Azərbaycanda üzümçülüyün
inkişafı
diqqət mərkəzində saxlanılır
Azərbaycan üzümün yetişdirilməsi və onun emalı ilə məşğul olan qədim diyarlardan biridir. Tarixi qaynaqlara görə, hələ eramızdan əvvəl X əsrdə ölkəmizin bir çox bölgələrində geniş üzüm bağları mövcud idi. Üzümdən şərab, doşab, abqora, mövüc, sirkə və s. məhsullar hazırlanırdı. Üzümçülük indi də respublikamızda aqrar-sənaye kompleksinin ən gəlirli sahələrindəndir.
Vaxtilə
Azərbaycanda kənd təsərrüfatından əldə
edilən ümumi mənfəətin 30 faizi üzümçülüyün
payına düşürdü. Keçən
əsrin 80-ci illərində üzümçülük
iqtisadiyyatın aparıcı sahəsi olan
neft sənayesi ilə rəqabət apararaq dövlət büdcəsinin formalaşmasında mühüm yer tuturdu. Şamaxı, Cəlilabad, Ağdam, Füzuli, Xanlar, Qazax, Tovuz, Şəmkir rayonlarının hər
birində ildə 100 min tona
qədər üzüm tədarük edilirdi. Üzümçülüyün
respublika iqtisadiyyatı üçün
böyük əhəmiyyətə malik olduğunu yüksək
qiymətləndirən ulu
öndər Heydər Əliyev 1970-ci ildən başlayaraq
bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərirdi.
Ümummilli liderimizin
şəxsi göstərişi ilə respublikada
üzümçülük və şərabçılıq
sahəsinin inkişafını idarə etmək və tənzimləmək
məqsədi ilə 1970-ci ildə respublika Dövlət Üzümçülük
və Şərabçılıq Komitəsi, respublika Nazirlər Sovetinin
12 avqust 1976-cı il tarixli sərəncamı ilə isə Azərbaycan
Elmi-Tədqiqat Üzümçülük
və Şərabçılıq İnstitutu
yaradıldı. 1977-ci ilin mart
ayından fəaliyyətə başlayan bu elmi-tədqiqat müəssisəsi üzümçülüyün və şərabçılığın
elmi əsaslarla inkişaf
etdirilməsində böyük rol oynamışdır. Beləliklə,
həyata keçirilən tədbirlər nəticəsində
Azərbaycanda üzümlüklərin ümumi
sahəsi 1984-cü ildə 280 min hektara çatdırılmış, həmin il ilk dəfə olaraq 2,1 milyon ton üzüm istehsal edilmiş, hər hektardan məhsuldarlıq 100 sentner
olmuşdur.
Ötən əsrin
80-ci illərində hər il respublikada ticarət təşkilatlarına 30 min ton, o
cümlədən Bakı şəhərinə 15-16 min ton süfrə üzümü göndərilirdi. Respublikadan kənara
isə daha çox -
230-240 min ton süfrə
üzümü ixrac edilirdi. Əhalinin qış aylarında təzə
üzümlə təmin edilməsi üçün
üzümçülük təsərrüfatlarında
hər birinin tutumu 6 min ton olan
17 soyuducu istifadəyə verilmişdi.
Həmin dövrdə
şərabçılıq sənayesinin inkişaf
etdirilməsinə, istehsal olunan
şərab məhsullarının keyfiyyətinin yüksəldilməsinə
və çeşidinin genişləndirilməsinə
dövlət tərəfindən böyük
diqqət yetirilirdi. Azərbaycanın
şərab və konyakları Macarıstan, Almaniya,
Bolqarıstan, Polşa, Çexoslovakiya,
Kuba və Monqolustana ixrac olunurdu. Azərbaycanda
istehsal olunan şərablar
yüksək keyfiyyət göstəricilərinə görə
beynəlxalq sərgilərdə 97 qızıl medala layiq görülmüşdü.
