Bakıda Avropanın siyasi mühitinə
yeni ab-hava gətirəcək iqtisadi
layihənin icrasına start verildi
“Cənub” qaz dəhlizini
“Köhnə qitə”də “XXI əsrin layihəsi”
adlandırdılar
Mən hesab edirəm ki, bu gün bu sahədə – neft-qaz sahəsində yeni beynəlxalq komanda formalaşır. Komandanın bütün üzvləri bu gün salondadırlar. Əminəm ki, bizim birgə fəaliyyətimiz uğurlu olacaq və komandamız qələbə qazanacaqdır. Qoy yolumuz açıq olsun!
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Üç il bundan əvvəl – 2011-ci ilin yanvarında mən və Prezident İlham Əliyev Bakıda “Cənub” qaz dəhlizi ilə bağlı Birgə Bəyannamə imzaladıq. O gündən Avropa Komissiyası, tərəfdaş ölkələr və şirkətlər bu planları reallaşdırmaq üçün birgə çalışmışlar. Bütün kəmərlərin inşasının başa çatdırılması üçün əlavə 5 il tələb olunacaq. Bu dəhliz başa çatdırıldıqdan sonra Qafqazdan Türkiyəyə, Yunanıstan və Albaniya ərazilərindən keçərək 2000 kilometrlik məsafəni qət edəcək və Xəzər dənizini Avropa İttifaqının mərkəzi ilə birləşdirəcək. Lakin bu layihə yalnız kəmər deyil, XXI əsrin mühüm strateji, enerji dəhlizidir. Bu, sözün əsl mənasında, geostrateji bir layihə olacaq.
Joze Manuel BARROZU
Avropa Komissiyasının sədri
Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyamızın uğurları sıralanmaqdadır. Həmin strategiyanın ilk fazası kimi qiymətləndirilən “Əsrin müqaviləsi” faktiki olaraq, Azərbaycanın dövlət müstəqilliyinin əbədiləşdirilməsində, ölkəmizin sosial-iqtisadi inkişafının təməlinin qoyulmasında müstəsna əhəmiyyət kəsb etdi. Sonrakı mərhələlərdə Bakı-Tbilisi -Ceyhan neft, Bakı-Tbilisi- Ərzrum qaz ixrac kəmərlərinin çəkilməsi, Azərbaycan neftinin dünya bazarına çıxarılması təmin edəcək Trans-Anadolu, Trans-Adriatik kəmər layihələrin icrasına start verilməsi, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının işlənməsi üçün imzalanan beynəlxalq saziş və digər layihələr ölkəmizə beynəlxalq aləmdə özünəməxsus nüfuz qazandırmışdır.
Ancaq iqtisadçı ekspertlərin fikrincə,
bu il sentyabrın 20-də
Bakıda təməli qoyulan “Cənub” qaz dəhlizi Heydər Əliyev neft strategiyasının zirvəsi, bu strategiyanın zəfərlərinin təntənəsi
kimi qiymətləndirilir.
“Əsrin
müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr
olunmuş beynəlxalq əhəmiyyətli
təntənəli mərasimdə iştirak
edən dövlət və hökumət rəsmilərinin
sırasına nəzər salmaq kifayətdir
ki, bu layihənin Avropa üçün daşıdığı əhəmiyyətin
miqyası barədə təsəvvür yaransın.
Heydər
Əliyev neft strategiyasının ölkəmiz,
xalqımız və dost ölkələr
üçün xüsusi
əhəmiyyət kəsb etdiyini
xatırladan Azərbaycan Prezidenti dedi ki, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin
imzalanması və 1996-cı ildə “Şahdəniz” qaz müqaviləsi üzrə sazişin
bağlanması xalqımız
üçün çox
önəmli hadisələr idi: “Çünki bu gün “Cənub” qaz dəhlizinin
resurs mənbəyi “Şahdəniz” qaz yatağıdır. “Şahdəniz”
dünyanın ən böyük qaz yataqlarından biridir ki, orada qaz
ehtiyatları 1 trilyon kubmetrdən çoxdur.
Bu kəmərin yeni xəttinin
tikintisi, əslində, bu
gün başlayır. Azərbaycan
artıq “Cənub” qaz dəhlizinin birinci hissəsini 2007-ci ildə istifadəyə
vermişdir. Ondan
sonrakı dövr ərzində biz böyük layihə
üzərində işləyirdik. Bildiyiniz
kimi, bir neçə variant var idi.
