Səbail rayonunun sosial-iqtisadi
inkişafı:
real vəziyyət və perspektivlər
Bakının
zaman- zaman insan əli ilə yaradılmış 4 ən uca
tikilisi – “Qız qalası”, “Yeni teleqüllə”, “Dövlət
bayrağı qülləsi” və “Alov qüllələri”
paytaxtın tarixi hissəsini əhatə edən mərkəzi
rayonda yüksəlir, sanki, Xəzər sahilindəki şəhərin
dünəninin, bugününün əzəmət və
ehtişamına, sabahının yüksəliş yoluna gur
işıq salır.
Dövlət
müstəqilliyi illərində bu rayona şəhərdə ən qədim
yaşayış yeri olmuş,
tarixdə adı qalmış Səbailin adının verilməsi,
nəhayət, haqqın yerini almasından
əlavə, həm də ərazidə yaxşı nə varsa onun qorunmasına, hər
şeyin milli dəyərlərə
uyğunlaşdırılmasına, yeniləşmə və
inkişafına, tarixi köklər üzərində
dönməz bir prosesin
başlandığına mötəbər
çağırış olmuşdur.
Ötən illərin mənzərəsi göstərir ki, Səbail rayonu bu yüksək meyar və
aydın yönlə ən yeni tarixinin möhtəşəm yüksəlişini
inamla davam etdirir.
Səbaillilər,
haqlı olaraq, öz
rayonlarını “paytaxtın paytaxtı” sayır, bu öyüncü bugünkü sosial- iqtisadi quruculuğun miqyas və sürətini artırmaq enerjisinə
çevirməyi məharətlə bacarırlar. Tanınmış əmək qəhrəmanı – keçmiş ittifaq
dövlətinin ən yüksək titulu olan Sosialist Əməyi Qəhrəmanı
adını qazanmış rayon sakini, üstəlik, Səbail Rayon
Veteranlar Şurasının sədri
Ömər Ağayev bu
məzmunda söhbətimizin davamında paytaxtın
paytaxtında yaşamağın və
çalışmağın ikiqat məsuliyyətini
belə açıqladı:
–
Bakının ən yaraşıqlı, rahat,
çoxlarının sakin olmağa
can atdığı mərkəzi rayonunda, dünyada məşhur
Xəzərsahili Bakı bulvarının
beşaddımlığında yaşamaq
tale bəxşişi olmaqla
yanaşı, həm də onun problemlərinin
həllinə hamıdan artıq can
yandırmaq, ümumi inkişafına daha çox kömək göstərmək məsuliyyətidir.
Rayonun
yaşlı sakinləri dünən olduğu
kimi, bu gün də yüksək amalla
yaşayırlar: hamılıqla yaşadığımız ərazini
gözəlləşdirməli, həyatımızı-
güzəranımızı yüksəltməliyik.Tarixi şansdan bəhrələnib dövlət
müstəqilliyinə yetişməyimiz bunun
üçün hər cür
imkan yaradıb. Biz veteranlar
yaxşıya- pisə münasibətimizlə, adamları son illərdə rayonda gedən
dərin və əhatəli quruculuq-
abadlıq işlərinə təşviq etməyimizlə, ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi
və onun ən layiqli
davamçısı Prezident İlham Əliyevin uğurla
davam etdirdiyi tərəqqi
yolunu dəstəkləməyimizlə
umumi inkişafımızın davamlı
olmasına çalışırıq.
Mənim yaxşı
yadımdadır, sovet döründə ortabab bir obyektin
tikintisinə kifayət qədər vəsait ayrılsa da, yüksək nəzarət edilsə də,
işlər illərlə ləngiyirdi. Tikinti
meydanlarında daş olanda
qum çatmırdı, qum
gələndə, sement gecikirdi.
O illərin məşhur obyektləri olan teleqüllənin, idman
oyunları sarayının tikintisi 20 ilədək
uzanmışdı. Bu işlərin
başlanmasına xeyir-dua vermiş
ulu öndər Heydər Əliyev Moskvaya getdiyi, istefada olduğu 11 ildən
sonra hakimiyyətə qayıdıb həmin
obyektlərin sürətlə istifadəyə verilməsinə
nail olmuşdu. İndi ölkədə tikinti-
quruculuq işlərində elə bir sürət və keyfiyyət həddinə
çatmışıq ki, bütün dünya buna heyrət edir.