Ümumiyyətlə,
80-ci illərdə ulu öndər Heydər
Əliyevin rəhbərliyi altında həyata keçirilən
məqsədyönlü siyasi, iqtisadi və təşkilati tədbirlər
sayəsində üzümçülük
sahəsinin yüksək templə inkişafına nail olunmuş, emal müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, güclü
kadr potensialı
yaradılmışdır. Lakin keçmiş İttifaq rəhbərliyinin
alkoqolizm və sərxoşluğa
qarşı mübarizə tədbirləri haqqında 1985-ci
ildə qəbul etdiyi qərar
respublikamızda üzümçülüyün
inkişafına ciddi zərbə vurmuşdur. Bu qərəzli
qərardan sonra Azərbaycanda 130 min hektardan çox
məhsuldar üzüm bağı məhv
edilmiş və uzun
illər böyük zəhmət
hesabına yaradılan infrastruktur
dağıdılmışdır. Respublika
iqtisadiyyatına o vaxtkı qiymətlərlə
630 milyon manat dəyərində
ziyan dəymişdir. Digər
tərəfdən, 90-cı illərin əvvəllərində
ölkədə hökm sürən xaos, hərc-mərclik bu sahənin
inkişafına öz mənfi təsirini
göstərmiş, istehsalçılarla istehlakçılar
arasında ənənəvi münasibətlərin
pozulmasına və nəticədə bir
sıra üzümçülük-şərabçılıq
müəssisələrinin fəaliyyətinin
dayandırılmasına səbəb olmuşdur.
1993-cü
ildə Heydər Əliyevin ölkə rəhbərliyinə
qayıdışından sonra
üzümçülük-şərabçılıq sahəsinə
diqqət yenidən artdı.Ulu öndərin məqsədyönlü
siyasəti sayəsində ölkədə üzümçülük
tədricən dirçəlməyə başladı. Azərbaycanın
qədim üzümçülük zonaları olan
Şamaxı, Cəlilabad rayonlarında və bir
sıra başqa bölgələrdə yerli üzüm
sortlarından ibarət yeni üzüm bağları salındı. Ümummilli lider Heydər
Əliyev üzümçülük və
şərabçılığı müstəqil Azərbaycan
Respublikasında yeni bazar
münasibətləri şəraitində inkişaf etdirmək üçün
onun hüquqi
bazasının yaradılması məqsədilə 2002-ci ildə
“Üzümçülük və şərabçılıq
haqqında” Qanunun tətbiq edilməsi barədə
fərman imzaladı. Sənədin qüvvəyə minməsindən
sonra respublikada
çoxsaylı özəl üzümçülük
təsərrüfatları formalaşdı, yeni üzümlüklər salındı.
Azərbaycan
Prezidenti cənab İlham
Əliyevin imzaladığı “Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi
inkişafının (2004-2008-ci
illər) Dövlət Proqramı” aqrar sahənin,
o cümlədən üzümçülüyün
inkişafı üçün geniş perspektivlər
açmışdır. Üzümçülüyün
inkişafı üzrə tədbirlərin də nəzərdə tutulduğu “Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı” və “2008-2015-ci illərdə
Azərbaycan Respublikasında yoxsulluğun
azaldılması və davamlı inkişaf
Dövlət Proqramı” kimi mühüm sənədlər təsdiq edilmişdir. Bununla
yanaşı, ölkə Prezidenti bölgələrə
etdiyi səfərlərdə üzümçülüyün prioritet sahə olduğunu
dəfələrlə xatırlatmış və bu sahənin inkişafına xüsusi
diqqət yetirmək zərurətini
vurğulamışdır.
Ölkəmizdə aqrar sahə, o cümlədən
üzümçülüklə bağlı qəbul edilən
qanun və proqramlar
artıq öz nəticəsini verməkdədir.
Bunu belə bir fakt da təsdiqləyir:
Dövlət Statistika Komitəsinin məlumatına
əsasən, bu il sentyabrın
1-nə kimi sahələrdən 37,1 min ton ( ötən
illə müqayisədə 5,2 min ton çox) üzüm toplanmışdır.
“2012-2020-ci
illərdə Azərbaycan Respublikasında üzümçülüyün
inkişafına dair Dövlət
Proqramı” da
ölkəmizdə üzümçülük
sahəsində dövlət siyasətinin və strategiyasının
həyata keçirilməsində, müvafiq
təşkilatların bu sahədəki
işlərinin koordinasiyasının və sürətləndirilməsinin təmin
edilməsində mühüm önəm
daşıyır. Adıçəkilən dövlət
proqramı üzümçülüklə məşğul
olan sahibkarların fəaliyyətini
gücləndirmiş, yeni üzümçülük
təsərrüfatlarının yaradılmasına əhəmiyyətli
təsir göstərmişdir.
