Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
və informasiya təhlükəsizliyi problemi
(əvvəli qəzetin 23 sentyabr 2014-cü il tarixli
sayında)
Regionda baş
verən proseslərin mənfi inkişaf tendensiyasına
baxmayaraq, Azərbaycan tərəfi münaqişənin tənzimlənməsi
ilə bağlı ATƏT-in Minsk qrupunun 2004-cü ildə
start verdiyi “Praqa prosesinə” sadiqdir. Bu proses çərçivəsində
münaqişənin “mərhələli həll” yolu ilə tənzimlənməsi nəzərdə
tutulmuşdur. Bu prosesin davamı olaraq
2007-ci ilin noyabr
ayında ATƏT-in Minsk qrupu
münaqişənin həlli ilə bağlı “Madrid prinsipləri”ni irəli sürmüşdür.
Azərbaycan və Ermənistan tərəfləri
bir neçə dəfə bu prinsiplərlə bağlı təkliflərini
irəli sürmüş və son nəticədə sənədin yeni variantı 2009-cu ilin dekabr ayında hazırlanaraq münaqişə
tərəflərinə təqdim olunmuşdur.
Sənədə əsasən, münaqişənin
tənzimlənməsi prosesinin birinci mərhələsində Dağlıq
Qarabağın hüdudlarından kənarda işğal
altında olan 7 Azərbaycan rayonunun (Kəlbəcər, Ağdam,
Füzuli, Cəbrayıl, Zəngilan,
Qubadlı və Laçın) azad
olunması, məcburi köçkünlərin
öz yurd-yuvasına qaytarılması,
bölgədə beynəlxalq sülhməramlıların
yerləşdirilməsi, ərazilərin minalardan
təmizlənməsi, kommunikasiyaların bərpası və iki xalqın təhlükəsizlik şəraitində
yaşamasını təmin edən digər addımların
atılması nəzərdə tutulmuşdur.
Yalnız növbəti mərhələdə Dağlıq
Qarabağın statusunun müəyyənləşdirilməsi
məsələsinə baxılacağı sənəddə
əks olunmuşdur. Konfidensial
xarakterli “Madrid prinsipləri”ndən
geniş ictimaiyyət üçün
məlum olan müddəları bunlardan ibarətdir.
Azərbaycan tərəfi
yenilənmiş “Madrid prinsipləri”nin bir sıra nüanslarından narazı qalsa da, münaqişənin
həlli naminə prinsip etibarilə sənədi
qəbul etməyə hazır olduğunu bildirmişdir. Bununla da Azərbaycan növbəti dəfə konfliktin həlli prosesində konstruktiv
mövqe nümayiş
etdirmişdir. Azərbaycanın bu mövqeyi Ermənistanı
çıxılmaz vəziyyətə salmışdır. Rəsmi
Yerevan problemin həlli
yolları deyil, onun
yenidən mürəkkəbləşdirilməsi ilə
bağlı ssenarilər üzərində baş
sındırır. Məqsəd permanent
danışıqlar yolu ilə
status-kvonu—Azərbaycan torpaqlarının işğal
altında saxlanılması vəziyyətini qoruyub
saxlamaqdan ibarətdir.
Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfinin
münaqişənin həlli yolları ilə bağlı mövqeyi dəyişməzdir. Həmin mövqe Azərbaycan Prezidenti
İlham Əliyev tərəfindən dəfələrlə
bəyan edilibdir. Həmin
mövqeyə görə, Azərbaycan dövləti
münaqişənin beynəlxalq hüquq
prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində
və Dağlıq Qarabağın ermənilərinə
respublikamızın hüdudları daxilində ən yüksək
muxtariyyət statusu verilməsi yolu ilə həllini dəstəkləyir.
Azərbaycan üçün bu çərçivədən kənarda hər
hansı bir həll yolu
qəbuledilməzdir. Münaqişənin həlli ilə
bağlı bu yanaşma
tərzi Azərbaycanın prinsipial mövqeyinin ifadəsidir.
Münaqişənin
həlli ilə bağlı danışıqlar prosesinin Ermənistanın qeyri-konstruktiv
mövqeyi ucbatından nəticəsiz
qalmasına baxmayaraq, o
hələ ki, davam
etdirilməkdədir. Ermənistan tərəfi “müddətsiz
danışıqlar” taktikasını yeridir.
