Prezident İlham
ƏLİYEV:
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində çox önəmli rol
oynayan bir ölkədir
Son illər dünyanın ən sabit və dinamik inkişaf
etməkdə olan ölkələrindən birinə
çevrilən Azərbaycan Respublikası hazırda müstəqil
iqtisadi siyasət yeridir, bir sıra qlobal enerji və nəqliyyat
layihələrinin təşəbbüskarı və fəal
iştirakçısı rolunda çıxış edir.
Özünün zəngin karbohidrogen ehtiyatları hesabına
enerji təhlükəsizliyini tam təmin etmiş ölkəmiz
uzun illərdir ki, Avropanın da enerji təhlükəsizliyinə
mühüm töhfələr verir.
Artıq dünyanın potensial qaz
ixracatçısına çevrilmiş Azərbaycan
Respublikası regionun və Avropanın enerji xəritəsini zənginləşdirir,
XXI əsrin əsas qaz təchizatçısı kimi diqqəti
özünə daha çox cəlb edir. Belə ki, müstəqilliyinin
ötən illərində həyata keçirdiyi uğurlu
neft strategiyası sayəsində beynəlxalq aləmdə
böyük nüfuz
qazanmış Azərbaycan
artıq özünü zəngin qaz ölkəsi kimi də
təqdim edə bilmişdir. Təsadüfi deyil ki, son illər
“mavi yanacağa” getdikcə artmaqda olan tələbatının
ödənilməsinə çalışan Avropa və bir
sıra dünya ölkələri əsas qaz təchizatçısı
kimi məhz Azərbaycana ümid bəsləyirlər. Bu isə
ölkəmizə qaz ehtiyatlarını dünya bazarına
çıxarmaq üçün şaxələndirilmiş
ixrac marşrutlarının yaradılmasına imkan yaradır.
Hazırda beynəlxalq əməkdaşlıq
məkanına çevrilmiş Xəzər hövzəsi
malik olduğu zəngin karbohidrogen ehtiyatları hesabına bir
sıra qlobal enerji layihələrinin
reallaşdırıldığı mərkəz kimi diqqət
çəkir. Bu baxımdan Xəzər dənizinin Azərbaycan
sektorunda yerləşən “Şahdəniz”
yatağı xüsusi əhəmiyyət
kəsb edir. Artıq səkkiz ilə
yaxındır ki, “Şahdəniz” yatağının birinci
işlənmə mərhələsi çərçivəsində
hasil edilən qaz Gürcüstan və Türkiyəyə, oradan isə Yunanıstana ixrac
olunur. Adıçəkilən
yatağın qaz ehtiyatları ilə zəngin
olması səbəbindən isə layihənin ikinci, tammiqyaslı işlənmə mərhələsinə
zərurət yaranmışdı. Xatırladaq ki, ötən il dekabr ayının 17-də Bakıda layihə
üzrə yekun investisiya
qərarının imzalanması ilə “Şahdəniz”
yatağının tammiqyaslı işlənməsi həlledici
mərhələyə qədəm qoydu.
Bu
il sentyabrın 20-də isə Bakıda
“Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümünün qeyd
olunduğu gündə Azərbaycanın iqtisadi həyatı, eləcə də
Avropanın enerji bazarı üçün
son dərəcə mühüm
bir hadisə baş verdi. Bir sıra Qərb ölkələrinin
dövlət və hökumət
başçılarının, eləcə də energetika sahəsində məsul şəxslərin
iştirakı ilə “Cənub” qaz dəhlizinin
təməlqoyma mərasimi keçirildi. Bununla da, Azərbaycanın təşəbbüsü
ilə həyata vəsiqə alan və Qərbin
də yaxından dəstəklədiyi daha
bir qlobal enerji layihəsinin icrasına
başlanıldı. Əslində Avropanın enerji
xəritəsini zənginləşdirəcək “Cənub” qaz dəhlizi layihəsinin təməli hələ
2007-ci ildə “Şahdəniz” qazının
ixracını həyata keçirən Bakı-Ərzurum (Cənubi
Qafqaz) boru kəmərinin
istismara verilməsi ilə qoyulmuşdur.
Çünki həmin hadisə ilə Azərbaycan
dünyanın potensial qaz
ixracatçısı kimi tanınmağa
başlanmışdır. 2012-ci ilin
yayında isə Azərbaycan qazının Türkiyənin
qərb sərhədlərinə nəqlini nəzərdə tutan Trans-Anadolu (TANAP) boru kəmərinin tikintisi
ilə bağlı Azərbaycan-Türkiyə hökumətlərarası
saziş imzalanmışdır.