2012-ci ildə Türkiyə və Azərbaycan siyasi
rəhbərliyinin fəaliyyəti nəticəsində Trans-Anadolu kəmərinin tikintisi
ilə bağlı razılıq əldə edilmişdir.
TANAP layihəsi və onun həyata
keçirilməsi tarixi hadisədir. Məhz
TANAP layihəsinin razılaşdırılmasından sonra artıq “Cənub” qaz
dəhlizinin konturları görünməyə
başlamışdır. 2013-cü ildə TAP layihəsi - Trans-Adriatik kəmərinin əsas ixrac marşrutu kimi seçilməsi də tarixi
hadisə idi. Eyni zamanda, keçən il
artıq qazın satışı ilə bağlı kontraktlar imzalanmışdır. Yəni, bu gün bizim
önümüzdə bütün
üfüqlər açıqdır, yollar
aydındır. Sadəcə olaraq, biz birgə səylərlə “Cənub” qaz dəhlizinin tamamlanmasını təmin etməliyik
və bunu edəcəyik.
Bir sözlə, son illər
ərzində Azərbaycan öz enerji siyasətini ardıcıl şəkildə
irəliyə aparır. Yəni, bugünkü
mərasim, sadəcə olaraq,
görülən işlərin zirvəsidir. Əgər əvvəlki
dövrlərdə dediyim məsələlər
öz həllini tapmasaydı, bu gün “Cənub”qaz dəhlizindən
söhbət belə gedə bilməzdi. Hazırda layihə
tam hazırdır. Bu gün dəhlizin tikintisi
başlayır. Əlbəttə, biz gələcəkdə
çalışmalıyıq ki, bütün bu işləri
tərəfdaş ölkələrlə birgə edək, əlaqələndirmə
yüksək səviyyədə olmalıdır”.
Məsələnin siyasi tərəfinə gəlincə isə
dövlət başçımız yüksək səviyyəli
əlaqələndirmə işlərinin vacibliyini
vurğuladı: “Bu günə qədər
bizim qaz və neft layihələrimizdə ancaq
3 ölkə iştirak edirdi
- Azərbaycan, Gürcüstan və
Türkiyə. Bu gündən sonra biz geniş
beynəlxalq əməkdaşlıq prosesinə qədəm qoyuruq. Azərbaycan qaz
istehsalçısı kimi öz resurslarını dünya
bazarına çıxaracaq. Ondan sonra Gürcüstan,
Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya,
İtaliya, gələcək mərhələdə
Monteneqro, Xorvatiya və
digər ölkələr bu layihəyə
qoşula bilərlər. Ona
görə, burada əlaqələndirmə
işləri çox yüksək səviyyədə
aparılmalıdır”.
Beş il əvvəl Avropada yaşanmış qaz
böhranını yada salan
natiq – Bolqarıstan Respublikasının Prezidenti Rosen PLEVNELİEV iqtisadi məzmunlu tədbirdə
çıxış etməsinə baxmayaraq,
birbaşa siyasi hadisələrin
törətdiyi fəsadlardan başladı: “Ukraynada baş vermiş böhran bir daha onu
nümayiş etdirdi ki, Avropa nə dərəcə
qazdan asılıdır və bu, bizim Avropa
İttifaqının gündəliyinin ən başlıca məsələsinə
çevrilib və burada
müdrik siyasətin nə dərəcədə
əhəmiyyətli olduğu
vurğulanıb. “Cənub” qaz dəhlizi
bu illər ərzində
yaşanmış asılılığın sonu
olacaq. Bizim regionu və daha geniş məkanı– Avropanı
asılılıqdan azad edəcək. Burada rəqabətlilik, bazarların azad olması və ədalətli qiymətlərin
təklif edilməsi baxımından da irəliləyiş
olacaq. Türkiyə–Bolqarıstan,
Yunanıstan–Bolqarıstan əlaqələndirici kəmərlər
də “Cənub” qaz dəhlizinin əhəmiyyətli
tərkib hissəsi olacaq. Bu,
Bolqarıstanı da, Rumıniya, Serbiya və digər ölkələri də qazla təmin edəcək”.
Bolqarıstan dövlətinin
başçısı Azərbaycanla əməkdaşlığın
perspektivlərinə eyham edərək
vurğuladı ki, Avropaya
yenidən heç bir
xəbərdarlıq lazım deyil, biz artıq dərslərimizi öyrənmişik.
Biz artıq real işə
başlamalıyıq.
