın verilməsinə
məsul olan struktur
bölmələrinin öz
funksiyalarını lazımi qaydada yerinə
yetirə bilməməsini açıq nümayiş
etdirmişdir. Ramiz Mehdiyev
cəbhə xəttində vəziyyət barədə
yanlış məlumatlar, hərbi hissələrimizin
dislokasiyası və hərəkəti, həlak olmuş hərbçilərin sayının süni şəkildə şişirdilməsi
və bu mövzuda
müxtəlif spekulyativ informasiyaların
yayılması, cəbhə bölgəsində yaşayan əhali və ölkə
ictimaiyyəti arasında çaşqınlıq yaratmaq cəhdləri, düşmənin
maraqlarına xidmət edən məlumatların
sızdırılması və s. barədə
konkret faktlar göstərmişdir.
Dördüncüsü, informasiya təhlükəsiliyinin
təmin olunması sahəsində buraxılan qüsur və
nöqsanların tez bir
zamanda aradan
qaldırılmasının təxirəsalınmaz vəzifə
olduğunu vurğulayan
akademik xəbərdarlıq etmişdir ki, dövlətin
hərbi, xarici-siyasi, iqtisadi,
kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış
fəaliyyəti ilə bağlı, dövlət tərəfindən
mühafizə edilən və yayılması Azərbaycan
Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlar
dövlət sirri kateqoriyasına şamil edilir və
onların ictimailəşdirilməsi qanuna
müvafiq məsuliyyət yaradır.
Beynəlxalq praktikada belə hallarda qanunvericiliyin tələblərinə
uyğun sanksiyaların tətbiq olunduğunu diqqətə çatdıran Ramiz Mehdiyev demişdir: “Formasından və
məzmunundan asılı olmayaraq, Azərbaycanın
müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya
quruluşu əleyhinə istənilən
qəsdə və ya qəsd cəhdlərinə,
o cümlədən cəmiyyətin informasiya təhlükəsizliyini və milli maraqlarını təhdid edən hallara qarşı hüquqi
çərçivədə zəruri addımlar
atılmalıdır və xəbərdarlıq edirəm ki, bundan sonra
da atılacaqdır”.
Nəhayət,
akademik çıxışının sonunda müasir dövrdə
medianın ən mühüm
funksiyalarından birinin də milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları,
cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etmək olduğunu vurğulamışdır. Natiq qeyd
etmişdir ki, vətənpərvərlik,
milli dövlətçiliyə sədaqət,
milli maraqlar uğrunda prinsipiallıq KİV-lərin fəaliyyətinin
başlıca prinsiplərini təşkil etməlidir.
KİV-lər cəmiyyətdə, xüsusilə gənc nəsil
arasında Vətənə sevgi hissləri,
insanlara mənəvi saflıq
aşılamalı, onlarda əsl vətəndaşlıq
mövqeyinin formalaşmasına dəyərli
töhfəsini verməlidir. Son 11 ildə Azərbaycanın hər bir
vətəndaşın fəxr edə biləcəyi inkişaf yolu keçdiyini diqqətə çatdıran Ramiz Mehdiyev bildirmişdir ki, KİV-lər
ölkədə görülən işləri, Azərbaycan Prezidentinin həyata keçirdiyi
uğurlu siyasəti daha
geniş və obyektiv
şəkildə işıqlandırmalıdırlar.
Heç şübhəsiz, ərazi bütövlüyümüzün bərpası
bütün istiqamətlərdə, o cümlədən informasiya
cəbhəsində güclü
olmağımızdan son dərəcə
asılıdır. Bu halda
güclü və qüdrətli Azərbaycanın
haqq işinin beynəlxalq
birlik tərəfindən layiqincə dəyərləndiriləcəyi
şübhə doğurmur. Bu gün dünyada
“güclü haqlıdır” məntiqinin
işlədiyini nəzərə alaraq,
davamlı şəkildə güclənmək xəttimizi daha da möhkəmləndirməliyik.
