“Azərbaycan jurnalistika məktəbləri”

 

 Azərbaycan milli jurnalistikasının zəngin tarixi, məfkurəvi məzmunu tədqiqat və təsnifat üçün kifayət qədər material verir. Onun tarixi inkişafında çoxçalarlılıq özünü göstərir. Təsadüfi deyildir ki, milli jurnalistikada bir neçə məktəb və yaradıcılıq istiqaməti mövcuddur. Bu günlərdə filologiya elmləri doktoru, professor Alxan Bayramoğlunun oxuculara təqdim olunan “Azərbaycan jurnalistika məktəbləri” kitabında milli jurnalistikada özünü göstərən ayrı-ayrı yaradıcılıq məktəblərinin əsas xüsusiyyətləri ətraflı araşdırılmışdır.

 

Azərbaycan Mətbuat Şurasının və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə ərsəyə gətirdiyi nəşr müəllifin mövzuya sistemli baxışının, çoxillik elmi axtarışlarının məhsuldar nəticəsidir. “Azərbaycan jurnalistika məktəbləri” kitabının redaktoru Azərbaycan Mətbuat Şurasının sədri Əflatun AmaşovunMilli jurnalistika məktəblərimiz haqqında” başlıqlı ön sözündə göstərilir: “Azərbaycan jurnalistika məktəbləri”  kitabı jurnalistikamızın fundamental ictimai cərəyan kimi təqdimatı baxımdan böyük əhəmiyyətə malikdir və nəşrin unikallığını təsdiqləyən növbəti cəhət də budur. Şübhəsiz, hər məktəbin hadisə və proseslərə yanaşmasının məğzində duran Azərbaycan amilidir, azərbaycançılıq və türkçülükdür. Ancaq ümumən, inkişafı təsəvvürə gətirən yola fərqli baxışların olması təbiidir və düşüncə zənginliyinin doğurduğu bu fərqlilik demokratik ruhda olmaqla inkişafın da əsas seqmenti rolunda çıxış edir. Hesab edirəm ki, professor A.Bayramoğlu “Azərbaycan jurnalistika məktəbləri” əsəri ilə milli jurnalistikamızın mühüm tarixi proseslərdəki əlahiddə fikir mənbəyi rolunda çıxış etməsi reallığını elmi faktlarla sistemləşdirib, mətbuatşünaslıq elminə özünəməxsus çalarlar gətirib.”

Xatırladaq ki, professor Alxan Bayramoğlu bu vaxtadək milli ədəbiyyatşünaslıqda ilk dəfə olaraq M.Ə.Sabirin timsalında klassik sənətkarın elmi tərcümeyi-halını yazmış, ədəbiyyatın regional aspektdə tədqiqinin əsasını qoymuş və onların elmi-nəzəri prinsiplərini hazırlamışdır. O, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyəti dövrü ədəbiyyatının ilk monoqrafik tədqiqatçısıdır. A. Bayramoğlu 14 monoqrafiyanın, 8 kitabın, 560-dan çox məqalənin müəllifidir. “Azərbaycan jurnalistika məktəbləri” onun mətbuatşünaslığa həsr etdiyi üçüncü kitabıdır.

“Azərbaycan jurnalistika məktəbləri” kitabında Alxan Bayramoğlu bir sıra ədəbi, tarixi, ideya-siyasi, milli-mədəni fakt və mövqelərə də aydınlıq gətirməyə çalışmış, bəri başdan deyək ki, məqsədinə nail olmuşdur. Məsələn, S.Ə.Şirvani və “Əkinçi” qəzeti, bu mətbuat orqanı ilə dövrün böyük şairinin qarşılıqlı yaradıcılıq əməkdaşlığının formalaşma prosesinə, qəzetin ədəbi mövqeyinin Seyid Əzim tərəfindən qavranılması mərhələlərinə yeni fakt və elmi-nəzəri mülahizələrin işığında nəzər salınmışdır. Milli ictimai və ədəbi fikrin inkişafında “Əkinçi”nin rolunu müəllif xeyli dəqiqləşdirmişdir. “Əkinçi”dən başlanan milli məfkurənin “Ziya (Ziyayi-Qafqaziyyə)” qəzetində, ölkədə irtica hökm sürsə də, uğurla davaminkişaf etdirilməsini tədqiqatçı tutarlı faktlarelmi mühakimələrlə əsaslandırmışdır.