“Cənub” qaz dəhlizinin son
ünvanı isə Qərbi Avropadır. Bu
layihənin həyata vəsiqə alması heç
də təsadüfi deyildi. Belə ki, Avropanın “mavi yanacağa” olan tələbatının artdığı
bir şəraitdə Azərbaycanın potensial qaz tədarükçüsü
kimi diqqəti getdikcə daha
çox cəlb etməsi yeni
layihələrə yol
açırdı. Eyni zamanda,
regionda siyasi sabitlik və əməkdaşlıq
meydanına çevrilmiş Azərbaycan
Respublikası enerji sahəsində Qərbin fəal əməkdaşlıq edə
biləcəyi bir ölkə kimi də yüksək inam
və etimad qazanmışdı. Həmin inamın nəticəsi idi ki, Qərb özünün təbii qaza
olan tələbatının ödənilməsində
əsas tədarükçü kimi məhz
Azərbaycanı seçdi. Elə
2013-cü ildə Trans-Adriatik (TAP) boru kəmərinin əsas ixrac
marşrutu kimi
seçilməsi də məhz bunun nəticəsi
idi. Beləliklə də,
XXI əsrdə Avropanın enerji xəritəsini
zənginləşdirəcək yeni bir qaz dəhlizinin
formalaşdırılmasına əsaslı zəmin
yarandı. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də
Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub”
qaz dəhlizinin təməlqoyma mərasiminə
həsr olunmuş təntənəli mərasimdə
demişdir: “Son illər
Azərbaycan öz enerji
siyasətini ardıcıl şəkildə irəliyə
aparır. Yəni, bugünkü mərasim
sadəcə olaraq görülən
işlərin zirvəsidir. Əgər əvvəlki illərdə
dediyim məsələlər öz həllini tapmasaydı, bu
gün “Cənub” qaz dəhlizindən
söhbət belə gedə bilməzdi”.
Bakıda
keçirilən tədbirdə videomüraciəti səsləndirilən
Avropa Komissiyasının sədri Manuel Barrozu “Cənub” qaz dəhlizinin təməlqoyma mərasiminin Azərbaycan və Avropa İttifaqı arasında münasibətlər
baxımından tarixi əhəmiyyət
daşıdığını diqqətə
çatdıraraq demişdir: “Üç il bundan əvvəl-2011-ci
ilin yanvarında mən və Prezident İlham Əliyev
Bakıda “Cənub” qaz dəhlizi ilə
bağlı Birgə Bəyannamə imzaladıq. O gündən
Avropa Komissiyası, tərəfdaş
ölkələr və şirkətlər bu
planları reallaşdırmaq üçün
birgə çalışmışlar. Bütün
kəmərlərin başa
çatdırılması üçün
əlavə beş il
tələb olunacaq. Bu dəhliz başa
çatdıqdan sonra Qafqazdan
Türkiyəyə, Yunanıstan və Albaniya
ərazilərindən keçərək 2 min
kilometrlik məsafəni qət edəcək
və Xəzər dənizini Avropa
İttifaqının mərkəzi ilə birləşdirəcək.
Lakin bu layihə yalnız
kəmər deyil, XXI əsrin mühüm strateji, enerji dəhlizidir. Bu, sözün əsl mənasında, geostrateji bir layihə olacaq”.
Qardaş Türkiyənin energetika
və təbii sərvətlər naziri Taner Yıldızın fikirləri də bu baxımdan xüsusi maraq doğurur. O demişdir: “Bu
gün təməlini
qoyacağımız ”Cənub" qaz dəhlizi
layihəsi yalnız bir enerji
və ya nəqliyyat layihəsi deyildir. “Əsrin müqaviləsi”ndən bəri
qardaş Azərbaycan ilə inkişaf etdirdiyimiz layihələr
bütün ətraf ölkə və
bölgələrə sülh gətirmək
məqsədi daşıyan layihələrdir.
Bakı-Tbilisi-Ceyhan layihəsi ilə Qafqazı Aralıq dənizinə
bağladıq. Bakı-Tbilisi-Ərzurum layihəsi ilə
Qafqazı Anadoluya bağladıq. “Cənub”
qaz dəhlizi layihəsi və onun onurğa sütunu olan TANAP ilə
Avropanı və Qafqazı bir-birinə bağlayır və sanki sülh dəhlizi
açırıq”.
