Yeni arzulara meydan açan il

 

Ömrümüzün daha bir ili ilk addımlarını atmaqdadır. Qədəmləri mübarək olsun! Yeni il həyatımıza yeniarzular gətirib. Kimin ürəyində nə istəyi varsa, qoy 2014-cü ildə çin olsun!

 

Adətən yeni il barədə düşüncələrimiz yola saldığımız ilin uğurları, bitməmiş, başa çatmamış işləri üzərində köklənir. Bu baxımdan mən bir qələm adamı kimi 2013-cü ili ciddi, yaddaqalan əməllər ili kimi dəyərləndirirəm. Tarixə qovuşan bu ilin ən böyük hadisəsi, ümummilli uğuru isə, heç şübhəsiz, oktyabrın 9-da Prezident İlham Əliyevin növbəti müddətə xalqın böyük əksəriyyətinin səsi, etimadı, etibarı ilə dövlət başçısı seçilməsi oldu. Bununla Azərbaycanın dövlət müstəqilliyini qoruyub davamlı hala gətirmiş ümummilli lider Heydər Əliyevin yoluna xalqın sədaqəti, inamı bir daha qalib gəldi. Bu qələbə xalqımızın son 20 illik dirçəliş, inkişaf və yüksəliş yolunun qanunauyğun nəticəsi, gələcək uğurlarının təməli kimi də diqqətəlayiqdir.

Bütün bunlar onu deməyə əsas verir ki, yeni 2014-cü il xalqımız üçün 20 il əvvəl ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin, son 10 ildə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan hərtərəfli inkişaf və modernləşmə siyasətinin davamı baxımından növbəti hədəflərə üz tutduğumuz zaman kəsiyidir. Bu 20 il bizi bir çox arzularımıza çatdırmaqla yanaşı, həm də daha böyük məqsədlərə nail olmağımız üçün möhkəm əsaslar, gerçək şanslar yaratmışdır. Bir anlıq fikirləşək: məgər bu gün görülən işləri 20 il əvvəl ağlımıza gətirə bilərdikmi? O vaxt da ürəyimizdən çox şey keçirdi, lakin imkan baxımından arzu olaraq qalırdı. İndi ölkəmizin büdcəsi 10 dəfələrlə artdığı kimi, insanların da məqsədlərinə çatmaq imkanları genişlənib. İnanıram ki, 2014-cü ildə Azərbaycan dövləti quruculuq işlərini daha miqyaslı himayə edəcək. Özəl qurumlar yeni layihələrini həyata keçirməkdə çətinlik çəkməyəcəklər. Elə ayrı-ayrı adamlar da yeni arzularına asanlıqla qovuşacaqlar.

Ötən illərin yüksəlişi göstərir ki, ölkəmizin gələcəyə yönəlik yolu hamar, genişperspektivlidir. Bu yön bizi daha çox məhsul əldə etməyə, daha çox ev, bina, körpü tikməyə, daha çox yol çəkməyə, ehtiyaclarımızın daha yaxşı ödənməsinə doğru aparır. Mən bu yolda xalqımıza daha möhkəm həmrəylik, əqidə və əməl birliyi, güc və qüdrət, hər bir soydaşımıza cansağlığı və xoş əhval arzulayıram. Qoy 2014-cü ildə hər kəs yeni istəklərinə qovuşsun!

 

Çingiz ABDULLAYEV,

Azərbaycan Yazıçılar

Birliyinin katibi

 

Xalq qəzeti.- 2014.- 8 yanvar.- S.6.