Müəllif son vaxtlaradək elmi ədəbiyyatda “Ziya (Ziyayi-Qafqaziyyə)” qəzetinin, guya, “Əkinçi”dən sonra geriyə doğru addım olması fikrinin əsassızlığını da açıb göstərmiş və bu yanlış mövqeyin siyasi-ideoloji səbəblərini izah etmişdir.  Alimə əvvəl jurnal, sonra isə qəzet şəklində çıxan “Kəşkül”ün Azərbaycan ictimai-ədəbi fikrindəki orijinal rolunuorada dünya ədəbi-mədəni sərvətinin mənimsənilməsi, dünyaya inteqrasiya, milli kimlik, bədii tərcümə, ədəbi-tarixi şəxslərə qədirşünaslıq prinsiplərinin təlqini və aşılanması və s. məsələlərin ilk dəfə bu mətbuat orqanının səhifələrində özünə yer almasını açıb göstərmişdir. Kitabda XIX əsr Azərbaycan mətbuat orqanlarının meydana gəlib nəşr edilməsində M.F.Axundzadənin “mələk xasiyyətli cavan” adlandırdığı Dmitri Semyonoviç Staroselskinin xidmətləri də, haqlı olaraq, yad edilmiş, dəyərləndirilmişdir.  “Əkinçi”, “Molla Nəsrəddin”, “Fyüzat”, pedoqoji, bolşevik jurnalistika məktəblərinin xüsusiyyətləri, Haşım bəy Vəzirov publisistikasının ideya- mövzu istiqamətləri və əhatə dairəsi, orada qoyulan Şərq-Qərb qarşıdurmasının bu gün üçün də aktuallığı, “İrşad”ın “Tərəqqi”nin, “Hürriyyət”in məslək  yolu, milli mühacirət jurnalistikasının yaranma tarixi və xüsusiyyətləri, milli demokratik jurnalistika məktəbinin “Dirilik”, “İqbal” və “Açıq söz” məhələləri, habelə Üzeyir bəyin jurnalistikası və s. problemlər, ilk dəfə olaraq elmi-nəzəri cəhətdən yüksək səviyyədə işlənmişdir.

Bu zaman hər bir mətbuat orqanının, jurnalistika məktəbinin və onların əsas müəlliflərinin ictimai-ədəbi yaradıcılıq simalarına və ideya-estetik mövqelərinə də aydınlıq gətirilmişdir. Səid və Cəlal Ünsizadə qardaşları, M.Şahtaxtlı, Haşım bəy Vəzirov, Ə.Ağayev, Ə.Hüseynzadə, Ə.Haqverdiyev, M.Ə.Sabir, Ü.Hacıbəyli, C.Məmmədquluzadə, M.Ə.Rəsulzadə və başqalarının bədii publisistikalarının və ədəbi əsərlərinin ideya-estetik xüsusiyyətlərinə dair gətirilən faktlar və irəli sürülən elmi-nəzəri fikirlər orijinallığı və inandırıcılığı ilə diqqəti cəlb edir.

Kitabda bəzi jurnalistika məktəblərinə dair əsas hissə ilə yanaşı, əlavə yazılar – rəy, məqalə və s. də (“Molla Nəsrəddin” jurnalının “Poçt qutusu” haqqında, “Fyüzat” jurnalının biblioqrafiyasına dair bəzi qeydlər, “Yeni Fyüzat”ın ikinci həyatı, Əhməd bəy Ağayevin “Dəbistan” və “Molla Nəsrəddin” məqaləsi və mətbuata dair fikirlər) yer almışdır. Ilk baxışda, bəlkə də, ikinci dərəcəli görünən materiallar, əslində, aid olduğu bölmənin tamlığını və fikir tutumu baxımından dolğunluğunu təmin edir.

“Azərbaycan jurnalistika məktəbləri”nin bəzi hissələri çox müxtəsər yazılmışdır. Yəqin ki, gələcəkdə müəllif  həmin hissələrə yenidən qayıdıb onları da təkmilləşdirəcək. “Müasir jurnalistika: reallıqlar, problemlər, perspektivlər” bölməsinin daha da təkmilləşdirilməsinə də lüzum duyulur. Sonda qeyd edək ki, yeni kitabın materialları bu vaxtadək mətbuatda oxuculara məqalələr şəklində də çatdırılmışdır. Əsər humanitar sahə mütəxəssisləri – jurnalistlər, filoloqlar, tarixçilər və həmin ixtisaslar üzrə magistrantlardoktorantlar üçün faydalıdır.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2014.- 26 sentyabr.- S.7.