Yalnız bu halda Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
həlli missiyasını üzərinə götürən
ATƏT-in Minsk qrupunun
ədalətin bərpasına yönəlik siyasətinin
formalaşmasının şahidi ola bilərik. Hal-hazırda isə bu qurumun fəaliyyəti sanki münaqişəni həll etməyə deyil, onun müharibəyə
çevrilməsinin qarşısını almağa
yönəlmişdir. Elə bu səbəbdən
də “nə sülh,
nə də müharibə vəziyyəti”nin də artıq 20 yaşı tamam olmuşdur. Əslində,
müharibə davam etməkdədir, lakin onu aktiv
hərbi fazasında atəşkəsdir. Ermənistanın
silahlı qüvvələrinin cəbhə bölgəsində
atəşkəsi mütəmadi olaraq
pozması, xüsusilə də iyul-avqust
aylarında geniş hərbi insident törətməsi müharibənin istənilən
anda başlanmasının mümkünlüyünün
göstəricisidir. 1992-ci ilin mart ayında yaradılmış və
münaqişənin tənzimlənməsində vasitəçi
missiyasını yerinə yetirən ATƏT-in Minsk
qrupu isə permanent atəşkəsdə
israrlıdır. Ermənistan da eyni müvəffəqiyyətlə həmin israrları davamlı olaraq
qulaqardına vurmaqda davam
edir. Yeri gəlmişkən,
ATƏT-in Minsk qrupunun
nəticə baxımından bir çox hallarda fəaliyyətsizlik
kimi təsir bağışlayan “fəaliyyəti”nin
də bu ilin mart ayında 22 yaşı tamam
olmuşdur.
1999-cu
ildən bəri təxminən
50 dəfəyə qədər münaqişənin həlli
ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin
görüşünü təşkil edən
ATƏT-in Minsk qrupunun
nəticə baxımından öyünməyə haqqı yoxdur. Əvvəllər dəfələrlə
olduğu kimi, elə indi
də ATƏT-in bəyan etdiyi mövqeyə
görə, münaqişə tərəfləri özləri
tənzimlənmə prosesində real
addımlar atmalıdırlar. ATƏT isə istənilən
razılaşmanı dəstəkləyəcəkdir. Qəribə
məntiqdir. Əgər doğrudan da münaqişə tərəfləri vasitəçi
olmadan razılığa gəlmək
iqtidarındadırsa, onda ümumiyyətlə
ATƏT-ın Minsk qrupu
nəyə lazımdır? Təəssüf ki,
münaqişənin həlli prosesi ilə
bağlı acı reallıq belədir.
Təsadüfi
deyildir ki,
ABŞ-ın Con Hopkins
Universitetinin Qafqaz Araşdırmaları
mərkəzindən Svante Kornell
də bu fikirlərlə razıdır ki, artıq indiki formatda danışıqları davam etdirməyin əhəmiyyəti yoxdur. Çünki Minsk qrupu, ATƏT bütün imkanlarını tükətmişdir,
Ermənistanı işğaldan geri
addım atmağa sövq
edə biləcək rıçaqlara malik
olmadığını çoxdan sübut etmişdir.
Ümumiyyətlə, ATƏT özü
beynəlxalq institut kimi,
hazırda iflic olunmuş
durumdadır. Rusiya təşkilatın Avropada insan haqları və
təhlükəsizliklə bağlı fəaliyyətini məhdudlaşdırmağa
çalışır və 2013-cü ilin
əvvəlində onun illik
büdcəsinə veto qoymuşdu.
Deməli, ATƏT-in və onun
Minsk qrupuna həmsədrlik
edən dövlətlərin Dağlıq Qarabağ
münaqişəsinin tənzimlənməsi ilə
bağlı vasitəçiliyində 22 uğursuz
ildən sonra hansısa dönüş
yaranacağını gözləmək sadəlövhlük
olardı.
Münaqişənin
tənzimlənməsində maraqlı olduğunun
görüntüsünü yaratmaq və növbəti dəfə beynəlxalq
ictimai fikri aldatmaq məqsədilə Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan Prezidenti
İlham Əliyevlə 2008-ci ilin iyun ayında Sankt-Peterburqda, noyabr
ayında Moskvada, 2009-cu ilin
yanvar ayında Sürixdə, may ayında
Praqada, iyun ayında Sankt-Peterburqda, iyul
ayında Moskvada, oktyabr
ayında Kişinyovda, noyabr
ayında Münhendə, 2010-cu ilin yanvar ayında Soçidə, iyun
ayında Sankt-Peterburqda, oktyabr
ayında Həştərxanda və 2011-ci ilin
mart ayında və 2012-ci ilin
yanvar ayında yenidən Soçidə,
2013-cü ilin noyabr
ayında Vyanada və 2014-cü ilin avqust ayında Soçidə və sentyabr ayında Nyuportda
görüşsə də, tutduğu ənənəvi
qeyri-konstruktiv mövqe
ucbatından problemin həllində real nəticə hasil
olmamışdır.
