2013-cü il Azərbaycan iqtisadiyyatında
mühüm uğurlarla yadda qalacaq
Azərbaycan 2013-cü ili yüksək sosial-iqtisadi göstəricilərlə başa vurmuşdur. Dayanıqlı inkişafa yönəlmiş mühüm strateji vəzifələr uğurla davam etdirilmişdir. Milli iqtisadiyyat yüksək məşğulluq həddində fəaliyyət göstərmiş, yeni iş yerləri açılmış, regionların sosial-iqtisadi inkişafı daha da sürətlənmişdir.
Sosial-iqtisadi tərəqqinin
əsas keyfiyyət göstəricisi olan ümumi daxili məhsul
(ÜDM) istehsalı 2013-cü ilin on bir ayı ərzində
2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz artaraq 52,1 milyard manata
çatmışdır. Əlavə dəyərin 46,5 faizi sənaye sahələrində, 11,7 faizi tikinti kompleksində,
5,3 faizi kənd təsərrüfatında, 5,4 faizi
nəqliyyatda, 9,2 faizi ticarət və pullu xidmət sahələrində, 1,7 faizi rabitədə, 13,9 faizi
digər sahələrdə istehsal olunmuşdur.
Sözügedən
dövrdə əhalinin hər nəfərinə 5604,2
manatlıq (7142,8 ABŞ dolları) əlavə dəyər istehsal olunmuşdur.Ümumi
daxili məhsul istehsalı qeyri-neft
sektorunda 9,5 faiz, neft sektorunda isə 1,3 faiz artmışdır.
Sənaye
sahəsində məhsul istehsalı 2012-ci ilin
yanvar-noyabr ayları ilə müqayisədə
1,7 faiz artaraq 30,8 milyard manata
çatmış, onun 74,2 faizi və ya 22,8 milyard manatı mədənçıxarma
bölməsində, 20,1 faizi, yaxud 6,2 milyard manatı emal bölməsində, 5,1 faizi
və ya 1,6 milyard
manatı elektrik enerjisi,
qaz və buxar istehsalı bölüşdürülməsi
və təchizatı bölməsində, 0,6 faizi
və ya 199,9 milyon
manatı su təchizatı,
tullantıların təmizlənməsi və emalı
bölməsində istehsal olunmuşdur.
Mədənçıxarma
bölməsinin məhsullarından ötən ilin yanvar-noyabr aylarında
39,5 milyon ton və ya 0,5 faiz çox
xam neft, 16,2 milyard kubmetr, yaxud 2,7 faiz çox əmtəəlik qaz
hasil olunmuşdur. Emal bölməsinin
məhsullarından qida məhsulları
istehsalı 2,8 faiz, içki
istehsalı 14,7 faiz, dəri və dəri
məmulatlarının, ayaqqabıların istehsalı 35,1 faiz, poliqrafiya məhsulları
istehsalı 48,1 faiz, neft
məhsulları istehsalı 6,2 faiz, kimya sənayesi məhsulları istehsalı
19,9 faiz, tikinti
materialları istehsalı 16,9 faiz,
maşın və avadanlıqların istehsalı 21,7 faiz, avtomobil və qoşquların
istehsalı 42,9 faiz artmışdır.
İlin əvvəlindən ölkənin elektrik stansiyalarında 18,5 milyard
kVt.saat elektrik enerjisi (0,2 faiz çox) istehsal olunmuşdur. Sənayenin neft
sektorunda məhsul istehsalı 1,3 faiz, qeyri-neft sektorunda isə 3,2 faiz artmışdır.
Aqrar bölmədə də uğurlu
göstəricilər qeydə alınmışdır. Ötən
il dekabrın 1-nə kimi
qarğıdalı da daxil
olmaqla 2961,8 min ton taxıl, 992,7 min ton kartof, 1204,3 min ton tərəvəz,
42,6 min ton pambıq,
839,7 min ton meyvə və
giləmeyvə, 429,7 min ton
bostan
məhsulları, 152,5 min ton üzüm, 180,8 min ton şəkər çuğunduru, 18,1 min ton dən üçün
günəbaxan, 3,5 min ton
tütün, 567,5 ton
yaşıl çay yarpağı
toplanmış, diri çəkidə
452,1 min ton ət,
1669,6 min ton süd, 1279,6 milyon ədəd
yumurta və 16,5 min ton yun istehsal
olunmuşdur.
Ötən
il sosial-iqtisadi sahələrin inkişafı üçün bütün
maliyyə mənbələrindən əsas kapitala
14,6 milyard manat həcmində
vəsait yönəldilmiş, 9,7 milyard
manatlıq tikinti-quraşdırma işləri görülmüşdür.
