Bakı əsl beynəlxalq
dialoq məkanına çevrilmişdir
Bir neçə gündən sonra rəsmi Bakı daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edəcək. Söhbət paytaxtımızda IV Beynəlxalq Humanitar Forumun keçirilməsindən gedir. Artıq bu nüfuzlu tədbirin proqramı və müzakirə ediləcək mövzuları da bəllidir. Forumda XXI əsrdə qloballaşan dünyada humanitar problemlər, perspektivlər və çağırışlar müzakirə mövzusu olacaq. Xəbər verildiyi kimi, bu mötəbər tədbirdə səkkiz “dəyirmi masa” təşkil ediləcək. Birinci “dəyirmi masa” “Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru” mövzusuna həsr edilib. Həmçinin bu iclas çərçivəsində Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təqdimatı olacaq. Bundan əlavə, forumda “Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri”, “İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında”, “Molekulyar biologiya və biotexnologiya XXI əsrdə: nəzəriyyə, təcrübə, perspektivlər”, “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları”, “Humanizm postmodern dövrün başlıca dəyəri kimi” mövzular müzakirə olunacaq.
Bakının ev sahibliyi etdiyi
Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu Azərbaycanın
irəli sürdüyü və BMT-nin Sivilizasiyalar
Alyansı, UNESCO, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi
və İSESCO-nun dəstəklədiyi təşəbbüsdür.
Bu təşəbbüs mədəniyyətlərarası
dialoqun dünyada ən
təxirəsalınmaz vəzifələrdən biri olduğunu göstərir.
Ötən forumlarda olduğu kimi, bu dəfə də
müxtəlif ölkələrdən tanınmış alimlər,
Nobel mükafatı laureatları və mədəniyyət
xadimləri iştirak edəcəklər.
Tədbir iştirakçılarının
Azərbaycanın regionlarına səfərləri də nəzərdə
tutulub.
Onu da qeyd
edək ki, belə nüfuzlu
tədbirlərin Azərbaycanda – paytaxt
Bakıda keçirilməsi artıq mütəmadi hal alıb. Bu da ölkəmizin dünya
birliyində reytinqinin getdikcə yüksəlməsindən,
iqtisadi qüdrətinin artmasından və
beynəlxalq miqyasda böyük
etimad qazanmasından irəli gəlir. Son illərdə Bakı əsl beynəlxalq dialoq məkanına çevrilmişdir.
Yaxın keçmişə nəzər salsaq, paytaxtımızda bir
sıra mötəbər beynəlxalq tədbirlərin keçirildiyinin
şahidi olarıq. Əslində, belə
tədbirlərin keçirilməsi üçün
Azərbaycanda həm zəruri zəmin,
həm də əlverişli mühit mövcuddur. Qədim
dövrlərdən bu günə qədər
Azərbaycan bütün dünyaya
açıq olan bir diyar kimi tanınır və
ölkəmizdə hökm sürən
yüksək tolerantlıq mühitini
insanlarımızla ilk təmasdan hiss etmək mümkündür.
Bakıda yanbayan yerləşən müsəlman
məscidləri, katolik və pravoslav kilsələri, yəhudi sinaqoqu bu mühitin
həm sübutu, həm də nəticəsidir.
Humanitar forumlar xalqlar, millətlər, dövlətlər
arasında formalaşan sağlam
münasibətlərə xidmət edən bir
tədbirdir. Belə tədbirlərin Bakıda
keçirilməsi hər bir azərbaycanlı
üçün qürurverici
haldır. Çünki dünyanın bütün qitələrindən gəlmiş
insanların təmsil olunduğu forumda siyasi liderlər və
ictimai xadimlər, beynəlxalq təşkilatların
rəhbərləri, dövlət və hökumət nümayəndələri, mədəniyyət
nazirləri və mədəniyyət məsələləri
üzrə səfirlər, deputatlar, diplomatlar, merlər və yerli
icra hakimiyyəti orqanlarının rəhbərləri,
qeyri-hökumət təşkilatlarının nümayəndələri,
jurnalistlər, mədəniyyət üzrə ekspertlər
və tanınmış ziyalılar iştirak
edirlər.
