Gün o gün olsun
balam,
100 yaşın olsun
sənin!..
Dünya xəritəsində çoxsaylı çaylar
var. Onların sırasında şimala cənuba axan
hay-haraylısı, lal görkəmlisi də var. Ən
başlıcası isə bu çayların hamısı eyni
bir yük axıdır–su yükü. İndi qələmə almaq istədiyim
yazıya dəxli olan məsələ odur ki, xəritədəki
çayların okeana, dənizə gedib tökülən
olduğu kimi, yarıyolda qalanı, quruyanı da olur. Həmin
çaylar xəritədə qırıq-qırıq xətlərlə
göstərilir.
Sənət dünyasında da belədir. Hər sənətkar bir bulaq kimi qaynayır və sənət ümmanına qovuşmaq
üçün dağlar, dərələr, səhralar
keçərək öz varlığını sübut etməyə
çalışır. Təbii ki, bu aləmdə
də ümmana çatmamış “quruyan”ı olur. Nə yaxşı ki, tükənməyən
istedadı, uzun illər boyu çağlayan, davamlı
yaradıcılığı olan sənətkarlarımız
daha çoxdur. Bu iki amillə
bağlıdır.
Birincisi,
soy kökündən gələn
fitri qabiliyyət, ikinci isə zəhmət,
çalışqanlıq. İndi
haqqında söz açmaq istədiyimiz sənətkar həm
səhnə-ekran, həm də pedoqoji fəaliyyətində
bu iki üstünlüyü ilə seçilib.
Söhbət
respublikanın xalq artisti, “Şöhrət” ordenli aktyor, Azərbaycan
Respublikası Mədəniyyət və İncəsənət
Universitetinin kafedra müdiri, professor İlham Namiq Kamal oğlu
Əhmədovdan gedir. Bu günlərdə sevimli
aktyorun anadan olmasının 65,
yaradıcılığının 50 illiyi tamam olur. Zəngin və çoxşaxəli yaradıclıq
yolu keçən İlham Namiq Kamal bu illər ərzində
bir-birindən gözəl, yaddaqalan saysız-hesabsız
obrazlar qolereyası yaratmışdır. O, ötən
yarım əsrdə geniş tamaşaçı
auditoriyasının dərin rəğbətini qazanaraq
xalqın sevimlisinə çevrilmişdir.
Xalq artisti Nəsibə xanım
Zeynalova deyirdi:
“İlham
Əhmədovu oğlum Cahangir qədər sevirəm. Onunla radio-televiziyada və bir çox tamaşalarda tərəf-müqabili
olmuşam. Bizim nəsildən sonra səhnəyə
İlham kimi istedadların gəlməsinə ürəkdən
sevinirəm. O, səhnəmizə–Xor dirijorunu, Əntərzadəni,
Don Kixotu, daha nə bilim nələri gətirib. “Qaynana” filimində İlham oğlumun dostu İlqar
rolunda mənlə tərəf-müqabili oldu. İnsafən, o bu rolu o qədər gözəl
oynadı ki, hərdən çaşıb İlham əvəzinə
ona İlqar deyirəm.
Bu bənzərsiz aktyora arzumu da elə
“Qaynana” dili ilə çatdırıram.
Gün
o gün olsun balam, 100
yaşın olsun İlham!”
Xalq artisti Həsənağa Turabov
isə İlham barədə ürək sözlərini belə
yadigar qoyub:
Hər
bir sənət adamını ucaldan zəhmətsevərliyi,
bir də şəxsiyyətidir. İstedad
çoxunda var. Lakin şəxsiyyət olmayanda istedad da
kölgədə qalır. İlham gözəl aktyor
olmaqla bərabər, həm də yetkin bir şəxsiyyətdir. Sənətini daim təkmilləşdirir, irəli
getməyi düşünür. Bunun
üçün səhnə mədəniyyətini
artırır, ustadlardan öyrənir. Öz
bilik və təcrübəsini isə cavanlardan əsirgəmir.
Ən başlıcası isə mənəviyyatca
saf adamdır.
Xalq
artisti Yaşar Nuri isə öz sənət dostunu belə
qiymətləndirirdi.
– “Sənət aləmində İlhamın
öz dəsti-xətti var. O, istər komediya, istərsə də
dram janrında eyni məhəbbətlə
çalışır, tamaşaçıları razı
salır. İlhamı tələbəlik
illərindən tanıyıram. Tələbəykən
“Tədris” teatrında oynadığı rollarla bütün
professor və müəllim heyətinin rəğbətini
qazanmışdı. Nəhayət, tale elə
gətirdi ki, onunla Akademik Milli Dram Teatrında bir yerdə
çalışmalı olduq. Bir çox
tamaşalarda, filimlərdə, “Mozalan” satirik kino-jurnallarda tərəf
müqabili olduq. İlham çox
çalışqan, özünə qarşı tələbkar
aktyordur. Qoy tamaşaçılara bəxş etdiyi
gülüş ekranlardan və tamaşa salonllarından əskik olmasın.”
