Regionların
inkişafına dövlət qayğısı
İsmayıllı rayonunda yüksək əhval-ruhiyyə
yaradıb
“Son
dövrdə İsmayıllıda görülən işlər,
yerli rəhbərlik tərəfindən
irəli sürülmüş təşəbbüslər
xalq tərəfindən də dəstəklənir.
Mən də Prezident kimi
daim İsmayıllının
inkişafını diqqət mərkəzində saxlayacağam. Rayonun gələcək inkişafı ilə bağlı
konkret proqramlar var”. İndi
İsmayıllı sakinlərinin böyük
əksəriyyəti, daha çox
isə rayonun son illərdəki
inkişafında xüsusi xidməti olmuş insanlar bu ifadələri cənab Prezidentin
dilindən şəxsən eşitməyin məmnunluğunu
yaşayırlar.
Amma gəlin etiraf edək
ki, təkcə İsmayıllı sakinləri
deyil, bu cənnətməkan
torpağın təəssübünü çəkən hər
kəs buradakı tərəqqiyə dövlət
başçısı tərəfindən verilən yüksək
qiymətdən məmnundur. Məsələn, biri
elə bu sətirlərin müəllifi.
Mən cənab Prezidentin həmin ifadələrini
sentyabrın 22-də, bilavasitə İsmayıllıda eşidib dəftərçəmə qeyd etmişdim.
Xatırladım ki, son
illər İsmayıllıdan nə qədər, neçə
dəfə yazmışamsa, hamısında yerli
sakinlərin ürək sözlərindən istifadə
etmişəm: “Allah Prezidentin
canını sağ eləsin ki, Mirdaməd müəllimi bu
rayona başçı göndərdi”.
İş elə gətirdi ki,
Prezident İlham
Əliyevin bölgəyə səfərindən üç gün sonra İsmayıllı şəhərində
həmin səfərin yekunlarına həsr olunan
fəallar yığıncağında da
iştirak etməli oldum.
Rayonun
idarə, müəssisə və təşkilat rəhbərlərinin,
sahibkarların, əmək veteranları və gənclərin,
ziyalıların iştirak etdiyi yığıncağı rayon icra hakimiyyətinin
başçısı Mirdaməd Sadıqov aparırdı. O,
Prezidentin bölgəyə növbəti
səfərinin böyük tarixi əhəmiyyətindən, insanlarda yaratdığı
yüksək əhval-ruhiyyədən, onların
çalışmaq, qurub-yaratmaq əzminin
möhkəmlənməsinə göstərdiyi təsirdən
danışdı. Amma, elə-belə
danışmadı. Mən çoxdan
tanıdığım Mirdaməd müəllimin gözəl
nitqlərini kifayət qədər eşitmişdim.
Beləsini isə ...eşitməmişdim, - desəm,
inanın. Bu da təsadüfi
deyildi. Həm Prezident
İsmayıllıdakı inkişafdan
razı qalmışdı, həm də rayon
sakinləri bu səfərin təəssüratı
ilə yaşayırdı.
Mirdaməd müəllim
qeyd etdi ki, bu səfər
qarşıdakı neçə-neçə illərin
inkişafı üçün möhkəm
təməl qoydu. Onun fikrincə, dövlətimizin
başçısının səfər çərçivəsində
rayon mərkəzi xəstəxanasında,
icra hakimiyyətinin inzibati
binasında, mədəniyyət sarayında aparılan əsaslı
və yenidənqurma işləri ilə tanış
olması, Heydər Əliyev Fondunun təşəbbüsü
ilə inşa edilən körpələr evi-uşaq
bağçasının, YAP rayon təşkilatı
üçün yeni
tikilən inzibati binanın
açılışında iştirak
etməsi, ümumi sahəsi 2 hektar olan uşaq
istirahət və əyləncə parkında yaradılan
şəraitlə tanışlığı, ictimaiyyət
nümayəndələri ilə səmimi söhbəti
İsmayıllının sürətli inkişafına, rayon sakinlərinin daha firavan gələcəyinin yaradılmasına stimul olacaq.