2008-ci il mart ayının 1-2-də Ermənistanda prezident
seçkilərinin nəticələrinin total
şəkildə pozulmasına etiraz edən
dinc əhalinin Serj Sarkisyan iqtidarı tərəfindən gülləbaran
edilməsi, nəticədə
10 nəfərin öldürülməsi və 200 nəfərin
yaralanması faktı beynəlxalq birliyə məlumdur. O da məlumdur ki, Serj Sarkisyan hakimiyyətinin
ölkə daxilində avtoritar idarəetmə
üsuluna, ölkə xaricində isə
təcavüzkar siyasətinə beynəlxalq birlik
hələ də göz yumur
və bununla da cəzasızlıq
rejiminin yaranmasına şərait
yaranır. İstənilən halda cəzasızlıq
rejimi işğalçını yeni-yeni cinayətlərə sövq edir. XX əsrdə
Avropa iki dünya müharibəsinin timsalında bu həqiqətin dəhşətli fəsadlarını
yaşamışdır.
Elə
məhz bu cəzasızlıq mühitindən
qaynaqlanaraq Ermənistan prezidenti
Serj Sarkisyan hələ
də keçən əsrin 80-ci illərinin
ritorikasını xatırladan bəyanatlar verməkdə davam edir.
İşğalçı dövlətin rəhbərinin
mövqeyinə görə, Dağlıq Qarabağ heç bir halda Azərbaycanın
tərkibində qala bilməz. Terrorizmi dövlət siyasəti səviyyəsinə
qaldırmış ölkənin prezidentinin
fikrincə, Türkiyə-Ermənistan münasibətlərinin
normallaşdırılması və
Dağlıq Qarabağ münaqişəsinin
tənzimlənməsi prosesləri əlahiddə olaraq aparılmalı və burada
heç bir paralellikdən
söhbət gedə bilməz.
Halbuki, hər iki prosesin həlli bir-biri ilə
son dərəcə bağlıdır. Burada cox ciddi
səbəb-nəticə əlaqəsi vardır. Ermənistanın silahlı qüvvələrinin
1993-cü ildə Azərbaycanın Dağlıq Qarabağ ərazisinin hüdudlarından kənardakı
Kəlbəcər rayonunu işğal
etməsinə (səbəb) cavab olaraq Türkiyə həmin ildə bu ölkə ilə sərhədlərini
bağlamışdır (nəticə). Türkiyənin
Baş naziri
R.T.Ərdoğanın təbirincə desək, yalnız səbəb
aradan qaldırıldığı halda nəticə də öz
həllini tapa bilər. ATƏT-in
Minsk Qrupunun həmsədri
olan dövlətlərin himayəsi və
təzyiqi altında 2009-cu il oktyabrın
11-də Türkiyə və Ermənistan xarici
işlər nazirləri Ə.Davudoğlu
və E.Nalbandyan arasında
imzalanmış “Sürix
protokolları”nın Türkiyə Böyük
Millət Məclisində ratifikasiyasının baş tutmaması da, əsasən bu səbəblə
bağlıdır.
Xatırladaq ki, Ermənistanın konstitusiya
məhkəməsinin protokolların mətnində etdiyi qeyri-qanuni və məsuliyyətsiz
düzəlişlər rəsmi Ankaranın kəskin
etirazına səbəb olmuşdu. Ermənistan prezidenti Serj Sarkisyanın Vaşinqton-Paris
marşurutunun ardınca siyasi
məsləhətləşmələr üçün
Moskvaya yollanması və geri
qayıtdıqdan sonra—2010-cu il aprelin 22-də ölkəsinin
protokolların ratifikasiyasını təxirə salması ilə
bağlı bəyanat verməsi bu prosesin tam olaraq
dalana dirəndiyini və perspektivsizliyini
növbəti dəfə təsdiqlədi.
(ardı var)
Elman NƏSİROV,
Yeni Azərbaycan Partiyası beynəlxalq əlaqələr komissiyasının katibi,
siyasi elmlər doktoru, professor
Xalq qəzeti.- 2014.- 23 sentyabr.- S.6.