Sevimli
aktyorlarımızın vaxtilə
İlham Namiq Kamal haqqında dedikləri
ürək sözləri bu gün də öz dəyərini
itirməyib. Sənət fəaliyyətində
yenə əvvəlkitək zirvədə durur.
Deyirlər
bir güllə bahar olmaz. Lakin orası da var ki,
bir güllə
də baharın gəlişini, təravətini duymaq olur. Bir obraz, bəzən isə kiçicik rolda da mahir
aktyor olduğunu İlham çoxdan sübuta yetirib.
İlham Namiq
Kamal 1949-cu il yanvar
ayın 9-da Bakıda ziyalı ailəsində anadan olub. Atası ixtisasca mühəndis olsa da şer sənət
aləminə, teatra biganə deyildi. Oğlunu
sənətinin davamçısı kimi görmək
arzusundaydı. Lakin nə biləydi ki, tale oğlunu
başqa bir yolla aparacaq, sənət yollarında ucalacaq, ümumxalq məhəbbəti
qazanaraq Vətənin ən yüksək fəxri adlarına
layiq görüləcək...
İlham
teatr aləmində
ilk addımlarını respublikanın əməkdar artisti Məmmədağa
Dadaşovun rəhbərlik etdiyi Oktyabr rayon pionerlər evi nəzdindəki
dram dərnəyində atır. 1962-ci
ildə burada hazırlanan “Anacan” tamaşasında həvəskar
aktyor Rəcəb rolunda çıxış edir. Gənc
Tamaşaçılar Teatrının səhnəsində
oynanılan bu
tamaşadakı uğurlu
çıxışı çox çəkmir ki, onu dram dərnəyindən
Lütfü Məmmədbəyovun rəhbərlik etdiyi Xalq
Teatrına gətirib çıxarır. Gənc sənətkar
ali təhsil almağı da unutmur. 1966-ci
ildə Azərbaycan
Dövlət İncəsənət İnstitutunun
dram-kino aktyorluğu fakültəsinə qəbul olunur. Burada SSRİ xalq artisti Adil İsgərdərovdan,
xalq artisti Rza Təhmasibdən dərs alır. Tələbəykən “Tədris” Teatrında
dünya, eləcə də Azərbaycan dramaturgiyasının
parlaq əsərlərindən aldığı rollarla
istedadlı aktyor kimi öz sözünü deyir.
Məhz
bu illərdə oynadığı tamaşalarda gələcəyin
şöhrətli aktyorunun bir çox məziyyətləri
üzə çıxır. Tələbə
olmasına baxmayaraq, televiziyanın “Yumoristik hekayələr”,
Gülüş axşamı”, “Sabahınız xeyir” və digər
verilişlərinə tez-tez dəvət alan
aktyor 1970-ci ildə institututu müvəffəqiyyətlə
bitirir. Əvvəl “Azərbaycanfilm”
studiyasında çalışır. 1971-ci
ildə isə xalq artisti Həsənağa Turabovun məsləhəti
ilə Akademik Dram Teatrda fəaliyyətə başlayır.
İlk rolu Tofiq Kazımovun quruluş verdiyi
Şekspirin “Fırtına” pyesində Adrian surəti olur.
Bunun ardınca Safranovun “Daşqın” əsərində Cekan,
Mirzə Cəlilin “Ölülər”ində Hacı Kərim, İ.Əfəndiyevin “Dağlardan
gələn səs” də Qubuş, “Varlı qadın” da Zaman,
“Bu dünyanın adamları” pyesində” Gülən adam, “Hərənin
öz payı”nda kişi, “Mənim ərim dəlidir”də
doktor Qaratay, “Afət” də, “Heydər ağa, “Közərən
ocaqlar” da Cəmil, “Unuda bilmirəm”də Batı və Rəhim
Dadaşoviç və onlarla digər obrazlarla milli səhnəmizin
özünəməxsus istedadı və yeri olan aktyoru kimi
tanınır.
Adil
İskəndərov, Rza
Təhmasib, Tofiq Kazımov kimi ustad sənətkarların
hər biri İlham Əhmədovun çoxşaxəli
yaradıcılığında silinməz izlər buraxıb. Akademik Teatrında oynadığı əksər
tamaşalarda onun bir aktyor kimi formalaşmasında bu
insanların müstəsna xidmətləri olub.
İlham
Namiq Kamal o xoşbəxt
sənətkarlardandır ki, respublikanın ən populyar, sevilən
aktyorları ilə tərəf-müqabili olub, yaradıcılıq
əlaqələri saxlayıb. Hökümə
Qurbanova, Məlik Dadaşov, Nəsibə Zeynalova, Hacıbaba
Bağırov, Siyavuş Aslan və onlarla digərləri ilə
bir səhnədə olmaq İlham Əhmədovun püxtələşməsində
böyük rolu olub. İllər ötdükcə
İlham Əhmədov Akademik Dram Teatrının aparıcı
aktyorlardan birinə çevrilir.