Bu taktikanı işlək vəziyyətdə
saxlamaq üçün
dəfələrlə sınaqdan
çıxardığı üsulu-danışıqlardan
öncə təmas xəttində atəşkəs rejimini intensiv olaraq pozmaq və lokal hərbi insident yaratmaq xəttini tətbiq edir.
Avqust ayının 10-da Rusiya
Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçi şəhərində baş tutan Azərnbaycan və
Ermənistan prezidentlərinin görüşü
ərəfəsində də eyni ssenari bir daha
tətbiq olundu. Prezident İlham
Əliyev avqustun 28-də Beyləqanda səfərdə
olarkən Ermənistan tərəfinin prezidentlərin Soçi görüşü
ərəfəsində belə təxribatçı hərəkətlərə
əl atmasının motivlərinə aydınlıq gətirərək
aşağıdakıları söyləmişdir: “Azərbaycan
ictimaiyyəti bilir ki,
bu ayın əvvəlində Ermənistan
təmas xəttində təxribat törətmək istəmişdi.
Ancaq Azərbaycan Ordusu
düşmənə layiqli cavab vermişdir. Onlarla işğalçı məhv edilmişdir və onların təxribatı baş tutmamışdır. Bu təxribatın səbəbləri
də aydındır. Çünki bildiyiniz kimi, Soçi görüşü
ərəfəsində Ermənistan rəhbərliyi
çalışırdı ki, özü üçün
daha da münasib
mövqe əldə etsin
və Azərbaycanı qane etməyən
hansısa məsələyə razı sala
bilsin. Ancaq bu, baş
tutmadı və əksinə, Azərbaycan mövqeyi
Soçidə daha da güclü səsləndi, qəhrəman Azərbaycan
əsgərləri və zabitlərinin cəsarəti nəticəsində
düşmənə sarsıdıcı zərbə vurulmuşdur və hələ ki,
onlar o zərbədən
özlərinə gələ bilmirlər.”
Prezident İlham Əliyev rəsmi İrəvanın
törətdiyi irimiqyaslı son təxribatın
bumeranq effekti doğurduğuna diqqəti cəlb edərək
vurğulamışdır ki, “Ermənistanda
təlaş, təşviş hökm sürür və ən yüksək səviyyədə
etiraf olunur ki, ölkədən kütləvi şəkildə köç
başlamışdır. Daha doğrusu, bu proses çoxdan gedir. Sadəcə olaraq təmas
xəttindəki son hadisələr bunu daha da
sürətləndirmişdir. On minlərlə
erməni vətəndaşı ölkəni həmişəlik
tərk edir və son
hadisələr bu prosesə yeni təkan vermişdir. Düzdür, Ermənistan rəhbərliyi bunu izah etmək üçün müxtəlif üsullara əl atır. Bu
yaxınlarda hətta etiraf edilmişdir
ki, bunun əsas səbəbi
diasporun güclü
olmasıdır, eyni zamanda,
Qarabağ münaqişəsidir. Yəni,
artıq Ermənistan rəhbərliyi etiraf
edir ki, demoqrafik böhranın əsas səbəbi qorxudur. Ermənistan cəmiyyəti
qorxu içindədir. Əlbəttə,
güclənən Azərbaycan və qüdrətli Azərbaycan
Ordusu, qəhrəman Azərbaycan əsgəri
onlar üçün
daim qorxu mənbəyidir
və bu qorxunu aradan qaldırmaq üçün
sadəcə olaraq Ermənistan beynəlxalq
hüquq normalarına əməl etməlidir
və işğal edilmiş
torpaqlardan qeyd-şərtsiz
çıxmalıdır.”
Prezident İlham Əliyev avqustun
28-də Füzuli rayonuna
(Horadizə) səfəri zamanı Azərbaycanın
münaqişənin həlli ilə bağlı
danışıqlar prosesində mövqeyini
gücləndirən, Ermənistanın isə mövqeyinin
zəifləməsini şərtləndirən amillərə
diqqəti cəlb edərək bildirmişdir: “Ermənistanı bütün
layihələrdən təcrid etmişik,
orada çox böyük böhran
yaşanır, həm iqtisadi, həm siyasi, həm hərbi böhran
və eyni zamanda,
getdikcə əhalinin sayı azalır. Bizdə artır, orada azalır və tarixin
gedişatı ona gətirib
çıxaracaq ki, bir
neçə ildən sonra bu
fərq, bu uçurum
o həddə çatacaq
ki, bu,
özü-özlüyündə danışıqlar prosesində
müsbət rol oynayacaq.
