Milli təhlükəsizlik
məsələsində
mənəvi dəyərlər
amili
Son
zamanlar dini təriqətçiliyin fəallaşması ilə
bağlı Azərbaycan cəmiyyətində bir narahatlıq
yaşanmaqdadır və bu, heç də əsassız deyil.
Xüsusən, Suriyada cərəyan edən hadisələrin
fonunda dini ekstremizmin qurbanına çevrilərək “cihad”
dalınca “cəhənnəmə səyahət” arzusuna
düşənlərin taleyi fəal müzakirə
mövzusuna çevrilib. Əslində isə, cəmiyyəti
daha çox narahat edən ayrı-ayrı fərdlərin
taleyi yox, öz-özlüyündə bu faktın - dini
ekstremizmin Azərbaycan cəmiyyətinə yol
tapmasının milli təhlükəsizliyimizi nə dərəcədə
təhdid etməsidir.
Bütün
hallarda dini təriqətçiliyin müxtəlif ifrat
tendensiyalar üzrə öz fəallığını
artırması və hətta ictimai-siyasi proseslərə təsir
etmək iddiasında irəliləməsi diqqətdən
yayınmamalıdır. Bu baxımdan, son aylarda Azərbaycan mətbuatının
fəallığı bu
tendensiyaların araşdırılıb üzə
çıxarılmasında, ona adekvat ictimai-siyasi rəyin
formalaşdırılmasında böyük rol oynadı. Dini təriqətçiliyin fəallaşması
ilə bağlı gözlənilən təhlükələrin
miqyası və təsir dairəsi haqqında getdikcə
çoxalan informasiya Azərbaycan cəmiyyətini yetərincə
məlumatlandıra bildi. Dövlət qurumlarının
çevik reaksiyası nəticəsində bu proseslərə
nəzarətin gücləndirilməsi və milli təhlükəsizliyimizə
qarşı potensial təhdidlərin önlənməsi
üçün bütün zəruri addımlar atıldı.
Baş verənlər bir daha təsdiq etdi ki,
Azərbaycan ictimaiyyəti və dövləti milli müstəqilliyimizi
və dövlətçiliyimizi təhdid edə biləcək
hər hansı qüvvəyə qarşı sayıqlıq
göstərmək və onu zamanında önləmək
iqtidarındadır. Ancaq bu da rahatlaşmaq üçün əsas
vermir. Zaman durmadan dəyişir
və nəzərə almaq lazımdır ki, biz qapalı orta
əsrlər qəsrində deyil, açıq qloballaşma əsrində
yaşayırıq. Belə bir şəraitdə müxtəlif
xarakterli güclü ekspansiya dalğaları bütün sədləri
bir anda aşıb keçə bilir. Hətta ən qüdrətli
dövlətlər, oturuşmuş demokratik cəmiyyətlər
belə müxtəlif təzahürlü siyasi, ideoloji və
dini ekspansiya təsirlərindən özünü müdafiə
etməkdə çətinlik çəkir.
Bu gün ABŞ-da, Avropa ölkələrində
həmin təsirləri dəf etmək üçün
strukturlaşmış təsisatlar fəaliyyət göstərir,
dini-ideoloji müdaxiləyə qarşı külli miqdarda vəsaitlər
xərclənir. Bir çox ölkələrdə ekspansiya təhlükəsindən
başqa, cəmiyyətin öz “bətnindən” doğan
müxtəlif radikal-ekstremist qruplaşmalar və ifrat millətçilik
hərəkatları da kifayət qədər güclü təhlükə
mənbəyinə çevrilməkdədir. Hətta Avropada və
Rusiyada faşizm ideologiyasını yenidən canlandıran,
qeyri-Avropa və qeyri-rus xalqlarına qarşı kəskin
diskriminasiyanı həyata keçirməkdən çəkinməyən
təmayüllər də mövcuddur. Diqqətlə baxsaq, görərik
ki, demokratik Qərbin üzdə görünməyən dərinliklərində
də islamçı və qərbçi radikalizm arasında
gizli savaş gedir.