Əsaslı vəsaitin
74,1 faizini və ya 10,8 milyard manatını daxili investisiyalar təşkil etmişdir. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə əsas
kapitala yönəldilmiş
vəsaitin məbləği
14,8 faiz, o cümlədən tikinti-quraşdırma
işlərinin aparılmasına
sərf edilmiş vəsait 26,7 faiz artmışdır. Məhsul
istehsalı obyektlərin
inşasının aparılmasına
investisiyanın 50,6 faizi, yaxud 7,4 milyard manat sərf
olunmuşdur.
Ötən ilin
yanvar-noyabr aylarında
ölkədə fəaliyyət
göstərən tikinti
müəssisələri tərəfindən
yerinə yetirilmiş
inşaat işlərinin
həcmi 2012-ci ilin eyni dövrü ilə müqayisədə
6,9 faiz artaraq
7 milyard 107,7 milyon manat təşkil etmişdir. Ondan 66,2 faizi yeni tikinti,
yenidənqurma və genişləndirmə, 17,7 faizi
əsaslı təmir,
2,9 faizi cari təmir, 13,2 faizi isə sair tikinti
işlərinə sərf
edilmişdir.
2013-cü ildə ümumi
inşaat işlərinin
79,9 faizini qeyri-dövlət mülkiyyətli
tikinti müəssisələri
yerinə yetirmişlər.
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanın tikinti materialları sənayesi müəssisələri tərəfindən
istehsal edilmiş məhsulun həcmi 16,9 faiz artaraq,
318,7 milyon manat təşkil etmişdir.
Dövlət Statistika
Komitəsinin məlumatına
görə, ötən
il ərzində sement istehsalı 5,5 faiz artaraq
1,9 milyon ton, gips istehsalı 24,2 faiz artaraq, 161,9 min ton, hazır
beton qarışığı
istehsalı 10,1 faiz artaraq, 1 milyon 247,8 min ton olmuşdur. 2013-cü ilin dekabrın 1-nə müəssisələrin
anbarlarında 18,1 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
2013-cü ilin əvvəlindən
ümumi sahəsi
1874,4 min kvadratmetrə bərabər
yaşayış evləri,
29334 şagird yerlik ümumtəhsil məktəbləri,
1050 çarpayılıq xəstəxana,
növbədə 248 nəfərə
xidmət etməyə
imkan verən ambulator-poliklinika, 1866 yerlik
məktəbəqədər təhsil müəssisələri,
Bakı şəhərində
Gəmiqayırma zavodu, İstilik Elektrik Stansiyası, “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” oteli,
Naxçıvan Muxtar
Respublikasında Arpaçay
Su Elektrik Stansiyası,
Sumqayıt şəhərində
“Gilan” tekstil parkı, Polad Boru zavodu, Şirvan
şəhərində “Cənub”
Elektrik Stansiyası istismara verilmişdir. Bunlarla yanaşı, ötən il Qazax, Yevlax, Gədəbəy, Qəbələ,
Hacıqabul, Şirvan,
Xaçmaz, Qax, Saatlı və digər rayonlarda mühüm istehsal obyektləri istismara verilmişdir.
Bu il ərzində də tikinti-quruculuq sahəsində
geniş tədbirlərin
reallaşdırılacağı gözlənilir. I Avropa Olimpiya oyunlarına kimi paytaxtda bir neçə
istiqamətdə yeni yol çəkiləcəyi
nəzərdə tutulur.
Onlardan ən böyük layihə Heydər Əliyev prospektinə paralel çəkiləcək yoldur.
Bu yol Yasamal
rayonundakı Qələbə
dairəsindən başlayacaq
və “Koroğlu” metrostansiyasına qədər
uzanacaq.
Bu il Babək
prospektinin də yenidən qurulması planlaşdırılır. Burada yolun
həm asfalt örtüyü dəyişdiriləcək,
həm də yol kənarları təmir ediləcək.
Həmçinin, Mikayıl Əliyev
və Sərdar Səfərov küçələri
də yenidən qurulacaq. Magistrallarda xüsusi elektron lövhələr də quraşdırılacaq. Yolların işarələnməsi,
yol kənarlarına həm ingilis, həm də Azərbaycan dilində yazılı lövhələrin
vurulması nəzərdə
tutulur. Bu, turistlər üçün
bir növ xəritə rolunu oynayacaq. Artıq turistlər otellərin
yolu ilə yanaşı, istədikləri
iri mərkəzlərə
də rahatlıqla gedə biləcəklər.
Tikinti
işlərinin sürətlə
aparılmasına dövlətin
güzəştli kreditləri
də mühüm rol oynamışdır. İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, ötən il ayrılmış
kreditlər əsasən,
metal konstruksiya, çörək,
un məmulatları istehsalı,
heyvandarlıq, tərəvəzçilik,
quşçuluq və
s. sahələrin inkişafına
yönəldilmişdir.