Biz isə ordumuzu
gücləndirməklə, iqtisadi gücümüzü artırmaqla,
regionları inkişaf etdirməklə və
beynəlxalq arenadakı mövqelərimizi möhkəmləndirməklə
güclənirik. Hər gün biz güclənirik, hər gün
Ermənistan zəifləyir. Ermənistan özü
artıq etiraf edir ki, xarici yardım olmadan yaşaya bilməz, iqtisadi inkişafa nail ola bilməz və hətta
öz təhlükəsizliyini qoruya bilməz. Artıq yüksək vəzifəli
erməni dövlət məmurları bunu
etiraf edirlər. Bu, əslində
erməni dövlətinin iflası deməkdir. Çünki
hər bir xalq üçün ən böyük
nemət müstəqillikdir. Biz bu müstəqillik illərindən səmərəli
şəkildə istifadə edərək, bu
gün tam şəkildə
müstəqil ölkə kimi, azad xalq kimi
yaşayırıq. Ancaq Ermənistanın
işğalçı siyasəti imkan
vermədi ki, erməni xalqı da əsl müstəqilliyə qovuşsun.
İndi asılı vəziyyətdə, aciz durumda xarici
yardım, ianə olmadan yaşaya
bilmir. Torpaqlarımızı hələ ki, işğal altında
saxlayır. Ancaq özləri də bilirlər
ki, bu, müvəqqəti
bir vəziyyətdir.”
Həmin
vəziyyətin müvəqqəti xarakter
daşıması Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyənin yeni Prezidenti seçilmiş Rəcəb Tayyib
Ərdoğanın sentyabrın 3-də Azərbaycana ilk rəsmi səfəri zamanı
keçirdikləri görüşlərdə və verdikləri
bəyanatlarda səslənən fikirlərdə bir daha təsdiqini tapdı. “Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
bölgə üçün ən böyük təhdiddir”,-deyən Prezident İlham Əliyev
Türkiyə dövlətinə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
həlli işində göstərdiyi səylərə
görə və Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyi
üçün minnətdarlığımı
bildirərək qeyd etdi
ki, “Bu, bizim üçün çox önəmlidir. Türkiyə
bütün dövrlərdə bu məsələ ilə bağlı öz siyasətini açıq şəkildə
aparmışdır, daim Azərbaycanın
yanında, haqqın, ədalətin, beynəlxalq hüququn yanında olmuşdur.”
Fikrini davam etdirən Prezident İlham Əliyev qeyd etmişdir ki, “Azərbaycan da bütün beynəlxalq qurumlarda
daim Türkiyənin yanındadır. Bu gün, eyni
zamanda, biz gələn
il Ermənistanda qeyd
ediləcək qondarma, sözdə
“soyqırımı” ilə bağlı fikirlərimizi bölüşmüşük. Türkiyə
ilə Azərbaycan həm xarici işlər
nazirləri, həm səfirliklər səviyyəsində birgə
fəaliyyət göstərir və göstərəcəklər.
Diaspor təşkilatlarımız
da, ictimai təşkilatlar
da bu işlərdə
birgə fəaliyyət göstərir və göstərəcəklər
ki, biz dünyada
qondarma “erməni
soyqırımı”nın ifşası ilə bağlı öz işlərimizi əlaqələndirilmiş
şəkildə aparaq. Ermənistan
və dünya erməniliyi beynəlxalq ictimai rəyi çaşdırmaq, yalan üzərində tarix
qurmaq istəyir, Türkiyəyə
qarşı əsassız ittihamlar irəli
sürür. Bunların heç
bir tarixi əsası yoxdur. Bu, yalandır,
böhtandır, iftiradır. Biz birgə səylərlə
və bizə yaxın olan ölkələrlə
birlikdə erməni yalanını bundan sonra da birgə ifşa edəcəyik.”