İslam dünyasında Qərbin neoimperializm
siyasətinə qarşı çıxanlar elə Qərb
geopolitik məkanında ona zərbə vurmaq, bu məkanı
imkan daxilində “müsəlmanlaşdırmaq”, bu,
mümkün olmadıqda isə, ən azı, ölkə
daxilində “diskriminasiya” bəhanəsi ilə hər hansı
çaxnaşma yaratmağa çalışırlar.
Müvafiq olaraq əks tərəfdə də əks - fəaliyyət
aparılır. Ümumi əhalisinin yaxın gələcəkdə,
ən azı, 20 faizinin müsəlmanlardan ibarət
olacağını proqnozlaşdıran Avropa təkcə 20
faizlik “çoxluqdan” deyil, həm
də onun yetişdirdiyi və yetişdirə biləcəyi
ekstremist fəaliyyətlərdən çox narahatdır.
Avropanın bu vəziyyətlə heç cür
barışmaq istəməyən radikal kəsimi isə
islamın bu məkanda
bütün səviyyələrdə güclənməsinə
qarşı açıq və hiddətli mübarizəyə
qalxır. İki il öncə etiraz əlaməti olaraq 80 nəfərə
yaxın həmvətənini amansızlıqla qətlə
yetirən Anders Breyvik bu təmayüllü hərəkatların
üzə çıxan nümayəndəsidir.
Çoxları
isə bu mübarizəni gizli aparmaqda davam edir. Şərq
ölkələrində tüğyan edən müharibələri
də bu hadisələrdən kənarda təsəvvür etmək
düz olmazdı. Bir sıra Qərb siyasi dairələri
Şərq dövlətlərini içəridən
parçalamaq, onları bir-birinə qarşı qoymaq
üçün xüsusi himayə etdikləri leqal və
qeyri-leqal radikal qurumları təhrikçi, pozucu və
terrorçu fəaliyyətlər istiqamətində
hazırlayır, informasiyalaşdırır, maliyyələşdirir
və onların vasitəsilə bu dövlətlərdə
müxtəlif dinlər arasında, eləcə də eyni
dinin müxtəlif cərəyanları və məzhəbləri
arasında kəskin ideoloji və hərbi qarşıdurmaya qədər
varan konfliktləri qızışdırırlar. Məsələn,
bu gün Suriyada dini qruplaşmaların vətəndaş
müharibəsinədək şiddətlənən
savaşında kimin kimə qarşı mübarizə
apardığından, hətta gəmisi qan gölündə
batmaqda olan diktator Bəşər Əsədin hansı məzhəbə
qulluq etdiyindən heç Şeytanın özü də
baş çıxara bilmir.
Amma islam dünyasını böyük xaosa qərq
edən bütün bu qırğınların müəllifləri
- “Böyük Siyasət” yüyənini əlində
saxlayanlar həmin konfliktdə bilərəkdən
və bilməyərəkdən iştirak edən tərəflərin
hamısını bircə-bircə tanıyır,
vaxtaşırı vəziyyəti dramatikləşdirib səngidərək,
sonra yenidən gərginləşdirərək, prosesləri
ustalıqla idarə edirlər.
Onlar nəinki təkcə Suriyanın, ümumiyyətlə,
bütün islam dünyasının yedəyini əldə
saxlamaq üçün təfriqəçi fanatiklərin
bir-birinə açdıqları “kor atəşi” məharətlə
“hədəfə” tuşlayırlar. “Əl-Qaidə”,
“Boko-Haram”, “Əl-Şəbab”, “Əhrar Əl-Şam” kimi
müasir silahlara, güclü maliyyə resurslarına və
on minlərlə silahlı döyüşçülərə
malik olan terror təşkilatlarının öz-özünə,
kortəbii şəkildə deyil, məhz vəziyyəti idarə
edənlərin dəstəyi ilə yaranması artıq
heç kimdə şübhə doğurmur.