Rayon rəhbəri qeyd etdi
ki, səfər zamanı xüsusi
tapşırıqlar verən, yeni layihələrə
dəstək olacağını bildirən dövlətimizin
başçısının tükənməz
qayğısı, ardıcıl diqqəti digər bölgələr
kimi, İsmayıllının da bütün sahələrdə sürətli
inkişafını təmin edib. Təsadüfi deyildir ki, dövlət başçısı səfərin
ertəsi günü - sentyabrın 23-də
İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi
məqsədilə Prezidentin Ehtiyat Fondundan rayon icra hakimiyyətinə
2 milyon manat vəsaitin
ayrılması barədə sərəncam imzalayıb. Bu sərəncam ismayıllılar tərəfindən
minnətdarlıqla qarşılanıb.
Yığıncaqda
bir neçə nəfər Prezidentin İsmayıllıya səfərinin
yekunları ilə əlaqədar qarşıda duran vəzifələrin müəyyənləşdiriməsi,
bununla bağlı tədbirlər
planının təsdiq olunması, tədbir
iştirakçıları adından Prezident
İlham Əliyevə müraciət qəbul
edilməsi ətrafında
bir-birindən maraqlı təkliflərlə
çıxış etdi. Mən isə
dövlət başçımızın İsmayıllı
Rayon Mərkəzi Xəstəxanasında
əsaslı yenidənqurmadan sonra
yaradılan şəraitlə tanış olarkən söylədiyi
bu fikirləri indicə eşidirmiş
kimi xatırlayırdım: “Rayonun inkişafı sürətlə gedir. Mən keçən il İsmayıllı rayonuna
gəlmişdim və indi gördüklərim
məni çox sevindirir.
Şəhərin abadlaşması, küçələrin
salınması, binaların bərpası, yeni
ictimai yerlərin yaradılması Azərbaycanda
gedən ümumi siyasətimizin təzahürüdür.
Çünki mən istəyirəm ki, hər bir şəhərdə,
hər bir rayonda
işlər yaxşı getsin”.
Düşünürdüm ki, Prezidentin
həmin arzusunun , istəyinin
İsmayıllıda hansı səviyyədə
reallaşdırılmasının çoxsaylı şahidlərinin
biri də mənəm. Bu
qədər tikinti- quruculuq,
abadlıq işlərinin hamısı məhz mənim
gözlərimin qabağında baş verib. Dəfələrlə olub
ki, Mirdaməd müəllim ya mənimlə, ya da bir neçə həmkarımızla
tikinti və ya təmir
işləri aparılan obyektlərə gedib.
Hər yerdə də məni heyrətləndirən iki məqamın olduğunu
qeyd etmişəm. Birinci
məqam onun yorulmazlığı, təşəbbüskarlığı,
ikinci məqam isə sadə insanların rayon rəhbərinə inamı, etimadı, onu öz doğmaları kimi qəbul etməsi olub.
Bu barədə dəfələrlə söz açmışam.
Elə, 1978-ci ildə
tikilən, indiyədək təmir olunmayan
Mərkəzi Xəstəxanada həyata keçirilən təmir-bərpa
işlərinin vəziyyəti ilə də dəfələrlə
birlikdə tanış olmuşduq. Səhiyyə Nazirliyinin sifarişi əsasında aparılan təmir
işlərinə 2012-ci ilin avqustunda başlanılmışdı.
Əsaslı təmir işləri “İnam
YR İnşaat” Məhdud Məsuliyyətli
Cəmiyyət tərəfindən yüksək səviyyədə
və zövqlə həyata keçirilirdi.
Yazda Mirdaməd müəllim demişdi ki, yenidənqurma
işləri çərçivəsində xəstəxananın
ərazisi hasarlanacaq, yaşıllıq
sahəsi salınacaq, bina su
anbarı, elektrik yarımstansiyası və
generatorla təchiz ediləcək.
