İllər – murad yolu, arzu – qanaddır

 

Dünya azərbaycanlıları artıq 24 ildir ki, Yeni ili möhtəşəm bir həmrəyliklə qarşılayır, arzu-diləklərin ortaqlığında, sevinc-kədərin ümumiliyində milli birlik nümayiş etdirirlər. Bu il dekabrın 31-dən başlayan bayram şənliklərininin axarında daha bir ilimizin zəhmət, quruculuq nəbzi döyünür.Yeni arzular, yeni hədəflər xalqımıza gəl-gəl deyir. İllərdən keçib gələn murad yolu arzuların qanadında bizi ömrümüzün sabahına doğru aparır.

Son 10 ildə yeni ilimiz əvvəlkilərdən də uğurlu gəlir. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən yeniləşmə, hərtərəfli inkişaf xətti bu müddətdə Azərbaycanı tanınmaz dərəcədə dəyişdirmişdir. Bakı şəhəri Şərqin parlaq ulduzu kimi dünyaya şəfəq saçır. Ən ucqar kəndlərimiz belə ümumi inkişafın nişanələri ilə zənginləşir. Azərbaycan milli-mənəvi dəyərlərini çağdaş inkişaf meyllərinə qovuşduraraq dünyada özünü sürətlə inkişaf edən, sivil, tolerant ölkə kimi tanıtmaqdadır. Sosial- iqtisadi inkişafda qazanılan uğurlar ölkəmizi regionun lider dövlətinə çevirmişdir. İnsanların rifahı getdikcə yaxşılaşır. Bütün bunlar ötən illərdəki arzularımızın gerçəkləşməsi nəticəsində mümkün olmuşdur. Xalqımızı irili-xırdalı bütün istəklərinə ulu öndər Heydər Əlıyevin qoyub getdiyi yol qovuşdurmuşdur.

Ölkəmizin uğurları dostlarımızı sevindirir, düşmənləri isə məyus edir, dərdə salır. Azərbaycan haqq yolu ilə irəlilədikcə yurdumuzun bir hissəsini xarabaliğa çevirmiş Ermənistanın özü bərbad olur. Azərbaycanın gücü və qüdrəti bu gün itirilmiş torpaqlarımızı geri qaytarmağa yetərli olsa da, xalqımız uzaqgörən öndərimiz Heydər Əliyevin tövsiyələrini əsas tutaraq ağılsız düşmənin öz gücsüzlüyünü anlayacağı günü gözləyir. Özünü çıxılmazlığa düçar etmiş Ermənistanın sürətlə iflas etməsi Azərbaycanın haqlı və yaxınlaşan qələbəsini mütləqləşdirir. Hamı kimi mən də arzu edirəm ki, 2014-cü il bu həqiqətin təntənəsi ilə tarixə düşsün.

Yaxşı deyiblər ki, arzular inama söykənir, ümiddən su içir. Bu baxımdan son illər xalqımızın doğrulmuş ümidləri onun sabaha olan inaminı da gücləndirmişdir. Soydaşlarımız inanırlar ki, ölkəmizin artan iqtisadi qüdrəti zəruri problemlərimizin həllinə, güzəranın yaxşılaşmasına yönəldilir. Azərbaycan dövləti bu gün nəinki Vətəndə yaşayanların, eləcə də xaricdəki soydaşlarımızın maraqlarnı qoruyan, istəklərini təmin edən başlıca qurumdur. Ona görə də hamı, ilk növbədə, 50 milyonluq xalqımızın yeganə dövlətinin maraqlarının keşiyində olmalıdır. Dövlətimiz nə qədər güclü olarsa, bizim hər birimizo qədər qüvvətli, imkanlı olarıq.

Yeni ildə birliyimiz, gücümüz daha da artacaq. Mən xalqın arzu-istəklərinin tərcümani olan söz adamı kimi, yeni ildə balalarımıza atalı-analı böyüməyi, gənclərimizə toy sevinci yaşamağı, qurub-yaradan insanlara zəhmətlərinin bəhrəsini görməyi , yaşlı nəslə övladlarına baxıb öyünməyi arzulayıram. İnanıram ki, hər bir ürəyin arzu-istəyi ötən illərdə olduğu kimi, 2014-cü ildə də canlı əməl olacaq. Sənət adamları isə xalqın xoş günlərindən ilham alıb onların qəlbinə rahatlıq gətirən, zövqünü oxşayan əsərlər yaradaqcalar.

Sonda xalqımızı Yeni ilin gəlişi münasibətilə bir daha təbrik edir, soydaşlarımıza il boyu uğur, sevinc, bir-birindən xoş günlər arzulayıram.

 

Zəlimxan YAQUB,

Xalq şairi

 

Xalq qəzeti.- 2014.- 8 yanvar.- S.6.