“Cənub” qaz dəhlizinin siyasi əhəmiyyəti
barədə fikirlər Gürcüstanın Baş
naziri İrakli QARİBAŞVİLİ-nin
çıxışında da
özünə yer tapmışdı: “Onu da əlavə etmək
istərdim ki, Azərbaycan və Türkiyə
ilə birlikdə biz daha
bir mühüm layihə
üzərində çalışırıq –
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi.
Bu, çox ümidverici bir layihədir.
Geniş əhatə sahəsinə malik olan bir
layihədir. Əminik ki, bizim
üçtərəfli əməkdaşlığımız
Əfqanıstanla bağlı bütün
təşəbbüslərdə öz rolunu oynayacaqdır... Bu, bizim ölkələrimiz üçün
prioritet məsələdir. Qonşu dövlətlər üçün
azad ticarət çox
nəhəng bir töhfə olacaq. Bu baxımdan Avropa İttifaqı ilə azad
ticarət sazişinin əhəmiyyətini
digər ölkələrə də şamil
etmək istərdik”.
“Mənim
ölkəm Avropa İttifaqının enerji siyasətinə sadiqdir”,
– ifadəsi ilə gündəlikdəki məsələyə
münasibət bildirən Monteneqronun Baş naziri Milo CUKANOVİÇ öz
çıxışında qeyd etdi ki, Adriatik
hövzəsi ölkələri – Albaniya,
Monteneqro, Bosniya və
Herseqovina və Xorvatiyanı birləşdirəcək
kəmər çox əhəmiyyətli bir
məsələdir: “Bizim və qonşularımız
üçün bu, yeni enerji imkanları
açmaqdadır. Qərbi Balkanlarda bu layihələrin əhəmiyyəti çox böyükdür.
İstənilən halda enerji
məsələsi milli maraqlarla
məhdudlaşmır. Bu sahədə əməkdaşlıq
çox vacibdir və
biz buna böyük əhəmiyyət veririk. ...Əminəm ki, biz ölkələrimiz üçün
yeni gələcək yaradırıq”.
Tədbirdə daha çox maraqla qarşılanan və daha
böyük siyasi çalar kəsb edən
çıxışlardan biri də Avropa Komissiyasının sədri Joze Manuel BARROZUNUN
videomüraciəti idi: “Bir daha qeyd
edim ki, Avropa İttifaqı müasirləşmə
islahatları ilə bağlı Azərbaycanın bütün təşəbbüslərini dəstəkləyir
və müxtəlif sahələrdə daha
dərin münasibətlər yaratmaq istəyir.
Şübhə etmirəm ki, bundan sonra da
Avropa İttifaqı və xüsusilə Avropa Komissiyası bu
layihəni mənim və enerji məsələləri
üzrə komissar Günter
Ottinger qədər dəstəkləyəcəkdir.
Şəxsən mən
artıq Avropa Komissiyasının sədri
kimi deyil, Azərbaycanın
dostu qismində “Cənub” qaz
dəhlizi ilə bağlı irəliləyişi və
ümumən, münasibətlərin inkişafını məmnuniyyətlə
izləyəcəyəm”.
Xatırladaq
ki, bir həftə əvvəl
Avropa Parlamentindəki ermənipərəstlərin
qəbul edib yaydıqları anti-Azərbaycan
qətnamə cənab Barrozunun bu fikirlərinin qarşısında, təxminən,
milçək vızıltısı qədər dəyər
kəsb edir.
Daha bir siyasi
məqam. “Türkiyə Respublikasının
hökuməti olaraq, həm Türkiyə
Böyük Millət Məclisində
hökumətlərarası müqavilələrin və eyni zamanda, ev
sahibliyi müqavilələrinin təsdiqi
də tamamlanmışdır. İcazə verin,
açıq şəkildə söyləyim ki,
Türkiyə və Azərbaycanın tərəfdaşlarımızla
əməkdaşlıq şəraitində
reallaşdırdığı bu layihələr,
bir az əvvəl dediyim kimi, yalnız
bölgəyə deyil, eyni
zamanda, geniş bir coğrafiyaya sülh və sabitlik gətirəcək
layihələrdir”. – Bu fikirləri Türkiyənin energetika
və təbii sərvətlər naziri Taner YILDIZ səsləndirdi və əlavə etdi ki, köklü
bağlarımızın olduğu Cənubi
Qafqaz Türkiyə baxımından
vazkeçilməz əhəmiyyətdədir. Şərq ilə
Qərb, Şimal ilə Cənub
arasındakı ticarət, enerji və nəqliyyat dəhlizlərinə əlavə
olaraq mədəniyyətlərin
qarşılıqlı təsirini təmin edən və
bölgənin sülh, sabitlik
və rifah qovşağına çevrilməsi
geniş Avrasiya
coğrafiyası ilə bağlı
baxışımızın əsasını təşkil edir. “Bu
gün təməlini
qoyacağımız “Cənub” qaz dəhlizi
layihəsi yalnız bir enerji
və ya nəqliyyat layihəsi deyildir. “Əsrin müqaviləsi”ndən bəri
qardaş Azərbaycan ilə inkişaf etdirdiyimiz layihələr
bütün ətraf ölkə və
bölgələrə sülh gətirmək
məqsədi daşıyan layihələrdir.