Qısa müddətdə
Bakıda yaradılmış Dövlət bayrağı
meydanı əzəməti ilə hamını heyran qoydu. Byraq qülləsi
hündürlüyünə görə nüfuzlu
dünya rekordları kitabına düşdü. Paytaxtımızda
keçirilən dünyanın ən böyük
musiqi yarışması olan
“Avrovizion” müsabiqəsinin iştirakçıları
üçün bir
neçə aya ərsəyə gətirilən
əzəmətli “Kristal- holl”
sarayı o zaman bir
əfsanə kimi qarşılandı. Odlar yurdunun torpaqdan qalxan əbədi
odlarını əks etdirən və Bakının rəmzinə
çevrilən 3 alov diliminin
müqəddəsliyi şərəfinə yüksəldilmiş
“Alov qüllələri” həm də
ölkəmizdəki çağdaş intibaha, Azərbaycanın regional
liderliyinə, dünyadakı yeni mövqeyinə
çıraq tutur. Olduqca sevindiricidir
ki, bu yeni
və nadir memarlıq nümunələri
Səbail rayonunun ərazisində
yaradılmış, səbaillilər bütün
ölkənin səyi ilə ucaldılan bu
tikililərin ərsəyə gəlməsində hamıdan
artıq hünər göstərmişlər.
Qəhrəman
veteranın dediklərinə əlavə edək ki, son 10-15 ildə ölkədə
gedən inkişaf və tərəqqi
prosesində ən çox dəyişən,
yeniləşən məkan Səbail rayonunun
ərazisidir. Bu da səbəbsiz deyil. İnsanın özəl görkəmini
onun başı, bənzərsiz
simasını isə sifəti əks etdirdiyi
kimi, ölkənin də güc-qüdrətini,
mədəni- intellektual səviyyəsini,
hər şeydən əvvəl, onun
paytaxtı, məxsusi olaraq, mərkəzi
rayonu müəyyən edir.
Ona görə də “paytaxtın
paytaxtı”nı həm ölkə, həm də bütov şəhər, hamıdan artıq isə
həmin rayonun özü
qoruyub-inkişaf etdirir,
tikib-abadlaşdırır. Bu gerçəklik son illərdə
Azərbaycanın, Bakının və Səbail rayonunun timsalında yeni bir forma və məzmunda təzahür
edir. Çünki ölkə Prezidenti
şəhərin bu hissəsinin
daşıdığı statusu, üzərinə
düşən rəsmi və qeyri-rəsmi yükün
ağırlığını yüksək həssaslıqla
dəyərləndirir. Şəhərin rəhbəri mərkəzi
hissədə gedən abadlıq-quruculuq işlərinin “baş iş
icraçısı” kimi tanınır. Bu rayonun başçısı
yuxudan hamıdan əvvəl durub alatorandan rayon ərazisini məhəllə-məhəllə
dolaşır, bəlalı nöqtələri birbaşa özü aşkar edib, ən
qısa müddətə aradan
qaldırılmasını təmin edir.
Nəticədə, tarixi baxımdan qədim olduğu
qədər də, yaxın keçmişdə yaşlı adamlar sayağı ağrı-acısı
artıq olan bu rayon indi şuxluğu,
yaraşığı ilə heç bir gəncdən geri qalmayan gümrah, səliqə-sahmanlı
ahıl kimi görünür.
Tarixlər şahidi İçərişəhərin
hasarlarını aşaraq son
bir əsr yarımda Xəzər sahili boyunca uzanmış
və Abşeron yarımadasının
içərisinə doğru qol açmış Səbail rayonu
bir neçə epoxadan
keçib formalaşmışdır. Zaman onu irəli və
yuxarıya doğru apardığı kimi, geriyə və aşağıya da az çəkməmişdir.
İndi isə rayon
yalnız irəliləyiş və yüksəliş
yolundadır. Onun tarixi
yaraları sağaldılır və bəlaları aradan qaldırılır.
İnzibati mərkəz olmaqdan
əlavə, həm də ilk manufaktura-sənaye
rayonu kimi
formalaşmış Səbailin köhnə, lüzumsuz
istehsal sahələri, özbaşına,
primitiv salınmış məhəllələri,
yöndəmsiz tikililəri ləğv edilir,
tarixi dəyəri olan
binaları əsaslı təmir olunur,
nümunəvi məhəllələr
salınır. Boş yerlərdə, yeni açılmış ərazilərdə
zamanın yüksəlişini ifadə edən əzəmətli,
nadir memarlıq abidələri
ucaldılır, yeni massivlərdə zəruri
sosial-mədəni obyektlər tikilir. Kommunikasiyalar təzələnir, müasirləsdirilir.
Xidmət sahələrinin fəaliyyəti genişləndirilir,
çevikləşdirilir. Səbail rayonunun
tarixi quruluşu,
özəl siması saxlanmaqla, hər bir ünvan, hər bir guşə yeniləşdirilir, bir-biri ilə əlaqələndirilib ümumi ansamlda
bütövləşir. Dünənin hisli-
paslı, boz- bulanıq mənzərəsi
arınıb- paklaşır, yeni rəng-
çalarlarla zənginləşir.
