Azərbaycanı
layiqincə təmsil edən ziyalımız
Haqqında
söz demək istədiyim şəxsin portretinin
tamamlanmasına xidmət edən üç məqam:
2008-ci ilin mart ayı. Bakıda
“Bakıxanovların ekran təcəssümü” adlı
kitabın təqdimat mərasimi keçirilir. SSRİ xalq
artisti, akademik Arif Məlikov Bakıxanovlar nəslinin görkəmli
simaları haqqında olan nəşr materiallarının beynəlxalq
aləmə çıxarılması zərurətini
vurğulayır və təklif edir ki, bu məsələ
konkret olaraq bir şəxsə həvalə edilsin. Akademik Bəkir
Nəbiyev deyir: – Fikrimcə, bu işi lazımınca yerinə
yetirə biləcək alimimiz Elçin İsgəndərzadədir.
Ətraf ölkələrdə elə bir qəzet-jurnal
redaksiyası, yaradıcı birlik yoxdur ki, orada Elçin
İsgəndərzadənin dostu – tanışı olmasın.
O, xaricdə Azərbaycan elmini, ədəbiyyatını
tanıtmaq üçün kifayət qədər səy
göstərib. İnanıram ki, bu işin öhdəsindən
gələr.
2012-ci ilin iyun ayı. İstanbulun və
bütövlükdə Türkiyənin ən böyük
konsert və konqres sarayı kimi tanınan Lütvi Kirdar
sarayı. Peyğəmbər (salavatullah) nəslindən olan
böyük şair, filosof,
görkəmli xeyriyyəçi və din xadimi Əs-Seyyid
Osman Hülusi Darendeviyə həsr edilmiş beynəlxalq
simpoziumda Türkiyədən, İraqdan, Pakistandan,
Makedoniyadan, Şimali Kiprdən olan alimlər yaxınlaşaraq Azərbaycan
nümayəndə heyətinin üzvü Elçin İsgəndərzadə
ilə qardaş kimi görüşür, dostcasına
qucaqlaşır və səmimi söhbət edirlər. Bu
görüşlərin mənasını Türk Dünyası
Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası
Ankara bürosunun sədri, professor Hayretdin İvgin özünəməxsus
şəkildə izah edir: “Elçin bəy bütün Şərq
xalqlarının elm ictimaiyyəti arasında
tanınmış alimdir. Onun Azərbaycanı
təmsil etdiyi ünvanların
siyahısında Avropanın və Asiyanın 30-dan
çox ölkəsi var. Odur ki, xarici alimlərin Elçin bəyin
başına toplaşmasını tam təbii
qarşılayın”.
2013-cü ilin dekabr ayı. Səudiyyə
Ərəbistanının Ər-Riyad şəhəri. “Səudiyyə Ərəbistanı,
Azərbaycan və Orta Asiya ölkələri arasında
iqtisadi əməkdaşlığın perspektivləri”
adlı konfransa toplaşmışıq. Orta Asiya ölkələrini
təmsil edən jurnalistlərdən biri - Özbəkistan
Xarici İşlər Nazirliyinin internet xəbərlər
buraxılışının baş redaktoru olan həmkarımız
mənim azərbaycanlı olduğumu biləndə professor
Elçin İsgəndərzadəyə salamlar söyləməyimi
xahiş etdi və vurğuladı ki, Elçin bəy türk
xalqları arasında ədəbi əlaqələrin möhkəmləndirilməsinə
xüsusi töhfələr verən, qeyri-adi enerjiyə malik
bir ziyalıdır.
1964- cü ilin
sentyabrında Azərbaycanın
dilbər guşələrindən olan Şuşa şəhərində
anadan olub və orta məktəbi Ağdam şəhərində
qızıl medalla bitirən Elçin İsgəndərzadə
adlı təqaüdçü kimi təhsil aldığı
Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini də fərqlənmə diplomu ilə
başa vurub. Tələbəlik illərində Azərbaycan
ali məktəb tələbələrinin ümumrespublika elmi
konfranslarında beş dəfə birinci dərəcəli
diploma layiq görülüb.
Omsk şəhərində,
M.Bauman adına Moskva Ali Texniki Məktəbdə,
Sankt-Peterburq Texniki Universitetində, A.Sneckaus adına Vilnüs
Politexnik İnstitutunda, Tallinn Politexnik İnstitutunda tələbələrlə
bağlı keçirilən çoxsaylı elmi tədbirlərin
iştirakçısı və qalibi olub.
Gənc alim 1986 -cı ildə Moskva şəhərində
Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin
qızıl medalına layiq görülüb. İlk elmi
ixtirası Bakı Məişət Kondisionerləri zavodunda
istehsalata tətbiq olunub və ildə 1,2 milyon rubl iqtisadi səmərə
verib. Minsk Politexnik İnstitutunda kecirilən Ümumittifaq Tələbə
Elmi Konfransının diplomantı olub. 1989-cu ildə “Maşın və mexanizmlər nəzəriyyəsi”
ixtisası üzrə Azərbaycan Texniki Universitetinin
aspiranturasına qəbul olunub. 1989-2007-ci illərdə
dünyanın müxtəlif ölkələrində
keçirilmiş 100-dək beynəlxalq, regional və
respublika miqyaslı elmi qurultay, konqres, simpozium və
konfransların iştirakçısı olub. 1991-ci ildə Qırğızıstanın
paytaxtı Bişkek şəhərində keçirilən
“Dəyişən quruluşlu mexanizmlər texnikada” beynəlxalq
elmi konfransında Azərbaycanı təmsil edib. 1993 -cü
ildə namizədlik dissertasiyası müdafiə edib və
texnika elmləri namizədi alimlik dərəcəsi alaraq
bu ixtisas üzrə
keçmiş İttifaqın və Azərbaycanın ən gənc
alimi olub.