Bakı-Tbilisi-Ceyhan layihəsi ilə Qafqazı Aralıq dənizinə
bağladıq. Bakı-Tbilisi-Ərzurum layihəsi ilə
Qafqazı Anadoluya bağladıq. “Cənub”
qaz dəhlizi layihəsi və onun onurğa sütunu olan TANAP ilə
Avropanı və Qafqazı bir-birinə bağlayır və sanki, bir sülh
dəhlizi açırıq. Bu, iki ölkənin ən azı 10 ildən bu yana gecə-gündüz
çalışaraq birlikdə ortaya qoyduğu böyük bir hədəfin göstəricisidir”.
Mühüm siyasi fikirlərdən
birini isə Amerika
Birləşmiş Ştatları Dövlət Departamentinin beynəlxalq enerji
məsələləri üzrə xüsusi
nümayəndəsi Amos HOKSTAYN söylədi:
“Biz fəxr edirik ki, Bakı-Tbilisi-Ceyhan layihəsinin
inkişafı və həyata keçirilməsi istiqamətində
Azərbaycana mühüm dəstək vermişik. Sabiq Prezident Klintondan Prezident Obamaya qədər
hər bir ABŞ Prezidenti
bu layihənin qəti tərəfdarı olub”.
ABŞ
rəsmisi qeyd etdi ki, Azərbaycan ilə bizim
enerji tərəfdaşlığımız
güclüdür və yeni
layihələr meydana çıxdıqca
daha da güclənəcək.
İyun ayında Prezident
Obama məktubunda dediyi
kimi, bu layihənin
icrası Avropanın qaz təchizatının
genişləndirilməsi
baxımından mühüm
addımdır və ABŞ onu dəstəkləməyə
hazırdır.
Ancaq onun başqa
bir fikri
soydalarımızın və Azərbaycanı sevən istənilən
dostumuzun yadından çıxmayacaq: “Azərbaycan
müstəqilliyini bərpa etdikdən sonra
enerji sahəsində lider
olub. Əminəm ki, Siz bundan sonra
da bu işləri cəsarət
və əzmkarlıqla, açıq, ədalətli və
şəffaf şəkildə davam etdirəcəksiniz.
Firavanlığın təmin edilməsində ABŞ Sizin yanınızda olacaq”.
Bütün çıxışlardan sonra Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili,
Türkiyənin energetika və təbii sərvətlər
naziri Taner
Yıldız, Yunanıstanın Baş naziri Antonis Samaras, Bolqarıstan Prezidenti
Rosen Plevneliev,
Albaniyanın energetika naziri
Damian Giknuri,
İtaliyanın iqtisadi inkişaf
nazirinin
müavini Klaudio de Vinsenti, Monteneqronun Baş naziri Milo Cukanoviç, Böyük Britaniya və
Şimali İrlandiya
Birləşmiş Krallığının ticarət və investisiyalar naziri Lord Livinqston, ABŞ
Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos
Hokstayn, bp şirkətinin
baş icraçı direktoru
Robert Dadli, Azərbaycanın
energetika naziri Natiq Əliyev və ARDNŞ-in
prezidenti Rövnəq Abdullayev
“Cənub” qaz dəhlizinin təməlinə
qoyulacaq ilk borunu imzaladılar və “Cənub” qaz dəhlizinin təməli qoyuldu.
Fikrimizcə, bu təməlqoyma mərasimi
XXI əsr Avropasının həyatındakı ən mühüm iqtisadi və siyasi addımlardan biri idi. Uğurlu olsun!
İttifaq
MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2014.- 26 sentyabr.- S.1.