Son zamanlar dünyada və Avropada cərəyan
edən bir sıra siyasi
proseslər də Azərbaycan qazına marağın getdikcə
artmasına səbəb olmuşdur. Elə bir sıra
tanınmış ekspert və politoloqlar da bu qənaətdədirlər ki,
“Şahdəniz-2”, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi,
eləcə də TANAP və TAP layihələrinin
reallaşması nəticəsində Azərbaycan Avropanın
enerji təchizatının şaxələndirilməsi
sahəsində daha yaxından və
fəal iştirak edəcək. Bu isə ölkəmizin etibarlı tərəfdaş
kimi əhəmiyyətini bir
qədər də artıracaq. Prezident İlham Əliyev “Cənub” qaz
dəhlizinin imzalanması mərasimindəki
çıxışı zamanı bu
layihənin Azərbaycan və tərəfdaş ölkələr
üçün çox
faydalı olduğunu diqqətə
çatdıraraq demişdir: “ Bu layihənin icrası nəticəsində uduzan tərəf olmayacaq.
Hər bir tərəf fayda
götürəcək. İstehlakçı ölkələr
də qaz mənbələrinin şaxələndirilməsinə
nail olacaqlar. Bu layihə Avropanın enerji
təhlükəsizliyini təmin edən layihədir. Təsadüfi deyil ki, üç il bundan əvvəl Avropa Komissiyası ilə Azərbaycan
arasında imzalanmış sənəd məhz bu amili diqqət mərkəzində
qoyur ki, Azərbaycan
Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində çox önəmli
rol oynayan bir ölkədir. Bu
gündən sonra bu rol daha da
artacaq”.
Məlum olduğu kimi, “Cənub” dəhlizinin
əsas qaz mənbəyi Azərbaycanın
“Şahdəniz” yatağıdır. Elə Azərbaycanın Avropaya qaz ixracı da “Şahdəniz” yatağının ikinci mərhələsi işə
düşdükdən sonra mümkün olacaq.
“Şahdəniz” yatağının ümumi
ehtiyatları 1,2 trilyon kubmetr
proqnozlaşdırılır. Qeyd etdiyimiz kimi, yatağın
işlənməsinin ikinci mərhələsi
çərçivəsində ildə 16 milyard
kubmetr qaz hasil etmək planlaşdırılır ki, bunun da
6 milyard kubmetri
Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya tədarük
ediləcək.
Yeri gəlmişkən, “Şahdəniz-2"
layihəsi Azərbaycan qazını Avropaya
və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə
yeni ”Cənub" qaz
dəhlizi açmaqla Avropa
bazarlarına qaz təchizatının və
enerji təhlükəsizliyinin
artırılmasına mühüm
töhfələr verəcək. Belə ki,
25 milyard dollar dəyərində
olan bu layihə
reallığa çevrildikdən sonra
yatağın birinci işlənmə mərhələsi
çərçivəsində hasil edilən
illik 9 milyard kubmetr qazın həcmi xeyli
artaraq 25 milyard kubmetrə
çatdırılacaq. Bu isə “Şahdəniz”in
hazırda dünyanın ən böyük qaz işlənməsi
layihələrindən biri olduğunu sübut edir.
Xatırladaq
ki, sahildən təxminən 70 kilometr məsafədə yerləşən
Şahdəniz yatağının işlənməsinin ikinci mərhələsi layihəsinin
planlarına körpü ilə birləşdirilmiş
iki yeni hasilat platforması, iki
yarımdalma qazma qurğusu
vasitəsilə qazılacaq 26 sualtı quyu,
suyun 550 metrədək dərinliyində çəkiləcək
500 kilometr uzunluğunda
sualtı boru kəmərləri, Cənubi
Qafqaz boru kəmərinin
ixrac imkanlarının
artırılması məqsədilə Azərbaycanda 48
düyməlik yeni boru
kəməri, Gürcüstanda isə iki kompressor stansiyası
vasitəsilə ildə 16 milyard kubmetr əlavə olunması, həmçinin
Səngəçal terminalının genişləndirilməsi
daxildir.
Sentyabrın 20-də
Bakı yaxınlığındakı Səngəçal
terminalında təməli qoyulan “Cənub”
qaz dəhlizinin mühüm
tərkib hissələrindən birini Cənubi
Qafqaz boru kəmərinin
genişləndirilməsi təşkil edir.