İlyas
Əfəndiyevin-“Dağlardan
gələn səs”
pyesində rejissor Tofiq Kazımov o dövrün gənc
aktyorlarına üz tutdu. Səməndər
Rzayev, Şəfiqə Məmmədova, Kamal Xudaverdiyev,
Yaşar Nuriyev və digərləri ilə birlikdə
İlham da bu əsərdə rol alaraq, Qübuş
obrazını yaradır. İlham bir sıra rolları ilə
bir həqiqəti də sübut etdi ki, onun ifa tərzi birtərəfli
deyil: rolların bir qismi komik səciyyə
daşıyırsa, digər qismində ciddi oyun hakimdir. Sonrakı illərdə İlhamla ən çox
yaradıcılıq əlaqələri saxlayan rejissor
Hüseynağa Atakişiyev olur. 1989-cu ildə
istedadlı rejissor müstəqil teatr yaradır. “Gənclər Teatrı” kimi formalaşan bu truppa qol
çəkmədən öz dəsr-xətti ilə
seçilir. Gənclər Teatrında
İlhamın ən böyük uğurlu rolu Rəhman
Əlizadənin “Dadaşbala əməliyyatı” əsərlərində
əsərində Dadaşbala rolu oldu. Əgər bu
tamaşaya qədər İlham tamaşaçılar arasında “Əntərzadə”,
Paşa Paşayeviç kimi məşhurlaşmışdısa
bu rol onu həm də Dadaşbala kimi də tanındı. Roveç Tomanın “Arvadımın qatili” dedektiv komediyasında
Daniyen, Vaqif Səmədoğlunun Dağ tikirik pyesində Kələntər,
İsa Məlikzadənin “Soltanqulu körpüsü” əsərində
Soltanqulu obrazlarının məharətlə oynaayır.
Bu rolların hər biri öz
cazibadarlığı ilə yaddaşlarda qalır.
Nəhayət,
“İlham miniatür teatrı. Dünya
teatr təcrübəsində ayrı-ayırı
tanınmış rejissorların öz teatrı olduğu təcrübəsindən
çıxış edən İlham Namiq Kamal ölkəmizdə
ilk dəfə öz teatrını yaradır. Əsasən şən, məzhəkə səciyyəli
yumoristik səpkili tamaşalar hazırlanır. Ən əsası, İlham miniatür teatrı da
müasir dövrün problemlərini səhnəyə
çıxarır.
Bu günə qədər
teatrın səhnəsində “Anarın
“Əl əli yuyar,” Rafiq Səməndərin “İlhamın sərgüzəştləri,
C. Aslanoğlunun: Karnaval, yaxud
şifanerdə eşq məhəbbət”, R Əlizadənin
“Bəxtimin kələyi”, və onlarca digər əsərlər
tamaşaya qoyulur. Bununla da o monoteatr prinsiplərini
ustalıqla öz sənətində yaşadır. Onun bu teatrda təkbaşına yaratdığı
“Don Kixot Abşeronski” deyilənlərin ən bariz nümunəsidir.
“Qaynana”, “Ad günü”,
“Bəyin oğurlanması” kimi filimlərdə,
Mozalan satirik kinoseriallarında rol alan
İlham Namiq Kamal 50-dən çox filmə çəkilib.
“Sənətə gələrkən
hansı rolu
oynamağı arzulamısınız” sualına isə
şöhrətli aktyor belə cavab verdi.
– Arzuladığım rolların demək olar ki,
çoxunu oynamışam. İndi isə rejissorluq və pedaqoji fəaliyyətlə məşğulam,–
dedi.
Ad günü keçmişi xatırlamaq
deməkdir. Biz də sevimli aktyorumuzun
keçdiyi çoxşaxəli yaradıcılıq yoluna nəzər
saldıq. Və
bir daha əmin olduq ki, əsl sənətkar
ömrü üçün nə yaş məhdudiyyəti, nə
də rolun böyük-kiçikliyi var. Yetər ki, onun
böyük ürəyi və sənət aləminə
sonsuz məhəbbəti olsun.
Azərbaycan teatrının inkişafında göstərdiyi
fədakar əməyinə
görə İlham Namiq Kamal oğlu
Əhmədov 1982-ci ildə
Azərbaycan Respublikasının əməkdar artisti, 2002-ci ildə xalq artisti, 2013-cü ildə isə “Şöhrət ordeni”nə
layiq görülmüşdür.
Qızıl Dərviş
və Prezident təqaüdünü alan sevimli aktyorumz bu gün
də yaradıcılığından
qalmır. Ona bu yolda
can sağlığı və
sənət uğurları
arzulayırıq.
Sevimli
sənətkarımız sonda
xalqımızı Yeni
ilin gəlişi münasibətilə təbrik
etdi, 2014-cü ildə
ölkəmizə tərəqqi,
əmin-amanlıq dilədi.
Rafiq
SALMANOV
Xalq qəzeti.- 2014.- 8 yanvar.- S.5.