Bakı Birinci Beynəlxalq Humanitar
Forumunun keçirilməsi ilə
bağlı təşəbbüsü Rusiya
və Azərbaycan ziyalıları irəli
sürmüşdülər. Rusiya və
Azərbaycan rəhbərlikləri də bu
təşəbbüsü dəstəkləmişdilər. Bundan sonra ölkəmizdə
son illər ərzində mütəmadi qaydada humanitar əməkdaşlığa
dair beynəlxalq tədbirlər
keçirilməyə başlanıldı. 2008-ci ildə
Bakı prosesinin təməli qoyuldu. O vaxt Bakıda Avropa Şurasına üzv
Ölkələrin Mədəniyyət Nazirlərinin Toplantısına İslam Əməkdaşlığı
Təşkilatının nümayəndələri və nazirləri də dəvət edildi. Ondan sonra
ilk dəfə olaraq
birgə beynəlxalq tədbir keçirilmişdir.
2009-cu ildə isə İslam Əməkdaşlığı
Təşkilatına üzv ölkələrin
nazirlərinin Bakıda keçirilən toplantısına Avropa Şurası ölkələrinin nazirləri
də dəvət edildi. Bununla
da artıq bu ənənə başlandı. 2010-cu ildə
Bakıda Dünya Dinləri Liderlərinin
Zirvə Görüşü keçirilmişdir. Həm müzakirələr,
eyni zamanda, qəbul edilmiş qərarlar sivilizasiyalararası dialoqun möhkəmlənməsinə dəyərli
töhfəsini verdi. Bunun
ardınca isə,
paytaxtımızda digər mötəbər beynəlxalq tədbirlər də keçirilmişdir.
Nəhayət, Bakıda Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi
də əlamətdar hadisə kimi tarixdə
qaldı.
Bakı
Beynəlxalq Humanitar Forumunun
maraqlı və əhəmiyyətli sayılan daha bir xüsusiyyəti də
ondan ibarətdir ki, bəşəriyyətin
üzləşdiyi aktual iqtisadi,
sosial, ekoloji və texnoloji problemlərin humanitar
cəhətlərini müxtəlif mədəniyyətlərə,
müxtəlif dinlərə mənsub olan,
lakin bir məqsədlə - dünyamızı daha yaxşı, daha
mükəmməl etmək naminə birləşmiş insanlar müzakirə edirlər. Bu da onu
göstərir ki, zəruri hallarda dinc və təhlükəsiz
gələcək naminə qüvvə və imkanları birləşdirmək
olar. Bu mənada forum Şərq ilə Qərbin dialoqu, Bakı isə bəşəriyyətin
gələcəyi barədə diskussiyalar
mərkəzinə çevrilir və tədricən
dünyanın humanitar paytaxtı statusu qazanır.
Bakıda
keçirilmiş beynəlxalq humanitar forumun
iştirakçıları da tədbirin
yüksək səviyyədə təşkili və əhəmiyyətindən
böyük razılıq hissi
ilə danışaraq, Azərbaycanın beynəlxalq aləmə
sürətli inteqrasiyasından mənnunluqlarını ifadə
ediblər. Forumların
iştirakçıları – nüfuzlu ekspert və politoloqlar
Bakını “Dünyanın humanitar paytaxtı” adlandırdılar. Beynəlxalq
aləmdə Bakı Forumuna marağın
coğrafiyası və dinamikası da
getdikcə genişlənib.
Fransanın Beynəlxalq
Əlaqələr və Strategiya İnstitutunun (İRİS) professoru
Jan-İv Kamünün
fikirləri bu baxımdan böyük
maraq kəsb edir. İkinci Bakı Beynəlxalq Humanitar
Forumunun iştirakçısı olan fransalı tədqiqatçı
demişdir:"Bakı forumu iki cəhətdən mənim üçün
əhəmiyyətli olmuşdur. Birincisi, biz avropalı tədqiqatçıların
başlıca marağı həyata keçdi
və dünyanın müxtəlif ölkələrindən,
o cümlədən Qafqazdan
və Orta Asiyadan olan həmkarlarımızla görüşüb
bizi düşündürən,
dünyanı narahat edən problemlər və
məsələlər ətrafında fikir
mübadiləsi apara bildik.
Axı, çox vaxt
belə imkan ələ düşmür.
İkincisi, forum
zamanı müxtəlif sahələr üzrə debatlar keçirilmiş,
maraqlı fikirlər söylənilmiş, bəşəri mövzulardan biri kimi kulturalizm ətrafında
geniş müzakirələr
aparılmışdır. Bu mövzunun əsas maraq doğuran cəhəti İslam
dininin yeri və onun imici ilə
bağlı olmuşdur.
Çıxışlarda dəfələrlə qeyd edilmişdir ki, Azərbaycan bir müsəlman
ölkəsi kimi Avropa
dəyərlərinə uğurla inteqrasiya edir.