Türkiyənin
dövlət başçısı isə birmənalı olaraq bildirmişdir ki, “əgər Ermənistan-Azərbaycan
münaqişəsi həll olunarsa,
Türkiyə ilə Ermənistan arasındakı problem də həllini tapacaq.
Amma bu münaqişə
həll edilmədiyi təqdirdə, Türkiyə ilə Ermənistan
arasındakı vəziyyət indiki kimi davam edəcək. Bunu əvvəllər də həmişə
ifadə etmişik. Bu,
bir daha bilinsin deyə, yenə də söyləyirəm.
Bu məsələlərdəki həmrəylimizi
bundan sonrakı müddətdə də eyni qətiyyətlə davam
etdirəcəyik. Bunun da xüsusilə bilinməsini
istəyirəm.” Cənab Rəcəb Tayyib
Ərdoğan NATO-nun 4-5 sentyabr
tarixlərində keçirilən Uels
sammitində Azərbaycanın cəlb olunduğu
münaqişənin ərazi bütövlüyü
həll olunmasının vacibliyi ilə
bağlı alyansın qəbul etdiyi müvafiq sənədlərdə əks
olunmuş müddəaların işlək
vəziyyətə gətirilməsi məsələsini
qaldıracağını da
vurğulamışdır.
NATO-nun haqqında bəhs olunan
tarixi Uels sammiti Azərbaycanın növbəti diplomatik uğuru, Ermənistanın
isə məğlubiyyəti ilə yadda
qalmışdır. Sammitin yüksək tribunasından çıxış edərək
Ermənistanın işğalçılıq siyasətinin
mahiyyəti və ağır nəticələri haqqında məlumat
verən Prezident İlham
Əliyev xüsusi olaraq
vurğulamşdır ki, Azərbaycan regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasında mühüm rol oynayan
ölkədir. Bununla belə, bu gün regionumuzdakı təhlükəsizliyə
ən böyük hədə Azərbaycan
ərazisinin iyirmi faizini
təşkil edən Dağlıq Qarabağ
və yeddi ətraf rayonu
işğal altında saxlayan
Ermənistanın işğalçılıq siyasətidir.
Ermənistan azərbaycanlılara qarşı etnik
təmizləmə siyasəti həyata keçirib
və bunun nəticəsində 1 milyondan artıq insan
qaçqın və məcburi köçkün
vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi
Ermənistan qoşunlarının işğal
edilmiş ərazilərdən dərhal və
qeyd-şərtsiz çıxarılmasını tələb
edir. Əfsuslar olsun ki, Ermənistan onlara məhəl
qoymamaqda davam edir və münaqişə həll
olunmamış qalır.
“Münaqişə
beynəlxalq hüquq normaları və Azərbaycanın
ərazi bütövlüyü əsasında
həll edilməlidir,”-deyən Prezident İlham Əliyev NATO-nun
münaqişənin həlli ilə bağlı mövqeyindən
razı qaldığını da ifadə
etmişdir. Dövlət
başçısı bildirmişdir ki, “Biz NATO-nun
bu məsələ ilə bağlı mövqeyini və əvvəlki sammitlərdə
Azərbaycanın ərazi bütövlüyü
və suverenliyinə verdiyi tam dəstəyi yüksək dəyərləndiririk.
Biz qətiyyətlə inanırıq ki, NATO-nun beynəlxalq hüququn bu cür mühüm hissəsinə
sadiqliyi bundan sonra da davam
edəcək. Beləliklə, o, ədaləti
bərpa etməyə və beynəlxalq səviyyədə
tanınmış sərhədləri güc
hesabına dəyişmək kimi səhv
düşüncədən yayındırmağa birmənalı
şəkildə yardım edir”.