Payızda, sentyabrın 22-də isə xəstəxananın həkimi
Gülər Babayeva Prezident
İlham Əliyevə məlumat verərək
deyirdi: “Artıq burada
bizim hər bir şəraitimiz
var ki, xəstələrimizə
yardım göstərək. Həkimlərimiz dünyanın
öndə gedən bir çox
ölkələrində tibb müəssisələrində
kurslarda olur, bilik və bacarıqlarını
artırırlar. Biz söz
veririk ki, belə bir gözəl şəraitdə daha da yaxşı işləyəcəyik,
insanların sağlamlığının keşiyində əzmlə
dayanacağıq, bizə göstərilən etimadı
layiqincə doğruldacağıq”.
Həkimin “etimadı
layiqincə doğruldacağıq” ifadəsi tamamilə yerinə
düşürdü. Çünki
həmin tezis son illərdə
həqiqətən bütün ismayıllıların
fəaliyyət prinsipinə çevrilib.
Mirdaməd müəllim rayona rəhbər
göndəriləndən sonra etimadı doğrultmaq məsələsi
böyüklü-kiçiklı hamının bir nömrəli vəzifəsinə çevrilib. Özü də
inzibati qaydada deyil, sadəcə şəxsi nümunələrlə.
Məhz
həmin ənənələri əsas götürən Prezident İlham Əliyev
İsmayıllıda olarkən həm rayon
rəhbərinin, həm də hər bir sakinin qarşısında böyük
vəzifələrin dayandığını söyləmişdi:
“İsmayıllının çox gözəl
turizm potensialı var. Ümumiyyətlə, hesab edirəm ki, bu zona turizm
üçün ən cəlbedici
zonadır. Şamaxıdan Balakənə qədər bu, böyük bir turizm zonasıdır ki, indi müasir
otellər, əyləncə və istirahət yerləri tikilir. Bu bölgənin
inkişafı üçün Qəbələdə
bir neçə il bundan əvvəl beynəlxalq aeroport
tikilmişdir. Digər qonşu
rayonlarda işlər gedir.
Gözəl otellər tikilir.
İsmayıllının da çox gözəl turizm
imkanları var. Əminəm ki, biz bu
imkanlardan səmərəli şəkildə
istifadə edəcəyik”.
Dövlət
başçımız xatırlatdı ki,
“Yaxın gələcəkdə buraya qoyulacaq investisiyaların həcmi daha da artmalıdır. Bu, Dövlət Proqramında nəzərdə
tutulub. Artıq üçüncü regional
inkişaf proqramı icra
edilir. İki proqram artıq icra edilib. Üçüncü
proqram başlamışdır və
2018-ci ilə qədər o da başa
çatmalıdır. Ümid edirəm ki, o vaxta
qədər rayonda bir
dənə də olsun sosial
infrastruktur problemi qalmayacaq. Hər halda
bu, bizim istəyimizdir”.
Prezidentin İsmayıllıya səfərindən
yaranan təəssüratları rayon Mərkəzi Xəstəxanasının baş həkimi, tibb elmləri
namizədi Avtandil Rəhimovla bölüşdük. Təkcə
yaxşı həkim deyil, bacarıqlı
səhiyyə təşkilatçısı, eyni
zamanda gözəl insan
olan Avtandil müəllim,
həm də İsmayıllının ən böyük
təəssübkeşlərindəndir. Elə bir ictimai məsələ
ola bilməz ki, onun həllində Avtandil
müəllim də iştirak etməsin.
Xəstəxana təmir olunduğu
dövrdə dəfələrlə görüşüb
işlərin gedişi barədə
söhbət etmişdik. O zaman
çox narahat idi. İndi isə əhvalı
elə özü istədiyi kimidir: “ Bu səfərin təəssüratları
bizi hələ uzun
müddət tərk etməyəcək. Prezidentin bir
səfərində rayonda bir
neçə mühüm obyektin
açılışını etdik.
Əslində, Dövlət başçımız
haqqında danışarkən obyektlərin mühümlüyünü
yada salmaq mümkün deyil. Çünki ölkədə cənab İlham Əliyev üçün
mühüm olmayan nəinki
hansısa obyekt, heç
ayrılıqda bir insan
da yoxdur.