Müsəlman ölkələrində,
habelə Avropada, xüsusilə, Fransada İslamın son
illər geniş yayılması, bu istiqamətdə işin
davam etdirilməsinin vacibliyi
diskussiyalarda geniş
müzakirə olunmuş, rasizm
meyillərinin doğurduğu fəsadlar
pislənilmişdir".
Milliyyətcə yəhudi
olduğunu diqqətə çatdıran
fransalı professor asudə vaxtında
Bakıdakı iki sinaqoqu
ziyarət etdiyini bildirib.
Onlardan birinin son zamanlar
istifadəyə verildiyini vurğulayan
professor bildirib ki, bu, Azərbaycan dövlətinin,
şəxsən Prezident İlham
Əliyevin ölkədə yaşayan
azsaylı xalqların dininin, dilinin, mədəniyyətinin inkişafına
hər cür şərait yaratmasından
və qayğı göstərməsindən xəbər verir. Bəli, Azərbaycan tolerant ölkə olmaqla bərabər,
həm də dünyəvi dövlətdir.
Onu da qeyd
edək ki, dünya dini liderlərinin Bakı sammitindən sonra 2009-cu il Bakı İslam Mədəniyyətinin
Paytaxtı elan olunmuşdu.
Həmin il İslam
Konfransı Təşkilatına üzv olan ölkələrin və həm də Avropa dövlətlərinin mədəniyyət
nazirlərinin toplantısı keçirilmişdir.
2008-ci ildə isə Heydər Əliyev Fondunun
təşkilatçılığı ilə bütün qitələri əhatə edən
beynəlxalq qadın konfransı təşkil olunmuş və mədəniyyətlərarası
dialoqda qadınların roluna
dair Bakı Bəyannaməsi qəbul edilmişdir.
Dünyanı
ağuşuna almış iqtisadi
böhran fonunda Azərbaycan
dövlətinin bütün sahələr
üzrə böyük uğurlar
qazanması və dünya birliyində
mövqelərinin getdikcə möhkəmlənməsi nüfuzlu beynəlxalq
qurumların, həmçinin qüdrətli dövlətlərin
diqqətini bu gənc, müstəqil dövlətə
yönəldib. Dünyanın nüfuzlu siyasi xadimləri də təsdiq edirlər ki, iyirmi il ərzində iqtisadi və siyasi sahədə böyük
nailiyyətlər qazanmış və dünya
dövlətləri ailəsində özünə layiqli yer tutmuş,
hazırda inkişaf etmiş
dövlətlər sırasına qoşulan
Azərbaycan artıq tam suveren, açıq siyasət yeridən
müstəqil dövlətdir. Danılmaz faktdır ki, dünyada ölkəmizin
ərazi bütövlüyünə hörmətlə
yanaşılır, bir sıra məsələlərdə
bizimlə hesablaşır, hətta
məsləhətləşirlər. Bu gün
Azərbaycan bazar iqtisadiyyatının
arxitekturasında öz modelini
yaradan, başqa
ölkələrin iqtisadiyyatına sərmayə yatıran
dövlətdir. Ölkəmiz beynəlxalq siyasətdə də təcrübəsiz deyil, BMT-nin Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü, Avropa
Şurası Nazirlər Komitəsinin sədri, kosmik
aləmin üzvü, həmçinin
müxtəlif nüfuzlu beynəlxalq təşkilatlarda
çoxlu qərar və qətnamələrin
təşəbbüskarıdır. Bu gün Azərbaycan beynəlxalq müstəvidə
sıravi və ya debütant
hesab olunmur və dünya səviyyəli
tədbirlərə ev sahibliyi
edən ölkə olduğunu dəfələrlə
təsdiqləyib.
Bakıda
beynəlxalq humanitar forumların
keçirilməsinin bir əhəmiyyəti
də ondan ibarətdir ki,
dünyanın müxtəlif ölkələrindən gəlmiş
dövlət başçıları, nazirlər, siyasi xadimlər, ekspertlər, kütləvi informasiya vasitələrinin nümayəndələri,
həmçinin digər qonaqlar Azərbaycandakı inkişafla
yaxından tanış olur, əsl reallıqları
görür və ölkəmizdə demoktarik proseslərin
inkişafına yüksək önəm verildiyinin
şahidi olurlar. Müasir humanitar həmrəyliyin güclənməsinə
töhfə verən və gündəliyi kifayət qədər
geniş olan forumda çıxış edən Azərbaycan
Prezidenti İlham
Əliyev çox mühüm
fundamental qlobal məsələlərə
toxunur, müstəqil Azərbaycanın inkişaf yolu haqqında ətraflı
məlumat verir.