Bu gün Səbail rayonunun yeni mənzərəsində
təkcə qüllələlər və nadir
tikililər deyil, yeniləşmiş və
yeni salınmış ərazilər, geniş yaşıllıqlar, müasir
yollar və yol
qurğuları da dərhal diqqəti cəlb
edir. Dənizkənarı Milli Bulvarın Səbail ərazisində
formalaşmış tarixi hissəsi əsaslı
surətdə qurulmuş, Bayıl burnunda salınmış Dövlət
bayrağı meydanınadək uzadılmışdır.
Şəhərin mərkəzi hissəsindən bulvara keçidi
rahatlaşdırmaq və təhlükəsiz etmək üçün rayon ərazisində
4 yerdə salınan uzun,
çoxgiriş-çıxışlı yeraltı
keçidlər yeraltı dünya
memarlığında ən müasir
obyektlərdir.
Hazırda “Bibiheybətneft”in
perspektivsiz sayılan ərazilərində
rekultivasiya olunmuş geniş sahədə bulvar
uzadılır. Bu massivdə nəhəng
idman qurğuları, sosial
obyektlər tikilir, istirahət guşələri
yaradılır, yaşıllıqlar salınır. Cəhənnəmi xatırladan köhnə neft mədəni və “gecəqondular” ərazisində
salınmış çoxxətli yeni Salyan şosesi şəhərə
giriş-çıxışı qısaldıb-rahatlaşdırmaqdan
əlavə, rayonun cənubdan girişində
müasir memarlıq platformasının mərkəz
xətti kimi də ətrafın
inkişafına perspektiv açır.
Əvvəllər
şəhərin mərkəzi hissəsi ilə o qədər də uyuşmayan,
ayrıntıları aydın sezilən Bayıl
yaşayış sahəsi irimiqyaslı memarlıq işlərindən
sonra rayonun abad, yaraşıqlı hissəsi ilə
bütövləşmişdir. Mədən qəsəbəsi kimi salınıb, bir çox ehtiyac və kəm-kəsirlərini
bu günə daşımış
Bibiheybət qəsəbəsinin problemləri ardıcıl aradan qaldırılır, məktəblər,
uşaq bağçaları, mədəniyyət
və səhiyyə ocaqları əsaslı təmir olunur, genişləndirilir. Müstəqillik
illərində sürətlə böyümüş
Badamdar qəsəbəsinin də artan qayğı-ehtiyacları önlənir, burada zəruri ictimai
obyektlər yaradılır.
Bu
problemlərin həllində Prezident İlham Əliyevin təşəbbüsü
ilə hazırlanmış və nəzarəti ilə dəqiq
icra olunmuş Bakı
şəhəri və ətraf qəsəbələrin
problemlərini əhatə edən Dövlət
Proqramının önəmli rolu olmuşdur. Ölkənin birinci
xanımı, Milli Məclisin deputatı Mehriban Əliyevanın xüsusi himayəsi ilə onun rəhbərlik etdiyi
Heydər Əliyev Fondu da
rayonun sosial problemlərinin
həllində yaxından iştirak edir. Fondun ətraf qəsəbələrdə
əsaslı təmir etdirdiyi, tikdirdiyi məktəb və uşaq
bağçaları şəhərin ən müasir
təhsil və tərbiyə ocaqlarındandır. Prezident İlham Əliyev
və xanımı Mehriban Əliyeva bu obyektlərin
açılışlarında iştirak
etmiş, sakinlərin sevincini
qat-qat artırmışlar.
Paytaxtın və ətraf
qəsəbələrin inkişafına dair
bu ildən start götürmüş yeni
Dövlət Proqramında Səbail rayonunun
və onun qəsəbələrinin yerdə
qalan problemlərinin də həlli diqqət
mərkəzində olmuşdur. Bu sənədə
xidmət sahələrinin, sahibkarlığın, turizm və idmanın inkişafını, təhsil,
səhiyyə və mədəniyyət obyektlərinin təmir
və tikintisini, ekologiya
və istirahət məsələlərini əhatə edən
bir çox bənd daxil edilmişdir.
Proqramın həmin bəndləri artıq gerçəkləşdirilməkdədir.
Yazını
hazırlayarkən rayonun son
illərdəki sürətli, hərtərəfli sosial- iqtisadi
inkişafını əks etdirən hesabatlarla,
ötən ilin və bu
ilin 8 ayının əsas göstəriciləri
ilə tanış olduq, memarlarla,
xidmət sahələrinin rəhbərləri ilə görüşdük. Götürdüyümüz
qeydlər, aldığımız məlumatlar bir
daha göstərir ki,
bütün sahələrdə problemlər
hədəfdədir, yeni hüdudlar
sürətlə fəth edilir. Rəqəmlər,
faktlar yüksək inkişafı ifadə
edir. Bütün bunları
sadalamaqla oxucuları nəyəsə
inandırmağa lüzum yoxdur.