Hazırda “dəbdə olan” İŞİD təhlükəsini
ilk vaxtlar Qərbin qeyri-adi sakitliklə qarşılaması da
bir çox mətləblərdən xəbər verir.
Artıq məlum olduğu kimi, bu qurumun hərbi əməliyyatlarının,
taktiki döyüş uğurlarının əsas səbəbi
İŞİD-in tərkibində devrilmiş Səddam
rejiminin peşəkar hərbiçilərinin fəal
iştirakı ilə bağlıdır. Bu baxımdan
İŞİD-çilər İraqa hücum etdikdə Səddam
rejimini devirmiş ABŞ birmənalı olaraq dərhal
onların əleyhinə qalxmalı idi. Lakin bu baş vermədi.
Çünki İŞİD-in İraqdakı yarıtmaz
hakimiyyətə qarşı müharibəsi həmin anda
ABŞ-ın maraqlarına uyğun idi. Digər tərəfdən,
İŞİD Suriyada bərqərar olub və ABŞ-ın
devirmək istədiyi Əsəd hakimiyyətinə də
ciddi zərbələr vurur ki, bu da ABŞ-ın və
bütövlükdə Qərbin maraqlarına cavab verir.
Bir sözlə, nə qədər ki,
terrorçular rejimə, digər məzhəblərə və
təriqətlərə qarşı vuruşurdu, bu nə ABŞ-ı, nə də
digər Qərb dövlətlərini o qədər də
narahat etmirdi. Yalnız İŞİD-çilər
İraqdakı xristian əhalisinin yaşadığı şəhəri
mühasirəyə aldıqda ABŞ və arxasınca da Qərb
qəti hərəkətə keçdi ki, bu da başa
düşüləndir. Son hadisələrdən belə nəticə
çıxarmaq olar ki, İŞİD Suriya sərhədlərinə qədər
geri oturdulacaq, daha sonra Əsəd rejimi çökənə
qədər onların terror fəaliyyətinə nəinki
maneçilik törədilməyəcək, əksinə, bu
fəaliyyət növbəti dəfə yenidən dəstəklənəcəkdir.
Yaxın Şərqdə və Şimali
Afrikada ikinci dünya savaşından sonrakı tarixdə ən
dramatik hadisələrin cərəyan etdiyi bir vaxtda Rusiya və
Çin kimi supergüclər də heç də sakit
oturmurlar. Məhz bütün dünyanın diqqətinin
Suriya, İraq, İsrail-Fələstin, Mali, Yəmən,
Somali münaqişələrinə və digər tərəfdən
də bir sıra Afrika ölkələrində peyda olmuş
Ebola virusuna qarşı mübarizəyə cəmləşdiyi
bir zamanda Rusiya özünün hərbi-siyasi, Çin isə
iqtisadi-siyasi ekspansiyasını həyata keçirməkdə
daha da fəallaşmışlar. Belə bir vəziyyətdə
NATO üzrə müttəfiqləri
tarixin ən çətin dönəmlərində belə
öz dövlətçiliyini qorumağı bacarmış
qardaş Türkiyəni də dini, siyasi, ideoloji təxribatlara
cəlb etməkdən çəkinmirlər.
