Azərbaycan Cənubi
Qafqazın lider dövlətidir
Son illər ölkəmizdə həyata keçirilən bir sıra uğurlu layihələr və Bakının ev sahibliyi etdiyi yüksək səviyyəli beynəlxalq tədbirlər açıq-aşkar onu deməyə imkan verir ki, Azərbaycan artıq sosial-iqtisadi inkişafına görə regionun lider dövlətidir. İndi dünyanın ən mötəbər tədbirləri məhz Bakıda keçirilir və beynəlxalq konfranslara ev sahibliyi etmək kimi məsuliyyətli iş Azərbaycana həvalə edilir.
Cəmi iyirmi
üç illik müstəqilliyə malik olan Azərbaycanın
belə böyük uğurlara imza atması çox
sevindiricidir. Hələ ötən əsrin 90-cı illərində
bir sıra xarici politoloqlar SSRİ-nin dağılmasından
sonra yenicə müstəqillik qazanmış və eyni
zamanda, mənfur qonşularımız tərəfindən elan
edilməmiş ədalətsiz müharibəyə cəlb
olunan bir dövlətin uzun müddət özünü
toparlaya bilməyəcəyini deyərək, ölkəmizin gələcəyi
barədə bədbin proqnozlar verməkdən belə çəkinmirdilər.
Lakin onlar Azərbaycan xalqının Heydər Əliyev kimi
yüksək siyasi iradə sahibi olan bir liderinin olduğunu
unudurdular. Bəli, 1993-cü ildə Azərbaycanda ikinci dəfə
siyasi hakimiyyətə qayıdan Heydər Əliyev çox
keçmədən ölkəmizin sosial-iqtisadi
inkişafının təməlini qoydu. Bu dahi şəxsiyyət
çox gözəl bilirdi ki, müasir dünyada bir nömrəli
məsələ enerji amilidir. Ona görə də
Avropanın, eləcə də dünyanın bir sıra
şirkətlərini Azərbaycana dəvət etdi.
Həmin vaxt bəzi
dövlətlər müharibə şəraitində olan Azərbaycana
sərmayə qoymaq istəməsələr də,
ümummilli lider böyük çətinliklə də olsa
bu ağır və məsuliyyətli işin öhdəsindən
məharətlə gəldi. O, dünyanın aparıcı
dövlət və şirkət rəhbərlərinin Azərbaycanın
neft sənayesinə sərmayə yatırmalarına nail ola
bildi. Nəhayət, 1994-cü il sentyabr ayının 20-də
“Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”,
“Çıraq”, “Günəşli” yatağının dərinlikdə
yerləşən hissəsinin birgə işlənməsi və
neft hasilatının pay bölgüsü haqqında” beynəlxalq
saziş imzalandı.
Təxminən 400 səhifə
həcmində və 4 dildə hazırlanmış müqavilə
öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə
görə “Əsrin müqaviləsi” adını qazandı.
Qeyd edək ki, “Əsrin müqaviləsi”ndə dünyanın
8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya,
Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə
Ərəbistanı) 13 ən məşhur neft şirkətləri
(Amoko, bp, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson,
Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta)
pay sahibi idi.
“Əsrin müqaviləsi”nin
yerinə yetirilməsinə başlanıldığı ilk
günlərdə Azərbaycan Beynəlxalq Əməliyyat
Şirkəti yaradılmış və təsdiq olunmuş
vahid proqram üzrə ARDNŞ ilə birgə fəaliyyət
göstərmişdir. Bu fəaliyyət sonrakı illərdə
dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə
30-dan çox sazişin imzalanmasına yol
açmışdır. “Əsrin müqaviləsi” həm
karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan
sərmayələrin həcminə görə dünyada
bağlanan ən iri sazişlər siyahısına daxildir.
İmzalanmış neft sazişləri üzrə Azərbaycanın
neft sənayesinin inkişafı üçün nəzərdə
tutulmuş 64 milyard ABŞ dolları məbləğində
investisiyanın 57,6 milyard dolları dəniz yataqlarının
mənimsənilməsinə və perspektivli strukturlarda
axtarış-kəşfiyyat işlərinə yönəldilib.
Azərbaycanın yeni
neft strategiyasının mühüm tərkib hissəsini
xarici şirkətlərlə birlikdə hasil olunan neftin və
qazın nəqlini və xarici bazarlara ixracını təmin
edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun
yaradılması təşkil edirdi. Neft strategiyasının həyata
keçirilməsinin ilk illərində əvvəlcə
Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri
yenidən quruldu, daha sonra neftin və qazın etibarlı və
irimiqyaslı ixracını təmin etmək məqsədi ilə
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft və
Bakı-Tbilisi - Ərzurum qaz boru kəmərləri istismara
verildi. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum əsas
ixrac boru kəmərlərinin fəaliyyət göstərməsi
və bu kəmərlərlə neftin və qazın nəqlinin
ildən-ilə genişlənməsi neft strategiyasının
mühüm qələbəsi idi. Xəzər dənizi ilə
Aralıq dənizini birləşdirən bu yeni enerji dəhlizinin
fəaliyyəti sayəsində Azərbaycan neftinin beynəlxalq
bazarlara genişmiqyaslı nəqli və ölkədə
çoxvariantlı ixrac strategiyasının həyata
keçirilməsi üçün əlverişli imkan
yarandı, eyni zamanda, ölkənin tranzit potensialı bir
neçə dəfə artdı. Bakı-Tbilisi-Ceyhan neft və
Bakı-Tbilisi - Ərzurum qaz boru kəmərlərinin fəaliyyət
göstərməsi Azərbaycan, Gürcüstan, Türkiyə
dövlətləri ilə Mərkəzi Asiya regionu ölkələri
arasında idxal-ixrac münasibətlərinin və iqtisadi əlaqələrin
inkişafına təkan verdi.