Xatırladaq ki, Cənubi Qafqaz boru kəmərinin
genişləndirilməsi layihəsi üzrə yekun investisiya qərarı 2013-cü il
dekabrın 17-də “Şahdəniz-2" layihəsi üçün qərarın verilməsi ilə
eyni zamanda qəbul edilmişdir. 2014-cü ilin
ötən dövrü ərzində kəmərın
genişləndirilməsi layihəsi üzrə podrat müqavilələri
imzalanmışdır. Həmin müqavilələrə
Cənubi Qafqaz boru kəməri
layihəsi çərçivəsində
Gürcüstandakı qurğuların tikintisi
işləri və istismara verilməsi,
layihənin Gürcüstandakı hissəsi üçün
boru kəmərinin və qurğuların
mühəndis layihələndirmə işləri və layihə
idarəetmə xidmətləri, layihənin
Azərbaycandakı hissəsi üçün
beş çay
keçidində üfüqi-maili qazma və boru kəmərinin
quraşdırılması işləri, eləcə də
layihənin iki çay
keçidi (biri Azərbaycanda,
digəri Gürcüstanda) üçün şaxta
və tunelin tikintisi və
boru kəmərinin quraşdırılması
işləri daxildir. Bundan
əlavə, ötən müddətdə boru
kəməri üçün lazım olan boruların örtüklənməsi
işləri üzrə müqavilə də
imzalanmışdır. Dəyəri
təxminən 70 milyon dollar
təşkil edən bu müqavilə
üzrə iş həcminə Cənubi Qafqaz boru kəmərinin tikintisi üçün
istifadə ediləcək bütün
boruların örtüklənməsi daxildir.
Müqavilənin icra müddəti 18
aydır. Boruların ilk hissəsinin Azərbaycana
bu ilin sonunda
gətiriləcəyi planlaşdırılır.
Cənubi Qafqaz Boru Kəməri
şirkətinin sərmayədarları bp
(texniki operator - 28,8 faiz), ARDNŞ (16,7 faiz), Statoyl (15,5 faiz), Total (10 faiz), LUKOYL (10 faiz), NİKO (10 faiz), TPAO
(9 faiz) şirkətləridir. Bu faizlərə
“Statoyl”dan müvafiq olaraq bp və ARDNŞ-in
aldıqları iştirak payları daxildir. 2014-cü il üçün əməliyyat xərclərinin
50 milyon dollar
olacağı gözlənilir. Əsaslı xərclər isə
kəmərin genişləndirilməsi üzrə işlərin
sürət götürməsi nəticəsində 1 milyard 250 milyon dollara qədər artacaq. Məlumat üçün bildiririk ki, boru kəməri 2006-cı ilin
sonlarında istismara verilərək əvvəl
Azərbaycana və Gürcüstana,
2007-ci ilin iyul
ayından başlayaraq isə həm də
Türkiyəyə “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində
çıxarılan təbii qazı çatdırır.
Bu ilin ötən dövrü ərzində Cənubi Qafqaz boru kəmərinin
gündəlik orta ötürücülük
gücü 18,14 milyon
kubmetr qaz və ya gündə
110 min 430 barrel neft ekvivalenti olmuşdur. Cənubi Qafqaz
boru kəmərinin iki
operatoru var. bp şirkəti obyektlərin tikintisi
və istismarı üzrə məsul texniki
operator, Statoyl şirkəti
isə biznes icrası üzrə məsul
kommersiya operatorudur.
“Cənub” qaz dəhlizi öz yoluna Türkiyə ərazisindən keçən
Trans-Anadolu (TANAP) boru
kəməri ilə davam edəcək.
Xatırladaq ki, TANAP layihəsi Azərbaycandan
başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa Birliyində bir
neçə kəmərlə əlaqələndirəcək.
Beş il ərzində
reallaşması nəzərdə tutulan
layihənin dəyəri 7 milyard ABŞ
dollarıdır. Dörd mərhələdə həyata keçiriləcək
layihənin ilk mərhələsi 2018-ci
ildə başa çatacaq.
2020-ci ildə kəmərin buraxılış qabiliyyəti
ildə 16 milyard kubmetr,
2023-cü ildə 23 milyard kubmetr,
2026-cı ildə isə 31 milyard kubmetrə
çatdırılacaq. İlk dövrdə
TANAP kəməri ilə nəql olunacaq
16 milyard kubmetr Azərbaycan
qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə
tutulan qaz Türkiyə-Bolqarıstan
və ya Türkiyə-Yunanıstan sərhədində
təhvil veriləcək. TANAP layihəsində RDAİR 80 faiz, Türkiyənin BOTAŞ və NLAİ
şirkətləri isə birlikdə 20 faiz
paya malikdir. TANAP layihəsinin
işə düşməsi “Şahdəniz-2" layihəsi
üzrə qaz hasilatına
başlanması ilə eyni vaxta təsadüf edəcək. TANAP layihəsinin
reallığa çevrilməsi ilə, həm də ölkəmizin
ixrac imkanları xeyli artacaq. Onu da
qeyd edək ki, Azərbaycan
və Türkiyənin siyasi iradə nümayiş etdirərək belə bir layihəyə
imza atmaları Qərb ölkələrinin
diqqətindən kənarda qala bilməzdi.