PKK-ya gizli dəstək verməklə ölkənin
parçalanmaq təhlükəsini daim gündəmdə
saxlamaq, nurçuluğu siyasi hakimiyyətin üstündə
yerləşdirmək cəhdləri Türkiyənin müstəqil
siyasət yeritmək iddialarını cilovlamaq məqsədi
daşıyır. Almaniya, Fransa və Avstriyada Ələvi
Birlikləri Konfederasiyalarını şəbəkələndirib
genişləndirməklə islamçılığı məzhəbçiliyə
qədər daraltmaq cəhdləri, müxtəlif erməni
terror təşkilatlarını vaxtaşırı Türkiyəyə
qarşı siyasi alət kimi işlətmək, həm Şərq,
həm də Qərb “cəbhəsindən” Türkiyə
dövlətinin milli ideologiyasını sarsıtmağa
yönələn ekstremist fəaliyyətlərin gücləndirilməsi
də bu təhlükəli müdaxilələrin görünən və
görünməyən tərəfləridir. Bu arada
vaxtaşırı olaraqTürkiyə ilə Azərbaycan
arasındakı qardaşlıq əlaqələrinə zərər
vurmaq üçün cəhdlər də göstərilir.
Bütün bu xaosun içərisində mübarizə üsullarının
da tamamilə yeni bir fenomeni təşəkkül tapmaqda və
artıq sezilməkdədir. Belə görünür ki,
artıq hər hansı bir ölkəyə təzyiq etmək
üçün mütləq onun üzərinə silahlı
ordu yeritməyə ehtiyac qalmır.
Artıq təcavüzün yeni və daha
mürəkkəb bir forması - millətin dini-mənəvi
dəyərlərini təfriqəçilik və məzhəbçiliklə
zəhərləyərək, cəmiyyətin bir qismini dini
ekstremizmə sövq etməklə həyata keçirilməsi
üsulu mövcuddur. Ona görə də ekspansiya və əks-ekspansiyanın
çox mürəkkəb şəkildə və çox
müxtəlif formada çulğaşdığı indiki
zamanda, həqiqətən, dövlətin və cəmiyyətin
dayaqlarını laxlada biləcək
dini-siyasi ideologiyaların məqsədli ixracına sipər
çəkmək və eyni zamanda, dünya ilə
qarşılıqlı əməkdaşlıq münasibətlərini
intensiv şəkildə inkişaf etdirmək kifayət qədər
çətin və məsuliyyətlidir. Həm regional, həm
də qlobal miqyasda üstünlük əldə etmək istəyən
dövlətlərin “gizli müharibəsində”, hazırda hərbi silahlardan
deyil, ideoloji silahlardan daha
geniş istifadə olunur.
Beynəlxalq subyektlərin bir-birinə
qarşı gizli siyasi, ideoloji, dini ekspansiyasının qarşısını
almaq isə o qədər də asan məsələ deyil. Məsələn,
bu ekspansiyanın ən “populyar” daşıyıcısı
olan müxtəlif missionerlik hərəkatları son yüz
ildə dünyanın siyasi xəritəsinin dəyişilməsində,
ayrı-ayrı ölkələrə siyasət, ideologiya və
din ixrac edilməsində, onların sosial mahiyyətinin
transformasiyaya uğradılmasında silah və ordu vasitələrindən
az rol oynamayıb. Bir afrikalı müdrik bütün Afrika qitəsinin
tikə-tikə Avropanın müstəmləkəsinə
çevrilməsindən sonra bu faciənin bilavasitə ictimai
idrakla bağlı olan səbəblərini çox dəqiq
ifadə etmişdi: “Avropalılar buraya gələndə,
onların əlində Kitab (“Bibliya”) var idi, amma bizim
torpaqlarımız vardı. Sonra bir də baxıb
gördük ki, bizim əlimizdə Kitab (“Bibliya”) var,
onların əlində isə bizim torpaqlarımız...” Olduqca
ibrətamiz bir deyimdir.
Deməli, Vətən torpaqlarının sərhədlərini
düşmən təcavüzündən qorumaq nə qədər
vacibdirsə, Vətən mənəviyyatının sərhədlərini də yad və zərərli ideologiyalardan qorumaq bir o qədər
zəruridir. Deməli, güclü ordu, siyasi iradə və
iqtisadi inkişafla yanaşı, Azərbaycan dövlətçiliyinin,
onun milli təhlükəsizliyinin dayaqlarından biri də
sağlam milli mənəviyyat faktorudur. Milli mənəviyyat
isə hər birimizin şəxsi mənəviyyatını
da içərisinə alan elə bir məfhumdur ki, ictimai həyatın
dindən siyasətə qədər bütün sahələrində
yalnız yüksək milli dünyagörüşü
meyarı ilə düşünüb fəaliyyət göstərmək
anlamını özündə ehtiva edir.