Sahibkarlığa Kömək
Milli Fondunun (SKMF) vəsaitləri hesabına
ötən il
4480-ə yaxın sahibkarlıq
subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə
275 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər
hesabına maliyyələşdirilmiş
layihələrin reallaşdırılması
12 mindən çox yeni iş yerinin
açılmasına imkan
yaradır. Güzəştli kreditlər hesabına
maliyyələşdirilmiş 57 istehsal, emal və infrastruktur müəssisəsi 2013-cü ildə
istifadəyə verilmişdir.
Dövlət Gömrük
Komitəsinin məlumatlarına
əsasən, ölkənin
dövlət və qeyri-dövlət təşkilatları
və ayrı-ayrı
fiziki şəxsləri
ötən ilin yanvar-oktyabr aylarında 147 dövlətlə
28,8 milyard ABŞ dolları
məbləğində xarici
ticarət əməliyyatları
aparmışlar.
Xarici ticarət
dövriyyəsinin 19,9
milyard dollarını
və ya 69,2 faizini ölkədən ixrac olunmuş mallar, 8,9 milyard dollarını (30,8 faizini)
ölkəmizə idxal
edilmiş məhsullar
təşkil etmişdir.
Ticarət əlaqələrinin
88,4 faizi və ya 25,5 milyard dolları MDB-dən kənar ölkələrlə, 11,6 faizi
(3,3 milyard dolları)
MDB üzvü dövlətləri
ilə aparılmışdır.
Ölkəmizdən göndərilmiş malların
93,9 faizi MDB-dən kənar dövlətlərə,
6,1 faizi isə MDB üzvü ölkələrinə
ixrac olunmuş, ölkəmizə idxal olunmuş məhsulların
çox hissəsi (76
faizi) MDB-dən kənar ölkələrdən
daxil olmuşdur.
Beləliklə, on ay ərzində
aparılmış idxal-ixrac
əməliyyatları nəticəsində
11 milyard dollarlıq,
o cümlədən MDB-dən
kənar ölkələrlə
12 milyard dollar məbləğində
müsbət, MDB üzvü
dövlətləri ilə
isə 924,8 milyon
dollar məbləğində mənfi ticarət saldosu yaranmışdır.
2012-ci ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft
məhsullarının ixracı
9,5 faiz artmışdır.
Yanvar-noyabr aylarında
əhalinin gəlirləri
2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz artaraq 32,3 milyard manata, onun əhalinin hər nəfərinə düşən məbləği
isə 6,5 faiz çoxalaraq 3471,7 manata çatmışdır. Gəlirlərin
68 faizi son istehlaka, 9 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının
ödənilməsinə, 21,2 faizi isə
əmanətlərin və
kapitalın artırılmasına
sərf olunmuşdur.
2013-cü ildə iqtisadi artıma daxili tələbin bütün elementləri müsbət təsir etmişdir. Ötən
il dövlət
büdcəsi xərclərinin
10 faiz artması daxili tələbi yüksəldən əsas
amillərdən olmuşdur.
Əhalinin son istehlak xərcləri
isə dövr ərzində 15 faiz artmışdır. Şaxələnməyə təkan verən
investisiyalar 11 ayda 15 faiz, o cümlədən qeyri-neft sektorunda 8 faiz artmışdır.
İnvestisiyaların 70 faizindən çoxu
qeyri-neft sektorunun payına düşmüşdür.
Qeyri-neft
sektorunda yüksək
iqtisadi fəallıq məşğulluğa da
müsbət təsir
göstərir. 2013-cü ildə ölkədə
80 mindən çox yeni iş yeri
açılmışdır ki, onun da
75 faizi daimi iş yerləridir. Yeni yaradılan iş yerlərinin 73 faizi regionların payına düşür.
Hazırda Azərbaycanda işsizlik
qabaqcıl ölkələr
üçün arzu olunan səviyyədə-5 faizə
yaxındır.
2014-cü ildə milli iqtisadiyyatımız yüksək sürətlə
artaraq, artım tempinə görə qlobal iqtisadiyyatın və MDB ölkələrinin
orta artım tempini üstələyəcəkdir. Şaxələnmə prosesləri daxili tələb ilə yanaşı, qeyri-neft ixracının da
iqtisadi artımda rolunun
artması üçün zəmin
yaradır. Artım və şaxələnmə proseslərinə
dəstək olaraq Mərkəzi Bank makroiqtisadi və maliyyə
sabitliyinin qorunmasını təmin edəcəkdir.
Bunun üçün
adı çəkilən bank
inflyasiyanın hökumətin proqnozu-birrəqəmli səviyyədə
tənzimlənməsinə dəstək verəcəkdir.
Vaqif
BAYRAMOV
Xalq qəzeti.- 2014.- 8 yanvar.- S.4.