Adıçəkilən
dövlət proqramında respublikamızda müasir
bazar tələbləri səviyyəsində
üzümçülük və onun emal sənayesinin
inkişafını təmin etmək məqsədilə yeni üzümlüklərin salınması,
süfrə və texniki üzüm
sortlarının əkin sahələrinin genişləndirilməsi, tinglik
təsərrüfatlarının yaradılmasının və
üzümçülük təsərrüfatları
üçün əsas və köməkçi
materialların istehsalının dəstəklənməsi öz ifadəsini tapmışdır. Bütün bunlarla yanaşı, proqramda üzümçülüyün
infrastruktur təminatının
yaxşılaşdırılması, kadr
potensialının gücləndirilməsi, üzüm
istehsalı və emalında innovativ
texnologiyaların tətbiqinin dəstəklənməsi və
üzüm məhsullarının
“plantasiya-istehlakçı” sxemi ilə
satışının stimullaşdırılması kimi vəzifələr müəyyənləşdirilmişdir.
Ölkədə üzümçülüyün məqsədyönlü
inkişafının təmin edilməsində üzüm
sortlarından ibarət genofondun olduqca böyük əhəmiyyəti
vardır. Üzümçülükdə genofond
kolleksiyalar formasında yaradılır.
Vaxtilə Azərbaycanın müxtəlif regionlarında ampeloqrafik kolleksiya
bağları mövcud idi.
Hazırda həmin kolleksiyaların dirçəldilməsi
istiqamətində ciddi tədbirlər həyata
keçirilir. Onu da deyim ki,
institumuzun əməkdaşları Abşeron rayonu şəraitində
Azərbaycanın müxtəlif bölgələrindən gətirilmiş
üzüm sortlarından kolleksiya
bağı salmışlar. Burada respublikanın üzüm genofondunun əsasını təşkil edən yerli və introduksiya olunmuş
süfrə və texniki istiqamətli üzüm sortları, fillokseraya
davamlı Amerika mənşəli
calaqaltılar, həmçinin yabanı üzümün
xəstəlik-zərərvericilərə qarşı
davamlı formaları becərilir.
İnstitutumuzun alimlərinin səyi nəticəsində
üzümün xəstəlik və zərərvericilərinə
qarşı davamlı yeni seleksiya
sortları yaradılmışdır. Bunlardan
beynəlxalq prizlərə layiq görülmüş “Azəri” və “Göygöl” üzüm
sortları xəstəlik və zərərvericilərə
davamlı ən qiymətli sortlar kimi təsdiq edilmiş və
rayonlaşdırılmışdır.
Bu gün bölgələrdə
yeni üzümlüklər
salınır, şərabçılıq məhsulları
istehsalı artırılır. Alimlərimiz Azərbaycan
şərabını yüksək qiymətləndirirlər.
Onların fikrincə, yaxşı olardı ki, vaxtilə beynəlxalq sərgilərdə,
dequstasiyalarda yüksək mükafata
layiq görülən Azərbaycan şərabları
və konyaklarının istehsalına üstünlük
verilsin, bununla da xaricdən gətirilən keyfiyyətsiz
şərab idxalının xüsusi
çəkisi azaldılsın.
Bu
gün ölkə Prezidentinin
çoxsaylı göstəriş və sərəncamlarına
müvafiq olaraq üzüm bitkisinin becərilməsi ilə bağlı fəaliyyət
göstərən fermer təsərrüfatlarının
normal işinin təmin edilməsi üçün
onların maddi-texniki bazası möhkəmləndirilir,
kənd təsərrüfatı
istehsalçıları ilə yanaşı, fermerlərə
güzəştli kreditlər verilir.
Hazırda
institutumuzda fəaliyyət göstərən
18 nəfər elmlər namizədi, 2 nəfər elmlər doktoru və 68 nəfər digər elmi işçi tərəfindən
üzüm genofondunun
qorunub saxlanılması və əlavə
sortlarla zənginləşdirilməsi, yeni hibrid süfrə və
texniki sortların yaradılması, becərmə
texnologiyasının daha da
təkmilləşdirilməsi, xəstəlik və zərərvericilərə
qarşı səmərəli mübarizə
üsullarının tədqiqi, daha
yararlı üzüm sortlarının
seleksiyası və digər istiqamətlərdə
genişmiqyaslı tədqiqatlar və elmi
araşdırmalar aparılır.
İnstitutun Gəncə təcrübə
stansiyasında çalışan alimlərin uzun
illər ərzində apardıqları elmi-tədqiqat işi nəticəsində əhəmiyyətli
nəticələr əldə olunmuş,
üzümün 40-a yaxın hibrid forması yaradılmışdır. Bu formalardan ən məhsuldar,
xəstəliklərə, zərərvericilərə
qarşı davamlı və yüksək texnoloji
xüsusiyyətləri ilə fərqlənən 6 hibrid forması dövlət sort
sınaq komissiyasına təqdim edilmişdir.