Ermənistan prezidenti Serj Sarkisyanın
isə NATO-nun Uels
sammitindəki çıxışı sönüklüyü,
məzmunsuzluğu, məntiqsizliyi və ruh
düşkünlüyü ilə seçilmişdir. NATO-da
qəbul olunacaq Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə
dair sənəd haqqında danışan Serj Sarkisyan bildirmişdir ki, Azərbaycan
guya ki, “belə
kağızlarla ruhlanır”. Bununla da əslində Ermənistanın dövlət
başçısı beynəlxalq strukturların qərarlarına
münasibətini nümayiş etdirmişdir. Əslində burada
yeni heç nə yoxdur. Məhz Ermənistanın BMT-nin Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı qəbul etdiyi məlum 4 qətnaməni
tanımadığı və ona məhəl
qoymadığı dünya üçün konfidensial
məsələ deyildir. Eyni
zamanda Serj Sarkisyan çıxışında qeyd etmişdir ki, NATO-nun belə bir sənəd qəbul etməsi Ermənistan üçün “yaxşı heç
nə vəd etmir”. O, alyans
üzvlərini Dağlıq Qarabağ məsələsində
Azərbaycanın ərazi bütövlüyünü
növbəti dəfə müdafiə etməkdən çəkinməyə
çağırmışdır. Son nəticədə
işğalçı dövlətin prezidenti
bu məslədə istədiyinə nail ola bilməmişdir.
NATO sammitinin yekun qətnaməsində
Azərbaycanın ərazi bütövlüyünə və
suverenliyinə növbəti dəfə dəstək ifadə
olunşmudur.
Ermənistan
prezidentinin son hadisələr
fonunda məğlub ovqatının
növbəti göstəricisi kimi onun NATO-nun Uels
sammitindən geri döndükdən sonra sentyabrın 6-da hakim Respublika partiyasının rəhbərliyini toplayaraq Azərbaycanın təbliğat-lobbiçilik
məsələsində Ermənistanı
sıxışdırdığını
etiraf etməsi olmuşdur.
Yuxarıda haqqında bəhs olunan
son hadisələrin doğurduğu
permanent ruh düşkünlüyünün təsiri
altında daxili təlaş və gərginlikdən
qurtula bilməyən Serj
Sarkisyanın növbəti etirafına görə, Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı danışıqlar prosesini
fərqli müstəviyə çıxarmaq istəyir və bu istiqamətdə müəyyən irəliləyişlərə
nail ola bilmişdir. O, NATO və AŞPA müstəvilərində
Azərbaycana uduzduqlarını tərəfdaşlarının
nəzərinə çatdırmaq məcburiyyətində qalmışdır.
Təəcüblü deyildir ki, Ermənistan Prezidenti
yalnız ATƏT-in Minsk qrupu
çərçivəsində kifayət qədər uğurlar əldə etdiklərini
vurğulamışdır. Zənnimizcə, bu
yerdə ATƏT-in Minsk qrupunun
fəaliyyəti haqqında əlavə şərh verməyə
ehtiyac qalmır.
Yeri gəlmişkən, onu da qeyd edək ki, hərbi-siyasi alyansın məlum sammiti çərçivəsində
ABŞ-ın Dövlət katibi Con Kerinin vasitəçiliyi
ilə Ermənistan və Azərbaycan prezidentlərinin
növbəti görüşünün
keçirilməsi baş tutmuşdur. Nəticə yoxdur.
Azərbaycan tərəfi bundan sonra nəticəsi olmayan
danışıqlara danışqlar naminə getməyəcəyini
bəyan etmişdir.
Beləliklə,
yuxarıda apardığımız təhlil və analizlər
bir sıra nəticələrə gəlməyə
əsas verir:
Birincisi, Serj Sarkisyan
hökuməti konfliktin həlli naminə siyasi iradə nümayiş
etdirmək iqtidarında deyildir, çünki bu rejimin müvafiq
addımları atmaq üçün
ciddi sosial bazası yoxdur. Xalqı səfalət, işsizlik
və aclıq həddində yaşayan
dövlətin iqtidarının bu vəziyyətdə
totalitar-terrorçu idarə metodlarına
üstünlük verməsi siyasəti
anlaşılandır. Bu siyasətin mühüm həlqələrindən birini də ölkədaxili ictimai
fikri öz üzücü gündəlik problemlərindən
yayındırmaq və onu kənar istiqamətlərə
yönəltmək təşkil edir. Belə hallarda cəbhə
bölgəsində atəşkəs rejimini
kobud şəkildə pozmaqla
Azərbaycan tərəfini daha ciddi adekvat addımlar atmağa təhrik etmək və nəticədə
ölkədaxili deyil, ölkəxarici
problemlərin prioritetliyini qabartmaq
hakimiyyətin mövcudluğunu qoruyub saxlamağın Ermənistanda dəfələrlə
sınaqdan çıxarılmış üsuludur.