Milli mənəviyyata malik olan şəxs
ölkəsinin fəal vətəndaşı olur, milli
dövlətçilik məsuliyyətini daşıyır,
dini inancından, ictimai-siyasi mövqeyindən, həyata
baxış və maraqlarından asılı olmayaraq, dövlətinə
və xalqına hər zaman sadiqlik nümayiş etdirir, dilimizə,
mədəniyyətimizə, adət-ənənələrimizə,
ailə və məişət dəyərlərimizə,
milli əxlaqımıza, ölkəmizin müstəqillik və
inkişaf siyasətinə, insanlararası münasibətlərin
möhkəmlənməsi və milli-sosial həmrəyliyin
güclənməsi prosesinə zərər vuran və belə
bir təhlükə potensialını daşıyan hər
cür hərəkətlərə qarşı mübarizə
aparır. Sağlam milli mənəviyyata malik olmaq - dövlətin
təkcə siyasi hakimiyyət və ya milli ordu səviyyəsində
deyil, həm də ümumxalq səviyyəsində, onun ən
dərin qatlarından başlamış siyasi elitanın zirvəsinə
qədər bütün səviyyələrdə qorunması deməkdir. Buna görə
də cəmiyyətin xaricdən ölkəmizə ixrac olunan
milli, dini, irqi, məzhəbçilik, təfriqəçilik
kimi ekstremist ideoloji təxribatlara qarşı immuniteti daim möhkəmləndirilməlidir.
İndi Azərbaycanda siyasi, ideoloji, dini atmosfer
o qədər aydın və şəffafdır ki, burada
yabançı təlimatlarla hərəkətə gətirilən
təmayüllər dərhal görüntülənə
bilir. Sağlam milli mənəviyyatımızın “məhək
daşında” biz xalqımıza gərək olan yenilik təşəbbüslərini
də, dini mühafizəkarlığı dirçəltmək
cəhdlərini də, bəzi hallarda isə “demokratiya”
ixracatçılığının gizli niyyətlərini də
açıq-aşkar ayırd edə bilirik. Məsələn,
Milli Demokratiya İnstitutunun yerli və əcnəbi
“oyunçuları” ilə vəhhabilik,
sələfilik, təkfirçilik və s. cərəyanların
bulanıq fikirli terrorçuları arasında, əslində,
heç bir fərq yoxdur.
Bu “ittifaqda” din və siyasət çox eybəcər
formada hibridləşə bilir. Hibridləşmiş
ikibaşlı terror əjdahasının Azərbaycanı
sancmaq cəhdlərinin ehtimalını isə istisna etmək
olmaz. Bunun üçün kifayət qədər arqumentlər
mövcuddur. Yadfikirliliyin toxumlarını Azərbaycana səpmək
cəhdlərinin kökündə dövlətimizi siyasi,
iqtisadi, ideoloji, hərbi cəhətdən zəiflətmək,
daxili və xarici siyasətin aparılmasında asılı vəziyyətə
gətirmək, onun milli birlik, ictimai həmrəylik
dayaqlarını sarsıtmaq məqsədləri dayanır. Bu gün açıq rəqabət
dünyasında müstəqil Azərbaycanın qüdrətli
bir dövlətə çevrilməsi və
bütövlükdə, regionun yeni siyasi münasibətlər
platformasına keçidini təmin edən qətiyyətli
addımlar atması faktı ilə həmin dünyanı
köhnə qaydalarla idarə etmək istəyənlər
barışmırlar.