Yuxarıda
sadalanan uğurlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən
yüksək qiymətləndirilmişdir. 1999-cu ildə Madrid şəhərində yerləşən “Ticarət liderləri klubu” tərəfindən “Azəri” və “Göygöl” üzüm
sortlarını keyfiyyətə görə XXVII beynəlxalq
prizə, 2002-ci ildə isə Meksikanın Milli Marketinq İnstitutu isə
“Almaz ulduz” beynəlxalq
mükafatına layiq görmüşdür.
İnstitumuzda hazırlanan “Mədrəsə”
qırmızı turş süfrə
şərabı yüksək keyfiyyətinə və dequstasiya göstəricilərinə görə
2011-ci ildə Yaltada keçirilən “Yalta qızıl qrifon-2011-ci il”
beynəlxalq müsabiqəsində qızıl medal, “Bakı” konyakı isə “İlin ən yaxşı konyakı”
adını almışdır.
Sevindirici haldır ki, respublikada üzümçülük
və şərabçılığın elmi
əsasları da mahiyyət etibarilə durmadan təkmilləşdirilir, metodiki cəhətdən yeniləşdirilir. Son illər institutda süfrə, desert,
“Nektar” və “Kaqor” tipli şərabların, meyvə və giləmeyvə
likollarının, bəhməz, abqora və
təbii üzüm şirəsinin yeni texnologiyaları, şampan
şərab materiallarının, konyak və
arağın yeni, daha
təkmil texnologiyası hazırlanmışdır.
Azərbaycanın
üzümçü və şərabçı
alim və mütəxəssisləri ilə
xarici ölkələrin mütəxəssisləri
arasında əlaqələrin yaradılması, üzümçülük və şərabçılıq
sahəsində qazanılmış elmi
nailiyyətlərin, qabaqcıl texnologiyaların öyrənilməsi
olduqca zəruridir. Bu baxımdan Beynəlxalq Şərab və Spirtli İçkilər Federasiyası
(BŞSİF), Beynəlxalq Üzüm və
Şərab Təşkilatı (BÜŞT) ilə əlaqələrin
genişləndirilməsi nəticəsində dünya
üzüm və şərab sektoru üzrə təklif və tövsiyələrin,
standartların və digər normativ-hüquqi
sənədlərin işlənib hazırlanmasına, həmin
təşkilatın himayəsi ilə institutda
mütəmadi olaraq dequstasiya,
festivallar, elmi-praktik konfranslar, seminarlar və s. keçirilməsinə xüsusi
əhəmiyyət verilir. Xatırladım ki,
Azərbaycanın qədim üzümçülük-şərabçılıq
diyarı olması və ölkəmizdə bu
sahənin gələcək inkişaf
potensialı nəzərə alınaraq respublikamız
2013-cü ildə BÜŞT-ün üzvü seçilmişdir.
İnstitut bir çox
ölkələrin, o cümlədən Rusiya, Ukrayna, Gürcüstan, Yunanıstan, Fransa
və İtaliyanın müvafiq elmi-tədqiqat
müəssisələri və tingçilik
şirkətləri ilə səmərəli əməkdaşlıq
edir. Alimlərimiz həmin ölkə və təşkilatlarda
keçirilən elmi konfranslara,
simpoziumlara, sərgilərə, yarmarkalara, dequstasiyalara dəvət
alırlar.
İnstitutumuzda respublikada üzümçülük rayonları
(zonaları) üzrə məlumat bankının
yaradılması ilə əlaqədar geniş
tədqiqat və araşdırmalar aparılaraq müvafiq elmi məlumatlar
toplanılmış və mövcud məlumatlar
daha da zənginləşdirilmişdir.
Əldə olunmuş materiallar
əsasında “Azərbaycanda üzümçülük”
və “Azərbaycanın üzüm sortları” adlı kitablar
nəşr edilmişdir. Bununla
yanaşı, hazırda institutda
respublikanın müxtəlif torpaq-iqlim
şəraitinə uyğun üzümçülük və şərabçılığın
inkişaf etdirilməsi və ixtisaslaşma istiqamətlərinin müəyyənləşdirilməsi
istiqamətində tədqiqat işləri uğurla
həyata keçirilir.
Tariyel PƏNAHOV,
Azərbaycan Elmi-Tədqiqat Üzümçülük
və Şərabçılıq İnstitutunun direktoru,
texnika elmləri üzrə fəlsəfə doktoru,
Beynəlxalq Üzümçülük
və Şərabçılıq
Akademiyasının
həqiqi üzvü
Xalq
qəzeti.- 2014.- 28 sentyabr.- S.7.