İkincisi, Ermənistan dövləti beynəlxalq birlik, xüsusilə də ATƏT-in Minsk qrupu tərəfindən
sülhə məcbur edilə bilər. Regionda
sülh və sabitlik
naminə, xüsusilə də daşıyıcısı
olduqları milli maraqlardan
çıxış edərək həmsədrlər-ABŞ,
Rusiya və Fransa Serj Sarkisyan rejiminə
müəllifi olduqları yeniləşmiş Madrid
prinsiplərini qəbul etdirə bilərlər. Xüsusilə
bu istiqamətdə Rusiyanın imkan və potensialı daha
böyükdür. Hələ ki, bu baş
vermir. Bu, heç də o demək deyildir ki, həmin güclər
Ermənistanın müqavimət potensialını qıra
bilmirlər. Əsla yox. Sadəcə bu və ya digər səbəblərdən
bunu etmirlər. Başqa
sözlə, bunu etməli olan
dövlətlər üçün hələ
ki, Dağlıq Qarabağ
probleminin həlli beynəlxalq gündəliyin
prioritet məsələsinə
çevrilməmişdir. Xüsusilə də Ukrayna böhranı fonunda
Rusiya ilə Qərbin münasibətlərinin
son dərəcə korlanması, heç şübhəsiz, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
tənzimlənməsi ilə bağlı danışıqlar
prosesinə də öz mənfi təsirini
göstərir.
Üçüncüsü, BMT TŞ-nın
münaqişə ilə bağlı qəbul etdiyi
4 qətnaməsi (822, 853, 874, 884-1993-cü ildə qəbul olunmuşdur), təşkilatın nizamnaməsinin
özünümüdafiə hüququ ilə
bağlı 51-ci maddəsi, qurumun qəbul
etdiyi qərarlarının yerinə
yetirilməsinin icbari xarakter
daşıması haqqında 25-ci maddəsi, habelə AŞPA, İKT və Avropa Parlamentinin Ermənistanı
işğalçı dövlət elan
etməsi kimi məlum hüquqi
arqumentlər Azərbaycana öz ərazi bütövlüyünü təmin etməsi
məqsədilə istənilən təsir mexanizmlərini, o cümlədən hərbi tənzimləmə
variantını işə salmaq səlahiyyəti
verir.
Dördüncüsü, Azərbaycanın mükəmməl informasiya təhlükəsizliyinə malik olması, ifrat
iqtisadi-hərbi potensialı, demoqrafik üstünlüyü və möhkəm beynəlxalq
mövqeləri qarşısında ya Serj Sarkisyan rejimi vahimələnib münaqişənin həlli
naminə siyasi iradə nümayiş
etdirər, ya da regionda
müharibənin yenidən alovlanmasını heç
bir halda istəməyən,
lakin bunun son dərəcə labüd
olduğunun fərqinə varan
beynəlxalq güclər Ermənistanı anoloji
addım atmağa məcbur edərlər.
Nəhayət,
sonda təhlil predmeti
ilə bağlı düşüncələrimi heç bir əlavə
şərh vermədən Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi
məsələlər şöbəsinin müdiri
Əli Həsənovun AzərTAc-a müsahibəsində səsləndirdiyi
olduqca ibrətamiz bir
fikirlə yekunlaşdırmaq istəyirəm: “Məsləhətdir ki, Serj Sarkisyan
Cənubi Qafqazda gələcək sülhə
birbaşa zərbə vuran
bu kimi təxribatçı
halları davam etdirməkdənsə, erməni
xalqını müharibənin girovunda saxlamaqdansa, son illər
ölkəsini kütləvi şəkildə tərk edən,
iş və çörək
axtarışında bütün dünyaya səpələnmiş
həmvətənlərinin qeydinə qalsa
daha yaxşı olar...”
Elman NƏSİROV,
Yeni Azərbaycan
Partiyası beynəlxalq əlaqələr
komissiyasının katibi, siyasi elmlər doktoru, professor
Xalq qəzeti.- 2014.- 25 sentyabr.- S.5.