Yadınızdadırmı, məhz onun
tapşırığına əsasən ilin
əvvəlində Azərbaycanın bütün
regionlarında olduğu kimi,
İsmayıllıda da əhalimiz tibbi müayinələrdən keçirilib,
bütün əhali qrupları müayinə
olunub. Bu nə demək
idi? O demək idi ki, Prezident
ayrı-ayrılıqda hər bir
insanın qayğısına qalır. O zaman
müəyyən diaqnozlarla uzunmüddətli
qeydiyyata götürülmüş
sakinlərimiz indi bu müasir xəstəxanada müalicə və
müayinələrini davam etdirəcəklər”.
Avtandil Rəhimov qeyd etdi ki, son
illər səhiyyəmiz çox böyük inkişaf yolu keçib. Ölkəmizdə
yüzlərlə xəstəxana, müalicə-diaqnostika mərkəzi
açılıb. Biz çox
məmnunuq ki, həmin inkişafın bütün uğurları İsmayıllı
sakinləri üçün də əlçatan
edilib. İndi bizim rayonun əhalisinin,
demək olar ki, heç bir problemi yoxdur.
Bütün bunlara görə
cənab Prezidentimizə
minnətdarıq.
Avtandil müəllimin
bir fikri məni daha çox təsirləndirdi:
“Ölkənin bütün
uğurlarının hamı
üçün əlçatan
edilməsi”. Məsələn, Bakıda olan
ən müasir səhiyyə ocağı
hansısa əyalət
sakini üçün
əlçatan olmaya bilər. İndi həmin məhdudiyyətlər
aradan qaldırılıb.
Bütün bölgələrdə müalicə-diaqnostika mərkəzləri,
müasir xəstəxanalar
fəaliyyət göstərir.
Bəs təkcə tibb sahəsində belədirmi?
Əsla yox. Tikib-quran, yaradan insanların
sayəsində ölkənin
bütün şəhər
və rayonlarında, istənilən sahədə
yenilik, müasirləşdirmə
prosesləri gedir.
İsmayıllıda
gedən həmin proseslərin əsas iştirakçılarında biri
də “İsmayıllı
Tikinti-27” Açıq Səhmdar
Cəmiyyətidir. Cəmiyyətin idarə heyətinin sədri
, təcrübəli inşaatçı Azad
Əliyevlə Prezidentin səfərindən
sonra keçirilən ümumrayon
toplantısında görüşdük.
Azad
müəllimin rəhbərlik etdiyi son inşaat işi Qarabucaq kəndində
tikilən 360 şagird yerlik
məktəb binasıdır. 2013-cü ilin
sentyabrında inşasına başlanılan obyekt
bu dərs ilinədək təhvil verilib. 18 sinif
otağı, 3 laboratoriyası, 2 kompyuter
otağı, müasir tipli
idman zalı, kitabxanası, akt zalı, yeməkxanası, istilik
sistemi, qazanxanası, 2 ədəd 100 kubmetrlik su anbarı, futbol meydançası olan
bu təhsil ocağı rayonun
ümumi inkişafına verilən
töhfələrdən biridir. Kollektivin Şəbyan kəndində tikdiyi 80 şagird yerlik məktəbin isə 9 sinif
otağı, 3 laboratoriya otağı,
kitabxanası, müəllimlər otağı, yeməkxanası
vardır. Yəni, tərəqqi artıq bu
rayonun ən kiçik
, ən ucqar kəndlərinə qədər
gedib çıxır. Xüsusilə təqdir
olunmalı məqam isə odur ki, bu proseslərdə rayonun bütün təşkilatları
və əksər sakinləri də iştirak
edirlər.
Payız
torpağımızın çox dəyərli,
barlı-bərəkətli qonağıdır. Elə
İsmayıllının ən ali
qonağı da bu diyara payızda – sentyabrın 22-də gəlmişdi.
Əminik ki, hər iki
gəliş İsmayıllının barını, bərəkətini,
sevincli, firavan günlərini
artıracaq. Deyəsən, Mirdaməd müəllimlə
söhbətimizin son akkordlarının bu iki məqam
üstündə olması kifayət qədər düşərli
oldu. Çünki biz İsmayıllıdan ayrılıb
Bakıya yola düşəndə ...toy karvanı ilə üzləşdik.
Xoşbəxt olsunlar!
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2014.- 28 sentyabr.- S.6.