Atalar dediyi kimi, görünən dağa
bələdçi gərək deyil.
Sonda görüşdüyümüz
Səbail Rayon İcra
Hakimiyyətinin başçısı Asif
Əsgərovun vediyi məlumatın əksər
hisəsi artıq yazıda əksini tapıb.
Başçı ilə söhbətimizdə günümüz
və şəhərin hər bir sakini üçün
önəmli olan məsələləri
isə oxuculara ayrıca təqdim etməyi
münasib bildik.
Asif müəllim, hər şeydən əvvəl rayonda, bütün şəhərdə
və ölkədə gedən sürətli, irimiqyaslı
işlərin, bir çoxuna
möcüzəli görünən yüksəlişin
qaynağını ümummilli lider Heydər Əliyevin apardığı əsaslı
islahatlarda, onun müəyyən
etdiyi düzgün yolu Prezident İlham
Əliyevin uğurla, məharətlə davam etdirməsində gördüyünü
söylədi. Müsahibim daha
sonra bildirdi: – Yol düzgün olanda, adamlar həyata keçirilən siyasətin,
görülən işlərin onlara xidmət
etdiyini görəndə cəmiyyərdə
nizam və yüksək inkişaf
bərqərar olur. İndi
elə bir problem yoxdur ki, onu
həll etmək mümkün olmasın.
Vəsait var, güc var, inam var.
Dövlət başçısı məsələni
aydın və konkret qoyub:
köhnə nə varsa, gərəklidirsə
təzələnməlidir, yeni nəyə
ehtiyac varsa
yaradılmalıdır. Bu proses
haqlı olaraq, yeniləşmə və
yüksəliş adı almışdır. Bu
siyasət rayonumuzda da
bir çox məsələləri
yoluna qoymuş, geniş və gerçək perspektivə meydan açmışdır.
Başçı
Səbail rayonunun bir spesifik problemini də
açıqlayaraq qeyd etdi
ki, rayon ərazisində
100 mindən artıq insan yaşasa
da, hər gün
şəhərin başqa yerlərindən,
bütün ölkədən və xaricdən
1 milyona yaxın qonaq
və turist Səbail ərazisinə gəlməli
olur. Ölkənin rəhbər qurumları, bir çox nazirlik və mərkəzi təşkilat, əksər
teatr, muzey, sərgi salonu, dənizkənarı bulvar,
geniş parklar və
istirahət guşələri rayon ərazisində
yerləşdiyindən hamı bura can atır. Bu da təbiidir. Lakin başqa rayonlarla
müqayisədə Səbail, necə deyərlər, bir neçə dəfə artıq yüklənir.
Hər gələn yerə bir kibrit çöpü atsa, ərazimiz zibilliyə dönər. Təsəvvür
edin ki, adi saqqızı çeynəyib yerə atanlar park və
bağlarımızın misilsiz gözəlliyi
olan nə qədər göyərçinin
qatili olmuşlar. Siqareti söndürmədən zibil qabına atanlar tez-tez yanğınlara səbəb olurlar.
Başçı
sonda dedi ki, Səbail rayonu birgə
səylərlə hamı üçün
qurulur, abadlaşdırılır, gözəlləşdirilir.
Ölkə rəhbərinin xüsusi
qayğısı ilə Səbail artıq şəhərin mədəniyyət
və turizm yönlü
rayonu kimi inkişar etdirilir. Bu isə
hamının bu rayona
yüksək mədəni meyarlarla
yanaşmasını, abadlığı qorumasını, təmizliyi
gözləməsini tələb edir. Rayon ərazisində nəzərdə tutulan tədbirlərin ardıcıl həyata
keçirilməsi paytaxtın bu hissəsini
dünyaca məşhurlaşdıracaq,
sakinləri və qonaqları yüksək həyat
standartlarına qovuşduracaq.
Rayon rəhbərinin dediklərinə bircə onu əlavə etmək qalır ki, artıq o gələcək
təkcə arzu deyil,
həm də həqiqətdir, bütün
sahələrdə onun ciddi
əsasları və öyünclü
nişanələri görünür. Uğur olsun, səbaillilər!
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”
(Məqalə Səbail
Rayon İcra Hakimiyyəti
və Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi
müsabiqəyə təqdim olunur).
Xalq qəzeti.- 2014.- 28 sentyabr.- S.5.