Dünyada sülh və əməkdaşlıq
missiyasına böyük töhfə verən
Azərbaycan Prezidenti İlham
Əliyev bütün beynəlxalq tribunalardan işğal və
güc faktoruna
qarşı barışmaz mövqe nümayiş etdirir. Dövlətimizin başçısı bildirir ki, Azərbaycan dünya birliyində və beynəlxalq təşkilatlarda
layiqincə təmsil olunur. Ölkə
iqtisadiyyatındakı uğurlar,
insanların yaşayış səviyyəsinin artması, qlobal infrastruktur layiələrin
reallaşması, cəmiyyətdə mövcud
olan ab-hava bizi daha da
gücləndirir.
Gücümüzün milli və dini müxtəliflikdə olduğunu
vurğulayan ölkə Prezidenti
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsini də
mütəmadi olaraq diqqətə
çatdırır. Qeyd edir
ki, Ermənistanın hələ də
işğalçılıq siyasətindən əl çəkməməsi
dünya birliyinin ikili standartlarının bariz
nümunəsidir.
Dünyada sülhə və təhlükəsizliyə
qarşı təhdidlərin, ərazilərin zor
gücünə dəyişdirilməsinin yolverilməz olduğunu, işğalın, terrorçuluğun
qarşısının alınmasının vacibliyini
bildirən Azərbaycan Prezidenti işğalçı Ermənistanla
bağlı BMT-nin Təhlükəsizlik
Şurasının 4 qətnaməsi və bir
sıra nüfuzlu beynəlxalq
qurumların bu barədə rəsmi qətnamələrinin olmasına baxmayaraq,
torpaqlarımızın hələ də işğalda
saxlanmasına dünya birliyinin
təsirli tədbirlər görməməsini ədalətsizlik
adlandırır. Respublikamızın rəhbərinin belə
nüfuzlu forumlarda qətiyyətli
çıxışları
beynəlxalq birliyi haqqa-ədalətə,
ikili standartlardan əl
çəkməyə dəvət edən bir
siyasi bəyanatdır.
Azərbaycanda
keçirilən beynəlxalq humanitar forumlar yüksək təşkilatçılığına
görə qonaqlar tərəfindən də
çox müsbət dəyərləndirilir.
Belə faktlardan bir
neçəsini diqqətə çatdırmaq istərdik. UNESCO-nun strateji planlaşdırma üzrə baş direktorunun müavini Hans D’Orvil, UNESCO-nin baş direktoru İrina Bokova, İSESCO-nun baş katibi Əbdüləziz
Osman əl-Tüveycri,
Krans Montana Forumunun təsisçisi və prezidenti
Jan-Pol Karteron, Sivilizasiyalar Alyansı Katibliyinin
icraçı direktoru Mark
Şuer belə tədbirlərin məhz
Azərbaycanda keçirilməsindən çox məmnun
olduqlarını bildiriblər. Onlar Azərbaycan Prezidenti
İlham Əliyevin və Heydər
Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın mədəniyyətlərarası
dialoqun inkişafındakı xidmətlərini
xüsusi qeyd ediblər.
Jan-Pol Karteron mədəniyyətlərarası
əməkdaşlığın qurulma
formaları barədə düşünməyin vacibliyini bildirib. O deyib ki, bu
sahədə fəal rol oynayan
Azərbaycan irəlidə gedir və biz bu səylərə dəstək
göstərməliyik.
Sivilizasiyaların kəsişdiyi
məkanda yerləşən, mədəniyyətlərarası
dialoqa töhfələrini əsirgəməyən
ölkəmizdə qlobal forumların
keçirilməsi bəşəriyyətə humanitar xeyirxahlıq töhfəsi verir. Dünyada humanitar dialoq, elm, mədəniyyət və incəsənətin
inkişafı ilə bağlı məsələlərin
müzakirəsi üçün belə
məkanlar olduqca azdır. Bakıda
keçirilən humanitar forumlar
fundamental elmlə mədəni dəyərlərin
vəhdətini özündə sıx birləşdirir, dünyaya təqdim edir və
bəşəriyyəti yeni qlobal innovasiyalar üzərində
düşünməyə vadar edir.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2014.- 28 sentyabr.- S.1.