Elçin İsgəndərzadə 1994 -cü ildə “VEKTOR” Beynəlxalq
Elm Mərkəzini təsis edib. 2001-ci ildə doktorluq
dissertasiyası müdafiə edərək, texnika elmləri
doktoru və professor olub. O, eyni zamanda, filologiya elmləri
doktorudur. 2002-ci ildə Nyu-York Elmlər
Akademiyasının, 2003-cü
ildə isə Rusiya Təbiət
Elmləri Akademiyasının həqiqi üzvü seçilib. “BAYATI” beynəlxalq
ədəbi-sənət
jurnalını təsis
edib və baş redaktoru olub. Daha sonra “VEKTOR” beynəlxalq elm
jurnalını təsis edib və baş redaktoru seçilib,
“VEKTOR” nəşrlər evini təsis edib. “Nizamidən Yunis
İmrəyə – Atatürkdən Heydər Əliyevə
uzanan sevgi yolu” beynəlxalq simpoziumunun təşkilat komitəsinin
həmsədri olub.
Kitabları dünyanın 12 ölkəsində
(İran, Türkiyə, Şimali Kipr, Ukrayna,
Qırğızıstan, Qazaxıstan, Rusiya, Suriya,
Bolqarıstan, Rumıniya, Gürcüstan, Albaniya) yerli
xalqların dillərinə çevrilərək çap olunub. Avrasiyanın bir
sıra ölkələrində yaradıcı birliklərin
üzvü olsa da, Azərbaycan Yazıçılar Birliyinin
üzvü olması ilə daha çox fəxr edir. Prezident
yanında Ali Attestasiya Komissiyasının üzvü, Prezident
mükafatçısıdır.
Elçinin poetik düşüncələrinin
toplandığı “Qürbət hücrəsində”
adlı kitabı onun ədəbi kimliyini təsdiq edirsə, tanınmış
yazıçı, əməkdar jurnalist Qərib Mehdinin bu il
işıq üzü görmüş, ədəbi
fraqmentlərdən ibarət “Elçin - el üçün”
kitabı onun insan kimi, fərd kimi müsbət keyfiyyətlərinin açılması
baxımından dəyərlidir.
İzmirli professor Fəyyaz Sağlamın
2012-ci ildə öz şəhərində, “KIBATEK
Yayınları”nın xətti ilə ərsəyə gətirdiyi
“Lalələr, lalələr, lalələr” (Güldəstə)
kitabının elə üz qabığındaca belə bir
qeyd var: (Professor-dr. Elçin
İsgəndərzadəyə ərməğan). Fəyyaz Sağlamın Elçin
İsgəndərzadəyə həsr olunmuş “Bir tar səsi
gəlir uzaqdan...” adlı şeirindən bir bəndə nəzər
salaq:
Bir tar səsi gəlir uzaqlardan,
Çalan
bizdən, dinləyən
biz.
Kıyısında bir iç dəniz,
Adı Hazar,
halkı biziz...
Elə
məşhur ilahiyyatçı
alim və tanınmış şair
Osman Başın “Xarı bulbul” şeirlər
kitabı da Elçin İsgəndərzadəyə
ithaf olunub. Osman bəyin kitabda verilmiş “Bir neçə söz” adlı yazısında Elçinin
Şuşa həsrəti
Anadolu türkünün
qələmi ilə bu şəkildə ifadə olunur: “ Şimdi (məqalə
aprelin 30-da qələmə
alınıb) Şuşada
- Cıdır Ovasında
Harı Bülbül də ermənilərin işğalı altındadır.
Öz sahiplerine hasretdir”. Şairin kitabın sonunda verilmiş
“Bizi kimsə böləməz”şeiri isə
istənilən işğalı
və münaqişəni
rədd edə biləcəyimizə işarədir.
Ankarada
çıxan “İhlamur”
adlı mədəniyyət,
incəsənət və
ədəbiyyat jurnalının
18-ci nömrəsində professor Elçin İsgəndərzadəyə
həsr olunmuş əhatəli bir material verilmişdir. Burada soydaşımızın
türk dünyasının
elminə və ədəbiyyatına verdiyi
töhfələr sadalanmış,
bu geniş məkanın ən ünlü sənətçiləri
ilə birlikdə keçirilən tədbirlərdə
çəkilmiş xeyli
şəkillər verilmişdir.
Yeri
gəlmişkən, Elçin
İsgəndərzadə də
türkiyəli dostlarımıza
“borclu qalmır”. Onun redaktorluğu ilə ,
“Türk birliyi!!!” şüarı ilə nəşr olunub yayılan “Bayatı” beynəlxalq sənət jurnalının bütün
nömrələrində türk dünyasının ən
müxtəlif qütblərini
təmsil edən görkəmli insanların
yazıları və ya onlar haqqında
məqalələr verilir.
Yəni, özbəkistanlı
dostumuzun dediyi kimi, Elçin İsgəndərzadə, sözün
həqiqi mənasında,
türk dünyasının
elminə və ədəbiyyatına, ədəbi-mədəni
əlaqələrinin daha
da genişlənməsinə xüsusi
töhfələr vermiş
ziyalı soydaşımızdır.
O, ömrünün geridə
qalan əlli ilində sıravi bir ziyalının təxminən yüz ildə görə biləcəyi işləri
reallaşdırıb.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2014.- 25 sentyabr.- S.6.