İslam dünyasının bir sıra
bölgələrində ifrat dini tendensiyalar çox müxtəlif
şəkillərdə özünə yer edib. Azərbaycanda
isə bütün dinlərin inkişafına bərabər
şərait yaradılır, amma onların
radikallaşmasına, ekstremizmə yuvarlanmasına imkan
verilmir. Bəlkə də, dini
İslam olan Şərq ölkələri arasında Azərbaycan
yeganə dövlətdir ki, aparılan konstruktiv siyasət nəticəsində,
burada dinin siyasətə təsiri, siyasətin isə dinlə
“alver” etmək məqsədi və marağı yoxdur.Azərbaycan
dünya sivilizasiyasının elə bir unikal məkanıdır
ki, burada din, elm və siyasət
xadimləri dini təriqətçiliyin zərərini dərk
edərək, həmişə ona qarşı
çıxıblar. Hələ 150-180 il əvvəl Mirzə
Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil
Məmmədquluzadə, Mirzə Ələkbər Sabir kimi
mütərəqqi fikirli yaradıcı insanlar xalqı cəhalət
və fanatizmdən uzaqlaşdıraraq “qəflət yuxusundan”
oyatmağa çalışmış və buna nail ola
bilmişlər.
Əsasən, islam daxilində mövcud olan
müxtəlif təriqətlər
(xüsusilə şiəlik və sünnilik) bir-biri ilə
nə qədər ziddiyyətli münasibətlərdə
olsalar da, mədəniyyətimizin
idrak, əxlaq və mənəviyyat dəyərləri bu
münasibətləri heç zaman kəskinləşməyə
qoymayıb və ən çətin durumlarda belə
barışıq məqamlarını tapmağa nail olub. Ona
görə də bu gün radikal-ekstremist təmayüllü
dini cərəyanlar cəmiyyətimizdə böyüyüb
artmaq üçün “münbit şəraitdən” məhrumdurlar. Lakin onu da etiraf etməliyik ki,
ölkəmizdə xurafatçılığın,
ehkamçılığın kökü hələ də
tam kəsilməyib və geniş ictimai arenada, cəmiyyətin
qabaqcıl inkişaf tendensiyalarında deyil, yalnız geri
qalmış sönük şüur mühitində həmin
təmayüllər özünə “dayaq” tapa bilərlər.
Missionerlərin ümid bəslədikləri də
məhz bu “çürük nöqtə”, beyinlərin bu
qaranlıq hücrəsidir. Onlar
həmişə çalışırlar ki,
ehkamçılığa, fanatizmə meylli xəstə mənəviyyatın
sferasında özlərinə “yuva” qursunlar. Terrorçuluq kimi ən təhlükəli
bir fəaliyyət də yalnız fanatiklər ordusunun
“kütləvi psixoz” vəziyyətində idarə edilməsi
ilə mümkün olur. Beyin nə qədər kövrək
və “gəncdirsə”, ona aramsız təbliğatı,
mexaniki hərəkətləri, qeyri-iradi
davranışları təlqin etmək bir o qədər
asandır. Ona görə missionerlər daha çox
uşaqların, yeniyetmələrin və gənclərin hələ
tam formalaşmamış zehnlərini “silib təmizləməyə”
və lazım bildikləri ideologiyaları həmin
“boşluğa” doldurmağa can atırlar. Məhz bu yolla mənəviyyatın
deformasiyası baş verir: Bu cür mənəvi zədələrə
məruz qalmış cahil isə kor bir instinktlə nəinki
“mücahid” adı ilə münaqişə zonalarında
ölüm-dirim savaşlarına qatıla bilər, hətta
öz dövlətinə və vətəndaşına qarşı da silah qaldıra bilər.