Qeyd edək ki, yeni
neft strategiyasının uğurla reallaşdırılması
nəticəsində karbohidrogen ehtiyatlarının xarici
şirkətlərlə birgə istismarı və ixracı
ildən-ilə genişlənir, bunun sayəsində də
ölkəmizə valyuta daxilolmaları sürətlə
artır. Hazırda Azərbaycan iqtisadi inkişaf tempinə
görə dünyada ilk yerlərdən birini tutur, ölkəmiz
əhəmiyyətli regional və beynəlxalq layihələrin
əsas təşəbbüskarı və
iştirakçısıdır. Qeyd edək ki, Azərbaycana
daxil olan böyük neft gəlirlərinin toplanması və
məqsədyönlü şəkildə istifadəsini təmin
etmək məqsədilə 1999-cu ildə ulu öndər Heydər
Əliyevin fərmanı ilə Dövlət Neft Fondu
yaradılıb. Neft Fondunun təsis olunması ilə neft sərvətlərinin
nəsillər arasında ədalətli bölgüsü,
onların səmərəli və məqsədyönlü
idarə edilməsi üçün əsaslı təminat
yaradılıb.
Bütün bu
görülən işlərin nəticəsidir ki, Azərbaycanın
artan maliyyə imkanları hesabına ölkədə
mühüm investisiya, o cümlədən regional
proqramları və infrastruktur layihələri maliyyələşdirilir.
Son illər Prezident İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən dövlət
proqramları çərçivəsində ölkənin
bütün bölgələrində və Bakı şəhərində
müxtəlif infrastruktur layihələri
reallaşdırılır, təhsil, səhiyyə, sosial,
idman və digər obyektlərin inşası sürətlə
davam etdirilir.
Dövlətin maliyyə
potensialının artması nəticəsində qeyri-neft
sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü
tədbirlərin həyata keçirilməsi üçün
əlverişli şərait yaranıb. Qeyd edək ki, ölkə
Prezidenti İlham Əliyevin həyata keçirdiyi iqtisadi
kursun prioritet istiqaməti olaraq Azərbaycanda neft sektoru ilə
bərabər qeyri-neft sektorunun inkişaf etdirilməsinə
xüsusi diqqət yetirilir. Bu məqsədlə artan neft gəlirləri
hesabına ölkədə mühüm infrastruktur və
sosialyönümlü layihələr maliyyələşdirilir.
Azərbaycanın hər
bir bölgəsində yeni və müasir tələblərə
cavab verən infrastruktur yaradılır, elektrik stansiyaları
tikilir, qaz, su kəmərləri çəkilir, yollar
salınır. İnfrastrukturun yeniləşdirilməsi və
inkişaf etdirilməsi istiqamətində həyata keçirilən
məqsədyönlü tədbirlər, eyni zamanda,
insanların rahatlığı, firavan yaşayışı
üçün həyata keçirilən
sosialyönümlü tədbirlərin mühüm tərkib
hissəsidir.
Dövlətimizin
günü-gündən artan maliyyə imkanları
hesabına, ilk növbədə, sosial siyasət sahəsində,
o cümlədən aztəminatlı ailələrin,
qaçqın və məcburi köçkünlərin
sosial-məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində də
əsaslı işlər görülür. Bu məqsədlə
dövlətimizin başçısı tərəfindən
bir neçə sərəncam və Dövlət Proqramı
qəbul edilmişdir. Bu mühüm sənədlərə
uyğun olaraq qaçqın və məcburi
köçkünlər üçün Azərbaycanın
müxtəlif rayonlarında yeni qəsəbələr
salınmışdır.
Ümumiyyətlə,
ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
ilə son illərdə regionlarda infrastrukturun yenidən
qurulması və inkişafı, səhiyyə, təhsil
müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin
daha da yaxşılaşdırılması sahəsində
mühüm işlər görülmüşdür. Bu, Azərbaycan
iqtisadiyyatının təkcə neft amilindən asılı
olmadığını beynəlxalq
aləmə nümayiş etdirməklə yanaşı, həm
də ölkəmizdə qeyri - neft sektorunun mühüm paya
malik olduğunu aydın göstərir.
Elçin
ABBASOV
Xalq qəzeti.- 2014.- 28 sentyabr.- S.3.