Prezident İlham
Əliyevin qeyd etdiyi kimi, məhz TANAP layihəsinin
reallaşdırılmasından sonra
artıq “Cənub” qaz dəhlizinin
konturları görünməyə başlanmışdır.
XXI əsrin layihəsi
sayılan “Cənub” qaz dəhlizi Trans-Adriatik boru kəməri
(TAP) ilə tamamlanır. Trans-Adriatik boru kəməri Azərbaycana məxsus
“Şahdəniz” qaz-kondensat
yatağının işlənməsi üzrə konsorsium tərəfindən Azərbaycan
qazının Avropaya nəqli üçün marşrut
kimi seçilmişdir.
Seçim haqqında qərar konsorsium tərəfindən ötən ilin yayında elan edilmişdir.
TAP layihəsi Xəzər
regionundan qazın Yunanıstan, Albaniya və Adriatik dənizi
vasitəsilə İtaliyanın cənubuna, oradan
isə Qərbi Avropaya nəqlini nəzərdə
tutur. İlkin olaraq TAP boru kəmərinin
gücü il ərzində
10 milyard kubmetr təşkil
edir. Onu il ərzində 20 milyard
kubmetrədək artırmaq imkanı mövcuddur.
TAP layihəsinin səhmdarları İsveçrənin “AXPO”
(42,5 faiz), Norveçin
“Statoil” (42,5 faiz) və
Almaniyanın “E.ON Ruhrgas” (15 faiz) şirkətləridir. TAP-ın tikintisinin 2015-ci ildə başlanacağı
gözlənilir.
Yeri gəlmişkən, Avropanın enerji xəritəsinin zənginləşdirməsinə
mühüm töhfələr verən
“Şahdəniz-2”, TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir.
Layihəyə 45 milyard dollar
məbləğində sərmayə cəlb ediləcək, marşrut boyu yerləşən
ölkələrdə 30 mindən çox
yeni iş yeri yaradılacaqdır.
Artıq “Şahdəniz”
qazının uzun məsafə qət edərək
gələcəkdə Balkanlara, hətta
Rumıniya, Macarıstan və Avstriyaya qədər
gedib çıxması da
gündəmdə olan məsələlərdəndir.
Elə 2013-cü il iyunun 28-də “Şahdəniz” konsorsiumu
tərəfindən ildə 10 milyard
kubmetrədək Azərbaycan qazının Yunanıstan, İtaliya və potensial olaraq Cənub-Şərqi Avropadakı
müştərilərə çatdırılması üçün Trans-Adriatik
boru kəmərinin seçilməsi və bununla bağlı müvafiq
sənədlərin imzalanması da bu sahədə atılmış mühüm addım kimi
diqqəti cəlb edir. Bundan əlavə, ötən
il sentyabrın 19-da “Şahdəniz-2"
layihəsi çərçivəsində hasil
ediləcək qazın ildə 10 milyard
kubmetrdən artıq hissəsinin
İtaliyada, Yunanıstanda və
Bolqarıstanda satışı üzrə doqquz
şirkətlə 25 il müddətinə
sazişlərin imzalanması da Azərbaycanın
yeni əsrin mühüm
“mavi yanacaq”
ixracı marşrutu sayılan “Cənub” qaz dəhlizinin
əsas təchizatçısı kimi əhəmiyyətini
getdikcə artırır. Bütövlükdə
isə “Şahdəniz-2" layihəsi çərçivəsində
il ərzində hasil
ediləcək 16 milyard kubmetr
qaz Azərbaycan, Gürcüstan,
Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya
ərazisindən və Adriatik dənizinin
dibindən keçməklə İtaliyaya
qədər 3500 kilometrdən artıq uzunan
boru kəmərləri vasitəsilə
çatdırılacaq.
Göründüyü kimi, hasil
etdiyi təbii qaz həcmlərini
Avropanın getdikcə artmaqda olan enerji tələbatının
təminatına yönəldən Azərbaycan bu məqsədlə nəqliyyat
marşrutlarının şaxələndirməsini də uğurla həyata keçirir. Bu isə Azərbaycanın
regionda və Avropada
etibarlı tərəfdaş kimi əhəmiyyətini
qat-qat artırır.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2014.- 25 sentyabr.- S.1.