Son vaxtlar islam ölkələri gənclərinin,
təəssüf ki, o cümlədən, azərbaycanlı gənclərin
Suriyada gedən vətəndaş müharibəsinə -
mahiyyətcə, İslamı içərisindən
dağıtmağa yönəlmiş təriqətlərarası
qanlı münaqişəyə qoşulması onu göstərir
ki, milli, regional və qlobal miqyasda hər bir dövlət
üçün, bütövlükdə, beynəlxalq birlik
üçün bu məsələ ciddi narahatlıq
yaratmalıdır. Bu gün Azərbaycana qarşı təbliğati
ekspansiya, əsasən, iki formada təzahür edir: başqa
ölkələrin gizli siyasi-iqtisadi maraqlarını
özündə ifadə edən təzyiqlər şəklində
və yadfikirli radikal dini cərəyanların
funksionallaşdırılmış ideoloji cəhdləri
şəklində. Bu tendensiyalar ən müxtəlif trayektoriyalarla hərəkət edərək,
özlərinə ölkəmizdə dayaq tapmağa
çalışırlar. Belə bir dayağı isə onlar
möhkəm bir zəmində deyil, yalnız “boşluqda” tapa
bilərlər. Deməli, bizim təfəkkür və mənəviyyatımızda
boşluqlar olmasa, onlar heç cür burada dayaqlana bilməzlər.
Azərbaycanda islamdan başqa, digər dinlərə
də etiqad edənlər kifayət qədərdir. Ancaq Azərbaycan Respublikasının
beynəlxalq sistemdə unikal dövlət kimi
mövcudluğunun ilkin şərtlərindən biri onun
çoxdinli, çoxmədəniyyətli və çoxmillətli
dövlət olmasıdır ki, bu da onun unitarlığına
təməl yaradır və ölkədə milli vəhdətin
sarsılmazlığını təmin edir. Ona görə də
Azərbaycana qarşı təbliğati ekspansionizm
buradakı çoxdinlilik və
çoxmillətlilik amilindən nə qədər sui-istifadə
etməyə çalışsa da, buna nail ola bilmir. Azərbaycana
təriqətçilik axınları ilə dolmaq istəyən
təmayüllər xalqımızın dini
dözümlülük və humanizm kimi nəcib keyfiyyətlərini
zədələmək cəhdlərində bulunur,
insanların qəlbinə ən hiyləgər üsullarla
girib, onların dini etiqadlarından sui-istifadə etməklə
mənəviyyatını zəhərləmək, doğru yoldan sapındırıb
yolverilməz hərəkətlərə sövq etməyə
təşəbbüslər edirlər.
Bu prosesin bütün mərhələləri
və texnologiyası onu göstərir ki, dini təbliğatla
məşğul olan radikal missionerlik və ekspansionizmin digər
təzahürləri heç də dinin mahiyyətindən
doğmur, ölkəmizə qarşı siyasi, ideoloji təsir
aləti kimi işlədilmək məqsədləri
daşıyır.Ona görə də belə təşəbbüslər
bir gün onların təəssübkeşlərini
milli dövlətə və hakimiyyətə qarşı
qaldırmaq iddialarına qədər böyüyüb təhlükəli
həddə çata bilər. Ancaq müxtəlif siyasi,
ideoloji və dini ekspansiyanın qarşısını
bütün vasitələrlə almaqda və onun hər
cür təzahürlərini zərərsizləşdirməkdə
Azərbaycan dövləti kifayət qədər güclü
və barışmazdır.
Demokratiya xaos və anarxiya olmadığı
kimi, tolerantlıq da ölkəmizin və mənəviyyatımızın
qapılarını hər cür ifrat dini-siyasi
ideologiyaların üzünə açmaq demək deyil. Bu
gün milli təhlükəsizliyimizin təminatı ölkəmizə
dini-ideoloji müdaxilə cəhdlərinin qətiyyətlə
dəf edilməsi ilə birbaşa bağlıdır. Lakin bu
istiqamətdə zəruri addımların atılması təkcə
milli təhlükəsizlik orqanlarının deyil, həm də
elm, mədəniyyət, din, təhsil və milli humanitar siyasətini həyata
keçirən qurumların və sağlam milli-mənəvi
dəyərlərə malik olan hər bir vətəndaşın
vəzifəsidir.
Bu gün Azərbaycanın ən müxtəlif
bölgələrindən gedərək Yaxın və Orta
Şərqin milli, dini, təfriqəçilik və məzhəbçilik
savaşlarına qatılanlar, sadəcə, öz ailələrinə
və getdikləri yerlərin sakinlərinə bədbəxtlik
gətirmir. Onlar beyinlərinə yeridilmiş ifratçı
ekstremist düşüncə tərzi ilə cəmiyyətin
sağlam, firavan, tolerant bir şəraitdə yaşamasına
da böyük təhlükə yaradırlar. Yaxın və
Orta Şərqin, eləcə də qara qitənin bir çox
savaş meydanlarına gələnlər heç də tək
bizim vətəndaşlarımız deyil. Hər gün
yüzlərlə, bəzən minlərlə günahsız
insanların amansızcasına qətlə yetirildiyi bu qan
çanaqlarında ən müxtəlif siyasi, iqtisadi, mədəni
və demokratik inkişaf səviyyəsində yer alan ölkələrin
vətəndaşlarına rast gəlmək
mümkündür.
Çoxları üçün yeni və
gözlənilməz olan bu durum bütün ölkələrin
siyasi elitalarını dünyanın münaqişəli
bölgələrində bilərəkdən və ya bilməyərəkdən
terrorçuluq fəaliyyətinə cəlb olunmuş vətəndaşları
barəsində nə kimi təcili və təsirli tədbirlərin
görülə biləcəyi düşündürür. Məsələn,
beş yüzə yaxın vətəndaşının
İŞİD sıralarında döyüşdüyü
iddia olunan Böyük Britaniyada artıq terror bölgəsindən
qayıdan və ya qayıdacaq vətəndaşların
ömürlük həbs cəzasına məhkum olunması zərurəti
müzakirə olunur. Latviya özünün yüksək
rütbəli zabitlərini münaqişə bölgələrinə
göndərərək orada öz vətəndaşlarının
iştirakı haqqında iddiaları araşdırır.
Azərbaycan
Konstitusiyası və Azərbaycan milli təhlükəsizlik
doktrinası da hər cür milli, etnik, dini, irqi, ideoloji və
s. müxtəlifliyə əsaslanan ayrı-seçkiliyi və
bu zəmində qarşıdurma yaratmağa yönəlmiş
terrorçuluq fəaliyyətlərini qətiyyətlə rədd
edir və bu kimi fəaliyyətlər cinayət qanunvericiliyi əsasında
ciddi cəzalandırılır. Bununla belə, ölkəmizdə
yabançı dini, siyasi, ideoloji tendensiyaların müdaxiləsini
önləmək texnologiyaları təkmilləşdirilməli,
mövcud tolerantlıq mühitindən sui-istifadə
hallarına, missionerliyin təhlükəli həddə
çatmasına qarşı daha barışmaz mövqe
nümayiş etdirilməlidir. Missionerlərin -
yabançı təriqət
daşıyıcılarının əsasən cəmiyyətin
gənclik qisimini ələ almasına yol verilməməli, gənc
nəslin dünyagörüşünün milli ideyalar və
rasional dəyərlər əsasında formalaşdırılmasının
kompleks layihələri həyata keçirilməlidir.
Bir sözlə,
milli təhlükəsizliyimizin etibarlı təminatı
dini-ideoloji ekspansiya cəhdlərini dəf etmək istiqamətində
zəruri olan bütün fəaliyyətlərimizin səfərbər
edilməsindədir.
Cavanşir
FEYZİYEV,
Milli
Məclisin deputatı, fəlsəfə doktoru
Xalq qəzeti.- 2014.- 27 sentyabr.- S.4.